Məhkəmə qərarları › İş №2(125)-125/2025

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-125/2025

11.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-125/2025 11.02.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əlirza oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı alınan malın dəyişdirilməsi, mümkün olmadıqda müqavilənin ləğv edilməsi, maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin Gəncə şəhəri, Ş.İ.Xətai pr., 3-cü m/r, 7 nömrəli binada yerləşən mağazasından aldığı “Samsung A546 Black 256 GB” markalı mobil telefonun istehsal qüsuru olduğu üçün dəyişdirilməsi və ya bağlanmış kredit müqaviləsinin ləğv edilməsi və 1000 manat həcmində vurulmuş mənəvi zərərin cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizələrlə müraciət edərək iddia tələbinin “alınan malın dəyişdirilməsi, mümkün olmadıqda müqavilənin ləğv edilməsi, mala ödənilmiş aylıq ödənişi olan cəmi 355 manat pulun alınıb iddiaçıya verilməsi və vurulmuş 1000 manat həcmində mənəvi zərərin ödənilməsi” kimi qəbul edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. İşin faktiki hallarına görə, tərəflər arasında xx.xx.2024-cü il tarixdə “Samsung A546” markalı mobil telefonun nisyə alğı-satqısı barədə ********* nömrəli müqavilə bağlanmışdır. Müqaviləyə, ona əlavə edilmiş 1 nömrəli əlavəyə və ödəniş cədvəlinə əsasən cavabdehin müqavilə üzrə borcu – ödəniş müddəti 18 ay, aylıq ödəniş 50 (sonuncu ay 49,99 manat) manat olmaqla 899,99 manat müəyyən edilmişdir. İddiaçı ərizəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə "xxxx" MMC-nin Gəncə şəhəri, Ş.İ.Xətai prospekti, 3-cü mikrorayon 7 nömrəli binada yerləşən mağazası ilə 899,99 manat dəyərində olan Samsung A546 Black 256 GB markalı mobil telefonu 50 manat aylıq ödəniş etməklə 18 ay müddətinə kredit müqaviləsi bağlayaraq almışdır. xx.xx.2024-cü il tarixdə telefonda Wİ-Fİ-yə girərkən nida işarəsi görsənərək və donma kimi qüsur aşkarlanmışdır. Hesab etmişdir ki, yəqin telefonla bağlı yox, başqa bir problemlə bağlı ola bilər, 2-3 gün bu qüsur təkrar olunduqdan sonra xx.xx.2024-cü il tarixdə mağazaya gedib telefonda belə bir qüsur olduğunu bildirib, telefonu dəyişdirmək istəmiş, lakin mağazada ona 2-3 gündən sonra gəlməsi bildirilmişdir. İddiaçı 14 gün keçəndən sonra dəyişdirilmənin qanunla mümkün olmadığını xatırlatsa da, mağazadan ona 14-cü gündə belə bir qüsurun olduğunu artıq gəlib bildirdiyinə görə vaxtın keçmədiyini, müdiriyyətlə məsləhətləşib onu razı salacaqlarını demişlər. Sonralar bilmişdir ki, onlar, yəni mağaza işçiləri onu aldadıblar. İddia ərizəsində qeyd edilmişdir ki, sonradan telefonu iddiaçıdan alıb servis mərkəzinə göndərmişlər. Servis Mərkəzi xx.xx.2024-cü il tarixli cavabında qeyd etmişdir ki, guya qüsur aşkar olunmamış, arxa qapağında xırda cızıqlar vardır. Halbuki, telefonun arxasında hətta xırda cızıqlar belə yoxdur, ona görə ki, alınan kimi iddiaçı telefona üzlük çəkdirmişdir. İddia tələbinə görə Wİ-Fİ-yə giriş zamanı nida işarəsi gəlir, işləməyi üçün gərək telefonu söndürüb yenidən işlək vəziyyətə gətirəsən, bu isə iddiaçıya çox sarsıntı həyəcan gətirir, onu əsəbləşdirir və s. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (atası) iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini xahiş etdi. Həmçinin izahatında bildirdi ki, iddiaçı xx.xx.2024-cü il tarixdə cavabdeh MMC-nin Gəncə şəhəri, Ş.İ.Xətai prospekti, 3-cü mikrorayon, 7 nömrəli binada yerləşən mağazasından 899,99 manat dəyərində olan “Samsung A546 Black 256 GB” markalı mobil telefonu 50 aylıq ödəniş etməklə 18 ay müddətində kredit müqaviləsi bağlamaqla almışdır. xx.xx.2024-cü il tarixdə telefonda "xxxx"yə daxil olarkən nida işarəsi görünərək donma kimi qüsur aşkarlanmışdır. Bundan sonra iddiaçı telefonla birlikdə cavabdehə müraciət etmiş, cavabdeh telefonu baxılması üçün götürmüş, lakin sonradan cavabdeh tərəfindən iddiaçıya arxa qapaqda xırda cızıqların olduğu deyilmişdir. İddiaçı məcbur olub ödənişlər etmişdir ki, ona cərimə yazılmasın. Nümayəndə əlavə etdi ki, bütün bunlara baxmayaraq mobil telefonu ekspertə təqdim etmək istəmirlər. Əvvəlki məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi iddia tələbinə etiraz etmiş, sözügedən telefonda hər hansı qüsurun olmadığını bildirmiş, iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadəsində bildirmişdir ki, iş üçün cavabdeh MMC-dən telefon götürmüşlər. Telefonda "xxxx"yə daxil olarkən tez-tez nida işarəsi göründüyü kimi 2-3 ay sonra telefonu cavabdeh MMC-yə aparmışlar. Telefona baxılaraq format verilmiş, 3 gündən sonra açmalı olduqları bildirilmişdir. Bundan sonra 3 gün gözləsələr də, telefondakı problem həll olunmamışdır. Telefonu yenidən cavabdeh MMC-yə göstərəndə telefon Bakıya göndərilmiş, orada heç bir qüsurun aşkar olunmadığını bildirmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarına tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsi, ona 1 nömrəli əlavə, həmçinin ödəniş cədvəli əlavə edilmişdir. İş materiallarına iddiaçı tərəfindən müqavilə üzrə xx.xx.2024-cü il tarixdə cavabdehə ödənilmiş 100 manat və 1 manat ödənişləri təsdiq edən mədaxil qəbzləri əlavə edilmişdir. İş materiallarında olan cavabdeh MMC-nin mühəndis və mütəxəssisi tərəfindən verilmiş texniki rəydən görünür ki, “Samsung A546” markalı mobil telefonda qüsur, maye təsiri, fiziki zədə təsiri aşkar olunmamış, əmtəə görünüşünə əsasən arxa qapaqda xırda cızıqların olduğu müəyyən edilmişdir. Nəticədə cihazın əmtəə görünüşü pozulduğuna görə cihazın dəyişdirlməsi və ya qaytarılması mümkün olmamışdır. “Samsung Service Plaza” tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli texniki rəydən görünür ki, “Samsung A546” markalı mobil telefonda maye keçməsi və mexaniki zədə aşkar edilməmiş, cihazın öz parametrlərinə uyğun işlədiyi müəyyən edilmişdir. Cavabdeh MMC-nin zəmanət talonundan görünür ki, Cavabdeh MMC aldığı məhsul alındığı gündən etibarən 12 ay müddətində zəmanətlidir. Zəmanət müddəti malın satıldığı gündən hesablanır. 14 gün ərzində, məhsulun əmtəə görünüşü pozulmadığı və mal işlədilmədiyi halda müştərinin istəyi ilə qaytarıla və ya başqa model ilə dəyişdirilə bilər. Bu zaman qiymətdə fərq olarsa, satıcı ilə lazımi hesablaşma aparılır. Təmirə ehtiyacı olan məhsul, müayinə və ya təmirin icra olunması məqsədi ilə texniki servis mərkəzində 2 gündən – 14 iş gününə qədər saxlanıla bilər. Zəmanətli təmir yalnız istehsalçının günahından baş vermiş qüsurlara aid edilir. Qüsurun istehsalçı tərəfindən baş veribverməməsi yalnız Cavabdeh şirkətinin, şirkətlərin Avtorizə olunmuş Servis (ASM) mərkəzinin mütəxəssisləri və ya ixtisaslı mütəxəssislər tərəfindən təsdiq edilə bilər. İş üzrə məhkəmə tərəfindən məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən məhkəməyə məhkəmə kompüter-texniki və məhkəmə-əmtəəşünaslıq ekspertizasının aparılmasından imtina edilməsi barədə 29 dekabr 2024-cü il tarixli məlumat daxil olmuşdur. Həmin məlumatda qeyd edilmişdir ki mülki iş üzrə tərəfinizdən 20 noyabr 2024cü il tarixdə təyin edilmiş məhkəmə kompüter-texniki və məhkmə-əmtəəşünaslıq ekspertizasının aparılması aşağıdakı səbəblərə görə mümkün deyildir: Ekspertizanın təyini haqqında qərardadda ekspert qarşısında qoyulmuş 1 nömrəli “İddiaçı ilə “İrşad Electronics" MMC arasında bağlanmış xx.xx.2024-cü il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi əsasında iddiaçıya satılmış, İMEİ kodu **********90001 olan “Samsung A546 Black 256 GB” markalı mobil telefonda hər hansı qüsur mövcuddurmu, əgər mövcuddursa həmin qüsur istehsalçının (istehsal qüsuru), yoxsa istehlakçının təqsiri nəticəsində baş vermişdir və onun aradan qaldırılması mümkündürmü, əgər mümkündürsə bunun üçün nə qədər vəsait lazımdır?” məzmunlu sual məhkəmə kompüter-texniki ekspertizasının və məhkmə-əmtəəşünaslıq ekspertizasının həll etdiyi məsələlər dairəsinə aid deyildir. Belə ki, məhkəmə kompüter-texniki ekspertizasının predmetinə müxtəlif rəqəmsal məlumatların, o cümlədən smartfonlarda mövcud olan faylların, müxtəlif proqram məhsullarının müəyyən edilməsi, onların mübadiləsi nəticəsində yaranan rəqəmsal izlərin, pozulmuş (notebookda, kompüterdə və sairə) məlumatların bərpası, rəqəmsal hesablama sistemlərində baş vermiş hadisələrin təhlili və elektron yaddaşın fəaliyyətinə aid digər bu tipli suallar aiddir. Hər hansı bir elektron cihazda mövcud qüsurların yaranma səbəbləri (istifadəçi və yaxud istehsalçı tərəfindən) cihazın sistem jurnalında qeyd olunmur və onun barəsində məlumatlar saxlanılmır. Ekspert qarşısında qoyulmuş sualların cavablandırılması, yəni mobil smartfonda olan qüsurlar və onların yaranma səbəblərinin müəyyən edilməsi, onun aradan qaldırılması üçün nə qədər vəsaitin lazım olması müvafiq istehsalçı şirkətinin məhsularına texniki xidməti həyata keçirən qeyd edilən sahədə ixtisaslaşmış mütəxəssis tərəfindən həll edilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Qeyd edilən müddəadan da göründüyü kimi, qanun öhdəliyin yaranması üçün üç hüquqi əsas müəyyən etmişdir. Yəni, öhdəlik ya bir şəxsin digər şəxsə vurduğu zərər (delikt) nəticəsində (bu halda, zərər vuran şəxsin vurduğu zərərin əvəzini zərər çəkənə ödəmək öhdəliyi yaranır), ya əsassız varlanma (bu halda, əsassız varlanan şəxsin əldə etdiklərini zərər çəkənə qaytarmaq öhdəliyi yaranır), ya da tərəflər arasında bağlanmış müqavilənin icra edilməsi (yaxud icra edilməməsi), qüsurlu icra edilməsi və s. nəticəsində yarana bilər. İşin mübahisəsiz halıdır ki, tərəflər arasında nisyə alqı-satqı müqaviləsi bağlanmış, xx.xx.2024-cü il tarixdə iddiaçı, cavabdeh "xxxx" MMC-nin Gəncə şəhəri, Ş.İ.Xətai prospekti, 3-cü mikrorayon 7 nömrəli binada yerləşən mağazasında 899,99 manat dəyərində olan Samsung A546 Black 256 GB markalı mobil telefonu 18 ay müddətinə 50 manat aylıq ödəniş etməyə razılaşmaqla almışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. İddiaçı hesab edir ki, cavabdeh ona qüsurlu mal satmışdır. Belə ki, telefonda Wİ-Fİyə girərkən nida işarəsi görsənərək və donma kimi qüsur aşkarlanmışdır. İddia tələbinə görə Wİ-Fİ-yə giriş zamanı nida işarəsi gəlir, işləməyi üçün gərək telefonu söndürüb yenidən işlək vəziyyətə gətirəsən, bu isə iddiaçıya çox sarsıntı həyəcan gətirir, onu əsəbləşdirir və s. Məhkəmə qeyd edir ki, Mülki Məcəllədə əşyanın keyfiyyətililik şərtlərinə dair müddəalar nəzərdə tutulmuşdur. Belə ki, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür (Mülki Məcəllənin 567-ci maddəsi). Satıcı alıcıya keyfiyyəti alğı-satqı müqaviləsinə uyğun gələn əşya verməyə borcludur. Alqı-satqı müqaviləsində əşyanın keyfiyyəti haqqında şərtlər olmadıqda, satıcı alıcıya bu cür malın adətən istifadə edildiyi məqsədlərə yarayan əşya verməyə borcludur. Əgər müqavilə bağlanarkən alıcı əşyanı əldə etməsinin konkret məqsədləri barəsində satıcıya məlumat vermişdirsə, satıcı alıcıya həmin məqsədlər üçün istifadəyə yarayan əşya verməyə borcludur (Mülki Məcəllənin 581.1 və 581.2-ci maddələri). Satılan əşyanın keyfiyyəti barəsində məcburi tələblər olduqda, sahibkarlıq fəaliyyəti ilə məşğul olan satıcı alıcıya həmin məcburi tələblərə uyğun gələn əşya verməyə borcludur (Mülki Məcəllənin 581.4-cü maddəsi). Qeyd edilən müddəalardan da göründüyü kimi, alqı-satqı müqaviləsi bağlanarkən satıcının əşyanı alıcının mülkiyyətinə verməklə bərabər, həm də keyfiyyətli əşya (konkret və ya istifadə şərtlərinə görə müəyyənləşdirilə bilən) verilməsi ilə bağlı müəyyən öhdəlikləri vardır. Bu da ilk növbədə istehlakçı hüquqlarının qorunmasına xidmət edir. Bu səbəbdən də, qanunvericilik keyfiyyətlə bağlı şərtlərin pozulmasına görə satıcının üzərinə müəyyən öhdəliklər qoymuşdur ki, onların pozulmasına görə satıcı məsuliyyət daşımış olur. Belə ki, Mülki Məcəllənin 587.2.1-ci maddəsində müəyyən edilir ki, əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda) alıcının ixtiyarı var ki, öz seçimi ilə, alqı-satqı müqaviləsinin icrasından imtina etsin və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etsin. Qeyd edilən müddəalar baxımından, məhkəmə hesab edir ki, iddiaçının irəli sürdüyü tələbin uğurlu olması üçün iddia ərizəsində qeyd edilən dəlillərin sübuta yetirilməsi zəruridir. Lakin iddiaçı ona cavabdeh tərəfindən keyfiyyətsiz (qüsurlu) malların satılması ilə bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Əksinə, iş materiallarına cavabdeh tərəfindən əlavə edilmiş, “Samsung Service Plaza” tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli texniki rəydən görünür ki, “Samsung A546” markalı mobil telefonda maye keçməsi və mexaniki zədə aşkar edilməmiş, cihazın öz parametrlərinə uyğun işlədiyi müəyyən edilmişdir. Bundan başqa, məhkəmə tərəfindən mübahisə üzrə alqı-satqı predmeti olan əşyada qüsurların olub-olmaması barədə mütəxəssis cəlb edilməklə məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilsə də, iş ekspertizadan rəy verilmədən geri qaytarılmışdır. Həmçinin, iddiaçıya təklif edilsə də, əşyanın təqdim edilməməsi səbəbindən iş üzrə mühəndis-texniki ekspertizası təyin etmək də mümkün olmamışdır. Məhkəmə bir daha qeyd edir ki, sübutetmə vəzifəsinin bölgüsü baxımından tərəflər arasında bağlanmış müqaviləyə əsasən alınmış əşyanın əvvəlcədən qüsurlu olmasını iddiaçı sübut etməlidir. Lakin, iddiaçı cavabdehdən aldığı əşyanın əvvəlcədən qüsurlu olması ilə bağlı sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsi əsasında satılmış əşyanın (mobi telefonun) əvvəlcədən qüsurlu olması barədə lazımi sübutlar iddiaçı tərəfindən məhkəməyə təqdim olunmadığından və beləliklə iddianın əsaslı olması məhkəmə iclasında öz təsdiqini tapmadığından, İddiaçı Cavabdeh MMC-yə qarşı alınan malın dəyişdirilməsi, mümkün olmadıqda müqavilənin ləğv edilməsi, maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddiası təmin olunmamalıdır. MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə (hakim) yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı Cavabdehnə qarşı alınan malın dəyişdirilməsi, mümkün olmadıqda müqavilənin ləğv edilməsi, maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Fərhadov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar