Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1763/2023 11.09.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Ərizəçi (Maraqlı şəxs) ərizəsi üzrə (Açar sözlər: mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X9 (sədrlik edən və məruzəçi), Məmmədova Lətifə Məhiyyədin qızı və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, Ərizəçi Maraqlı şəxs, onun nümayəndəsi Nümayəndə, nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə Ərizəçi (maraqlı tərəf Maraqlı şəxs) mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsinə dair ərizəsi üzrə Siyəzən Rayon Məhkəməsinin 2(059)- 476/2023 nömrəli, 03 iyul 2023-cü il tarixli qətnaməsindən Ərizəçi tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi İşin halları
1. İşdə olan qanuni qüvvəsini almış Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 10 iyun 2022-ci il tarixli, 2(005)-120/2022 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı Ərizəçi cavabdeh Maraqlı şəxs qarşı mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs “X3 İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyası” cəlb edilməklə “uşaq tələbi və uşağın himayəsi”nə dair iddia ərizəsi təmin edilməmiş, iddiaçı Maraqlı şəxs cavabdeh Ərizəçi qarşı “uşağın anadan alınıb ataya verilməsi” tələbi təmin edilməklə, 28 fevral 2014-cü il təvəllüdlü X4 cavabdeh Ərizəçi alınaraq, iddiaçı (atası) Maraqlı şəxs verilməsi qət edilmişdir.
2. İş materiallarında olan 30 may 2023-cü il tarixli barışıq sazişinin İ və XXİV bəndlərindən görünür ki, tərəflər 28 fevral 2014-cü il təvəllüdlü X5, birinci tərəf Ərizəçi himayəsində saxlanılmasına, 19 mart 2015-ci il təvəllüdlü Nümayəndə İlqar oğlunun himayəsində saxlanılmasına və 28 fevral 2014-cü il təvəllüdlü X4 birinci tərəfin yaşayış yerinin ünvan 1 ünvanda yaşamasına və 19 mart 2015-ci il təvəllüdlü Nümayəndə İlqar oğlunun ikinci tərəfin ünvan 2 ünvanında yaşamasına dair razılığa gəlmişlər. Bu saziş tam imzalandığı tarixdən qüvvəyə minir və tərəflər öhdəliklərini tam icra edənədək qüvvədədir.
3. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 28 avqust 2023-cü il tarixli, 8(005)- 373/2023 saylı qərardadına əsasən tələbkar Maraqlı şəxs şikayəti təmin edilmiş, Siyəzən rayon icra və probasiya şöbəsinin icra məmuru Cəmilə Babayevanın icra sənədinin icraatına xitam verilməsi barədə 21 iyul 2023-cü il tarixli qərarı ləğv edilmiş və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 29 avqust 2022-ci il tarixli, 2(005)-120/2022 saylı icra sənədi üzrə icra tədbirlərinin davam etdirilməsi qərara alınmışdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
4. Ərizəçi 24 iyun 2023-cü il tarixdə “mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi”nə dair ərizə ilə məhkəməyə müraciət edərək, Qusar 1 saylı Mediasiya təşkilatı tərəfindən mediasiya proseduru zamanı onunla maraqlı şəxs arasında bağlanmış 30 may 2023-cü il tarixli barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. Ərizə ona əlavə edilmiş sənədlərlə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 10 iyun 2022-ci il tarixli qətnaməsi ilə birgə nikahdan doğulmuş övladları 28 fevral 2014-cü il təvəllüdlü Əsnanın ondan alınaraq, Maraqlı şəxs verilməsi qət edilmişdir. Sonradan uşaq tələbi ilə bağlı mediasiya təşkilatına müraciət etmiş, ərizəsinə Qusar 1 saylı Mediasiya təşkilatı tərəfindən (mediator X6) baxılmışdır. Mediasiya proseduru zamanı maraqlı şəxslə razılığa gələrək, 30 may 2023-cü il tarixli barışıq sazişi bağlamışlar. Sazişin şərtlərinə əsasən Maraqlı şəxs ilə övladları 28 fevral 2014-cü il təvəllüdlü X4 onun himayəsində saxlanılması və ünvanında yaşaması barədə razılığa gəlmişlər. X1 onunla yaşamasına baxmayaraq, Maraqlı şəxs Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 10 iyun 2022-ci il tarixli qətnaməsinin icrasını tələb edərək, Əsnanı ondan almağa çalışır, bununla da barışıq sazişinin icrasından boyun qaçırır. Qeyd edilən səbəbdən hazırki ərizə ilə məhkəməyə müraciət edərək, mediasiyada bağlanmış sazişin təsdiq edilməsini tələb etmək məcburiyyətində qalmışdır. Odur ki, ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməlidir.
6. Siyəzən Rayon Məhkəməsinin 2(059)-476/2023 nömrəli, 03 iyul 2023-cü il tarixli qətnaməsi ilə (hakim B.Ələkbərov) Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış 30 may 2023-cü il tarixli barışıq sazişinin təsdiq edilməsindən imtina olunmuşdur.
7. Məhkəmə qətnamə üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, proses iştirakçılarının izahatları, eləcə də tədqiq edilmiş mötəbər sübutlarla məhkəmə iclasında müəyyən edildi ki, tərəflərin birgə nikahından doğulmuş 28 fevral 2014-cü il təvəllüdlü Əsna, onun hüquq və mənafeyi baxımından zəruri mötəbər sübutların təhlilindən sonra qanuni qüvvəsini almış, o cümlədən bundan sonra Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən fiziki şəxslər üçün məcburi olmaqla, Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalı olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 10 iyun 2022-ci il tarixli qətnaməsi ilə atası, Maraqlı şəxs verilməsinə baxmayaraq, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri pozulmaqla, bu qanuna zidd olaraq, tərtib edilmiş 30 may 2023-cü il tarixli barışıq sazişinin İ bəndinə əsasən anası, Ərizəçi verilmiş, habelə uşağın yaşayış yeri ananın yanı olaraq təsbit edilmişdir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsinə əsasən mediasiya tərəflər arasında münaqişə səviyyəsinin azaldılması və onları razı salacaq şəkildə mübahisənin həllini təmin etmək məqsədini daşısa da, 30 may 2023-cü il tarixli barışıq sazişi bunun tam əksini formalaşdırmışdır. Yəni, işin faktiki hallarından göründüyü kimi birgə nikahdan doğulmuş 28 fevral 2014-cü il təvəllüdlü Əsnanın yaşayış yeri ilə bağlı tərəflər arasında kəskin münaqişəli vəziyyətin mövcudluğu fonunda onların bu məsələyə sakitliklə, habelə bir-birinə qarşı uşağın diqqətəlayiq mənafeyindən çıxış edərək, valideynlik hüquqlarından sui-istifadə etməyi kənara qoymaqla, loyal münasibət bəsləyib həll etmələri inandırıcı olmamaqla, istisna edilir. Çünki, ərizəçi məhkəmə iclasında maraqlı şəxsin bu sazişdən məlumatlı olmasını bildirsə də, sonuncu bunu kəskin şəkildə inkar etmiş, sazişin şərtlərinin bu deyil, digər olmasını, bu şərtlərin onun üçün əlverişsiz olduğunu müdafiə etmiş, bununla da, mediasiyanın məqsədinə nail olunmadığı aşkarlanmışdır. Digər tərəfdən, mediator tərəflər arasında uşaqla bağlı uzun müddətli kəskin münaqişəli vəziyyətin, habelə bununla əlaqədar məhkəmə çəkişmələrinin olduğunu bildiyi halda, uşağın maraqlarına toxunan ailə münasibətlərindən irəli gələn mübahisə üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) rəyini almamış, uşağın normal böyüməsinə və inkişafına təhlükə yaradan, yaxud onun maraqlarına zərər vura bilən hallar mövcuddursa və ya belə halların yaranma ehtimalı olarsa, bu barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) məlumat verməyə borclu olduğu və göstərilən iş üzrə mediasiya prosesinin həyata keçirilməsindən imtina edə biləcəyi halda bu prosedurlara riayət etməmiş, birtərəfin mənafeyinə uyğun sazişin bağlanmasında vasitəçi olmuşdur. Məhkəmə həmçinin qeyd etmişdir ki, barışıq sazişində qeyd olunmuş uşağın yaşayış yerinin müəyyən edilməsi məsələsi uşağın hüquq və mənafeləri, onun rəyi və sair hallar (uşağın qardaşına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə alınmaqla, iddia icraatı qaydasında baxılmalıdır.
8. Məhkəmə öz mövqeyini “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 4.1, 6.3, 26, 33, 34 maddələrinə, Ailə Məcəlləsinin 60-cı maddəsinə, Mülki Prosessual Məcəlləsinin 4.1, 107, 217, 355-23.1, 355-24, 355-25.1 , 355-26, 355-26.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat a) Apellyasiya şikayətinin dəlilləri
9. Ərizəçi qətnamədən apellyasiya şikayəti vermişdir.
10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxan məhkəmə tamamilə əsassız və qanunsuz qətnamə qəbul etmişdir. Məhkəmə öz qətnaməsində qeyd edir ki, Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin 10 iyun 2022-ci il tarixli qanuni qüvvəyə minmiş qətnaməsi olmağına baxmayaraq barışıq sazişində uşaq anaya verilmiş, habelə uşağın yaşayış yeri anasının yanı olaraq qeyd edilmişdir. Məhkəmənin bu barədə mövqeyi əsassız və qanunsuz olmaqla işin hallarına da ziddir. Məlum olduğu kimi uşaqlarla bağlı münasibətlər davam edən xarakterli olduğu üçün qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri olsa da, tərəflər dəyişən şəraitə uyğun olaraq yenidən məhkəməyə müraciət edə bilərlər. Qanunvericiliyin tələbinə görə ailə münasibətlərində məhkəməyə müraciət etməzdən əvvəl mediasiyada iştirak məcburidir. Mediasiyanın hüquqi təbiəti və “Mediasiya Haqqında” qanunvericilik isə tərəflərə istənilən məsələ ilə bağlı mediasiyada iştirak imkanı tanıyır, qeyd edilən məsələ ilə bağlı hətta qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi olsa belə. Məhkəmə eyni zamanda qeyd edir ki, guya barışıq sazişinin digər tərəfi olan Maraqlı şəxs barışıq sazişindən məlumatlı olmasını, sazişin şərtlərinin bu deyil, digər olmasını, bu şərtlərin onun üçün əlverişsiz olmasını müdafiə etmiş, bununla da mediasiyanın məqsədinə nail olunmadığı aşkar edilmişdir. Məhkəmə göstərdiyi hallarla bağlı gəldiyi nəticəni heç bir sübutla əsaslandırmamış, Maraqlı şəxs da bununla bağlı məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir. Məhkəmə gəldiyi nəticəni sadəcə formal mülahizələr əsasında əsaslandırmağa çalışmışdır. Halbuki Maraqlı şəxs fəaliyyət qabiliyyəti olan bir şəxs kimi barışıq sazişini imzalayarkən onun hüquqi məsuliyyətini dərk etmişdir. Əqdlərin etibarsızlığına səbəb olan hər hansı hal mövcud olmasa da, məhkəmə tərəfindən ərizə təmin edilməmişdir. Bundan əlavə Siyəzən Rayon Məhkəməsi hesab edir ki, münaqişəli vəziyyət olduğu üçün müvafiq qəyyumluq və himayəçilik komissiyasının rəyinin alınması şərt idi. İşdən də göründüyü kimi hal-hazırda da Maraqlı şəxsla birgə nikahdan doğulmuş qızları Əsna öz razılığı və istəyi ilə onunla birlikdə yaşayır. Onun maraqlarına toxunulacaq hər hansı hal mövcud olmamış, mediasiya mərhələsində Maraqlı şəxs özü də belə bir təhlükənin olması ilə bağlı mediatora məlumat və ya mötəbər sübutlar təqdim etməmişdir. Bu halda müvafiq qəyyumluq və himayəçilik komissiyasının rəyinin alınmasına da lüzum olmamışdır. Digər tərəfdən məhkəmə qətnaməsində qeyd olunur ki, guya mediator tərəflər arsındakı münaqişəli vəziyyətin kəskinliyini nəzərə almadan, uşaqların yaşayış yeri ilə bağlı məsələ qanunvericiliklə məhkəmənin səlahiyyətinə aid olmasına baxmayaraq məhkəmənin səlahiyyətində olmalı məsələnin qanuna zidd həllinə nail olmuşdur. “Mediasiya Haqqında” Azərbaycan Respublikası Qanununun 26.1.3-cü maddəsində konkret olaraq qeyd edilmişdir ki, uşağın yaşayış yerinin müəyyən edilməsi məsələsi mediasiya vasitəsilə həll edilə bilər. Göründüyü kimi işə baxan məhkəmə sadalanan hallara lazımi diqqət yetirməmiş, formal əsaslarla ərizəni rədd etmişdir. Göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməlidir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları
12. Məhkəmə kollegiyasının iştirak etdiyi iclasında Ərizəçi apellyasiya şikayətinin dəlillərini müdafiə etdi. Bildirdi ki, tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişi qanuni əsaslarla bağlanmış və hər iki tərəf müəyyən öhdəliklər götürməklə razılıq əldə etmişlər. Hazırda birgə nikahdan olan övladları Əsna öz razılığı ilə onunla birlikdə yaşayır. Maraqlı şəxs barışıq sazişinin mətnini başa düşməməsi, yaxud həmin sazişdə hər hansı əlavələrin edilməsi barədə səsləndirdiyi fikirlər əsassız iddialardır. Mediasiya mərhələsində hər iki tərəf mediasiya iclasında iştirak etmiş, barışıq əldə edilmiş, nəticədə saziş imzalanmışdır. O uşaqlarının hər ikisinin onunla birlikdə qalmasını istəyir. Hal-hazırda barışıq sazişi yalnız Əsnaya aid hissədə bağlanmışdır. O, bir ana kimi qızının bütün maddi və mənəvi ehtiyaclarını təmin edir. Haqlı olaraq uşağın onun himayəsində böyüməsini tələb edir. Lakin işə baxan məhkəmə bu hallara düzgün hüquqi qiymət verməmiş və əsassız qətnamə qəbul etmişdir. Göstərilənlərə əsasən apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.
13. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş Maraqlı şəxs apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, ərizə əsassızdır. Barışıq sazişinin mahiyyəti əslində tam fərqlidir. Onların azyaşlı övladları Əsna qanuni qüvvəsini almış məhkəmə qətnaməsinə əsasən onun himayəsinə verilmişdir. Barışıq sazişinin bağlanma səbəbi azyaşlı Əsnanın ərizəçi ilə müntəzəm ünsiyyətdə olması məsələsi ilə bağlı olmuşdur. Barışıq sazişinin mətninə sonradan əlavələr edilmişdir. O, uşağının ərizəçinin himayəsində böyüməsinə qəti şəkildə razı deyildir. Razılıq yalnız uşağın anası ilə görüşməsinə şərait yaradılması hissəsində olmuşdur. Hətta barışıq sazişini tərtib edən mediatorla onun tərəfindən əlaqə saxlanıb, hansı səbəbdən sazişin mətnində əlavələr edildiyini soruşanda, mediator bunun mexaniki yanlışlıq nəticəsində baş verdiyi və məhkəməyə bildirildiyi təqdirdə rədd ediləcəyini bildirmişdir. İşə baxan məhkəmə lazımi qaydada araşdırma aparmış, iş üzrə əsaslı və qnuni qətnamə qəbul etmişdir. Maraqlı şəxs sonda apellyasiya şikayəti əsassız olduğundan onun rədd edilməsini xahiş etdi.
14. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş maraqlı şəxsin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, tərəflərin ailə münasibətləri pozulmuş və uzunmüddətli məhkəmə çəkişmələrindən sonra hər iki uşağın atalarının yanında qalmaları qərara alınmışdır. Maraqlı şəxs qızı Əsnanın anasının yanında böyüməsini qəti şəkildə istəmir. Barışıq sazişinin təstiq edilməməsi barədə məhkəmənin mövqeyi qanuni və əsaslıdır. Bu səbəbdən apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi.
15. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş maraqlı şəxsin nümayəndəsi və vəkili Vəkil1 izahatında bildirdi ki, ərizə kimi apellyasiya şikayəti də əsassızdır. Tərəflər arasında birgə nikahdan doğulmuş uşaqların hansı valideynin yanında qalmasına dair mübahisə üzrə qanuni qüvvəsini almış məhkəmə qətnaməsinə əsasən hər iki uşaq atanın himayəsinə verilmişdir. Hazırkı barışıq sazişinin isə uşaqla ünsiyyətlə əlaqədar tərtib olunduğunu zənn edən maraqlı şəxs həmin sazişi imza etmişdir. O bugün də ərizəçinin ana kimi uşaqla ünsiyyətdə olmasına etiraz etmir. Lakin hazırkı ərizə üzrə məhkəmə icraatı zamanı maraqlı şəxs aldadıldığını bilmiş və öz etirazında bu xüsusatları qeyd etmişdir. Bundan başqa Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 28 avqust 2023-cü il tarixli, 8(005)-373/2023 saylı qərardadına əsasən tələbkar Maraqlı şəxs şikayəti təmin edilmiş, Siyəzən rayon icra və probasiya şöbəsinin icra məmuru Cəmilə Babayevanın icra sənədinin icraatına xitam verilməsi barədə 21 iyul 2023-cü il tarixli qərarı ləğv edilmiş və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 29 avqust 2022-ci il tarixli, 2(005)-120/2022 saylı icra sənədi üzrə icra tədbirlərinin davam etdirilməsi qərara alınmışdır. Göründüyü kimi ərizədə qeyd edildiyi kimi tərəflər arasında hazırkı mübahisəyə dair realda hər hansı barışıq sazişi mövcud deyildir. Göstərilənlərə əsasən apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi.
Tətbiq edilən hüquq
16. Azərbaycan Respublikası Konstitusiyası Maddə 60. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir.
17. Azərbaycan Respublikası Mülki Məcəlləsi 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.
18. Azərbaycan Respublikası Ailə Məcəlləsi 60-cı maddəsinə əsasən valideynlik hüquqları uşaqların mənafeyinə zidd həyata keçirilə bilməz. Valideynlik hüquqlarını həyata keçirərkən valideynlər uşaqların mənəvi inkişafına, fiziki və psixi sağlamlığına xələl yetirməməlidirlər. Uşaqların tərbiyəsində onların istismarına, təhqir edilməsinə, mənəviyyatının alçaldılmasına, qəddarlığa, kobudluğa, biganəliyə yol verilə bilməz. Valideynlik hüquqlarını həyata keçirərkən uşaqların hüquq və mənafelərinə ziyan vuran valideynlər qanunvericiliklə müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar. Uşaqların tərbiyə və təhsilinə aid olan bütün məsələlər uşaqların hüquq və mənafeləri, onların rəyi nəzərə alınmaqla, valideynlərin qarşılıqlı razılığı əsasında həll olunur. Valideynlər (onlardan biri) öz aralarında olan narazılığı həll etmək üçün müvafiq icra hakimiyyəti orqanına və ya məhkəməyə müraciət edə bilərlər. Valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda, məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir
19. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 6.3-cü maddəsinə əsasən mediasiya mübahisənin həllində tərəflərin əməkdaşlığına, habelə ünsiyyət və danışıqlara əsaslanır. 26-cı maddəsinin İ hissəsinin İİİ bəndinə, eləcə də İİİ və İV hissələrinə əsasən ailə münasibətlərindən irəli gələn uşağın yaşayış yerinin müəyyən edilməsinə dair mübahisələr bu Qanuna uyğun olaraq mediasiya vasitəsilə həll oluna bilər. Uşağın maraqlarına toxunan ailə münasibətlərindən irəli gələn mübahisələr üzrə mediator müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) rəyini alır. Əgər ailə münasibətlərindən irəli gələn mübahisələr zamanı uşağın normal böyüməsinə və inkişafına təhlükə yaradan, yaxud onun maraqlarına zərər vura bilən hallar mövcuddursa və ya belə halların yaranma ehtimalı olarsa, mediator bu barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) məlumat verməyə borcludur və mediator göstərilən işlər üzrə mediasiya prosesinin həyata keçirilməsindən imtina edə bilər. 33-cü maddəsinin İİ və İİİ hissələrinə əsasən barışıq sazişi tərəflər və mediator (mediatorlar) tərəfindən imzalanır. Barışıq sazişinin nüsxələri tərəflərin və təqdim ediləcəyi orqanların (qurumların) sayına uyğun olaraq tərtib olunur. Barışıq sazişi qanuna və bu Qanunun 3.3-cü maddəsinin birinci cümləsinin müddəalarına zidd olmamalıdır. 34-cü maddəsinin İ, İİİ, İV və V hissələrinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur.
20. Mülki Prosesual Məcəllə
355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. 355-26.1-ci maddəsinə əsasən məhkəmə barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda, eləcə də barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir. 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-24-cü maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. 355-25.1-ci maddəsinə əsasən barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. 372.2. Əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1. Apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
Apellyasiya baxışının hədləri
21. Apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi apellyator Siyəzən Rayon Məhkəməsinin 2(059)-476/2023 nömrəli, 03 iyul 2023-cü il tarixli qətnaməsinin tamamilə ləğv olunmasını və ərizənin təmin olunmasını xahiş etmişdir.
22. Ona görə də kollegiya birinci instansiya məhkəməsinin qətnaməsinin tam həcmdə yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
23. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
24. Ərizənin mahiyyətindən göründüyü kimi ərizəçi hazırkı iş üzrə tərəflər arasında onların birgə nikahdan doğulmuş xx.xx.2014-cü il təvəllüdlü övladları X7 və xx.xx.2015-ci il təvəllüdlü Nümayəndə İlqar oğlunun hansı valideynin yanında qalması və onlarla valideynlərin ünsiyyətdə olma vaxtı və formalarına dair xx.xx.2023-cü il tarixdə bağlanmış barışıq sazişinin təstiq olunmasını məhkəmədən xahiş etmişdir. İşə baxan məhkəmə ərizəni təmin etməmiş, narazı qalan ərizəçi hazırda qətnamədən apellyasiya şikayəti vermişdir.
25. Apellyasiya şikayətinin dəlillərini məhkəmə kollegiyası əsaslı hesab etmir. Kollegiya iş üzrə ərizənin rədd edilməsi barədə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, aşağıda göstərilənlərə əsasən hazırkı iş üzrə tərəflər arasında bağlanmış 30 may 2023-cü il tarixli barışıq sazişi qanuni hesab edilə və məhkəmə tərəfindən təstiq edilə bilməz.
26. Kollegiya qeyd edir ki, hər şeydən əvvəl tərəflər arasında xx.xx.2023-cü il tarixli barışıq sazişinin 1-ci bəndində müəyyən edilən razılaşma (xx.xx.2014-cü il təvəllüdlü X4 anası Ərizəçi yanında saxlanılması) iş üzrə həmin tərəflər arasında ciddi məhkəmə mübahisəsinin predmeti olmuş və uzun müddət məhkəmə çəkişmələrindən sonra yekunda qanuni qüvvəsini almış Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 10 iyun 2022-ci il tarixli qətnaməsi ilə azyaşlı Əsnanın atası Maraqlı şəxs anadan alınıb atasına verilməsi müəyyən edilmişdir. Bundan sonra tərəflər arasında xx.xx.2014-cü il təvəllüdlü X4 anası Ərizəçi yanında saxlanılmasına dair yuxarıda qeyd olunan 30 may 2023-cü il tarixli barışıq sazişi imzalanmışdır.
27. Ərizəçi həmin barışıq sazişinin qanuni və əsaslı olmasını bildirərək, maraqlı şəxsin sazişin şərtlərini pozması səbəbindən barışıq sazişinin məhkəmə qaydasında tanınmasını xahiş edir.
28. İş üzrə Maraqlı şəxs dəlilləri ondan ibarətdir ki, onlar arasında uşaqların himayəsinin müəyyən edilməsi tələbinə dair bütün məhkəmə mübahisələri onun xeyrinə yekunlaşmışdır. Lakin əvvəlki məhkəmə qətnaməsinin icra mərhələsində müəyyən çətinlik yarandığından xx.xx.2014-cü il təvəllüdlü X4 anasından alınıb atasına verilməsi barədə yeni məhkəmə mübahisəsi yaranmışdır. Həmin iddia ilə bərabər onun tərəfindən uşaqla ünsiyyətdə olmaqla bağlı müvəqqəti təminat tədbiri ilə məhkəməyə müraciət edilmişdir. Məlum olduğu kimi qanuni qüvvəsini almış Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 10 iyun 2022-ci il tarixli qətnaməsi ilə azyaşlı Əsnanın atası Maraqlı şəxs yanında qalması müəyyən edilmişdir. Həmin mülki işlə əlaqədar müvəqqəti təminat tədbirinin tətbiqi barədə qərardadın müddəti bitdiyindən o azyaşlı övladı Əsna ilə müvəqqəti ünsiyyətdə olması ilə əlaqədar Qusar 1 saylı Mediasiya Təşkilatına müraciət etmişdir. Bundan əlavə, Ərizəçi da həmin təşkilata Maraqlı şəxs əvvəl Əsnanın ondan alınması və aliment tələbi ilə bağlı müraciət etmişdir. Lakin, Maraqlı şəxs onun bu tələbi ilə razılaşmamışdır. Qusar 1 saylı Mediasiya Təşkilatında mediator X6 26 may 2023-cü il tarixdə Maraqlı şəxs uşaqla görüşlə bağlı barışıq sazişini təqdim etmiş, həmin vaxt barışıq sazişinin İ bəndi, yəni Əsnanın Ərizəçi himayəsinə verilməsi və onun ünvanında yaşaması qeyd edilməmiş, həmçinin Maraqlı şəxs yalnız uşaqla müvəqqəti ünsiyyətdə olmağa razılıq vermişdir. Hazırkı barışıq sazişinin 1-ci bəndi onun razılığı və məlumatı olmadan sazişin mətninə əlavə edilmişdir.
29. Apellyasiya kolegiyası qeyd edir ki, qanunvericiliyə əsasən mediasiya tərəflər arasında münaqişə səviyyəsinin azaldılması və onları razı salacaq şəkildə mübahisənin həllini təmin etmək məqsədini daşısa da, işin tədqiq olunan faktiki hallarına əsasən tərəflər arasında bağlanmış 30 may 2023-cü il tarixli barışıq sazişi bunun tam əksini formalaşdırmışdır.
30. Belə ki, işin tədqiq olunan faktiki hallarından tərəflərin birgə nikahdan doğulmuş 28 fevral 2014-cü il təvəllüdlü övladları Əsnanın yaşayış yeri ilə bağlı onlar arasında kəskin münaqişəli vəziyyətin mövcudluğu işin mübahisəsiz halıdır. Eləcə də tərəflər arasında azyaşlının kimin yanında qalmasına dair hər hansı barışıq, razılıq əlamətləri müəyyən olunmur. Əksinə maraqlı şəxs qeyd olunan barışıq sazişindən (xx.xx.2023-cü il tarixli barışıq sazişinin 1-ci bəndi) məlumatlı olmasını əti şəkildə inkar etmiş, sazişin şərtlərinin bu deyil, digər olmasını, bu şərtlərin onun üçün əlverişsiz olduğunu müdafiə etmiş, bununla da, mediasiyanın məqsədinə nail olunmadığı aşkarlanmışdır.
31. Bundan başqa kollegiya qeyd edir ki, həm milli, həm beynəlxalq qanunvericilik uşaqların hüquq və mənafeləri ilə bağlı bütün məsələlərdə, məhz uşaqların ən üstün mənafeyinin nəzərə alınmasının zəruriliyini bəyan etmişdir.
32. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli qərarının 7.1-ci bəndində qeyd olunur ki, yetkinlik yaşına çatmayan uşağın valideynlərdən hansının yanında qalması ilə bağlı mübahisə həll edilərkən uşağın üstün mənafeyi rəhbər tutulmaqla aşağıdakılar nəzərə alınmalıdır: uşağın yaşı; onun fikri; uşağın valideynlərdən hər birinə, qardaş və bacılarına bağlılığı; valideynlərin mənəvi və sair şəxsi keyfiyyətləri; valideynlərdən hər biri ilə uşaq arasında yaranmış münasibətlər; uşağın tərbiyəsi və inkişafı üçün şərait yaratmaq imkanı (valideynlərin peşəsi, iş rejimi, onların maddi və ailə vəziyyəti, səhhəti nəzərə alınmaqla); ayrı yaşayan valideynlərdən hər birinin yaşayış yeri üzrə mövcud vəziyyətini xarakterizə edən digər hallar. Valideynlərdən birinin maddi-məişət şəraitinin digərinə nisbətdə üstün olması uşağın həmin valideynin yanında qalmasının təmin olunması üçün mütləq (həlledici) əsas ola bilməz.
33. Məhkəmə kollegiyası qeyd edir ki, formalaşmış məhkəmə təcrübəsində uşaqların valideynlərindən hansının yanında qalması məsələsi həll edilərkən yuxarıda qeyd olunan tələblər nəzərə alınır, uşaqların üstün mənafeyi baxımından zəruri olduqda, məhkəmə psixoloji ekspertizasının əsaslandırılmış ekspert rəyi, Qəyyumluq və Himayəçilik Komissiyasının müvafiq rəyi əldə edilir, qanunvericiliyin müəyyən etdiyi yaş həddinə çatmış uşaqların valideynlərindən hansı ilə qalmaq istəyi barədə fikirləri öyrənilir və s. yalnız bu məsələlər həll edildikdən sonra müvafiq qərar qəbul edilir.
34. Hazırkı işdə isə mediator tərəflər arasında uşaqla bağlı uzun müddətli kəskin münaqişəli vəziyyətin, habelə bununla əlaqədar məhkəmə çəkişmələrinin olduğunu bilmiş, bütün bunların isə uşağın maraqlarına toxunan məsələ olmasına diqqət yetirməmiş və iş üzrə mediasiya prosesinin həyata keçirilməsindən imtina edə biləcəyi halda bu prosedurlara riayət etməmiş, bir tərəfin mənafeyinə uyğun sazişin bağlanmasını təmin etmişdir.
35. Çünki yaranan münaqişə üzrə faktiki vəziyyətdə belə bir sazişin mövcudluğu yalnız ərizəçinin maraqlarına xidmət etməklə, onun qanuni qüvvəsini almış məhkəmə qətnaməsindən yayınmasına şərait yaratmış, Maraqlı şəxs isə aşkar surətdə maraqlarına uyğun deyildir.
36. Məhkəmə kollegiyası onu da qeyd edir ki, hazırkı iş üzrə barışıq sazişində qeyd olunmuş uşağın yaşayış yerinin müəyyən edilməsi məsələsi davam edən münsibət olduğundan, uşağın hüquq və mənafeləri, nəzərə alınmaqla, dəyişən şəraitin mövcud olduğu halda yeni iddia ərizəsi ilə iddia icraatı qaydasında məhkəmə müstəvisində həll edilə bilər.
37. Beləliklə məhkəmə kollegiyası yekun olaraq qeyd edir ki, apellyasiya şikayəti formal mülahizələrdən ibarət tərtib olunmaqla, hər hansı ciddi əsaslı sübutla təsdiq olunmamış, habelə işə baxan məhkəmənin qətnaməsində maddi yaxud prosessual hüquq normalarının pozulması müəyyən edilməmişdir.
38. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin olunmamalı və birinci instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
39. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392- 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi:
Ərizəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Siyəzən Rayon Məhkəməsinin 2(059)-476/2023 nömrəli, 03 iyul 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlansın. Qətnamədən, tərəflər, üçüncü şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər (elektron kabinet və vəkil vasitəsilə). Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.