Məhkəmə qərarları › İş №2-2(103)-1121/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-1121/2024

05.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-1121/2024 05.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Şirinovun sədrliyi və məruzəsi ilə, X5 və X1 ibarət tərkibdə, Eyvazlı Aytac Rafael qızının katibliyi, İddiaçının nümayəndəsi X3, Cavabdeh Qanuni nümayəndə, Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi və vəkili Nümayəndə2 iştirakları ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti, Qanuni nümayəndə qarşı kredit borcunun tutulması tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)- 1777/2024 nömrəli qətnaməsindən iddiaçı və cavabdeh "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi Birinci instansiya məhkəməsindəki icraat

1. İddiaçı ASC (bundan sonra – iddiaçı) cavabdehlər "xxxx" MMC, Qanuni nümayəndə (bundan sonra – cavabdehlər) qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən birgə qaydada DCS00371388-01 saylı kredit müqaviləsinə əsasən 32,152.87 manat əsas borc, 4,726.23 manat faiz borcu, 2,232.31 manat cərimə borcu olmaqla, cəmi 39,111.41 manat məbləğində borcun; mediasiya prosesi üzrə ödənilmiş 200 manat məbləğində xidmət haqqı və 8 manat dövlət rüsumunun cavabdehlərdən birgə qaydada tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Daha sonra iddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə verərək, cavabdehlərdən birgə qaydada DCL00153892-02 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 250,000 manat əsas borc, 7,083.34 manat faiz borcu, 62855,80 manat cərimə borcu olmaqla, cəmi 319939,14 manat məbləğində borcun; mediasiya prosesi üzrə ödənilmiş 400 manat məbləğində xidmət haqqının və 210 manat rüsumun cavabdehlərdən birgə qaydada tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-1777/2024 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdehlər "xxxx" MMC, Qanuni nümayəndə birgə qaydada 32152,87 manat əsas borc, 4726,23 manat faiz borcu, 661 manat dəbbə pulu, 200 manat mediasiya xərci, ümumilikdə 37740,10 (otuz yeddi min yeddi yüz qırx manat on qəpik) manat məbləğində pulun tutularaq İddiaçı ASC-yə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

4. İddiaçı ASC apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-1777/2024 nömrəli qətnaməsinin cərimə borcunun tutulması hissəsində ləğv edilməsi və tələbin həmin hissədə tam təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. Cavabdeh "xxxx" MMC apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-1777/2024 nömrəli qətnaməsinin ləğv edilməsini və birinci instansiya məhkəməsində müəyyən edilməmiş hallar araşdırılmaqla, əldə edilmiş sübutlar əsasında yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ

a) Apellyasiya şikayətlərinin dəlilləri

6. İddiaçının apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, hazırkı mübahisədə cavabdehin müqavilə üzrə yaranmış cərimə borcu məbləğinin müəyyən edilməsi zamanı işin halları ətraflı araşdırılmamışdır. Məhkəmə tərəfindən işin faktiki halları (müqavilənin şərtləri) araşdırılmadan cərimə məbləği əsassız surətdə düzgün göstərilməmiş, cərimə məbləği əsassız surətdə azaldılmışdır. Məhkəmə cərimə məbləğini azaltdıqda öhdəliyin icrаsının gecikdirilməsi müddətlərini nəzərə almamışdır. Belə ki, 14 dekabr 2024-cü il tarixə cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixli DCS00371388-01 saylı maliyyələşdirmə üçün ərizələr üzrə krеditin müəyyənləşdirilən qаydаdа ödənilməsini həyata keçirmədiyi günlərin sayı 596 olmuşdur. Müvafiq olaraq gecikmə günləri ilə cərimə məbləğinin təmin edilən hissəsinin uyğun olaraq, 300.00 manat məbləğində müəyyən edilməsi həmin günlərə mütənasib deyildir. Bu səbəbdən də qətnamə ilə müəyyən edilən cərimə məbləği əsaslı hesab edilə bilməz. Sadalanan pozuntular, yəni işin hallarının prosessual qanunvericiliklə müəyyən edilmiş qaydada araşdırılmaması və qiymətləndirilməməsi qətnamədə göstərilmiş nəticələrin işin hallarına uyğun gəlməməsinə də dəlalət edir.

7. Cavabdeh "xxxx" MMC-nin apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qərar qəbul edərkən cavabdehlərin məhkəmə prosesi zamanı etdikləri ödənişlərin iddiaçı tərəfindən nə səbəbə faiz borcuna silinməsini araşdırmamışdır. Belə ki, iddiaçı şifahi şəkildə ödənişlərin faiz borcuna silindiyi qeyd etsə də, bunun hansı əsasla etdiyinə hər hansı aydınlıq gətirməmişdir. Eyni zamanda məhkəmə, təyin olunmuş ekspertizaya da həmin ödənişləri göndərməmişdir. Əgər həmin sənədlər göndərilsə idi hesab edir ki, ekspert ödənilmiş məbləğin əsas məbləğdən silinməli olmasını müəyyən edə və bunun əsasında da hesablanan faiz borcu da xeyli aşağı müəyyən edilə bilərdi. Məsələ burasındadır ki, iddiaçı qeyri-qanuni olaraq ödənilmiş pulları faiz borcuna hesablamış, birinci instansiya məhkəməsi də buna göz yummuşdur. Eyni zamanda iddiaçı ödənişdən sonra dəqiqləşdirilmiş maliyyə arayışı verəcəyini bildirsə də, bunu etməmişdir. Hesab edirik ki, məhkəmə işin hallarını tam araşdırmamış, borcun məbləğinin və ona görə hesablanmış faiz borcunun düzgün təyin edilməsini təmin etməmiş və sonda da belə bir ədalətsiz qərar qəbul etmişdir. Birinci instansiya məhkəməsi sonuncu məhkəmə prosesində cavabdeh Qanuni nümayəndə iştirakını təmin etməmiş, İddiaçının məhkəmə prosesinin təxirə salınması barədə ərizəsi məhkəmə elektron sistemində yerləşdirilmiş olsa da, prosesin İddiaçının iştirakı olmadan keçirilməsinə etiraz edilsə də, məhkəmə prosesi təxirə salmaqdan imtina etmişdir. Bundan əlavə, ekspertin rəyində məhkəmə prosesi zamanı tərəfimizdən ödənilmiş vəsaitə dair məlumatın olmaması və bu ödənişlərin ekspertizaya göndərilməməsi səbəbindən iş üzrə əlavə ekspertizanın təyin edilməsinə zərurət yaranmışdır. Bununla bağlı məhkəməyə vəsatət verilmiş olsa da, vəsatəti məhkəmə tərəfindən təmin edilməmiş, habelə bununla bağlı qanunvericiliyin tələbinə uyğun olaraq hər hansı bir əsaslandırılmış qərardad qəbul edilməmişdir. Məhkəmə mübahisəli qətnaməsində vəsatətlə bağlı məsələyə ümumiyyətlə toxunmamışdır. Bununla yanaşı, birinci instansiya məhkəməsi araşdırmanın yekunlaşdırılmasına dair münasibət bildirilməsini istəmiş, cavabdeh tərəfindən buna etiraz edildiyi bildirilmiş, habelə ödənişlərin faiz borcuna silinməsinin əsaslarının araşdırılması məqsədilə iddiaçının iştirakının təmin olunmasının vacibliyi vurğulanmış olsa da, məhkəmə bir sıra prosessual hüquq normalarını pozmuş, belə bir qanunsuz və ədalətsiz qətnamə qəbul etmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

8. Apellyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

9. Məhkəmə iclasında iddiaçının nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, şikayətin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini, qarşı tərəfin apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini xahiş etmişdir.

10. Məhkəmə iclasında cavabdeh "xxxx" MMC-in nümayəndəsi və vəkili Nümayəndə2 apellyasiya şikayətini müdafiə edərək, şikayətin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini, qarşı tərəfin apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini xahiş etmişdir.

11. Məhkəmə iclasında cavabdeh Qanuni nümayəndə iddiaçının apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini xahiş etmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

12. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.

13. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

14. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.

15. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.

16. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.

17. Həmin Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.

18. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.

19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

20. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətlərinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslılığı tam yoxlanılır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

21. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinə münasibətdə aşağıdakıları qeyd edir.

22. İşin hallarından məlum olur ki, iddiaçı və cavabdeh MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə 35000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi iddiaçı ilə cavabdeh Qanuni nümayəndə arasında xx.xx.2021-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Cavabdehlər kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri lazımı qaydada icra etməmişlər.

23. İddiaçı tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli PB/BPŞ-OUT-00 İ99-2024/1 nömrəli maliyyə arayışından görünür ki, DCS00371388-01 saylı kredit müqaviləsinə əsasən cavabdehin 32152,87 manat əsas borc, 4,726.23 manat faiz borcu, 2,232.31 manat cərimə borcu olmaqla, cəmi 39,111.41 manat təşkil edir.

24. Cavabdeh məhkəmə vəsatət verərək, ödənişlərinin əsas borca deyil, faiz borcuna hesablandığını, ödənişlərinin nəzərə alınmadığını, iddiaçının borcu düzgün hesablamadığını bildirərək, məhkəmə mühasibatlıq ekspertizasının keçirilməsini məhkəmədən xahiş etmişdir.

25. Cavabdehin vəsatəti əsasında kredit müqaviləsi üzrə əsas və faiz borcunun müəyyən edilməsi məqsədilə məhkəmədə mühasibatlıq ekspertizası təyin edilmiş, Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/5333 nömrəli ekspert rəyinə əsasən xx.xx.2021-ci il tarixli, DCS00371388-01 saylı kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla cavabdeh "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixə (maliyyə arayışında göstərilən tarix) İddiaçı ASC-yə olan borcu - əsas borc üzrə 32153,69 manat, faiz borcu üzrə 4828,82 manat müəyyən edilmişdir.

26. Bununla yanaşı, məhkəmə iddia tələbindən kənara çıxmaqda haqlı olmadığı üçün cavabdehlərdən tutulacaq əsas və faiz borcları iddia tələbi həddində müəyyən edilməlidir. Bu səbəbdən məhkəmə ekspert rəyini nəzərə almamışdır.

27. Həmin rəydə qeyd edilmişdir ki, vəsatət göndərilmiş və 3 vərəqdən ibarət əlavə sənədlər ekspertə təqdim edilmişdir. Həmçinin cavabdehin ödənişlərlə bağlı təqdim etdiyi sənədlərə ekspert baxış keçirmişdir. Həmin rəydə cavabdeh tərəfindən 6849 manat ödəniş edilməsi müəyyən edilmişdir.

28. Bundan başqa əsas borclu məhkəmə əlavə ekspertiza barədə vəsatət verdiyini və məhkəmənin buna reaksiya vermədiyini şikayətdə qeyd etsə də, işdə olan xx.xx.2024-cü il tarixli qərardadla həmin vəsatət təmin edilməmişdir.

29. Mülki Məcəllənin 432.4-cü maddəsinə əsasən əgər borclu əsas öhdəliyin icrasından başqa, faizləri və xərcləri də ödəməlidirsə, bütün borcun ödənilməsi üçün yetərli olmayan öhdəliyin icrası əvvəlcə xərclərin hesabına, sonra faizlərin hesabına və nəhayət, əsas öhdəliyin hesabına daxil edilir. Borclunun müəyyənləşdirdiyi başqa qayda etibarsızdır.

30. Qeyd edilən maddənin tələbinə əsasən iddiaçının ödənişi faizlərə yönəltmə hüququ olmuşdur.

31. Şikayətin iddiaçının iclasın təxirə salınması barədə vəsatətini məhkəmənin əsassız olaraq təmin etməməsi barədə dəlili ona görə nəzərə alınmamalıdır ki, iddiaçı iclasın təxirə salınmasına heç bir əsas və ya sübut təqdim etməmişdir. Bu hal məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadında göstərilmişdir.

32. Mülki Prosessual Məcəllənin 184.5-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin vəsatətləri əsaslandırılmalıdır. Hakim işin baxılmasını yubatmaq məqsədilə verilmiş vəsatətləri rədd edir.

33. Həmin Məcəllənin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar.

34. Məhkəmənin qərardadı qeyd edilən prosessual hüquq normalarının tələblərinə uyğun qəbul edilmişdir.

35. Göründüyü kimi əsas borclu olan cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olduğuna görə formal dəlillər kimi qəbul edilməlidir.

36. Məhkəmə kollegiyası aşağıdakı əsaslara görə hesab edir ki, iddiaçının dəbbə puluna dair apellyasiya şikayətinin dəlilləri əsassızdır.

37. İşdən görünür ki, iddiaçı tərəflər arasında bağlanmış DCS00371388-01 saylı kredit müqaviləsinə əsasən hesablanmış 2232,31 manat dəbbə pulunun tutulması tələbini də irəli sürmüşdür.

38. Belə ki, Mülki Məcəllənin 462.1 və 467-ci maddələrinin mənasına görə dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən və öhdəliyin icrasının təmin edilməsi üsulu kimi öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyinə görə borclunun kreditora cərimə və ya penya formasında ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun hüquqi təyinatı əsas öhdəliyin müqavilənin şərtlərinə və qanunvericiliyin tələblərinə müvafiq olaraq lazımınca, vaxtında, tam həcmdə ödənilməsini təmin etməkdir. Dəbbə pulu mülki qanunvericiliyin prinsipləri olan mülki hüquq subyektlərinin bərabərliyi və müqavilə azadlığına uyğun, yəni tərəflər arasında sərbəst şəklində bağlanmış müqavilə ilə müəyyənləşdirilir. Bununla yanaşı Mülki Məcəllənin 467-ci maddəsi tərəflər arasında müəyyənləşdirilmiş dəbbə pulunun məhkəmə tərəfindən azaldılmasını nəzərdə tutmuşdur. Həmin normada istənilən dəbbə pulun deyil, yalnız tənasübsüz surətdə yüksək olan dəbbə pulun azaldılması göstərilmişdir. Qeyd olunan maddənin dispozitiv şərtlərinə görə məhkəmə işin hallarını və tənasüb müəyyənləşdirilərkən kreditorun əmlak və bütün əsaslı mənafelərini nəzərə almalıdır.

39. Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Qeyd olunan maddənin mənasına görə, dəbbə pulunun məbləği öhdəliyin pozulmasının əmələ gətirdiyi nəticələrə açıq-aşkar uyğun gəlmədiyi, yəni dəbbə pulunun məbləği kreditorun reallıqda məruz qaldığı zərərdən əhəmiyyətli dərəcədə çox olduğu hallarda məhkəmə dəbbə pulunu tənasübsüz surətdə yüksək müəyyənləşdirilmiş hesab edərək azalda bilər. Bu halda məhkəmə öhdəliyin borclu tərəfindən pozulması dərəcəsini, öhdəlikdə iştirak edənlərin əmlak vəziyyətini, kreditorun həm əmlak, həm də bütün diqqətəlayiq mənafelərini nəzərə almaqla razılaşdırılmış dəbbə pulunun azaldılması haqqında qərar qəbul etməlidir ("xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 yanvar 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 28 iyul 2021-ci il tarixli Qərar).

40. Məhkəmə kollegiyası apellyasiya şikayətinin cərimə borcu ilə bağlı dəlilinə münasibətdə qeyd edir ki, iddia ərizəsində 2232,31 manat cərimə borcu qeyd olunduğu halda, məhkəmə işin hallarını, cərimənin əsas borc məbləğinə nisbətini, kreditorun və borclunun mənafelərini, məhkəmə icraatı zamanı 839 manatın ödənilməsi və iddiaçı tərəfindən onun cərimədən silinməsini nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu (661 manat) azaltmışdır.

41. İddiaçının apellyasiya şikayətində qeyd etdiyi dəlilin əksinə olaraq görünür ki, məhkəmə dəbbə pulunu azaldarkən gəldiyi qənaətini əsaslandırmışdır.

42. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi işin hallarına uyğundur, apellyasiya şikayətlərində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

43. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i: İddiaçı ASC və cavabdeh "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-1777/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətlərinə görə tərəflərin ödədikləri dövlət rüsumları müvafiq olaraq özlərinə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar