Məhkəmə qərarları › İş №2-2(106)-185/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(106)-185/2025

10.09.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-2(106)-185/2025 10.09.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimov Tale Suliddin oğlunun sədrliyi və məruzəsi ilə, X1 və Əsədov İlham Qoşunəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyev Kamran Sabir oğlunun katibliyi, İddiaçı, cavabdehin vəkili, eyni zamanda nümayəndəsi Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “icarə müqavilələrinin ləğv edilmiş hesab edilməsi, torpaq sahəsindən çıxarılma və s.” tələbinə dair kommersiya mübahisəsi üzrə Şirvan Kommersiya Məhkəməsinin 19 iyun 2025-ci il tarixli e-2-2(121)-18/2025 saylı qətnaməsindən (hakim Z.Abbasov) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyənetdi: İddiaçı Cavabdeh qarşı “icarə müqavilələrinin ləğv edilmiş hesab edilməsi, torpaq sahəsindən çıxarılma və s.” tələbinə dair iddia ərizəsi ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət etmişdir. Şirvan Kommersiya Məhkəməsinin 19 iyun 2025-ci il tarixli e-2-2(121)-18/2025 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. 25 iyul 2025-ci il tarixdə İddiaçı tərəfindən qətnamədən apellyasiya şikayəti verilmiş, Şirvan Kommersiya Məhkəməsi apellyasiya şikayətinin prosessual qanunvericiliyin tələblərinə uyğunluğunu yoxlayaraq 31 iyul 2025-ci il tarixli müşaiətedici məktubla həmin apellyasiya şikayətini iş materialları ilə birlikdə baxılmasından ötrü Şirvan Apellyasiya Məhkəməsinə göndərmişdir. 9 sentyabr 2025-ci il tarixdə İddiaçı birinci instansiya məhkəməsinin iclas protokoluna dair qeydlərlə Şirvan Apellyasiya Məhkəməsinə müraciət etmişdir. Məhkəmədə İddiaçı birinci instansiya məhkəməsinin iclas protokoluna verdiyi qeydlərə baxılmasını tələb etdiyini bildirdi. Protokola qeydlərin zamanında verilməməsini isə protokolla tanış ola bilməsi üçün şəraitin gec yaradılması ilə izah etdi. Məhkəmədə cavabdehin vəkili, eyni zamanda nümayəndəsi Vəkil2 məsələyə münasibət bildirməyi məhkəmənin mülahizəsinə buraxdı. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 273-cü maddəsinə əsasən işdə iştirak edən şəxslər və nümayəndələr, həmçinin vəkillər protokolla tanış olmağa haqlıdırlar və onun imzalandığı andan 3 gün ərzində onda yol verilmiş yanlışlıqları və ya natamamlığı göstərməklə protokol barədə yazılı qeydlər təqdim edə bilərlər. 274.1-ci maddəsinə əsasən protokola dair qeydlərə onu imzalamış hakim və ya iş üzrə sədrlik edən baxır, qeydlərlə razılaşarsa, onların düzgünlüyünü təsdiq edir, razılaşmadıqda isə onların tamamilə və ya qismən rədd edilməsinə dair əsaslı qərardad çıxarır. Hər bir halda qeydlər işə əlavə edilir. 274.2-ci maddəsinə əsasən protokola dair qeydlərə onların verilməsindən 3 gündən gec olmayaraq baxılmalıdır. 274.3-cü maddəsinə əsasən zəruri hallarda protokola dair qeydlər vermiş şəxslər və ya işdə iştirak edən şəxslər və prosesin digər iştirakçıları məhkəmə iclasına çağırılırlar. 13.4-cü maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. 384.0.6-cı maddəsinə əsasən apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, apellyasiya instansiyası məhkəməsi icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Məhkəmə kollegiyası hesab edir ki, hazırki mərhələdə iddiaçı tərəfindən birinci instansiya məhkəməsinin iclas protokoluna verilən qeydlərə baxılmadan qətnamədən verilmiş apellyasiya şikayətinə baxılması mümkün deyildir. Ona görə də, apellyasiya şikayətinin icraata qəbul qərardadı ləğv olunaraq iş materialları birinci instansiya məhkəməsinin iclas protokoluna verilən qeydlərə baxılmasından ötrü Şirvan Kommersiya Məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.2.5-ci maddəsinə əsasən bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qərardadından kassasiya şikayəti verilə bilər. Hazırki halda apellyasiya şikayətinin icraata qəbul qərardadının ləğvinin əsasını apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması halı təşkil etmədiyindən, qərardaddan kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 13.4, 384.0.6, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Şirvan Kommersiya Məhkəməsinin 19 iyun 2025-ci il tarixli e-2-2(121)-18/2025 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin icraata qəbul qərardadı ləğv edilsin. İş materialları apellyasiya baxışından çıxarılaraq birinci instansiya məhkəməsinin iclas protokoluna İddiaçı tərəfindən verilən qeydlərə baxılmasından ötrü Şirvan Kommersiya Məhkəməsinə qaytarılsın və nəticəsindən asılı olaraq sonrakı prosessual hərəkətlər icra edilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Tale Kərimov Hakimlər: Cahid İmanov İlham Əsədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar