Məhkəmə qərarları › İş №2(106)-846/2024

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-846/2024

24.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-846/2024 24.04.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X3 Fehruz oğlunun sədrliyi və məruzəsi ilə, X5 və X1 ibarət tərkibdə, İddiaçı ləğv prosesində olan "xxxx" X2 Səhmdar Cəmiyyətinin (KB QSC-nin) Cavabdeh qarşı kredit müqaviləsi üzrə borc qaytarılması tələbinə dair mülk iş üzrə Şirvan Şəhər Məhkəməsinin 14 mart 2024-cü il tarixli, e-2(032)-636/2024 saylı (hakim Ceyhun Mustafayev) qərardadından iddiaçı ləğv prosesində olan "xxxx" KB QSC-nin şikayətinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyənetdi: İddiaçı "xxxx" Kommersiya Bankı QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" Kommersiya Bankı QSC ilə Cavabdeh arasında bağlanmış 30 mart 2015-ci il tarixli 1xx/xx/99780/15 saylı kredit müqaviləsi üzrə cavabdehdən 952,21 (doqquz yüz əlli iki manat, 21 qəpik) manat məbləğində əsas borc, 608,81 (altı yüz səkkiz manat, 81 qəpik) manat məbləğində faiz borcu, 1116,59 (bir min yüz on altı manat, 59 qəpik) manat məbləğində cərimə borcu, 286,78 (iki yüz səksən altı manat, 78 qəpik) manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanmış faiz məbləği ümumilikdə isə 2964,39 (iki min doqquz yüz altmış dörd manat, 39 qəpik) manat məbləğində pulun və 49,65 (qırx doqquz manat, 65 qəpik) manat dövlət rüsümunun ləğv prosesində olan "xxxx" Kommersiya Bankı QSCnin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Şirvan Şəhər Məhkəməsinin 14 mart 2024-cü il tarixli, e-2(032)-636/2024 saylı qərardadı ilə iddia ərizəsi pretenziyanın borcluya çatdırılması barədə sənəd əlavə edilmədiyindən geri qaytarılmışdır. Qərardaddan iddiaçı tərəf şikayət vermiş, şikayətində birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini, iddia ərizəsinin icraata qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Mülki Məcəllənin 447.2.2-ci maddəsinə əsasən, öhdəlik müqavilədə təyin edilmiş müddətdə icra edilmədikdə və müqaviləyə görə kreditor münasibətlərin davam etdirilməsini öhdəliyin vaxtında icrası ilə bağladıqda əlavə müddət təyin edilməsi və ya xəbərdarlıq edilməsi zərurəti yoxdur. Bildirirlər ki, Cavabdeh ilə bağlanmış 1xx/xx/99780/15 saylı kredit müqaviləsində öhdəliyin icrası müddəti 30 mart 2017-ci il tarixində başa çatdığından tərəfə xəbərdarlıq edilməsi (pretenziya) zərurəti yoxdur. Buna görə də, Şirvan Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(032)- 636/2024 saylı qərardadı mülki hüquq normasının pozulması ilə tətbiq edildiyindən həmin qərardad əsassızdır. Şirvan Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(032)-636/2024 saylı qərardadı onunla əsaslaslandırılmışdır ki, müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd əlavə edilsə də, həmin pretenziyanın borcluya çatdırılmasına dair sənəd əlavə edilmədikdə ərizə və ona əlavə olunmuş sənədlər geri qaytarılır. Mülki Prosessual Məcəlləsinin 152.1.6-cı maddəsinə əsasən, müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan ResublikasıMülki Prosessual Məcəlləsinin 150-ci maddəsində iddia ərizəsinə əlavə edilən sənədlər qeyd edilmişdir. Həmin məcəllənin 150.1.6-cı maddəsində “müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd (kommersiya mübahisələri üzrə həmin sənədlər bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq verilir) iddia ərizəsinə əlavə edilməsi qanunda nəzərdə tutulmuşdur. Belə ki, yalnız kommersiya mübahisələri üzrə olan işlərdə cavabdehə pretenziyanın borcluya çatdırılmasına dair sənədin iddia ərizəsinə əlavə edilməsi nəzərdə tutulur. Qanunda pretenziyanın borcluya çatdırılmasına dair hər hansı bir sənədin tələb edilməsi nəzərdə tutulmamışdır. Həmçinin cavabdehlə Bank arasında bağlanmış kredit müqaviləsində öhdəliyin icrası müddəti başa çatmışdır. Belə olan halda, Mülki qanunvericiliyin normalarına müvafiq olaraq cavabdehə xəbərdarlıq edilməsi zəruri deyildir. Buna görə də, Mülki Prosessual Məcəllənin 152.1.6-cı maddəsinin hazırkı mübahisəyə tədbiq edilməsi məqsədəmüvafiq deyildir və Şirvan Şəhər Məhkəməsi Mülki prosessual normaları düzgün tədbiq etməmişdir. Buna görə də, qərardad ləğv edilməli və iddia ərizəsi icraata qəbul edilməlidir. Şikayətə baxılmış, Şirvan Şəhər Məhkəməsinin 29 mart 2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və şikayət işlə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini dinləyib, iş materiallarını araşdırıb, şikayətin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, iddiaçı ləğv prosesində olan "xxxx" KB QSC-nin şikayəti qismən təmin edilməli və iddia ərizəsinin icraata götürülməsi məsələsinə yenidən baxılması üçün mülki iş Şirvan Şəhər Məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikasının MPM-in 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Həmin Məcəllənin 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin birinci instansiya məhkəməsinin qərardadını tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən aslı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İşin hallarından müəyyən edilir ki, iddiaçı kredit müqaviləsi üzrə borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, birinci instansiya məhkəməsi iddia ərizəsini pretenziyanın cavabdeh tərəfə təqdim edilməsi barədə sənədin iddia ərizəsinə əlavə edilməməsi əsası ilə geri qaytarmışdır. Hazırda iddiaçı tərəf qərardaddan şikayət vermişdir. Şikayətinin əsas dəlilləri ondan ibarət olmuşdur ki, kredit müqaviləsinin müddəti başa çatdığı üçün iddiaçının cavabdehi xəbərdar etməsi vacib deyildir. Eyni zamanda mülki işlər üzrə pretenziyanın borcluya çatmasını təsdiq edən sənədin iddia ərizəsinə əlavə edilməsi mülki prosessual qanunvericilikdə nəzərdə tutulmamışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini qəbul edərək, birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsi iddia ərizəsini geri qaytararkən doğru qənaətə gəlməmişdir. Məhkəmə Kollegiyası bununla bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 150.1.6-cı maddəsinə əsasən iddia ərizəsinə müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd (kommersiya mübahisələri üzrə həmin sənədlər bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq verilir); Həmin Məcəllənin 152.1.6-cı maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 447.1-ci maddəsinə əsasən əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər. Həmin Məcəllənin 447.2-ci maddəsinə əsasən aşağıdakı hallarda əlavə müddət təyin edilməsi və ya xəbərdarlıq edilməsi zərurəti yoxdur: 447.2.1. bunun heç bir nəticə verməyəcəyi aydın olduqda; 447.2.2. öhdəlik müqavilədə təyin edilmiş müddətdə icra edilmədikdə və müqaviləyə görə kreditor münasibətlərin davam etdirilməsini öhdəliyin vaxtında icrası ilə bağladıqda; 447.2.3. xüsusi əsaslara görə və qarşılıqlı mənafelər nəzərə alınmaqla müqavilənin dərhal ləğv edilməsinə haqq qazandırıldıqda. İşin hallarından müəyyən edilir ki, "xxxx" Kommersiya Bankı QSC ilə Cavabdeh arasında 30 mart 2015-ci il tarixdə 1xx/xx/99780/15 saylı 24 ay müddətinə ödənilməsi şərtilə kredit müqaviləsi bağlanmış bağlanmış, kreditin son icra müddəti 30 mart 2017-ci il müəyyən edilmişdir. Göründüyü kimi, hazırda öhdəliyin icra müddəti başa çatdığı üçün, kreditorun borcluya xərəbdarlıq etməsi qanunvericilikdə imperativ (məcburi) norma kimi nəzərdə tutulmamışdır. Birinci instansiya məhkəməsi qeyd edilən halları nəzərə almamış, qanunvericiliyin tələblərini pozara iddia ərizəsini geri qaytarmışdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və hazırkı qərardadda qeyd edilən hallara əsasən iddia ərizəsinin icraata götürülməsi məsələsinə yenidən baxılması üçün mülki iş Şirvan Şəhər Məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.2-ci maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. Göründüyü kimi hazırkı qərardadlardan kassasiya şikayətinin verilməsi prosessual qanunvericilikdə nəzərdə tutulmamışdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.2, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı ləğv prosesində olan "xxxx" KB QSC-nin şikayəti qismən təmin edilsin. Şirvan Şəhər Məhkəməsinin 14 mart 2024-cü il tarixli, e-2(032)-636/2024 saylı qərardadı ləğv edilsin və iddia ərizəsinin icraata götürülməsi məsələsinə yenidən baxılması üçün mülki iş Şirvan Şəhər Məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar