Məhkəmə qərarları › İş №2-2(103)-493/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-493/2020

22.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - Aidiyyəti üzrə daxil olan işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-493/2020 22.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Raqib Əliddin oğlu Qurbanovun sədrliyi və məruzəsi ilə, Cahangir Afər oğlu Yusifov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Lalə Adil qızı Əbdürrəhimovanın katibliyi ilə, Cavabdeh iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-147/2020 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2017-ci il tarixli 42-LD/17 nömrəli müqavilə üzrə xx.xx.2020-ci il tarixə yaranmış 33466,66 manat əsas borcun, 2725,63 manat cərimənin və 20 manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-2(113)-147/2020 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh 33466,66 manat əsas borc, 200 manat cərimə borcu və 20 manat dövlət rüsumunun tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində işin faktiki halları göstərilmiş və əlavə olaraq göstərilmişdir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işin hallarını tam və hərtərəfli araşdırmamış və işin hallarına uyğun olmayan nəticəyə gəlmişdir. Məhkəmə iclasında Cavabdeh apellyasiya şikayətini müdafiə etdi. İddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, iş materiallarına əsasən müəyyən olunur ki, İddiaçı ASC ilə Cavabdeh arasında xx.xx.2017-ci il tarixli 42-LD/17 nömrəli dövlət vəsaiti hesabına idxal olunmuş İddiaçı ASC-yə məxsus damazlıq heyvanların güzəştli qaydada lizinqə verilməsi barədə lizinq müqaviləsi bağlanmış, müqaviləyə əsasən lizinq verən 22 baş “Holşten-Friz” cinsli damazlıq heyvanı 3 illik müddətə lizinq yolu ilə lizinq alana vermiş, lizinq alan isə öz növbəsində malların ümumi dəyərinin 33466,51 manat məbləğini əvvəlcədən ödəmiş, qalan 33466,53 manat məbləğini isə hissə-hissə ödəməyi öz öhdəsinə götürmüşdür. İddiaçı bildirir ki, cavabdeh lizinq müqaviləsinə aid ödəniş cədvəli üzrə ödənişləri aparmamış və öz üzərinə düşən öhdəlikləri pozmuşdur. Onun əsas borcu 33466,66 manat, cərimə borcu 2725,63 manat təşkil edir. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, İddiaçı ASC ilə “xxxxxxxxxxxx” ASC arasında bağlanmış sığorta müqaviləsinə əsasən iribuynuzlu cins damazlıq heyvanlar “xxxxxxxxxxxx” ASC tərəfindən sığortalanmışdır. Bir müddət sonra alınmış damazlıq heyvanlar tələf olmuşdur. Bununla bağlı müvafiq ekspertiza keçirilmiş və tələf olunmuş heyvanlar yarılaraq ölüm səbəbləri müəyyən edilmişdir. Bundan sonra “xxxxxxxxxxxx” ASC tərəfindən tamamilə əsassız rəy tərtib edilərək heyvanların saxlanma şəraitinin və yemlənməsini qaydalar uyğun təşkil edilməməsi səbəbindən heyvanların tələf olması hadisəsi üzrə sığorta şirkəti olaraq məsuliyyət daşımadıqlarını bildirmişlər. Sığorta şirkəti üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmək və sığorta olunan heyvanlar üçün sığorta pulunu ödəməmək üçün müxtəlif bəhanələr gətirmişdir. Belə olan halda bir sahibkar kimi onun hüquqları kobud şəkildə pozulmuşdur. Məhkəmə iclasında cavabdeh əlavə olaraq bildirir ki, damazlıq heyvanların artıq hamısı tələf olmuş, heyvanların çoxunda doğuşdan xroniki xəstəlik olmuş, heyvanlar gətiriləndən sonra hamısı arıqlamağa başlamış, heyvanlardan 7 növ analiz götürülmüş və müəyyən olunmuşdur ki, onlarda irsi xəstəlik olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, iddia qismən əsaslıdır. Belə ki, lizinq ödənişləri üzrə yaranmış borcun ödənilməsi tələblərinin qanuni əsasını Mülki Məcəllənin 747.1, 748-1.12, 748-1.12.4-cü maddələri təşkil edir. Həmin maddələrdə göstərilmişdir ki, lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur (maddə 747.1). Lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır (maddə 748-1.12. və 748-1.12.4). İş materiallarından da müəyyən olunur ki, cavabdeh tərəfindən yalnız 33466,51 manat məbləğində avans ödənişi aparılmış və həmin ödənişdən sonra heç bir ödəniş edilməmişdir. Göründüyü kimi cavabdeh müqavilə öhdəliklərini lazımınca icra etməyərək, müqavilə ilə müəyyən edilmiş rüblük ödənişləri vaxtında ödəməmiş və bununla da, müqavilə şərtlərini pozmuşdur. Bu baxımdan kollegiya hesab edir ki, iddiaçı lizinq ödənişləri üzrə yaranmış borcun ödənilməsini tələb etməkdə haqlıdır. Həmçinin kollegiya hesab edir ki, dəbbə pulunun tutulması hissəsində iddia qismən əsaslıdır. Belə ki, Mülki Məcəllənin 462.1 və 467-ci maddələrinin mənasına görə dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən və öhdəliyin icrasının təmin edilməsi üsulu kimi öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyinə görə borclunun kreditora cərimə və ya penya formasında ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun hüquqi təyinatı əsas öhdəliyin müqavilənin şərtlərinə və qanunvericiliyin tələblərinə müvafiq olaraq lazımınca, vaxtında, tam həcmdə ödənilməsini təmin etməkdir. Dəbbə pulu mülki qanunvericiliyin prinsipləri olan mülki hüquq subyektlərinin bərabərliyi və müqavilə azadlığına uyğun, yəni tərəflər arasında sərbəst şəklində bağlanmış müqavilə ilə müəyyənləşdirilir. Bununla yanaşı Mülki Məcəllənin 467-ci maddəsi tərəflər arasında müəyyənləşdirilmiş dəbbə pulunun məhkəmə tərəfindən azaldılmasını nəzərdə tutmuşdur. Həmin normada istənilən dəbbə pulun deyil, yalnız tənasübsüz surətdə yüksək olan dəbbə pulun azaldılması göstərilmişdir. Qeyd olunan maddənin dispozitiv şərtlərinə görə məhkəmə işin hallarını və tənasüb müəyyənləşdirilərkən kreditorun əmlak və bütün əsaslı mənafelərini nəzərə almalıdır. İşin hallarını nəzərə alaraq kollegiya belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi düzgün olaraq 2725,63 manat dəbbə pulu tənasübsüz sürətdə yüksək məbləğ kimi qiymətləndirilmiş və kreditorun mənafeləri nəzərə alınmaqla həmin məbləğ azaldılaraq, 200 manat məbləğində müəyyənləşdirilmişdir. Cavabdeh dəlilləri isə əsassızdır. Belə ki, tərəflər arasında bağlanmış lizinq müqaviləsinin 3.3-cü bəndinə əsasən lizinq alan damazlıq heyvanları qəbul etdikdən sonra təhvil-qəbul aktını imzalayır. Lizinq alan təhvil-qəbul aktını imzaladıqdan sonra damazlıq heyvanları zərərin bütün növlərindən qorunması, həmçinin onun tələf olunması, itirilməsi məsuliyyəti onun üzərinə düşür və bu müqavilə üzrə öhdəliklərindən azad etmir. Həmin müqavilənin 2.2.3-cü bəndinə əsasən lizinq alan damazlıq heyvanların damazlıq məqsədi üçün istifadə olunmasını, onlara qulluğun aparılmasını, zoobaytar xidmətlərinin vaxtlı-vaxtında həyata keçirilməsi üçün 3 gündən gec olmayaraq müvafiq ərazi üzrə baytarlıq orqanında qeydiyyata alınaraq müqavilə bağlanmasını saxlandığı yeri (tövləni) zoobaytar tələblərə tam cavab verməsinin, yem bazası ilə təmin edilməsini, qorunub saxlanılmasını öhdəsinə götürür. Lizinq müqaviləsinin şərtlərindən də göründüyü kimi lizinq alan təhvil-təslimi zamanı damazlıq heyvanların sağlam olub-olmamasını yoxlamalı, əgər aralarında xəstə və ya digər çatışmazlığı olan heyvan vardısa, onu qəbul etməməli idi. Lakin hazırki işdə lizinq alan Cavabdeh təhvil-təslim zamanı heç bir pretenziya irəli sürmədən təhvil-təslim aktını imzalamışdır. Eyni zamanda cavabdehin istinad etdiyi hallar məhz sığorta hadisəsi ilə bağlıdır və bununla bağlı kollegiya izah edir ki, əgər o, heyvanların tələf olması ilə bağlı sığorta hadisəsinin baş verdiyinə istinad edirsə, bu zaman sığorta ödənişinin həyata keçirilməsi ilə bağlı sığortaçı şirkətə müraciət edə, imtina cavabı aldığı təqdirdə isə bununla bağlı ayrıca iddia tələbi ilə məhkəməyə müraciət edə bilər. Hazırki halda isə iddianın rədd edilməsi üçün heç bir əsas yoxdur. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətlərində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-147/2020 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Cahangir Yusifov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar