Məhkəmə qərarları › İş №2-2(105)-122/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(105)-122/2021

17.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-2(105)-122/2021 17.08.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının hakimləri Məmmədov Fuad Əli oğlu (sədrlik edən və məruzəçi), Babayeva Hökümə Çingiz qızı və Ağayev Rəşadət Əhməd oğlundan ibarət tərkibdə, Tahirova Lətafət Almazxan qızının katibliyi, İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə qarşı zaminliklə təmin edilmiş öhdəliyin icra olunması və borcun ipoteka predmetinə yönəldilməsi tələbinə dair iş üzrə Sumqayıt Kommersiya Məhkəməsinin 2-2(119)-921/2021 saylı 15 iyul 2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Sumqayıt Apelyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında apelyasiya qaydasında baxaraq, müəyyən etdi: İddiaçı 50673.84 (əlli min altı yüz yetmiş üç manat 84 qəpik) AZN və 16712.35 (on altı min yeddi yüz on iki dollar, 35 sent) ABŞ dolları borcun Cavabdeh2 MMC-dən tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi, tutmanın AR ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş MH seriyalı, ******* nömrəli, **********72-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən Cavabdeh1 xüsusi mülkiyyət hüququ əsasında məxsus, Xaçmaz şəhəri, Süleyman Ələskərov küçəsində mülkiyyətində olan 0.065 ha torpaq sahəsi və 3 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, həmin ipoteka predmetinin açıq hərracda satılması, satışdan əldə olunan vəsaitin yuxarıda qeyd olunan borcun ödənilməsinə yönəldilməsi, satışdan əldə olunan vəsait borcun ödənilməsinə kifayət etmədikdə qalıq borcun ümumi qaydada Cavabdeh2 MMC-dən tutulması, fərdi yaşayış evinin satıldıqdan 1 (bir) ay sonra boşaldılması tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin 2-2(119)-921/2021 saylı, 15 iyul 2021-ci il tarixli qərardadı ilə iddia ərizəsi geri qaytarılmışdır. Qərardaddan ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Konstitusiya Məhkəməsinin “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72.1.2 və 72.1.3-cü maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.2, 153.2.1 və 261.0.1-ci maddələri ilə, eləcə də Azərbaycan Respublikası Əmək Məcəlləsinin 178-ci maddəsinin 2-ci bəndinin “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72, 77 və 82-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair 13 iyun 2017-ci il tarixli Plenum Qərarında məhkəmə aydın şəkildə qeyd edir ki, Mülki Məcəllənin 59.4-cü maddəsinə görə, hüquqi şəxsin ləğv edilməsi əsaslarından biri də onun müflis olmasıdır. Bu müddəanın mənasından göründüyü kimi, hüquqi şəxsin müflis elan edilməsi hələ onun müflis olması və ya ləğv edilməsi demək deyil, hüquqi şəxs iflas prosedurunun başa çatması ilə müflis hesab edilir və bu cür prosedurun hüquqi nəticəsi olaraq bank ləğv edilir. Mülki Məcəllənin 60.2 və 61.7-ci maddələrinə uyğun olaraq, hüquqi şəxsin mövcudluğuna son qoyulma anına qədər hüquqi şəxs hüquq qabiliyyətini saxlayır, hüquqi şəxsin, konkret halda bankın müflis elan edilməsi bank fəaliyyəti ilə məşğul olan qurumun hüquq qabiliyyətini dayandırmır, yəni müflis elan olunmuş bank qurumu iflas proseduru çərçivəsində hüquqi şəxs kimi fəaliyyətini davam etdirir. Konstitusiya Məhkəməsinin Plenumu yuxarıda göstərilən hüquq normalarının mənası baxımından hesab edir ki, bankın adından ləğvedici və ya onun vəkil etdiyi şəxsin hərəkətlərinin hüquqi qüvvəyə malik olması bankın öhdəlikləri və ya tələblərinin ləğvediciyə keçməsi anlamını ifadə etmir. Bu halda ləğvedici müflis elan olunan bankın adından hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olur və qanunvericilikdə hüquqi şəxsin səlahiyyətli orqanının malik olduğu hüquqları həyata keçirməklə bərabər, müvafiq vəzifələri daşıyır. Konstitusiya Məhkəməsinin qərarından da göründüyü kimi, bankın müflis elan olunması, bank fəaliyyətinin həyata keçirilməsi üçün lisenziyanın ləğv edilməsi və ona ləğvedici təyin edilməsi hələ bankın hüquq qabiliyyətinə tamamilə xitam verilməsi demək deyil. Plenum qərarında bu bank sektorunun spesifik sahə olması və belə müəssisələrin təşkili və ləğvi qaydasının digər müəssisələrdən fərqlənməsi ilə izah olunur. Beləliklə, İddiaçı ASC hüquq qabiliyyətini saxlamaqla məhkəmədə iddiaçı qismində çıxış etmək hüququna malikdir. Bu hüququn həyata keçirilməsi üçün isə ləğvedici (Əmanətlərin Sığortalanması Fondu) tərəfindən bankın əməkdaşına etibarnamə verilmişdir. İkincisi, hazırki iş üzrə hüquqları pozulan şəxs ləğv prosesində olan İddiaçı ASC-dir. Həm kredit, həm də ipoteka müqaviləsində müvafiq olaraq kredit verən və ipoteka saxlayan qismində tərəf kimi İddiaçı ASC çıxış etmişdir. Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. İddia ərizəsi məhz pozulmuş hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət formasıdır. Belə olan halda LPO İddiaçı ASC-ni bu hüquqdan məhrum etmək ciddi prosessual pozuntudur. İddiaçı ASC ilə bağlı ləğv proseduruna başlanmasından indiyə qədər məhkəmə təcrübəsində bu cür hal ilə qarşılaşmamışdırlar. Konstitusiyanın 127-ci maddəsinin birinci və üçüncü bəndlərinə əsasən, hakimlər müstəqildir və hər hansı bir şəxs tərəfindən və hər hansı bir səbəbdən bilavasitə, yaxud dolayı yolla məhkəmə icraatına məhdudiyyət qoyulması, qanuna zidd təsir, hədə və müdaxilə edilməsi yolverilməzdir. Sumqayıt Kommersiya Məhkəməsinin 27 iyul 2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, şikayətin işlə birlikdə baxılması üçün apelyasiya instansiya məhkəməsinə göndərilməsi qərara alınmışdır. (hakim Zahid Məmmədov) Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə məlumat verilsə də, məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-in 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi MPM-in 49.1, 151.1, 69.4, 149.1, 150.0.3, 149.2.2, 152.1, 152.4-cü maddələrinə istinad edərək qərardadında göstərmişdir ki, Mülki Prosessual Məcəllənin tələblərinə uyğun olaraq mülki prosessual fəaliyyət qabiliyyətini itirmiş hazırda ləğv prosesində olan İddiaçı ASC icraatda prosessual subyekt, yəni iddiaçı qismində iştirak edə bilməz. Bu səbəbdən də, ləğv prosesində olan İddiaçı ASC-nin maraq və mənafeyi ilə əlaqədar mülki icraat qaydasında verilən iddialar müvafiq təsdiqedici sənədlər təqdim edilməklə onun ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun adından verilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşmaq olmaz. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 44.1-ci maddəsinə əsasən, hüquqi şəxsin hüquq qabiliyyətinə onun ləğvinin başa çatdığı an xitam verilir. Həmin Məcəllənin 60.2-ci maddəsinə əsasən, ləğvetmə prosesi ərzində hüquqi şəxsin hüquq qabiliyyəti tam həcmdə saxlanılır. Həmin Məcəllənin 61.12-ci maddəsinə əsasən, hüquqi şəxsin ləğvi bu barədə qeydin hüquqi şəxslərin dövlət reyestrinə daxil edildiyi andan başa çatmış, hüquqi şəxs isə mövcudluğuna son qoymuş sayılır. Mülki Məcəllənin 59.4-cü maddəsinə görə, hüquqi şəxsin ləğv edilməsi əsaslarından biri də onun müflis olmasıdır. Bu müddəanın mənasından göründüyü kimi, hüquqi şəxsin müflis elan edilməsi hələ onun müflis olması və ya ləğv edilməsi demək deyil, hüquqi şəxs iflas prosedurunun başa çatması ilə müflis hesab edilir və bu cür prosedurun hüquqi nəticəsi olaraq bank ləğv edilir. “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72.1.2 və 72.1.3-cü maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.2, 153.2.1 və 261.0.1-ci maddələri ilə, eləcə də Azərbaycan Respublikası Əmək Məcəlləsinin 178-ci maddəsinin 2-ci bəndinin “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72, 77 və 82-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 iyun 2017-ci il qərarına görə bankın adından ləğvedici və ya onun vəkil etdiyi şəxsin hərəkətlərinin hüquqi qüvvəyə malik olması bankın öhdəlikləri və ya tələblərinin ləğvediciyə keçməsi anlamını ifadə etmir. Bu halda ləğvedici müflis elan olunan bankın adından hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olur və qanunvericilikdə hüquqi şəxsin səlahiyyətli orqanının malik olduğu hüquqları həyata keçirməklə bərabər, müvafiq vəzifələri daşıyır. Mülki Məcəllənin 60.2 və 61.7-ci maddələrinə uyğun olaraq, hüquqi şəxsin mövcudluğuna son qoyulma anına qədər hüquqi şəxs hüquq qabiliyyətini saxlayır, hüquqi şəxsin, konkret halda bankın müflis elan edilməsi bank fəaliyyəti ilə məşğul olan qurumun hüquq qabiliyyətini dayandırmır, yəni müflis elan olunmuş bank qurumu iflas proseduru çərçivəsində hüquqi şəxs kimi fəaliyyətini davam etdirir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırda ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti məhkəməyə müraciət etmək hüququna malik olduğundan, birinci instansiya məhkəməsi tərəfindən iddia ərizəsinin yuxarıda göstərilən əsasla geri qaytarılması əsassız olmuşdur. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 49.1-ci maddəsinə əsasən, öz fəaliyyəti ilə məhkəmədə hüquqlarını həyata keçirmək və vəzifələrini yerinə yetirmək, işin aparılmasını nümayəndəyə tapşırmaq qabiliyyəti (mülki-prosessual fəaliyyət qabiliyyəti) tam həcmdə yetkinlik yaşına çatmış hər bir fiziki şəxsə və qanunvericiliklə müəyyən edilmiş qaydada qeydə alınmış hüquqi şəxsə məxsusdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin edilməli, Sumqayıt Kommersiya Məhkəməsinin 2-2(119)-921/2021 saylı 15 iyul 2021-ci il tarixli qərardadı və həmin qərardadın dəyişdirilmədən saxlanılmasına dair 27 iyul 2021-ci il tarixli qərardadı ləğv edilməli, iddia ərizəsinin icraata qəbul edilməsi məsələsinə yenidən baxılması üçün iş Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası MPM-in 398.0.2-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsinin, şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 263-269, 398.0.1, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Şikayət qismən təmin edilsin. Sumqayıt Kommersiya Məhkəməsinin 2-2(119)-921/2021 saylı 15 iyul 2021-ci il tarixli qərardadı və həmin qərardadın dəyişdirilmədən saxlanılmasına dair 27 iyul 2021-ci il tarixli qərardadı ləğv edilsin. İddia ərizəsinin icraata qəbul edilməsi məsələsinə yenidən baxılması üçün iş Sumqayıt Kommersiya Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar