Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1747/2024 27.12.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Zahid Tahir oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi X6 qızının katibliyi ilə, iddiaçının nümayəndəsi X2, Cavabdeh1 iştirakı ilə, İddiaçı Azərbaycan Beynəlxalq Bankı ASC-nin cavabdehlər Cavabdeh1 və AAAF- İnşaat MMC-yə qarşı kredit müqaviləsi üzrə borcun tutulmas tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 31 may 2022-ci il tarixli, e-2(012)-1635/2022 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Beynəlxalq Bankı ASC cavabdehlər Cavabdeh1 və AAAF- İnşaat MMC-yə qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Azərbaycan Beynəlxalq Bankı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 09Mİ/14 saylı kredit müqaviləsi üzrə cavabdehlərdən müştərək qaydada 21918.67 manat əsas, 4347.21 manat faiz olmaqla cəmi 26265.88 manat borcun və iş üzrə ödənilmiş 169.40 manat dövlət rüsumunun Azərbaycan Beynəlxalq Bankı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı Azərbaycan Beynəlxalq Bankı ASC Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinin tələblərinə əsasən, iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 21918.67 manat əsas, 4858.68 manat faiz olmaqla cəmi 26777.35 manat borcun və iş üzrə ödənilmiş 171.80 manat dövlət rüsumunun Azərbaycan Beynəlxalq Bankı ASCyə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 09Mİ/14 saylı kredit müqaviləsinə əsasən, cavabdehə 120 ay müddətinə, 12 faiz dərəcəsi ilə 42000 manat kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərinə əsasən müəyyən edilmişdir ki, borcalan müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. Cavabdeh kreditin vaxtında qaytarılması haqqında dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq, öz öhdəliklərini yerinə yetirməmiş və borcun ödənişini təmin etməmişdir. Kredit müqaviləsinin təminatı olaraq bank ilə "xxxx" MMC arasında xx.xx.2014-cü il tarixli, 09Mİ/14 saylı zaminlik müqaviləsi imzalanmışdır. Kredit müqaviləsinə əsasən, xx.xx.2022-ci il tarixinə cavabdehin əsas borc üzrə 21918.67 manat, faiz borcu üzrə 4347.21 manat olmaqla, cəmi 26265.88 manat borcu mövcuddur. Kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin ödənilməsinin məhkəmədən kənar qaydada həll edilməsi məqsədilə Cavabdeh1 və "xxxx" MMC-yə xx.xx.2021-ci il tarixdə 22- 15576/2021 saylı xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq, cavabdehlər tərəfindən öhdəliyin icrası istiqamətində hər hansı tədbir görülməmişdir. Hazırda, cavabdehlərin kredit müqaviləsi üzrə 21918.67 manat əsas, 4858.68 manat faiz olmaqla cəmi 26777.35 manat borcu yaranmış və bu səbəbdən də iddia tələbinin həcminin artırılması zəruriyyəti yaranmışdır. Ona görə də göstərilənlərə əsasən iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh1 iddia ərizəsinə etiraz təqdim edərək etirazını onunla əsaslandırmışdır ki, iddiaçı Azərbaycan Beynəlxalq Bankı ASC-nin iddia ərizəsində göstərdiyi xüsusatlar mülki işin həqiqi hallarına tam uyğun olmadığına o faktlar dəlalət edir ki, kredit müqaviləsi üzrə öhdəliyin yarandığı vaxtdan yəni, 14 mart 2014-cü il tarixdən 2020-ci ilin iyun ayınadək 6 il müddətində hər ay 610 manat pulu o, qrafikə uyğun şəkildə davamlı olmaqla banka ödəmişdir. Etiraza əlavə etdiyi pretenziyanın sürətindən də görünür ki, 14 iyun 2021-ci il tarixdə, bankın mərkəzi ofisinə rəsmi qaydada müraciət edib, hazırki digər cavabdehlə aralarında yaranmış ixtilafın qanuni və ədalətli qaydada həll edilməsində müqavilə üzrə öz hüququndan istifadə edə bilmiş olsun. Belə ki, Vakala borc müqaviləsinin 12.5-ci maddəsinə əsasən, borc verənin borc alandan onun hüquqlarını yerinə yetirməyə mane olan hər cür pozuntuların aradan qaldırmağı tələb etmək hüququ var. Mənzili cari təmir edərkən müəyyən edilmişdir ki, "xxxx" MMC-nin onun mülkiyyətinə verdiyi mənzilin naturadakı ümumi sahəsi ilə hüquqmüəyyənedici sənəddə göstərilmiş ümumi sahə arasında əhəmiyyətli dərəcədə fərq var. Mənzilin naturada ümumi sahəsi 74 kv.m. olduğu halda, hüquqmüəyyənedici və texniki sənədlərdə ümumi sahə səhvən 90 kv.m. olaraq göstərilmişdir. Digər tərəfdən, mənzilin 2 ədəd eyvanı, biri 12 kv.m., digəri 18 kv.m. olmaqla plastik pəncərə sistemi ilə yerinə quraşdırılmadığı və həmin eyvanlardan öz mülahizəsinə uyğun olmaqla 8 ildir ki, istifadə edə bilmədiyinə rəğmən "xxxx" MMC qanunsuz olaraq həmin eyvanların ümumi sahəsinin cəmi olan 30 kv.m. üçün 3300 manat izafi məbləği mənzilin yekun dəyərinin üzərinə hesablamışdır. Başqa sözlə, qeyd etdiyi faktlar ona dəlalət edir ki, qanuni əsasla əldə etdiyi yaşayış sahəsindən izafi dəyərin hesablanıb əsassız tutulması qanuni mənafeyinə əhəmiyyətli dərəcədə ziyan vurur. Müqavilənin 12.5-ci maddəsinin tələbi qaydasında xx.xx.2021-ci il tarixdə hazırki iddiaçı banka rəsmi müraciət edib xahiş etmişdir ki, pozulmuş hüququnun aradan qaldırılması məqsədi ilə "xxxx" MMC-dən mənzilin ümumi dəyərindən, yəni mövcud olmayan 16 kv.m. x 550 = 8800 manat və 30 kv.m. x 110 = 3300 manat izafi hesablanmış məbəğin, ümumilikdə isə 12100 manat pulun əvəzindən geri tələb etsin. Lakin bank rəsmiləri onun haqlı mövqeyini müdafiə etməkdən yayınıb, xeyli müddətdən sonra onun özünə qarşı hazırki tələbi irəli sürmüşlər. Halbuki, izafi hesablanmış 12100 manat məbləğinin əvəzindən alınması həm də bank qarşısında öhdəliyinin icrasına əhəmiyyətli dərəcədə köməklik etmiş olardı. Ona görə də göstərilənlərə əsasən iddia ərizəsinin təmin olunmaması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 31 may 2022-ci il tarixli, e-2(012)-1635/2022 nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi, iddiaçı Azərbaycan Beynəlxalq Bankı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 09Mİ/14 saylı Vakala Borc müqaviləsi üzrə cavabdehlər Cavabdeh1 və AAAF-İnşaat MMC-dən müştərək qaydada 21918.67 (iyirmi bir min doqquz yüz on səkkiz manat altmış yeddi qəpik) manat əsas, 4858.68 (dörd min səkkiz yüz əlli səkkiz manat altmış səkkiz qəpik) manat faiz olmaqla cəmi 26777.35 (iyirmi altı min yeddi yüz yetmiş yeddi manat otuz beş qəpik) manat borc və 171.80 (yüz yetmiş bir manat səksən qəpik) manat ödənilmiş dövlət rüsumunun iddiaçı Azərbaycan Beynəlxalq Bankı ASC-nin xeyrinə tutulması qət edilmişdir (hakim Habil Əhmədov). Qətnamədən narazı qalan Cavabdeh1 apellyasiya şikayəti verərək Abşeron Rayon Məhkəməsinin 31 may 2022-ci il tarixli, e-2(012)-1635/2022 nömrəli qətnaməsinin ləğv edilərək apellyasiya şikayətinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, 14 mart 2014-cü il tarixdən 2020-ci ilin iyun ayınadək 6 il müddətində hər ay 610 manat pulu o, qrafikə uyğun şəkildə davamlı olmaqla banka ödəmişdir Ona digər cavabdeh AAAF-İnşaat MMC-nin satdığı 2 otaqlı mənzil 90 kv.m. deyil, cəmi 76,5 kv.m. olmuş və mənzilinə görə izafi olaraq 13,5 kv.m. dəyərini AAAF-İnşaat MMC-yə ödəmişdir. Bu səbəbdən məhkəmə iclasında şifahi vəsatət verib artıq qeyd edilən izafi ödəməyə dair Abşeron Rayon Məhkəməsinin icraatına qəbul edilib baxılan sözügedən iş üzrə yekun məhkəmə aktı çıxarıılanadək hazırki işi baxılmamış saxlanılması xahiş etmişdir. Sonraki məhkəmə baxışında iştirakı təmin edilməmiş və zərərinə qətnamə qət edilmişdir. Onun şifahi vəsatəti müzakirə olunmamış, hüquqi qiymət verilməmiş, iştirakı olmadan vəzifələrinə dair qətnamə qəbul edilmiş və həmin qətnamə ona şəxsən və poçt vasitəsi ilə təqdim olunmamışdır.Buna görə məhkəmə tərəfindən MPM-in 19.1.7-ci, 22-ci maddələrinin tələbləri pozulmuşdur. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyidirilmədən saxlanmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq digər cavabdeh AAAF-İnşaat MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir.Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi tərəfindən sübutlara mülki prosessual qanunvericiliyin tələbləri baxımından aşağıdakı kimi qiymət verilmişdir: İş materiallarında olan Kredit verən Azərbaycan Beynəlxalq Bankı ASC ilə kredit alan Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 09Mİ/14 saylı kredit müqaviləsindən görünür ki, kredit verən kredit alana 120 ay müddətinə illik 12 faiz dərəcəsi ilə 42000 manat kredit verməyi öhdəsinə götürmüşdür. Müqavilənin 4.3-cü bəndinə əsasən kredit müqaviləsi üzrə təminat kimi çıxış edən xx.xx.2014-cü il tarixli 09Mİ/14 saylı müqavilənin predmeti olan Abşeron rayonu Xırdalan şəhəri H.Əliyev prospekti 167 ünvanında AAAF-Park yaşayış massivinin “A” kompleksində inşa edilən 11 saylı 6 mərtəbəli yaşayış binasında ümumi sahəsi 90.1 kv.m. olan iki otaqdan ibarət 2 saylı mənzil üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış alındıqda bu barədə 10 iş günü ərzində borcverənə məlumat verməli, 30 iş günündən gec olmayaraq qeyd olunan yaşayış sahəsini qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq qaydada rəsmiləşdirməlidir. Müqavilənin 9.2-ci bəndinə əsasən, borcalanın bankda olan cari hesablarında bu müqavilənin icrası ilə bağlı olan əməliyyatlara dair hər hansı bir səbəbə görə debet yaranarsa, bu halda borcalan tərəfindən yaranmış debet qalığını dərhal ödəməli, əks təqdirdə, debet qalığı üzrə faizlər şərti olaraq 360 gün götürülən illik faiz dövrünün yaranmış debet qalığından günlərinin faktiki sayına görə hər gün üçün illik 12 faizlə hesablanacaq. Müqavilənin 12.9-cu bəndinə əsasən borcalan tərəfindən müqavilənin 7.3-cü bəndində nəzərdə tutulan qrafik üzrə ödənişlər 3 ay müddətində aparılmadıqda borcalan müqavilənin predmeti olan Abşeron rayonu Xırdalan şəhəri H.Əliyev prospekti 167 ünvanında AAAF-Park yaşayış massivinin “A” kompleksində inşa edilən 11 saylı 6 mərtəbəli yaşayış binasında ümumi sahəsi 90.1 kv.m. olan iki otaqdan ibarət 2 saylı mənzilin boşaldılmasını tələb edir, borcalan isə qeyd-şərtsiz olaraq həmin sahəni boşaldır. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərindən və ona əlavə olunmuş ödəniş cədvəlindən görünür ki, Cavabdeh1 ona verilmiş kredit üzrə əsas və faiz borclarını xx.xx.2014-cü il tarixdən başlayaraq, xx.xx.2024-cü il tarixə kimi hər ay banka 602.58 manat (sonuncu ay isə 602.57 manat) ödəməklə qaytarmalıdır. xx.xx.2014-cü il tarixli kassa məxaric orderindən görünür ki, Cavabdeh1 həmin tarixdə 49555 manat pul vəsaitini imza edərək rəsmi şəkildə təhvil almışdır. Kreditor Azərbaycan Beynəlxalq Bankı ASC, kredit alan Cavabdeh1 və zamin AAAF-İnşaat MMC arasında bağlanmış xx.xx.2014-cü il tarixli 09Mİ/14 saylı zaminlik müqaviləsindən görünür ki, zamin kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında borclu Cavabdeh1 ilə birgə məsuliyyət daşımağı öz üzərinə götürmüşdür. Zaminlik müqaviləsinin 3.2-ci bəndinə əsasən zaminliklə təmin edilmiş öhdəliyin ölçüsü 42000 manat və ona hesablanmış faizlər məbləğindədir. xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 Azərbaycan Beynəlxalq Bankı ASC-yə olan borcu xx.xx.2022-ci il tarixinə 21918.67 manat əsas, 4347.21 manat faiz olmaqla cəmi 26265.88 manat təşkil edir. xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 Azərbaycan Beynəlxalq Bankı ASC-yə olan borcu xx.xx.2021-ci il tarixinə 21918.67 manat əsas, 4858.68 manat faiz olmaqla cəmi 26777.35 manat təşkil edir. Azərbaycan Beynəlxalq Bankı ASC tərəfindən Cavabdeh1 və AAAF-İnşaat MMCyə ünvanlanmış xx.xx.2021-ci il tarixli 22-15576/2021 saylı bildirişdən görünür ki, bank tərəfindən borclulara kredit müqaviləsi üzrə borc 5 gün müddətində ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. İş materiallarına əsasən müəyyən edilir ki, Cavabdeh1 xx.xx.2022-ci il tarixli iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, “AAAF –PARK” yaşayış massivindəki, A kompleksində yerləşən 11 saylı ev ünvanındaki Cavabdeh1 məxsus 2 saylı mənzilin naturada ümumi sahəsi 74 kv.m. olduğu halda, hüquqmüəyyənedici və texniki sənədlərdə ümumi sahə səhvən 90 kv.m.olaraq gösterilməklə mövcud olmayan 16 kv.m. x 550 manat = 8300 manat izafi dəyər olmaqla hesablanaraq ödənc kimi alındığı və həmin mənzilin 2 ədəd eyvanı, biri 12 kv m, digəri 18 kv.m. olmaqla plastik pəncərə sistemi ile yerinə quraşdırılmamış 30 kv.m-lik plastik pəncərə sistemi üçün ödənilmiş 3.300 manat izafi dəyəri olmaqla hesablanaraq ödənc kimi mənzili yekun dəyəri üzərinə hesablanmaqla ödənc kimi Cavabdeh1 alınmış cəmi 12.100 manat izafi pul məbləğinin cavabdeh "xxxx" MMC-dən alınaraq Cavabdeh1 ödənilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi Mülki Məcəllənin 385-ci, 442-ci, 425.1-ci, 445-ci, 472ci, 739-cu maddələrinə istinad etməklə iddianı təmin etmiş və bunu qətnaməsində onunla əsaslandırmışdır ki, iş materiallarından göründüyü kimi borcalan Cavabdeh1 iddiaçı bankdan kredit borcu götürmüş və borc götürən zaman imzaladığı kredit müqaviləsinə əsasən həmin məbləği qaytarmağı öhdəsinə götürmüşdür. Borcalan Cavabdeh1 iddiaçı bank qarşısında öhdəliyi yaranmışdır və o, bu öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmçinin zamin AAAF-İnşaat MMC bank qarşısında, digər Cavabdeh1 ilə birlikdə eyni həcmdə birgə məsuliyyət daşıyır. İşin müəyyən edilən hallarına və tədqiq edilmiş sübutlara əsasən borclu Cavabdeh1 həmin müqavilə üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş, nəticədə isə iddiaçı müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuşdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Göstərilən normaları hazırki iş üzrə tətbiq edərək məhkəmə kollegiyası qeyd edir ki, borcalan (cavabdeh) Cavabdeh1 Azərbaycan Beynəlxalq Bankı ASC ilə kredit müqaviləsi bağlayaraq, üzərinə götürmüş öhdəlikləri icra etmədiyinə görə, yəni müqavilə şərtlərinə əsasən ödənişlərini vaxtında aparmadığı üçün öhdəliyin icrasını gecikdirmişdir və bu səbəbdən Bank qarşısında məsuliyyət - cavabdehlik daşıyır. Belə olan halda Bankın məhkəmə qaydasında cavabdehlərdən borcun ödənilməsini tələb etməsi tam əsaslıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır və həmin dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Belə ki, cavabdeh apellyasiya şikayətlərinin dəlillərində AAAF-İnşaat MMC-nin satdığı 2 otaqlı mənzilin 90 kv.m. deyil, cəmi 76.5 kv.m.olduğunu və 13,5 kv.m.-in də dəyərini AAAF-İnşaat MMC-yə ödədiyini bildirsə də, bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, qeyd edilən mübahisə AAAF-İnşaat MMC ilə Cavabdeh1 arasında yaranmış, bununla bağlı da Cavabdeh1 Abşeron Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Buna görə də qeyd edilən dəlil onunla AAAF-İnşaat MMC ilə yaranan münasibətlərlə əlaqədar olduğundan cavabdehin iddiaçı Bank qarşısında öhdəliyini icra etməsini istisna etmir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırki iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 31 may 2022-ci il tarixli, e-2(012)-1635/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.
Məhkəmə qərarları › İş №2(105)-1747/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1747/2024
27.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver