Məhkəmə qərarları › İş №2(107)-2323/2020

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-2323/2020

09.12.2020 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-2323/2020 09.12.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakim Hüseynov Mirbahəddin Mirdamət oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Hüseynov Elçin Şirin oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi İbrahimli Şükür Sahib oğlunun katibliyi, İddiaçı, cavabdeh “Göyçay rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh “Göyçay rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinə qarşı “işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqı tələbinə dair” mülki iş üzrə Göyçay Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(046)-1068/2020 nömrəli qətnaməsindən cavabdeh “Göyçay rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinin direktoru X8 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Göyçay Rayon Məhkəməsinin (hakim İbrahim Fəttahov) xx xxxxxxxx 2020-ci il tarixli, 2(046)-1068/2020 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə cavabdeh “Göyçay rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinin direktoru X8 tərəfindən imzalanmış xx.xx.2020-ci il tarixli 1168-K saylı əmrin ləğv edilməsi, İddiaçı cavabdeh “Göyçay rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinin Təcili və X3 Stansiyasında sürücü vəzifəsinə bərpa edilməsi, xx.xx.2020ci il tarixdən məcburi işburaxma müddəti üçün İddiaçı əmək haqqının ödənilməsi və 10 manat dövlət rüsumunun “Göyçay rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsindən alınaraq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. İşin halları İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Göyçay rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsi üzrə verilmiş xx xxxxxx 2020-ci il tarixli 1168-K nömrəli əmrin ləğv edilməsi, işə bərpa edilməsi və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı iddiasını müdafiə edərək izahatında göstərmişdir ki, xx.xx.2020-cü il tarixdə Göyçay rayon Mərkəzi Xəstəxanası ilə müddətsiz bağladığı əmək müqaviləsinə əsasən Təcili və X3 Stansiyasına sürücü vəzifəsinə qəbul edilmişdir. İşə qəbul edildikdən sonra ona sanitar avtomobil təhkim edilmiş, işlədiyi müddət ərzində daima işinə vicdanla yanaşaraq, üzərinə düşən öhdəlikləri vaxtında, dəqiq icra etmişdir. 2020-ci ilin fevral ayında Təcili və X3 Stansiyasının kollektivinin əmək haqqının bir hissəsi qeyri-qanuni tutulduğu üçün bir qrup həkim və texniki işçilər bu məsələni aydınlaşdırmaq üçün “Göyçay rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinin mühasibatlıq şöbəsinə getmiş, mühasibatlıqdan tutulmaların texniki səhv olduğu, növbəti aylarda tutulan əmək haqlarının geri qaytarılacağı bildirilmişdir. Azərbaycanda yeni növ koronavirus (COVİD-19) infeksiyasının geniş yayılmasının qarşısını almaq məqsədi ilə Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərarı ilə ölkədə karantin rejimi tətbiq edilmişdir. Bir çox sahələrdə olduğu kimi, koronavirusla əlaqədar əmək şəraitinin çətinliyinə görə dövlət tibb müəssisələrində də çalışan işçilərin sosial rifahının yaxşılaşdırılması məqsədilə ölkə prezidenti tərəfindən sosialyönümlü Sərəncam verilmişdir. Həmin Sərəncama əsasən dövlət tibb müəssisələrində çalışan işçilərin əmək haqlarına aylıq vəzifə maaşının 3-5 mislinədək müddətli əlavə müəyyən edilmişdir. Aidiyyəti dövlət qurumlarına mart-iyun ayları ərzində bu tədbirlərdə iştirak edən işçilərin əmək haqlarının dövlət büdcəsində bu məqsədlər üçün nəzərdə tutulmuş vəsait hesabına təmin olunması tapşırılmışdır. Sözügedən Sərəncama uyğun olaraq mart ayından onun, eləcə də onunla birgə işləyən Təcili və X3 Stansiyasının əməkdaşlarının əmək haqlarına aylıq vəzifə maaşının 3-5 mislinədək müddətli əlavələrin olunmadığını, nəticə etibarı ilə Prezident tərəfindən verilən Sərəncamın tələblərinin yerinə yetirilmədiyini görüb, TƏBİB-in tabeçiliyində olan “Göyçay rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinə müraciət etmişlər. Müraciətləri əsasında Təcili və X3 Stansiyasında iclas təşkil edilərək şikayətləri dinlənilmiş, iclasda “Göyçay rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinin hüquqşünası, mühasibi və direktor müavini bildirmişlər ki, ölkə prezidentinin sözügedən Sərəncamı digər şəhər və rayonların səhiyyə müəssisələri tərəfindən icra ediləcəyi halda, onların da əməkhaqlarına aylıq vəzifə maaşının 3-5 mislinədək müddətli əlavələr tətbiq olunacaq. Bundan sonra, Təcili və X3 Stansiyasının 39 əməkdaşı ölkə prezidentinə müraciət edərək, sanitar avtomobillərin köhnə olması, onların təmiri üçün zəruri ehtiyat hissələrinin, dərman preparatlarının, tibbi avadanlıqların, xüsusi tibbi geyimlərin verilməməsi, eləcə də əməkhaqlarına aylıq vəzifə maaşının 3-5 mislinədək müddətli əlavələrin olunmaması və bunun üçün müvafiq tədbirlərin görülməsi xahiş olunmuşdur. Etdikləri müraciətdən sonra, problemlərin bir hissəsi qismən həll olunsa da, əməkhaqlarına aylıq vəzifə maaşının 3-5 mislinədək müddətli əlavələr olunmamışdır. Ona təhkim olunmuş sanitar avtomobilin mühərrikinin sıradan çıxması nəticəsində zəruri ehtiyat hissələrinin verilməsi üçün “Göyçay rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinin mühasibatlığına müraciət etmiş, zəruri ehtiyat hissələrinin bir hissəsi verilsə də, qalan ehtiyat hissələri, eləcə də usta xərci verilməmişdir. Bu işləri həyata keçirmək üçün təxminən 600 manat pul vəsaiti tələb olunmuşdur ki, aldığı əmək haqqı bunu qarşılamağa imkan verməmişdir. Usta xərcinin verilməsi üçün dəfələrlə “Göyçay rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinə müraciət etsə də, müraciəti müsbət həll olunmamışdır. Etdiyi müraciətə görə Namin adlı şəxs ona zəng edərək, direktor Elçin Bilalovun onu çağırdığını bildirmiş və direktorun qəbuluna gəlməyini tələb etmişdir. Elçin Bilalovun qəbuluna gələrək, olanlar barədə direktora məlumat vermişdir. Bundan sonra, xx.xx.2020ci il tarixdə “Göyçay rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinin İnsan resursları şöbəsinin müdiri Tacir Rəfiyev tərəfindən dəvət edilərək, işdən azad olunması barədə əmrin surəti ona təqdim edilmişdir. Mübahisələndirilən əmrin məzmunundan görünür ki, əmrdə əmək müqaviləsinin ləğv edilməsinin əsasları, eyni zamanda, əmək müqaviləsinin ləğv edilməsi qaydasını nəzərdə tutan Əmək Məcəlləsinin müvafiq maddəsi, hissəsi və bəndi göstərilməmiş, əmrdə işdən çıxarılmasının səbəbi əsaslandırılmamışdır. Mübahisələndirilən əmrdən fərqli olaraq əmək kitabçasında Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “Ç” bəndinə əsasən əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə əmək müqaviləsinin ləğv edildiyi göstərilmişdir. Halbuki, Əmək Məcəlləsinin 189-cu maddəsi həmin Məcəllənin 70-ci maddəsinin “Ç” bəndində nəzərdə tutulan hər iki halın eyni vaxtda tətbiq edilməsini istisna edir. Yəni işçi ya əmək funksiyasını pozduğuna görə, ya da əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə onunla bağlanmış əmək müqaviləsi ləğv edilə bilər. İşə götürən Əmək Məcəlləsinin 70-ci maddəsinin “Ç” bəndinə əsasən əmək müqaviləsini o zaman ləğv edə bilər ki, işçi əmək müqaviləsində nəzərdə tutulmuş və onun tərəfindən icra edilməli olan işlərin məcmusu üzrə vəzifələrini (əmək funksiyasını) yerinə yetirməsin və yaxud əmək müqaviləsində nəzərdə tutulmuş öhdəliklərini pozmuş olsun. Lakin əmrdə əmək müqaviləsi üzrə hansı öhdəliyi pozması, eləcə də hansı əmək funksiyasını yerinə yetirməməsi göstərilməmiş, yalnız əmrdə, əmrin verilməsinə əsas kimi SİHİ Göyçay rayon Şurasının 07 saylı, xx.xx.2020-ci il tarixli məlumatı, 23 saylı, xx.xx.2020-ci il tarixli protokoldan çıxarış, TTTYS işçiləri tərəfindən tərtib edilmiş Akt və AR ƏM-in 70-ci maddəsinin “Ç” bəndinə əsasən əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirilmədiyi göstərilmişdir. İşə götürən əmrdə konkret olaraq hansı tarixdə, hansı davranışı ilə əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyini əsaslandıra bilməmişdir. Əmrin verilməsinə əsas olmuş Aktdan, eləcə də digər sənədlərdən dolayısı ilə məlum olur ki, işdən çıxarılmağının əsas səbəbi “Göyçay rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinin direktoru Elçin Bilalovun özünün və ailəsinin ünvanına guya nalayiq ifadələr işlətməsi olmuşdur. Halbuki, yuxarıda qeyd etdiyi kimi, belə bir hal olmamış, işdən çıxarılmağının əsas səbəbi kimi dövlət orqanlarına müraciət etməsi olmuşdur. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı nümayəndəsi (vəkili) Vəkil iddiaçının göstərdiyi xüsusatları müdafiə etmiş, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında cavabdeh “Göyçay rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinin nümayəndəsi Nümayəndə iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin “e” bəndinin tələblərini pozmuş, yəni əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirmiş, buna görə onunla bağlanmış əmək müqaviləsi Əmək Məcəlləsinin 70-ci maddəsinin “Ç” bəndinə əsasən ləğv edilmişdir. İddiaçı işdən azad olunması barədə əmr verilərkən qanunvericiliyin tələblərinə əməl edilmiş, heç bir qanun pozuntusuna yol verilməmişdir. Buna görə də iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. Göyçay Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(046)-1068/2020 nömrəli qətnaməsindən cavabdeh “Göyçay rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinin direktoru X8 аpellyаsiyа şikаyəti verərək həmin qətnamənin ləğv edilməsini və iddiaçının işə bərpa tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayətinin və proses iştirakçılarının dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsini əsassız hesab edirlər. Ona görə ki, məhkəmə tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş və düzgün tərtib edilməmiş, gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, şahidlər danışdırılmamış, qətnamədə göstərilən nəticə işin hallarına uyğun gəlmir. Belə ki, qətnamədə qeyd olunur ki, əmrdə əmək müqaviləsinin ləğv edilməsinin əsasları, eyni zamanda, əmək müqaviləsinin ləğv edilməsinin qaydası nəzərdə tutulan Əmək Məcəlləsinin müvafiq maddəsi, hissəsi və bəndi göstərilməmiş, əmrdə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyi əsaslandırılmamış, yalnız əmək kitabçasında Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə əmək müqaviləsinin ləğv edildiyi göstərilmişdir. Halbuki, yalnız əmək kitabçasında deyil, əmrdə də Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən əmək müqaviləsinin ləğv edildiyi göstərilmişdir. Yəni Əmək Məcəlləsinin müvafiq maddəsinə, bəndinə istinad edilmişdir. Qətnamədə müvafiq əmrdə əmək müqaviləsinin ləğv edilməsi əsaslarının göstərilmədiyi və əmək müqaviləsinin ləğv edilməsi zəruriliyinin əsaslandırılmadığı qeyd edilmişdir. Lakin əmrdə əmək müqabiləsinin ləğv edilməsi əsasının SİHİ Göyçay rayon şurasının 07 saylı xx.xx.2020-ci il tarixli məlumatının, 23 saylı xx.xx.2020-ci il tarixli protokoldan çıxarışın və TTTYS işçiləri tərəfindən tərtib edilmiş Aktın olduğu göstərilmişdir. Aktda göstərilənlər əmrdə geniş izahlı şəkildə yazılmasa da, Aktı oxuduqda aydın görünür ki, İddiaçı hansı əsaslara görə işdən azad edilmişdir. İddiaçı xx.xx.2020-ci il tarixdə saat 09:00 radələrində “Göyçay RMX” publik hüquqi şəxsinin TTTYS-nın xidməti binasının dəhlizində direktor barəsində yalan məlumatlar yayaraq (guya direktor “TTTYS-da kişi yoxdur” demişdir, buna görə yığışıb “direktorun üzərinə gedək” və s.) konflikt törətməyə cəhd etmiş, direktorun ailəsinə və yaxınlarına qarşı nalayiq, təhqiramiz ifadələr işlətmişdir. Bu barədə xx.xx.2020-ci il tarixdə TTTYS-nın 5 nəfər işçisi tərəfindən tərtib olunmuş Akt Xəstəxanaya rəsmi daxil olmuşdur. Cavabdehin nümayəndəsi tərəfindən məhkəmənin hazırlıq iclasında təqdim edilən Aktı hakim məhkəmə iclasında elan etməmişdir. Aktdan da göründüyü kimi, İddiaçı Təcili və X3 Stansiyasının işçilərinə yalan məlumatlar verərək onları inandırmağa çalışmış, konflikt yaratmağa cəhd etmişdir. Eyni zamanda, İddiaçı özünün direktora yazdığı izahatında da bunu etiraf etmiş, Aktda adları çəkilən işçilərdən başqa işçilərin də orada olduğunu göstəmişdir. Bundan sonra “Göyçay RMX” publik hüquqi şəxsinin Səhiyyə işçiləri X4 RMX tərəfindən məktub ünvanlanaraq İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70ci maddəsinin «ç» bəndinə əsasən işdən azad edilməsinə münasibət bildirilməsi xahiş olunmuşdur. X6 İttifaqı Şurası İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən işdən azad edilməsi qərarını düzgün hesab etmişdir. Məhkəmə baxışı zamanı bütun bunları sübut edəcək şahidlərin olduğunu cavabdehin nümayəndəsi desə də, hakim şahidə ehtiyac olmadığını bildirmiş, şahidlərin ifadəsini almamış, qətnamədə cavabdehin nümayəndəsinin məhkəməyə heç bir mötəbər sübut təqdim edə bilmədiyini göstərmişdir. Bütün bunlara əsasən hesab edirlər ki, məhkəmədə maddi və prosessual hüquq normaları pozulmuş və gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamışdır. İddiaçı məhkəməyə verdiyi izahatında qeyd edir ki, guya işdən çıxarılmağının əsas səbəbi dövlət orqanlarına müraciət etməsi olmuşdur. «Göyçay Rayon Mərkəzi Xəstəxanası» publik hüquqi şəxsinin Təcili və X3 Stansiyasının bir qrup işçilərinin Azərbaycan Respublikasının Prezidentinə ünvanladıqları müraciətlə əlaqədar bildirilir ki, Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2020-ci il tarixli, 1947 nömrəli “Yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında” Sərəncamının icrasını təmin etmək məqsədilə Nazirlər Kabineti “Yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə” qərar qəbul etmişdir. TƏBİBin “Göyçay RMX” publik hüquqi şəxsinə ünvanladığı məktuba əsasən Göyçay RMX-nın xx xxxx 2020-ci il tarixli 43 saylı əmrinə əsasən 2020-ci ilin mart ayı üçün COVİD-19 pandemiyası ilə mübarizə çərçivəsində «müraciət edənlərin dedikləri kimi, yalnız işə cəlb olunmuş tibb işçilərinin siyahısı müəyyən edilmiş» və TƏBİB-in elektron ünvanına göndərilmişdir. Göyçay RMX-nın X5 Yardım Stansiyasının işçilərinə münasibətdə mart və aprel ayları üzrə yalnız iki nəfər, may ayı üzrə üç nəfər, iyun ayı üzrə beş nəfər COVİD-19 pandemiyası ilə mübarizə çərçivəsində işə cəlb olunmuş, digər RMX-nın TTTYS işçiləri isə COVİD-19 pandemiyası ilə mübarizə çərçivəsində işə cəlb olunmamış, bu səbəbdən onların adı yuxarıda göstərilən əmrə əlavə edilmiş siyahıya yazılmamış, onlar gündəlik iş rejimində gördükləri işlərdən başqa əlavə işlər görməmişlər. Müraciətlərində həmçinin Göyçay RMX-nın TTTYS-nın bəzi işçiləri 2020-ci ilin fevral ayı üzrə əmək haqlarının baş mühasib tərəfindən düzgün hesablanmadığını və bu barədə narazılıqlarının nəticəsiz qaldığını bildirmişlər. TTTYS-nın işçiləri mart ayının əvvəllərində bu barədə narazılıqlarını rəhbərliyə bildirən zaman dərhal araşdırılmış, baş mühasib tərəfindən fevral ayı üzrə düzgün hesablanmayan əmək haqları dəqiqləşdirilmiş, əmək haqlarında olan fərq növbəti ayın, yəni mart ayının əmək haqlarının üzərinə əlavə olaraq verilmiş, səhv aradan qaldırılmışdır. Müraciətdə dərman təchizatında böyük çatışmazlıqlar olduğu göstərilir. TTTYS-nın böyük həkimi və baş tibb bacısı izahatlarında bildirirlər ki, hər ay onların imzası ilə təsdiq edilmiş tələbnaməyə uyğun olaraq TTTYS aptek şöbəsi tərəfindən lazım olan dərman və tibbi ləvazimatlarla tam təmin olunur. Stansiyada dərman təminatı ilə bağlı heç bir çatışmamazlıq qeydə alınmamışdır. Bununla bağlı TTTYS-nın böyük həkimi və baş tibb bacısının izahatları alınmışdır. Müraciət məktubunda həmçinin avtomobillərin əksəriyyətinin istismar müddətinin bitdiyi və ehtiyat hissələrinin verilmədiyi bildirilir. Hər ay avtomobillərə texniki baxış keçirilir. Avtomobillərə lazım olan ehtiyat hissələri satınalma şöbəsi tərəfindən təmin olunur. Sonuncu dəfə avtomobillər lazım olan ehtiyyat hissələri ilə iyun ayında təmin olunmuşdur. xx xxxx 2020-ci il tarixdə TTTYS-nın sanitar avtomobillərinin vəziyyəti barədə RMX-nın satınalma şöbəsinin müdiri Tahir Əzizov, Dəstək xidmətləri şöbəsinin müdiri Namin Məmmədov, TTTYS-nın böyük həkimi Əli Əsgərov, İcbari tibbi sığorta üzrə mütəxəssis Elcan Abdurahmanov və 3 nəfər sürücü ilə birlikdə (sürücülərdən biri də İddiaçı olmuşdur) qüsur aktı tərtib olunmuş və avtomobillərin istismara tam yararlı olmaları təsdiqini tapmışdır. Göründüyü kimi, İddiaçı özü imzası ilə təsdiq edir ki avtomobillər istismara tam yararlıdır, lakin cənab Prezidentə və digər dövlət orqanlarına yalan müraciət ünvanlayaraq göstərir ki, guya avtomobillər bərbad vəziyyətdədir. Araşdırma zamanı məlum olmuşdur ki, bir neçə şəxs işçilərin böyük hissəsini aldadaraq müraciətə imza etdirmişlər. Müraciətə imza edən Göyçay RMX-nın TTTYS-nin işçilərindən narazılıqlarının səbəbi soruşulduqda əksəriyyəti müraciətin cənab Prezidentə ünvanlandığından xəbərlərinin olmadığını, müraciəti görmədiklərini, sadəcə olaraq onlara ağ kağız üzərində ad və soyadlarının qarşısından imza etmələrinin istənildiyini, nə üçün imza etdiklərini soruşduqda isə COVİD-19 pandemiyası ilə mübarizəyə görə 5-qat əlavə əmək haqqı alacaqlarının deyildiyini bildirmişlər. Həmçinin ağ kağız üzərində bəzi işçilərin ad və soyadları yazılsa da, qaşısında imza etməyə razı olmamış və imza çəkməmişlər. Qeyd olunanlardan göründüyü kimi, İddiaçı əmək vəzifələrini yerinə yetirmək əvəzinə işçilər arasında pozuculuq fəaliyyəti ilə məşğul olur. Ona görə də hesab edirlər ki, apellyasiya şikayəti təmin edilərək Göyçay Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(046)-1068/2020 nömrəli qətnaməsi ləğv edilməli, İddiaçı iddia tələbi rədd edilməlidir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh “Göyçay rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini, Göyçay Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(046)- 1068/2020 nömrəli qətnaməsinin isə dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları üzrə yoxlayıb, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş üzrə tədqiq edilən sübutlara tətbiq edilməli hüquq normaları baxımından qiymət verib hesab edir ki, cavabdeh “Göyçay rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinin direktoru X8 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmədən, Göyçay Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(046)-1068/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İşdə olan xx.xx.2020-cü il tarixli əmək müqaviləsinin surətindən görünür ki, İddiaçı Göyçay rayon Mərkəzi Xəstəxanası ilə bağlanmış müddətsiz müqavilə əsasında Göyçay rayon X1 və X3 Stansiyasına müddətsiz olaraq sürücü vəzifəsinə işə qəbul edilmişdir. İşdə olan “Göyçay rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinin direktoru Elçin Bilalov tərəfindən imzalanmış xx.xx.2020-ci il tarixli 1168-K nömrəli əmrdən görünür ki, İddiaçı ilə bağlanmış əmək müqaviləsi ləğv edilmiş, Əmək Məcəlləsinin 70-ci maddəsinin “Ç” bəndinə əsasən Təcili və X3 Stansiyasının sürücü vəzifəsindən azad edilmişdir. İşdə olan X6 İttifaqının Göyçay Şurasının sədri T.Şükürov tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “Ç” bəndinə əsasən işdən azad olunmasına razılıq verilmişdir. Məhkəmə araşdırması ilə müəyyən olunmuşdur ki, İddiaçı Göyçay rayon Mərkəzi Xəstəxanasının baş həkimi Famil Zeynalovla bağlanmış xx.xx.2020-cü il tarixli müddətsiz əmək müqaviləsinə əsasən Göyçay RMX-nin Təcili və X3 Stansiyasına sürücü vəzifəsinə işə qəbul edilmişdir. İddiaçı “Göyçay rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinin baş direktoru Elçin Bilalovun imzaladığı xx.xx.2020-ci il tarixli əmrə əsasən tutduğu vəzifədən Əmək Məcəlləsinin 70-ci maddəsinin “Ç” bəndinə əsasən azad edilmişdir. Lakin Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinə əsasən əmrdə əmək müqaviləsinin ləğv edilməsinin əsasları, eyni zamanda, əmək müqaviləsinin ləğv edilməsi qaydasını nəzərdə tutan Əmək Məcəlləsinin müvafiq maddəsi, hissəsi və bəndi göstərilməmiş, əmrdə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyi əsaslandırılmamış, yalnız əmək kitabçasında Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “Ç” bəndinə əsasən əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə əmək müqaviləsinin ləğv edildiyi göstərilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə görə, iş üzrə İddiaçı cavabdeh “Göyçay rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinin direktoru X2 imzaladığı 1168- K saylı, xx.xx.2020-cü il tarixli əmrin ləğv edilməsi, öz işinə bərpa edilməsi və məcburi iş buraxma müddəti üçün ona əmək haqqı ödənilməsi barədə iddia tələbi irəli sürməkdə haqlıdır. Buna görə də İddiaçı tələbi təmin edilməli, onunla bağlanmış əmək müqaviləsinin ləğv edilməsi barədə cavabdeh “Göyçay rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinin direktoru X2 imzaladığı 1168-K saylı, xx.xx.2020-cü il tarixli əmr ləğv edilməli, İddiaçı “Göyçay RMX” publik hüquqi şəxsinin Təcili və X3 Stansiyasına sürücü vəzifəsinə bərpa edilməli və məcburi iş buraxma müddəti üçün ona əmək haqqı ödənilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır, həmin nəticəni işin faktiki hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin Məcəllənin 71-ci maddəsinə əsasən, bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Həmin Məcəllənin 72-ci maddəsinə əsasən, təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Həmin Məcəllənin 84-cü maddəsinin 1-ci bəndinə əsasən, əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir: 1) müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı; 2) işçinin adı, atasının adı və soyadı; 3) əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; 4) əmək müqaviləsinin ləğv edilməsinin əsası; 5) həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; 6) əmək müqaviləsi ləğv edilən gün, ay və il; 7) əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər... Həmin maddənin 2-ci bəndinə əsasən, bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. Həmin Məcəllənin 189-cu maddəsinin 1-ci bəndinə əsasən, bir intizam xətasına görə yalnız bir intizam tənbehi verilir. Bir dəfə törədilən bir intizam xətasına görə eyni zamanda bir neçə intizam tənbehi verilə bilməz. Həmin Məcəllənin 12-ci maddəsinin 1-ci bəndinə əsasən, əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələri bunlardır: a) əmək müqaviləsinin şərtlərinə və onlarda nəzərdə tutulan öhdəliklərə əməl etmək; b) bu Məcəllənin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək; c) əmək müqavilələrini bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və qaydada pozmaq. Həmin Məcəllənin 300-cü maddəsinin 1-ci bəndinə əsasən, əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Birinci instansiya və apellyasiya məhkəmələrinin baxışı zamanı cavabdeh “Göyçay rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinin nümayəndəsi İddiaçı Göyçay rayon X1 və X3 Stansiyasında sürücü vəzifəsində işlədiyi dövr ərzində Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulmuş əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyi, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduğu barədə məhkəməyə hər hansı mötəbər sübut təqdim edə bilməmişdir. Əksinə, işdə olan “Göyçay rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinin Təcili və X3 Stansiyası tərəfindən İddiaçı üçün verilmiş xasiyyətnamədə bildirilir ki, İddiaçı işlədiyi müddətdə səmimiliyi, mehriban rəftarı, işə olan ciddi məsuliyyətinə görə Stansiyanın kollektivi arasında böyük hörmət qazanmışdır. İşə davamiyyəti, çağırışlara vaxtlı-vaxtında gedilməsi ilə həmişə yaxşı mənada seçilmiş, çağırışlarda heç bir gecikmə olmamışdır. İş yoldaşlarına əlindən gələn köməkliyi əsirgəmir. Bacarıqlı və təcrübəli sürücüdür. Ona təhkim olunmuş sanitar avtomobilini daima saz və təmiz saxlayır. İşlədiyi müddətdə intizam tənbehi almamışdır. İctimai tədbirlərdə fəal iştirak edir. İş yoldaşları tərəfindən sevilir. Mübahisələndirilən əmrdə iddiaçının işdən azad edilməsinin hüquqi əsası kimi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə istinad olunmuş, yəni onunla əmək müqaviləsinin pozulmasına əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsinin səbəb olması qeyd edilmişdir. Əmrdə onun verilməsinin faktiki əsasının isə SİHİ Göyçay rayon şurasının 07 saylı xx.xx.2020-ci il tarixli məlumatının, 23 saylı xx.xx.2020-ci il tarixli protokoldan çıxarışın və TTTYS işçiləri tərəfindən tərtib edilmiş Aktın olduğu göstərilmişdir. xx.xx.2020-ci il tarixdə TTTYS-nın 5 nəfər işçisi tərəfindən imzalanmış həmin Aktda göstərilmişdir ki, xx.xx.2020-ci il tarixdə TTTYS-nın sürücüsü İddiaçı Stansiyanın dəhlizində “Göyçay RMX” publik hüquqi şəxsinin direktoru Elçin Bilalovun ailəsinə və yaxınlarına qarşı nalayiq, təhqiramiz ifadələr işlətmiş və yalan məlumatlarla təxribat törətməyə cəhd etmişdir. X6 İttifaqının Göyçay rayon şurasının xx.xx.2020-ci il tarixli 23 saylı protokolundan çıxarışdan isə görünür ki, SİHİ Göyçay rayon şurası qərara almışdır: “Göyçay RMX” publik hüquqi şəxsinin TTTYS-da sürücü işləyən İddiaçı öz işlədiyi kollektivdə “Göyçay RMX” publik hüquqi şəxsinin direktoru E.Bilalov barədə yalan məlumatlar yayaraq işçilər arasında təxribat apardığı, iş yoldaşlarının yanında direktorun özünə və ailəsinə qarşı nalayiq söyüşlər söyərək təhqir etdiyi üçün “Göyçay RMX” publik hüquqi şəxsinin Şuraya göndərdiyi məktubda göstərilən AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad olunması qərarı düzgün hesab edilir. Məhkəmə kollegiyası mübahisələndirilən əmrin verilməsi üçün əsas olmuş sənədlərə hüquqi qiymət verərək qeyd edir ki, iddiaçının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad edilməsi məsələsinin həlli zamanı həmin Məcəllənin 80-ci maddəsinin tələbləri həm müdiriyyət, həm də həmkarlar təşkilatı tərəfindən ciddi şəkildə pozulmuşdur. Belə ki, Əmək Məcəlləsinin 80-ci maddəsində həmkarlar ittifaqının üzvü olan işçi ilə əmək müqaviləsini ləğv etmək istəyən işəgötürənin həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına məktubla deyil, əsaslandırılmış yazılı təqdimatla müraciət etməsi nəzərdə tutulmuşdur. Digər tərəfdən, işçinin Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndində göstərilən əsasla işdən azad edilməsi üçün işəgötürən buna müəssisənin həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığını almalıdır. X6 İttifaqının Göyçay rayon şurasının xx.xx.2020-ci il tarixli 23 saylı protokolundan çıxarışdan isə proseslərin əksinə baş verdiyi görünür, yəni əvvəlcə işçi Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad edilmiş, sonra bu barədə həmkarlar ittifaqı təşkilatına məlumat verilmiş, bundan sonra həmkarlar ittifaqı təşkilatı müvafiq məlumatı (məktubu) müzakirə edərək müdiriyyətin qərarını düzgün hesab etmişdir. Göründüyü kimi, iddiaçının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad edilməsi üçün nə cavabdeh tərəfindən müəssisənin həmkarlar ittifaqı təşkilatına lazımi qaydada müraciət edilməmiş və qanuni şəkildə razılıq alınmamış, nə də müəssisənin həmkarlar ittifaqı təşkilatı tərəfindən iddiaçının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad edilməsi məsələsinə mahiyyəti üzrə baxılmamış (müzakirə olunmamış) və qanuni şəkildə qərar qəbul edilməmişdir. Həmkarlar ittifaqı təşkilatının iclas protokolu ortaya çıxarılmadığından həmin iclasın həqiqətən də keçirilibkeçirilməməsi, iclasda neçə nəfərin iştirak etməsi və neçə nəfərin çıxış etməsi, çıxışların məzmunu məlum deyildir. İddiaçının işdən azad edilməsinin səbəbi araşdırılarkən məlum olur ki, o, «işlədiyi kollektivdə “Göyçay RMX” publik hüquqi şəxsinin direktoru E.Bilalov barədə yalan məlumatlar yayaraq işçilər arasında təxribat apardığı, iş yoldaşlarının yanında direktorun özünə və ailəsinə qarşı nalayiq söyüşlər söyərək təhqir etdiyi üçün» əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini kobud şəkildə pozmuş hesab edilmişdir. Halbuki, iddiaçıya istinad edilən hərəkətlərin əmək funksiyasına və əmək müqaviləsi üzrə öhdəliklərə heç bir aidiyyəti yoxdur. Əmək qanunvericiliyinə görə, işçinin əmək funksiyası dedikdə əmək müqaviləsində nəzərdə tutulan bir və ya bir neçə vəzifə, ixtisas, yaxud peşə üzrə yerinə yetirməli olduğu müvafiq işin və ya göstərməli olduğu xidmətlərin dairəsi anlaşılır. İşçinin əmək funksiyası həm də onun əmək müqaviləsi üzrə öhdəliklərini əhatə edir. İşçinin əmək kollektivində müdiriyyət (direktor) barəsində “yalan məlumatlar yayması”, iş yoldaşlarının yanında müəssisə rəhbərinin (direktorun) “özünə və ailəsinə qarşı nalayiq söyüşlər söyərək təhqir etməsi” kimi hərəkətləri onun əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini pozması hesab oluna bilməz. İşçinin qeyd edilən hərəkətləri nəticəsində şərəfi, ləyaqəti və ya işgüzar nüfuzu aşağılanmış (ləkələnmiş) vəzifəli şəxs (o cümlədən müəssisənin rəhbəri) həmin işçiyə qarşı mülki-hüquqi xarakterli (Mülki Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş) tədbirlər görə bilər, belə hərəkətlərin qərəzli və məqsədyönlü olduğunu ehtimal etməyə əsaslar olduqda isə işçi barəsində məhkəməyə Cinayət Məcəlləsinin 147, 148-ci maddələri ilə xüsusi ittiham qaydasında şikayət verə bilər. Apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsi Nümayəndə İddiaçı Əmək Məcəlləsinin 72-ci maddəsinin “e” bəndinin tələblərini pozduğunu, yəni əmək fəaliyyəti zamanı kobud səhvlərə yol verdiyini, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin qanuni mənafeyinə ciddi xələl gətirdiyini qeyd edərək mübahisələndirilən əmrin qanuni olduğunu əsaslandırmağa çalışmışdır. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, əmək qanunvericiliyində “işəgötürən” anlayışı müəssisənin rəhbərini deyil, müəssisənin özünü nəzərdə tutur. İddiaçıya istinad edilən hərəkətlər müəssisənin rəhbərinin (direktorunun) mənafeyinə xələl gətirə bilər, lakin həmin hərəkətlərin müəssisənin (işəgötürənin) mənafeyinə xələl gətirən hərəkətlər kimi qiymətləndirilməsi əsassızdır. Şərh olunanlar kontekstində məhkəmə kollegiyası bir daha qeyd edir ki, İddiaçı Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad edilməsi üçün əmək qanunvericiliyinə uyğun gələn əsaslar mövcud olmamış, buna görə də onunla bağlanmış əmək müqaviləsinin ləğv edilməsi barədə “Göyçay rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsi üzrə verilmiş xx xxxxxx 2020-ci il tarixli 1168-K nömrəli əmr qanunsuz və əsassız olmuşdur. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin edərək İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə “Göyçay rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinin direktoru X8 tərəfindən imzalanmış xx.xx.2020-ci il tarixli 1168-K saylı əmrin ləğv edilməsini, İddiaçı “Göyçay rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinin Təcili və X3 Stansiyasında sürücü vəzifəsinə bərpa edilməsini və xx.xx.2020-ci il tarixdən məcburi işburaxma müddəti üçün İddiaçı əmək haqqı ödənilməsini qət etməkdə haqlı olmuş, işin faktiki halları və tərəflər arasındakı qarşılıqlı münasibətlər üzrə düzgün hüquqi nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsi qanuni və əsaslıdır, həmin qətnamədən cavabdeh “Göyçay rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinin direktoru X8 tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri isə qəbuledilməzdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci mаddəsinə görə, hər bir tərəf öz tələb və etirаzlаrının əsаsı kimi istinаd etdiyi hаllаrı sübut etməlidir. Həmin Məcəllənin 217-ci mаddəsinə əsаsən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hаkim) öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh “Göyçay rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinin direktoru X8 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Göyçay Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(046)- 1068/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 392, 403-405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh “Göyçay rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinin direktoru X8 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Göyçay Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(046)-1068/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Hazırkı qətnamədən işdə iştirak edən şəxslər tələbləri təmin olunmadığı hallarda qətnamənin surəti onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilmədikdə o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. İş üzrə sədrlik edən hakim: Mirbahəddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar