Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-740/2020 26.10.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakim Gülnarə Fikrət qızı Tağızadənin sədrliyi və məruzəsi, Hakimlər X5 və X6 ibarət tərkibdə, Samirə Zahid qızı Məmmədovanın katibliyi, İddiaçının nümayəndəsi: X8, Cavabdehin nümayəndəsi və vəkili: X7 iştirakları ilə, İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi X2 Cavabdeh qarşı kredit borcunun ödənilməsi tələbinə dair mülki iş üzrə Zəngilan Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qətnaməsindən cavabdehin nümayəndəsi Ş.X.Abdalov tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Zəngilan Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim G.K.İmanova) iddianın qismən təmin edilməsi, Cavabdeh 99.486 (doxsan doqquz min dörd yüz səksən altı) manat əsas, 42.365 (qırx iki min üç yüz altmış beş) manat faiz borcu olmaqla, cəmi 141.851 (yüz qırx bir min səkkiz yüz əlli bir) manat borc ödənilmiş dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması və iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi X4 Cavabdeh qarşı kredit borcunun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 99486 manat əsas, 42.365 manat faiz borcu olmaqla, cəmi 141.851 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx xxxxxxxx 2009-cü il tarixli 02 saylı kredit müqaviləsinə əsasən iddiaçı ləğv prosesində olan İddiaçı ASC tərəfindən Cavabdeh 204.546 manat məbləğində kredit verilmişdir. Mövcud kredit müqaviləsinə əsasən kreditin muddəti xx xxxxxx 2009-cu ilədək, illik faiz isə 7% müəyyən edilmişdir. Kredit müqaviləsinin 1.3-cü bəndinə görə borcalan krediti və onun faizlərini kredit müqaviləsinə əlavə edilmiş 1 saylı əlavəyə ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh xx xxxxxxxx 2009-cu il tarixli 02 saylı kredit müqaviləsi üzrə öz üzərinə düşən öhdəlikləri vaxtlı-vaxtında yerinə yetiməmiş, ona edilən xəbərdarlıqlara baxmayaraq borcunu gecikdirmiş, ödəniş etməmiş və beləliklə də müqavilənin şərtlərini pozmuşdur. Hazırda cavabdehin kredit üzrə olan əsas borcu 99.486 manat, kredit müqaviləsi üzrə xx xxxxxx 2018-ci il tarixə hesablanmış 42.365 manat faiz borcu, cəmi 141.851 manat təşkil edir. Cavabdehə borcun ödənilməsi ilə bağlı dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq onun tərəfindən bu günədək borcun ödənilməsi üçün heç bir tədbir görülməmişdir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş və işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət edir. Sübut qismində istinad olunan xx xxxxxxxx 2009-cu il tarixli 02 saylı kredit müqaviləsinin mötəbərliyi və mümkünlüyü yoxlanılmamışdır. Sözügedən müqavilənin tərəfi kimi o, göstərilsə də, onun tərəfindən belə bir müqavilə bağlanmamış və imzalanmamışdır. Məhkəmə tərəfindən ekspertiza təyin edilərdisə bu müqavilənin saxta olduğu açıq-aşkar aydın olardı. Məhkəmə işə onun iştirakı olmadan baxmışdır. Onun ümumiyyətlə bu müqavilədən məlumatı olmamış və həmin kredit üzrə tərəfindən hər hansı bir ödəniş həyata keçirilməmişdir. Hakim işə formal baxmışdır. Zəngilan Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qətnaməsini ləğv edərək, iddianın təmin olunmaması barədə qətnamə çıxarılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Cavabdeh nümayəndəsi və vəkili Ş.X.Abdalov apellyasiya şikayətini müdafiə etdi, ona oxşar izahat verdi və apellyasiya şikayətinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. İddiaçının nümayəndəsi M.Ə.Süleymanov apellyasiya şikayətinin dəlillərini qəbul etmədi, iddia ərizəsinə uyğun izahat verdi və qətnamənin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası işdə iştirak edən tərəflərin nümayəndələrinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara görə apellyasiya şikayəti təmin edilməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə iddianı təmin edərkən, tərəflər arasında kredit müqaviləsinin olmasına və cavabdeh tərəfindən müqavilənin şərtlərinin pozulmasına istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmamaqla, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına uyğun deyildir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan, məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən, maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarına əlavə edilmiş İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx xxxxxxxx 2009-cu il tarixli 02 saylı kredit müqaviləsinə əsasən illik 7% olmaqla 204.546 manat məbləğində kredit verilmişdir. İşdə olan maliyyə arayışından görünür ki, cavabdehin Banka xx xxxxxx 2018-ci il tarixə əsas borcu 99.486 manat, müqavilənin bitdiyi xx xxxxxx 2009-cu il tarixinə faiz borcu 2665 manat, müqavilənin bitdiyi tarixdən hal-hazıra kimi 5%-lik borcu 55.401 manat, xx xxxxxx 2018-ci il tarixinə faiz borcu isə 42.365 manat təşkil edir. Birinci instansiya məhkəməsi iddianın qismən təmin edilməsinə dair nəticəyə gələrkən maddi hüquq norması kimi Mülki Məcəllənin 442, 443, 448.1, 467 və 739-cu maddələrinə istinad etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci bəndinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Məhkəmə kollegiyası aşağıda göstərilənlərə əsasən birinci instansiya məhkəməsinin həmin mövqeyini qanunvericiliyin tələblərinə uyğun hesab etmir. Kollegiya qeyd edir ki, tərəflər arasında bağlanmış xx xxxxxxxx 2009-cu il tarixli kredit müqaviləsi həm kredit verənin, həm də kredit alanın ümumi niyyətini əks etdirir. Yəni kredit verən 3204.546 manat məbləği kreditin Cavabdeh verilməsi, sonuncu isə həmin məbləği kredit olaraq almaq məqsədində olmasını bəyan etmişlər. Lakin, həmin müqavilə ilə nəzərdə tutulan öhdəlik yaranmamışdır. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 5.1, 5.2-ci bəndlərində nəzərdə tutulmuşdur ki, kredit vəsaiti bu müqavilə qüvvəyə mindiyi tarixdən 20 gündən gec olmayaraq Borc verən tərəfindən Borc alanın ssuda hesabına köçürülür və bu barədə dərhal Borc alana məlumat verilir. Kredit vəsaitindən istifadə müddətinin axımı Borc alanın ssuda hesabına kredit vəsaitinin köçürüldüyü təqvim tarixdən sonrakı gün başlanır. Müqavilədən göründüyü kimi, həmin müqavilə ilə kredit məbləği verilməmiş, kredit verəcək bankın bu öhdəliyi 20 gün müddətində yerinə yetirəcəyi nəzərdə tutulmuşdur. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən borc alana verilən kredit vəsaitindən istifadə müddəti 02 (iki) aydır. Müqavilənin kredit vəsaitindən istifadə müddəti xx xxxxxx 2009-cu il tarixində bitir. Bu müddətin uzadılması barədə tərəflər razılığa gəldikdə, belə razılıq bu müqavilənin 6.6-cı bəndində nəzərdə tutulmuş qaydada rəsmiləşdirilir və Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq həyata keçirilir. Müqavilənin 6.7-ci bəndinə əsasən Borc alan tərəfindən kreditin qaytarılması bərabər hissələrlə aylıq ödəmələrin həyata keçirilməsi yolu ilə aparılır. Lakin, iş materialları ilə müəyyən olunur ki, kreditor tərəfindən Borc alanın kreditin qaytarılmasının bərabər hissələrlə aylıq ödəmələri həyata keçirmək üçün ödəniş cədvəli tərtib olunmamış və müqavilənin tərkib hissəsi sayılmaqla, müqaviləyə tikilməmişdir. Müqavilənin 4.1-ci bəndinə əsasən kredit təyinatı üzrə istifadə edilmədikdə, Borc verən tərəfindən borc öhdəliyinin icra edilməsinin vaxtından əvvəl tələb edilməsi mümkündür. Lakin, müqavilə üzrə kredit təyinatının nədən ibarət olması müəyyən deyildir. Kredit müqaviləsin 6.6, 6.7 və s. bəndlərində qeyd olunur ki, Borc verənə hüquq verilir ki, Borc alanın sərəncamı olmadan ona yazılı bildiriş göndərilməklə, gecikdirilmiş borcun məbləğini Borc alanın hesablaşma hesablarından akseptsiz qaydada silsin. Borc verən Borc alanın ssuda hesabına kredit vəsaitinin köçürülməsi barədə dərhal Borc alana məlumat verməyi öhdəsinə götürür. Belə bildirişlər poçt vasitəsilə rəsmi olaraq göndərilir. 6.7-ci bənddə isə nəzərdə tutulmuşdur ki, tərəflərin bütün xəbərdarlıqları yazılı formada olmalıdır. İş materialları ilə müəyyən olur ki, Bank tərəfindən borcun qaytarılması barədə cavabdehə xx xxxxxx 2009-cu il tarixə kimi heç bir müraciətlər və xəbərdarlıqlar olmamışdır. Birinci müraciət xx xxxx 2017-ci il tarixdə olmuşdur. Azərbaycan Respublikası Mərkəzi Bankının “Banklarda kreditlərin verilməsi qaydaları”nın tələblərinə əsasən təminatsız kreditlər borcalanın uzun müddətli maliyyə hesabatları və kredit tarixləri əldə edilməklə verilməlidir. Fiziki şəxslər üçün tələb olunan maliyyə hesabatları qismində əmək haqqı və ya fiziki şəxsin rəsmi qaydada təsdiq edilmiş digər mənbələrdən aldığı gəlirlər barədə arayış çıxış edir. İş materialları ilə müəyyən edilir ki, Cavabdeh Zəngilan rayonunun H.Hacıyev küçəsi ev 19-da qeydiyyatda olaraq, heç bir yerdə işləmir. X3 Kreditlərin İdarə edilməsi departamentinin məhkəmələrlə iş şöbəsinin müdiri F.Əliyev tərəfindən məhkəməyə ünvanlanmış xx xxx 2020-ci il tarixli məktubdan müəyyən olunur ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx xxxxxxxx 2009-cu il tarixli 02 nömrəli Kredit müqaviləsinə dair kassa məxaric qəbzinin əslinin göndərilməsi mümkün deyildir. Belə ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx xxxxxxxx 2009-cu il tarixli 02 nömrəli Kredit müqaviləsinə dair kassa məxaric qəbzini Azərbaycan Respublikası Mərkəzi bankının 2013-cü il 30 iyul 16/3 nömrəli qərarı ilə təstiq edilmiş «Azərbaycan Respublikası Bank sistemində arxiv işinin aparılması haqqında Təlimata» əsasən İddiaçı ASC-də saxlanma vaxtı keçmiş və əməl əhəmiyyətinin itirmiş sənədləri məhv edilmək üçün xx xxxxx 2015-ci il tarixli saxlanmalı olmayan sənədlərin məhv edilmək üçün ayrılması haqqında Aktla Azərbaycan Respublikası Milli Arxiv İdarəsinə təhvil verilmişdir. xx xxxxx 2019-cu il tarixli həmin aktdan görünür ki, həmin sənədlər heç bir şəxs tərəfindən qəbul edilməmişdir. Həmçinin, iş materiallarında olan xx.xx.2015-ci il tarixli aktla müəyyən olur ki, bank sisteminin fəaliyyəti nəticəsində sənədlərin saxlanma müddəti üzrə 2013-cü ildə nəşr edilmiş Siyahıya əsasən tarixi, praktiki əhəmiyyətini itirmiş və gələcəkdə lazım olmayan 2004-cü ilə aid sənədlərin və işlərin məhvə ayrılmış aktına əsasən X9 tərəfindən müzakirə edilməklə məhv edilmişdir. «Banklar haqqında» Qanunun 39.1-ci maddəsinə görə banklar bank əməliyyatları haqqında bağlanmış müqavilələr və icra edilmiş müqavilələr (əqdlər) üzrə müvafiq sənədləri, o cümlədən elektron daşıyıcılarda olan informasiyanı, habelə fəaliyyətləri nəticəsində yaranan digər sənədləri qanunvericiliklə müəyyən edilmiş qaydada və müddət ərzində saxlamalıdırlar. Həmin Qanunun 39.2-ci maddəsinə əsasən müştərini eyniləşdirməyə, habelə müştərilərin hesablaşma və köçürmə əməliyyatlarını təsdiq etməyə imkan verən sənədlər müştəri ilə qarşılıqlı münasibətlərə xitam verildikdən və ödənişlər (köçürmələr) başa çatdıqdan sonra azı 5 il müddətində bankda saxlanılmalıdır. Eyni zamanda Azərbaycan Respublikası Mərkəzi X10 tərəfindən xx xxxx 2013-cü il tarixli, 16/3 saylı qərarla təsdiq edilmiş “Azərbaycan Respublikasının bank sistemində arxiv işinin aparılması haqqında Təlimat"ın İİ fəslinin 55-ci bəndinə görə “Kredit dosyesinə aid sənədlər: kredit və təminat müqavilələri, qarantiyalar, borcalanın ödəmə və maliyyə vəziyyəti barədə məlumat təminatın qiymətləndirilməsinə dair sənədlər, kreditin istifadəsinə nəzarətin nəticələri, kreditin ödənilməsi barədə bank sənədləri və kredit dosyesinə aid digər sənədlər - kredit ödənildikdən və ya balansdan silindikdən sonra 5 il müddətində saxlanılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 954-970-ci maddələrinə əsasən, bank hesabı müqaviləsinin forması, bunun üçün məcburi olan hesab müqaviləsinin bağlanması, hesabda olan pul vəsaitinə dair sərəncam vermə hüququnun təsdiqi, bankın apardığı hesab əməliyyatları, hesab əməliyyatlarının müddətləri və digər maddələr də mövcuddur.Həmin Məcəllənin 957.4-cü maddəsinə əsasən bank hesab sahibinin həqiqi iradəsini ifadə etməyən sərəncam əsasında pul vəsaitini onun hesabından silərsə, bunun üçün məsuliyyət daşıyır. Bu səbəbdən də iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxxx 2020-ci il tarixli, 4/597 saylı məhkəmə xətşünaslıq ekspertizasının rəyi ilə müəyyən edilir ki, ekspertizaya təqdim edilmiş mülki işin 5-6-cı vərəqəsində İddiaçı ASC ilə Cavabdeh adından olan xx xxxxxxxx 2009-cu il tarixli 02 nömrəli kredit müqaviləsinin sonunda «Borcalan» qrafasındakı imzanın Cavabdeh tərəfindən və ya başqa şəxs tərəfindən icra olunub-olunmamasını tədqiqat prosesinin təsviri hissəsində göstərilən səbəblərə görə müəyyən etmək mümkün olmamışdır. Kredit müqaviləsi bağlanan zaman cavabdeh tərəfindən heç bir girov və ipoteka təminatı qoyulmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, 204.546 manat məbləğində kreditin əmək haqqı olmayan şəxsə girovsuz, biznes-plansız, təyinatsız, zaminsiz, sığortasız və sairə vacib sənədləşdirmələr aparılmadan cavabdehə verilməsi inandırıcı deyildir. İş materiallarından göründüyü kimi, cavabdeh kredit məbləğini almamasını, eləcə də banka ödənişlər etməməsini bildirmiş, iddiaçı bank isə pulun cavabdehə ödənilməsinə dair məxaric sənədlərinin məhv edilməsini göstərmiş, eləcə də banka ödənilmiş məbləğin pulun cavabdeh tərəfindən ödənilməsini təsdiq edəcək heç bir sübutu məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinə əsasən hamı qanun və məhkəmə qarşısında bərabərdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən hər kəsin qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. İş materiallarının 49-cu səhifəsində olan iddiaçı tərəfindən təqdim olunan hesabdan çıxarışla müəyyən olunur ki, sonuncu ödəniş xx xxxxxxx 2012-ci il tarixə təsadüf edir. Belə olan halda öhdəliyin icrası barədə tələb etmənin son müddəti müqavilə əsasında xx xxxxxx 2012-ci il sonuncu ödənişlə üzrə hesabladıqda isə xx xxxxxxx 2015-ci il tarixdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372-ci maddəsinə görə başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Mülki Məcəllənin 373-cü maddəsinə əsasən ümumi iddia müddəti on il təşkil edir. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalar ilə bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Mülki Məcəllənin 375-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair» xx xxxxxx 2001-ci il tarixli qərarında qeyd etmişdir ki, iddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, mülki hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, tərəflərlərin üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsinin Plenumunun H.Həşimovun və qeyrilərinin şikayəti ilə əlaqədar olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx xxxx 2004-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxx 2005-ci il tarixli qərarına əsasən mülki hüquqda iddia müddətləri institutu mülki dövriyyə iştirakçılarını intizamlandırmaq, onlara məxsus olan hüquqların həyata keçirilməsi və vəzifələrin yerinə yetirilməsi üçün onların fəallığını təşviq etmək məqsədinə yönəlmişdir. İddia müddətləri əhəmiyyətli dərəcədə mülki hüquq münasibətləri iştirakçılarının vəzifələrinin yerinə yetirilməsi üzərində ciddi qarşılıqlı nəzarətə əməl edilməsi zərurəti yaradır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxx 2013-cü il tarixli qərarına əsasən kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 377-ci maddəsinin tələbinə görə iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx xxxxxx 2005-ci il tarixli 4 saylı qərarının 10-cu bəndinə əsasən qətnamədə alınması və yaxud ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə, alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, iş üzrə ekspertiza xərci iddiaçıdan tutulmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 500 manatdan çox olan iddialar üzrə iddia ərizəsi verilərkən 30 manat məbləğində dövlət rüsumu tutulur. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə kollegiyası tərəfin apellyasiya şikayətində göstərilən digər dəlilləri də araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olmadığından və işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olduğundan, iş üzrə məhkəmə qətnaməsi ləğv olunmalı, apellyasiya şikayəti isə təmin edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392, 393 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh apellyasiya şikayəti təmin edilsin. Zəngilan Rayon Məhkəməsinin bu iş üzrə xx xxxxxxx 2019-cu il tarixli 2(034)- 91/2019 saylı qətnaməsi ləğv edilsin. İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi X2 Cavabdeh qarşı kredit və ona hesablanmış faizlərin qaytarılması tələbinə dair iddiası təmin edilməsin. İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi X4 tərəfindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri 112 (yüz on iki) manat iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi X1 alınıb AZ.MEM, VÖİN **********, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005 VÖEN ********** müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22 saylı hesaba keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülnarə Tağızadə Hakimlər Lətifə Məmmədova Telman Quliyev
Məhkəmə qərarları › İş №2(105)-740/2020
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-740/2020
26.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver