Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-180/2025 04.02.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ iddiaçı X3 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı əqdin etibarlı hesab edilməsi və mülkiyyət hüququnun tanınması tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər X24 və X1 ibarət tərkibdə, Əliyev Rəşad Ayıl oğlunun katibliyi, İddiaçı X10 və cavabdeh (eyni zamanda Cavabdeh1 hüquqi varisi) Cavabdeh2 iştirakları ilə, İddiaçı X3 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı əqdin etibarlı hesab edilməsi və mülkiyyət hüququnun tanınması tələbinə dair Şabran Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli, 2/031/-438/2010 nömrəli qətnaməsindən qətnamə ilə maraqlarına toxunan şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İddiaçı X10 məhkəmədə iddia qaldıraraq Cavabdeh1 ilə onun arasında 0.10 ha həyətyanı torpaq sahəsinə və Cavabdeh2 ilə onun arasında 0.12 ha həyətyanı torpaq sahəsinə dair bağlanmış əqdin etibarlı hesab edilməsi və həmin torpaq sahələrinə mülkiyyət hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
Birinci instansiya məhkəməsindəki icraat
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh1 və Cavabdeh2 2005-ci ilin əvvəllərində Şabran rayonu Xəlfələr kəndində özlərinə və ailələrinə məxsus həyətyanı torpaq sahələrini satmasını eşitmiş, onlarla görüşmüş, danışıb razılığa gəlməklə Cavabdeh1 0.10 ha və Cavabdeh2 0.12 ha həyətyanı torpaq sahəsini almış, bu barədə aralarında şifahi müqavilə də bağlamışlar. Həmin vaxtdan da aldığı torpaq sahələri onun istifadəsindədir. Lakin həmin vaxt Cavabdeh1 və Cavabdeh2 müqaviləni notariat kontorunda rəsmiləşdirmək üçün getməkdən yayınmışdır. Bu səbəbdən də alqı-satqı müqaviləsi notariat kontorunda rəsmiləşdirilməmişdir. Cavabdeh1 və Cavabdeh2 hazırda alqı-satqını rəsmiləşdirmək üçün notariat kontoruna getməyi təklif edir, lakin onlar torpaqların bahalaşmasını bəhanə gətirərək notariat kontoruna getməkdən boyun qaçırır.
3. İş materiallarına əlavə edilmiş nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, Cavabdeh2 ilə X4 18 sentyabr 1992-ci ildə rəsmi nigahla ailə qurmuşlar.
4. Şabran (keçmiş Dəvəçi) rayon İcra Hakimiyyəti Başçısının 30 dekabr 1998-ci il tarixli 351 №-li sərəncamından çıraxışdan görünür ki, Cavabdeh2 30 dekabr 1998-ci il tarixli 7 saylı qərara əsasən 0.12 ha fərdi mənzil tikintisi üçün torpaq sahəsi verilmişdir.
5. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şabran rayon şöbəsi tərəfindən verilmiş 30 noyabr 2010-cu il tarixli arayışından görünür ki, Şabran rayonunun Xəlfələr kəndi üçün həyətyanı sahələr işlənərkən, Cavabdeh2 adına Şabran (keçmiş Dəvəçi) rayon İcra Hakimiyyətinin xx.xx.1998-ci il tarixli 351 saylı sərəncamı ilə verilmiş 0.12 ha həyətyanı torpağa həqiqətən, mülkiyyət hüququna dair şəhadətnamə işlənməmişdir.
6. Şabran (keçmiş Dəvəçi) rayon XDS Rəyasət Heyətinin 26 dekabr 1994-cü il tarixli 12 №-li protokol çıxarışından görünür ki, Xəlfələr kəndində yaşayan Vəlişah Qasımovaya fərdi yaşayış evi tikmək üçün 0.10 ha torpaq sahəsi ayrılıb verilmişdir.
7. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şabran rayon şöbəsi tərəfindən verilmiş 30 noyabr 2010-cu il tarixli arayışından görünür ki, Şabran rayonunun Xəlfələr kəndi üçün həyətyanı sahələr işlənərkən, Cavabdeh1 Əlişah qızının mərhum həyat yoldaşı X11 Şabran (keçmiş Dəvəçi) rayon XDS-nin xx.xx.1994-cü il tarixli 12 nömrəli qərarı ilə verilmiş 0.10 ha həyətyanı torpağa həqiqətən, mülkiyyət hüququna dair şəhadətnamə işlənməmişdir.
8. AZ 088398 saylı evlənmə haqqında şəhadətnamədən görünür ki, X18 ilə Cavabdeh1 Əlişah qızı 10 dekabr 1968-ci ildə rəsmi nigahla ailə qurmuşlar.
9. AZ 000336 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X5 29 mart 2000-ci ildə ölmüşdür.
10. Şabran RİHB-nın Düz Bilici İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 03 noyabr 2010-cu il tarixli 660 saylı arayışda göstərilmişdir ki, X5 öldükdən sonra həyat yoldaşı Cavabdeh1, uşaqları Cavabdeh2 Əlişah oğlu, X12, X2, X8, X9, X13, X6, X7 vərəsələri qalmışdır.
11. Şabran Rayon Məhkəməsinin 2(031)-438/2010 saylı, xx.xx.2010-cu il tarixli qətnaməsi ilə, iddiaçı X3 iddiası təmin edilmiş, X10 ilə cavabdehlər Cavabdeh1 Alışan qızı və Cavabdeh2 arasında həyətyanı torpaq sahələrinə dair bağlanmış əqd etibarlı hesab edilmiş, X3 X11 və ailəsinə verilmiş 0.10 ha həyətyanı torpaq sahəsi və Cavabdeh2 və ailəsinə verilmiş 0.12 ha həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququ tanınmış, Şabran rayonu Xəlfələr kəndində yerləşən X11 və ailəsinə verilmiş 0.10 ha və Cavabdeh2 və ailəsinə verilmiş 0.12 ha həyətyanı torpaq sahələrinə X3 adına Kadastr planı və Mülkiyyət Hüququna dair Dövlət Reyestrindən çıxarış verilmiş, qətnamənin icrası Azərbaycan Respublikası Dövlət və Xəritəçəkmə Komitəsinin Şabran rayon Şöbəsinə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Xaçmaz Ərazi İdarəsininə həvalə edilmişdir.
12. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəlləsinin 239.2, 336, Torpaq Məcəlləsinin 55-ci maddələrinin tələbləri ilə əsaslandırmışdır.
13. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X28 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən Şabran Rayon Məhkəməsinin 2(031)-438/2010 saylı, xx.xx.2010-cu il tarixli qətnaməsindən apellyasiya şikayəti verilmişdir.
14. Şabran Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(031)-438/2010 nömrəli qərardadı ilə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X28 5 saylı Xaçmaz Ərazi İdarəsi 2(031)-438/2010 saylı mülki iş üzrə maraqlarına toxunan şəxs kimi tanınmış, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X28 5 saylı Xaçmaz Ərazi İdarəsinin Şabran Rayon Məhkəməsinin 2(031)-438/2010 saylı, xx.xx.2010-cu il tarixli qətnaməsindən verdiyi apelyasiya şikayətinin baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, satıcı tərəf daşınmaz əmlak üzərində hüquqları dövlət qeydiyyatına alınmadığından həmin daşınmaz əmlaka dair sərəncam verə bilməzdi və daşınmaz əmlak alğı-satğı predmeti ola bilməzdi. Məhkəmə mübahisəni həll etməzdən əvvəl daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınıb-alınmaması, özgəninkiləşirilməsi, həbsə olub-olmamasını və bununlada qətnamənin gələcəkdə icrasının mümkünlüyünü araşdırmamışdır. Qətnamədə göstərilən torpaq sahəsinin yerləşdiyi yer dəqiq məlum deyildir və ərazinin hansı hissəsində yerləşdiyinə dair sənəd, sxemə istinad edilməmişdir. Həmin torpaq sahəsinin digər şəxslərin mülkiyyətində, istifadəsində olan torpaq sahələri ilə üst-üstə düşüb-düşməməsi məhkəmə tərəfindən müəyyən edilməmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
17. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.
18. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı X10 apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi.
19. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 iddiaçının xeyrinə olan qərar qəbul edilməsini xahiş etdi.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
20. Maddə 139. Daşınar və daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.(...) 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. 139.4. Məkana görə daşınmaz əmlak obyektlərinin xüsusi vasitələrdən istifadə edilmədən yerləşdiyi yerin müəyyənləşdirilməsini və onların fərdiləşdirilməsini təmin edən məlumat bazası olan ünvan reyestri aparılır. Daşınmaz əmlak obyektlərinin xüsusi vasitələrdən istifadə edilmədən yerləşdiyi yerin müəyyənləşdirilməsinə imkan verən ünvan verilir. Ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada həyata keçirilir.
21. Maddə 144. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələrin notariat qaydasında təsdiqlənməsi 144.1. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. (...)
22. Maddə 146. Daşınmaz əmlaka hüququn əmələ gəlməsi 146.1. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). 146.2. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. 146.3. Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış daşınmaz əmlak barəsində müqavilələrin notariat qaydasında təsdiqlənməsinə yol verilmir və bu cür əmlak barəsində bağlanmış müqavilələr etibarsız sayılır.
23. Maddə 178. Daşınmaz əmlaka mülkiyyət hüququnun əldə edilməsi 178.1. Daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. 178.2. Yeni yaranmış daşınmaz əmlaka mülkiyyət hüququ onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir.
24. Maddə 336. Əqdlərdən əmələ gələn hüquqların qeydə alınması tələbinə riayət edilməməsinin nəticələri 336.1. Əgər tərəflərdən biri əqddən əmələ gələn hüququn dövlət qeydiyyatına alınmasından boyun qaçırırsa, onda qeydiyyat digər tərəfin ərizəsi ilə məhkəmənin qərarı əsasında həyata keçirilir.
25. Maddə 337. Əqdlərin etibarsızlığı anlayışı və onun nəticələri. Mübahisə edilən və əhəmiyyətsiz əqdlər 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər
Azərbaycan Respublikasının Torpaq Məcəlləsi:
26. Maddə 56. Torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsinin ümumi əsasları (...) 9. Xüsusi mülkiyyətdə olan torpaq sahələrinin özgəninkiləşdirilməsi, habelə istifadəyə və ya icarəyə verilməsi tərəflər arasında qanunvericilikdə müəyyən edilmiş qaydada bağlanılan və notarial qaydada təsdiq olunan müvafiq müqavilə əsasında həyata keçirilir.
27. Maddə 66. Torpaq sahələri üzərində hüquqları təsdiq edən sənədlər
1. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
28. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...)
29. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 77.3. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər.
30. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
31. Maddə 218. Qətnamə çıxarıldıqda həll edilən məsələlər (...) 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
32. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
33. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. (...)
34. Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv olunması üçün əsaslar 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
35. Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
36. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.
37. İşə apellyasiya qaydasında baxılarkən müəyyən olunmuşdur ki, iş üzrə Cavabdeh1 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir.
38. Cavabdeh2, X16, X2, X8, X9, X13, X6 və X7 Cavabdeh1 hüquqi varisləri qismində işə cəlb edilmişdirlər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
39. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iş üzrə yeni qətnamə qəbul edilməli və iddia tələbi təmin edilməməlidir.
40. Belə ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 56.9-cu maddəsinə əsasən, xüsusi mülkiyyətdə olan torpaq sahələrinin özgəninkiləşdirilməsi, habelə istifadəyə və ya icarəyə verilməsi tərəflər arasında qanunvericilikdə müəyyən edilmiş qaydada bağlanılan və notarial qaydada təsdiq olunan müvafiq müqavilə əsasında həyata keçirilir.
41. Həmin Məcəllənin 66.1-ci maddəsinə əsasən, dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur.
42. “İ.K.Rəcəbovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 03 iyun 2005-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 22 mart 2006-cı il tarixli qərarı xx.xx.2005-ci ilədək qüvvədə olan Azərbaycan Respublikası MM-nin 335, 647-ci maddələri ilə bağlıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin həmin Qərarında ifadə etdiyi mövqeyinə görə, daşınmaz əşyaların alğı-satqısı haqqında müqavilənin etibarlı sayılması üçün, mütləq iki şərtin mövcudluğu vacibdir: müqavilənin yazılı formada bağlanılması və notariat qaydasında təsdiqlənməsi. Həmin şərtlərə əməl edilməməsi daşınmaz əşyaların alğı-satqısı müqaviləsinin etibarlılığını şübhə altına alır və birbaşa onların etibarsızlığına səbəb olur.
43. “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 may 2006-cı il tarixli qərarında da Konstitusiya Məhkəməsi qeyd edir ki, daşınmaz əmlaka dair əqdi tamamilə və ya qismən icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün bir neçə şərtə, o cümlədən onun yazılı formada tərtib edilməsinə riayət edilmiş olmalıdır. Mülkiyyət hüququ yalnız qanunla müəyyən edilmiş qaydaların həyata keçirilməsi nəticəsində yaranır. Mülkiyyətçisi olan əmlakın qanunun tələblərinə əməl olunmadan əldə edilməsi xüsusi hüquqa əsaslanmayan faktiki sahibliyi yaradır. Bu isə onu deməyə əsas verir ki, əgər alıcı əmlakın əldə edilməsi ilə bağlı, qanunvericiliyə lazımi qaydada riayət edilməsi məqsədi ilə ondan tələb olunan hərəkətləri etməyibsə, bu hal gələcəkdə əmlakın faktiki sahibliyindən məhrum olunmasının onun laqeyd münasibəti ucbatından baş verməsinə dəlalət edir.
44. Mülki Prosessual Məcəllənin 89-cu maddəsinə əsasən, yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Yazılı sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir.
45. Digər tərəfdən, qanunvericiliyin yuxarıda qeyd olunan tələblərindən göründüyü kimi, bir tərəfin daşınmaz əşyaya mülkiyyəti digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə, habelə daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr və daşınmaz əşyaların alğı-satqısı haqqında müqavilənin etibarlı sayılması üçün, mütləq iki şərtin mövcudluğu vacibdir: müqavilənin yazılı formada bağlanılması və notariat qaydasında təsdiqlənməsi.
46. Məhkəmə iclasında müəyyən olundu ki, tərəflər arasındakı mövcud razılaşma 2005-ci ildə deyil, 2008-ci ildə olmuşdur və cavabdehlər həmin torpaq sahələri üzərində sərəncam vermək (satmaq, bağışlamaq və s.) hüququna malik olmamışlar. İddiaçı isə cavabdehlərin müqavilənin notariat qaydasında təsdiqlənməsindən boyun qaçırdığını göstərməklə, Mülki Məcəllənin 336.1-ci maddəsinə istinad edərək əqdin etibarlı sayılması barədə hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.
47. Kollegiya qeyd edir ki, sərəncam hüququ sərəncam verən tərəfin daşınmaz əmlakın dövlət reyestrinə əsasən bu hüquqa malik olması ilə təsdiqlənir.
48. Birinci instansiya məhkəməsi Şabran (keçmiş Dəvəçi) rayon İcra Hakimiyyəti Başçısının 30 dekabr 1998-ci il tarixli 351 №-li sərəncamından çıraxışı ilə Cavabdeh2 30 dekabr 1998-ci il tarixli 7 saylı qərara əsasən fərdi mənzil tikintisi üçün 0.12 ha torpaq sahəsi, Şabran (keçmiş Dəvəçi) rayon XDS Rəyasət Heyətinin 26 dekabr 1994-cü il tarixli 12 №-li protokol çıxarışı ilə Xəlfələr kəndində yaşayan Vəlişah Qasımova fərdi yaşayış evi tikmək üçün 0.10 ha torpaq sahəsi ayrıldığına istinad etsə də, həmin torpaq sahələri üzərində cavabdehlərin dövlət reyestrində mülkiyyət hüquqlarının qeydiyyata alınmadığını nəzərə almamışdır.
49. Nəzərə almaq lazımdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
50. Beləliklə, məhkəmə kollegiyası göstərilənlərə və sadalanan qanunvericilik aktları normalarına əsasən hesab edir ki, mövcud iddia tələbi əsassızdır.
51. Bununla yanaşı, məhkəmə kollegiyası qeyd edir ki, daşınmaz əmlakın alğı-satqısı barədə qanunvericiliyin tələblərinə əməl edilməməsi tərəflər arasındakı müqavilənin özünün etibarlılığını şübhə altına alır.
52. Birinci instansiya məhkəməsi iş üzrə gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmadığından, iş üçün əhəmiyyəti olan hallar sübut edilmədiyindən və qətnamədə göstərilmiş nəticə işin hallarına uyğun gəlmədiyindən, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni əsassız hesab edir.
53. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
54. Həmin Məcəllənin 385.1.2, 385.1.3 və 385.1.4-cü maddələrinə görə, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilsin. Şabran Rayon Məhkəməsinin 2(031)-438/2010 saylı, xx.xx.2010-cu il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı X3 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı əqdin etibarlı hesab edilməsi və mülkiyyət hüququnun tanınması tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemi”ndə yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.