Məhkəmə qərarları › İş №2(107)-2257/2020

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-2257/2020

10.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-2257/2020 10.11.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu, Hakimlər – Hüseynov Mirbahəddin Mirdamət oğlu və Abbasov Gündüz Qasım oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi - Əhmədli Mətin Əsgər oğlunun katibliyi ilə İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(037)-264/2020 saylı qərardadından iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş şikаyətə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçı ləğv prosesində olan "İddiaçı" ASC iddia ərizəsi ilə müraciət edərək cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 1790,39 ABŞ dolları əsas, 1184,89 ABŞ dolları faiz, 1488,96 ABŞ dolları cərimə, 256,50 ABŞ dolları gecikdirilmiş vaxt üçün hesablanan illik 5% borc – cəmi 4720,74 ABŞ dolları borc məbləğinin və 30 manat ödənilmiş dövlət rüsumunun tutularaq ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tаrixli, 2(037)-264/2020 saylı qərardadı ilə (hakim Rəfayel Şirinov) iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit borcunun ödənilməsi tələbinə dair iddia ərizəsinin baxılmamış saxlanılması qərara alınmışdır. İddiaçı ləğv prosesində olan İddiaçı ASC İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(037)-264/2020 saylı qərardadından şikayət vermişdir. Şikayətin dəlilləri İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tаrixli, 2(037)-264/2020 saylı qərardadı ilə iddiaçı ləğv prosesində olan İddiaçı ASC tərəfindən verilmiş şikayət təmin edilməmiş və şikayət baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçı məhkəmə kollegiyasının iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən, Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, iş üzrə İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tаrixli, 2(037)- 264/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh1 izahat verərək göstərdi ki, xx xxxxxxx 2015-ci il tarixli 31-USD nömrəli kredit müqaviləsinə əsasən İddiaçı ASC tərəfindən ona 18 ay müddətinə illik 27 % dərəcəsi ilə 3000 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı kimi İddiaçı ASC ilə cavabdehlər Cavabdeh2 və Cavabdeh3 arasında zaminlik müqaviləsi bağlanmışdır. Bir müddət müqavilə şətlərinə uyğun ödənişlər etmişdir. Bank bağlanmış və kredit borcunu hara ödəyəcəyini öyrənə bilməmişdir. Prezidentin məlum Fərmanından sonra yeni kredit müqaviləsi bağlanılması barədə ona heç bir məlumat verilməmişdir. Bir müddət əvvəl yeni kredit müqaviləsi bağlamaq üçün banka ərizə ilə müraciət etmiş və ərizəsi qeydiyyata alınmışdır. Nəticəsi barədə ona məlumat verilməmişdir. İddiaçı tərəfindən lazımı qaydada ona məlumat verilsəydi göstərilən sərfəli şərtlərlə yeni müqavilə bağlayardı. İddiaçının hazırkı tələblə ona qarşı iddia qaldırmasını əsassız hesab edərək iddia tələbinin baxılmamasını xahiş edir. Birinci instansiya məhkəməsində işə iddiaçının nümayəndəsi və digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 iştirakı olmadan baxılmışdır. İş materiallarına əlavə edilmiş xx xxxx 2020-ci il tarixli ərizənin surətindən görünür ki, Cavabdeh1 3043,67 manat kredit borcunun 60 ay müddətinə restruktirizasiya olunması və hesablanmış faiz və cərimələrin silinməsinə dair ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna müraciət etmiş, ərizə xx xxxx 2020-ci il tarixdə LPO İddiaçı ASC-nin “İsmayıllı” filialının müdiri Elxan Abbasov tərəfindən qəbul olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli, Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Fərmanı qəbul edilmiş və həmin tarixdən qanuni qüvvəyə minmişdir. Həmin fərmanla təsdiq olunmuşdur ki, qlobal iqtisadi və maliyyə böhranının ölkə iqtisadiyyatına təsirləri əhalinin müəyyən qrupunun ödəmə qabiliyyətinin zəifləməsinə, bunun da nəticəsində, kredit təşkilatlarından xarici valyutada borc almış vətəndaşların bank sistemi qarşısında vaxtı keçmiş kreditlər üzrə öhdəliklərinin artmasına və bu öhdəliklərin yerinə yetirilməsi ilə bağlı məsələlərə məhkəmə müstəvisində baxılma hallarının çoxalmasına rəvac vermişdir. Yuxarıda qeyd olunan hallar nəzərə alınaraq baş vermiş devalvasiya nəticəsində fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyi göstərilməsi qərara alınmışdır. Fərmanın 5-ci bəndinə əsasən fiziki şəxslərin xarici valyutada əsas məbləği 10000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17 000 (on yeddi min) manatadək olan kreditlər üzrə vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə, Azərbaycan Respublikası Maliyyə X1 müraciəti əsasında, banklara 682 000 000,0 (altı yüz səksən iki milyon) manat məbləğinədək dövlət zəmanəti ilə təmin edilmiş güzəştli kredit verilməsi, eləcə də, bu Fərmanın 5.1-ci bəndində nəzərdə tutulan tədbirlər nəticəsində bankların valyuta mövqeyinin pisləşməsinin qarşısını almaq məqsədilə ayrılmış kreditin hesabına banklara, onların müraciəti əsasında 215 000 000,0 (iki yüz on beş milyon) ABŞ dolları dəyərinədək xarici valyutada ifadə olunmuş, illik faiz dərəcəsi 0,5 faiz olmaqla qiymətli kağızların verilməsi qərara alınmışdır. Fərmanın təsir dairəsinə (8.6. bəndi) fiziki şəxslərlə 2012-ci il yanvarın 1-dən bu Fərman qüvvəyə mindiyi günədək bağlanmış kredit müqavilələri üzrə əsas məbləğin və (və ya) faiz borclarının ödənilməsi 360 gündən çox gecikdirilmiş borclar daxil edilmişdir. Hazırkı mülki iş üzrə kredit müqaviləsi həm bağlanma tarixi, həm tələb olunan əsas məbləğə və həm də digər əsaslara görə fərmanın təsiri altına düşür. Qeyd olunan fərmanın 1-ci bəndinə əsasən fiziki şəxslərin banklara 10 000 (on min) ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi qiymətləndirilməklə, bu Fərman qüvvəyə mindiyi günə Azərbaycan Respublikası Mərkəzi Bankının elan etdiyi məzənnəyə uyğun olaraq, dövlət büdcəsinin vəsaiti hesabına manatla ödənilməli, habelə həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlər müəyyən edilərək Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla on beş gün müddətində təsdiq edilməlidir. Eyni zamanda, banklara tövsiyə olunmuşdur ki, fiziki şəxslərin xarici valyutada əsas məbləği 10 000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17 000 (on yeddi min) manatadək olan kreditləri üzrə vaxtı keçmiş və bu Fərmana əsasən hər bir bank üzrə restrukturizasiya olunmalı kredit borclarının məbləğini və borcluların siyahısını müəyyən edərək vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etsinlər. Göründüyü kimi, Fərmanın təsir dairəsinə düşən kredit müqavilələri üzrə artıq ödənilmiş vəsaitlərin qaytarılması, hesablanmış faiz və dəbbə pulunun azaldılması, vəsaitin restrukturizasiya olunması, yeni güzəştli şərtlərlə kredit müqavilələrinin bağlanmasının təklif edilməsi və digər güzəştlər edilməsi nəzərdə tutulmuşdur. Həmin güzəştlərin bankların vəsaiti deyil, dövlətin dəstəyi ilə həyata keçirilməsi nəzərdə tutulmuşdur. Hazırkı iş üzrə mübahisələndirilən borc məbləğinə Fərmanda nəzərdə tutulan güzəştlərin tətbiq olunacağı təqdirdə borcun məbləğinin dəyişməsi (azalması) istisnasızdır ki, bu da həmin iş üzrə qəbul edilmiş məhkəmə qətnaməsinin dəyişdirilməsi və yaxud ləğv edilməsi üçün əsasdır. Məhz bu məntiqdən çıxış edərək Fərmanın 6.2. bəndində qeyd edilmişdir ki, fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq, banklar bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər görsünlər. Fərmanın 8.10. bəndində deyilir ki, məhkəmədə olan işlərin geri çağırılması dedikdə vaxtı keçmiş kredit borcları ilə bağlı məhkəmələrdə olan iddialardan imtina edilməsi və icra sənədi üzrə icraata xitam verilməsi ilə əlaqədar Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun tədbirlər görülməsi nəzərdə tutulur. Digər tərəfdən, “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi qaydası”nın təsdiq edilməsi haqqında Maliyyə X1 xx xxxx 2019-cu il tarixli qərarının 5-ci bəndinə əsasən kredit təşkilatı fiziki şəxsin kompensasiya hesablanan əsas kredit borcları üzrə 2019-cu il martın 1-nə hesablanmış faiz və dəbbə pulunun məbləğini müəyyən edir və bu qaydanın 1 nömrəli əlavəsində müəyyən edilmiş qaydada bu barədə palataya məlumat verir, kredit təşkilatı fiziki şəxsin xarici valyutada olan əsas kredit borcları üzrə bu Qaydanın 5.1-ci bəndində nəzərdə tutulan faiz və dəbbə puluna dair kredit təşkilatının tələblərindən aşağıdakı həcmdə imtina edilməsi haqqında qərar qəbul edir:fərmana əsasən restrukturizasiya olunacaq vaxtı keçmiş əsas kredit borclarına münasibətdə – hesablanmış faizlər və dəbbə pulları tam şəkildə silinir, əsaskredit borcu kompensasiya hesabına ödənilən, lakin fərmana əsasən restrukturizasiya olunmalı kredit borclarının əhatə dairəsinə düşməyən fiziki şəxslərin kredit təşkilatının balansında olan əsas kredit borclarına münasibətdə – faiz borcları kompensasiyanın əsas kredit borcu nisbətinə müvafiq olaraq, dəbbə pulları isə tam məbləğdə silinir,əsas kredit borcu kompensasiya hesabına ödənilən, lakin fərmana əsasən restrukturizasiya olunmalı kredit borclarının əhatə dairəsinə düşməyən fiziki şəxslərin kredit təşkilatının balansdankənar hesablarında olan əsas kredit borclarına münasibətdə – faiz və dəbbə pulları kompensasiya əsas kredit borcunun qalığının 30 faizindən çox olduqda –tam şəkildə, kompensasiya əsas kredit borcunun qalığının 30 faizindən az olduqda –kompensasiyanın əsas kredit borcuna nisbətindən az olmamaqla silinir, kredit təşkilatları bu qaydanın 5.2-ci bəndində nəzərdə tutulmuş güzəştlərlə bağlı borcalanları məlumatlandırır (yazılı və ya elektron formada (elektron poçt, sms) bildiriş göndərməklə) və hər ay üzrə həmin güzəştlər tətbiq edilən şəxslərin siyahısını bu qaydanın 2 nömrəli əlavəsində müəyyən olunmuş qaydada palataya təqdim edir, ləğvetmə prosesində olan kredit təşkilatlarında fiziki şəxslərin vaxtı keçmiş əsas kredit borclarının restrukturizasiyası (kreditin ödəmə müddətinin uzadılması, faizlərin azaldılması və ya ləğv edilməsi, ümidsiz borcların silinməsi və digər tədbirlərin görülməsi) bu qaydanın tələbləri nəzərə alınmaqla ləğvedici funksiyasının həvalə olunduğu şəxslər tərəfindən həyata keçirilir, palata kompensasiya ödənişləri və restrukturizasiya ilə bağlı məlumatların fiziki şəxslər və kredit təşkilatları üçün əlçatalığının təmin olunması və onlar tərəfindən həmin məlumatların onlayn rejimdə əldə edilməsi məqsədilə elektron portal (bundan sonra – portal) yaradır, portalda hər bir fiziki şəxs üzrə ən azı hər bir kredit təşkilatı və ləğvetmə prosesində olan kredit təşkilatındakı kredit borcları üzrə ödəniləcək kompensasiyanın məbləği, dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək kompensasiyanın cəmi məbləği, kompensasiyanın bu qaydanın 4.3.1-ci və 4.3.2-ci yarımbəndlərinə uyğun olaraq, kredit borclarının ödənilməsinə yönəldilən və fiziki şəxsin sərəncamında qalan hissəsinin məbləği, restrukturizasiya olunacaq kreditlər üzrə əsas kredit borcları və həmin kredit borclarının restrukturizasiya olunacağı kredit təşkilatları barədə məlumatlar əks olunur, portalda bu qaydanın 7.2-ci bəndində göstərilən məlumatlar barədə axtarış fiziki şəxsin şəxsiyyətini təsdiq edən sənədin məlumatları əsasında müvafiq autentifikasiyadan keçməklə aparılır,palata tərəfindən vətəndaşların qəbulu üçün ayrıca sahə müəyyən olunur və qaynar xətt yaradılır, habelə həmin şəxslərlə iş üçün müvafiq əməkdaşlar ayrılır. Həmin əməkdaşlar tərəfindən fiziki şəxslərin Fərmandan və bu Qaydadan irəli gələn müraciətləri araşdırılır və bu qaydanın 8.5-ci bəndində müəyyən edilmiş hallarda apellyasiya komissiyasına təqdim edilir, kredit təşkilatlarında (baş ofis, filial və şöbə) vətəndaşların qəbulu üçün ayrıca sahə müəyyən olunur və qaynar xətt yaradılır, habelə həmin şəxslərlə iş üçün müvafiq əməkdaşlar ayrılır, işlərin koordinasiyası məqsədilə kredit təşkilatının İdarə Heyətinin müvafiq üzvü və ya təkbaşına icra orqanının rəhbəri məsul şəxs qismində müəyyən olunur və bu barədə dərhal palataya məlumat verilir,bank olmayan kredit təşkilatlarının və ləğvetmə prosesində olan kredit təşkilatlarının müştərilərinə münasibətdə kompensasiya ödəniləcək fiziki şəxslərin siyahısı (fiziki şəxslər, ödəniləcək kompensasiya və müştərisi olduğu kredit təşkilatının yerləşdiyi ərazi göstərilməklə) Palata tərəfindən poçt rabitəsinin milli operatoruna göndərilir, poçt rabitəsinin milli operatoru bu qaydanın 4.7-ci və 7.6-cı bəndlərinə əsasən kompensasiya ödənilən fiziki şəxslərin siyahısını palataya təqdim edir, bu qaydanın 4.5-4.7-ci bəndlərinə uyğun olaraq, kompensasiyanın ödənilməsini həyata keçirən banklar və poçt rabitəsinin milli operatoru tərəfindən fiziki şəxslərə ödəniləcək kompensasiya məbləği, kompensasiya ödənilən kreditinin olduğu kredit təşkilatı və ya ləğvetmə prosesində olan kredit təşkilatı barədəməlumat (adı, ünvanı, əlaqə vasitələri), kompensasiyanın köçürüldüyü ödəniş kartını əldə edə biləcəyi və ya bu Qaydanın 4.7-ci bəndinə müvafiq olaraq pul köçürməsinin ediləcəyi kredit təşkilatı və ya poçt rabitəsinin milli operatoru barədə məlumat (kredit təşkilatının, onun filialının, poçt rabitəsinin milli operatorunun və onun şöbəsinin adı, ünvanı, əlaqə vasitəsi), kompensasiyanın ödənildiyi ödəniş kartının hazır olduğu və ya bu qaydanın 4.7-ci bəndinə müvafiq olaraq pul köçürməsinin ediləcəyi tarix və bu qaydanın 7.11-ci və 7.12-ci bəndlərində nəzərdə tutulan sənədlər barədə məlumatlar göndərilir,bu qaydanın 7.8-ci bəndində göstərilən məlumatlar fiziki şəxslərə SMS, elektron poçt və ya alınmasını təsdiq edən digər formada göndərilir (təqdim olunur, çatdırılır),restrukturizasiya proseslərinin təşkili üçün kredit təşkilatı tərəfindən fiziki şəxsin kredit borcunun restrukturizasiya olunmasına dair yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif edən kredit təşkilatının (baş ofis, filial) adı, ünvanı, əlaqə vasitləri, fiziki şəxsin kredit borcunun restrukturizasiya olunmasına dair yeni müqavilə bağlanması üçün şəxsiyyətini təsdiq edən sənədi gətirməli olduğu barədə məlumat və fərmandan və bu qaydadan irəli gələn digər tədbirlərin görülməsi təmin olunur,fiziki şəxsə kompensasiyanın ödənildiyi ödəniş kartının verilməsi şəxsiyyəti təsdiq edən sənəd və fiziki şəxsin adına ödəniş kartı olan şəxs vəfat etdikdə və müraciət onun vərəsəsi (vərəsələri) tərəfindən edildikdə, vərəsəlik hüququnu təsdiq edən sənədlər əsasında həyata keçirilir,bu qaydaya uyğun olaraq kompensasiyanın köçürüldüyü ödəniş kartının alınması və ya kredit borcunun restrukturizasiya edilməsi məqsədilə fiziki şəxsin adından onun nümayəndəsi müraciət etdikdə bu qaydada nəzərdə tutulan sənədlərlə yanaşı nümayəndənin səlahiyyətini təsdiq edən sənədin əsli təqdim olunmalıdır. Fərmanın qanuni qüvvəsini almasından 1 ildən çox vaxt keçməsinə baxmayaraq iddiaçı bank tərəfindən qeyd olunan prosessual hərəkətlərlə bağlı birinci instansiya məhkəməsinə məlumat daxil olmamışdır. Dövlətin analoji kredit müqavilələri üzrə banklara maliyyə dəstəyi göstərilməsi barədə təklifindən iddiaçı bankın imtina etməsinə dair məlumat yoxdur. Nə qədər ki, iddiaçı bank fərmanda qeyd olunan məsələlərlə bağlı dövlətin maliyyə dəstəyini qəbul etməyə razılıq vermişdir, onda, fərmanda tövsiyə xarakteri daşıyan müddəaların icrası banklar üçün məcburidir. Fərmanda nəzərdə tutulan güzəştlərin məhkəmə baxışı zamanı tətbiq olunması istisnadır. Çünki Fərmanda nəzərdə tutulan bəzi güzəştlərin tətbiqi tərəflərin müqavilə azadlığı hüququnu qoruyur. Beləki, borclu şəxslərlə yeni müqavilə bağlanması təklifi tərəflərin qarşılıqlı iradə ifadəsi ilə məhkəmədənkənar qaydada həll oluna bilər. Eyni zamanda dövlət dəstəyi ilə qaytarılmalı vəsait və yaxud azaldılmalı borc məbləği tərəflərin iştirakı ilə qarşılıqlı razılaşma yolu ilə həll edilə bilər. Çünki qəbul edilmiş qərarlardan tərəflərin məhkəməyə müraciət etmək hüquqları hər bir halda saxlanılır. Məhkəmə kollegiyası işin yuxarıda qeyd olunan hallarını ümumiləşdirərək belə hesab edir ki, qeyd olunan Fərman onun təsir dairəsinə düşən kredit müqavilələri üzrə yaranmış mübahisələrin məhkəməyəqədər xüsusi həlli qaydasını müəyyənləşdirmişdir. Fiziki şəxslərin borclarının bir hissəsini dövlət qarşıladığı üçün həmin güzəştlər edilmədən analoji iddialara məhkəmədə baxıla bilməz. Hazırda bankların icraatında olan qeyd olunan müqavilələr üzrə Fərmanın müddəaları tətbiq olunduqdan sonra məhkəmədə iddia qaldırıla bilər. Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, Fərman qanuni qüvvəyə mindikdən sonra onun müddəaları tətbiq olunmadan irəli sürülmüş iddialar məhkəmədənkənar həll qaydasına riayət olunmaması əsası ilə baxılmamış saxlanılmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, analoji müqavilələr üzrə mübahisənin hazırkı məhkəmədənkənar həlli qaydası fərmanla müəyyən edildiyindən və hazırkı işdə qaydalara riayət etmək imkanları itirilmədiyindən iddia tələbi baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 259.0.1-ci maddəsinə əsasən, məhkəməyə müraciət etmiş iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə məhkəmə ərizəni baxılmamış saxlayır. İddiaçıya izah olunur ki, Fərmanın müəyyən etdiyi qaydalara riayət etdikdən sonra borcun ödənilməsi ilə bağlı həll edilməmiş mübahisə qalarsa, hazırkı qərardad yenidən iddia tələbi ilə məhkəməyə müraciət etməyə mane olmur. Analoji müqavilələr üzrə mübahisənin hazırkı məhkəmədənkənar həlli qaydası qeyd olunan fərmanla müəyyən edildiyindən həmin işlər üzrə zəruri prosedurlara sərf edilmiş ağlabatan müddət iddia müddətinə daxil olmamalıdır. Çünki həmin fərman məhz fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyi göstərilməsi məqsədi ilə verilmişdir. Yəni fərman vətəndaşların mənafeyi üçün verildiyindən həmin prosedurlara sərf edilmiş müddət bankların ziyanına istifadə oluna bilməz. “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununun 71.7, 71.7.9-cu maddələrində göstərilmişdir ki, bu Qanunun 59.2-ci və 71.1-ci maddələrinə əsasən təyin edildiyi gündən ləğvedici bank tərəfindən verilmiş kreditlərin restrukturizasiyasını (kreditin ödəmə müddətinin uzadılması, faizlərin azaldılması və ya ləğv edilməsi, ümidsiz borcların silinməsi) həyata keçirir. Həmin Qanunun 79.1-ci maddəsinə əsasən, müflis bankın mallar göndərilməsinə və ya xidmətlər göstərilməsinə dair bütün cari müqavilələrin, o cümlədən satış, icarə və lizinq, möhlətlə satınalma müqavilələrinin qüvvəsinə ləğvedici istənilən vaxt birtərəfli qaydada xitam verə bilər. Bu zaman bankın kreditoru müqavilənin pozulması nəticəsində ona dəymiş zərərin əvəzinin ödənilməsi haqqında bankın müflis olunmasına dair qərar çıxarmış məhkəməyə iddia verə bilər. Həmin Qanunun mübahisələrin danışıqlar yolu ilə həllindən bəhs edən 80-cı maddəsində deyilir ki, məhkəmənin qabaqcadan razılığını aldıqdan sonra bankın ləğvedicisi tələblərin nizama salınması məqsədilə bankın istənilən kreditoru və ya borclusu ilə danışıqlara başlaya bilər. Bu cür nizamasalmanın nəticələrinə etiraz edilə və ya bunlardan şikayət verilə bilməz. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddia ərizəsinin baxılmamış saxlanılması nəticəsinə gələrkən birinci instansiya məhkəməsi haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 260.1-ci maddəsinə görə, iddianın baxılmamış saxlanılması barədə məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 260.4-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanılması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Məhkəmə kollegiyası hesab edir ki, İsmayıllı Rayon Məhkəməsinin bu işlə bağlı gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Ona görə də, şikayət təmin edilməməli və iş üzrə İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tаrixli, 2(037)-264/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb, şikayəti təmin etməyə bilər. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 74, 387və 391-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı ləğv prosesində olan İddiaçı ASC tərəfindən verilmiş şikayət təmin edilməsin. İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tаrixli, 2(037)-264/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd qəbul edildiyi andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar