Məhkəmə qərarları › İş №2(105)-1912/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1912/2023

14.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1912/2023 14.11.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər X1 və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Əliyev Rəşad Ayıl oğlunun katibliyi, İddiaçının vəkili və nümayəndəsi Nümayəndə və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(060)-3294/2023 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İşin hallarına görə, İddiaçı Cavabdeh xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən xx.xx.2022-ci il tarixədək qaytarmaq şərti ilə 16.000 (on altı min) manat məbləğində borc pul vermişdir.

Birinci instansiya məhkəməsindəki icraat

2. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, Sumqayıt şəhəri 4 saylı dövlət notariat kontorunda cavabdehlə aralarında bağlanmış xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə borc məbləği 16000 (on altı min) manat, pul məbləğinin ödənilməsinin gecikdirilməsi faizi 756,16 manat və ödənilmiş dövlət rüsumu 140,27 manat, ümümilikdə 16896,43 (on altı min səkkiz yüz doxsan altı manat qırx üç qəpik) manatın cavabdehdən alınıb iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Sumqayıt şəhəri 4 saylı dövlət notariat kontorunda cavabdehlə aralarında bağlanmış xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən, borc alan xx.xx.2021-ci il tarixdə borc verəndən 16000 (on altı min) manat məbləğində pul borc almışdır. Həmin müqaviləyə əsasən cavabdeh kreditini xx.xx.2022-ci il tarixədək iddiaçıya qaytarmağı öhdəsinə götürmüşdür. Borcun ödənilməsi ilə əlaqədar dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh tərəfindən kredit müqaviləsi üzrə öhdəliklər yerinə yetirilməmiş, müqavilə ilə müəyyən olunmuş müddətlər daxilində krediti geri qaytarılmamışdır. Hazırda cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixinədək 16000 (on altı min) manat borc verənə qaytarılmalı olduğu halda qaytarılmamışdır. Buna görə də hesab edir ki, Sumqayıt şəhəri 4 saylı dövlət notariat kontorunda cavabdehlə aralarında bağlanmış xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə cavabdeh tərəfindən borc aldığı 16000 (on altı min) manat ona qaytarılmalıdır. Göstərilənlərə əsasən cavabdehin ünvanına məktub göndərərək qısa zaman ərzində 16000 (on altı min) manat borc məbləği qaytarılmasını xahiş etmişdir. Məktubun göndərilməsindən otuz gün müddətindən artıq vaxt keçməsinə baxmayaraq cavabdeh tərəfindən cavab verilməmişdir. Buna görə də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətindədir. Yuxarıda da qeyd edildiyi kimi cavabdeh öz öhdəliklərini icra etməmişdir. Cavabdehin bu hərəkətləri nəticəsində öhdəliyin icrasını gecikdirmişdir. Buna görə də cavabdeh tərəfindən gecikdirilmiş pul məbləğindən iddiaçıya faizlər ödəməlidir. Borc alan kreditini xx.xx.2022-ci il tarixindək 16000 (on altı min) manatı iddiaçıya qaytarmağı öhdəsinə götürmüşdür. Cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixədək 16000 (on altı min) manat ödənilməmişdir. Buna görə də gecikmiş günlərin sayı xx.xx.2022-ci il tarixdən iddianın verildiyi günə kimi hesablanmalıdır. Bu qaydada cavabdeh tərəfindən öhdəliyin icrası ümümilikdə 345 gün gecikdirilmişdir. Gecikdirilmiş günlərə görə cavabdeh iddiaçıya gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Həmin faiz dərəcəsinə uyğun olaraq cavabdeh tərəfindən öhdəliyin icrasının gecikdirilməsinə görə 756,16 manat (16000*((5%/365)*345)%=756,16) məbləğində faiz ödənilməlidir. Hazırki, iddia tələbi ümumilikdə, 16756,16 manat təşkil edir. Həmin iddia tələbinə əsasən 140,27 manat dövlət rüsumu ödənilməlidir. Ona görə də, o, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir.

4. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbinə dair izahat verərək bildirmişdir ki, iddia tələbini qəbul etmir. O, şirkətdə işləyir, Əlibəy də həmin şirkətdə işçidir. Şirkətlə onun arasında 16000 manat məbləğində pul məsələsi olub. Əslində həmin pul şəxsi olaraq Əlibəydən alınan pul deyil. O, bu məsələnin bağlandığını düşünürdü. Əlibəy onun işçisi olub, bu pulu ondan istəməyəcəyini deyirdi. Bununla bağlı səsyazma və video görüntülər var.

5. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(060)-3294/2023 nömrəli qətnaməsi ilə (hakim Günel Tanrıverdiyeva) iddia tələbi qismən təmin edilərək, Cavabdeh 16.000 (on altı min) manat məbləğində pulun və ödənilmiş 140.27 (yüz qırx manat iyirmi yeddi qəpik) manatın tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.

6. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Cavabdeh borc müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri lazımi qaydada icra etməməklə həmin müqavilələrin şərtlərini əhəmiyyətli dərəcədə pozmuşdur. Belə olan halda, tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqavilə üzrə 16000 manat məbləğində borcun cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsində iddia tələbi əsaslıdır və həmin hissədə iddia təmin edilməlidir.

7. Faiz borcuna münasibətdə məhkəmə hesab etmişdir ki, faiz borcunun tutulması hissəsində iddia tələbi əsaslı deyil. Belə ki, tərəflər arasında bağlanılmış xx.xx.2021-ci tarixli borc müqaviləsində tərəflər kreditin faizsiz verilməsini şərtləşdirmişdir.

8. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 739.1, 739.2, 442, 443.1, 445.2.1, Mülki Prosessual Məcəllənin 14.2, 77-ci maddəsinin tələbləri ilə əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

9. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, apellyasiya şikayətinin təmin edilməsini, qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı ilə heç bir problemi yoxdur, sadəcə şirkət tərəfindən bu borc yazılıb, əgər iddiaçı özü məhkəmə iclasında iştirak etsə idi, bunu etiraf edərdi.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

12. Məhkəmə kollegiyasının iştirak edən Cavabdeh apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunlu izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.

13. Məhkəmə kollegiyasının iştirak edən iddiaçının vəkili və nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin təmin edilmədən birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi və həmçinin bildirdi ki, iddiaçı ilə müqavilə bağlayan zaman ona bildirmişdir ki, borc müqaviləsi üzrə onu təmsil etməlidir. Sonuncu dəfə onunla danışan zaman iddiaçı ona mövqeyinin dəyişmədiyini və pulu tələb etdiyini demişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

14. Maddə 324. Əqd anlayışı və onun növləri 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 324.3. Bu Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. 324.5. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. 324.6. Əgər nə zahiri ifadəyə görə, nə də başqa hallara görə iradənin məzmunu dəqiq müəyyənləşdirilə bilmirsə, əqd mövcud deyildir.

15. Maddə 337. Əqdlərin etibarsızlığı anlayışı və onun nəticələri. Mübahisə edilən və əhəmiyyətsiz əqdlər 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4. etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.

16. Maddə 340. Uydurma və yalan əqdlərin etibarsızlığı 340.1. Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. 340.2. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir.

17. Maddə 739. Borc müqaviləsinin anlayışı və forması 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır.(...)

18. Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. (...)

19. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

20. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

21. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...)

22. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (..)

23. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

24. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

25. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər (...)

26. Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

27. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi iddia tələbinin təmin edilən hissəsində mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı qeyd edilən hissədə yoxlanılacaqdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

28. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

29. İş materiallarında olan notarial qaydada təsdiq olunmuş xx.xx.2021-ci il tarixli kredit müqaviləsindən görünür ki, cavabdeh xx.xx.2021-ci il tarixdə iddiaçıdan 16000 (on altı min) manat məbləğində borc almışdır. Həmin müqaviləyə əsasən cavabdeh krediti xx.xx.2022-ci il tarixədək iddiaçıya qaytarmağı öhdəsinə götürmüşdür.

30. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən iddiaçının cavabdehə 16000 manat borc verməsi təsdiq edilmiş, cavabdehin həmin məbləği almaması, geri qaytarması və ya müqavilənin formal xarakter daşıması isə iş materialları və işin araşdırılmış halları ilə təsdiqini tapmamışdır.

31. Məhkəmə iclasında cavabdeh kredit müqaviləsini işlədiyi şirkətdə satdığı mallarla əlaqədar yaranmış borcun əvəzinə rəhbərliyin göstərişi əsasında iddiaçı ilə bağladığını, notariat kontorunda isə 16000 manatı formal alaraq yenidən iddiaçıya qaytardığını göstərmiş, lakin həmin halların sübut edilməsi ilə əlaqədar ona şərait yaradılsa da, bu barədə məhkəməyə hər hansı sübut növü təqdim etməmişdir.

32. Məhkəmə kollegiyası qeyd edir ki, mülki qanunvericiliyin məzmununa görə əqd mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş, birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdin etibarlı olması üçün qanunda nəzərdə tutlmuş formaya riayət edilməsi zəruridir.

33. Əqdin etibarlılığı üçün onun bağlanmasında iştirak edən şəxslərin səlahiyyətli olması, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir.

34. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən olunmuşdur ki, mübahisə predmeti olan müqavilə bağlanarkən tərəflər səlahiyyətli olmuş, onların iradə ifadəsi və onun bildirilməsinin vahidliyi mövcud olmuş, əqdin forma və məzmunu qanunvericiliyin tələblərinə müvafiq olmuşdur.

35. Hər hansı əqdin (o cümlədən alqı-satqı müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Əqdin etibarsızlığı dedikdə mülki qanunvericilikdə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülki hüquq münasibətlərini yaratmayan, yalnız özünun etibarsızlığı ilə bağlı nəticələrə səbəb olan əqd anlaşılır. Əqdin etibarlı olması üçün Mülki Məcəllə ilə müəyyənləşdirilmiş formaya riayət edilməsi zəruridir. (Ə.Ə.İbrahimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə kollegiyasının 11 iyul 2003-cü il tarixli qərarının qanuniliyinin yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2004-cü il tarixli qərarı)

36. Sadalanan xüsusatlara əsasən məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında kredit müqaviləsi bağlanarkən qanunvericiliyin tələblərinə əməl edilmişdir. Buna görə də, qeyd edilən müqavilə üzrə borc məbləğinin cavabdehdən tələb edilməsi üçün hüquqi əsas vardır.

37. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri yuxarıda sadalananlara əsasən əsassız hesab edildiyindən formal mülahizələr kimi qiymətləndirilməli və şikayət təmin edilməməlidir.

38. Nəzərə almaq lazımdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

39. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər.

40. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyildir.

41. Göstərilən halları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarına düzgün istinad etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-in 384.0.1-ci maddəsinə görə məhkəmə qətnaməsinin apellyasiya qaydasından baxıldıqda dəyişdirmədən, apellyasiya şikayətini təmin etmədən saxlanması üçün əsasdır.

42. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(060)-3294/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemi”ndə yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar