Məhkəmə qərarları › İş №2-2(103)-322/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-322/2024

09.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-322/2024 09.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı ASC-nin cavabdehlər Cavabdeh3, Cavabdeh2 MMC, Cavabdeh1, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 qarşı “kredit müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X1 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vahid Nəriman oğlu Sadıqov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi Nümayəndə3 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-2131/2023 saylı qətnaməsindən İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ

1. İddiaçı ASC ilə Cavabdeh2 MMC arasında bağlanmış 11 oktyabr 2017-ci il tarixli GTC-510LE/2017 nömrəli bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunda müştərinin müraciət əsasında ona bank hesabının açılması, depozitin yerləşdirilməsi, maliyyələşdirilməsi (kredit, kredit xətti və ya limitin ayrılması), ticarətin maliyyələşdirilməsi (akkreditiv, qarantiya, stand-by akkreditiv, inkasso), ödəniş kartlarının verilməsi, inkassasiya xidməti, depozit qutularının icarəsi və bu xidmətlərin göstərilməsindən irəli gələn şərtlər öz əksini tapmışdır.

2. İddiaçı ASC ilə Cavabdeh2 MMC arasında 21 noyabr 2017-ci il tarixli GL2366 kredit limiti müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən bu müqavilə kredit alanla kredit verənin uzunmüddətli əməkdaşlıq niyyətindən irəli gələrək, ümumi öhdəlik limitinin müəyyən edilməsi məqsədi ilə həmin limit üzrə ümumi şərtləri müəyyən edir. Kredit limitinin məbləği 10.000 manat, müqavilənin müddəti isə xx.xx.2027-ci il tarixədək müəyyən edilmişdir.

3. Müqaviləyə 10 sentyabr 2018-ci il tarixli 01 nömrəli əlavəyə əsasən müqavilənin 1.3 və 1.4-cü bəndlərinə əlavə edilərək kredit üzrə illik faiz dərəcəsi illik 25 faizədək, kredit üzrə gecikdirilmiş əsas məbləğə tətbiq olunan illik/gündəlik cərimə faiz dərəcəsi illik 40 %-dək müəyyən edilmişdir.

4. İddiaçı ASC ilə cavabdeh X2 arasında 01 noyabr 2021-ci il tarixli DG**********025 nömrəli zaminlik müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən bank ilə bu müqavilənin 2.3-cü bəndində göstərilən şəxs arasında müqavilənin 2.1-ci bəndində göstərilən öhdəlik əsasında borcalana veriləcək müqavilənin 2.2-ci bəndində göstərilən məbləğdə kredit xətti ilə əlaqədar olaraq borcalan bank qarşısında öz öhdəliklərini tam yerinə yetirənədək zamin, borcalan ilə birlikdə bank qarşısında məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür.

5. xx.xx.2018-ci il tarixli K2461 saylı kredit əməliyyatı üzrə maliyyələşdirmə üçün ərizəyə əsasən xx.xx.2017-ci il tarixli GTC-510LE/2017 saylı ümumi şərtlər toplusu və xx.xx.2017-ci tarixli GL2366 kredit limiti müqaviləsi üzrə Cavabdeh2 MMC-yə 1.000.000 manat limit ayrılmışdır.

6. 23.05.2018-ci il tarixli maliyyələşdirmə üçün ərizənin şərtlərinin dəyişdirilməsi üzrə 1 saylı Əlavəyə əsasən Cavabdeh2 MMC-yə 1.200.000 manat limit ayrılmışdır.

7. xx.xx.2019-cu il tarixli maliyyələşdirmə üçün ərizənin şərtlərinin dəyişdirilməsi üzrə 2 saylı Əlavədəyə əsasən Cavabdeh2 MMC-yə 1.540.000 manat limit ayrılmışdır.

8. xx.xx.2020-ci il tarixli K4022 saylı kredit əməliyyatı üzrə maliyyələşdirmə üçün ərizəyə əsasən xx.xx.2017-ci il tarixli GTC-510LE/2017 saylı ümumi şərtlər toplusu və xx.xx.2017-ci tarixli GL2366 saylı kredit limiti müqaviləsi üzrə Cavabdeh2 MMC-yə 1.042.000 manat kredit ayrılmışdır.

9. xx.xx.2020-ci il tarixli K4023 saylı kredit əməliyyatı üzrə maliyyələşdirmə üçün ərizəyə əsasən xx.xx.2017-ci il tarixli GTC-510LE/2017 saylı ümumi şərtlər toplusu və xx.xx.2017-ci tarixli GL2366 saylı kredit limiti müqaviləsi üzrə Cavabdeh2 MMC-yə 351.719 manat kredit ayrılmışdır.

10. xx.xx.2020-ci il tarixli K2461/04 saylı kredit əməliyyatı üzrə maliyyələşdirmə üçün ərizəyə əsasən xx.xx.2017-ci il tarixli GTC-510LE/2017 saylı ümumi şərtlər toplusu və xx.xx.2018-ci tarixli K2461 saylı kredit limiti müqaviləsi üzrə Cavabdeh2 MMC-yə 42.500 manat kredit ayrılmışdır.

11. xx.xx.2020-ci il tarixli maliyyələşdirmə üçün ərizənin şərtlərinin dəyişdirilməsi üzrə 1 saylı Əlavəyə əsasən xx.xx.2020-ci il tarixli K2461/04 saylı maliyyələşdirmə üçün ərizədəki kredit müddəti dəyişdirilərək xx.xx.2021-ci il tarixədək edilmişdir.

12. xx.xx.2020-ci il tarixli K2461/05 saylı kredit əməliyyatı üzrə maliyyələşdirmə üçün ərizəyə əsasən xx.xx.2017-ci il tarixli GTC-510LE/2017 saylı ümumi şərtlər toplusu və xx.xx.2018-ci tarixli K2461 saylı kredit limiti müqaviləsi üzrə Cavabdeh2 MMC-yə 35700 manat kredit ayrılmışdır.

13. xx.xx.2020-ci il tarixli maliyyələşdirmə üçün ərizənin şərtlərinin dəyişdirilməsi üzrə 1 saylı Əlavəyə əsasən xx.xx.2020-ci il tarixli K2461/05 saylı maliyyələşdirmə üçün ərizədəki kredit müddəti dəyişdirilərək xx.xx.2021-ci il tarixədək edilmişdir.

14. xx.xx.2020-ci il tarixli K2461/06 saylı kredit əməliyyatı üzrə maliyyələşdirmə üçün ərizəyə əsasən xx.xx.2017-ci il tarixli GTC-510LE/2017 saylı ümumi şərtlər toplusu və xx.xx.2018-ci tarixli K2461 saylı kredit limiti müqaviləsi üzrə Cavabdeh2 MMC-yə 30600 manat kredit ayrılmışdır.

15. xx.xx.2020-ci il tarixli maliyyələşdirmə üçün ərizənin şərtlərinin dəyişdirilməsi üzrə 1 saylı Əlavəyə əsasən xx.xx.2020-ci il tarixli K2461/05 saylı maliyyələşdirmə üçün ərizədəki kredit müddəti dəyişdirilərək xx.xx.2021-ci il tarixədək edilmişdir.

16. xx.xx.2020-ci il tarixli K2461/07 saylı kredit əməliyyatı üzrə maliyyələşdirmə üçün ərizəyə əsasən xx.xx.2017-ci il tarixli GTC-510LE/2017 saylı ümumi şərtlər toplusu və xx.xx.2018-ci tarixli K2461 saylı kredit limiti müqaviləsi üzrə Cavabdeh2 MMC-yə 29750 manat kredit ayrılmışdır.

17. xx.xx.2020-ci il tarixli maliyyələşdirmə üçün ərizənin şərtlərinin dəyişdirilməsi üzrə 1 saylı Əlavəyə əsasən xx.xx.2020-ci il tarixli K2461/07 saylı maliyyələşdirmə üçün ərizədəki kredit müddəti dəyişdirilərək xx.xx.2020-ci il tarixədək edilmişdir.

18. 19.12.2019-cu il tarixli maliyyələşdirmə üçün ərizənin şərtlərinin dəyişdirilməsi üzrə 2 saylı Əlavəyə əsasən xx.xx.2017-ci il tarixli 2017-603LO saylı maliyyələşdirmə üçün ərizədəki kredit müddəti dəyişdirilərək xx.xx.2020-ci il tarixədək edilmişdir

19. İddiaçı ilə cavabdehlər Cavabdeh2 MMC (borc alan) və Cavabdeh5 (ipoteka qoyan) arasında xx.xx.2017-ci il tarxli İ2196 nömrəli ipoteka müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən ipoteka qoyanın ipoteka saxlayan qarşısında olan pul öhdəliyinin icrasının təmin edilməsi məqsədilə ipoteka qoyanın müqavilənin 2-ci bəndində göstərilən əmlakının ipoteka ilə yüklü edilməsinin və ipoteka ilə təmin olunmuş pul öhdəliyi ipoteka qoyan tərəfindən müqavilənin 2.8-ci bəndinin müəyyən olunan şərtlərlə və qaydada icra edilmədikdə və ya lazımınca icra edilmədikdə, habelə müqavilənin 5.1-ci bəndilə müəyyənləşdrilən hallarda ipoteka saxlayanın ipoteka qoyana qarşı olan tələbinin ipoteka ilə yüklü edilmiş əşya hesabına ödənilməsinin hüquqi əsasını, tərəflərin hüquq və vəzifələrini müyyən edir.

20. Müqavilənin 2-ci bəndinə əsasən ipoteka saxlayanla kredit alan arasında imzalanmış xx.xx.2017-ci il tarixli GL2366 saylı kredit limiti müqaviləsinin təmin edilməsi məqsədilə ünvan 1 ünvanında yerləşən 29,11 kv.m yaşayış sahəsi, 19,9 kv.m yardımçı sahədən ibarət ümumi sahəsi 49,01 kv.m olan 2 otaqlı mənzil ipoteka ilə yüklü edilmişdir. İpoteka predmetinin dəyəri 57.000 manat müəyyən edilmişdir.

21. İddiaçı ilə cavabdehlər Cavabdeh2 MMC (borc alan) və Cavabdeh5 (ipoteka qoyan) arasında bağlanmış xx.xx.2021-ci il tarixli xx.xx.2017-ci il tarxli İ2196 nömrəli ipoteka müqaviləsinə əlavəyə əsasən müqavilənin 2.7-ci bəndinə dəyişiklik edilərək əsas öhdəlik ipoteka saxlayanla kredit alan arasında imzalanmış xx.xx.2017-ci il tarixli GL2366 saylı kredit limiti müqaviləsi və ona əlavə edilmiş xx.xx.2018-ci il tarixli 1 saylı Əlavə; öhdəlik yaradan müqavilənin şərtləri isə illik faiz dərəcəsi 25 %-dək, cərimə faiz dərəcəsi illik 40 %-dək olmaqla xx.xx.2027-ci il tarixinədək ayrılmış 13.000.000 manatı məbləğində kredit limiti ilə əvəz edilmişdir.

22. Müqavilənin 4-cü bəndinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi zamanı ilkin satış qiymətinin 46400 manat məbləğdə olması müəyyən edilmişdir.

23. İddiaçı ilə cavabdehlər Cavabdeh2 MMC (borc alan) və X4 arasında xx.xx.2018-ci il tarixli İ2267 nömrəli ipoteka müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən ipoteka qoyanın ipoteka saxlayan qarşısında olan pul öhdəliyinin icrasının təmin edilməsi məqsədilə ipoteka qoyanın müqavilənin 2-ci bəndində göstərilən əmlakının ipoteka ilə yüklü edilməsinin və ipoteka ilə təmin olunmuş pul öhdəliyi ipoteka qoyan tərəfindən müqavilənin 2.8-ci bəndinin müəyyən olunan şərtlərlə və qaydada icra edilmədikdə və ya lazımınca icra edilmədikdə, habelə müqavilənin 5.1-ci bəndilə müəyyənləşdirilən hallarda ipoteka saxlayanın ipoteka qoyana qarşı olan tələbinin ipoteka ilə yüklü edilmiş əşya hesabına ödənilməsinin hüquqi əsasını, tərəflərin hüquq və vəzifələrini müəyyən edir.

24. Müqavilənin 2-ci bəndinə əsasən ipoteka saxlayanla kredit alan arasında imzalanmış xx.xx.2017-ci il tarixli GL2366 saylı kredit limiti müqaviləsinin təmin edilməsi məqsədilə ünvan 2 ünvanında yerləşən 29,11 kv.m yaşayış sahəsi, istifadədə olan 0,01018 ha torpaq sahəsi və onun üzərində yerləşən xüsusi mülkiyyətdə olan 94,9 kv.m yaşayış, 40,5 kv.m yardımçı, 135,4 kv.m ümumi sahədən ibarət 6 otaqlı 2 mərtəbəli bağ evi ipoteka ilə yüklü edilmişdir. İpoteka predmetinin dəyəri 100.000 manat müəyyən edilmişdir.

25. İddiaçı ilə cavabdehlər Cavabdeh2 MMC (borc alan) və X4 (ipoteka qoyan) arasında bağlanmış xx.xx.2021-ci il tarixli xx.xx.2018-ci il tarixli İ2267 nömrəli ipoteka müqaviləsinə əlavəyə əsasən müqavilənin 2.7-ci bəndinə dəyişiklik edilərək əsas öhdəlik ipoteka saxlayanla kredit alan arasında imzalanmış xx.xx.2017-ci il tarixli GL2366 saylı kredit limiti müqaviləsi və ona əlavə edilmiş xx.xx.2018-ci il tarixli 1 saylı Əlavə; öhdəlik yaradan müqavilənin şərtləri isə illik faiz dərəcəsi 25 %-dək, cərimə faiz dərəcəsi illik 40 %-dək olmaqla xx.xx.2027-ci il tarixinədək ayrılmış 13.000.000 manatı məbləğində kredit limiti ilə əvəz edilmişdir.

26. Müqavilənin 4-cü bəndinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi zamanı ilkin satış qiymətinin 72760 manat məbləğdə olması müəyyən edilmişdir.

27. İddiaçı ilə cavabdehlər Cavabdeh2 MMC (borc alan) və Cavabdeh4 arasında xx.xx.2018-ci il tarixli İ2268 nömrəli ipoteka müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən ipoteka qoyanın ipoteka saxlayan qarşısında olan pul öhdəliyinin icrasının təmin edilməsi məqsədilə ipoteka qoyanın müqavilənin 2-ci bəndində göstərilən əmlakının ipoteka ilə yüklü edilməsinin və ipoteka ilə təmin olunmuş pul öhdəliyi ipoteka qoyan tərəfindən müqavilənin 2.8-ci bəndinin müəyyən olunan şərtlərlə və qaydada icra edilmədikdə və ya lazımınca icra edilmədikdə, habelə müqavilənin 5.1-ci bəndilə müəyyənləşdrilən hallarda ipoteka saxlayanın ipoteka qoyana qarşı olan tələbinin ipoteka ilə yüklü edilmiş əşya hesabına ödənilməsinin hüquqi əsasını, tərəflərin hüquq və vəzifələrini müəyyən edir.

28. Müqavilənin 2-ci bəndinə əsasən ipoteka saxlayanla kredit alan arasında imzalanmış xx.xx.2017-ci il tarixli GL2366 saylı kredit limiti müqaviləsinin təmin edilməsi məqsədilə ünvan 3 ünvanında yerləşən xüsusi mülkiyyətdə olan 157,2 kv.m sahədən ibarət mənzil ipoteka ilə yüklü edilmişdir. İpoteka predmetinin dəyəri 342.000 manat müəyyən edilmişdir.

29. İddiaçı ilə cavabdehlər Cavabdeh2 MMC (borc alan) və Cavabdeh4 (ipoteka qoyan) arasında bağlanmış xx.xx.2021-ci il tarixli xx.xx.2018-ci il tarixli İ2268 nömrəli ipoteka müqaviləsinə əlavəyə əsasən müqavilənin 2.7-ci bəndinə dəyişiklik edilərək əsas öhdəlik ipoteka saxlayanla kredit alan arasında imzalanmış xx.xx.2017-ci il tarixli GL2366 saylı kredit limiti müqaviləsi və ona əlavə edilmiş xx.xx.2018-ci il tarixli 1 saylı Əlavə; öhdəlik yaradan müqavilənin şərtləri isə illik faiz dərəcəsi 25 %-dək, cərimə faiz dərəcəsi illik 40 %-dək olmaqla xx.xx.2027-ci il tarixinədək ayrılmış 10.000.000 manatı məbləğində kredit limiti ilə əvəz edilmişdir.

30. Müqavilənin 4-cü bəndinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi zamanı ilkin satış qiymətinin 244.000 manat məbləğdə olması müəyyən edilmişdir.

31. İddiaçı ilə cavabdehlər Cavabdeh2 MMC (borc alan) və Özcan Mehmet arasında xx.xx.2019-cu il tarixli İ2761 nömrəli ipoteka müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən ipoteka qoyanın ipoteka saxlayan qarşısında olan pul öhdəliyinin icrasının təmin edilməsi məqsədilə ipoteka qoyanın müqavilənin 2-ci bəndində göstərilən əmlakının ipoteka ilə yüklü edilməsinin və ipoteka ilə təmin olunmuş pul öhdəliyi ipoteka qoyan tərəfindən müqavilənin 2.8-ci bəndinin müəyyən olunan şərtlərlə və qaydada icra edilmədikdə və ya lazımınca icra edilmədikdə, habelə müqavilənin 5.1-ci bəndilə müəyyənləşdrilən hallarda ipoteka saxlayanın ipoteka qoyana qarşı olan tələbinin ipoteka ilə yüklü edilmiş əşya hesabına ödənilməsinin hüquqi əsasını, tərəflərin hüquq və vəzifələrini müyyən edir.

32. Müqavilənin 2-ci bəndinə əsasən ipoteka saxlayanla kredit alan arasında imzalanmış xx.xx.2017-ci il tarixli saylı kredit limiti müqaviləsinin təmin edilməsi məqsədilə Bakı şəhəri, Xətai rayonu, 1131-ci məhəllə, ünvan 4 ünvanında yerləşən xüsusi mülkiyyətdə olan mənzil ipoteka ilə yüklü edilmişdir. İpoteka predmetinin dəyəri 149.000 manat müəyyən edilmişdir.

33. İddiaçı ilə cavabdehlər Cavabdeh2 MMC (borc alan) və Özcan Mehmet arasında xx.xx.2019-cu il tarixli İ2762 nömrəli ipoteka müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən ipoteka qoyanın ipoteka saxlayan qarşısında olan pul öhdəliyinin icrasının təmin edilməsi məqsədilə ipoteka qoyanın müqavilənin 2-ci bəndində göstərilən əmlakının ipoteka ilə yüklü edilməsinin və ipoteka ilə təmin olunmuş pul öhdəliyi ipoteka qoyan tərəfindən müqavilənin 2.8-ci bəndinin müəyyən olunan şərtlərlə və qaydada icra edilmədikdə və ya lazımınca icra edilmədikdə, habelə müqavilənin 5.1-ci bəndilə müəyyənləşdrilən hallarda ipoteka saxlayanın ipoteka qoyana qarşı olan tələbinin ipoteka ilə yüklü edilmiş əşya hesabına ödənilməsinin hüquqi əsasını, tərəflərin hüquq və vəzifələrini müəyyən edir.

34. Müqavilənin 2-ci bəndinə əsasən ipoteka saxlayanla kredit alan arasında imzalanmış xx.xx.2017-ci il tarixli GL2366 saylı kredit limiti müqaviləsinin təmin edilməsi məqsədilə Bakı şəhəri, Xətai rayonu, 1131-ci məhəllə, ünvan 5 ünvanında yerləşən xüsusi mülkiyyətdə olan 150.5 kv.m sahədən ibarət mənzil ipoteka ilə yüklü edilmişdir. İpoteka predmetinin dəyəri 249.000 manat müəyyən edilmişdir.

35. İddiaçı ilə cavabdehlər Cavabdeh2 MMC (borc alan) və Cavabdeh1 arasında xx.xx.2019-cu il tarixli İ2919 nömrəli ipoteka müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən ipoteka qoyanın ipoteka saxlayan qarşısında olan pul öhdəliyinin icrasının təmin edilməsi məqsədilə ipoteka qoyanın müqavilənin 2-ci bəndində göstərilən əmlakının ipoteka ilə yüklü edilməsinin və ipoteka ilə təmin olunmuş pul öhdəliyi ipoteka qoyan tərəfindən müqavilənin 2.8-ci bəndinin müəyyən olunan şərtlərlə və qaydada icra edilmədikdə və ya lazımınca icra edilmədikdə, habelə müqavilənin 5.1-ci bəndilə müəyyənləşdrilən hallarda ipoteka saxlayanın ipoteka qoyana qarşı olan tələbinin ipoteka ilə yüklü edilmiş əşya hesabına ödənilməsinin hüquqi əsasını, tərəflərin hüquq və vəzifələrini müəyyən edir.

36. Müqavilənin 2-ci bəndinə əsasən ipoteka saxlayanla kredit alan arasında imzalanmış xx.xx.2017-ci il tarixli GL2366 saylı kredit limiti müqaviləsi və ona edilmiş xx.xx.2018-ci il tarixli 1 saylı Əlavənin təmin edilməsi məqsədilə ünvan 6 ünvanında yerləşən xüsusi mülkiyyətdə olan ümumi sahəsi 58,25 kv.m olan mənzil ipoteka ilə yüklü edilmişdir. İpoteka predmetinin dəyəri 73300 manat müəyyən edilmişdir.

37. İddiaçı ilə Cavabdeh2 MMC arasında 21 noyabr 2017-ci il atrixli G1578 nömrəli girov müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən girov qoyanın girov saxlayan qarşısında olan pul öhdəliyinin icrasının təmin edilməsi məqsədilə girov qoyanın müqavilənin 2.2-ci bəndində göstərilən əmlakının girov qoyulmasını və girovla təmin olunmuş pul öhdəliyi girov qoyan tərəfindən müqavilənin 2.8-ci bəndində göstərilən müqavilədə müəyyən olunan müddətdə icra edilmədikdə və ya lazımınca icra edilmədikdə girov saxlayanın girov qoyana qarşı olan tələbinin girov qoyulmuş əşya hesabına ödənilməsinin hüquqi əsasını, tərəflərin hüquq və vəzifələrini müəyyən edir.

38. Müqavilənin 2-ci bəndinə əsasən girov saxlayanla kredit alan arasında imzalanmış xx.xx.2017-ci il tarixli GL2366 saylı kredit limiti müqaviləsinin təmin edilməsi məqsədilə Bakı şəhəri, Əhməd Rəcəbli küçəsində yerləşən 4650 ədəd müxtəlif mal qalığı girovla yüklü edilmişdir.

39. xx.xx.2017-ci il tarixli G1578 nömrəli girov müqaviləsinə 29 iyun 2020-ci il tarixli 02 nömrəli əlavəyə əsasən müqavilənin 2.8 və 2.9-cu bəndlərinə dəyişiklik edilərək əsas öhdəlik girov saxlayanla kredit alan arasında imzalanmış xx.xx.2017-ci il tarixli GL 2366 saylı kredit limiti müqaviləsi və ona edilmiş xx.xx.2018-ci il tarixli 1 saylı Əlavəyə, öhdəlik yaradan müqavilənin şərtləri isə illik faiz dərəcəsi 25 %-dək, cərimə faiz dərəcəsi illik 40 %dək olmaqla xx.xx.2027-ci il tarixinədək ayrılmış 10.000.000 manat məbləğində kredit limiti olaraq dəyişdirilmişdir.

40. İddiaçı ilə Cavabdeh6 arasında 21 noyabr 2017-ci il tarixli Z2300 nömrəli zaminlik müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən bank ilə bu müqavilənin 2.3-cü bəndində göstərilən şəxs arasında müqavilənin 2.1-ci bəndində göstərilən kredit müqaviləsi əsasında borcalana veriləcək müqavilənin 2.2-ci bəndində göstərilən məbləğdə kreditlə əlaqədar olaraq borcalan bank qarşısında öz öhdəliklərini tam yerinə yetirənədək zamin, borcalan ilə birlikdə bank qarşısında məsuliyyət daşımağı öz öhdəsinə götürür.

41. Müqavilənin 2-ci bəndinə əsasən zaminliklə təmin olunan öhdəlik xx.xx.2017-ci il tarixli GL2366 saylı kredit limiti müqaviləsidir.

42. xx.xx.2017-ci il tarixli Z2300 nömrəli zaminlik müqaviləsinə 01 nömrəli 29 iyun 2020ci il tarixli Əlavəyə əsasən 2.1 və 2.2-ci bəndlərinə dəyişiklik edilərək əsas öhdəlik girov saxlayanla kredit alan arasında imzalanmış xx.xx.2017-ci il tarixli GL 2366 saylı kredit limiti müqaviləsi və ona edilmiş xx.xx.2018-ci il tarixli 1 saylı Əlavəyə, öhdəlik yaradan müqavilənin şərtləri isə illik faiz dərəcəsi 25 %-dək, cərimə faiz dərəcəsi illik 40 %dək olmaqla xx.xx.2027-ci il tarixinədək ayrılmış 10.000.000 manat məbləğində kredit limiti olaraq dəyişdirilmişdir.

43. İddiaçı ilə Cavabdeh6 Zabil oğlu arasında 20 dekabr 2017-ci il tarixli zaminlik müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən bank ilə bu müqavilənin 2.3-cü bəndində göstərilən şəxs arasında müqavilənin 2.1-ci bəndində göstərilən kredit müqaviləsi əsasında borcalana veriləcək müqavilənin 2.2-ci bəndində göstərilən məbləğdə kreditlə əlaqədar olaraq borcalan bank qarşısında öz öhdəliklərini tam yerinə yetirənədək zamin, borcalan ilə birlikdə bank qarşısında məsuliyyət daşımağı öz öhdəsinə götürür.

44. Müqavilənin 2-ci bəndinə əsasən zaminliklə təmin olunan öhdəlik xx.xx.2017-ci il tarixli GTC-510LE/2017 saylı ümumi şərtlər toplusu çərçivəsində imzalanmış xx.xx.2017-ci il tarixli 2017-603LG saylı maliyyələşdirmə üçün ərizədir.

Birinci instansiya məhkəməsindəki icraat

45. İddiaçı ASC cavabdehlər Cavabdeh3, Cavabdeh2 MMC, Cavabdeh1, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 qarşı iddia ərizəsi (sonradan dəqiqləşdirmə ilə) məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 MMC və Cavabdeh6 birgə qaydada: K4022 saylı kredit müqaviləsinə əsasən 1.042.100 manat əsas borc, 493.982,97 manat faiz borcu, 152.112,92 manat cərimə borcu olmaqla, cəmi 1.688.195,89 manat borcun; K4023 saylı kredit müqaviləsinə əsasən 351.719 manat əsas borc, 100.889,06 manat faiz borcu, 125.020,18 manat cərimə borcu olmaqla, cəmi 577.628,24 manat borcun; K2461/04 saylı kredit müqaviləsinə əsasən 42.500 manat əsas borc, 4.319,46 manat faiz borcu, 29.478,26 manat cərimə borcu olmaqla, cəmi 76.297,72 manat borcun; K2461/05 saylı kredit müqaviləsinə əsasən 35.700 manat əsas borc, 3.658,46 manat faiz borcu, 24.761,78 manat cərimə borcu olmaqla, cəmi 64.120,24 manat borcun; K2461/06 saylı kredit müqaviləsinə əsasən 30.600 manat əsas borc, 3.213,33 manat faiz borcu, 21.751,50 manat cərimə borcu olmaqla, cəmi 55.564,83 manat borcun; K2461/07 saylı kredit müqaviləsinə əsasən 29.750 manat əsas borc, 2.184,84 manat faiz borcu, 21.941,25 manat cərimə borcu olmaqla, cəmi 53.876,09 manat borcun; K2017-603LG saylı kredit müqaviləsinə əsasən 17.100 (Avro əsas borc, 114 Avro faiz borcu, 9.471,98 Avro cərimə borcu olmaqla, cəmi 26.685,98 Avro məbləğində borcun iddiaçının xeyrinə tutulması; tutmanın aşağıda qeyd edilən əmlaklara yönəldilməsi - Cavabdeh5 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 49.01 kv.m yaşayış sahəsinə; Cavabdeh4 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Aşıq Alı küçəsi, 864-cü məhəllə, ev 24, mənzil l (Yeni qaydalarda: AZ1072, ünvan 7 ünvanında yerləşən 157.2 kv.m yaşayış sahəsinə; Cavabdeh6 mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən 98 saylı bağ evinə; Cavabdeh3 mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, 1131-ci məhəllə, ünvan 5 ünvanında yerləşən 150.5 kv.m yaşayış sahəsinə; Cavabdeh3 mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, 1131-ci məhəllə, ünvan 4 ünvanında yerləşən 85.8 kv.m yaşayış sahəsinə; Cavabdeh1 mülkiyyətində olan ünvan 8 ünvanında yerləşən 58.25 kv.m yaşayış sahəsinə; Bakı şəhəri, Əhməd Rəcəbli küçəsində yerləşən 4650 ədəd (G1578 saylı girov müqaviləsinə 1 saylı əlavədə qeyd edilən) müxtəlif mal qalığına; Cavabdeh5 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 49.01 kv.m yaşayış sahəsinin hərracdan ilkin satış qiyməti 46.400 manat məbləğində; Cavabdeh4 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Aşıq Alı küçəsi, 864-cü məhəllə, ev 24, mənzil l (Yeni qaydalarda: ünvan 7 ünvanında yerləşən 157.2 kv.m yaşayış sahəsinin hərracdan ilkin satış qiyməti 244.000 manat məbləğində; Cavabdeh6 mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən 98 saylı 0.01018 ha torpaq sahəsində, 135.4 kv.m olan bağ evinin hərracdan ilkin satış qiyməti 72.750 manat məbləğində; Cavabdeh3 mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, 1131 -ci məhəllə, ünvan 5 ünvanında yerləşən 150.5 kv.m yaşayış sahəsinin hərracdan ilkin satış qiyməti 249.000 manat məbləğində; Cavabdeh3 mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, 1131-ci məhəllə, ünvan 4 ünvanında yerləşən 85.8 kv.m yaşayış sahəsinin hərracdan ilkin satış qiyməti 149.000 manat məbləğində; Cavabdeh1 mülkiyyətində olan ünvan 8 ünvanında yerləşən 58.25 kv.m yaşayış sahəsində hərracdan ilkin satış qiyməti 73.300 manat məbləğində müəyyən edilməklə açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin cavabdehlərin İddiaçı ASC-yə olan kredit borclarına ödənilməsinə yönəldilməsi; daşınmaz əmlaklar satıldıqdan sonra 1 ay ərzində boşaldılaraq mülkiyyətçilərə təhvil verilməsi; ipoteka predmetlərinin satışından əldə olunan pul vəsaiti cavabdehlərin iddiaçıya olan kredit öhdəliklərinin icrasına kifayət etmədiyi halda, qalıq borcun Cavabdeh2 MMC və Cavabdeh6 birgə qaydada tutularaq iddiaçının hesabına ödənilməsi; iddia ərizəsinin məhkəmənin icraatma qəbul olunması üçün ödənilmiş 1673 (bir min altı yüz yetmiş üç) manat dövlət rüsumu, Mediasiya prosesi üzrə 400 (dörd yüz) manat məbləğində xidmət haqqı, ipoteka bildirişinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxslərin 1 saylı Ərazi İdarəsində qeydiyyata alınması üçün 90 (doxsan) manat dövlət rüsumu və 180 (bir yüz səksən) manat xidmət haqqının cavabdehlərdən birgə qaydada tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

46. İddiaçı bildirir ki, borcalan qeyd edilən kreditlər üzrə öhdəliklərini vaxtında və lazımi qaydada icrа еtməmişdir. Buna görə də Bank tərəfindən məhkəməyə qədər pretenziya qaydasına əməl edilərək Borcalan və zaminə xəbərdarlıq məktubları göndərilmiş və Bank qarşısında olan öhdəliklərinin yerinə yetirilməsi xahiş olunmuş, əks halda qanunvericiliklə müəyyən olunmuş və müqavilə şərtində nəzərdə tutulmuş tədbirlərin görüləcəyi bildirilmişdir. Eyni zamanda İpoteka saxlayan İddiaçı ASC İpoteka qoyanlara “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 34.1.1-ci bəndinə uyğun olaraq ipoteka predmetlərinə tutmanın yönəldiləcəyinə dair ipoteka qoyanlarının Banka məlum olan qeydiyyat ünvanlarına bildiriş göndərmişdir və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişlərin qeydə alınması haqqında ərizə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxslərin 1 saylıƏrazi İdarəsinə təqdim olunmuş və qeydiyyata alınmışdır. Bundan başqa, iddiaçı tərəfindən mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi istiqamətində tədbirlər görülməsi məqsədi ilə Mediasiya İnstitutunun tətbiqi qaydasında Mediasiya Şurasına müraciət edilmiş, lakin tərəflər arasında məhkəmədən kənar qaydada razılıq əldə edilməmişdir.

47. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-2131/2023 saylı qərardadı ilə İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2 MMC, Cavabdeh1, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 qarşı “ipoteka predmetlərinin boşaldılması” tələbinə dair iddiası üzrə iddianın “ipoteka predmeti olan daşınmaz əmlakların boşaldılması” hissəsində iş üzrə icraata xitam verilmişdir.

48. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-2131/2023 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdehlər Cavabdeh2 MMC və Cavabdeh6 birgə qaydada K4022 saylı kredit müqaviləsinə əsasən 1.042.100 manat əsas borc, 276.040,70 manat faiz borcu, 43.026,30 manat cərimə borcu; K4023 saylı kredit müqaviləsinə əsasən 351.719 manat əsas borc, 93.166 manat faiz borcu, 17.500 manat cərimə borcu; K2461/04 saylı kredit müqaviləsinə əsasən 42.500 manat əsas borc, 4.319,46 manat faiz borcu, 2.100 manat cərimə borcu; K2461/05 saylı kredit müqaviləsinə əsasən 35.700 manat əsas borc, 3.658,46 manat faiz borcu, 1.700 manat cərimə borcu; K2461/06 saylı kredit müqaviləsinə əsasən 30.600 manat əsas borc, 3.213,33 manat faiz borcu, 1.500 manat cərimə borcu; K2461/07 saylı kredit müqaviləsinə əsasən 29.750 manat əsas borc, 2.184,84 manat faiz borcu, 1.400 manat cərimə borcu; K2017-603LG saylı müqaviləyə əsasən 17.100 avro əsas borc, 114 avro faiz borcu, 850 avro cərimə borcu, ödənilmiş 1000 manat dövlət rüsumu, 400 manat mediasiya xərci, 270 manat xidmət haqqı, ümumilikdə 1.983.848,09 manat və 18.064 Avro (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş Avronun manata nisbətən məzənnəsi nəzərə alınmaqla Azərbaycan manatı ekvivalenti ilə) məbləğində pul tutularaq İddiaçı ASC-yə ödənilməsi, tələbin ipoteka predmetləri olan tam mülkiyyət hüququ ilə Cavabdeh5 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 49.01 kv.m yaşayış sahəsinə ilkin satış qiyməti – 115.000 manat; Cavabdeh4 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Aşıq Alı küçəsi, 864-cü məhəllə, ev 24, mənzil 1(Yeni qaydalarda: AZ1072, ünvan 10 ünvanında yerləşən 157.2 kv.m yaşayış sahəsinə ilkin satış qiyməti – 450.000 manat; Cavabdeh6 mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən 98 saylı bağ evinə ilkin satış qiyməti – 120.000 manat; Cavabdeh3 mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, 1131-ci məhəllə, ünvan 5 ünvanında yerləşən 150.5 kv.m yaşayış sahəsinə ilkin satış qiyməti – 310.000 manat; Cavabdeh3 mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, 1131-ci məhəllə, ünvan 4 ünvanında yerləşən 85.8 kv.m yaşayış sahəsinə ilkin satış qiyməti – 190.000 manat; Cavabdeh1 mülkiyyətində olan ünvan 8 ünvanında yerləşən 58.25 kv.m yaşayış sahəsinə ilkin satış qiyməti – 110.000 manat olmaqla və Bakı şəhəri, Əhməd Rəcəbli küçəsində yerləşən 4650 ədəd (G1578 saylı girov müqaviləsinə 1 saylı əlavədə qeyd edilən) müxtəlif mal qalığına yönəldilməsi, həmin ipoteka və girov predmetləri açıq hərracdan satılması və əldə edilmiş vəsait hesabına ümumilikdə 1.983.848,09 manat və 18.064 Avro (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş Avronun manata nisbətən məzənnəsi nəzərə alınmaqla Azərbaycan manatı ekvivalenti ilə) məbləğində borc tutularaq İddiaçı ASC-yə ödənilməsi, satışdan artıq qalan vəsait ünvan 1 ünvanında yerləşən 49.01 kv.m yaşayış sahəsinə aid olan hissədə Cavabdeh5, Bakı şəhəri, Nərimanov rayonu, Aşıq Alı küçəsi, 864-cü məhəllə, ev 24, mənzil 1(Yeni qaydalarda: AZ1072, ünvan 10 ünvanında yerləşən 157.2 kv.m yaşayış sahəsinə aid olan hissədə Cavabdeh4, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən 98 saylı bağ evinə aid olan hissədə Cavabdeh6, Bakı şəhəri, Xətai rayonu, 1131-ci məhəllə, ünvan 5 ünvanında yerləşən 150.5 kv.m yaşayış sahəsinə və Bakı şəhəri, Xətai rayonu, 1131-ci məhəllə, ünvan 4 ünvanında yerləşən 85.8 kv.m yaşayış sahəsinə aid olan hissədə Cavabdeh3, ünvan 8 ünvanında yerləşən 58.25 kv.m yaşayış sahəsinə aid olan hissədə Cavabdeh1 qaytarılması və qalan hissədə iddianın rədd edilməsi qət edilmişdir.

49. İddiaçı ASC apellyasiya şikayəti verərək, həmin qətnamənin təmin edilməyən hissədə ləğv edilməsi və iddia tələbinin tam edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri

50. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə hesablanan cərimə pulunun tənasübsüz surətdə yüksək olduğunu qeyd etsə də bunu qanuni əsasla izah etməmiş, heç bir sübuta əsaslanmamış və bununla da, qətnamənin məzmununda qeyri-müəyyənlik yaratmışdır. Həmçinin Borc alan müqaviləni imzalayarkən müqavilə azadlığı prinsipinə əməl olunmuş və cərimə faizlərinin hesablanmasına razılığını bildirmişdir. Qanunvericilik öhdəliyin icrasının təmin edilməsi üsullarından biri kimi dəbbə pulunu (cərimə, penya) müəyyən etməklə kreditorlara dəyə biləcək zərərlərin qarşısını almaq məqsədi güdmüşdür. Bundan əlavə, K4022 və K4023 saylı maliyyələşdirmə üçün ərizələr üzrə faizin borcunun xx.xx.2022-ci il tarixə, yəni xəbərdarlıq müddətinin göndərilməsi tarixinə, digər müqavilələr üzrə isə xx.xx.2023cü il tarixə, yəni dəqiqləşmə ərizəsinin verilməsi tarixinə müəyyən edilməsi əsaslı hesab edilə bilməz. K4022 saylı kredit müqaviləsinə əsasən gecikmə günü 897, K4023 saylı kredit müqaviləsinə əsasən gecikmə günü 897, K2461/04 saylı kredit müqaviləsinə əsasən gecikmə günü 897, K2461/05 saylı kredit müqaviləsinə əsasən gecikmə günü 897, K2461/06 saylı kredit müqaviləsinə əsasən gecikmə günü 897, K2461/07 saylı kredit müqaviləsinə əsasən gecikmə günü 897, K2017-603LG saylı kredit müqaviləsinə əsasən gecikmə günü 877 gün təşkil etdiyindən, məhkəmə qətnaməsi ilə K4022 saylı kredit müqaviləsinə əsasən 43026,30 manat cərimə borcu, K4023 saylı kredit müqaviləsinə əsasən 17500 manat cərimə borcu, K2461/04 saylı kredit müqaviləsinə əsasən 2100 manat cərimə borcu, K2461/05 saylı kredit müqaviləsinə əsasən 1700 manat cərimə borcu, K2461/06 saylı kredit müqaviləsinə əsasən 1500 manat cərimə borcu, K2461/07 saylı kredit müqaviləsinə əsasən 1400 manat cərimə borcu, K2017-603LG saylı müqaviləyə əsasən 114 avro faiz borcu, 850 avro cərimə borcu gecikdirilmiş günlərin sayına uyğun deyildir. Odur ki, məhkəmə tərəfindən tərəflər arasında bağlanmış GTC-510LE/2017 saylı Bank Xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusu və xx.xx.2017-ci il tarixdə GL2366 saylı kredit limiti müqaviləsində qeyd edilmiş faiz və cərimə borcunun hesablanması nəzərə alınmamış, bununla da iş üçün mühüm əhəmiyyəti olan halları aydınlaşdırmamışdır. Belə ki, X3 kreditin əsas məbləği və ona hesablanmış faizlər ödəniş qrafikində və “Fərdi müştərilərin Maliyyələşdirməsi üçün ərizə” formasında göstərilən qaydada ödənilmədikdə gecikdirilmiş əsas məbləğə “Fərdi müştərilərin Maliyyələşdirməsi üçün ərizə” forması ilə müəyyən olunan qaydada və həcmdə cərimə faizi hesablanır. Cərimə faizi 2 qaydada müəyyən olunur: 1) kreditin müddəti bitənədək və 2) kreditin müddəti bitdikdən sonra. Kreditin müddəti bitənədək cərimə tətbiq olunduğu zaman kredit faizləri də öz növbəsində hesablanmağa davam edir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

51. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

52. Məhkəmə iclasında İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə3 apellyasiya şikayətini müdafiə etdi.

53. Cavabdehlər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir.

TƏTBİQ EDİLƏN HÜQUQ

54. Mülki Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 55.Həmin Məcəllənin 421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissəhissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır.

56. Həmin Məcəllənin 739.1-ci maddəsinə (xx.xx.2023-cü il tarixədək olan redaksiyada) əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür.

57. Həmin Məcəllənin 741-ci maddəsinə (xx.xx.2023-cü il tarixədək olan redaksiyada) əsasən əfər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.

58. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.

59. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.

60. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 61.Həmin Məcəllənin 119.3-cü maddəsinə əsasən iş, işdə iştirak edən şəxslər tərəfindən həmin kateqoriyadan olan mübahisələrin qanunla nəzərdə tutulmuş məhkəməyə qədər həlli qaydalarının və müqavilə qaydalarının (tələbi cavabsız qoymaq, tələb olunan sənədləri göndərməmək) pozulması nəticəsində meydana gəlmişdirsə, məhkəmə həmin xərcləri işin nəticəsindən asılı olmayaraq müəyyən edə bilər.

62. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

63. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin yalnız iddiaçı tərəfindən verildiyini, apellyasiya şikayətinin dəlillərini və məhkəmə iclasında iddiaçının nümayəndəsinin qətnamənin mübahisələndirilən hissəsi ilə dəqiqləşdirici mövqeyini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı yalnız bütün kreditlər üzrə dəbbə pulunun tutulması barədə tələblərin təmin edilməyən hissəsində, habelə K4022 və K4023 saylı maliyyələşdirmə üçün ərizələr üzrə faiz borcunun tutulması barədə tələblərin təmin edilməyən hissəsində yoxlanılır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

64. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya baxışının həddində iddia qismən əsaslıdır.

65. Belə ki, faiz borcunun tutulması barədə iddia tələblərinin qanuni əsasını Mülki Məcəllənin 741-ci maddəsi təşkil edir.

66. Hazırki işdə də müəyyən edilir ki, tərəflər arasında bağlanmış kredit müqavilələri (maliyyələşdirmə üçün ərizələr) üzrə cavabdeh öz öhdəliklərini pozmuş və ödənişləri vaxtında həyata keçirməmişdir.

67. Belə ki, kredit borcunun məbləğinin müəyyən edilməsi üçün birinci instansiya məhkəməsi tərəfindən məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 02 avqust 2023-cü il tarixli 9/4542 saylı ekspert rəyi verilmişdir.

68. Həmin rəyə əsasən, tərəflər arasında imzalanmış xx.xx.2020-ci il tarixli K4022 saylı kredit müqaviləsi üzrə Cavabdeh2 MMC-nin İddiaçı ASC-yə sualda soruşulan xx.xx.2022-ci il tarixə faiz borcu 276.040,7 manat, xx.xx.2023-cü il tarixə isə faiz borcu 466.860,8 manat təşkil edir. Tərəflər arasında imzalanmış xx.xx.2020-ci il tarixli K4023 saylı kredit müqaviləsi üzrə Cavabdeh2 MMC-nin İddiaçı ASC-yə sualda soruşulan xx.xx.2022-ci il tarixə faiz borcu 93.166 manat, xx.xx.2023-cü il tarixə isə faiz borcu 157.570 manat təşkil edir.

69. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı xx.xx.2022-ci il tarixdə cavabdehlərə xəbərdarlıq ünvanlayaraq kredit müqavilələri üzrə borcun ödənilməsini tələb etmiş, kredit müqavilələrini birtərəfli qaydada həmin tarixdə ləğv etmişdir. Belə olan təqdirdə məhkəmə hesab etmişdir ki, həmin tarixə cavabdehlərdən yaranmış kredit borcu məbləği tutulmalıdır.

70. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır.

71. İlk olaraq kollegiya qeyd edir ki, kredit müqaviləsi üzrə müəyyən edilən müddət bitmədən əsas borcun vaxtından əvvəl ödənilməsinin tələb edilməsi mahiyyət etibarı müqavilənin ləğv edilməsi ilə nəticələnir.

72. Belə ki, Mülki Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 73.Həmin Məcəllənin 421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissəhissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır.

74. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixi Qərarında qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır.

75. Lakin birinci instansiya məhkəməsinin istinad etdiyi xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, iddiaçı tərəfindən Cavabdeh2 MMC-yə göndərilmiş məktuba əlavə olunmuş Əlavə 1-də xx.xx.2022-ci il tarixə olan borcun məbləği göstərilmiş, gecikdirilmiş öhdəliklərin icrası tələb olunmuş və kredit müqavilələri üzrə müqavilə müddəti bitmədən bütün əsas borcun ödənilməsi tələb edilməmişdir.

76. Bu baxımdan kollegiya hesab edir ki, məhkəmənin həmin məktuba istinad edərək tərəflər arasında bağlanmış kredit müqavilələrinin həmin tarixdə ləğv edilmiş hesab edilməsi barədə qənaəti düzgün olmamıdır. Çünki iddiaçı həmin məktubda kredit müqavilələri üzrə münasibətlərin davam etməsindən imtina etməsi ilə bağlı iradə ifadəsini bildirməmişdir.

77. Eyni zamanda, iddiaçı ilə Cavabdeh2 MMC arasında bağlanmış xx.xx.2020-ci il tarixli K4023 saylı kredit müqaviləsinin müddəti xx.xx.2023-cü il tarixdə bitmişdir.

78. Həmçinin, iş materiallarından müəyyən edilir ki, hazırki iş üzrə verilmiş iddia ərizəsi xx.xx.2023-cü il tarixdə iddiaçı tərərfindən cavabdehlərə elektron qaydada göndərilmişdir. İddia ərizəsində isə kredit müqavilələri üzrə cəmi əsas borcun ödənilməsi tələbi irəli sürülmüşdür.

79. Göründüyü kimi iddiaçı ilə Cavabdeh2 MMC arasında bağlanmış xx.xx.2020-ci il tarixli K4022 saylı kredit müqaviləsinin müddəti 36 ay müəyyən edilsə də, iddiaçı həmin müddət başa çatanadək, yəni xx.xx.2023-cü il tarixdə cavabdehə qarşı cəmi əsas borcun ödənilməsini tələbi irəli sürülməklə müqavilə münasibətlərinin davam etməsindən imtina etməsi ilə bağlı iradə ifadəsini bildirmişdir.

80. Qeyd olunan halları, Mülki Məcəllənin 421.2 və 421.3-cü maddələrinin tələblərini və Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixi Qərarında əks olunmuş hüquqi mövqeyi nəzərə alaraq kollegiya hesab edir ki, tərəflər arasında bağlanmış K4022 saylı kredit müqaviləsi 15 mart 2023-cü il tarixdən ləğv edilmiş hesab edilir.

81. Bu baxımdan kollegiya hesab edir ki, iddiaçı K4023 saylı kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixə hesablanmış faiz borcunu, K4022 saylı kredit müqaviləsi üzrə isə xx.xx.2023-cü il tarixə qədər hesablanmış faiz borcunun tutulmasını tələb etməkdə haqlıdır.

82. Həmin məbləğlər isə aşağıdakı qaydada hesablanmalıdır.

83. Belə ki, məhkəmə-mühasibatlıq ekspertizasının 02 avqust 2023-cü il tarixli 9/4542 saylı rəyindən müəyyən edilir ki, K4022 saylı kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixə hesablanan faiz borcu 276.040,7 manat, həmin tarixdən xx.xx.2023-cü il tarixə qədər olan müddət 375 gün, həmin müddətdə hər günə düşən faiz məbləği isə 463,16 manat təşkil edir. Beləliklə, sadə riyazi hesablama ilə müəyyən edilir ki, xx.xx.2023-cü il tarixə olan faiz borcunun məbləği 449.725,7 manat təşkil edir (375 x 463,16 = 173.685 + 276.040,7 = 449.725,7).

84. Həmçinin, K4023 saylı kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixə hesablanan faiz borcu 93.166 manat, həmin tarixdən xx.xx.2023-cü il tarixə qədər olan müddət 369 gün, həmin müddətdə hər günə düşən faiz məbləği isə 156,32 manat təşkil edir. Beləliklə, sadə riyazi hesablama ilə müəyyən edilir ki, xx.xx.2023-cü il tarixə olan faiz borcunun məbləği 150.848,08 manat təşkil edir (369 x 156,32 = 57.682,08 + 93.166 = 150.848,08).

85. Bu baxımdan kollegiya hesab edir ki, K4022 saylı kredit müqaviləsi üzrə faiz borcunun məbləği 449.725,7 manat müəyyən edilməli və qalan hissədə həmin iddia rədd edilməli, K4023 saylı kredit müqaviləsi üzrə isə Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinin tələbləri nəzərə alınaraq faiz borcunun tutulması barədə iddia tam təmin edilərək 100.889,06 manat məbləğində müəyyən edilməlidir.

86. Bununla yanaşı kollegiya hesab edir ki, dəbbə pulunun tutulması barədə tələblərin təmin edilməyən hissəsində birinci instansiya məhkəməsinin qətnaməsi mahiyyəti üzrə düzgündür.

87. Belə ki, Mülki Məcəllənin 462.1 və 467-ci maddələrinin mənasına görə dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən və öhdəliyin icrasının təmin edilməsi üsulu kimi öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyinə görə borclunun kreditora cərimə və ya penya formasında ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun hüquqi təyinatı əsas öhdəliyin müqavilənin şərtlərinə və qanunvericiliyin tələblərinə müvafiq olaraq lazımınca, vaxtında, tam həcmdə ödənilməsini təmin etməkdir. Dəbbə pulu mülki qanunvericiliyin prinsipləri olan mülki hüquq subyektlərinin bərabərliyi və müqavilə azadlığına uyğun, yəni tərəflər arasında sərbəst şəklində bağlanmış müqavilə ilə müəyyənləşdirilir. Bununla yanaşı Mülki Məcəllənin 467-ci maddəsi tərəflər arasında müəyyənləşdirilmiş dəbbə pulunun məhkəmə tərəfindən azaldılmasını nəzərdə tutmuşdur. Həmin normada istənilən dəbbə pulun deyil, yalnız tənasübsüz surətdə yüksək olan dəbbə pulun azaldılması göstərilmişdir. Qeyd olunan maddənin dispozitiv şərtlərinə görə məhkəmə işin hallarını və tənasüb müəyyənləşdirilərkən kreditorun əmlak və bütün əsaslı mənafelərini nəzərə almalıdır.

88. İşin hallarını, yəni cavabdeh tərəfindən götürülən kredit məbləğlərini, kreditlərin verilmə tarixlərini və aparılan son ödəniş tarixlərini müqayisə edərək, həmçinin iddiaçının məhkəməyə müraciət etdiyi tarixi, habelə müəyyən olunmuş cərimə məbləğlərinin əsas borcların 5 %-i həddində olmasını və bu tələblərlə bağlı məhkəmə təcrübəsini nəzərə alaraq kollegiya hesab edir ki, cərimə borclarının tutulması barədə tələblərin təmin edilməyən hissəsində birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır.

89. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Mülki Prosessual Məcəllənin 385.1.1 və 385.1.2-ci maddələrində göstərilən əsaslara görə birinci instansiya məhkəməsinin qətnaməsi K4022 və K4023 saylı kredit müqavilələri üzrə faiz borcuna aid hissədə və bundan asılı olaraq Azərbaycan manatı ilə cəmi tutulmalı olan məbləğə aid hissədə dəyişdirilməli, qətnamə digər mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə xərcləri isə Mülki Prosessual Məcəllənin 119.1 və 119.3-cü maddələrinə əsasən cavabdehlər Cavabdeh2 MMC və Cavabdeh6 aid edilməlidir.

90. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.3, 385.1.4, 392, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-2131/2023 saylı qətnaməsi K4022 və K4023 saylı kredit müqavilələri üzrə faiz borcuna və Azərbaycan manatı ilə cəmi tutulmalı olan məbləğə aid hissədə dəyişdirilsin. K4022 saylı kredit müqaviləsi üzrə faiz borcu 449.725,7 manat məbləğində, K4023 saylı kredit müqaviləsi üzrə faiz borcu 100.889,06 manat məbləğində, Azərbaycan manatı ilə cəmi tutulmalı olan məbləğ isə 2.165.256,15 manat məbləğində müəyyən edilsin. Qətnamə digər mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinə görə ödənilmiş 1037 manat məbləğində dövlət rüsumu cavabdehlər Cavabdeh2 MMC və Cavabdeh6 birgə qaydada tutularaq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov

Hakimlər: Vüsalə Baxışova

Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar