Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-599/2021 02.03.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, iddiaçı «xxxx» X1 Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 2(012)-2570/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ : Abşeron Rayon Məhkəməsinin 2(012)-2570/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, “xxxx” ASC ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən, 1581,50 manat (min beş yüz səksən bir manat, əlli qəpik) əsas,131,42 manat (yüz otuz bir manat,qırx iki qəpik) faiz,13 (on üç) manat cərimə olmaqla,cəmi 1725,92 manat(min yeddi yüz iyirmi beş manat,doxsan iki qəpik) və dövlət rüsumu olaraq ödənilmiş 30 manat məbləğində vəsaitinin əvəzinin Cavabdeh tutularaq iddiaçı “xxxx” ASC-nə verilməsi qət edilmişdir (hakim Cəmilə Səfiyeva) Cavabdeh apelyasiya şikayəti verərək Abşeron Rayon Məhkəməsinin 2(012)- 2570/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini, iddianın qismən təmin edilməsi, əsas borcun hissə-hissə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı “xxxx” ASC Cavabdeh qarşı kredit müqaviləsi üzrə mübahisələr tələbinə dair sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək aralarında bağlanmış xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən, Cavabdeh iddiaçı “xxxx” ASC-nin xeyrinə 1581,50 manat əsas,131,42 manat faiz,13 manat cərimə olmaqla cəmi 1725,92 manat və dövlət rüsumu olaraq ödənilmiş 30 manat məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, ölkədə yayılmış covid-19 pandemiyasına görə maddi vəziyyəti pisləşmiş və borcunu ödəyə bilməmişdir. İşləsə də, ailəsini dolandıərmışdır. Himayəsində iki azyaşlı övladı var və işləməyən, xəstə iki valideyni var. maddi durumu qəfil pisləşdiyindən kredit borcunu ödəyə bilməmişdir. Kredit müqaviləsi üzrə yaranmış faizlərin silinməsi onun həmin müqavilədən irəli gəən öhdəliklərini icra etməyə imkan yaradır. İddiaçıya olan borcunu hər ay hissə-hissə ödəməklə ona möhlət verilməsi daha ədalətli qərar ola bilər. Odur ki, apelyasiya şikayəti verərək Abşeron Rayon Məhkəməsinin 2(012)-2570/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini, iddianın qismən təmin edilməsi, əsas borcun hissə-hissə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə iclaslarının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə iddiaçının nümayəndəsi və cavabdeh məhkəmə iclaslarına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən iş üzrə iddiaçının nümayəndəsinin və cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi hakimi dinləyib, iş materiallarını, apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin 2(012)-2570/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından müəyyən edilir ki, iddiaçı “xxxx” ASC ilə Cavabdeh arasında xx.xx.2019 tarixli kredit müqaviləsinə əsasən iddiaçı cavabdehə 15 ay müddətinə illik 18% faiz ödəmək şərtilə 1683 manat kredit verilmişdir İş materiallarında olan arayışdan müəyyən edilir ki,”xxxx” ASC ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən, cavabdehin 1581,50 manat əsas,131,42 manat faiz,13 manat cərimə, cəmi 1725,92 manat məbləğində borcu yaranmışdır. Birinci instansiya məhkəməsi iş materiallarına istinadən “xxxx” X1 Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında kredit müqaviləsi bağlanmasını, həmin müqavilə üzrə cavabdehə bankdan illik 18 faizlə 15 ay müddətinə 1683 manat məbləğində kredit verilməsini, lakin cavabdehin müqavilə öhdəliklərini yerinə yetirməməsini müəyyən edərək iddianı təmin etmiş, gəldiyi nəticəni də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 792, 442, 443.1, 445.1, 448.1, 462.2, 462.1, MPM-nin 119.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Mülki Məcəllənin yuxarıda qeyd olunan maddələrinə düzgün istinad edərək iddia tələbini 1581,50 manat əsas və 131,42 manat məbləğində faiz borcu hissəsində tam təmin etməkdə haqlı olmuşdur. Çünki iddiaçı ilə Cavabdeh arasında kredit müqaviləsi imzalanmış, bu müqavilə Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada tam fəaliyyət qabiliyyətli şəxslər arasında bağlanmış və onun etibarsızlığına səbəb ola biləcək digər hallar da mövcud olmamış, kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsi Cavabdeh risk dairəsinə daxil olan öhdəliyi olduğu üçün o, bu öhdəliklərin icra edilməməsinə görə iddaçı qarşısında cavabdehlik daşımışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə görə də əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Kredit müqaviləsi üzrə Cavabdeh 1581,50 manat əsas və 131,42 manat faiz borcu olması da iş materiallarında olan xx.xx.2020-ci il tarixli maliyyə arayışı (i.v.4) ilə təsdqini tapır. Həmçinin məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh öhdəliyi lazımınca icra etmədiyi üçün iddiaçının dəbbə pulu almaq tələbinin də qanuni əsasları vardır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədyi və lazımınca icra edilmədyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Tərəflər arasında bağlanmış müqavilənin 3.1-ci bəndinə əsasən borcalan kreditin və kreditdən istifadəyə görə hesablanmış faizlərin ödənilməsini 1 təqvim günündən çox gecikdirdikdə həmin gündən başlayaraq bank borcalana qarşı kredit üzrə əsas borcun ödənilməsinin gecikdirildiyi hər təqvim günü üçün ödənilməli olan əsas borc məbləğinin illik 40% miqdarında cərimə tətbiq edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. İş materiallarından görünür ki, iddiaçı bank cavabdehdən əsas məbləğə görə 13 manat məbləğində cərimə borcu tələb etmiş, birinci instansiya məhkəməsi qeyd edilən qanunvericilik normalarına istinadən iddiaçının cavabdehdən dəbbə pulu almaq tələbinin əsaslı olması, eyni zamanda əsas borca hesablanmış 13 manat cərimə pulunun yüksək olmaması qənaətinə gələrək cərimə borcu hissəsində də iddianı tam təmin etmişdir ki, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qeyd edilən bu mövqeyi ilə də razıdır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı bankın ödədiyi 30 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən qanuni və əsaslıdır. Çünki Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə də məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərinə qiymət verərək qeyd edir ki, cavabdehin dəlillərini qəbul etmir. Belə ki, cavabdeh əsas borca olan faizlərin silinməsini xahiş etmişdir. Məhkəmə kollegiyası cavabdehin xahişinə qiymət verərək qeyd edir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən verilmiş kreditə illik 18 faiz məbləğində pul hesablanmalıdır. Göründüyü kimi, götürülmüş kreditə görə faiz ödənilməli olması müqavilə ilə şərtləşdirilib. Məhkəmə kollegiyası onu da qeyd edir ki, Azərbaycan Respublikasında bank sisteminin hüquqi bazasının beynəlxalq standartlara tam uyğunlaşdırılması, iqtisadiyyatda bank xidmətlərinin rolunun artırılması, bank əmanətcilərinin və kreditorlarının müdafiəsinin gücləndirilməsi və bütövlükdə bank sisteminin stabil və təhlükəsiz fəaliyyətinin təmin edilməsi məqsədilə bankların təşkili, daxili idarəedilməsi, fəaliyyətinin tənzimlənməsi və ləğv edilməsi prinsipləri, qaydaları və normaları “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununu ilə müəyyən edilir. Həmin Qanunun 36.6-cı maddəsinin tələblərinə görə hər bir bank müştərilərlə bağladığı müqavilədə xidmət şərtlərini, o cümlədən faiz dərəcələrini, komisyon haqlarını və göstərilən bank xidmətləri üçün digər ödənişləri, habelə bank tərəfindən verilmiş kreditlərin ödənişi şərtlərini və qaydalarını müəyyən etməkdə sərbəstdir. Kredit üzrə faizlər bankla müştəri arasında bağlanmış müqavilə şərtlərinə uyğun hesablanır və ödənilir. Həmçinin kreditə görə faizlərin alınması bank fəaliyyətinin mahiyyətini təşkil etməklə onların əsas gəlir mənbəyidir. Buna görə də kreditə hesablanmış faizlərin silinməsi barədə dəlil əsassızdır. Bundan başqa borcun hissə-hissə ödənilməsi barədə cavabdehin xahişinə gəldikdə məhkəmə kollegiyası qeyd edir ki, qeyd edilən məsələ hazırki mərhələdə deyil, məhkəmə qətnaməsinin icraya yönəldikdən sonra icra mərhələsində həll edilməli məsələdir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası apelyasiya şikayətində göstərilən dəlilləri formal mülahizələr kimi qiymətləndirir və hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasındakı mübahisənin həlli ücün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Hazırki işdə məhkəmə qətnaməsinin mübahisələndirilən hissədə apelyasiya qaydasında ləğv olunması üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmi Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin maddə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı apelyasiya şikayətini əsaslandıra bilməmişdir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apelyasiya şikayəti təmin edilməməli və Abşeron Rayon Məhkəməsinin 2(012)-2570/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 392-393 və 404-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Abşeron Rayon Məhkəməsinin 2(012)-2570/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Cavabdeh apelyasiya şikayəti təmin edilməsin. Qətnamədən şikayət verilə bilməz. Sədrlik edən:Lətifə Məmmədova Hakimlər: Gülnarə Tağızadə Telman Quliyev
Məhkəmə qərarları › İş №2(105)-599/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-599/2021
02.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver