Məhkəmə qərarları › İş №2-2(105)-39/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(105)-39/2024

02.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(105)-39/2024 02.05.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (Ləğv Prosesindədir) cavabdehlər Salmanov Samir Salman oğlu, İbadov Maarı̇ f Eyvaz oğlu və Cavabdeh3 qarşı mülki iş üzrə (Açar sözlər: kredit borcunun tutulması) X10 Süleymanovanın sədrliyi və məruzəsi, X1 və X5 ibarət tərkibdə, Günay Asif qızı Səlimin katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə2, Cavabdeh Samı̇ r Salman oğlu Salmanovun iştirakları ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (Ləğv Prosesindədir) cavabdehlər Salmanov Samir Salman oğlu, İbadov Maarı̇ f Eyvaz oğlu və Cavabdeh3 qarşı “borcun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Sumqayıt Kommersiya Məhkəməsinin 02 noyabr 2023-cü il tarixli, e-2-2(119)-571/2023 nömrəli qətnaməsindən İddiaçı Açıq Səhmdar Cəmı̇ yyəti (Ləğv Prosesindədir) və cavabdeh Salmanov Samir Salman oğlu tərəfindən verilmiş apellyasiya şikayətlərinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları:

1. İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Salmanov Samir Salman oğlu, X11 və Cavabdeh3 qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən müştərək qaydada 6866,60 (altı min səkkiz yüz altmış altı manat altmış qəpik) manat əsas borc, 5233,10 (beş min iki yüz otuz üç manat on qəpik) manat faiz borcu, 5944,58 (beş min doqquz yüz qırx dörd manat əlli səkkiz qəpik) manat cərimə və kredit müqaviləsinin müddəti bitdikdən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum Qərarına əsasən hesablanmış 948,10 (doqquz yüz qırx səkkiz manat on qəpik) manat faiz olmaqla, cəmi 18992,38 (on səkkiz min doqquz yüz doxsan iki manat otuz səkkiz qəpik) manat borcun və 200 (iki yüz) manat məbləğində mediasiya xərcinin tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Mərkəz filialı ilə cavabdeh Salmanov Samir Salman oğlu arasında ********* nömrəli xx.xx.2014-cü il tarixli kredit müqaviləsi bağlanmış və həmin müqavilə üzrə Salmanov Samir Salman oğluna “əsas vəsaitin artırılması” məqsədi ilə 24 ay müddətinə illik 25 % dərəcəsi ilə 12700 (on iki min yeddi yüz) ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh Salmanov Samir Salman oğluna kredit verilərkən X11 ilə bank arasında 130007018/ZM nömrəli xx.xx.2014-cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 4.2-ci bəndinə əsasən faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borc alanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin və ya zaminlər kreditor qarşısında borcalan ilə eyni həcmdə məsuliyyət daşıyır. Kredit müqaviləsi üzrə bağlanmış 01 nömrəli xx.xx.2017-ci il tarixli Əlavə sazişlərə əsasən borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığı konvertasiya edilməklə (1USD=1,5 manat) hesablanmış faizlər kapitallaşdırılaraq 9510,24 manat təşkil etmişdir. Restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2020-ci il tarixədək uzadılmışdır. Restrukturizasiya edilmiş kredit üzrə borcalan tərəfindən bu Əlavə saziş imzalandığı tarixdən etibarən illik 20% ödənilməli idi. X4 və Cavabdeh3 bu Əlavə sazişi imzalamaqla kredit müqaviləsi, həmin müqaviləyə edilmiş əlavələr, o cümlədən, xx.xx.2017-ci il tarixli Əlavə sazişlə tanış olduğunu, şərtləri ilə razılaşdığını və müvafiq öhdəliklərin icra edilməsi üçün məsuliyyəti öz üzərinə götürdüyünü təsdiq etmişlər. Kredit müqaviləsinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə bankın hüququ vardır. Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlərə qarşı “borcun ödənilməsi” mübahisəsi ilə əlaqədar xx.xx.2023-cü il tarixdə ilkin mediasiya sessiyası keçirilmiş, lakin cavabdehlər X11 və Cavabdeh3 ilkin mediasiya sessiyasında iştirak etmədiklərindən və Salmanov Samir Salman oğlu mediasiya prosesini davam etdirməyə razılıq vermədiyindən “İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi” və “İlkin mediasiya sessiyasında iştirak edilməməsi” barədə MŞS/MT030/2023-00306 nömrəli xx.xx.2023-cü il tarixli arayışlar tərtib edilmişdir. xx.xx.2022-ci il tarixə Salmanov Samir Salman oğlunun kredit üzrə cəmi borcu 18992,38 (on səkkiz min doqquz yüz doxsan iki manat otuz səkkiz qəpik) manat təşkil edir. Bundan 6866,60 (altı min səkkiz yüz altmış altı manat altmış qəpik) manat əsas, 5233,10 (beş min iki yüz otuz üç manat on qəpik) manat faiz, 5944,58 (beş min doqquz yüz qırx dörd manat əlli səkkiz qəpik) manat cərimə, kredit müqaviləsinin müddəti bitdikdən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 948,10 (doqquz yüz qırx səkkiz manat on qəpik) manat faiz borcu təşkil edir.

3. İddiaçı Açıq Səhmdar Cəmiyyəti - “kreditor” və cavabdeh Salmanov Samir Salman oğlu - “borc alan” olmaqla, bağlanmış 13 avqust 2014-cü il tarixli ********* nömrəli kredit müqaviləsinə əsasən dövriyyə və əsas vəsaitlərin alınması məqsədilə üçün Salmanov Samir Salman oğluna (VÖEN **********) 24 ay müddətinə illik 25 % dərəcəsi ilə 12700 (on iki min yeddi yüz) ABŞ dolları məbləğində kredit verilmişdir.

4. Həmin müqavilənin 2.5-ci bəndinə əsasən gecikdirilən borc məbləğinə cərimə kimi illik 50 faiz dərəcəsi ilə, aylıq isə 4,17 faiz dərəcəsi ilə faiz hesablanır və borcalan tərəfindən kreditora ödənilir.

5. Həmin müqavilənin 3.7-ci bəndinə əsasən borcalan ödəniş cədvəli üzrə ödənişləri vaxtında etmədikdə (icranı gecirildikdiyi halda), gecikdirilən məbləğə (kreditin və faizinin ödənilməmiş hissəsinə) görə kreditora cərimə ödəyir. Cərimə gecikdirilən gündən gecikdirilən məbləğ kreditora tam ödənildiyi günə qədər hesablanır. Cərimənin və zərərin əvəzinin ödənilməsi borcalanı bu müqavilə ilə nəzərdə tutulmuş əsas öhdəliklərin icrasından azad etmir.

6. Həmin müqaviləyə əlavə edilmiş ödəniş cədvəlində borcalan Salmanov Samir Salman oğlunun banka olan borcunun son ödəniş tarixi 13 avqust 2016-cı il olmaqla, müvafiq aylar üzrə müəyyən olunmuş vaxtlarda və məbləğlərdə ödənilməsi nəzərdə tutulmuşdur və həmin ödəniş planını borcalan Salmanov Samir Salman oğlu imzası ilə təsdiq etmişdir.

7. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə bağlanmış 130007018/ZM nömrəli 13 avqust 2014-cü il tarixli zaminlik müqaviləsinə əsasən zamin-X11 borcalanın kreditor qarşısında öz öhdəliklərinin tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti zamin öz üzərinə götürürmüşdür.

8. Zaminlik müqaviləsinin 4.1-ci bəndinə əsasən zaminliklə təmin edilmiş öhdəlik kredit müqaviləsində göstərilmiş qaydada icra edilmədikdə və ya lazımınca icra edilmədikdə zaminlər və borcalan kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.

9. Həmin zaminlik müqaviləsinin 5.1.4-cü bəndinə əsasən zaminliyə onun təmin edildiyi öhdəliyin icrası vaxtının çatdığı gündən 1 il ərzində kreditor zaminə qarşı iddia irəli sürmədiyi halda zaminliyə xitam verilir.

10. İddiaçı Açıq Səhmdar Cəmiyyəti – “kreditor” və cavabdeh Salmanov Samir Salman oğlu – “Borcalan” olmaqla, bağlanmış 13 avqust 2014-cü il tarixli ********* nömrəli kredit müqaviləsinə 21 fevral 2017-ci il tarixli 1 nömrəli Əlavə sazişə (kredit müqaviləsinə dəyişiklik edilməsi barədə) əsasən borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığı konvertasiya edilməklə hesablanmış faizlər 9510,24 (doqquz min beş yüz on manat iyirmi dörd qəpik) manat təşkil edir və restrukturizasiya edilmiş kreditin müddəti Əlavə saziş imzalandığı tarixdən illik 20 faiz hesablanmaqla 21 fevral 2020-ci il tarixədək uzadılmışdır. Restrukturizasiya edilmiş kredit üzrə borcalan tərəfindən bu əlavə Saziş imzalandığı tarixdən etibarən illik 20% ödənilir. Restrukturizasiya edilmiş kredit üzrə planlaşdırılmış faktiki illik faiz dərəcəsi 20% təşkil edir.

11. Həmin sazişə əlavə edilmiş ödəniş qrafikində borcalan Salmanov Samir Salman oğlunun banka olan borcunun son ödəniş tarixi 21 fevral 2020-ci il olmaqla, müvafiq aylar üzrə müəyyən olunmuş vaxtlarda və məbləğlərdə ödənilməsi nəzərdə tutulmuşdur və həmin ödəniş planını borcalan Salmanov Samir Salman oğlu imzası ilə təsdiq etmişdir.

12. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə zamin - X11 arasında bağlanmış 13 avqust 2014-cü il tarixli ********* nömrəli kredit müqaviləsinə 21 fevral 2017-ci il tarixli 1 nömrəli Əlavə sazişə (zaminlik müqaviləsinə dəyişiklik edilməsi barədə) əsasən borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığı hesablanmış faizlər və cərimə məbləğləri kapitallaşdırılaraq konvertasiya edilməklə 9510,24 (doqquz min beş yüz on manat iyirmi dörd qəpik) manat təşkil edir və restrukturizasiya edilmiş kreditin müddəti illik 20 faiz hesablanmaqla 21 fevral 2020-ci il tarixədək uzadılmışdır.

13. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə zamin - Cavabdeh3 arasında bağlanmış 13 avqust 2014-cü il tarixli ********* nömrəli kredit müqaviləsinə 21 fevral 2017-ci il tarixli 1 nömrəli Əlavə sazişə (zaminlik müqaviləsinə dəyişiklik edilməsi barədə) əsasən borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığı hesablanmış faizlər və cərimə məbləğləri kapitallaşdırılaraq konvertasiya edilməklə 9510,24 (doqquz min beş yüz on manat iyirmi dörd qəpik) manat təşkil edir və restrukturizasiya edilmiş kreditin müddəti illik 20 faiz hesablanmaqla 21 fevral 2020-ci il tarixədək uzadılmışdır.

14. Kredit müqaviləsinə 21 fevral 2017-ci il tarixli 1 nömrəli Əlavə sazişlərin (zaminlik müqaviləsinə dəyişiklik edilməsi barədə) 2.2-ci bəndinə əsasən zaminlər bu Əlavə sazişi imzalamaqla kredit müqaviləsi, həmin müqaviləyə edilmiş əlavələr, o cümlədən xx.xx.2017-ci il tarixli Əlavə sazişlə tanış olduğunu, şərtləri ilə razılaşdığını və müvafiq öhdəlikllərin icra edilməsi üçün məsuliyyəti öz üzərinə götürdüyünü təsdiq edir.

15. Maliyyə arayışından görünür ki, borcalan Salmanov Samir Salman oğlunun 21 fevral 2017-ci il tarixli ********* nömrəli kredit müqaviləsi üzrə 15 noyabr 2022-ci il tarixə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 6866,60 manat məbləğində əsas borc, 5233,1 manat məbləğində faiz borcu, 5944,58 manat məbləğində cərimə və kredit müqaviləsinin müddəti bitdikdən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli Plenum Qərarına əsasən hesablanmış 948,1 manat məbləğində faiz borcu olmaqla, cəmi 18992,38 manat məbləğində borcu vardır.

16. Borcun ödənilməsi ilə əlaqədar cavabdehlərə müvafiq qaydada xəbərdarlıq olunmuş və hazırkı iddia ərizəsi ilə əlaqədar məhkəməyə müraciət olunmamışdan əvvəl cavabdehlər Salmanov Samir Salman oğlu, X11 və Cavabdeh3 ilə mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədi ilə iddiaçı tərəfindən mediatora 200 (iki yüz) manat məbləğində xidmət haqqı ödənilmişdir.

17. 06 oktyabr 2023-cü il tarixli 9/5577 nömrəli ekspert rəyində göstərilir ki, ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Salmanov Samir Salman oğlu arasında bağlanmış 13 avqust 2014-cü il tarixli ********* nömrəli kredit müqaviləsi üzrə Salmanov Samir Salman oğlunun 15 noyabr 2022-ci il tarixə banka olan borcu əsas borc üzrə 6758,07 manat, faiz borcu üzrə 3575,69 (2651,34 manat faiz borcu + müqavilə müddəti bitdikdən sonra illik 5 %-lə hesablanmış 924,35 manat faiz borcu) manat olmaqla, ümumilikdə 10333,76 manat məbləğində müəyyən olunmuşdur.

18. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2023-cü il tarixli, 3-27-109/2-S178 nömrəli məktubuna əsasən Salmanov Samir Salman oğluna 5409,79 manat məbləğində kompensasiya məbləğinin hesablanıb kart hesabına köçürülməsi, bundan başqa iş materiallarında (cild 1 səh 128) olan X15 məlumatına əsasən kart vasitəsilə 5409,79 manat məbləğində pul vəsaitinin ATM-dən məxaric olunduğu müəyyən edilimişdir.

19. Azərbaycan Kredit Bürosundan Çıxarışdan görünür ki, borcalan Salmanov Samir Salman oğlunun Dəmirbank ASC-yə kredit müqaviləsi üzrə aktiv kredit borcu üzrə qalıq məbləği 6,866.60 manat, faiz məbləği isə 11,177.68 manat təşkil edir. Son ödəniş xx.xx.2018-ci il tarixdə olmuşdur.

20. Problemli kreditlərin kompensasiyası üzrə çıxarış məlumatlarından görünür ki, cavabdeh Salmanov Samir Salman oğluna 21 fevral 2015-ci il tarixinə hesablanmış kompensasiya 2485.20 manat, 21 dekabr 2015-ci il tarixinə hesablanmış kompensasiya 4415.78 manat, güzəştə görə kompensasiya məbləğinin azaldılan hissəsi 1491.2 manat təşkil edir və restrukturizasiya olunması təklif olunan kreditə düşmür.

İş üzrə qəbul edilmiş məhkəmə aktları

Birinci instansiya məhkəməsində icraat

21. Sumqayıt Kommersiya Məhkəməsinin 02 noyabr 2023-cü il tarixli, e-2- 2(119)-571/2023 nömrəli qətnaməsi ilə (hakim Həlimə Alıyeva) iddianın qismən təmin edilməsi, cavabdeh Salmanov Samir Salman oğlundan 6758,07 (altı min yeddi yüz əlli səkkiz manat yeddi qəpik) manat məbləğində əsas borc, 2651,34 (iki min altı yüz əlli bir manat otuz dörd qəpik) manat məbləğində faiz borcu, müqavilə müddəti bitdikdən sonra illik 5 %-lə hesablanmış 924,35 (doqquz yüz iyirmi dörd manat otuz beş qəpik) manat məbləğində faiz, 100 (yüz) manat məbləğində cərimə və mediasiya ilə əlaqədar ödənilmiş 100 (yüz) manat məbləğində mediasiya xərci olmaqla, cəmi 10533,76 (on min beş yüz otuz üç manat yetmiş altı qəpik) manat məbləğində pul vəsaitinin ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi, cavabdeh Salmanov Samir Salman oğlundan dövlət nəfinə 121,30 (yüz iyirmi bir manat otuz qəpik) manat məbləğində dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat məbləğində pul vəsaitinin cavabdeh Salmanov Samir Salman oğlundan tutularaq X6 ödənilməi qət edilmişdir.

22. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 425.1, 427.3, 442, 448, 739, 462.1, 463.1, 465.2, 467, 470.1, 472.1, 477.0 və 477.0.4 maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 218.3, 119.1, 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələri ilə əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat

Apellyasiya şikayəti və onun dəlilləri

23. İddiaçı ”knabṙ ıməD“ Açıq Səhmdar Cəmı̇ yyətinin (Ləğv Prosesindədir) nümayəndəsi X12 apellyasiya şikayəti verərək, Sumqayıt Kommersiya Məhkəməsinin 02 noyabr 2023-cü il tarixli, e-2-2(119)-571/2023 nömrəli qətnaməsinin ləğv edilərək, iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

24. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iddia tələbinin gecikdirilmiş vaxt üçün hesablanan faiz (illik 5 %) hissəsini əsassız olaraq azaltmaqla iddianı həmin hissədə qismən təmin etmişdir. Qeyd olunmalıdır ki, banklar əsasən bağladıqları kredit müqavilələri ilə faizlər əldə etmək üçün fəaliyyət göstərirlər və nəticə etibarilə verilən əsas borcla yanaşı, kredit müqaviləsində nəzərdə tutulan faizlərin əldə edilməməsi bankları ödənilməyən bu məbləği dəyərləndirmək imkanlarından məhrum edir. Buna görə də, kredit borcunu vaxtında ödəməməklə borclu kreditora faktiki olaraq əldən çıxmış fayda şəklində zərər vurmuş olur. Bununla yanaşı, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MM-in 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Lakin bu müddəa kreditorun hər hansı digər əsaslar üzrə borcludan daha böyük məbləğ tələb etmək hüququnu istisna etmir. Beləliklə, kreditorun kredit müqaviləsi üzrə öhdəliklərin icrasının gecikdirilməsi nəticəsində müqavilə əsasında ödənilməli olan vəsaitin (əsas borcun tam və ya müvafiq hissəsinin, hesablanmış faizlərin) yenidən istifadə oluna bilməməsi ilə bağlı dəymiş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ MM-in 21.2, 443.1 və 443.2-ci maddələrinin tələblərindən irəli gəlir. Birinci instansiya məhkəməsi 5944.58 AZN məbləğində cəriməni əsassız olaraq azaltmaqla 467-ci maddədə göstərilən kreditorun əmlak mənafelərini və bütün əsaslı mənafelərini nəzərə almayaraq, qeyd edilən maddənin müddəalarını pozmuşdur. Bundan başqa, həmin maddə məhkəməyə yalnız dəbbə pulunu azalda bilər. Birinci instansiya məhkəməsinin yalnız ekspert rəyinə istinad etməklə əsas, faiz, cərimə, həmçinin kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış faiz borclarını əsassız olaraq azaltması Mülki Məcəllənin 467ci maddəsinin bu rakusdan da pozulmasına gətirib çıxarmışdır. Mübahisələndirilən qətnamədə birinci instansiya məhkəməsi əsas borcu azaldarkən ekspert rəylərinə istinad etmiş, lakin birinci instansiya məhkəməsi özünün bu istinadını əsaslandırmamışdır. Bank tərəfindən iddia ərizəsinə sübut kimi əlavə edilən sənədlər arasında ödəniş qrafiki, hesabdan çıxarışlar və maliyyə arayışı mövcuddur. Ödəniş qrafikində müştərinin kredit borcu üzrə ödənişlərinin ən geci hansı tarixdə icra etməli olduğu göstərilib ki, bu tarixdən sonra müştəriyə nisbətdə öhdəliyin icrasını gecikdirdiyinə görə müqavilədə qeyd edilən qaydada və miqdarda faiz, cərimələr yazılır. Hesabdan çıxarışda isə müştərinin etdiyi ödənişlər, həmin ödənişlərin edildiyi tarixlər və açıqlamaları qeyd edilmişdir. Bu borclar peşəkar maliyyəçilər tərəfindən hesablandıqdan və yoxlanıldıqdan sonra maliyyə arayışı tərtib edilir. Ekspert rəyi isə üçüncü şəxs tərəfindən təqdim edilən subyektiv fikirdir və qanunvericilik bu rəyin yanlış olması ehtimalını qəbul edir (əks halda əlavə və təkrar ekspertiza barədə müddəalar olmazdı). Bu müddəaların olmasına baxmayaraq, ekspert rəyini bu cür əsaslandırmadan, sadəcə qeyd-şərtsiz şübhəsiz olan sübut kimi yanaşması ilə məhkəmə ekspert rəyini özü üçün məcburi bir sənədə çevirib, onu tədqiq etməyərək, Mülki Prosessual Məcəllənin 103-cü maddəsinin 1-ci bəndini pozmuş olur (Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir). Birinci instansiya məhkəməsi sübutlara bu dərəcədə fərq qoyub, ekspert rəyinə bu cür yanaşaraq Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin 1-ci cümləsində sadalanan sübutlara obyektiv və qərəzsiz baxılması müddəalarına da riayət etməmiş olur. Beləliklə də, məhkəmə həqiqətin müəyyən edilməsi istiqamətində tam, hərtərəfli və obyektiv araşdırmanın aparılmasını məqsədəmüvafiq hesab etməmiş, nəticədə Bankın maraqlarına toxunaraq əsassız qətnamə qət etmişdir. Birinci instansiya məhkəməsi qanunvericiliyin müddəalarını pozaraq sübutları qiymətləndirməməsi yanlış qətnamənin qəbul edilməsinə gətirib çıxarmışdır. Məhkəmə nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamışdır. Belə ki, tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən, cavabdeh Salmanov Samir Salman oğlu müqavilə üzrə iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh bankdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, lakin kredit vəsaitinin ödəməli olmasına dair vəzifəsini tam yerinə yetirməmişdir. Yuxarıda qeyd edildiyi kimi, hazırkı mübahisədə cavabdehin müqavilə üzrə yaranmış əsas, faiz, cərimə və gecikdirilmiş vaxt üçün hesablanan (illik 5 %) məbləğinin müəyyən edilməsi mühüm əhəmiyyət kəsb edən məsələdir ki, bu da işin faktiki hallarına aiddir. Məhkəmə tərəfindən işin faktiki halları tam, hərtərəfli araşdırılmadan əsas, müqavilə müddəti üçün hesablanmış faiz, cərimə və gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləğləri əsassız surətdə azaldılmışdır. Məhkəmə qətnamə qəbul edən zaman əsas, müqavilə müddəti üçün hesablanmış faiz, cərimə və gecikdirilmiş vaxt hesablanan faiz (illik 5 %) məbləğlərini əsassız azaltmaqla öhdəliyin icrasının gecikdirilməsi müddətlərini nəzərə almamışdır. Bu səbəblərdən də qətnamə əsaslı hesab edilə bilməz. Şikayətdə sadalanan pozuntular, yəni işin hallarının maddi hüquq və prosessual qanunvericiliklə müəyyən edilmiş qaydada araşdırılmaması və qiymətləndirilməməsi qətnamədə göstərilmiş nəticələrin işin hallarına uyğun gəlməməsinə də dəlalət edir. Bundan başqa, bildirir ki, mülki iş materiallarına əlavə edilmiş maliyyə arayışı, hesabdan çıxarış məlumatlarını əks etdirdiyindən cavabdeh Salmanov Samir Salman oğlunun banka olan borcu həmin sənədlə də tam təsdiq edilir.

25. Cavabdeh Salmanov Samı̇ r Salman oğlu apellyasiya şikayəti verərək, Sumqayıt Kommersiya Məhkəməsinin 02 noyabr 2023-cü il tarixli, e-2-2(119)-571/2023 nömrəli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.

26. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanunsuz və əsassız olduğundan ləğv edilmədir. Bildirir ki, onunla İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Mərkəzi filialı arasında ********* nömrəli xx.xx.2014-cü il tarixli kredit müqaviləsi bağlanmış və həmin müqavilə üzrə o, “əsas vəsaitin artırılması” məqsədilə 24 ay müddətinə illik 25% dərəcəsi 12700 ABŞ dolları məbləğində kredit götürmüşdür. Kredit verilərkən X11 ilə bank arasında 130007018/ZM nömrəli xx.xx.2014-cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 4.2-ci bəndinə əsasən zamin və zaminlər kreditor qarşısında borcalan ilə eyni həcmdə məsuliyyət daşıyır. Kredit müqaviləsi üzrə xx.xx.2017-ci il tarixdə əlavə saziş bağlanılmış və kreditor qarşısındakı kredit öhdəliyinin qalığı konvertasiya edilməklə (1 usd = 1.5 manat) hesablanmış faizlər kapitallaşdırılaraq 9510,24 (doqquz min beş yüz on manat 24 qəpik) manat təşkil etmişdir. Restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2021-ci il tarixədək uzadılmışdır. xx.xx.2017-ci il tarixdən krediti vaxtlı-vaxtında ödəmişdir. 2018-ci fevral ayından etibarən kredit ödənişində çətinliklər yaranmışdır. 28 fevral 2019-cu il tarixli Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı çıxdıqdan sonra 2019-cu ilin iyun ayında onu Azərpoçt MMC-nin Biləcəri Avtovağzalında yerləşən ofislərinə dəvət etmiş və 5409,79 (beş min dörd yüz doqquz manat 79 qəpik) manat məbləğində kompensasiya verilmişdir. O, həmin ərəfədə banka zəng vurmuş, dövlət tərəfindən ayrılmış kompensasiyanın əsas borcuna yönəldilməsi və qalıq məbləğin onun öhdəliyinə verilməsi cavabını almışdır. Ondan sonra 3 (üç) il ərzində ləğv prosesində olan İddiaçı-ın ləğv edicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən heç bir xəbərdarlıq və ya bildiriş almamışdır. 28 fevral 2019-cu il tarixli Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanının 2-ci maddəsinə deyilir: bu fərmanın 1-ci hissəsinə əsasən edilən ödəniş ilk növbədə fiziki şəxslərin banklar və ləğvetmə prosesində olan banklar qarşısında ödəniş müddəti keçmiş əsas kredit borclarının ödənilməsinə yönəldilsin, qalan məbləğ isə həmin fiziki şəxslərin sərəncamına verilsin. Bildirir ki, yuxarıda göstərilən fərmana əsasən dövlət tərəfindən ayrılmış pul vəsaiti ləğv prosesində olan bankların hesablarına köçürüldükdən sonra yerdə qalan artıq məbləğ fiziki şəxslərə qaytarılır. Ona görə də artıq qalmış 5409,79 (beş min dörd yüz doqquz manat 79 qəpik) manat Azərpoçt tərəfindən ona qaytarılmışdır. Bankın ləğvedicisinin qeyd etdiyi kimi dövlət tərəfindən Azərpoçt vasitəsi ilə ona ödənilmiş məbləğ kreditinin ödənilməsi üçün verilmiş olsaydı, həmin fərmanın 8.8-ci maddəsinə əsasən illik faiz dərəcəsi 1 faiz olmaqla 5 il müddətinə verilməli idi. Bu fərmanın 6.1-ci maddəsinə əsasən 7.1-ci bəndində nəzərdə tutulan siyahı üzrə vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etsinlər. Yuxarıda qeyd etdiyi kimi, bankın ləğvedicisi Prezidentin fərmanına əməl etməmiş, kredit müqaviləsi üzrə yeni halları (Prezidentin Fərmanına əsasən dəyişiklikləri) nəzərə almamış və iddia ilə məhkəməyə müraciət etmişdir. Bildirir ki, Sumqayıt Kommersiya Məhkəməsi məhkəmə araşdırması zamanı 28 fevral 2019-cu il tarixli Prezidentin fərmanını nəzərə almamış və formal olaraq onun ziyanına qətnamə qəbul etmişdir. Bildirir ki, Məhkəmə tərəfindən təqdim edilmiş dəlilləri araşdırmamış, 28 fevral 2019-cu il tarixli Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanını nəzərə almamış, 06 oktyabr 2023-cü il tarixli 9/5577nömrəli ekspert rəyini mötəbər sübut kimi qəbul etmişdir. Baxmayaraq ki, ekspertiza rəyi heç bir suala aydınlıq gətirməmiş, formal xarakterli olmuş və Prezidentin fərmanını nəzərə almamışdır.

Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

27. Apellyasiya şikayətlərinə qarşı yazılı etiraz daxil olmamışdır.

Apellyasiya icraatı iştirakçılarının izahatları

28. İddiaçının nümayəndəsi Nümayəndə2 öz apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını, cavabdehin apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdi.

29. Cavabdeh Salmanov Samir Salman oğlu öz apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını, iddiaçının apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdi. Cavabdeh həmçinin bildirdi ki, əsas kredit borcunu etiraf edir, lakin faiz və cərimə borcu ilə razı deyildir.

30. İş üzrə digər cavabdehlər Maarı̇ f Eyvaz oğlu İbadov və Faı̇ q Fı̇ lman oğlu Hüseynov məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzrsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır.

Apellyasiya baxışının hədləri

31. Apellyasiya şikayətlərinin dəlillərindən göründüyü kimi iddiaçı və cavabdeh tərəf verdikləri apellyasiya şikayətlərində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş edərək, qətnaməni tam mübahisələndirmişlər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətlərinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır.

Tətbiq edilən hüquq

32. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Maddə 445.7. Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Maddə 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Maddə 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.

33. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

34. Məhkəmə kollegiyası tərəfləri dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır.

35. Məhkəmə kollegiyasının qənaətincə birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

36. Kollegiya araşdırması zamanı müəyyən edildi ki, cavabdeh Salmanov Samir Salman oğlu ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətindən aldığı kredit üzrə əsas borcu və müqavilə ilə müəyyən edilmiş faizləri ona qaytarmalı olmasına dair öhdəliklərin daşıyıcısı olmuşdur. Lakin cavabdeh Salmanov Samir Salman oğlu 13 avqust 2014-cü il tarixli ********* nömrəli kredit müqaviləsi və ona 21 fevral 2017-ci il tarixli 1 nömrəli Əlavə saziş üzrə öhdəliklərini icra etməyərək ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti qarşısında pul öhdəliyini tam yerinə yetirməmişdir.

37. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdeh Salmanov Samir Salman oğlundan 6758,07 (altı min yeddi yüz əlli səkkiz manat yeddi qəpik) manat məbləğində əsas borc, 2651,34 (iki min altı yüz əlli bir manat otuz dörd qəpik) manat məbləğində faiz borcu, müqavilə müddəti bitdikdən sonra illik 5 %-lə hesablanmış 924,35 (doqquz yüz iyirmi dörd manat otuz beş qəpik) manat məbləğində faiz, 100 (yüz) manat məbləğində cərimə və mediasiya ilə əlaqədar ödənilmiş 100 (yüz) manat məbləğində mediasiya xərci olmaqla, cəmi 10533,76 (on min beş yüz otuz üç manat yetmiş altı qəpik) manat məbləğində pul vəsaitinin ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

38. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, borcalan Salmanov Samir Salman oğlu 13 avqust 2014-cü il tarixli ********* nömrəli kredit müqaviləsi və ona 21 fevral 2017-ci il tarixli 1 nömrəli Əlavə saziş üzrə kredit ödənişlərinin müqavilə şərtlərinə uyğun ödənilməsini təmin etmədiyindən həmin müqavilə üzrə yaranmış borc ondan tutulmalıdır. Lakin cavabdeh Salmanov Samir Salman oğlundan tutulmalı olan əsas borc və faiz borcunun məbləğləri müəyyən edilərkən iş üzrə keçirilmiş ekspertizanın 06 oktyabr 2023cü il tarixli 9/5577 nömrəli ekspert rəyi mötəbər sübut olaraq nəzərə alınmalıdır. Belə ki, iddia tələbində 27 fevral 2023-cü il tarixinə hesablanaraq tələb edilən 6866,60 manat əsas borc, 5233,10 manat faiz borcu və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum Qərarına əsasən illik 5 % hesablanmaqla 948,10 manat məbləğində faiz borcu 06 oktyabr 2023-cü il tarixli 9/5577 nömrəli ekspert rəyi ilə təsdiq olunmur. Buna görə də, həmin müqavilə üzrə əsas borcun və faiz borcunun tutulması hissəsində ekspert rəyi mötəbər sübut kimi nəzərə alınmalı və cavabdeh Salmanov Samir Salman oğlundan ekspert rəyində qeyd edilən 6758,07 (altı min yeddi yüz əlli səkkiz manat yeddi qəpik) manat məbləğində əsas borc, 2651,34 (iki min altı yüz əlli bir manat otuz dörd qəpik) manat məbləğində faiz borcu və müqavilə müddəti bitdikdən sonra illik 5 %-lə hesablanmış 924,35 (doqquz yüz iyirmi dörd manat otuz beş qəpik) manat məbləğində faiz borcu ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır.

39. Eyni zamanda məhkəmə hesab etmişdir iddianın "5944,58 manat məbləğində cərimənin tutulması" tələbinə aid hissəsi qismən təmin olunmalı və işin halları nəzərə alınmaqla, cərimə məbləği azaldılaraq, cavabdeh Salmanov Samir Salman oğlundan cəmi 100 (yüz) manat məbləğində cərimə tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

40. Birinci instansiya məhkəməsi zaminlərə münasibətdə qeyd etmişdir ki, iş materialları ilə müəyyən edilir ki, 13 avqust 2014-cü il tarixli ********* nömrəli kredit müqaviləsi üzrə bağlanmış 21 fevral 2017-ci il tarixli 1 nömrəli Əlavə sazişə əsasən kreditin qaytarılma vaxtının son müddəti 21 fevral 2020-ci il tarixidir və həmin tarixdə məlum kredit müqaviləsinin müddəti bitmişdir. Yəni, cavabdehlər X8 və Cavabdeh3 zaminliyi ilə təmin olunmuş kredit müqaviləsinin və kreditin qaytarılmasının son müddəti 21 fevral 2020-ci il tarixi olmuşdur. Lakin iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu məlum Kredit Müqaviləsi üzrə yaranmış öhdəliklərin yerinə yetirilməsi ilə bağlı hazırkı iddia ərizəsini qeyd olunan müddət (bir illik müddət) keçdikdən sonra, yəni 19 aprel 2023-cü il tarixdə məhkəməyə təqdim etmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477-ci maddəsinin tələblərinə görə yəni məlum kredit müqaviləsi üzrə zaminliklə təmin edilmiş öhdəliklərin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditor tərəfindən zaminlərə qarşı iddia irəli sürülmədiyi üçün hazırkı iddia ərizəsi üzrə müqavilə üzrə tələb edilən borclar zaminlərdən tutulmamalı, zamin qismində X9 və Cavabdeh3 qarşı zaminliklə əlaqədar yönəlmiş iddia tələbi həmin Məcəllənin 477-ci maddəsində müəyyən olunmuş müddət keçdikdən sonra məhkəməyə müraciət olunması ilə əlaqədar təmin edilməməlidir.

41. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşmayan iddiaçı və cavabdeh Samir Salmnov araşdırılan apellyasiya şikayətləri ilə məhkəməyə müraciət etmişlər.

42. Apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi və əsaslandırması ilə razılaşır, bu baxmdan əlavə araşdırmanın aparılmasına zərurət görmür və hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir.

43. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətlərinin dəlliləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas deyildir.

44. İddiaçı tərəfin şikayətin dəlillərindən görünür ki, iddiaçı faiz (illik 5 %), cərimə borcunun əsassız olaraq azaldığını göstərərək həmin hissədə məhkəmə qətnaməsini mübahisələndirmişdir.

45. Məhkəmə kollegiyası şikayətin qeyd olunan dəlillərini əsassız hesab edir və bununla bağlı qeyd edir:

46. Birinci instansiya məhkəməsi işin obyektiv araşdırılmasını təmin etmək məqsədilə ekspertiza təyin etmiş, eksperizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ekspertiza Mərkəzinə həvalə edilmişdir. Ekspert rəyi ilə müəyyən edilmişdir ki, Salmanov Samir Salman oğlunun 15 noyabr 2022-ci il tarixə banka olan borcu əsas borc üzrə 6758,07 manat, faiz borcu üzrə 3575,69 (2651,34 manat faiz borcu + müqavilə müddəti bitdikdən sonra illik 5 %-lə hesablanmış 924,35 manat faiz borcu) manat olmaqla, ümumilikdə 10333,76 manat məbləğindədir.

47. Ekspert rəyi nəzərdən keçirilərkən müəyyən olunur ki, Rəyin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir. Ekspertiza tədqiqatı iddiaçı tərəfindən təqdim edilmiş sənədlər əsasında aparılmışır. Məhkəmə kollegiyası izah edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Odur ki, məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, iddianı mübahisləndirilən hissədə təmin etməklə qanuni və əsaslı qətnamə qəbul edilmişdir.

48. Eləcə də birinci instansiya məhkəməsi kredit müqaviləsinin bitdiyə tarixə faiz borcunu tutmaqda haqlı olmuşdur.

49. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər (Mülki Məcəllə maddə - 462.1, 462.3, 467). Kollegiyanın qənaətincə tələb olunan cərimə məbləği əsas məbləğə münasibətdə tənasübsüz yüksək olmaqla tərəflər arasında bağlanmış müqavilələrin şərtlərinə əsasən çoxdur. Odur ki, birinci instansiya məhkəməsi tənasübsüz surətdə yüksək olan dəbbə pulunu azaldılmaqda haqlı olmuşdur.

50. Cavabdeh şikayətin dəlili olaraq göstərmişdir ki, 28 fevral 2019-cu il tarixli Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanının tələbləri pozulmuşdur, məlum Fərmana əsasən ona 5409,79 manat məbləğində kompensasiya verilmişdir ki, bu halda onu göstərir ki, onun kredit borcu yoxdur, dövlət tərəfindən ayrılmış pul vəsaiti ləğv prosesində olan bankların hesablarına köçürüldükdən sonra yerdə qalan artıq məbləğ fiziki şəxslərə qaytarılır.

51. Məhkəmə kollegiyası şikayətin dəlillərini əsassız hesab edir.

52. Belə ki, birinci - kollegiya araşdırması zamanı tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, araşdırılan mübahisə üzrə kredit borcu 28 fevral 2019-cu il tarixli Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanının təsir dairəsinə düşməmiş, restrukturizasiya olunması təklif olunan kreditlərə aid deyildir.

53. İkinci – məlum Fərman əsasında kompensasiyanın ödənilməsi cavabdehin kredit borcunun olmaması və ya ödənilməsi qənaətinə gəlməyə əsas vermir. AKB-nın arayışından göründüyü kimi güzəşt məbləği üzrə ayrılmış kompensasiya məbləğindən 1491,2 manat tutulmuş, qalan 5409,79 manat məbləğində kompensasiya cavabdehə ödənilmişdir, cavabdehin aktiv kredit borcu 6866,60 manat əsas, 11177,68 manat faiz borcu olmuşdur.

54. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Apellyasiya şikayətinin dəlilləri əsassızdır, birinci instansiya məhkəməsinin düzgün və əsaslı qətnaməsinin ləğv edilməsi üçün əsas yoxdur, odur ki, şikayət təmin edilməməli, Sumqayıt Kommersiya Məhkəməsinin 02 noyabr 2023-cü il tarixli, e-2-2(119)-571/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

55. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 372, 384, 385, 392-393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

İddiaçı Açıq Səhmdar Cəmiyyəti (Ləğv Prosesindədir) və cavabdeh Salmanov Samir Salman oğlu tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Sumqayıt Kommersiya Məhkəməsinin 02 noyabr 2023-cü il tarixli, e-2-2(119)- 571/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar