Məhkəmə qərarları › İş №2(105)-1999/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1999/2021

03.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1999/2021 03.08.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, iddiaçı "xxxx" ASC-nin nümayəndəsi X1 iştirakı ilə, iddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin 18 mart 2021-ci il tarixli, 2(027)-680/2021 saylı qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ : Quba Rayon Məhkəməsinin 18 mart 2021-ci il tarixli, 2(027)-680/2021 saylı qətnaməsi ilə iddia təmin edilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçı "xxxx" ASC-nin xeyrinə 15 noyabr 2016-cı il tarixli, İK 5163/F-16 saylı kredit müqaviləsi üzrə ödənilməmiş 2790 (iki min yeddi yüz doxsan) manat əsas, 2243.43 (iki min iki yüz qırx üç manat, 43 qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 5033.43 (beş min otuz üç manat, 43 qəpik) manat, habelə ödənilmiş dövlət rüsumunun əvəzi ilə bağlı 30 manat məbləğində pul tutulması qət edilmişdir (hakim R.T.Həsənov) Qətnamədən Cavabdeh2 apelyasiya şikayəti verərək Quba Rayon Məhkəməsinin 2(027)-680/2021 saylı, 18 mart 2021-cı il tarixli qətnaməsini ləğv edib, iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İŞİ N H A L L A R İ : İddiaçı "xxxx" ASC ərizə ilə məhkəməyə müraciət edərək "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Xaçmaz filialı ilə Cavabdeh1 arasında bağlanmış 15 noyabr 2016-cı il tarixli, İK 5163/F-16 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 Banka 2790 (iki min yeddi yüz doxsan) manat əsas, 2243.43 (iki min iki yüz qırx üç manat, 43 qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 5033.43 (beş min otuz üç manat, 43 qəpik) manat məbləğində borcun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən (borclu Cavabdeh1, zamin Cavabdeh2) müştərək qaydada tutularaq "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. A P E L Y A S İ Y A Şİ K A Y Ə T İ N İ N DƏ L İ L L Ə R İ Cavabdeh2 apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Quba Rayon Məhkəməsinin 18 mart 2021-cı saylı qətnaməsini əsassız, qanuna zidd və qeyri obyektiv hesab edir. Belə ki, digər Cavabdeh1 15 noyabr 2016-cı il tarixdə saylı müqavilə bağlamışdır. Müqaviləyə əsasən kreditor Cavabdeh1 illik 28% olmaqla 24 ay müddətinə kredit verilmişdir. Həmin kredit müqavləsinə əsasən onunla zaminlik müqaviləsi bağlanmışdır. Borclu Cavabdeh1 kredit müqaviləsi üzrə vaxtlı-vaxtında ödənişlər etmişdir. Lakin sonradan maddi vəziyyətinin çətinləşməsi səbəbindən ödənişlər edə bilməmişdir. Bu səbəblərdən meydana gələn müəyyən vaxtlardakı gecikdirmələr baş vermişdir ki, buna görə də kreditor məhkəməyə müraciət etmişdir. Hal-hazırda bank tərəfindən tələb olunan məbləğ Quba Rayon Məhkəməsi tərəfindən tam təmin olunmuşdur. Belə olan halda hüquqları pozulur. Belə ki, iddiaçı onlardan yüksək məbləğdə faiz tələb edir. Məhkəmə də iş üzrə mühasibatlıq ekspetrtizası təyin etmədən həmin faiz məbləğini təmin etmişdir. Bundan başqa Bankla bağlanmış zaminlik müqaviləsinin müddəti bitmişdir. Quba Rayon Məhkəməsi maddi hüquq normalarını səhv təfsir etmiş, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, habelə nəticəsinin işin hallarına uyğun gəlməməsinə yol açmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.4-ci maddəsinə görə birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsas təşkil edir. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə əsasən isə apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. qeyd edilənlərə əsasən Quba Rayon Məhkəməsinin 2(027)-680/2021 saylı, 18 mart 2021-cı il tarixli qətnaməsini ləğv edib, iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kolegiyasının iclasında iddiaçının nümayəndəsi X2 apelyasiya şikayətinin dəlillərinə etiraz edərək bildirdi ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Xaçmaz filialı ilə Cavabdeh1 arasında bağlanmış 15 noyabr 2016-cı il tarixli, İK 5163/F-16 saylı kredit müqaviləsinə əsasən faiz dərəcəsi 28% faiz olmaqla 24 (iyirmi dörd) ay müddətinə 2790 (iki min yeddi yüz doxsan) manat məbləğində kredit verilmişdir. Qeyd edilən kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasının təminatı kimi "xxxx"ASC ilə Cavabdeh2 arasında 15 noyabr 2016-cı il tarixli, İK 5163/F-16 saylı zaminlik müqaviləsi imzalanmışdır. Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərinə və müqavilənin şərtlərinə riayət etməmiş, ödəməli olduğu məbləği vaxtında ödəməmişdir. Belə ki, Cavabdeh1 15 noyabr 2016-cı il tarixli, İK 5163/F- 16 saylı kredit müqaviləsinə əsasən 22 dekabr 2020-ci il tarixinə kimi kredit müqaviləsi üzrə əsas borc və faiz borcunu tam ödəməli olduğu halda, heç bir ödəniş etməmişdir. Hal-hazırda borclunun Banka olan borcu 2790 (iki min yeddi yüz doxsan) manat əsas, 2243.43 (iki min iki yüz qırx üç manat, manat faiz borcu olmaqla, ümumilikdə 5033.43 (beş min otuz üç manat, 43 qəpik) manat təşkil edir Qeyd olunanlara əsasən apelyasiya şikayətinin təmin edilməməsini, Quba Rayon Məhkəməsinin 18 mart 2021-ci il tarixli, 2(027)-680/2021 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. P R O S E S S U A L M Ə S Ə L Ə L Ə R: Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərəəsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh apelyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsini yalnız faiz borcunun tutulması hissəsində mübahisələndirmişdir. Bu səbəbdən məhkəmə qətnaməsi mübahisələndirilən hissədə müzakirə edilir. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, iddiaçının nümayəndəsinin izahatını dinləyərək, apelyasiya şikayətinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti qismən təmin edilməli, iddia qismən təmin edilməli, Cavabdeh2 apelyasiya şikayətinə münasibətdə qətnamə dəyişdirilməlidir. İş materiallarında olan iddiaçı "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış 15 noyabr 2016-cı il tarixli, İK 5163/F-16 saylı kredit müqaviləsinə əsasən faiz dərəcəsi 28% faiz olmaqla 24 (iyirmi dörd) ay müddətinə 2790 (iki min yeddi yüz doxsan) manat məbləğində kredit verilmişdir. İddiaçı "xxxx" ASC ilə digər Cavabdeh2 arasında bağlanmış 15 noyabr 2016-cı il tarixli, İK 5163/F-16 saylı zaminlik müqavilələrinə görə zamin Cavabdeh2 borclu Cavabdeh1 iddiaçının qarşısında kredit müqaviləsi üzrə öhdəliyini tamamilə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. İşin araşdırılan hallarından müəyyən olunur ki, iddiaçı tərəfin təqdim etdiyi maliyyə arayışına əsasən cavabdeh kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmişdir, onun iddiaçının qarşısında əsas borc kimi 2790 manat, faiz borcu kimi 2243,43 manat olmaqla, ümumilikdə 5033,43 manat pul öhdəliyi vardır. Cavabdeh tərəf isə iddia tələbinə dair etirazını əsaslandıracaq hər hansı bir sübut məhkəməyə təqdim etməmişdir. Göründüyü kimi cavabdeh tərəfindən öhdəliyin icra edilməməsi məhkəmə baxışı zamanı öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-739.2-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 385.1-ci maddəsində göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə vəxidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-445.2.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.(maddə 472.2). Birgə zamin olmuş şəxslər,əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar (maddə 472.3). Müəyyən edilmişdir ki, cavabdehlər kredit müqaviləsi üzrə üzərlərinə düşən öhdəlikləri icra etməmiş və bunun nəticəsində onların bank qarşısında borcu yaranmışdır. İş materiallarından görünür ki, Cavabdeh1 tərəfindən bankdan 2790 manat borc götürülmüş, həmin borcdan heç bir ödəniş eilməmişdir. Məhkəmə mülki qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarını əsas götürərək hesab etmişdir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 15 noyabr 2016-cı il tarixli, İK 5163/F-16 saylı kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri tam və lazımi qaydada icra etmədiklərindən 2790 manat məbləğində əsas və 2243,43 manat məbləğində faiz borcu cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Birinci instansiya məhkəməsi qeyd edilən iş materiallarına və qanunvericilik normalarına istinad edərək iddianı yuxarıda göstərilən qaydada qismən təmin etmişdir. İş materiallarından görünür ki, iddiaçı ilə cavabdehlər arasında 15 noyabr 2016-cı il tarixli, İK 5163/F-16 saylı müqavilə 24 ay müddətinə bağlanmışdır, yəni kredit müqaviləsinin müddəti 15 noyabr 2016-cı il tarixdə bitmişdir. İşə apelyasiya qaydasında baxılarkən məhkəməyə daxil olmuş 28 iyul 2021-ci il tarixli maliyyə arayışından görünür ki, kredit müqaviləsi üzrə Cavabdeh1 15 noyabr 2018-ci il tarixinə iddiaçıya əsas borc üzrə 2790 manat, 1123,71 manat isə faiz borcu vardır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Mülki Məcəllənin yuxarıda qeyd olunan maddələrinə düzgün istinad edərək əsas borca görə faiz pulunun tutulması qənaətinə gəlməkdə haqlı olmuşdur. Çünki iddiaçı ilə Cavabdeh1 arasında kredit müqaviləsi imzalanmış, bu müqavilə Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada tam fəaliyyət qabiliyyətli şəxslər arasında bağlanmış və onun etibarsızlığına səbəb ola biləcək digər hallar da mövcud olmamış, kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsi cavabdehin risk dairəsinə daxil olan öhdəliyi olduğu üçün o, bu öhdəliklərin icra edilməməsinə görə iddaçı qarşısında cavabdehlik daşımışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə görə də əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Kredit müqaviləsi üzrə Cavabdeh1 1123,71 manat faiz borcu olması məhkəmə kollegiyasına təqdim edilmiş 28.07.2021-ci il tarixli maliyyə arayışı ilə təsdiq edilir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin qətnamənin ləğv edilməsinə dair dəlili əsassızdır. Məhkəmə kollegiyası onu da qeyd edir ki, Azərbaycan Respublikasında bank sisteminin hüquqi bazasının beynəlxalq standartlara tam uyğunlaşdırılması, iqtisadiyyatda bank xidmətlərinin rolunun artırılması, bank əmanətcilərinin və kreditorlarının müdafiəsinin gücləndirilməsi və bütövlükdə bank sisteminin stabil və təhlükəsiz fəaliyyətinin təmin edilməsi məqsədilə bankların təşkili, daxili idarəedilməsi, fəaliyyətinin tənzimlənməsi və ləğv edilməsi prinsipləri, qaydaları və normaları “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununu ilə müəyyən edilir. Həmin Qanunun 36.6-cı maddəsinin tələblərinə görə hər bir bank müştərilərlə bağladığı müqavilədə xidmət şərtlərini, o cümlədən faiz dərəcələrini, komisyon haqlarını və göstərilən bank xidmətləri üçün digər ödənişləri, habelə bank tərəfindən verilmiş kreditlərin ödənişi şərtlərini və qaydalarını müəyyən etməkdə sərbəstdir. Kredit üzrə faizlər bankla müştəri arasında bağlanmış müqavilə şərtlərinə uyğun hesablanır və ödənilir. Həmçinin kreditə görə faizlərin alınması bank fəaliyyətinin mahiyyətini təşkil etməklə onların əsas gəlir mənbəyidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə faydalanan şəxs həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qeyd edilən maliyyə arayışına əsasən məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə qətnaməsi Cavabdeh2 apelyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə, faiz borcu üzrə 2243.43 (iki min iki yüz qırx üç manat, 43 qəpik) manat pulun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi hissəsində dəyişdirilməli, iddia qismən təmin edilməli, cavabdehlərdən müştərək qaydada faiz borcuna görə 1123,71 (min yüz iyirmi üç manat yetmiş bir qəpik) pul tutulmalı, apeyasiya şikayəti qismən təmin edilməli, qətnamə qalan hissələrdə Cavabdeh2 münasibətdsə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 384.0.3-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 384.0.3,392- 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: Quba Rayon Məhkəməsinin 2(027)-680/2021 saylı, 18 mart 2021-cı il tarixli qətnaməsi Cavabdeh2 apelyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə faiz borcu üzrə 2243.43 (iki min iki yüz qırx üç manat, 43 qəpik) manat pulun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi hissəsində dəyişdirilsin. İddia qismən təmin edilsin. Faiz borcu üzrə 1123,71 (min yüz iyirmi üç manat yetmiş bir qəpik) manat pul cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq iddiaçı "xxxx" ASCyə ödənilsin. Qətnamə Cavabdeh2 münasibətdə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayəti qismən təmin olunsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər, qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar