Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-1253/2021 21.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vidadi Məmməd oğlu Məmmədov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi Nümayəndə4 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-7/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 25.05.2021-ci il tarixli qətnaməsindən iddiaçı ləğv prosesində olan İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı ləğv prosesində olan İddiaçı ASC Cavabdeh firmasına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 04.09.2009-cu il tarixli 03 saylı kredit müqaviləsindən irəli gələn 120866 manat əsas borcun, 58671 manat faiz borcunun, cəmi isə 179537 manat borcun və tərəflərindən ödənilən 30 manat məbləğində dövlət rüsumunun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 25.05.2021-ci il tarixli 2-2(113)-7/2021 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, ekspert borclu tərəfindən ödənilmiş məbləğləri bank tərəfindən təqdim olunmuş hesabdan çıxarışa əsasən düzgün hesablamamışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə4 apellyasiya şikayətini müdafiə etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, işin mübahisəsiz halları ondan ibarətdir ki, İddiaçı ASC ilə Cavabdeh MMC arasında 04.09.2008-ci il tarixli 03 saylı kredit müqaviləsi bağlanmış və müqaviləyə əsasən bank tərəfindən borc alana 6 ay müddətinə, illik 17% ödəmək şərti ilə, 500000 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında 16 mart 2009-cu il tarixdə, 04 sentyabr 2008-ci il tarixli 3 saylı kredit müqaviləsinə 1 saylı əlavə bağlanmış və kredit müqaviləsinin bitmə tarixi 25.05.2009-cu il tarixədək uzadılmışdır. Bundan sonra 08.04.2009-cu il tarixdə, 04 sentyabr 2008-ci il tarixli 3 saylı kredit müqaviləsinə 02 saylı əlavə bağlanmış və kreditin illik faizi 17 faizdən 7 faiz ilə əvəz edilmiş, 10.06.2009-cu il tarixdə, 04 sentyabr 2008-ci il tarixli 3 saylı kredit müqaviləsinə 03 saylı əlavə bağlanmış və kreditin illik faizi 7 faizdən 4 faizə endirilmiş və kreditin son müddəti 02.09.2009-cu il tarix müəyyən edilmiş, 04 sentyabr 2008-ci il tarixli 3 saylı kredit müqaviləsinə bağlanmış 10.09.2009-cu, 26.11.2009-cu və 26.04.2010-cu il tarixli 04, 05, 06 saylı əlavələrdə kredit müqaviləsinin bitmə tarixi 23.07.2010-cu il tarixədək uzadılmışdır. Bağlanmış hər bir əlavədə əsas borc qalığı 500000 manat məbləğində müəyyən edilmişdir. İddiaçı bildirir ki, cavabdeh öz öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş və onun əsas borcu 120866 manat, faiz borcu 58671 manat, cəmi borcu 179537 manat təşkil edir. Cavabdeh iddiaya etiraz edir və iddia müddətinin tətbiq edilməsi barədə ərizə verərək, iddianın rədd edilməsini xahiş edir. Məhkəmə kollegiyası hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iddia tələblərinin qanuni əsasını Mülki Məcəllənin 739.1 və 741-ci maddələri təşkil edir. Həmin maddələrin tələblərinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Lakin hazırki işdə cavabdehdən kredit borcunun tutulması üçün əsaslar mövcud deyildir. Belə ki, iş materiallarında olan hesabdan çıxarış məlumatlarına əsasən müəyyən olunur ki, cavabdeh kredit müqaviləsi üzrə 29 sentyabr 2017-ci il tarixədək (məhkəmədə iddia qaldırılanadək), banka ümumilikdə 750629,33 manat məbləğində ödəniş aparmışdır. Kredit borcunun müəyyən edilməsi məqsədilə birinci instansiya məhkəməsində iş üzrə məhkəmə-mühasibatlıq və təkrar məhkəmə-mühasibatlıq ekspertizaları təyin edilmiş və Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 24.12.2019-cu il tarixli 13535 saylı və 19.03.2021-ci il tarixli 9/1387 saylı rəyləri verilmişdir. Həmin rəylərə əsasən Cavabdeh MMC tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış, 04 sentyabr 2008ci il tarixli 3 saylı kredit müqaviləsi və əlavə razılaşmaların şərtləri əsas götürülməklə Cavabdeh MMC 23 iyul 2010-cu il tarixə banka olan borcu 481935,01 manat məbləğində müəyyən olunur, 29.09.2017-ci il tarixə banka olan borcu tam ödənilib və 206197,99 manat məbləğində artıq ödəniş müəyyən edilir, o cümlədən 23.07.2010-cu il tarixə əsas borc üzrə 477688,89 manat, faiz borcu üzrə 4246,12 manat, 29.09.2017-ci il tarixə əsas borc və faiz borcu olmaması müəyyən edilir. Göründüyü kimi cavabdehin 04.09.2008-ci il tarixli 3 saylı kredit müqaviləsi və əlavə razılaşmalar əsas götürülməklə müqavilənin uzadıldığı sonuncu tarixə kimi, yəni 23.07.2010-cu il tarixdə banka olan borcu 481935,01 (əsas borc 477688,89+faiz borcu 4246,12) manat təşkil etmişdir. İddia ərizəsinin verildiyi 29.09.2017-ci il tarixə isə banka olan borcu tam ödənilmiş və 206197,99 manat artıq ödəniş müəyyən edilmişdir. Bu baxımdan kollegiyası hesab edir ki, iddia əsassız olduğuna görə rədd edilməlidir. Eyni zamanda iddia əsassız olduğu üçün cavabdeh tərəfindən verilmiş iddia müddətinin tətbiq edilməsi barədə ərizəyə qiymət verilməsinə lüzum yoxdur. Çünki Mülki Məcəllənin 372, 375 və 377-ci maddələrinin birgə təfsirindən müəyyən edilir ki, iddia müddəti yalnız pozulmuş hüquqların bərpa edilməsi üçün qanunla müəyyən edilən müddətdir. Hüquqların pozulması müəyyən edilmədiyi təqdirdə isə müddətin axımının başlanması, hesablanması, bitməsini müəyyən etmək və ümumiyyətlə iddia müddətinin tətbiq etmək mümkün deyil. Apellyasiya şikayətinin dəlilləri isə əsassızdır. Belə ki, iddiaçının özünün təqdim etdiyi hesabdan çıxarış məlumatlarına əsasən müəyyən olunur ki, cavabdeh kredit müqaviləsi üzrə 29 sentyabr 2017-ci il tarixədək (məhkəmədə iddia qaldırılanadək), banka ümumilikdə 750629,33 manat məbləğində ödəniş aparmışdır. Həmin fakt iş üzrə verilmiş ekspert rəyləri ilə də təsdiq olunur. Həmin rəylərin düzgün olmaması qənaətinə gəlmək üçün heç bir əsas yoxdur. Belə ki, əlavə və təkrar məhkəmə ekspertizasının təyin edilməsi əsasları Mülki Prosessual Məcəllənin 102-ci maddəsində göstərilmişdir. Lakin hazırkı işdə qeyd olunan əsaslar mövcud deyildir. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə verilmiş rəy mötəbər sübut kimi qiymətləndirilməlidir. Belə ki, həmin rəy birinci instansiya məhkəməsinin qərardadı əsasında verilmiş, ekspert tərəfindən tam və hərtərəfli tədqiqat aparılmışdır. İddiaçı isə ekspert rəyinin qeyri-dəqiq olmasını bildirsə də, bununla bağlı sübutları təqdim etməmiş və Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı ləğv prosesində olan İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-7/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 25.05.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Vidadi Məmmədov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-2(103)-1253/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-1253/2021
21.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver