Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-969/2023 04.07.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X3 Əsədov (sədrlik edən və məruzəçi), Samir İlham oğlu Mayılov və Zaur Mirzağa oğlu Allahyarovdan ibarət tərkibdə, katib X2, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə və cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Astara Rayon Məhkəməsinin 16 mart 2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı Cavabdeh qarşı maneənin aradan qaldırılması, ölçmə işlərinin aparılması üzrə reyestr xidmətinin mütəxəssisinin torpaq sahəsinə giriş-çıxışına maneə törədilməməsi, faktiki yerində müayinə keçirilməsi üçün şəraitin yaradılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı qız Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən ünvan 1 ünvanında yerləşən torpaq sahəsinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 10 saylı Lənkəran Ərazi İdarəsində İddiaçı adına rəsmiləşdirilməsinə maneəçilik törədilməməsinə, ölçmə işlərinin aparılması üzrə reyestr xidmətinin mütəxəssislərinin torpaq sahəsinə giriş-çıxışına maneə törədilməməsinə, faktiki yerində müayinənin keçirilməsi üçün şəraitin yaradılması öhdəliyinin qoyulmasına və 101 manat 40 qəpik dövlət rüsumunun ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 03 aprel 1991-ci il tarixdə ölmüş X1 miras qalmış 60,2 kvadratmetr yaşayış və qeyri-yaşayış sahəsindən ibarət olan 2 otaqlı yaşayış evi Astara Rayon Məhkəməsinin 02 iyun 1992-ci il tarixli qətnaməsinə əsasən üçdə iki hissədə İddiaçı qıznın, üçdə bir hissədə X4 mülikyyətinə keçmişdir. Həmin qətnamə əsasında qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə də verilmişdir. İddiaçı həmin fərdi yaşayış evinin yerləşdiyi 600 kvadrat torpaq sahəsində də pay almaq hüququna malikdir. İddiaçı mülkiyyət hüququnu rəsmiləşdirmək üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 10 saylı Lənkəran Ərazi İdarəsinə müraciət etmiş, ancaq qeyd edilən idarənin 14 oktyabr 2022-ci il tarixli məktubuna əsasən mülkiyyət hüququnun qeydə alınmasından imtina edilmişdir. Qanunvericiliyin tələblərinə uyğun olaraq torpaq sahəsinin yerində müayinə edilməsi, koordinat nöqtələrinin müəyyən edilməsi, həmin torpaq sahəsinin texniki pasportunun tərtib edilməsi tələb olunur. Cavabdeh isə həmin hərəkətlərin aparılmasına maneəçilik törədir. Birinci instansiya məhkəməsində Cavabdeh iddianı qəbul etməmiş, izahatında bildirmişdir ki, torpaq sahəsinin yerində müayinə edilməsi, koordinat nöqtələrinin müəyyən edilməsi, həmin torpaq sahəsinin texniki pasportunun tərtib edilməsi üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsinin əməkdaşlarına maneəçilik törətməmişdir. Astara Rayon Məhkəməsinin (hakim M.Məmmədov) 16 mart 2023-cü il tarixli qətnaməsi ilə İddiaçı iddiası təmin edilməmişdir. Qətnamədən İddiaçı apellyasiya şikayəti vermişdir. Apellyasiyaşikayətinindəlilləri İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətində, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi xahiş edilmişdir. İddiaçının apellyasiya şikayətinə görə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, iddiaçının iddia verməyə subyektiv hüququ vardır. Cavabdeh əsassız olaraq iddiaçının mübahisəli torpaq sahəsinə mülkiyyət hüquqlarını dövlət qeydiyyatına almasına maneələr yaradır. İzahatlar Apellyasiya baxışında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin dəlillərinə qarşı etirazlarını bildirərək, apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Əsaslandırma Azərbaycan Respublikasının MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 01 oktyabr 1992-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, 03 aprel 1991-ci il tarixdə ölmüş X1 miras qalmış, Astara şəhəri Fioletov küçəsi 600 kvadrat torpaq sahəsində yerləşən, ümumi sahəsi 60,2 kvadrat metr, yaşayış sahəsi 35 kvadrat metr olan fərdi yaşayış evindən üçdə iki hissədə İddiaçı, üçdə bir hissədə X4 irs almaq hüquqları vardır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət kadastrı və Reyestri publik hüquqi şəxsin 10 saylı Lənkəran Ərazi İdarəsinin İddiaçı vəkili və nümayəndəsi Nümayəndə ünvanladığı 14 oktyabr 2022-ci il tarixli məktubundan məlum olur ki, torpaq sahəsinin yerində müayinə edilməsi, koordinat nöqtələrinin müəyyən edilməsi, həmin torpaq sahəsinin texniki pasportunun tərtib edilməsi tələb olunur. Odur ki, qanunvericiliyin tələblərinə uyğun olaraq qeyd edilən torpaq sahəsinə və fərdi yaşayış evinin iştirakının ilə yerində müayinə edilməsinə tərəfinizdən şərait yaradılmalıdır. Qeyd edilən işlərin aparılmasına tərəfinizdən şərait yaradılmadığından hazırkı ərizənizin icrası təmin edilməmişdir. İddiaçı öz mülkiyyət hüquqlarının qeydiyyata alınması üçün ölçmə işlərinin aparılmasına maneələrin aradan qaldırılmasını və şərait yaradılmasını cavabdehdən tələb edir. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsininə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. İddiaçı mülkiyyətə edilən maneələrlə bağlı Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.4-cü maddəsi əsasında iddia vermişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Cavabdeh tərəf etirazında heç bir maneçilik yaratmadığını bildirmişdir. Azərbaycan Respublikasının MPM-nin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələbinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kollegiya hesab edir ki, iddiaçı öz tələbini əsaslandıra və sübuta yetirə bilmişdir. İddiaçının mərhum anasından miras yaşayış sahəsini vərəsə kimi qəbul etməsi iş materialları ilə təsdiqini tapmışdır. Bu baxımdan hazırkı tələblə müraciət edilməsində iddiaçının subyektiv hüququ vardır. Bundan başqa, ölçü işlərinin aparılması miras əmlaka hüquqların müəyyən edilməsi, yaxud kiminsə miras əmlakdakı paydan məhrum edilməsi kimi qiymətləndirilməməlidir və bu işlərin həyata keçirilməsi cavabdehin də hüquqlarının həyata keçirilməsinə maneə deyildir. Beləliklə, cavabdeh tərəf öz etirazını əsaslandıra və sübuta yetirə bilməmişdir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə əsassız nəticəyə gəlmişdir. Ona görə də qətnamə ləğv edilməlidir. Məhkəmə kollegiyası yekun olaraq belə nəticəyə gəlir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia təmin edilməlidir. Apellyasiya şikayəti və iddia tələbi təmin edildiyindən iddianın və apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumuna görə 150 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 372, 382, 384.0.2, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qətetdi: İddiaçı apellyasiya şikayəti təmin edilsin. Astara Rayon Məhkəməsinin 16 mart 2023-cü il tarixli, 2(018)-74/2023 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılsın. İddia təmin edilsin. Cavabdeh tərəfindən ünvan 2 ünvanında yerləşən torpaq sahəsinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 10 saylı Lənkəran Ərazi İdarəsində İddiaçı adına rəsmiləşdirilməsinə, ölçmə işlərinin aparılması üzrə reyestr xidmətinin mütəxəssislərinin torpaq sahəsinə giriş-çıxışına, faktiki yerində müayinənin keçirilməsinə törədilən maneələr aradan qaldırılsın. İddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi ilə əlaqədar dövlət rüsumlarının əvəzi- 150 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq, İddiaçı ödənilsin. Qətnamədən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti vermək olar. Sədrlik edən İlham Əsədov Hakimlər Samir Mayılov Zaur Allahyarov
Məhkəmə qərarları › İş №2(106)-969/2023
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-969/2023
04.07.2023 · Sair mülki iş - Maneənin aradan qaldırılması - Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver