Məhkəmə qərarları › İş №2-2(103)-312/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-312/2021

09.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-312/2021 09.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Raqib Əliddin oğlu Qurbanovun sədrliyi və məruzəsi ilə, Cahangir Afər oğlu Yusifov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi Nümayəndə1 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-425/2020 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qətnaməsindən iddiaçı ləğv prosesində olan İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı ləğv prosesində olan İddiaçı ASC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 28493 avro məbləğində əsas borc, 6307 avro faiz borcu, kredit müqaviləsinin müddəti bitdikdən sonra Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenum qərarına əsasən hesablanmış 3659,04 avro faiz borcu olmaqla, cəmi 38459,04 avro məbləğində kredit borcunun, mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulub, iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli e-2-2(113)-425/2020 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh MMC-dən 16297,71 avro əsas borc, 6307 manat məbləğində faiz borcu, kredit müddəti bitdikdən sonrakı vaxt üçün 1591,29 avro faiz borcu olmaqla, cəmi 24196 avro (ödəniş gününə olan manat məzənnəsi ilə) və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 25 manat məbləğində pul vəsaitinin tutularaq ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, qalan hissədə iddianın rədd edilməsi, iddia verilərkən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 5 manat hissəsinin iddiaçıya aid edilməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 200 manat pul məbləğinin 175 manat hissəsinin cavabdehdən, 25 manat hissəsinin isə iddiaçıdan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir. İddiaçı ləğv prosesində olan İddiaçı ASC apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddianın tam təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, kredit müqaviləsinin müddəti bitdikdən sonra Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına (MM 449.1-ci maddəsinə uyğun olaraq) əsasən hesablanmış faiz borcu ekspert rəyində müəyyən edilməmişdir. Lakin ekspert rəylərindən də göründüyü kimi faiz məbləği hər ekspert rəyində fərqli göstərilmiş və cavabdehin kredit öhdəliyi üzrə əsas borcunun hesablanmasında silinmələrin çox hissəsi əsas məbləğdən deyil, faiz borcu üzrə aparıldığından nəticə olaraq əsas məbləğdə azalma, faiz məbləğində isə ziddiyyət yaranmışdır. Həmçinin ekspert tərəfindən təhqiqatın hansı metodlarla aparılması, ekspertizanın rəyinin düzgün olub-olmaması müəyyən edilməmiş və ekspertiza keçirilən zaman kredit müqaviləsinin bəndlərini nəzərdə tutulan müddəaları nəzərə alınmamışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətini müdafiə etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı yalnız əsas borcun və illik 5%-lə hesablanan faiz borcunun tutulması hissəsində yoxlanılır. İşin mübahisəsiz halları ondan ibarətdir ki, İddiaçı ASC ilə Cavabdeh MTK arasında xx.xx.2015-ci il tarixli 156/15 saylı kredit müqaviləsi bağlanmış və müqaviləyə əsasən bank tərəfindən MTK-ya 12 ay müddətinə, illik 12 % dərəcəsi olmaqla 388.279 avro məbləğində kredit verilmişdir. İddiaçı bildirir ki, cavabdeh müqavilə öz üzərinə düşən öhdəliyi lazımi qaydada icra etməmişdir. Cavabdehin kredit müqaviləsi üzrə əsas borcu 28493 avro, illik 5%-lə hesablanan faiz borcu isə 3659,04 avro təşkil edir. Cavabdeh iddiaya etiraz edir. Birinci instansiya məhkəməsi kredit borcunun məbləğinin müəyyən edilməsi üçün iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin etmiş və Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən xx xxxxxx 2020-ci il tarixli 30427 saylı ekspert rəyi verilmişdir. Həmin rəyə əsasən Cavabdeh MMC-nin xx xxxxxx 2015-cı il tarixli, 156/15 saylı kredit müqaviləsi üzrə xx.xx.2016-cı il tarixə İddiaçı ASC-yə olan əsas borcu 328230,24 avro, faiz borcu 9190,45 avro, həmin kredit müqaviləsi üzrə xx xxxxxx 2019-cu il tarixə isə əsas borcu 16297,71 avro, faiz borcu 1665,99 avro təşkil edir. Birinci instansiya məhkəməsi tərəfindən iş üzrə təkrar məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş və Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən xx xxxxxxxx 2020ci il tarixli 9/3254 saylı ekspert rəyi verilmişdir. Həmin rəyə əsasən Cavabdeh MMC-nin xx xxxxxx 2015-cı il tarixli 156/15 saylı kredit müqaviləsi üzrə xx.xx.2016-cı il tarixə İddiaçı ASC-yə olan əsas borcu 328230,24 avro, faiz borcu 9190,45 avro, həmin kredit müqaviləsi üzrə xx xxxx 2019-cu il tarixə isə əsas borcu 16.297,71 avro, faiz borcu 1591,29 avro təşkil edir. Birinci instansiya məhkəməsi əsas və illik 5%-lə hesablanan faiz borcunun tutulması hissəsində ekspert rəyinə uyğun olaraq iddianı qismən təmin etmişdir. İşin hallarını və Mülki Məcəllənin 739 və 445.7-ci maddələrinə əsaslanaraq kollegiya hesab edir ki, əsas borcun və illik 5%-lə hesablanan faiz borcunun tutulması hissəsində birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Apellyasiya şikayətinin dəlilləri isə əsassızdır. Belə ki, əsas borcun və illik 5%-lə hesablanan faiz borcunun məbləği ekspert rəyi ilə müəyyən olunur. Həmin rəyin düzgün olmaması qənaətinə gəlmək üçün heç bir əsas yoxdur. Belə ki, əlavə və təkrar məhkəmə ekspertizasının təyin edilməsi əsasları Mülki Prosessual Məcəllənin 102-ci maddəsində göstərilmişdir. Lakin hazırkı işdə qeyd olunan əsaslar mövcud deyildir. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə verilmiş rəy mötəbər sübut kimi qiymətləndirilməlidir. Belə ki, həmin rəy birinci instansiya məhkəməsinin qərardadı əsasında verilmiş, ekspert tərəfindən tam və hərtərəfli tədqiqat aparılmış və tədqiqat prosesi rəydə müfəssəl təsvir olunmuşdur. İddiaçı isə ekspert rəyinin qeyri-dəqiq olmasını bildirsə də, bununla bağlı sübutları təqdim etməmiş və Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı ləğv prosesində olan İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-425/2020 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qətnaməsi əsas borcun və illik 5%-lə hesablanan faiz borcunun tutulması hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Cahangir Yusifov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar