Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-432/2025 15.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ iddiaçı - ləğv prosesində olan İddiaçı1 X7 Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddia tələbi üzrə (Açar sözlər: kredit borcunun tutulması, iddia müddəti, iddia müddətinin axımının kəsilməsi,) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), X1 və X3 ibarət tərkibdə, Hüseynli Adilə Adil qızının katibliyi, Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi (vəkili) Nümayəndə2 iştirakı ilə Ləğv prosesində olan İddiaçı1 X7 Səhmdar Cəmiyyətinin Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “kredit müqaviləsi üzrə əsas borcun və hesablanmış faizlərin tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin 29 dekabr 2024-cü il tarixli qətnaməsindən iddiaçının nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları
1. İddiaçı1 X7 Səhmdar Cəmiyyəti (bank) ilə Cavabdeh MMC (kredit götürən) arasında 02 may 2006-cı il tarixdə 06 nömrəli kredit müqaviləsi bağlanmış, müqavilənin predmetini bankın kredit götürənə 1 200 000 (bir milyon iki yüz min) manat məbləğində kredit xəttinin açılması, borclunun kreditdən müqavilə müddətində ayrılmış limit həcmində bir neçə dəfə istifadə edə biləcəyi (1.1-ci bənd), kreditin 2 il müddətinə, illik 15 %-lə veriləcəyi (1.2-ci bənd) təşkil etmiş, kreditin və ona hesablanacaq faizlərin ödənilməsi üçün balans üzrə müəssisənin aktivlərinin girov qoyulduğu (2.1-ci bənd), kredit alanın kredit üzrə faizləri aylıq (rüblük), ayın (rübün axrıncı ayının) 02-dən gec olmayaraq və əsas kredit məbləğini onun alındığı gündən 2 il ərzində ödəyəcəyi razılaşdırılmışdır.
2. Müqavilənin 3.1-ci bəndinə görə, faiz hesablanarkən illik 360, aylıq 30 gün qəbul edilir; 4.1-ci bəndinə görə kredit alan aldığı krediti vaxtında ödəməzsə, bank ödəmə vaxtı keçmiş kreditə illik 30% hesablayır; 4.2-ci bəndinə görə, faiz borclarının vaxtında ödənilməsi təmin olunmasa, bank tərəfindən hər gecikdirilmiş gün üçün 0,2% müamilə hesablayır.
3. 02 may 2006-cı il tarixli kredit müqaviləsinə əlavə və dəyişikliklərin edilməsi haqqında xx.xx.2008-ci il tarixdə 1 nömrəli müqavilə bağlanmış, həmin müqaviləyə əsasən kredit müqaviləsinin 2.1-ci bəndində aşağıdakı əlavə və dəyişiliklər edilmişdir: “Kredit alan kreditin və ona hesablanacaq faizlərin ödənilməsi üçün “müəssisənin aktivlərini girov qoyur” sözləri, 06 dekabr 2006-cı il tarixli 961-180 06 saylı ipoteka müqaviləsi ilə Milli Bankda yüklü edilmiş X2 məxsus Bakı şəhəri, Neftçilər prospekti 91 ünvanda yerləşən 71,7 kv.m ümumi, 62,2 kv.m əsas, 12,5 kv.m köməkçi sahədən ibarət olan qeyri-yaşayış sahəsini girov qoyur” sözləri ilə ilə əvəz edilsin. Girovun dəyəri 900 000 (doqquz yüz min) manat qiymətləndirilsin. Kredit müqaviləsinin diqər şərtləri dəyişilmədən öz qüvvəsində saxlanılsın. Bu müqavilə imzalandığı gündən qüvvəyə minir”.
4. 1 saylı Bakı Yerli İqtisad Məhkəməsinin xx.xx.2010-cu il tarixli qərarı ilə "xxxx" ASC müflis elan edilərək müəssisənin iflas prosesinə başlanılmış, "xxxx" ASC-yə ləğvedici qismində "xxxx" MMC təyin edilmişdir.
5. Bankın ləğvedicisi "xxxx" MMC tərəfindən Cavabdeh MMC-yə xx.xx.2014cü il tarixdə xəbərdarlıq (pretenziya) məktubu ünvanlanmış, borcun 5 (beş) gün müddətində ödənilməsi tələb olunaraq, əks təqdirdə borcun tutulması üçün məhkəməyə müraciət ediləcəyi bildirilmişdir.
6. Bankın ləğvedicisi "xxxx" MMC tərəfindən təqdim edilən maliyyə arayışında qeyd edilmişdir ki, 02 may 2006-cı il tarixli 06 saylı kredit müqaviləsi üzrə 11 mart 2014cü il tarixinə 486 998 (dörd yüz səksən altı min doqquz yüz doxsan səkkiz) manat əsas borc, 466 575,61 (dörd yüz altmış altı min beş yüz yetmiş beş manat altmış bir qəpik) manat əsas borca hesablanmış faiz borcu olmaqla, cəmi 953 573,61 (doqquz yüz əlli üç min beş yüz yetmiş üç manat altmış bir qəpik) manat borc mövcuddur.
7. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının ərizəsi təmin edilmiş, ləğv prosesində olan “X6” ASC-nin ləğvedicisi "xxxx" MMC-nin ləğvedici kimi fəaliyyətinə xitam verilmiş və Əmanətlərin Sığortalanması Fondu “X6” ASC-nin yeni ləğvedicisi təyin edilmiş, bankın əmlak vəziyyətinə, habelə, ləğv planına dair rüblük hesabatların verilməsi Əmanətlərin Sığortalanması Fondunun səlahiyyətlərinə aid edilmişdir.
8. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-iqtisadi kollegiyasının 05 aprel 2018-ci il tarixli qərardadı ilə ləğvetmə prosesində olan “X6” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun ərizəsi təmin edilmiş, ləğvetmə prosesində olan “X6” ASC-də maliyyə və mühasibat uçotu sənədlərinin, kredit və depozit portfelinə dair məlumatların, qiymətlilərin və əmlakın, o cümlədən, hüquqi sənədlərin təhvil-təsliminin yekunları barədə akt təsdiq edilmişdir.
9. Həmin qərardadda qeyd olunmuşdur ki, ərizəçi tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2018-ci il tarixli təhvil-təslim aktı üzrə Fond tərəfindən yaradılmış işçi qrupu tərəfindən təhvil-təslim prosesi aşağıdakı nəticələrlə yekunlaşmışdır:...C) Maliyyə məsələləri üzrə: Sabiq ləğvedici tərəfindən verilən məlumata əsasən bank proqramı, əməliyyat sistemi və kassa uçotu kitabı mövcud olmadığından təhvil-təslim fakt üzrə aparılmış, bankın proqram təminatı olmadığından balans və gəlir-xərci üzrə uçot yalnız “MİCROSOFT OFFİCE EXCELL” proqramında aparılmış və bu səbəbdən balans və gəlir-xərc məlumatları bank proqramı təminatı sistemində yox, “Excell” proqramında hazırlanmış hesabat formasında təhvil verilmiş, xx.xx.2018ci il tarixinə balans hesabatında aktivlər və passivlər arasında 13 237 744,81 AZN fərq aşkar olunmuş, həmin fərqin yaranmasına əsas səbəb kapital üzrə məlumatlar balansda qeyd olunmamışdır....E) Kredit portfeli üzrə: Təhvil-təslim zamanı ASC-yə aid heç bir aktiv kredit dosyesi aşkar olunmamış, kredit portfeli üzrə bəzi müştərilər tərəfindən borc məbləğlərinin bağlanması, digər kredit qovluqlarının isə məhkəmə və icra statusunda olması səbəbindən işçi qrupu tərəfindən kredit portfelinə dair heç bir qovluğun təhvil-təslim prosesinin aparılması mümkün olmamışdır.
10. Azərbaycan Respublikasının Milli Depozit Mərkəzinin (MDM) 14 avqust 2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, MDM-in uçot sistemindəki məlumatlara əsasən Cavabdeh MMC-nin adına depozitar sistemində hesab açılmamışdır və həmin cəmiyyətin qiymətli kağızlara sahibliyi barədə məlumat mövcud deyildir.
11. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin 30 avqust 2024-cü il tarixli məktubunda göstərilmişdir ki, Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti 91 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin “X6” ASC-nin xeyrinə ipoteka ilə yüklü edilməsinə dair məlumat aşkar edilməmişdir.
12. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin 29 noyabr 2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti 91 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin “X6” ASC-nin xeyrinə ipoteka ilə yüklü edilməsinə dair məlumat aşkar edilməmişdir.
Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı
13. İddiaçı1 X7 Səhmdar Cəmiyyətinin ləğvedicisi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (iddiaçı) Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə (cavabdeh) qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, cavabdehdən İddiaçı1 Kommersiya Bankı ASC-nin xeyrinə 486 998 (dörd yüz səksən altı min doqquz yüz doxsan səkkiz) manat əsas borc, 466 575,61 (dörd yüz altmış altı min beş yüz yetmiş beş manat altmış bir qəpik) manat əsas borca hesablanmış faiz borcu olmaqla, cəmi 953 573,61 (doqquz yüz əlli üç min beş yüz yetmiş üç manat altmış bir qəpik) manat borcun, habelə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
14. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası 1 saylı Yerli İqtisad Məhkəməsinin 15 dekabr 2010-ci il tarixli qərarı ilə İddiaçı1 Kommersiya Bankı ASC-nin müflis elan edilərək iflas prosesinə başlanılması qərara alınmış, həmin qətnamə 17 yanvar 2011-ci il tarixdə qanuni qüvvəyə minmişdir. İddiaçı1 Kommersiya Bankı ASC ilə Cavabdeh MMC arasında bağlanmış 02 may 2006-cı il tarixli 06 saylı kredit müqaviləsinə əsasən MMC-yə topdan satış ticarətinin genişləndirilməsi və dövriyyə vəsaitinin artırılması məqsədilə 2 il müddətinə, illik 15% olmaqla 1 200 000 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış 02 may 2006-cı il tarixli 06 saylı kredit müqaviləsinin 3.1-ci bəndinə əsasən MMC kredit faizlərini aylıq, hər ayın 2-dən gec olmayaraq və əsas kredit məbləğini onun alındığı gündən 2 (iki) il ərzində ödəməyi öhdəsinə götürmüş, lakin öhdəliklərini tam şəkildə yerinə yetirməmiş, 11 mart 2014-cü il tarixinə 486 998 (dörd yüz səksən altı min doqquz yüz doxsan səkkiz) manat əsas borcu, 466 575,61 (dörd yüz altmış altı min beş yüz yetmiş beş manat altmış bir qəpik) manat əsas borca hesablanmış faiz borcu, 199 263,35 (yüz doxsan doqquz min iki yüz altmış üç manat otuz beş qəpik) manat vaxtı keçmiş kreditə hesablanmış faiz borcu olmaqla, cəmi 1 152 836,96 (bir milyon yüz əlli iki min səkkiz yüz otuz altı manat doxsan altı qəpik) manat borcu yaranmışdır. Borcun ödənilməsi üçün 21 dekabr 2012-ci il tarixli məktubla cavabdehə müraciət olunmuş, buna baxmayaraq borcun ödənilməsi təmin edilməmişdir.
15. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci, 442-ci, 445.2-ci, 448.1-ci və 739-cu maddələrinə istinad olunmuşdur.
16. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 27 iyun 2014-cü il tarixli qiyabi qətnaməsi ilə iddia tələbinin təmin olunması qət edilmiş, bununla belə məhkəmənin 30 may 2018-ci il tarixli qərardadı ilə həmin qiyabi qətnamə ləğv olunaraq işə mahiyyəti üzrə baxılmasına qərar verilmişdir.
17. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərardadı ilə “X6” ASC-nin ləğvedicisi olan "xxxx" MMC-nin ləğvedici fəaliyyətinə xitam verilmiş və Əmanətlərin Sığortalanması Fondu yeni ləğvedici təyin edilmiş, bu səbəblə məhkəmənin xx.xx.2024-cü il tarixli protokol-qərardadı ilə "xxxx" MMC ləğv prosesində olan İddiaçı1 Kommersiya Bankı ASC-nin hazırkı ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu ilə əvəz olunmuşdur.
18. İddiaçının məhkəmə iclaslarında iştirak edən nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir.
19. Cavabdehin nümayəndəsi (vəkili) iddianın əsassız olduğunu bildirərək qeyd etmişdir ki, cavabdehə kredit verilməsi ilə bağlı heç bir sübut təqdim olunmamışdır, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-iqtisadi kollegiyasının 05 aprel 2018-ci il tarixli qərardadında da göstərilmişdir ki, banka aid aktiv kredit dosyesi yoxdur, əməliyyatlar kassa ilə aparılmayıbdır. Necə müəyyən edilə bilər ki, həmin qərardadda qeyd olunan “excel” proqramına hər hansı müdaxilə olunmayıbdır?. Əmlakın üzərində yüklülüyün olmaması eyni zamanda borcun olmamasını göstərir. Sənədlərin elektron qaydada keçməsi barədə sübut da təqdim edilməyibdir. Ancaq müqavilə təqdim olunubdur, pulun tərəfə verilməsi, ödəniş qəbzləri kimi sənədlər yoxdur. Müqavilənin olması öhdəlik yaratmır, cavabdehin borcu yoxdur.
20. Cavabdehin nümayəndəsi tərəfindən iddia müddətinin tətbiqinə dair ərizə də verilmiş, ərizədə göstərilmişdir ki, kredit müqaviləsi xx.xx.2006-cı il tarixində iki illik müddətə bağlanmış, müqavilənin müddəti xx.xx.2008-ci il tarixdə bitmiş, müqavilə üztə ödəmələr 2006-2007-ci illər ərzində olmuş, son ödəmə tarixindən 3 ildən çox müddət keçmişdir. Buna görə iddiaçının iddia tələbləri təmin edilə bilməz.
21. Birinci instansiya məhkəməsinin (Bakı Kommersiya Məhkəməsi) 29 dekabr 2024-cü il tarixli qətnaməsi ilə iddia tələbinin rədd edilməsi qət olunmuşdur.
22. Məhkəmə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, cavabdehə müvafiq sübutları təqdim etmək təklif olunsa da, iddia tələbini təsdiq edən sübutlar (kassa məxaric orderi, hesabdan çıxarış, ödəniş cədvəli, ödəniş qəbzləri və s.) təqdim olunmamış, ona görə də iş üzrə mühasibatlıq ekspertizası da təyin edilməmişdir. Bundan başqa, kredit müqaviləsi xx.xx.2006-cı il tarixində iki illik müddətə bağlanmış, müqavilənin müddəti xx.xx.2008-ci ildə bitmişdir. Ona görə də istənilən halda müqavilə tələbləri üzrə qanunla müəyyən edilmiş müddət ötürülmüşdür.
23. Qənaətinin hüquqi əsaslandırması zamanı məhkəmə, Mülki Məcəllənin 372-ci, 373-cü, 375-ci, 377-ci, 385-ci, 386-cı, 442-ci, 448.1-ci, 739-cu maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 03 iyun 2013-cü il tarixli qərarına istinad etmişdir.
24. Həmin qətnamədən iddiaçının nümayəndəsi apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla, məhkəmənin, gəldiyi nəticə üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmadığını, banka aidiyyati olan X4 məxsus cavabdeh hüquqi şəxsə təminatsız kreditin rəsmiləşdirilməsi ilə bağlı qanun pozuntusunu nəzərə alıb xüsusi qərardad çıxarmadığını, kreditin təminatı olaraq ipoteka yüklülüyünün hansı səbəblə rəsmiləşdirilmədiyini araşdırmadığını irəli sürmüşdür.
Apellyasiya şikayətinə qarşı etiraz
25. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.
Apellyasiya baxışı, izahat
26. İşə baxılmasının vaxtı (yeri) barədə lazımi qaydada məlumatlandırılmış iddiaçı nümayəndəsini məhkəməyə göndərməmiş, məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi (vəkili) isə şikayətin əsassız olduğunu bildirmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
27. Maddə 14.2.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.
28. Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir.
29. Maddə 372.2. hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.
30. Maddə 373.1. Ümumi iddia müddəti on il təşkil edir.
31. Maddə 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir.
32. Maddə 373.3. Vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir.
33. Maddə 375.1. hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir.
34. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.
35. Maddə 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir.
36. Maddə 380.1. Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir.
37. Maddə 380.2. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir.
38. Maddə 381.1. Əgər iddia məhkəmə tərəfindən baxılmamış saxlanmışdırsa, iddia irəli sürülənədək başlanmış iddia müddətinin axımı ümumi qaydada davam edir.
39. Maddə 385. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
40. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
41. Maddə 739.1 (xx.xx.2023-cü il tarixədək olan redaksiyada). Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür.
42. Maddə 741 (xx.xx.2023-cü il tarixədək olan redaksiyada). Müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
43. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
44. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
45. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
46. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
47. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
48. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.
49. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının həddi
50. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
51. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi
52. İlk növbədə qeyd edilməlidir, Ali Məhkəmədə oxşar mübahisələr üzrə çıxarılmış qərarlarda MPM-in 77.1-ci maddəsinə istinad olunaraq, iddiaçının öz tələbinin əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsi daşıdığı müəyyən edilmişdir. Kredit müqaviləsindən irəli gələn tələblər üzrə iddiaçı tərəfindən məhkəməyə həmin kredit müqaviləsi (əsli və yalazımi qaydada təsdiq edilmiş surəti) və kredit məbləğinin cavabdehə verilməsini təsdiq edən sənədlər (kassa məxaric orderi və s.) təqdim edilməyibsə və təqdim edilmiş ödəniş qəbzlərindən onların hansı müqavilə üzrə ödənildiyi müəyyən olunmursa, öhdəliyin mövcudluğu sübuta yetirilmədiyindən bankların bu kateqoriya tələbləri rədd edilir. Bankın təqdim etdiyi hesabdan çıxarış və maliyyə arayışı isə birtərəfli qaydada tərtib edilmiş sənədlər olduğundan həmin halı təsdiq edən mötəbər sübutlar kimi qəbul edilmir (Ali Məhkəmənin 2(102)-1113/2021, 2(102)- 2906/2021, 2-2(102)-239/2021, 2-2(102)-402/2022, 2(102)-546/2023 və 2-2(102)- 575/2023 nömrəli işlər üzrə qərarları).
53. Hazırkı işdə də iddiaçı tərəfindən məhkəməyə yalnız cavabdehlə bağlanmış kredit müqaviləsi təqdim olunmuş, lakin kredit məbləğinin cavabdehə real olaraq verildiyini təsdiq edən kassa məxaric orderinin, o cümlədən hesabdan çıxarışın, ödəniş cədvəlinin, ödəniş qəbzlərinin və s. olmadığı bildirilmişdir.
54. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Mahmudov Rusiyaya qarşı” işüzrə 2007-ci il 26 iyul tarixli qərarında qeyd edilmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probatio (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər (Makhmudov v. Russia, № 35082/04, § 68, 26 iyul 2007-ci il). Qeyd edilən prinsip universal olaraq hazırkı iş üzrə araşdırma qaydasına tətbiq olunmalıdır.
55. Məhkəmə kollegiyası Ali Məhkəmə tərəfindən vahid məhkəmə təcrübəsinə uyğun formalaşmış hüquqi mövqeyi xatırladaraq qeyd edir ki, maliyyə arayışı iddiaçının özü tərəfindən birtərəfli qaydada tərtib edilən sənəd olduğundan, həmin arayış kreditin verildiyini təsdiq edən sübut kimi qiymətləndirilə bilməz.
56. MPM-in 77.1-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir.
57. Sübut etmək vəzifəsinə uyğun olaraq, iddiaçı 1 200 000 (bir milyon iki yüz min) manat kreditin cavabdehə verilməsini təsdiq edən sübutları işə mahiyyəti üzrə baxan məhkəməyə təqdim etməli idi; lakin iddiaçı həmin sübutları məhkəməyə təqdim etməmişvə MPM-in 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir.
58. Həmçinin cavabdehin nümayəndəsi də bildirmişdir ki, cavabdehə həmin kredit məbləği verilməmişdir.
59. İddiaçı öz dəlillərini əsaslandırmaq üçün sübutları təqdim edə bilmədiyi halda, cavabdehin üzərində əks dəlilləri əsaslandırmaq üçün sübut təqdim etmək öhdəliyinin müəyyən edilməsi, ilk növbədə, tərəflərin bərabərliyi prinsipinə, ümumiyyətlə MPM-də əks etdirilmiş ədalət mühakiməsinin prinsiplərinə sığmır.
60. Bu baxımdan, cavabdehə xx.xx.2006-cı il tarixli kredit müqaviləsi üzrə borcun verilməsi sübut olunmadığına görə tərəflər arasında MM-in 386.1-ci maddəsinin tələbləri baxımından öhdəlik münasibətlərinin yaranması öz təsdiqini tapmır.
61. Digər tərəfdən qeyd olunmalıdır ki, bankla cavabdeh arasında bağlanmış müqavilə üzrə öhdəliklərin icrası üçün nəzərdə tutulmuş müddət xx.xx.2008-ci il tarixdə bitmiş və iddia müddətinin axımı başlanmışdır.
62. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 iyun 2013-cü il tarixli “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Qərarında göstərilmişdir ki, kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 384.0.4-cü maddəsində nəzərdə tutulan əşya hüquqlarının müdafiəsi ilə əlaqədar tələblərə iddia müddətinin şamil edilməməsi kredit müqavilələrindən yaranan münasibətlərə aid edilə bilməz.
63. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən iddia müddətinin ötürüldüyünə dair birinci instansiya məhkəməsinin qənaəti Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarında müəyyən olunmuş hüquqi mövqeyə görə əsaslıdır və həmin müqavilə üzrə iddia müddətinin axımı kredit müqaviləsinin müddətinin bitdiyi xx.xx.2008-ci il tarixdən hesablanmalıdır.
64. İddia müddətləri mübahisələrin həlli baxımından mülki qanunvericiliyin mühüm əhəmiyyət daşıyan institutlarından biridir. Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında bu institutun əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir. İddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, mülki hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, tərəflərlərin üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır.
65. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir.
66. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2850/2024 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 29 dekabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu apellyatora aid olunsun. Qətnamədən İddiaçı1 X7 Səhmdar Cəmiyyətinin ləğvedicisi olan Əmanətlərin Sığortalanması Fondu tərəfindən, qətnamə ona rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim Elnur Həsənov
Hakimlər Təranə Mahmudova
Leyla Əliyeva