Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-2(1-8)-220/2026 02.07.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının Iddiaçı İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının cavabdeh Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: kredit müqaviləsi, borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Abiyeva Kəmalə Nəbi qızının məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, iddiaçı İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının cavabdeh Cavabdeh qarşı “borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2026-cı il ## ###### tarixli *-*(*-**)-*/**** nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. Işin halları
1. İddiaçı QSC BOKT ilə Cavabdeh arasında 2024-ci il ## #### tarixli ***M nömrəli kredit müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən, kredit təşkilatı borcalana əsas borcun ödənişi müddətin sonunda, faiz borcunun ödənişi kredit müddətinin son 3 ayında olmaqla 12 ay müddətinə qaytarmaq şərtilə 920 000 manat məbləğində kredit verməyi, borcalan isə krediti qəbul edərək bu müqavilədə göstərilən müddətdə və qaydada krediti, həmin kreditə görə hesablanmış faizləri və müqavilədə göstərilən digər ödənişləri kredit təşkilatına ödəməyi öz öhdələrinə götürmüşlər.
2. İddiaçı QSC BOKT ilə Cavabdeh arasında 2025-ci il ## #### tarixli, ***T/R* nömrəli girov müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən, 2024ci il ## #### tarixli ***M nömrəli kredit müqaviləsi üzrə öhdəliyin icrasının təminatı kimi girov qoyan layihə üzrə əldə edəcəyi 294 ton quru tütünü, habelə ayrı-ayrı şəxslərə satılmış məhsullardan daxil olan pul vəsaiti üzrə borc tələb hüququnu girov saxlayanın xeyrinə girov qoyur. Toplamda girovun ümumi bazar dəyəri 1 206 400 manat təşkil edir. Girov qoyulmuş tütün ünvan 2 ünvanında yerləşən “X1” ASC-nin anbarında saxlanılacaqdır. 4.1-ci bəndinə əsasən, bu müqavilə üzrə tərəflər razılaşırlar ki, borcalan kredit müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə və ya lazımınca icra etmədikdə girov saxlayan tələbinin ödənilməsi üçün məhkəmədə iddia qaldıra (və ya məhkəmə əmri üçün ərizə verə), notariat kontorundan icra qeydi ala, yaxud da məhkəməyə müraciət etmədən və notariusun icra qeydini almadan da girov predmetinə tutma başlaya və/və ya onu sahibliyinə götürə və sata bilər.
3. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 2024-cü il 12 iyul və 2025-ci il ## #### tarixli ərizələrdən göründüyü kimi krediti gecikdirdiyi təqdirdə girov müqaviləsinə əsasən girov predmetinin kreditor tərəfindən qeyd şərtsiz satılıb kredit borcunun, ona hesablanmış faizlərin və gecikmiş faizlərin ödənilməsinə razılıq vermişdir.
Iş üzrə məhkəmə icraatı
a) Birinci instansiya məhkəməsindəki icraat
4. Iddiaçı İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatı ( bundan sonra-“iddiaçı”) cavabdeh Cavabdeh ( bundan sonra-“cavabdeh”) qarşı “cavabdehdən 2024-cü il ## #### tarixli ***M saylı kredit müqaviləsi üzrə 89.3431,11 manat əsas borc, 8686,13 manat faiz borcu olmaqla, ümumilikdə 902.117,24 manat borcun iddiaçının xeyrinə tutulması; borc tələbinin iddiaçıya girov qoyulmuş cavabdehə məxsus və ünvan 2 ünvanında yerləşən çəkisi 296 ton olan qurudulmuş tütünə yönəldilməsi; girov predmeti olan 296 ton qurudulmuş tütünün girov qoyanın sahibliyindən çıxarılaraq girov saxlayan iddiaçının sahibliyinə verilməsi; girov predmetinin satışından əldə edilən vəsaitdən 902117,24 manat borcun və ödənilmiş 1192,12 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
5. Iddia tələbi işin yuxarıda qeyd edilən hallarına istinadla əsaslandırılmış, eyni zamanda qeyd edilmişdir ki, cavabdeh qrafikə uyğun olaraq əsas borcu və ona hesablanmış faiz borcunu ödəməli olduğu halda o, müqavilənin şərtlərinə əməl etməmiş, bununla da cavabdeh kreditoru ümid etməyə haqqı çatanlardan məhrum etmişdir. Cavabdehin iddiaçıya əsas borcu 893431,11 manat, faiz borcu 8686,13 manat olmaqla, cəmi borcu 902117,24 manat təşkil edir. Cavabadehlə bağlanmış ## #### 2024-cü il tarixli 766 T saylı girov müqaviləsinin müddəti başa çatdığından, ## #### 2024-cü il tarixli ***M saylı rredit müqaviləsinin təminatı olaraq cavabdehlə yenidən eyni məzmunda ## #### 2025-ci il tarixli ***T/RI saylı girov müqaviləsi bağlanmış və həmin müqavilə daşınar əşyaların yüklülük reyestrində qeydiyyata alınmışdır. Cavabdehə borcun ödənilməsi ilə bağlı xəbərdarlıq edilmiş, girov predmetinə tutmanın yönəldilməsinə dair bildiriş göndərilmiş, lakin xəbərdarlıq və bildiriş nəticəsiz qalmışdır. Borcun ödənilməsi barədə cavabdehə dəfələrlə müraciət olunmasına, tərəflərindən məsələnin məhkəmədənkənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq lazımi nəticə əldə olunmamışdır.
6. Məhkəmə iclasında cavabdehin nümayəndəsi izahatında bildirmişdir ki, hüquqlarını müdafiə etdiyi şəxs bir neçə dəfə bankdan kredit götürmüş və həmin borcları da ödəmişdir. Hazırkı iş üzrə borcun ödənilməməsi isə tütünün satılmasında yaranan problemlərlə əlaqədar olmuşdur. Cavabdeh əsas borcdan 26 500 manat, faiz borcundan isə 71 231 manat ödəniş etmişdir, iddia tələbi ilə razı deyildir.
7. Şəki Kommersiya Məhkəməsinin 2025-ci il # ###### tarixli e-*-*(***)-****/**** nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir ( hakim M.Hüseynov).
8. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi cavabdeh müqavilə üzrə öhdəliyini yerinə yetirmədiyindən iddiaçıya borcu yaranmış və bu səbəbdən də, iddiaçı tələbin girov predmetinə yönəldilməsini tələb etməkdə haqlıdır.
9. Tərəflər arasında bağlanmış girov müqaviləsinin şərtlərinə, eyni zamanda “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, borcun ödənilməsi üçün tutma cavabdehə məxsus ünvan 2 ünvanında yerləşən çəkisi 294 ton olan qurudulmuş tütün məhsuluna yönəldilməli, həmin girov predmeti iddiaçının sahibliyinə verilməli, satışdan əldə edilmiş vəsait cavabdehin iddiaçıya olan borcunun ödənilməsinə yönəldilməli və artıq qalmış vəsait cavabdehin özünə qaytarılmalıdır.
10. Məhkəmə cavabdeh tərəfin hazırkı iş üzrə mübahisələndirdiyi hissə olan borcunu qismən ödədiyindən girov predmetinə yönəldilmənin qismən təmin edilməli olması ilə bağlı qeyd etmişdir ki, hazırkı vəziyyətdə girov predmetinin qiyməti müəyyən edilə bilmədiyindən, girov predmeti satıldıqdan sonra, ilkin olaraq əldə edilən vəsait borcun ödənilməsinə yönəldilməli və artıq qalmış vəsait isə cavabdehə qaytarılmalıdır.
11. Məhkəmə “Daşınar əmlakın yüklülüyü haqqında” Qanunun 18-ci maddəsinə istinadla belə nəticəyə gəlmişdir ki, cavabdehdən 893431,11 manat əsas borc, 8686,13 manat faiz borcu olmaqla, cəmi 902117,24 manat borc tutularaq iddiaçıya ödənilməli, tutma cavabdehə məxsus ünvan 2 ünvanında yerləşən çəkisi 294 ton olan qurudulmuş tütün məhsuluna yönəldilməli, girov predmeti iddiaçının sahibliyinə verilməli, həmin əmlakın satışından əldə edilmiş vəsait cavabdehin iddiaçıya olan borcunun ödənilməsinə yönəldilməli və artıq qalmış vəsait cavabdehin özünə qaytarılmalıdır.
12. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-“MM”) 269.1, 295, 296.1, 385.1, 427.3, 442, 448.1, 739.1 və 739.2-ci maddələrinə, “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikası Qanununun 13.1, 16.1, 18.1-18.3-cü maddələrinə istinadla əsaslandırmışdır.
13. Cavabdeh tərəfindən həmin qətnamədən verilmiş apellyasiya şikayətində tutmanın cavabdehə məxsus ünvan 1 ünvanında yerləşən çəkisi 296 ton olan qurudulmuş tütün məhsuluna yönəldilməsi, girov predmetinin iddiaçının sahibliyinə verilməsi, həmin əmlakın satışından əldə edilmiş vəsaitin cavabdehin iddiaçıya olan borcunun ödənilməsinə yönəldilməsi və artıq qalmış vəsait cavabdehin özünə qaytarılması hissəsində ləğv edilməsi və həmin hissədə yeni qətnamə çıxarılması xahiş edilmişdir.
b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
14. Şəki Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2026-cı il ## ###### tarixli *-*(*-**)-*/**** nömrəli qətnaməsi ilə cavabdehin apellyasiya şikayətinin qismən təmin edilməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin-tutmanın cavabdehə məxsus ünvan 1 ünvanında yerləşən çəkisi 296 ton olan qurudulmuş tütün məhsuluna
21. yönəldilməsi hissəsində dəyişdirilərək tutmanın cavabdehə məxsus ünvan 2 ünvanında yerləşən çəkisi 294 ton olan qurudulmuş tütün məhsuluna yönəldilməsi, qətnamənin mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir ( sədrlik edən-məruzəçi hakim Ə.Kərimov, hakimlər E.Hüseynov və Z.Sadiqov).
15. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, tərəflər arasında kredit müqaviləsi bağlanmış və həmin müqavilə əsasında kredit verilmişdir. Cavabdehin “sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi, tütün tədarükü və əməliyyat xərclərinin ödənilməsi” məqsədilə ilə verilmiş kredit üzrə ödənilməmiş 893431,11 manat əsas borc, 8686,13 manat faiz borcu olmaqla, ümumilikdə 902117,24 manat borcu qalmışdır. Göründüyü kimi, iddiaçı öhdəliklərini yerinə yetirərək müqavilə ilə nəzərdə tutulmuş məbləği cavabdehə vermiş, cavabdeh isə götürdüyü öhdəliyini lazımınca yerinə yetirmədiyindən ödənilməmiş borcları qalmışdır.
16. Məhkəmə kollegiyası apellyasiya şikayətinin girov predmetinin iddiaçının sahibliyinə verilməsi ilə bağlı dəlillərini əsassız hesab edərək qeyd etmişdir ki, apellyator şikayətində cavabdehin nə müqavilə üzrə girov predmetini iddiaçının sahibliyinə verilməsi ilə bağlı öhdəlik götürmədiyini, nədə qanunvericilikdə belə bir normanın olmadığını bildirmişdir. Lakin həm tərəflər arasında bağlanmış müqavilədə həm də qanunvericilikdə girov predmetinin iddiaçının sahibliyinə verilməsi halları müəyyən edilmişdir.
17. Məhkəmə kollegiyası apellyasiya şikayətinin əmlakın satışından əldə edilmiş vəsaitin cavabdehin borcunun ödənilməsinə yönəldilməsi ilə bağlı şikayətin dəlillərini həmin hissədə də əsassız hesab etmiş, qeyd etmişdir ki, girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. MM-in 296.1-ci maddəsinin tələblərinə görə isə, girov saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Belə razılaşma ilə hüquqları pozulmuş şəxsin iddiası üzrə məhkəmə həmin razılaşmanı etibarsız saya bilər. Bu cür razılaşma olmadıqda girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir. «Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikası Qanununun şamil edildiyi yüklülük predmetinə tutmanın yönəldilməsi həmin Qanunla müəyyən edilmiş qaydada həyata keçirilir. Belə olan halda , apellyasiya şikayətinin dəlilləri həmin hissədə əsassız olmuşdur.
18. Məhkəmə kollegiyası apellyasiya şikayətinin artıq qalmış vəsaitin cavabdehin özünə qaytarılması ilə bağlı dəlillərinə münasibət bildirərək qeyd etmişdir ki, birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, hazırkı vəziyyətdə girov predmetinin qiyməti müəyyən edilə bilmədiyindən, girov predmeti satıldıqdan sonra, ilkin olaraq əldə edilən vəsait borcun ödənilməsinə yönəldilməli və artıq qalmış vəsait isə cavabdehə qaytarılmalıdır.
19. Qeyd edilənlərlə yanaşı məhkəmə kollegiyası belə nəticəyə gəlmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi tutmanın cavabdehə məxsus ünvan 1 ünvanında yerləşən çəkisi 296 ton olan qurudulmuş tütün məhsuluna yönəldilməsi hissəsində dəyişdirilmədir.
20. Belə ki, məhkəmə kollegiyası apellyasiya şikayətinin tutmanın cavabdehə məxsus ünvan 1 ünvanında yerləşən çəkisi 296 ton olan qurudulmuş tütün məhsuluna yönəldilməsi ilə bağlı dəlillərinə münasibətdə bildirmişdir ki, tərəflər arasında bağlanmış girov müqaviləsinin 1.1-ci bəndinə əsasən, kredit müqaviləsi üzrə öhdəliyin icrasının təminatı kimi girov qoyan layihə üzrə əldə edəcəyi 294 ton quru tütünü, habelə ayrı-ayrı şəxslərə satılmış məhsullardan daxil olan pul vəsaiti üzrə borc tələb hüququnu girov saxlayanın xeyrinə girov qoyur. Toplamda girovun ümumi bazar dəyəri 1 206 400 manat təşkil etmişdir. Girov qoyulmuş tütün ünvan 2 ünvanında yerləşən “X1” ASC-nin anbarında saxlanılacaqdır. Göründüyü kimi, tərəflər arasında bağlanmış müqaviləyə əsasən Şəki şəhərində olan 296 ton qurudulmuş tütün məhsulu girov ilə yüklü edilmişdir. Bundan başqa, birinci instansiya məhkəməsinin qətnaməsinin təsviriəsaslandırıcı hissəsində də məhkəmə tutmanın yönəldilməli olan tütünün çəkisini 294 ton, girov qoyulmuş tütünün saxlanıldığı yeri isə ünvan 2 ünvanında yerləşən “X1” ASC-nin anbar olaraq qeyd etmişdir. Lakin, mübahisəli qətnamənin nəticə hissəsində tutmanın yönəldilməli olan tütünün çəkisini 296 ton, girov qoyulmuş tütünün saxlanıldığı yeri isə ünvan 1 ünvanı kimi göstərilmişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsi qeyd edilən hissələrlə bağlı yekun nəticəyə gələn zaman qismən də olsa yanlışlığa yol vermişdir. Bu baxımdan, birinci instansiya məhkəməsinin qətnaməsi - tutmanın cavabdehə məxsus ünvan 1 ünvanında yerləşən çəkisi 296 ton olan qurudulmuş tütün məhsuluna yönəldilməsi - hissəsində dəyişdirilərək tutma cavabdehə məxsus ünvan 2 ünvanında yerləşən çəkisi 294 ton olan qurudulmuş tütün məhsuluna yönəldilməlidir.
22. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni birinci instansiya məhkəməsinin istinad etdiyi maddi və prosessual hüquq normaları ilə əsaslandırmışdır 23.
Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
24.
b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
25. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
Kassasiya baxışının hədləri
26. Hazırkı icraat çərçivəsində qətnamənin qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq tam yoxlanılacaqdır.
27. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir.
Tətbiq edilən hüquq
28. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:
“Maddə 269. Girov və ipoteka hüququ anlayışı 269.1. Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. ...”
“Maddə 279. Girovla təmin edilən tələb
Əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələbini girov faktik təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir.
“Maddə 295. Girov qoyulmuş əşyaya tutmanın yönəldilməsi əsasları Girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər.
“Maddə 296. Girov qoyulmuş əşyaya tutmanın yönəldilməsi qaydası
296.1. Girov saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Belə razılaşma ilə hüquqları pozulmuş şəxsin iddiası üzrə məhkəmə həmin razılaşmanı etibarsız saya bilər. Bu cür razılaşma olmadıqda girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir. Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikası Qanununun şamil edildiyi yüklülük predmetinə tutmanın yönəldilməsi həmin Qanunla müəyyən edilmiş qaydada həyata keçirilir. …” “Maddə 297. Girov qoyulmuş əşyanın realizə edilməsi (satılması)
Girov qoyulmuş əşya hərracda (açıq auksionda) və ya “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallarda istənilən üsulla satıla bilər.
“Maddə 298. Girov qoyulmuş əşyanın satışından götürülmüş məbləğin bölüşdürülməsi
298.1. Girov qoyulmuş əşyanın satılmasından əldə olunan məbləğ aşağıdakı ardıcıllıqla bölüşdürülür: 298.1.1. girov qoyulmuş əşyanın saxlanması, salamatlığı, yaxşılaşdırılması və onun satılmasına çəkilmiş xərclərin ödənilməsinə; 298.1.2. “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallarda və qaydada daha üstün hüquqa malik olan tələblərin ödənilməsinə; 298.1.3. girov saxlayanın tələblərinin ödənilməsinə; 298.1.4. “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallarda və qaydada daha aşağı hüquqa malik olan tələblərin ödənilməsinə. 298.2. Bu Məcəllənin 298.1-ci maddəsində nəzərdə tutulmuş ödənişlər həyata keçirildikdən sonra girov qoyulmuş əşyanın satışından əldə olunan vəsaitin qalan hissəsi girov qoyulmuş əşyanın satılmasından 10 (on) iş günü müddətində girov qoyana qaytarılır. …”
“Maddə 425. Öhdəliklərin icrası zamanı vicdanlılıq
425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. ...”
“Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.”
“Maddə 443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. …” “Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti
448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. …”
29. “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:
Maddə 13. Yüklülük sahibinin yüklülük predmeti barədə hərəkətləri
13.1. Yüklülük sahibi yüklülük predmetinə aşağıdakı qaydada tutma yönəldə bilər: 13.1.1. yüklülük predmeti pul tələbidirsə (debitor borcdursa), pulun (debitor borcun) yüklülük sahibinə ödənilməsini tələb etmək; 13.1.2. yüklülük predmeti borclunun və ya yüklülük verənin sahibliyindədirsə, yüklülük verənlə yazılı razılaşma əsasında yüklülük predmetini öz sahibliyə götürmək və ya yüklülük predmetinin məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında onun sahibliyinə verilməsi üçün müvafiq olaraq məhkəməyə və ya notariusa müraciət etmək; 13.1.3. yüklülük predmeti yüklülük sahibinin sahibliyindədirsə, yüklülük predmetinin satışını təşkil etmək; 13.1.4. yüklülük predmetini bu Qanunla müəyyən olunmuş şərtlərlə mülkiyyətinə götürmək; 13.1.5. qanunvericiliklə müəyyən olunmuş digər hüquqi müdafiə vasitələrindən istifadə etmək. …”
Maddə 16. Yüklülük predmetinin satış üsulları 16.1. Yüklülük sahibi yüklülük predmetini sahibliyinə qəbul etdikdən sonra onu hərracda (açıq auksionda) və ya istənilən üsulla sata bilər. …”
Maddə 18. Yüklülük predmetinin satılmasından əldə olunan gəlirin bölüşdürülməsi
18.1. Yüklülük predmetinin satılmasından əldə olunan məbləğ yüklülük sahibi tərəfindən aşağıdakı qaydada bölüşdürülür: 18.1.1. yüklülük predmetinin saxlanması, salamatlığı, yaxşılaşdırılması və onun satılmasına çəkilmiş xərclərin ödənilməsinə; 18.1.2. bu Qanunun 3-cü fəslində müəyyən edilmiş hallarda və qaydada daha üstün hüquqa malik olan tələblərin ödənilməsinə; 18.1.3. yüklülük predmetini satan yüklülük sahibinin tələblərinin ödənilməsinə; 18.1.4. bu Qanunun 3-cü fəslində müəyyən edilmiş hallarda və qaydada daha aşağı hüquqa malik olan tələblərin ödənilməsinə. 18.2. Yüklülük sahibi yüklülük predmetinin satılmasından 5 (beş) iş günü müddətində yüklülük verəni və borclunu yüklülük predmetinin satışından götürülmüş məbləğin bölüşdürülməsi barədə yazılı formada məlumatlandırmalıdır. 18.3. Bu Qanunun 18.1-ci maddəsində nəzərdə tutulmuş ödənişlər həyata keçirildikdən sonra yüklülük predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi yüklülük predmetinin satılmasından 10 (on) iş günü müddətində yüklülük verənə qaytarılır. …”
30. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:
“Maddə 14. Iş üzrə məhkəmə baxışının prinsipləri ... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. ...”
“Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. ...”
“Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.”
“Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı ... 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
Kassasiya instansiya məhkəməsinin mövqeyi
31. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-in 416.1-ci maddəsi).
32. Kollegiya kassasiya şikayətinin dəlillərini iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas hesab etmir.
33. Belə ki, cavabdeh kredit müqaviləsinə əsasən ondan pulun tutulması hissəsində məhkəmələrin gəldiyi nəticə ilə razılaşmış, məhkəmə aktını girov müqaviləsinə əsasən girov predmetinə tutmanın yönəldilməsi hissəsində mübahisələndirmiş, müqaviləyə əsasən girov əmlakın kreditorun sahibliyinə verilməsinin qanunauyğun olmamasını göstərmişdir.
34. Lakin işə baxan məhkəmələr tərəfindən müəyyən edimişdir ki, cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini lazımi qaydada icra etmədiyindən, MM-in 295 (§28) və "Daşınar əmlakın yüklülüyü haqqında" Qanunun (§29) tələblərinə əsasən iddiaçının təminat hüququnun həyata keçirilməsi üçün qanunla nəzərdə tutulmuş əsaslar yaranmışdır.
35. Kollegiya şikayətin girov müqaviləsinin 4.1-ci bəndinin qanunvericiliyin tələbinə uyğun olmamasına dair dəlillərini əsassız hesab edərək qeyd edir ki, tərəflərin müqavilə azadlığı prinsipinə uyğun olaraq müəyyən etdikləri həmin bənd, həm də Daşınar əmlakın yüklülüyü haqqında" Qanunun 13.1.2 və 16.1-ci maddələrinin tələblərinə uyğundur. Belə ki, "Daşınar əmlakın yüklülüyü haqqında" Qanunun 13.1.2 və 16.1-ci maddələrinə əsasən yüklülük predmetinin məhkəmənin qərarı əsasında yüklülük sahibinin sahibliyinə verilməsi; həmin əmlakın sonradan satılması isə qanunvericiliklə nəzərdə tutulmuş hüquqi müdafiə vasitələri kimi təsbit edilmişdir.
36. Beləliklə, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, şikayətdə göstərilən hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün hüquqi qiymət verilmişdir. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə mübahisəli hüquq münasibətinə tətbiq edilən maddi hüquq normaları ilə yanaşı, MPM-in 14.2, 77.1, 88 və 217-ci maddələrinin tələblərinə uyğun olmuş, işdəki sübutlar mülki prosessual qanunvericiliyin mümkünlük, aidlik və mötəbərlik tələbləri nəzərə alınmaqla qiymətləndirilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas olmadığından qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.
37. MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qərara alır:
Kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2026-cı il ## ###### tarixli *-*(*-**)-*/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.