Məhkəmə qərarları › İş №2-2(1-8)-328/2026

Ali Məhkəmə Qərar — İş №2-2(1-8)-328/2026

11.09.2026 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-2(1-8)-328/2026 11.09.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının Iddiaçı İddiaçı MMC-nin cavabdeh Cavabdeh MMC-yə qarşı iş üzrə QƏRARİ Açar sözlər: podrat müqaviləsi, mülkiyyətçinin özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri almaq tələbi (vindikasiya tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının hakimi Qurbanov Raqib Əliddin oğlunun (məruzəsi ilə), Qəribov Bəhman Fərhad oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, İddiaçı MMC-nin cavabdeh Cavabdeh MMC-yə qarşı “əmlakın təhvil verilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2026-cı il ## ###### tarixli *-*(*-*)-**/**** nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. Işin halları

1. “xxxx” MMC (sifarişçi) ilə Cavabdeh MMC (podratçı) arasında 2019-cu il ## ###### tarixli 1733-A.BAY-*** nömrəli podrat müqaviləsi bağlanmışdır. müqaviləyə əsasən podratçı sifarişçinin Bakı şəhərində yerləşən “Crescent Cofferdam” tikinti obyektində təsdiq olunmuş layihəyə uyğun daşın qırılması (drobilka) işlərini görməyi öhdəsinə götürmüşdür.

2. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2022-ci il # #### tarixli *-*(***)-***/**** nömrəli qətnaməsi ilə “xxxx” MMC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı Kommersiya Məhkəməsinin 2022-ci il ## ###### tarixli, e-*-*(***)-***/**** saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi qətnaməsi ləğv edilmiş, iddiaçı Cavabdeh MMC-nin iddiası qismən təmin edilmiş, «xxxx» MMC-dən Cavabdeh MMC-nin xeyrinə 92.038,4 manat əsas borc və 4.601,9 manat faiz borcunun tutulması, həmin iddianın qalan hissədə təmin edilməməsi, iddiaçı “xxxx” MMC-nin cavabdeh Cavabdeh MMC-yə qarşı 44.893 manat məbləğində vəsaitin Cavabdeh MMC-dən alınaraq iddiaçıya ödənilməsi barədə iddiası təmin edilməmişdir.

3. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının *- *(***)-***/**** saylı, 2022-ci il ## ###### tarixli qərarı ilə kassasiya şikayəti təmin olunmamış, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2022-ci il # #### tarixli, 2-2(103)- ***/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

Iş üzrə məhkəmə icraatı

a) Birinci instansiya məhkəməsindəki icraat

1. Iddiaçı İddiaçı MMC (bundan sonra – “iddiaçı”) cavabdeh Cavabdeh MMC-yə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi və onun dəqiqləşdirilməsi barədə ərizələrlə məhkəməyə müraciət edərək, cavabdehin daşqıran kompleksində saxlanılan 45.643,6 kq çəkidə qırılmış dolomit süxuru-daşının iddiaçı tərəfindən götürülməsi üçün şərait yaradılması və qeyd edilən məhsulun iddiaçıya təhvil verilməsi vəzifəsinin cavabdehə həvalə olunması, bu mümkün olmadığı təqdirdə həmin məhsulun dəyərinin cavabdehdən tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

2. Iddia onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2022-ci il # #### tarixli *-*(***)-***/**** nömrəli qətnaməsində və həmin kommersiya işinin materiallarına əlavə edilmiş Məhkəmə Ekspertizası Mərkəzinin 2021-ci il ## ###### tarixli **/**** №-li ekspert rəyində qeyd edilmişdir ki, cavabdehə məxsus daşqıran kompleksinin yaxınlığında 17.224 m3 həcmində, 45.643,6 kq çəkidə qırılmış dolomit süxurunun olduğu müəyyən edilmişdir. Yalnız bu əsasla yuxarıda qeyd olunan məhkəmə qətnaməsi ilə cavabdeh tərəfindən 45643,6 kq. çəkidə qırılmış dolomit süxuru daşının iddiaçı (əvvəlki “xxxx” MMC”) tərəfindən qəbul edilmiş sayılmışdır. Halbuki, həmin məhsul bugünə qədər cavabdehə məxsus daşqıran kompleksində olmaqla, iddiaçıya təhvil verilməmişdir. Məhkəmə qətnaməsində iddiaçı tərəfindən 13.369,2 ton qırılmış daşın cavabdehdən götürülməsi işin mübahisəsiz halını təşkil etdiyi qeyd edilsə də, müqaviləyə və təhvil təslim aktını əsas götürməyən və yalnız işgüzar adətlərə istinad edən məhkəmə qalan məhsulun qəbul edilmiş sayılması qənaətinə gəlmişdir. Faktiki olaraq isə 45.643,6 kq. çəkidə qırılmış dolomit süxuru-daşının məhz cavabdehdə olması həm məhkəmə, həm də məhkəmə prosesi zamanı təqdim edilmiş Məhkəmə Ekspertizası Mərkəzinin 2021-ci il ## ###### tarixli 10/1943 №- li ekspert rəyi ilə də tam təsdiq olunur. Beləliklə, cavabdeh cavabdeh tərəfindən daşqıran kompleksində saxlanılan 45.643,6 kq çəkidə qırılmış dolomit süxuru daşının iddiaçı tərəfindən götürülməsi üçün şərait yaradılmalı və iddiaçının mülkiyyətində olan məhsul özgənin qanunsuz sahibliyindən alınaraq ona verilməlidir.

3. Cavabdeh iddiaya etiraz etmiş və bildirmişdir ki, podrat müqaviləsi üzrə cavabdeh üzərinə düşən öhdəliyi icra etsə də, iddiaçı görülmüş işin dəyərini ödəməmiş, bu səbəbdən onlar arasında məhkəmə mübahisəsi olmuş, cavabdehin xeyrinə yekunlaşmışdır. Lakin həmin icra sənədi uzun müddətdir ki, iddiaçı tərəfindən icra edilmir. Iddiaçı həmin icra sənədinin icrasını yubatmaq məqsədilə hazırkı iddia ərizəsini vermişdir. Işlərin icra edildiyi karxana (ərazi) cavabdehin deyil, iddiaçının istifadəsində olmuş, cavabdeh özünə məxsus daşqıran aləti həmin əraziyə gətirib yerləşdirməklə işləri icra etmiş, daha sonra iddiaçı ilə əlaqə saxlamaq mümkün olmadığı üçün həmin ərazini tərk etmişdir. Cavabdeh işi bitirib sahədən çıxanda iddiaçının hazırda tələb etdiyi məhsul orada idi, hazırda həmin ərazi ilə hər hansı əlaqəsi yoxdur. Iddiaçı bu illər ərzində heç vaxt ondan hər hansı məhsulun təhvil verilməsini tələb etməmişdir.

4. Bakı Kommersiya Məhkəməsinin 2025-ci il ## ###### tarixli, e-*-*(***)- ****/**** nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir (hakim – Ü.Həsənova).

5. Məhkəmə müəyyən etmişdir ki, tərəflər arasında 2019-cu il ## ###### tarixində podrat müqaviləsi bağlanmış, həmin müqavilə üzrə sifarişçi olan iddiaçının sifarişi ilə icraçı olan cavabdeh tərəfindən dolomit süxurunun qırılması işləri icra edilmişdir.

6. Iddiaçı hazırda podrat müqaviləsi üzrə görülmüş işin nəticəsi olan 45.643,6 kq çəkidə qırılmış dolomit süxuru daşının ona təhvil verilmədiyini bildirir.

7. Halbuki tərəflər arasında olan əvvəlki məhkəmə mübahisəsi zamanı hazırkı cavabdeh tərəfindən görülmüş işin nəticəsinin, yəni 45.643,6 kq çəkidə qırılmış dolomit süxuru daşının (yəni görülmüş işin nəticəsi) təhvil-təslim aktı olmasa da, tərəflər arasında olan işgüzar adətlərə əsasən hazırkı iddiaçı tərəfindən qəbul edilmiş sayılmalı olması müəyyən edilmiş, bu səbəbdən hazırkı iddiaçı tərəfindən cavabdehə görülmüş həmin işin müqabilində, ümumilikdə 92.038,40 manat muzdun ödənilməli olması müəyyən edilmişdir.

8. Məhkəmə araşdırması zamanı, ümumiyyətlə 45.643,6 kq çəkidə qırılmış dolomit süxurunun cavabdehdən tələb edildiyi öz təsdiqini tapmamışdır. Beləliklə, iddiaçı cavabdehdən tələb etdiyi 45.643,6 kq çəkidə qırılmış dolomit süxuruna münasibətdə tələblərini sübuta yetirə bilməmişdir.

9. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 157.2, 752.1 və 770-ci, MPM-in 14.1, 14.2, 77.1, 82.3, 241.4, 217.4, 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır.

10. Iddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək onun ləğv, iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

11. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2026-cı il ## ###### tarixli *-*(*-*)-**/**** nömrəli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – L.Əliyeva, hakimlər – T.Mahmudova və Z.Şirinov).

12. Məhkəmə müəyyən etmişdir ki, hazırkı halda iddiaçının ona qaytarılmasını tələb etdiyi süxurlar fərdi müəyyən edilmiş əşya olmadığından, eləcə də həmin süxurların hazırda cavabdehin sahibliyində olması iş materiallarında olan sübutlarla öz təsdiqini tapmadığından hazırkı işin faktiki hallarında MM-in 157.2-ci maddəsinin dispozisiya şərtlərinin mövcudluğu öz təsdiqi tapmamışdır.

13. Digər tərəfdən hazırkı tələbi podrat müqaviləsi üzrə podrat işin nəticəsinin təhvil verilməsi tələbi kimi nəzərdən keçirilsə qeyd edilməlidir ki, mübahisə predmeti olan 45.643,6 kq qırılmış dolomit daş süxurunun iddiaçı tərəfindən qəbul edilmiş hesab edilməsi, yəni cavabdehin podrat müqaviləsindən irəli gələn podrat işinin nəticələri olan 45.643,6 kq qırılmış dolomit süxurunun sifarişçiyə təhvil verilməsi öhdəliyini icra etməsi qanuni qüvvədə olan məhkəmə qətnaməsi ilə müəyyən olunmuşdur. MM-in 772.1-ci maddəsinin tələblərinə əsasən sifarişçinin işlərin qəbulunu gecikdirdiyi vaxtdan işlərin nəticəsinin təsadüfən məhv olması və zədələnməsi riski də sifarişçiyə keçmişdir. Odur ki, hazırkı halda həmin maddəyə əsasən mübahisəli süxurların podrat müqaviləsi üzrə podratçının öhdəliklərinə və podrat müqaviləsinin şərtlərinə əsaslanaraq podrat işinin nəticəsi kimi iddiaçıya təhvil verilməsini tələb etməsi əsassızdır.

14. Həmçinin, tərəflər arasında əvvəlki məhkəmə mübahisəsi zamanı alınmış ekspertiza (ekspert rəyinə qətnamələrdə istinad edilmişdir) və mütəxəssis rəylərindən də göründüyü kimi (2021-2022-ci ildə) podrat işinin nəticəsi olan qırılmış dolomit daş süxurları cavabdehə məxsus olan ərazidə deyil, daşqıran kompleksinin yaxınlığında açıq ərazidə (dağ yamacında) saxlanılmış, yəni iddiaçı podrat işinin nəticələrini saxlandığı ərazidən sərbəst şəkildə götürmək imkanına malik olmuşdur. Həmin dövrdən hazırkı iddia qaldırılanadək keçən 3 illik müddət ərzində iddiaçının həmin süxurları götürməsi istiqamətində hər hansı addım atılması, cavabdehin isə süxurların götürülməsinə maneəçilik törətməsi iş materiallarına əsasən müəyyən edilmir. Belə olan halda iddiaçının qəbul etməkdən əsassız olaraq imtina etdiyi və məhkəmə qaydasında qəbul edilmiş hesab edildikdən sonra isə 3 il ərzində götürmədiyi qırılmış daş süxurları hazırda cavabdehdən tələb etməsi mülki dövriyyənin iştirakçısından gözlənilən vicdanlı davranış kimi də qiymətləndirilə bilməz.

15. Apellyasiya məhkəməsi gəldiyi nəticəni MM-in 157.2, 385.1, 425.1, 528, 560.1, 752.1, 753.1, 770 və 772.1-ci, MPM-in 77.1, 82.3, 372.6 və 372.7-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

16. Iddiaçı həmin qətnamədən kassasiya şikayəti verərək onun ləğv, iddia tələbinin təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

a) Kassasiya şikayətinin dəlilləri

17. MM-in 770-ci maddəsi və tərəflər arasında imzalanmış podrat müqaviləsinin 5.1-ci bəndi üzrə - məhkəmənin əsas səhvlərindən biri əvvəlki məhkəmə aktına hüquqi qüvvəsindən artıq məna verməsi və MPM-in 82.3-cü maddəsini düzgün tətbiq etməməsidir. Belə ki, bu norma əvvəlki məhkəmə aktında müəyyən edilməmiş halların avtomatik olaraq, yəni öz-özlüyündə sübut olunmuş sayılması, yaxud əvvəlki iş üzrə hüquqi nəticələrin yeni mübahisəyə mexaniki tətbiqi mənasına gəlmir. Əvvəlki iş üzrə qətnamədə əsas mübahisə podrat işlərinə görə muzdun tutulması ilə bağlı olmuşdur. Hazırkı işdə isə mübahisənin predmeti tamamilə başqa məsələdir: 45.643,6 kq qırılmış dolomit süxurunun faktiki təhvil verilməsi, bu mümkün olmadıqda isə onun dəyərinin tutulması. Əvvəlki qətnamədə süxurun “qəbul edilmiş sayılması” nəticəsinə gəlinməsi həmin məhsulun faktiki olaraq iddiaçıya təhvil verildiyi və ya iddiaçının faktiki sahibliyinə keçdiyi anlamına gəlmir. Apellyasiya instansiyası məhkəməsi isə “qəbul edilmiş sayılma” ilə “faktiki təhvil verilmə” anlayışlarını eyniləşdirmiş və bununla maddi hüquq normalarını səhv şərh etmişdir. Belə ki, MMin 770-ci maddəsinə əsasən, əgər sifarişçi işi podratçının müəyyənləşdirdiyi müddətdə qəbul etmirsə, iş qəbul edilmiş sayılır. Bu norma podratçının muzd tələb etmək hüququnun yaranması və sifarişçinin qəbuldan əsassız yayınmasının hüquqi nəticələri baxımından əhəmiyyətlidir. Lakin, həmin norma podrat işinin nəticəsinin fiziki olaraq sifarişçiyə verildiyini, əşyanın faktiki olaraq onun sahibliyinə keçdiyini və ya podratçının təhvilvermə ilə bağlı bütün öhdəliklərindən azad olduğunu təsdiq etmir. Xüsusilə tərəflər arasında bağlanmış 2019-cu il ## ###### tarixli podrat müqaviləsinin 5.1-ci bəndində işlər tam başa çatdırıldıqdan sonra podratçı ilə sifarişçi arasında təhvil-təslim aktının imzalanmalı olduğu açıq şəkildə nəzərdə tutulmuşdur. Müqavilənin 2.2.1-ci bəndinə əsasən də sifarişçinin ödəniş öhdəliyi məhz müvafiq qaydada təhvil verilmiş işlərə görə yaranır. Belə olan halda məhkəmə müqavilənin bu şərtlərini nəzərə almadan yalnız MM-in 770-ci maddəsinə istinad etməklə podratçının təhvil vermə öhdəliyinin icra edildiyi qənaətinə gələ bilməzdi.

18. MM-in 157.2-ci maddəsi üzrə - məhkəmə həmin maddənin tətbiqini istisna edərkən iki əsas gətirmişdir: süxurların fərdi müəyyən edilmiş əşya olmaması və cavabdehin sahibliyində olmasının sübut edilməməsi. Halbuki iş materiallarında mübahisəli süxurun konkret miqdarı, növü və mənşəyi göstərilmiş, əvvəlki ekspertiza rəyində Cavabdeh MMC-yə məxsus daşqıran kompleksinin yaxınlığında 17.224 m³ həcmində, 45.643,6 kq çəkidə qırılmış dolomit süxurunun olduğu müəyyən edilmişdir. Bundan başqa, iddiaçı təkcə vindikasiya tələbi irəli sürməmiş, həm də müqavilədən irəli gələn əmlakın təhvil verilməsi, bu mümkün olmadıqda isə onun dəyərinin tutulması tələbini irəli sürmüşdür. Məhkəmə isə tələbi yalnız vindikasiya kimi qiymətləndirmiş, alternativ müqavilə-hüquqi əsasa tam qiymət verməmişdir. Halbuki MM-in 385.1, 425.1, 528, 752.1, 753.1, 770 və 772.1-ci maddələri birlikdə təhlil edilməli, podratçının işin nəticəsini lazımi qaydada təhvil verib-vermədiyi müəyyən edilməli idi.

19. MM-in 385.1 və 529-ci maddələri üzrə - apellyasiya instansiyası məhkəməsi qətnamənin 29-cu bəndində göstərmişdir ki, 45.643,6 kq qırılmış dolomit süxurunun iddiaçı tərəfindən qəbul edilmiş hesab edilməsi cavabdehin həmin süxurların sifarişçiyə təhvil verilməsi öhdəliyini icra etməsi deməkdir. Bu nəticə hüquqi baxımdan əsassızdır. Çünki MM-in 385.1-ci maddəsinə əsasən öhdəliyə görə borclu kreditorun xeyrinə müəyyən hərəkəti etməlidir, o cümlədən əmlak verməli, iş görməli və ya xidmət göstərməlidir. Həmin maddənin mənasına görə öhdəliyin icrası real davranışla, yəni borclunun müqavilə üzrə üzərinə götürdüyü hərəkəti yerinə yetirməsi ilə bağlıdır. MM-in 528-ci maddəsinə əsasən isə öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası nəticəsində xitam verilir. Hazırkı işdə cavabdeh 45.643,6 kq qırılmış dolomit süxurunun iddiaçıya faktiki təhvil verildiyini təsdiq edən heç bir sübut təqdim etməmişdir. Təhvil-təslim aktı yoxdur, məhsulun iddiaçı tərəfindən götürüldüyünü təsdiq edən sənəd yoxdur, iddiaçının həmin süxurlar üzərində faktiki sərəncam həyata keçirdiyini göstərən sübut yoxdur. Buna baxmayaraq, məhkəmə podratçının öhdəliyinin lazımınca icra edildiyi nəticəsinə gəlmişdir ki, bu da MM-in 385.1 və 528ci maddələrinin tələblərinə ziddir.

20. MM-in 425.1-ci maddəsi üzrə - apellyasiya instansiyası məhkəməsi 32-ci bənddə iddiaçının 3 il ərzində süxurları götürməməsini vicdanlı davranış kimi qiymətləndirməmişdir. Lakin məhkəmə cavabdehin davranışını həmin norma baxımından, ümumiyyətlə qiymətləndirməmişdir. Əgər cavabdeh podrat müqaviləsi üzrə işin nəticəsi olan 45.643,6 kq qırılmış dolomit süxurunu iddiaçıya təhvil verməli idisə, o, bu öhdəliyi lazımi qaydada, müqavilənin 5.1-ci bəndində nəzərdə tutulmuş təhvil-təslim aktı və ya ən azı iddiaçının faktiki götürməsini təmin edən real mexanizm vasitəsilə icra etməli idi. Cavabdeh məhsulun təhvil verildiyini təsdiq edən heç bir sənəd təqdim etmədiyi halda, yalnız iddiaçının passivliyini vicdansızlıq kimi qiymətləndirmək tərəflər arasında hüquq və vəzifələrin balanslı araşdırılmadığını göstərir.

21. MM-in 560.1-ci maddəsi üzrə - hazırkı halda iddiaçı özünə məxsus olduğunu bildirdiyi və əvvəlki məhkəmə aktlarında da mövcudluğu müəyyən edilmiş məhsulun təhvil verilməsini tələb edir. Bu tələb hüquqdan sui-istifadə kimi qiymətləndirilə bilməz. Əksinə, iddiaçı əvvəlki qətnamə ilə həmin işlərə görə cavabdehə muzd ödəməyə borclu hesab edilmişdir. Əgər cavabdeh həm həmin işlərə görə muzd alır, həm də işin nəticəsi olan qırılmış süxuru faktiki olaraq iddiaçıya təhvil vermirsə, bu halda məhkəmə məhz cavabdehin davranışının vicdanlılıq və hüquqdan sui-istifadə prinsipləri baxımından qiymətləndirilməsini aparmalı idi.

22. MM-in 772.1-ci maddəsi üzrə - bu normanın tətbiqi üçün məhkəmə ilk növbədə icranın sifarişçiyə real və lazımi qaydada təqdim edildiyini, sifarişçinin isə onu qəbul etməkdən əsassız yayınmasını müəyyən etməli idi. Apellyasiya instansiyası məhkəməsi isə bu halları araşdırmamışdır. Məhkəmə cavabdehin iddiaçıya hansı tarixdə, hansı qaydada, hansı yazılı bildirişlə, hansı müddət müəyyən etməklə 45.643,6 kq süxuru qəbul etməyi təklif etdiyini müəyyən etməmişdir. Həmçinin iddiaçının həmin süxurları faktiki götürməsi üçün real şəraitin yaradılıbyaradılmadığı araşdırılmamışdır. Bu hallar müəyyən edilmədən riskin sifarişçiyə keçdiyi qənaətinə gəlmək MM-in 772.1-ci maddəsinin düzgün tətbiqi sayıla bilməz.

23. MPM-in 372.6 və 372.7-ci maddələri üzrə - iddiaçı birinci instansiya məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirmiş, məhkəmənin MPM-in 82.3-cü maddəsini düzgün tətbiq etmədiyini, podrat müqaviləsinin şərtlərinin və təhviltəslim mexanizminin nəzərə alınmadığını, həmçinin 45.643,6 kq qırılmış dolomit süxurunun faktiki olaraq iddiaçıya təhvil verilmədiyini göstərmişdir. Buna baxmayaraq, apellyasiya instansiyası məhkəməsi həmin dəlillərə mahiyyəti üzrə hüquqi qiymət verməmiş, birinci instansiya məhkəməsinin nəticələrini təkrar etməklə kifayətlənmişdir.

b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

24. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Kassasiya baxışının hədləri

25. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 416.1-ci maddəsinə uyğun olaraq kassasiya şikayətində ifadə olunmuş dəlillər üzrə tam yoxlanılacaqdır.

Tətbiq edilən hüquq

26. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:

“Maddə 157. Mülkiyyətin müdafiəsi 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.”

“Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.”

“Maddə 425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.”

“Maddə 560. Hüquqdan sui-istifadənin qadağan edilməsi 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.”

27. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:

“Maddə 14. Iş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.” “Maddə 82. Sübut etməkdən azad olmaq üçün əsaslar 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.”

“Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.”

“Maddə 218. Qətnamə çıxarıldıqda həll edilən məsələlər 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.”

“Maddə 233. Məhkəmə qətnaməsinin qanuni qüvvəyə minməsi 233.3. Qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər.”

“Maddə 392. Apellyasiya instansiyası məhkəməsi qətnaməsinin məzmunu 392.2. Apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur.”

“Maddə 407. Kassasiya şikayətinin forması, məzmunu və əlavə edilən sənədlər 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.” “Maddə 416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.”

Kassasiya instansiyası məhkəməsinin mövqeyi

21.Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar mövcud deyildir. 22.Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən MPM-in 418.4-cü maddəsində göstərilən prosessual hüquq normalarının kobud şəkildə pozulmasına yol verilməmişdir. 23.Kassasiya şikayətinin dəlilləri isə əsaslı hesab edilə bilməz. 24.Belə ki, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas hesab etmir və bildirir ki, apellyasiya instansiyası məhkəməsinin qiymətləndirməsi şikayətin dəlillərində göstərilən hüquqi məsələlərə tam cavab verir. Kollegiya həmin hüquqi qiymətləndirmə ilə razılaşır, eyni qiymətləndirmənin təkrarlanmasına zərurət görmür. 25.Eyni zamanda, kassasiya şikayətinin dəlilləri mahiyyət etibarilə işin hallarına, mövcud sübutların məzmununa, onların bir-biri ilə əlaqəli şəkildə qiymətləndirilməsinə və çıxarılan faktiki nəticələrə yenidən qiymət verilməsini tələb edir. Belə ki, iddiaçı işin hallarına və sübutlara istinad etməklə apellyasiya instansiyası məhkəməsinin müəyyən etdiyi faktiki halların fərqli qiymətləndirilməli olduğunu bildirir. 26.Kassasiya şikayətində qeyd edilən prosessual hüquq normalarının pozulması barədə dəlillər də sübutların düzgün qiymətləndirilməməsi və işin hallarının səhv müəyyən edilməsi ilə əsaslandırılmışdır. 27.Halbuki, MPM-in 407.2 və 416.1-ci maddələrinin birgə təfsirinə görə kassasiya şikayətində işin hallarının sübut olunmaması, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlı dəlillərə istinad edilə, kassasiya instansiyası məhkəməsi isə belə dəlilləri yoxlaya bilməz. Məhkəmə kollegiyası qeyd edir ki, işin faktiki hallarının araşdırılması və sübutların qiymətləndirilməsi ilə bağlı məsələlər işə mahiyyəti üzrə baxan birinci və apellyasiya instansiyaları məhkəmələrinin səlahiyyətinə aiddir. Kassasiya instansiyası məhkəməsi isə işin faktiki hallarının, habelə sübutların düzgün və səhv qiymətləndirilməsini deyil, sübutların prosessual qanunvericiliyə uyğun qaydada təqdim edilməsi və toplanması, onların tədqiq edilməsi, təqdim edilmiş sübutlara qiymət verilibverilməməsi

28. və s. bununla bağlı prosessual qaydalara riayət edilib-edilməməsini yoxlayır. 29.Apellyasiya instansiyası məhkəməsi də öz səlahiyyətləri daxilində sübutları və işin hallarını qiymətləndirmiş və müəyyən etdiyi hallara əsasən kassasiya şikayətində qeyd edilən maddi və prosessual hüquq normalarının pozulmasına yol verməmişdir. 30.Kassasiya şikayətində qeyd olunan prosessual hüquq normalarının pozulması barədə dəlillər o vaxt əsaslı hesab edilə bilərdi ki, apellyasiya məhkəməsi tərəfindən MPM-in 14.1, 217.3, 218.1-ci maddələrinin tələbləri pozularaq işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmasın, iddiaçının istinad etdiyi dəlillərə və təqdim edilmiş sübutlara qiymət verilməsin, habelə məhkəmə qətnaməsi əsaslandırılmasın. Lakin hazırkı işdə həmin pozuntulara yol verilməmiş, habelə MPM-in 392.2-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən iddiaçının şikayətinin təmin edilmədiyini qətnamədə göstərmişdir. 31.Əlavə olaraq kollegiya qeyd edir ki, qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə müəyyən edilmiş hallar həmin işdə iştirak edən şəxslər üçün preyudisial əhəmiyyət daşıyır. Bu qayda əvvəlki iş üzrə müəyyən edilmiş halların yeni mübahisədə yenidən sübut edilməsini istisna edir. Preyudisial qüvvə əvvəlki məhkəmə aktının yalnız nəticə hissəsinə deyil, iddianın əsası və predmetinə aid olmaqla iş üzrə gəlinən nəticənin əsasını təşkil edən və məhkəmə tərəfindən müəyyən edilmiş hallara şamil olunur. Ona görə də, iddiaçının tərəflər arasında olan əvvəlki mübahisəyə dair qəbul edilmiş məhkəmə qətnaməsi ilə müəyyən edilən halları şübhə altına alaraq yenidən sübutetmə predmetinə çevirməsi MPM-in 82.3 və 233.3-cü maddələrinin tələblərinə ziddir. Habelə hazırkı mübahisədə tərəflər arasında olan podrat müqaviləsinin şərtlərinə və podrat münasibətlərinə dair MM-in müddəalarına istinad edilməsi də əsassızdır. Çünki bu məsələlərə əvvəlki mübahisə üzrə qəbul edilmiş qətnamədə qiymət verilmişdir. 32.Hazırkı iddianın qanuni əsası kimi MM-in 157.2-ci maddəsi çıxış etdiyi halda isə iddiaçı əşyanın mülkiyyətində olması ilə yanaşı, onun cavabdehin qanunsuz sahibliyində olmasını da sübut etməlidir. Lakin aşağı instansiya məhkəmələri müəyyən etmişlər ki, iddiaçı mübahisə predmeti olan daş süxurların hazırda cavabdehin sahibliyində olmasını təsdiq edən sübutları təqdim etməmişdir. 33.MM-in 425.1 və 560.1-ci maddələrinin tələblərinin pozulması barədə dəlillər də əsassızdır. Belə ki, apellyasiya instansiyası məhkəməsi tam əsaslı olaraq iddiaçının əvvəlki məhkəmə aktı ilə qəbul edilmiş hesab olunan podrat işinin nəticəsinin uzun müddət ərzində götürmədikdən sonra həmin məhsulun yenidən təhvil verilməsinin tələb etməsini həmin maddələrin tələbləri baxımından qiymətləndirmiş və bu nəticəyə gəlmişdir ki, belə tələb mülki dövriyyə iştirakçısından gözlənilən vicdanlı davranışla uzlaşmır. 34.Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Ona görə də, iş üzrə qəbul edilmiş qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir. 35.Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏRARA ALDI:

Iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2026-cı il ## ###### tarixli *-*(*-*)-**/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar