Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-132/2021 04.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, cavabdehin nümayəndəsi Rəhmanov Emin Yelmar oğlunun iştirakı ilə. İddiaçı xxxxda Sanayi və Ticarət Anonim Şirkətinin Cavabdeh MMC-yə qarşı “malların ticarət dövriyyəsinə qadağa qoyulması, malların ticarət dövriyyəsindən çıxarılmasına və paylanmış məhsulların geri yığılması, vurulmuş maddi ziyanın, işgüzar nüfuza dəymiş zərərin və xərclərin ödənilməsi tələbinə dair” kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-368/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçı xxxxda Sanayi və Ticarət Anonim Şirkəti Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qablaşdırmasında göy, mavi rəng çalarlı kompozisiya, eləcə də göy, mavi və qırmızı rəng kombinasiyalı təsviri hissəsi olan “Toybox cream”, “Toybox cornet”, “Toybox Drajebon”, “Toybox with toys” adlı əmtəələrin ticari dövriyyəsinə, o cümlədən Azərbaycan Respublikasına idxalına, topdan və pərakəndə satışına qadağa qoyulması, həmin əmtəələrin ticarət dövriyyəsindən çıxarılması, ticarət şəbəkələrinə paylanmış həmin məhsulların geri yığılması, vurulmuş maddi ziyanın və çəkilən xərclərin əvəzinə kompensasiya olaraq 500000 ABŞ dolları, işgüzar nüfuza dəymiş zərər üçün 600000 ABŞ dolları olmaqla ümumilikdə ******* ABŞ dolları vəsaitin və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddianın əsaslarına görə X2 Sanayi ve Ticaret A.S. şokolad, konfet, qənnadı məmulatları, şokolad əsaslı məhsuları istehsal edir və dunyanın 90 ölkəsinə ixrac edir. Şirkət dünyanın 100 ən yaxşı şokoladlı şirniyyat məmulatları istehsalçısı arasında yer almışdır. Turkiyədə mindən artıq qeydiyyata alınmış əmtəə nişanı, digər ölkələrdə və beynəlxalq qurumlarda qeydiyyata alınmış və beynəlxalq hüquqi mühafizə obyekti olan “ŞÖLEN”, “OZMO”, “OZMO cornet”, “BİSCOLATA”, “Milango”, “Boombastic”, “Luppo” və sair kimi çoxsaylı tanınmış əmtəə nişanlarına sahibdir. Şirkət xüsusilə uşaqlara xitab edən, onlara ünvanlanan məhsullar istehsal edir, uşaqlar üçün özəl şokoladlı məhsullar istehsalında ixtisaslaşmış və məşhurlaşmışdır. Şirkətin istehsal etdiyi uşaqlar üçün özəl təyinatlı məhsulların hamısının qablaşdırmasında xüsusi bir dolğun mavi, göy və qırmızı rəng kombinasiyalı təsvir vardır ki, bu kombinasiya şirkət məhsullarının qablaşdırma dizayn xüsusuiyyəti, həmçinin şirkət məhsullarının digər firma məhsullarında fərqləndirən xüsusiyyəti, səciyyəvi cəhətidir. Şirkət məhsullarının qablaşdırlımasının xüsusiyyəti göy, mavi rəngin dolğun çalarlı bir kombinasiyası ilə səciyyələnir. Cavabdeh MMC-nin Azərbaycanda satışını həyata keçirdiyi “TOYBOX’ məhsullarının qablaşdırmasındakı özəl göy, mavi rəngli kombinasiya və qırmızı rəng keçidləri olan təsviri hissə “OZMO” əmtəə nişanlı məhsullarında təqlid edilib. Belə ki, “Toybox cream”, “Toybox cornet, “Toybox DrajeBon”, “Toybox with toys” adlı əmtəələrin qablaşdırılmasında “Ozmo cream”, “Ozmo cornet”, “Ozmo popsy”, “Ozmo egg” və sair “OZMO” məhsullarının qablaşdırması arasında qarışdırılacaq dərəcədə bənzətmə edilmişdir. Bununla da haqsız rəqabətə yol verilmiş, həmçinin eynicinsli əmtəə nişanlarına oxşar əmtəə nişanlarından qanunsuz istifadə edilmişdir. “TOYBOX” məhsullarının istehsalçısı və satıcıları “OZMO” məhsullarının qablaşdırma təsvirinin səciyyəvi cəhətlərindən öz məhsullarında istifadə etmiş, bununla da öz məhsullarının “OZMO” məhsullar ilə qarışdırılmasına yol vermək üçün qəsdən və bilərəkdən məhsullarının qablaşdırmasında iddiaçının məhsulları üçün səciyyəvi olan rəng kombinasiyasından (təsviri hissələrdən) istifadə edərək uşaq istehlakçıları çaşdırmağa, haqsız rəqabətlə haqsız qazanc əldə etməyə nail olmuşlar. Cavabdeh iddia ərizəsinə etirazında iddianı qəbul etməmiş, rədd olunmasını məhkəmədən xahiş etmişdir. Etirazın əsaslarına görə Cavabdeh MMC Azərbaycan Respublikasında satışı həyata keçirilən “Toybox” əmtəə nişanlı məhsullarının xarici qablaşdırması və tərtibatında istifadə olunan rənglərin kombinasiyaları “Toybox” şirkəti tərəfindən yaradılmışdır və orijinaldır. Hər hansı bir məhsul istehsalçısının rənglər üzərində inhisar haqqı yoxdur. Belə ki, iddiaçının iddia ərizəsində göstərdiyi “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikası Qanunun 3 və 4-cü maddələrinin müddəalarının tələbləri cavabdeh tərəfindən pozulmamışdır. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)–368/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş və Cavabdeh MMC tərəfindən göy rəngli “Toybox cornet” məhsulunun ticari dövriyyəsinə, o cümlədən Azərbaycan Respublikasına idxalına, topdan və pərakəndə satışına qadağa qoyulması, həmin məhsulun ticarət dövriyyəsindən çıxarılması və ticarət şəbəkələrinə paylanmış həmin məhsul geri yığılması, iddianın qalan hissədə rədd edilməsi qət olunmuşdur. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin iddianın təmin olunan hissəsində ləğv edilməsi və həmin hissədə iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə iddianın təmin edilən hissəsində əsassız və qanunsuzdur. Belə ki, ekspert rəyindəki rənglə bağlı müddəa əmtəə nişanları barədə qüvvədə olan hüquq normaları ilə ziddiyyət təşkil edir və bu səbəbdən iddianın təmin edilən hissəsində mötəbər sübut kimi qəbul edilə bilməz. Təəssüflər olsun ki, Bakı Kommersiya Məhkəməsi xx.xx.2020-ci il tarixli qətnaməsində iddianı qismən məhz bu əsasla təmin etmişdir. “Toybox cornet” və “Ozmo cornet” əmtəə nişanların təsviri elementlərinin və rənglərinin uzlaşmasında qarışdırılacaq dərəcədə oxşarlıq olduğuna dair bildiririk ki, “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikasının Qanununun Əmtəə nişanı üzərində müstəsna hüquq başlıqlı 25-ci maddəsinə əsasən, Əmtəə nişanının qüvvədə olduğu müddətdə nişan sahibinin Azərbaycan Respublikasının ərazisində onun barəsində sərəncam verməyə və ondan istifadə etməyə müstəsna hüququ vardır. Müstəsna hüquq əmtəə nişanının müstəqil əmtəə nişanı kimi qeydə alına bilinməyən elementlərinə şamil edilmir. Qanunun maddəsindən də aydın göründüyü kimi, müstəsna hüquq əmtəə nişanının müstəqil əmtəə nişanı kimi qeydə alına bilinməyən elementlərinə şamil edilmir, yəni rəngə şamil edilmir. İddiaçıya aid “Ozmo Cornet” əmtəə nişanı şəhadətnaməsində: “Əmtəə nişanında “OZMO”, “CORNET” söz işarələrindən və təsviri hissədən başqa qalan işarələr müstəqil hüquqi mühafizə obyektləri deyildirlər.” qeyd olunmuşdur. Təsviri hissədəki rənglərə müstəqil hüquqi mühafizə verilmədiyinə görə, iddiaçının qeydiyyata aldırdığı əmtəə nişanlarının təsvirində olan rənglər müstəqil olaraq mühafizə olunmamaqdadır. Bu səbəblə həmin əmtəə nişanlarının təsviri hissəsindəki rənglərdən digər istehsalçıların istifadəsinə yol verilir. Göründüyü kimi, birinci instansiya məhkəməsi maddi hüquq normasını pozaraq, tətbiq edilməli olan yuxarıda qeyd edilən Qanunun 25-ci maddəsini tətbiq etməmişdir. Eyni zamanda ekspert rəyi sübut kimi qiymətləndirilərkən, həmin sübutun maddi hüquq normasına uyğun olmadığına da qiymət verilməyərək MPM-nin 88 və 103-cü maddələrinin tələbləri pozulmuşdur. ” Şirkətinin istehsal etdiyi “Ozmo” əmtəə nişanlı məhsulların xarici qablaşdırması və tərtibatı təqlid edilməmişdir. Belə ki, Cavabdeh MMC tərəfindən Azərbaycan Respublikasında satışı həyata keçirilən “Toybox” əmtəə nişanlı məhsullarının xarici qablaşdırması və tərtibatında istifadə olunan rənglərin kombinasiyaları “Toybox” şirkəti tərəfindən yaradılmışdır və orijinaldır. Hər hansı bir məhsul istehsalçısının rənglər üzərində inhisar haqqı yoxdur. Odur ki, “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikası Qanunun 3 və 4-cü maddələrinin müddəalarının tələbləri cavabdeh tərəfindən pozulmamışdır. Hər 2 (iki) istehsalçı şirkət “Şölen” və “Toybox” Türkiyə Respublikasının hüquqi şəxsləridir, Türkiyədə hər iki məhsulun satışına icazə verilmişdir və məhkəmə iddiaçı “Şölen”in eyni predmetlə iddia tələbinin rədd olunması barədə qərar qəbul etmişdir. Hazırkı iddia tələbi ilə mübahisə predmeti olan “Toybox cornet” və “Ozmo cornet” məhsullarının Türkiyə Respublikasında heç bir məhdudiyyət olmadan satışı həyata keçirilməkdədir və belə olan halda qeyd olunan məhsulların Azərbaycan Respublikasında satışına qadağa qoyulması tələbi ilə çıxış etmək tamamilə absurddur və göstərilən hissədə iddia tələbinin təmin olunmasının heç bir hüquqi əsası yoxdur. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçı (sələahiyyətli nümayəndəsi) məhkəməyə gəlməmiş, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (“MPM”) 135.5, 135.8, 376.2-ci madələrinə əsasən məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. ІІ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, aşağıdakı əsaslara görə cavabdehin apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissəsində ləğv edilməli, həmin hissədə iddia rədd olunmalıdır. Cavabdehin apellyasiya şikayətindən göründüyü kimi, birinci instansiya məhkəməsinin qətnamsi yalnız, iddianın təmin edilən hissəsində mübahisələndirmişdir. MPM-in 372.6-cı maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir işə şikayət həddində, yəni birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı iddianın təmin olunan hissəsində yoxlanılmalıdır. Birinci instansiya məhkəməsinin qətnaməsindən isə görünür ki, xx xxxxxx 2020-ci il tarixli 32039 nömrəli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizasının rəyinə və “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikası Qanunun 25-26, 32, 34, “Haqsız rəqabət haqqında” Qanunun 1, 3-4 və xx xxxx 1883-cü il tarixli sənaye mülkiyyətinin mühafızəsi üzrə Paris konvensiyasının 10-cu maddələrinə istinadən iddianın təmin olunan hissəsi ilə əlaqədar aşağıdakıları qeyd etmişdir: “...İddiaçı öz məhsulların qablaşdırmasında göy, mavi və qırmızı rəng kombinasiyalarından istifadə etsə də, istehsalçının və məhsulun adı əsasən mavi (açıq göy) rəngləri üzərində əks etdirilir və buna görə hər iki istehsalçının göy və mavi rəngli (əsas rəng) məhsullar tətqiq edilmişdir. Belə ki, yuxarıda qeyd olunan işin faktiki hallarını, qanunvericiliyin normalarını və iş materiallarına əlavə edilmiş sənədləri o cümlədən maddi sübut kimi əlavə edilən sözügedən əmtəə nişanlı mallara baxış keçirərən məhkəmə hesab edir ki, mübahisələndirilən məhsullardan ancaq göy “Toybox cornet” ilə mavi rəngli “Ozmo cornet” məhsulları arasında qarışdıralacaq dərəcədə oxşarlıq var, belə ki, sözügedən ölcüləri və forması eyni olan məhsullarda əsas rəng çalarlarında (müvafiq olaraq göy və mavi) o cümlədən, onların üzərində olan sözügedən məhsulun xarici görünüşünü əks etdirən şəkillərdə və əsasən hər iki istehsalçının məhsulun adının “Cornet” olması istehlakçılarda göy (açıq qoy-mavi) rəngli “Cornet” adlı məhsulların eyni şirkət tərəfindən istehsal olması ilə bağlı yanlış təsəvvür yarada bilər (qeyd olunanlar həmçinin ekspert rəyində də öz əksini tapmışdır). Bununla yanaşı məhkəmə qeyd edir ki, göy “Toybox drajebon”, “Toybox with toys” məhsulları ilə müvafiq olaraq mavi (açıq göy) “Ozmo popsy”, “Ozmo egg” məhsulları ilə qarışdırılacaq qədər oxşarlıq yoxdur, belə ki, sözügedən məhsulların ölcüləri və formaları, həmçinin əsas rəng çalarlarında (müvafiq olaraq göy və mavi) oxşarlıq olsa da, hər iki istehsalçının (müvafiq olaraq Toybox və Ozmo əmtəə nişanları) hər ikiməhsulunun özəl aşagıdakı adları biri “drajebon”, digəri “popsy”, biri “with toys” digəri “egg” olduğuna görə o cümlədən, onların üzərində olan şəkillər fərqli olduğundan, onların qarışdırmaq mümkün deyil. Bununla yanaşı, göy rəngli “Toybox cream” və “Ozmo cream” qarışdırılacaq dərəcədə oxşar deyildir, belə ki, hər iki məhsulda fərqli şəkillərlə yanaşı, fərqli rəngdə və formada qapaqlardan istifadə edilib, həmçinin göy rəngli “Toybox cream” məhsulu hazırda ümumiyyətlə idxal edilmir və satılmır. Həmçinin, məhkəmə qeyd edir ki, “Ozmo” əmtəə nişanı ilə istehsal edilən 4 adda məhsullardan yalnız “Ozmo cornet” əmtəə nişanı Azərbaycan Respublikasında qeydə alınmışdır. Beləliklə məhkəmə hesab edir ki, göy rəngli “Toybox cornet” məhsulunun Azərbaycan Respublikasına idxalına, topdan və pərakəndə satışına qadağa qoyulmalı, həmin əmtəələrin ticarət dövriyyəsindən çıxarılmalı, ticarət şəbəkələrinə paylanmış həmin məhsul geri yığılmalı və iddia tələbi həmin hissədə təmin edilməlidır. Beləliklə məhkəmə hesab edir ki, göy rəngli “Toybox cornet” məhsulunun Azərbaycan Respublikasına idxalına, topdan və pərakəndə satışına qadağa qoyulmalı, həmin əmtəələrin ticarət dövriyyəsindən çıxarılmalı, ticarət şəbəkələrinə paylanmış həmin məhsul geri yığılmalı və iddia tələbi həmin hissədə təmin edilməlidır.” Məhkəmə kollegiyası aşağıdakılara görə birinci instansiya məhkəməsinin qeyd olunan mövqeyi ilə razılaşmır. İddiaçının iddia ərizəsindən göründüyü kimi, onun tərəfindən mübahisələndirilir ki, Cavabdeh MMC-nin Azərbaycanda satışını həyata keçirdiyi “TOYBOX’ məhsullarının qablaşdırmasındakı özəl göy, mavi rəngli kombinasiya və qırmızı rəng keçidləri olan təsviri hissə iddiaçıya məxsus “OZMO” əmtəə nişanlı məhsulları təqlid edilmiş, “OZMO” məhsullarının qablaşdırması arasında qarışdırılacaq dərəcədə bənzətməyə, bununla da, haqsız rəqabətə yol verilmiş, eynicinsli əmtəə nişanlarına oxşar əmtəə nişanlarından qanunsuz istifadə edilmişdir. Bununla əlaqədar ilk öncə məhkəmə kollegiyası qeyd edir ki, hər iki istehsalçı şirkət – yəni, həm iddiaçı xxxxda Sanayi və Ticarət Anonim Şirkəti, həm də cavabdehin məhsullarının satışını həyata keçirdiyi “X1 Sanayi ve Ticaret Limited” Şirkəti - Türkiyə Respublikasının kommersiya hüquqi şəxsləridir. Konkret halda hər iki hüquqi şəxsə münasibətdə, onların əmtəə nişanlarının qanuszuluğu və ya məhsullarının satışını Türkiyə ərazisində qadağanedici məhkəmə aktı, sair lazımi qaydada təsdiq edilmiş (laqallaşdırılmış) hüquqmüəyyənedici sənədin işdə mövcudluğu müəyyən olunmur. Mötəbərlliyi müəyyən edilən belə sənəd-sübut hazırkı mərəhələdə də məhkəməyə təqdim edilməmişdir. İşin mübahisələndirilməyən hallarından göründüyü kimi, cavabdeh Azərbaycan Respublikasının ərazisində “X1 Sanayi ve Ticaret Limited” Şirkətinin qablaşdırılmış, orijinal məhsullarının satışını həyata keçirir. “Əmtəə nişanlarının qeydə alınması barədə iddia sənədinin verilməsi və ekspertizası Qaydaları”n 29.3-cü maddəsi nəzərdə tutur ki, iddia olunan nişan başqa nişanlarla o vaxt qarışdırılacaq dərəcədə uyğun hesab edilir ki, o, aralarında müəyyən fərqli elementlərin olmasına baxmayaraq həmin nişanlarla eyni təsəvvür yaradır. Məhkəməyə təqdim olunmuş, mübahisələndirilən məhsulların üzərində əks olunmuş əmtəə nişanları ilə bağlı maddi sübutların qablaşmasında, habelə, işə əlavə olunmuş fotoşəkillərdə əmtəə nişanlarınının bir-birinə oxşar və uyğunluq təşkil etmədiyi, adi gözlə də müşahidə olunur. Yəni, mübahisələndirilən məhsulların üzərindəki əmtəə nişanlarında eyni təsəvvür yarada biləcək görüntülər müşahidə edilmir. İş üzrə xx xxxxxx 2020-ci il tarixli 32039 nömrəli ekspert rəyində ekspertin gəldiyi nəticədən görünür ki, aşağıdakılar qarışdırılacaq dərəcədə oxşar deyildir : 1) “Toybox cream”, “Toybox DrajeBon”, “Toybox with toys” əmtəə nişanları müvafiq olaraq “Ozmo cream”, “Ozmo popsy”, “Ozmo egg” əmtəə nişanları, onların təsviri elementlərin və rənglərin uzlaşması; 2) əmtəə nişanları, onların təsviri elementlərin və rənglərin uzlaşması; 3) Toybox cream” və “Ozmo cream”, “Toybox DrajeBon” və “Ozmo popsy” əmtəələrin “Toybox with toys” və “Ozmo egg” əmtəələrin xarici tərtibatı. Həmçinin rəydə ekspert tərəfindən qeyd olunmuşdur ki, qarışdırılacaq dərəcədə oxşarlıq halları vardır: 1) “Toybox cornet” əmtəə nişanı N2015 0426 saylı, N 2015 0427 saylı və N 2015 1075 saylı şəhadətnamələr əsasında qeydiyyata malik “Ozmo cornet” əmtəə nişanı ilə onların təsviri elementlərin və rənglərin uzlaşmasında; 2) Toybox cream” və “Ozmo cream”, “Toybox DrajeBon” və “Ozmo popsy” əmtəələrin; “Toybox with toys” və “Ozmo egg” əmtəələrin qablaşdırılmasında; 3) “Toybox cornet” və “Ozmo cornet” əmtəələrin qabıaşdırmasında və xarici tərtibatında. Rəyin qeyd olunan nəticələrindən göründüyü kimi, ekspert üç halda qarışdırılacaq oxşar halların mövcudluğunu istisna etsə də, digər üç halda belə oxşarlığın varlığını qeyd etmişdir. Məhkəmə kollegiyası bu sonuncu üç oxşarlıq halı ilə bağlı ekspertin gəldiyi nəticə ilə razılaşmır. Ən azından ona görə ki, tərəflər arasındakı mübahisənin xarakterindən görünür ki, əmtəə nişanlarının özü ilə bağlı tərəflər arasında mübahisə mövcud deyil. Mübahisə yalnız məhsulların qablaşdırılmasında olan rəng çalarlarının qarışdırlacaq dərəcədə oxşarlığı ilə əlaqədardır ki, bu da qanunvericiliklə aşağıdakı kimi tənzimlənmişdir. Birincisi, “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Qanunun 6-cı maddəsinin birinci hissəsinin d) bəndindən görünür ki, mühafizəsiz element kimi əmtəə nişanına daxil edilmiş coğrafi göstəricilərin istifadə hüququ olan şəxsin adına qeydə alına bilən və Azərbaycan Respublikasında mühafizə edilən bir coğrafi göstəricilərdir. İkincisi, həmin Qanunun 25-ci maddəsinə əsasən isə əmtəə nişanının qüvvədə olduğu müddətdə nişan sahibinin Azərbaycan Respublikasının ərazisində onun barəsində sərəncam verməyə və ondan istifadə etməyə müstəsna hüququ vardır. Müstəsna hüquq əmtəə nişanının müstəqil əmtəə nişanı kimi qeydə alına bilinməyən elementlərinə şamil edilmir. Göründüyü kimi, qanunun qeyd olunan tələbləri baxımından, müstəsna hüquq əmtəə nişanının müstəqil əmtəə nişanı kimi qeydə alına bilinməyən elementlərinə, o cümlədən, qablaşdırmada rəng çalarlarına şamil edilə bilməz. Qanunun qeyd olunan tələbi baxımından, eyni zamanda, iddiaçıya məxsus “Ozmo Cornet” əmtəə nişanı şəhadətnaməsində “Əmtəə nişanında “OZMO”, “CORNET” söz işarələrindən və təsviri hissədən başqa qalan işarələr müstəqil hüquqi mühafizə obyektləri kimi qiymətləndirilməsi istisna olunur. Həmçinin qeyd olunmalıdır ki, “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikası Qanunun 4-cü maddəsinə əsasən - rəqibin təsərrüfat fəaliyyətini təqlid edən rəqibin əmtəəsinin, həmçinin onun əmtəə formasının, qablaşdırılmasının və xarici tərtibatının, əmtəənin texniki xassələrindən irəli gələn xarici görünüşü istisna olmaqla, özbaşına təqlid edilməsi; digər təsərrüfat subyektinin patent-lisenziya hüququnu pozmaq yolu ilə onun məhsulunun birbaşa təkrarlanması; eyni adlı subyekt tərəfindən öz adını hər hansı fərqləndirici nişanla firma adı kimi istifadə etməsi halları istisna olmaqla, digər bazar subyektinin əmtəə nişanının, coğrafi göstəricilərinin, firma adının, əmtəə markasının, həmçinin adının qanunsuz istifadə edilməsi kimi hərəkətlərə yol verilmir». Göründüyü kimi, “rəqibin təsərrüfat fəaliyyətini təqlid edən rəqibin əmtəəsinin, həmçinin onun əmtəə formasının, qablaşdırılmasının və xarici tərtibatının, əmtəənin texniki xassələrindən irəli gələn xarici görünüşündə təqlid edilmə qanunsuz istifadə sayılmır. Başqa sözlə, rənglərə əmtəə nişanının “təsviri hissəsində” müstəqil hüquqi mühafizə verilmədiyi halda, konkret halda iddiaçının adına qeydiyyata alınmış əmtəə nişanlarının təsvirində olan rənglərin - müstəqil olaraq mühafizə olunmasından söhbət gedə bilməz. Yuxarıda qeyd olunanlar onu göstərir ki, əmtəə nişanlarının təsviri hissəsindəki rənglərdən digər istehsalçıların istifadə hüququ məhdudlaşdırıla bilməz. Eyni zamanda, onu da qeyd etmək lazımdır ki, iddiaçı tərəfindən cavabdehin apellyasiya şikayətndə istinad etdiyi - hər iki Türkiyə Respublikasının istehsalçısı, o cümlədən, “Ozmo” əmtəə nişanlı məhsulların istehsalçısı olan “xxxx” Şirkəti və “Toybox” əmtəə nişanlı məhsullarının istehsalçısı “Toybox Gida..” şirkəti arasında - eyni predmet barədə mübahisəyə dair Türkiyə Respublikasının Bakırköy 1 Saylı Əqli və Sənaye Hüquqları Üzrə Mülki Məhkəməsinin xx.xx.2019-cu il tarixli yekun qərarı ilə bağlı hər hansı münasibət də bildirilməmiş, həmin qərarla müəyyən edilən hallara dair onun hər hansı etirazı məhkəməyə təqdim etməmişdir. Halbuki, cavabdeh apellyasiya şikayətində qeyd etmişdir ki, adıçkilən məhkəmənin xx.xx.2019-cu il tarixli qərarında qida sektoru məhsullarının etiketində istifadə olunan rənglərin bir çoxunun müştərək olduğu, məhsullarda istifadə olunan rənglərin heç kimin inhisarında ola bilməyəcəyi, bu baxımdan eyni rənglərin dünyanın ən mühüm qida müəssisələri tərəfindən müştərək şəkildə istifadə olunması reallığından çıxış edərək yalnız müştərək rənglərin qida sektorunda oxşar mallarda istifadəsinin son istehlakçıda qarışıqlığa səbəb olmaq üçün kifayət etməyəcəyi, iddiaçının qeydiyyatdan keçirdiyi əmtəə nişanlarındakı uşaq fiqurları ilə cavabdehin istifadə hallarının müştərək şəkildə ehtiva etdiyi uşaq fiqurlarının da bir-birindən fərqləndirilə biləcək qədər fərqli olduğu kimi, iddiaçının məhsulunda istifadə olunan “OZMO” yazısı və cavabdehin məhsulunda istifadə olunan “TOYBOX” yazılarının məhsulların üzərində aydın şəkildə yazılması və bu kimi digər səbəblər ilə bu məhsulların son istehlakçıda qarşıqlığa səbəb olmayacağı və haqsız rəqabət kimi baxıla bilməyəcəyi, yalnız oxşar rənglərin istifadə olunması səbəbilə markaya təcavüzdən də bəhs edilə bilməyəcəyi başa düşülməklə iddiaçının iddia tələbi rədd edilmişdir (məhkəmə qərarının Azərbaycan dilinə tərcümə-təsdiq edilmiş surəti Bakı Kommersiya Məhkəməsinə təqdim edilmişdir ) . Beləliklə də göstərilənlər onu deməyə əsas verir ki, birinci insansiya məhkəməsinin qətnaməsi - iddianın təmin edilən hissəsində işin halarına və maddi hüquq normalarına uyğun deyil. Ona görə də məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin həmin hissədə qətnamənin qanunsuz və əsassız olduğunu mübahisələndirən dəlilləri ilə razılaşır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-368/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi iddianın təmin edilən hissəsində ləğv edilməli və həmin hissədə iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmalıdır. Göstərilənləri nəzərə alaraq və İPM-in 32, 33, 82, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh MMC-nin apellyasiya şikayəti təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-368/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi iddianın təmin edilən hissəsində ləğv edilsin. Həmin hissədə idddiaçı xxxxda Sanayi və Ticarət Anonim Şirkətinin iddia tələbi təmin edilməsin. Qətnamədən təqdim olunduğu gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Raqib Qurbanov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-2(103)-132/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-132/2021
04.03.2021 · Əqli mülkiyyət hüququ ilə əlaqədar mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver