Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-6287/2023 05.12.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızının sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Törəmə Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh "xxxx" Törəmə Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi və ona əlavə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən Gəncə şəhəri, Səfəvilər küçəsi, 6-cı döngə, ev 32 ünvanına hesablanmış 453.6 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, 1988-ci ildə Qərbi Azərbaycandan (Ermənistan) məcburi köçkün olaraq Gəncə şəhərinə gəldi. Gəncə şəhəri, Səfəvilər küçəsi, Vİ döngə, 32 savlı evdə məskunlaşdı. Səfəvilər küçəsi Vİ döngədə içməli su xətti olmamışdı. Həmin küçənin sakinləri içməli suyu maşından alırdı. Həyət-bacanı suvarmaq üçün suyu həmin küçədə yerləşən "xxxx" MMC-dən (keçmiş keçə zavodu) alırdılar. Onlar həmin zavoda aylıq ödəniş edərək gündə bir saatt su ilə təmin olunurdular. Təxminən 2022-ci ilin axırına qədər onlar təsərrüfat suyunu həmin zavoddan alırdılar. 1988-ci ildən 2022-ci ilə qədər suya olan borcları haqqında heç bir təşkilatdan xəbərdarlıq və ya bildiriş almamışlar. Çünki onlar istifadə etdikləri suyun pulunu "xxxx" MMC-yə ödəyirdilər. 2022-ci ildə küçəyə yeni su xətti çəkdilər. Evlərə su sayğacları qoyuldu. Sayğac qoyulduqdan bir qədər sonra onun adına 453.60 manat su borcu olduğu haqqında bildiriş verdilər. İddiaçı buna öz etirazını bildirdi. Dəfələrlə su idarəsinə getdi. Lakin onu eşitmək istəmədilər. Məhkəmə iclasında iddiaçı ərizəsinin məzmununa uyğun izahat verərək tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi akt təqdim edərək, Gəncə şəhəri, Səfəvilər küçəsi, 6-cı döngə, ev 32 ünvanının 2022-ci ilə qədər "xxxx" MMC-yə məxsus olan subartezian vasitəsilə su ilə təchiz edildiyini, 2022-ci ildən "xxxx" TSC-yə məxsus layihə çərçivəsində yeni çəkilmiş su şəbəkəsinə qoşularaq içməli su ilə təchiz edildiyini bildirdi. Məhkəmə tərəfləri dinləyərək, məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarına əlavə edilmiş Gəncə şəhəri, Səfəvilər küçəsi, 6-cı döngə, ev 32 ünvanı üzrə tərtib edilmiş abonent kartından görünür ki, su təchizatı və kanalizasiya xidmətinə görə abonent İddiaçı xx.xx.2011-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi 453.6 manat borc hesablanmışdır. İş materiallarına əlavə edilmiş, "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Gəncə şəhəri, Səfəvilər küçəsi, 6-cı döngə, ev 32 ünvanında yaşayan İddiaçı uzun illərdir məcburi köçkün olduğunu nəzərə alaraq, onların suya olan tələbatı "xxxx" MMC tərəfindən balnaslarında olan artezian quyusundan ödənilmişdir. İş materiallarına əlavə olunmuş, "xxxx" TSC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli aktdan görünür ki, Gəncə şəhəri, Səfəvilər küçəsi, 6-cı döngə, ev 32 ünvanı 2022-ci ilə qədər "xxxx" MMC-yə məxsus olan subartezian vasitəsilə su ilə təchiz edilmiş, 2022-ci ildən "xxxx" TSC-yə məxsus layihə çərçivəsində yeni çəkilmiş su şəbəkəsinə qoşularaq içməli su ilə təchiz edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Su təchizatı və tullantı suları haqqında Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinin 3-cü bəndinə əsasən, su təchizatı müəssisəsi ilə istehlakçı arasında suyun alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Su təchizatı müəssisəsi ilə istehlakçı arasında suyun alqı-satqı müqaviləsinin nümunəsi, suyun qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, suyun keyfiyyəti, suyun dəyərinin ödəmə şərtləri və digər məsələlər sudan istifadə qaydaları ilə tənzimlənir. Həmin Qanunun 30-cu maddəsinin 1-ci hissəsinə görə, su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsi ilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. Su təchizatı müəssisəsi istehlakçıya verdiyi suyun dəyərini tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). Həmin Qanunun 61-ci maddəsinin 1-ci hissəsinə görə, su təchizatı və kanalizasiya müəssisəsi ilə fərdi istehlakçı arasında müqavilənin olub olmamasından asılı olmayaraq, xidmətlərin haqqının ödənilməsi üzrə istehlakçıların vəzifələri onların obyektdə yaşaması, obyektin icarəçisi olması və ya onlar tərəfindən su təchizatı obyektlərindən hər hansı digər məqsədlər üçün istifadə faktına əsaslanır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyul 2014-cü il tarixli 262 saylı qərarı ilə təsdiq edilmiş “Sudan istifadə qaydaları”nın 7.1, 7.2, 7.3, 7.4-cü bəndlərinə əsasən Suyun və kanalizasiya sisteminə tullantı sularının axıdılmasının pərakəndə satış qiyməti (tarifləri) Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən tənzimlənir. STKM smart-kart tipli olmayan suölçən cihaz quraşdırılmış istehlakçıya ötən ay ərzində verdiyi suyun həcmini belə cihazın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya buna görə ödənilməli olan vəsaitin həcmini əks etdirən hesab təqdim etməlidir (göndərməlidir). Su sərfi haqqında məlumatın təqdim edilməsini STKM ilə bağlanılmış müqaviləyə əsasən istehlakçının özü də həyata keçirə bilər. Smart-kart tipli suölçən cihaz quraşdırılmış istehlakçıya istifadə etdiyi suyun həcmi haqqında STKM tərəfindən hesab təqdim edilməsi (göndərilməsi) tələb edilmir. Əhali qrupuna aid olan istehlakçılara suölçən cihaz quraşdırılmadıqda, verilmiş suyun və axıdılmış tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmi istehlakçıya məxsus mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayına uyğun olaraq müvafiq dövr üzrə aparılan hesablama yolu ilə müəyyənləşdirilir. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim olunmalıdır. Belə mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayında dəyişikliklər olduqda, istehlakçı bu faktı təsdiq edən sənədi ən geci 7 (yeddi) iş günü müddətində STKM-ə təqdim etməlidir. STKM hesablamanı sənəd təqdim edildiyi gündən sənəddə göstərilən məlumata uyğun aparmalıdır. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim etmədikdə su təchizatı və tullantı suları barədə hesabat ölkə üzrə ailə tərkibinin müəyyənləşdirilmiş orta statistik say tərkibinə uyğun olaraq aparılır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçının istifadəsində və sahibliyində olan Gəncə şəhəri, Səfəvilər küçəsi, 6-cı döngə, ev 32 ünvanı 2022-ci ilə qədər "xxxx" MMC-yə məxsus olan subartezian vasitəsilə su ilə təchiz edilmiş, 2022-ci ildən "xxxx" TSC-yə məxsus layihə çərçivəsində yeni çəkilmiş su şəbəkəsinə qoşularaq içməli su ilə təchiz edilmişdir. Lakin həmin ünvan üzrə tərtib edilmiş abonent kartına əsasən, xx.xx.2011-ci il tarixdən xx.xx.2022-ci il tarixədək içməli su və çirkab suyun axıdılması üçün iddiaçıya 453.6 manat borc hesablanmışdır. Məhkəmə qeyd edilənlərə əsasən hesab edir ki, Gəncə şəhəri, Səfəvilər küçəsi, 6-cı döngə, ev 32 ünvanında xx.xx.2011-ci ildən xx.xx.2022-ci il tarixədək su təchizatı həyata keçirilmədiyi halda, içməli su və çirkab suyun axıdılması üçün cavabdeh tərəfindən iddiaçıya 453.6 manat borcun hesablanması əsassızdır, buna görə iddia təmin edilərək həmin borc silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh "xxxx" X3 Cəmiyyəti tərəfindən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi üzrə su təchizatı və çirkab suyun axıdılması xidmətinə görə İddiaçı hesablanmış 453 (dörd yüz əlli üç) manat 60 (altmış) qəpik borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Xədicə Səfərli
Məhkəmə qərarları › İş №2(125)-6287/2023
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-6287/2023
05.12.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver