Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(119)-612/2024 20.09.2024 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlunun sədrliyi, Əsədli Şəfa Zahir qızının katibliyi, Cavabdeh4, Cavabdehlər Cavabdeh7 və Cavabdeh5 nümayəndəsi Vəkil iştirakları ilə, İddiaçı Quba bələdiyyəsinin cavabdehlər Cavabdeh7, Cavabdeh5, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Hərracların Təşkili Mərkəzi publik hüquqi şəxsinə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz ərazi idarəsinə, Quba regional “ASAN xidmət” mərkəzindəki Notariat ofisinə və Cavabdeh4 qarşı “hərracların nəticələrinə dair iclas protokollarının və alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların ləğv edilməsi və torpaq sahələrinin qaytarılması" tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı Quba bələdiyyəsi 21 aprel 2022-ci il tarixdə cavabdehlər Cavabdeh3 (prosessual hüquq varisliyi qaydasında hazırda oğlu Cavabdeh7 cavabdehdir), Cavabdeh5, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Hərracların Təşkili Mərkəzi publik hüquqi şəxsinə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz ərazi idarəsinə, Quba regional “ASAN xidmət” mərkəzindəki Notariat ofisinə və Cavabdeh4 qarşı “hərracların nəticələrinə dair iclas protokollarının və alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların ləğv edilməsi və torpaq sahələrinin qaytarılması” tələbi barədə iddia ərizəsi ilə Quba Rayon Məhkəməsinə müraciət edərək iddiaçı Quba bələdiyyəsinin mülkiyyətində olmuş Quba şəhəri 223-cü Atıcı Diviziya küçəsində yerləşən 0,03 ha torpaq sahəsinin satılması ilə bağlı Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin rayon və ya şəhər torpaq hərrac və müsabiqə komissiyasının torpaq hərrac və ya müsabiqəsinin nəticələri barədə 19 yanvar 2013-cü il tarixli 125 nömrəli iclas protokolunun, həmin torpaq sahəsinin satılması ilə bağlı Quba bələdiyyəsi ilə Cavabdeh3 arasında bağlanmış 19 fevral 2013-cü il tarixli AN-İ ******* nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin alqı-satqı müqaviləsi əsasında Cavabdeh3 Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş RX seriyalı ******* nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2013-cü il tarixli, **********36 reyestr nömrəli çıxarışın ləğv edilməsi, Quba şəhər ərazisində yerləşən 0,009 ha torpaq sahəsinin satılması ilə bağlı Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin rayon və ya şəhər torpaq hərrac və müsabiqə komissiyasının torpaq hərrac və ya müsabiqəsinin nəticələri barədə 19 yanvar 2013-cü il tarixli 126 nömrəli iclas protokolunun, həmin torpaq sahəsinin satılması ilə bağlı Quba bələdiyyəsi ilə Cavabdeh3 arasında bağlanmış 19 fevral 2013-cü il tarixli, AN-İ ******* nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin alqı-satqı müqaviləsi əsasında Cavabdeh3 Quba şəhərində yerləşən 0,009 ha torpaq sahəsinə dair verilmiş çıxarışın ləğv edilməsi, Quba şəhər ərazisində yerləşən 0,0021 ha torpaq sahəsinin satılması ilə bağlı Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin rayon və ya şəhər torpaq hərrac və müsabiqə komissiyasının torpaq hərrac və ya müsabiqəsinin nəticələri barədə 18 fevral 2014-cü il tarixli 261 nömrəli iclas protokolunun, həmin torpaq sahəsinin satılması ilə bağlı Quba bələdiyyəsi ilə Cavabdeh4 arasında bağlanmış 04 mart 2014-cü il tarixli AN-İ ******* nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin alqı-satqı müqaviləsi əsasında Cavabdeh4 Quba şəhərində yerləşən 0,0021 ha torpaq sahəsinə dair verilmiş çıxarışın ləğv edilməsi və göstərilən torpaq sahələrinin iddiaçı Quba bələdiyyəsinin mülkiyyətinə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tərəfindən iddia tələbi onunla əsaslandırılmışdır ki, Quba bələdiyyəsinin 2012- 2013-cü illər ərzində sədri vəzifəsində işləmiş Cavabdeh5 tərəfindən “Bələdiyyələrin statusu haqqında” Azərbycan Respublikasının Qanununun 16-cı maddəsinin tələblərinə zidd olaraq Quba şəhəri, 223-cü Atıcı Diviziya küçəsində yerləşən bələdiyyənin yaşayış məntəqəsi torpaqlarına aid 0,03 ha və 0,009 ha torpaq sahələrinin sahibkarlıq məqsədilə satılması üçün üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınması proseduruna başlanması barədə hər bir torpaq sahəsi ilə bağlı ayrı-ayrılıqda qərarlar qəbul edilmədən, Quba bələdiyyəsinin xx.xx.2012-ci il tarixli 09 nömrəli iclasının 3312 kv.m torpaq sahəsinin fərdi yaşayış evinin tikintisi və sahibkarlıq məqsədilə satılması barədə 2ci qərarından çıxarış edilərək 0,03 ha və 0,009 ha torpaq sahələrinə bələdiyyənin mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlar almaqla hər iki torpaq sahəsinin hərrac və müsabiqəyə çıxarılması barədə qərar qəbul edilmədən, hərrac qaydasında bacısının həyat yoldaşı Cavabdeh3, o cümlədən həmin ərazidən sahibkarlıq məqsədilə 0,0021 ha torpaq sahəsi isə hərrac və müsabiqəyə çıxarılması barədə qərar qəbul edilmədən hərrac qaydasında Cavabdeh4 satmışdır. Quba Rayon Məhkəməsinin 27 iyul 2022-ci il tarixli 2(027)-1379/2022 nömrəli qərardadı ilə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən işin icraatına xitam verilmişdir. İş üzrə Cavabdeh4 Quba Rayon Məhkəməsinin həmin qərardadından şikayətlə məhkəməyə müraciət edərək həmin qərardadın ləğv edilməsini xahiş etmişdir. Quba Rayon Məhkəməsinin 12 fevral 2024-cü il tarixli 2(027)-816/2024 nömrəli qərardadı ilə şikayət təmin edilmiş və məhkəmənin 27 iyul 2022-ci il tarixli 2(027)- 1379/2022 nömrəli qərardadı ləğv edilmişdir. Quba Rayon Məhkəməsinin 11 mart 2024-cü il tarixli 2(027)-816/2024 nömrəli qərardadı ilə işin baxılması üçün aidiyyəti üzrə Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Quba Rayon Məhkəməsi daha sonra 27 mart 2024-cü il tarixli 2(027)-816/2024 nömrəli məktubla Sumqayıt Kommersiya Məhkəməsinə müraciət edərək (həmin məktub 03 aprel 2024-cü il tarixdə məhkəməyə daxil olmuşdur) işin aidiyyəti üzrə Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməsi barədə qəbul edilmiş qərardaddan cavabdehlər Cavabdeh5 və Cavabdeh7 (Cavabdeh3 prosessual varislik qaydasında əvəz edən) nümayəndəsi tərəfindən verilmiş şikayətə baxılması üçün işin Quba Rayon Məhkəməsinə qaytarılması xahiş edilmişdir. Bununla əlaqədar Sumqayıt Kommersiya Məhkəməsinin 04 aprel 2024-cü il tarixli 2-2(119)-612/2024 nömrəli qərardadı ilə iş həmin məhkəməyə qaytarılmışdır. Quba Rayon Məhkəməsinin 22 aprel 2024-cü il tarixli 2(027)-816/2024 nömrəli qərardadı ilə cavabdehlər Cavabdeh5 və Cavabdeh7 nümayəndəsi tərəfindən verilmiş şikayət təmin edilməmiş şikayət işlə birlikdə Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 13 may 2024-cü il tarixli 2(102)-2061/2024 nömrəli qərarı ilə sözügedən şikayət təmin edilməmiş və Quba Rayon Məhkəməsinin 11 mart 2024-cü il tarixli 2(027)-816/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır. İş Sumqayıt Kommersiya Məhkəməsinin icraatında olduğu dövrdə - 09 iyul 2024-cü il tarixində Cavabdeh4 həmin iş üzrə iddiaçı Quba bələdiyyəsinə qarşı “pulun tutulması” tələbi barədə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Quba bələdiyyəsinin iddiasının təmin edildiyi halda, sahibkarlıq məqsədilə 021 kv.metr torpaq sahəsinin onun tərəfindən alınması üçün 2014-cü ildə bələdiyyənin hesabına ödənilən 630 (altı yüz otuz) manat məbləğində pul vəsaitinin və 30 (otuz) manat məbləğində dövlət rüsumunun əvəzinin iddiaçıdan onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmiş, məhkəmənin 10 iyul 2024-cü il tarixli 2-2(119)-612/2024 nömrəli qərardadı ilə həmin qarşılıqlı iddia ərizəsinin icraata qəbulundan imtina edilmişdir. Cavabdehlər Cavabdeh7 və Cavabdeh5 nümayəndəsi 16 iyul 2024-cü il tarixində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə iddiaya etiraz ünvanlayaraq qeyd etmişdir ki, iddiaçının iddia ərizəsində göstərdiyi tələb qeyridəqiq və anlaşılmazdır. Belə ki, 3 dəfə hazırlıq iclası keçirilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclaslarında iştirak etmir və cavabdehlərin nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi ilə əlaqədar sualları iddiaçının nümayəndəsinə verə bilmir. Cavabdeh5 qarşı iddiaçının hansı tələbi irəli sürməsi aydın deyil, belə ki, iddia ərizəsində o cavabdeh kimi göstərilsə də, iddia tələbində Cavabdeh5 qarşı heç bir tələb irəli sürülmür. Cavabdehlərin nümayəndəsi bu baxımdan məhkəmənin onların fikri ilə razılaşmadığı təqdirdə, həmçinin iddia ərizəsinin baxılmamış saxlanılması barədə vəsatəti təmin edilmədiyi halda, iddianın rədd olunmasını xahiş edir. Cavabdehlər Cavabdeh7 və Cavabdeh5 nümayəndəsi, həmçinin 16 iyul 2024-cü il tarixində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə məhkəməyə vəsatətlə müraciət edərək, vəsatətdə Mülki Məcəllənin 373.2-ci və 375.2-ci maddələrinə istinad edərək iddia müddətini tətbiq etməklə iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Quba bələdiyyəsi 30 avqust 2024-cü il və 02 sentyabr 2024-cü il tarixlərində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə məhkəməyə ərizə ilə müraciət edərək işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iclaslarında iştirak edən Cavabdeh4 izahatlarında bildirdi ki, 2021-ci ilin əvvəllərində o, Quba şəhərində yerləşən ona məxsus olan ərazidə yerləşən obyektdəki anbarın giriş-çıxış hissəsində “Azercell” ilə razılaşdıraraq antenna quraşdırmaq istəmiş, lakin Cavabdeh3 həmin ərazinin onun mülkiyyətində olduğunu bildirmiş və etiraz etmişdir. O da bununla əlaqədar yuxarıda dövlət orqanlarına şikayətlə müraciət edərək bildirmişdir ki, Quba bələdiyyəsinin sədri Cavabdeh5 saxta inzibati aktla bacısının həyat yoldaşı olan Cavabdeh3 torpaq sahəsi satmışdır. Məsələnin araşdırılması üçün Xaçmaz regional ədliyyə idarəsinə tapşırıq verilmiş və məlum olmuşdur ki, həmin torpaq sahələri özbaşına qərar verilərək qeyri-qanuni yolla ona və Cavabdeh3 satılmışdır. Belə ki, Quba bələdiyyəsi tərəfindən Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamə”nin 22-ci bəndinin tələbləri pozularaq torpaq sahələrinin hərraca və ya müsabiqəyə çıxarılaraq satılması barədə qərar qəbul edilmədən torpaq sahələri onlara satılmışdır. Başqa sözlə, Quba bələdiyyəsinin keçmiş sədri Cavabdeh5 bələdiyyənin 15 üzvünün razılığını almadan özbaşına qərar verərək torpaq sahələrini hərracda satışa çıxarmışdır. Onun torpaq sahəsinin qanunsuz yolla ona satılmasından xəbəri olmamışdır. Əgər məhkəmənin yekun qərarı iddianın təmin edilməsi ilə bağlı olarsa, buna hər hansı etirazı yoxdur və torpaq sahəsini bələdiyyəyə geri qaytaracaqdır. Məhkəmə iclaslarında iştirak edən cavabdehlər Cavabdeh7 və Cavabdeh5 nümayəndəsi iddianı qəbul etməyərək izahatlarında bildirdi ki, iddia ərizəsində cavabdehlərə qarşı irəli sürülmüş tələblər ayrı-ayrı müstəqil tələblərdir, həmin tələblər bir iddia ərizəsinin tərkibində irəli sürülə bilməz. Həmçinin iddia ərizəsində Cavabdeh5 qarşı hansı tələblərin irəli sürüldüyü aydın deyildir. İddia ərizəsində irəli sürülmüş tələblərin dəqiqləşdirilməsi ilə əlaqədər iddiaçının nümayəndəsinin məhkəmə iclaslarında iştirak etməsi zəruridir, lakin iddiaçının nümayəndəsi məhkəmə iclaslarında iştirak etməmişdir. Quba bələdiyyəsi mübahisə predmeti olan bir massivdə yerləşən torpaq sahələri üçün çıxarışlar əldə etmişdir. Çıxarışlar alındıqdan sonra iclas keçirilmiş, bələdiyyə şurasının torpaq sahələrinin satılması ilə bağlı qərarı ilə birlikdə hərrac keçirilməsi üçün Əmlak Məsələləri Dövlət Xidməti Hərracların Təşkili Mərkəzinə göndərilmişdir. Bələdiyyənin müvafiq icra hakimiyyəti orqanından rəy almaması formal xarakter daşıyan texniki səhvdir, bələdiyyə tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti bələdiyyə daşıyır və belə səhvlər torpaq səhəsini alan vətəndaşın hesabına düzəldilə bilməz. Azərbaycan Respublikasının Konstitusiyanın 145-ci maddəsində qeyd edilmişdir ki, bələdiyyə müzakirə etdiyi hər bir məsələ ilə üzrə ayrıca qərar qəbul etməlidir. Həmin maddədə hər bir vətəndaşa torpaq satılarkən ayrıca qərar qəbul edilməsi ilə bağlı ifadə qeyd edilməmişdir. Bələdiyyə şurasının iclasına 1400 kvadratmetr torpaq sahəsinin müxtəlif şəxslərə satılması ilə bağlı məsələ çıxarılmış və bələdiyyə üzvlərinin səs çoxluğu ilə qərar qəbul edilmişdir. Bələdiyyə həmin qərardan sonra hər bir torpaq sahəsi üçün ayrıca çıxarış da ala bilər və ya torpaq sahələri bir yerdə yerləşərsə, ümumi çıxarış da ala bilər. Torpaq sahələrinin hərracda satışa çıxarılması üçün bələdiyyənin ayrıca qərarına ehtiyac yoxdur. Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamə”nin 22-ci bəndində hərrac və ya müsabiqənin keçirilməsi haqqında qərar qəbul edilməli olduğu barədə göstərilənlə bağlı qeyd edir ki, bələdiyyə torpaq sahəsi ilə bağlı çıxarış əldə etdikdən sonra rəy almaq üçün müvafiq orqanlara məktub ünvanlayır. Həmin Əsasnamədə bələdiyyə şurasının qərarından söhbət getmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 19 noyabr 2021-ci il tarixli Qərarında bələdiyyənin torpaq sahəsini satarkən müvafiq orqandan rəy almaması texniki səhv kimi qeyd edilmiş, həmçinin həmçinin bələdiyyənin, icra hakimiyyətinin təqsirinə görə vətəndaşın məsuliyyət daşımadığı qeyd edilmişdir. Yəni hazırkı mübahisə üzrə torpağın hərraca çıxarılması barədə bələdiyyənin qərarının olmaması da formal, texniki xarakter daşıyan bir haldır. Torpaq sahələrinin hərracda satışa çıxarılması ilə bağlı qərarın bələdiyyə üzvlərinin iştirakı olmadan qəbul edilməsi fundamental pozuntu hesab edilə bilməz. Nümayəndə göstərilənlərin və iddia müddətinin tətbiqi barədə ərizənin də nəzərə alınaraq iddianın rədd olunması ilə bağlı qətnamə qəbul edilməsini xahiş etdi. İş üzrə digər cavabdehlər məhkəmə baxış iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməmələrinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, məhkəməyə gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə iddiaçının nümayəndəsinin və həmin cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iddia ərizəsini, iddiaya etirazı və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. İş materialları: İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Xaçmaz regional ədliyyə idarəsindən Quba bələdiyyəsinə ünvanlanmış 31 mart 2022-ci il tarixli 04Q/104 nömrəli məktubundan görünür ki, vətəndaş (hazırkı iş üzrə cavabdeh) Cavabdeh4 torpaq mübahisəsi ilə bağlı müraciətinə Xaçmaz regional ədliyyə idarəsində baxılmış və müəyyən olunmuşdur ki, Quba bələdiyyəsinin 2012-2013-cü illər ərzində bələdiyyə sədri vəzifəsində işləmiş Cavabdeh5 tərəfindən “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanununun 16-cı maddəsinin tələblərinə zidd olaraq Quba şəhəri 223-cü Atıcı Diviziya küçəsində yerləşən bələdiyyənin yaşayış məntəqəsi torpaqlarına aid 0,03 ha və 0.009 ha torpaq sahələrinin sahibkarlıq məqsədilə satılması üçun üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınması proseduruna başlanması barədə hər bir torpaq sahəsi ilə bağlı ayrı-ayrılıqda gündəlik məsələ müzakirə olunmadan və hər bir məsələ ilə bağlı ayrıayrı qərarlar qəbul edilmədən, Quba bələdiyyəsinin xx.xx.2012-ci il tarixli, 9 nömrəli iclasının 3312 kv.m torpaq sahəsinin fərdi yaşayış evinin tikintisi və sahibkarlıq məqsədilə satılması barədə 2-ci qərarından çıxarış edilərək 0.03 ha və 0.009 ha torpaq sahələrinə bələdiyyənin mülkiyyət hüququna dair dövlət reyestrindən çıxarışlar almaqla hər iki torpaq sahəsinin hərrac və müsabiqəyə çıxarılması barədə qərarlar qəbul edilmədən, hərrac qaydasında bacısının həyat yoldaşı Cavabdeh3, o cümlədən həmin ərazidən sahibkarlıq məqsədilə 0,0021 ha torpaq sahəsi isə hərrac və müsabiqəyə çıxarılması barədə qərar qəbul edilmədən hərrac qaydasında şikayətçi A,Qurbanovun mülkiyyətinə satmışdır. Həmin məktubda daha sonra araşdırma zamanı Cavabdeh3 satılmış 0.03 ha və 0.009 ha torpaq sahələrinin hərrac və müsabiqəyə çıxarılması və satılması barədə, həmçinin şikayətçi Cavabdeh4 sahibkarlıq məqsədilə mülkiyyətinə satılmış 0,0021 ha torpaq sahələrinin hərrac və müsabiqəyə çıxarılması barədə Quba bələdiyyəsinin hər hansı iclasının keçirilmədiyi və hər hansı qərarı aşkar edilmədiyindən, həmin torpaq sahələrinə dair mülkiyyət sənədlərinin etibarsız hesab edilməsi və torpaq sahələrinin bələdiyyə mülkiyyətinə qaytarılması ilə bağlı müvafiq məhkəməyə müraciət edilməsi xahiş olunur. İş materiallarında olan Azərbaycan Respublikası Quba bələdiyyəsinin 30 may 2012-ci il tarixli iclas protokolunun 9/4 nömrəli qərarından çıxarışdan görünür ki, Quba bələdiyyəsinin alqı-satqı predmeti olan 300 kv.m və ya 0,03 h torpaq sahəsinin məqsədli təyinatı ərazinin yerquruluşu-təsərrüfat planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olduğundan və həmin yer başqa hüquqi və fiziki şəxsin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilmədiyindən, habelə elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağında və sürüşmə zonasında yerləşmədiyindən, həmin torpaq sahəsinin sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məqsədilə satılması ilə bağlı açıq müsabiqənin keçirilməsi üçün torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma proseduruna başlanılması qərara alınmışdır. İş materiallarında olan iddiaçı Quba bələdiyyəsi (müqaviləni bələdiyyə adından Cavabdeh5 bağlamışdır) ilə Cavabdeh3 arasında bağlanılmış xx.xx.2013-cü il tarixli ******* nömrəli alqı-satqı müqaviləsinin 1-ci bəndinə əsasən, satıcı Quba bələdiyyəsi AR ƏMDKYDƏDRX-nın Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli, RX ******* seriya nömrəli, ********** qeydiyyat nömrəli, **********20 reyestr nömrəli çıxarışa əsasən Quba şəhəri ünvanında yerləşən Quba bələdiyyəsinin mülkiyyətində olan 0,03 hektar torpaq sahəsini alıcı Cavabdeh3 mülkiyyətinə verir. İş materiallarında olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2013-cü il qeydiyyat tarixli, **********2 qeydiyyat nömrəli, **********36 reyestr nömrəli, ******* seriya nömrəli çıxarışa əsasən Quba şəhəri 223-cü Atıcı Diviziya küçəsində yerləşən 0,03 hektar torpaq sahəsi Cavabdeh3 mülkiyyətindədir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş ********* nömrəli şəhadətnaməyə əsasən, Cavabdeh3 0,03 ha torpaq sahəsinin mülkiyyətə verilməsi ilə bağlı 19 yanvar 2013-cü il tarixdə keçirilmiş açıq hərracın qalibi olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin rayon və ya şəhər Torpaq hərrac və müsabiqə Komissiyasının (Təşkilatçının) torpaq hərrac və ya müsabiqənin nəticələri barədə 19 yanvar 2013-cü il tarixli, 125 nömrəli protokoluna əsasən, hərraca çıxarılan torpaq sahəsinin ilkin qiyməti 1500 manat, hərrac addımı 150 manat olmaqla, hərrac keçirilmiş və torpaq sahəsi 9000 manat olmaqla ən yüksək qiyməti təklif etmiş Cavabdeh3 satılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Quba bələdiyyəsinin 30 may 2012-ci il tarixli iclas protokolunun 9/4 nömrəli qərarından çıxarışdan görünür ki, Quba bələdiyyəsinin alqı-satqı predmeti olan 90 kv.m və ya 0,009 h torpaq sahəsinin məqsədli təyinatı ərazinin yerquruluşu-təsərrüfat planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olduğundan və həmin yer başqa hüquqi və fiziki şəxsin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilmədiyindən, habelə elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağında və sürüşmə zonasında yerləşmədiyindən, həmin torpaq sahəsinin sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məqsədilə satılması ilə bağlı açıq müsabiqənin keçirilməsi üçün torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma proseduruna başlanılması qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin rayon və ya şəhər Torpaq hərrac və müsabiqə Komissiyasının (Təşkilatçının) torpaq hərrac və ya müsabiqənin nəticələri barədə 19 yanvar 2013-cü il tarixli, 126 nömrəli protokoluna əsasən, hərraca çıxarılan torpaq sahəsinin ilkin qiyməti 450 manat, hərrac addımı 45 manat olmaqla, hərrac keçirilmiş və torpaq sahəsi 270 manat olmaqla ən yüksək qiyməti təklif etmiş Cavabdeh3 satılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş ********* nömrəli şəhadətnaməyə əsasən, Cavabdeh3 0,009 ha torpaq sahəsinin mülkiyyətə verilməsi ilə bağlı 19 yanvar 2013-cü il tarixdə keçirilmiş açıq hərracın qalibi olmuşdur. İş materiallarında olan iddiaçı Quba bələdiyyəsi (müqaviləni bələdiyyə adından Cavabdeh5 bağlamışdır) ilə Cavabdeh4 arasında bağlanılmış xx.xx.2014-cü il tarixli ******* nömrəli alqı-satqı müqaviləsinin 1-ci bəndinə əsasən, satıcı Quba bələdiyyəsi AR ƏMDKYDƏDRX-nın Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli, RX ******* seriya nömrəli, ********** qeydiyyat nömrəli, **********20 reyestr nömrəli çıxarışa əsasən Quba şəhəri ünvanında yerləşən Quba bələdiyyəsinin mülkiyyətində olan 0,0021 hektar torpaq sahəsini alıcı Cavabdeh4 mülkiyyətinə verir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin rayon və ya şəhər Torpaq hərrac və müsabiqə Komissiyasının (Təşkilatçının) torpaq hərrac və ya müsabiqənin nəticələri barədə 18 fevral 2013-cü il tarixli 261 nömrəli protokoluna əsasən, hərraca çıxarılan torpaq sahəsinin ilkin qiyməti 105 manat, hərrac addımı 10 manat olmaqla, hərrac keçirilmiş və torpaq sahəsi 630 manat olmaqla ən yüksək qiyməti təklif etmiş Cavabdeh4 satılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş ********* nömrəli şəhadətnaməyə əsasən, Cavabdeh4 18 fevral 2014-cü il tarixdə keçirilmiş açıq hərracın qalibi olmuş və Quba şəhərində yerləşən Quba bələdiyyəsinə məxsus 0,0021 hektar torpaq sahəsi 630 manata onun mülkiyyətinə verilmişdir. İş materiallarında olan Quba bələdiyyəsinin 11 aprel 2022-ci il tarixli, 04 nömrəli iclas protokolundan çıxarışla müəyyən olunur ki, xx.xx.2014-cü il tarixdə Cavabdeh3 satılmış 0.03 ha və 0.009 ha torpaq sahələrinin hərrac və müsabiqəyə çıxarılması və satılması barədə Quba Bələdiyyəsində hər hansı iclasın keçirilmədiyi və hər hansı bir qərarın aşkar edilmədiyindən həmin torpaq sahələrinə dair mülkiyyət sənədlərinin etibarsız hesab edilməsi və torpaq sahələrinin bələdiyyə mülkiyyətinə qaytarılması ilə bağlı və xx.xx.2014cü il tarixdə Cavabdeh4 sahibkarlıq məqsədilə mülkiyyətinə satılmış 0.0021 ha torpaq sahəsinin hərrac və müsabiqə barədə Quba bələdiyyəsində hər hansı iclasının keçirilmədiyi və hər hansı bir qərarın aşkar edilmədiyindən həmin torpaq sahələrinə dair mülkiyyət sənədlərinin etibarsız hesab edilməsi və torpaq sahələrinin bələdiyyə mülkiyyətinə qaytarılması ilə bağlı müvafiq məhkəməyə müraciət edilməsi qərara alınmışdır. İş materiallarında olan Sumqayıt İnzibati Məhkəməsinin 25 noyabr 2022-ci il tarixli, 2- 1(118)-3681/2022 nömrəli qərardadına əsasən iddiaçı Quba bələdiyyəsinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı vermiş olduğu iddia mümkün sayılmamışdır. İş materiallarında olan 24 fevral 2023-cü il tarixli ölüm haqqında şəhadətnamə ilə müəyyən edilir ki, Cavabdeh3 17 fevral 2023-cü il tarixində vəfat etmişdir. İş materiallarında olan 13 iyun 2023-cü il tarixli qanun üzrə vərəsəlik haqqında şəhadətnaməyə əsasən müəyyən olunur ki, Cavabdeh3 vərəsəsi oğlu Cavabdeh7 miras əmlakdan tam hissədə pay almalıdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinin 2-ci hissəsinə əsasən, mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinin birinci cümləsinə əsasən, heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Konstitusiyasının 143-cü maddəsinin 1-ci hissəsinə əsasən, bələdiyyə öz fəaliyyətini iclaslar, daimi və başqa komissiyalar vasitəsi ilə həyata keçirir. Azərbaycan Respublikasının Konstitusiyasının 144-cü maddəsinin 6-cı hissəsinə əsasən, bələdiyyə mülkiyyətinə sahiblik, ondan istifadə və onun barəsində sərəncam bələdiyyələrin iclaslarında həll edilir. Azərbaycan Respublikasının Konstitusiyasının 145-ci maddəsinin 1-ci və 2-ci hissələrinə əsasən, bələdiyyənin iclaslarında baxılan məsələlərə dair qərarlar qəbul edilir. Bələdiyyənin qərarları bələdiyyə üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir. Azərbaycan Respublikasının Konstitusiyasının 146-cı maddəsinin 3-cü hissəsinə əsasən, dövlət bələdiyyələrin fəaliyyətinə nəzarət edir. Azərbaycan Respublikasının Konstitusiyasının 147-ci maddəsinin 1-ci və 2-ci hissələrinə əsasən, Azərbaycan Respublikasının Konstitusiyası Azərbaycan Respublikasında ən yüksək hüquqi qüvvəyə malikdir. Azərbaycan Respublikasının Konstitusiyası birbaşa hüquqi qüvvəyə malikdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən. mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 156.1-ci maddəsinə əsasən, bələdiyyələrə mülkiyyət hüququ ilə mənsub olan əmlak onların mülkiyyətidir. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən, əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin Məcəllənin 354.2-ci maddəsinə əsasən. bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 377.1-ci maddəsinə əsasən, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Həmin Məcəllənin 384.0.4-cü maddəsinə əsasən, mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələbləri, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə iddia müddəti tətbiq edilmir. Həmin Məcəllənin 416.2-ci maddəsinə əsasən, hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 8-ci maddəsinin 2-ci abzasına əsasən, qanunvericiliklə müəyyən olunmuş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və həmin torpaqlar barədə sərəncam verilməsi torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində həyata keçirdiyi səlahiyyətlərinə daxildir. Həmin Məcəllənin 47-ci maddəsinin 6-cı hissəsinə əsasən, bələdiyyə mülkiyyətində olan torpaqlar bu Məcəllə ilə, bələdiyyələr haqqında qanunlarla və digər normativ-hüquqi aktlarla müəyyən edilmiş qaydada mülkiyyətə, istifadəyə və icarəyə verilə bilər. Həmin Məcəllənin 109-cu maddəsinə əsasən, torpaq istifadəçiləri və icarəçiləri tərəfindən özgənin mülkiyyətində olan torpağın alınıb-satılması, bağışlanması, torpaq sahələrinin özbaşına dəyişdirilməsi barədə bağlanılan əqdlər, habelə torpaq mülkiyyətçilərinin bu Məcəllədə nəzərdə tutulmuş qaydaları pozmaqla bağladıqları əqdlər etibarsız hesab edilir. “Torpaq bazarı haqqında” Azərbaycan Respublikasının 07 may 1999-cu il tarixli Qanununun 8-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında torpaq üzərində mülkiyyət, istifadə və icarə hüquqları mülkiyyətçilərin və ya onların vəkil etdiyi orqanların qərarı (şəxslərin razılığı) ilə bilavasitə, torpaq hərracları və müsabiqələri vasitəsi ilə alınıb satıla bilər. Bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsi ilə müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi, “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq bərpa olunan enerji mənbələri ərazisinin əhatə etdiyi torpaq sahəsinin dövlət mülkiyyətinə və ya icarəsinə, elektrik enerjisi istehsalçısının icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının 02 iyul 1999-cu il tarixli Qanununun 16-cı maddəsinin 1-ci hissəsinə əsasən, bələdiyyənin iclasları ayda bir dəfədən az olmayaraq bələdiyyənin sədri tərəfindən çağırılır. Bələdiyyə üzvləri iclas gününə azı 5 gün qalmış xəbərdar edilməlidirlər. Bələdiyyənin iclası bələdiyyə üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir. Həmin Qanunun 16-cı maddəsinin 6-cı hissəsində qeyd edilir ki, bələdiyyənin bütün iclasları protokollaşdırılır. Protokol iclasın sədri və katibi tərəfindən imzalanır və bələdiyyənin möhürü ilə təsdiqlənir. İclasın protokolunda onun nömrəsi (hər ilin əvvəlində nömrələr yenilənməlidir), iclasın keçirildiyi yer, tarix, iclasda iştirak edən və etməyən bələdiyyə üzvlərinə və dəvət olunan şəxslərə dair məlumat, iclasın sədri, katibi, iclasın gündəliyi, gündəliyin təsdiqi üçün keçirilən səsvermənin nəticəsi, məruzəçilərin adları, soyadları, məruzənin qısa məzmunu, çıxışların qısa məzmunu, müzakirə olunmuş məsələlərə dair qəbul edilmiş qərar, habelə bununla bağlı keçirilən səsvermənin nəticəsi göstərilməlidir. Protokol təsdiqlənənədək bələdiyyə üzvünün onun mətni ilə tanış olmaq və öz yazılı qeydlərini bildirmək hüququ vardır. Bələdiyyənin iclas protokolu müvafiq kitabda qeydiyyata alınır, həmin kitab üzrə verilən nömrə protokolun nömrəsi hesab olunur. Həmin Qanunun 48-ci maddəsinin 1-ci hissəsinə əsasən, Azərbaycan Respublikası Konstitusiyasının 145-ci maddəsinə uyğun olaraq, bələdiyyənin qərarları bələdiyyə üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir. Bələdiyyələr qərar qəbul etdiyi andan 5 iş günündən gec olmayaraq onun surətini bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana göndərməlidirlər. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının 29 iyun 2001-ci il tarixli Qanununun 6.2-ci maddəsinə əsasən, bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Həmin Qanunun 6.5-ci maddəsinə əsasən, torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. Azərbaycan Respublikasının 15 mart 2002-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamə”nin “Torpaq sahəsinin ayrılmasına dair müraciətə baxılması qaydası” adlanan 3-cü hissəsinin 16-cı bəndində qeyd edilir ki, ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı həmin ərazinin yerquruluşutəsərrüfat planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olarsa və həmin yer başqa hüquqi və fiziki şəxsin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilməmişdirsə, habelə elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağında və sürüşmə zonasında yerləşməmişdirsə, bələdiyyə hərrac və ya müsabiqənin keçirilməsi məqsədilə torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma proseduruna başlanmasının və ya bu Əsasnamənin 10-cu bəndində nəzərdə tutulmuş hallarda müraciət edən hüquqi və fiziki şəxsə torpaq sahəsinin ayrılmasının məqsədəuyğunluğu barədə qərar qəbul edir. Həmin Əsasnamənin “Torpaqayırma sənədlərinin hazirlanması və rəsmiləşdirilməsi” adlanan 4-cü hissəsinin 22-ci bəndinə əsasən, bələdiyyə hərraca və ya müsabiqəyə çıxarılan torpaq sahəsi üzərində onun mülkiyyət hüququ qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındıqdan sonra hərrac və ya müsabiqənin keçirilməsi barədə qərar qəbul edərək, həmin qərarın bir nüsxəsini daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, daşınmaz əmlakın kadastr xəritəsindən çıxarış və qeydiyyata alınmış hüquqların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayış ilə birlikdə hərracı (müsabiqəni) təşkil etmək üçün müvafiq icra hakimiyyəti orqanına göndərir. Məhkəmənin mövqeyi: Yuxarıda təsvir olunanlara əsasən müəyyən edilir ki, Cavabdeh4 müraciəti əsasında Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Xaçmaz regional ədliyyə idarəsi tərəfindən araşdırma aparılmış və araşdırmanın nəticəsinə dair 31 mart 2022-ci il tarixli 04Q/104 nömrəli məktubla iddiaçı Quba bələdiyyəsinə müraciət edilərək qeyd edilmişdir ki, Quba bələdiyyəsinin 2012-2013-cü illər ərzində sədri vəzifəsində işləmiş Cavabdeh5 tərəfindən həmin bələdiyyənin mülkiyyətində olan 0,03 ha, 0,009 ha və 0,0021 ha torpaq sahələri hazırkı iş üzrə digər cavabdehlər Cavabdeh3 (prosessual hüquq varisliyi qaydasında hazırda onun oğlu Cavabdeh7) və Cavabdeh4 satılarkən bir sıra qanun pozuntularına yol verilmişdir (həmin məktub iş materiallarındadır və məzmununa qətnamənin təsviri hissəsində istinad edilmişdir). Məktubda, həmçinin həmin torpaq sahələrinə dair mülkiyyət sənədlərinin etibarsız hesab edilməsi və torpaq sahələrinin bələdiyyə mülkiyyətinə qaytarılması ilə bağlı müvafiq məhkəməyə müraciət edilməsi xahiş edilmişdir. Bundan sonra, Quba bələdiyyəsi 0,03 ha və 0,009 ha torpaq sahələrinin Cavabdeh3, 0,0021 ha torpaq sahəsinin isə Cavabdeh4 satılması ilə əlaqədar hərrac və müsabiqənin nəticələrinə dair müvafiq iclas protokollarının və alqı-satqı müqavilələrinin etibarsız sayılması, onlarla bağlı verilmiş çıxarışların ləğv edilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, iddianın əsaslılığının müəyyənləşdirilməsi baxımından bələdiyyələrin mülkiyyətində olan torpaq sahələrinin özgəninkiləşdirilməsi qaydalarını tənzimləyən müvafiq qanunvericilik normaları nəzərdən keçirilməlidir. Məlumdur ki, Azərbaycan Respublikasının Konstitusiyası Azərbaycan Respublikasında ən yüksək hüquqi qüvvəyə malik olmaqla yanaşı, onun normaları birbaşa hüquqi qüvvəyə malikdir (Konstitusiyanın 147-ci maddəsinin 1-ci və 2-ci hissələri). Azərbaycan Respublikasının Konstitusiyasının 143-cü maddəsinin 1-ci hissəsi, 144cü maddəsinin 6-cı hissəsi və 145-ci maddəsinin 1-ci və 2-ci hissələri birbaşa təsbit edir ki, bələdiyyə öz fəaliyyətini iclaslar, daimi və başqa komissiyalar vasitəsilə həyata keçirir. Bələdiyyə mülkiyyətinə sahiblik, ondan istifadə və onun barəsində sərəncam bələdiyyələrin iclaslarında həll edilir və bələdiyyənin iclaslarında baxılan məsələlərə dair qərarlar qəbul edilir. Bələdiyyənin qərarları bələdiyyə üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir. “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 16-cı maddəsində isə bələdiyyə iclaslarının çağrılma qaydası, iclasın səlahiyyətli sayılması şərtləri, iclasların protokollaşdırılması tələbi, protokolda qeyd edilməsi zəruri olan məlumatlar (müzakirə olunmuş məsələlərə dair çıxışlar, səsvermənin nəticəsi və qəbul edilmiş qərar) və bələdiyyə üzvünün həmin protokolla tanış olmaq və öz yazılı qeydlərini bildirmək hüququ əks edilir. Həmin Qanunun 48-ci maddəsində isə birbaşa Azərbaycan Respublikası Konstitusiyasının 145-ci maddəsinə istinad edilərək qeyd edilir ki, bələdiyyələr qərar qəbul etdiyi andan 5 iş günündən gec olmayaraq onun surətini bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana göndərməlidirlər. Deməli, Azərbaycan Respublikasının Konstitusiyasının istinad edilən müddəalarından aydın olur ki, bələdiyyənin mülkiyyətində olan əmlaklar barəsində sərəncam verilməsi məsələsi bələdiyyələrin iclaslarında həll edilməli və iclasda baxılan məsələlərə dair qərarlar qəbul edilməlidir. Bu onunla əlaqədardır ki, bələdiyyə seçkili kollegial orqan olmaqla yerli özünidarəni həyata keçirir. Yerli özünüidarə isə müvafiq ərazidə yaşayan əhali qrupunun mənafeləri nəzərə alınmaqla həyata keçirilməli olan fəaliyyətdir. Başqa sözlə, bələdiyyənin mülkiyyətində olan əmlak barəsində sərəncam verilməsi ilə bağlı məsələnin bələdiyyə iclasında həll edilməsi ilə bağlı qanunvericiliyin imperativ yanaşması ona yönəlir ki, müvafiq yerin əhalisi tərəfindən seçki yolu ilə formalaşdırılan və müəyyən sayda üzvlərdən ibarət olan bələdiyyənin mülkiyyətində olan əmlak barədə sərəncam verilərkən tək bir şəxsin, yəni bələdiyyənin hər hansı bir vəzifəli şəxsinin deyil, bütün bələdiyyə üzvlərinin bu məsələylə bağlı mənfi və ya müsbət rəyləri nəzərə alınaraq keçirilən səsvermənin nəticələrinə uyğun qərar qəbul edilsin və bununla da həmin yerin əhalisinin hüquq və mənafelərinin nəzərə alınmasına nail olunsun. Qüvvədə olan torpaq qanunvericiliyi müəyyən edir ki, xüsusi subyektlərlə bağlı bəzi hallar istisna olmaqla, bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər (Torpaq Məcəlləsinin 56-cı maddəsinin 2-ci hissəsi, “Torpaq bazarı haqqında” Azərbaycan Respublikasının Qanununun 8-ci maddəsi). Torpaq sahəsinin hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi üçün hərracın (müsabiqənin) keçirilməsi üçün bələdiyyənin qərar qəbul etməli olduğu barədə imperativ qayda “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 6.5-ci maddəsində nəzərdə tutulur. Həmin maddəyə əsasən, bu cür qərar sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. Bundan başqa, Azərbaycan Respublikasının 15 mart 2002-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamə”nin normalarının təhlili belə nəticəyə gəlməyə əsas verir ki, bələdiyyə hərrac və ya müsabiqənin keçirilməsi məqsədilə - torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma proseduruna başlanmasının və ya bu Əsasnamənin 10-cu bəndində nəzərdə tutulmuş hallarda müraciət edən hüquqi və fiziki şəxsə torpaq sahəsinin ayrılmasının məqsədəuyğunluğu barədə qərar qəbul etməlidir (Əsasnamənin 16-cı bəndi); - bələdiyyə hərraca və ya müsabiqəyə çıxarılan torpaq sahəsi üzərində onun mülkiyyət hüququ qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındıqdan sonra hərrac və ya müsabiqənin keçirilməsi barədə qərar qəbul edərək, həmin qərarın bir nüsxəsini daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, daşınmaz əmlakın kadastr xəritəsindən çıxarış və qeydiyyata alınmış hüquqların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayış ilə birlikdə hərracı (müsabiqəni) təşkil etmək üçün müvafiq icra hakimiyyəti orqanına göndərməlidir (Əsasnamənin 22-ci bəndi). Göründüyü kimi, istinad edilən Əsasnamə hərrac və ya müsabiqənin keçirilməsinə qədər bələdiyyənin yerinə yetirilməli olduğu iki müstəqil hüquqi mərhələ təsbit edir: əvvəlcə torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma proseduruna başlanılması barədə qərar qəbul edilməli, sonra isə bələdiyyənin torpaq sahəsinin üzərində mülkiyyət hüququ qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındıqdan sonra isə hərrac və ya müsabiqənin keçirilməsi barədə qərar qəbul edilməlidir. İş materialları ilə müəyyən edilir ki, Quba bələdiyyəsi tərəfindən mülkiyyətində olan torpaq sahələri barədə bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma proseduruna başlanması barədə qərarlar qəbul edilsə də, istinad edilən Əsasnamənin 22-ci bəndinin tələblərinə zidd olaraq hər bir torpaq sahəsinə dair ayrıca hərrac və ya müsabiqənin keçirilməsi barədə qərar qəbul edilmədən torpaq sahələri hərraca çıxarılmış və cavabdehlər Cavabdeh3 (vəfat etmiş) və Cavabdeh4 həmin torpaq sahələrini satın almışlar. Belə bir qərarın qəbul edilməməsi həm də ona gətirib çıxarmışdır ki, kollegial qaydada fəaliyyət göstərən bələdiyyə orqanında həmin torpaq sahələrinin hərraca çıxarılması məsələsi bələdiyyə üzvləri ilə müzakirə edilməmiş, bu barədə iclas keçirilməmiş, yerli əhali tərəfindən seçilmiş və yerli səviyyədə onların maraq və manafelərinin təmsilçisi hesab edilən bələdiyyə üzvlərinin məsələ ilə bağlı rəyi öyrənilməmişdir. Bütün bunlar isə istinad edilən normativ-hüquqi aktların - Azərbaycan Respublikasının Konstitusiyasının 143-cü maddəsinin 1-ci hissəsi, 144-cü maddəsinin 6-cı hissəsi və 145-ci maddəsinin 1-ci və 2-ci hissələrinin, “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 16-cı maddəsinin, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 6.5-ci maddəsinin və Azərbaycan Respublikasının 15 mart 2002-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamə”nin 22-ci bəndinin tələblərinin pozulmasına səbəb olmuşdur. Məhz bu pozuntularla əlaqədar Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Xaçmaz regional ədliyyə idarəsi Quba bələdiyyəsinə yuxarıda istinad edilən 31 mart 2022ci il tarixli 04Q/104 nömrəli məktubla müraciət etmişdir. Məhkəmə iclasında verdiyi izahatlarda Cavabdeh4 Quba bələdiyyəsinin sədri vəzifəsində işləmiş və hazırkı iş üzrə digər cavabdeh olan Cavabdeh5 tərəfindən bələdiyyənin 15 nəfər üzvünün razılıqları olmadan torpaq sahələrini birbaşa hərracda satışa çıxarmasından, onun özünün torpaq sahəsinin qanunsuz yolla ona satılmasından xəbərinin olmadığını qeyd etmiş və məhkəmənin yekun qərarı iddianın təmin edilməsi ilə bağlı olarsa, ona satılmış torpaq sahəsinin bələdiyyə mülkiyyətinə qaytarılmasına etirazının olmadığını bildirmişdir. Cavabdehlər Cavabdeh7 və Cavabdeh5 nümayəndəsi isə izahatında torpaq sahələrinin hərracda satışa çıxarılması üçün bələdiyyənin ayrıca qərarına ehtiyac olmadığını, bunun formal, texniki xarakter daşıyan bir hal olduğunu və torpaq sahələrinin hərracda satışa çıxarılması ilə bağlı qərarın bələdiyyə üzvlərinin iştirakı olmadan qəbul edilməsinin fundamental pozuntu hesab edilmədiyini qeyd etmişdir. Məhkəmə nümayəndənin qeyd etdiyi bu dəlillərlə razılaşmır. İlk növbədə, ona görə ki, yuxarıda istinad edilmiş qanunvericilik aktlarında belə bir qərarın qəbul edilməli olduğu birbaşa və imperativ qaydada təsbit edilmişdir. Digər tərəfdən, bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma proseduruna başlanması barədə qərarlar qəbul edilməsi onun əmlakının özgəninkiləşdirilməsi anlamına gəlmir, bu prosedurla bələdiyyə, sadəcə olaraq özünün mülkiyyətində olan torpaq sahələrini daşınmaz əmlakın dövlət reyestrində qeydə aldırır. Lakin bundan fərqli olaraq torpaq sahələrinin hərracda satışa çıxarılması üçün qərar qəbul edilməsi artıq onun əmlakının bilavasitə özgəninkiləşdirilməsinə yönəlmiş fəaliyyətdir və hazırkı işdə bələdiyyə məhz belə bir qərarı qəbul etməmişdir. Üçüncü bir tərəfdən, nəzərə alınmalıdır ki, yerli özünidarəetmə orqanı olan bələdiyyə müvafiq ərazinin əhalisi tərəfindən seçki yolu formalaşdırılır və həmin yerin əhalisinin maraqlarını nəzərə almaqla fəaliyyət göstərməli olan ictimai təşkilatdır. Bununla əlaqədar bələdiyyənin mülkiyyətində olan əmlaka dair sərəncam verilməsi ilə bağlı məsələ “ictimai əsaslı”dır, cəmiyyətin, yəni həmin yerin əhalisinin maraq və manefələri ilə birbaşa bağlı olan məsələdir. Bu mənada “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiya”nın 1 saylı Protokolunun “Mülkiyyətin müdafiəsi” adlanan 1-ci maddəsində də “Heç kəs ... öz mülkiyyətindən məhrum edilə bilməz” qaydası təsbit edilərkən “cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla” şərti nəzərdə tutulmuşdur. Bu qeyd edilənlər fonunda məhkəmə hesab edir ki, nümayəndənin torpaq sahələrinin hərracda satışa çıxarılması ilə bağlı qərarın bələdiyyə üzvlərinin iştirakı olmadan qəbul edilməsinin fundamental pozuntu hesab edilməməsi barədə dəlili əsaslı hesab edilə bilməz. Cavabdehlər Cavabdeh7 və Cavabdeh5 nümayəndəsi öz dəlillərini, həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 19 noyabr 2021-ci il tarixli qərarında qeyd edilən hüquqi mövqelərlə əsaslandırmış və bildirmişdir ki, həmin qərarda bələdiyyənin torpağı satarkən müvafiq orqandan rəy almaması texniki səhv kimi qeyd edilmiş, həmçinin bələdiyyənin, icra hakimiyyətinin təqsirinə görə vətəndaşın məsuliyyət daşımadığı göstərilmişdir. Bu halla bağlı məhkəmə, ilk növbədə qeyd etməyi vacib hesab edir ki, Konstitusiya Məhkəməsi Plenumunun icraatında olmuş həmin işə məhkəmələr inzibati məhkəmə icraatı çərçivəsində baxmış, Konstitusiya Məhkəməsinin Plenumu da inzibati və inzibatiprosessual qanunvericiliyin norma və prinsiplərini nəzərə alaraq müvafiq qiymətləndirmə aparmışdır və buna görə də həmin işin hazırkı kommersiya işi ilə müqayisə edilməsi nəzəri və praktiki baxımdan doğru olmayan nəticələrə gəlməyə səbəb ola bilər. Ən əsası isə, həmin Qərarda söhbət bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılması ilə bağlı torpaq sahəsinin xüsusiyyətinə və ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyinin alınmamasının yekun inzibati aktın hüquqi qüvvəsinə təsirinin olmamasından gedir. Hazırkı işdə isə mübahisə predmeti belə rəylərin olmaması deyil, bilavasitə bələdiyyə iclası keçirilməklə müzakirə edilərək səsverməylə qəbul edilməsi zəruri olan bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hərracda satışa çıxarılması barədə qərarların mövcud olmamasıdır. Cavabdehlər Cavabdeh7 və Cavabdeh5 nümayəndəsi, həmçinin iddia müddətinin tətbiq edilməsi barədə ərizənin də nəzərə alınaraq iddianın rədd edilməsini xahiş etmişdir. Məlum olduğu kimi, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır (Mülki Məcəllənin 377.1-ci maddəsi). Həmçinin, Mülki Məcəllənin 384.0.4-cü maddəsinə əsasən, mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələblərinə (özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə) iddia müddəti tətbiq edilmir. İş materialları ilə müəyyən edilir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Xaçmaz regional ədliyyə idarəsi tərəfindən iddiaçıya 31 mart 2022-ci il tarixində məktubla müraciət edilərək bələdiyyənin mülkiyyətində olan sözügedən torpaq sahələrinin satılması zamanı qanun pozuntularına yol verilməsinin aşkar edildiyi barədə məlumat verilmiş və həmin torpaq sahələrinə dair mülkiyyət sənədlərinin etibarsız hesab edilməsi və torpaq sahələrinin bələdiyyə mülkiyyətinə qaytarılması ilə bağlı müvafiq məhkəməyə müraciət edilməsi xahiş edilmişdir. İddiaçı Quba bələdiyyəsi də hazırkı iddia ilə 21 aprel 2022-ci il tarixində Quba Rayon Məhkəməsinə müraciət etmişdir. Quba Rayon Məhkəməsinin 27 iyul 2022-ci il tarixli qərardadı ilə işin icraatına xitam verilmiş, daha sonra məhkəmə 12 fevral 2024-cü il tarixli qərardadı ilə 27 iyul 2022-ci il tarixli əvvəlki qərardadını ləğv etmiş və işə baxmış, daha sonra isə 11 mart 2024-cü il tarixli qərardadı ilə işin baxılması üçün aidiyyəti üzrə Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Yəni torpağa dair alqı-satqı müqavilələri 2013-cü və 2014-cü illərdə bağlanılsa da, həmin torpaq sahələri satılarkən qanun pozuntularına yol verilməsi halı iddiaçıya 2022-ci ildə məlum olmuş (Xaçmaz regional ədliyyə idarəsi tərəfindən iddiaçıya ünvanladığı 31 mart 2022-ci il tarixli məktub), iddiaçı da 21 aprel 2022-ci il tarixində Quba Rayon Məhkəməsinə müraciət etməklə cavabdehin nümayəndəsinin ərizəsində istinad etdiyi iddia müddətini ötürməmişdir. Digər tərəfdən o da nəzərə alınmalıdır ki, mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələblərinə (özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə) iddia müddəti tətbiq edilmir. İddiaçı Quba bələdiyyəsi sözügedən torpaq sahələrinin əvvəlki mülkiyyətçisi kimi, torpaq sahələrinin indiki mülkiyyətçiləri ilə yanaşı, həmçinin həmin əqdləri bağlamış bələdiyyənin keçmiş sədri Cavabdeh5 qarşı da iddia qaldırmaqla mülkiyyətçi rolundan çıxış etmiş olur və bu halda onun mülkiyyət hüququnun pozulmasının aradan qaldırılması haqqında tələblərinə iddia müddəti tətbiq edilə bilməz. Bu hissədə məhkəmə həm də onu əlavə etməyi zəruri hesab edir ki, iddiaçı Quba bələdiyyəsinin keçmiş sədri olmuş Cavabdeh5 mübahisələndirilən alqı-satqı müqavilələrini bələdiyyənin adından bilavasitə özü bağladığından (imzaladığından) həmin alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi tələbinin də olduğu iddia ərizəsində cavabdehlərdən biri kimi göstərilmişdir. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri ümumiləşdirərək, istinad olunan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək hesab edir ki, iddia təmin edilməli, Quba şəhəri 223-cü Atıcı Diviziya küçəsində yerləşən 0,03 ha torpaq sahəsinin satılması ilə bağlı Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin rayon və ya şəhər torpaq hərrac və müsabiqə komissiyasının torpaq hərrac və ya müsabiqəsinin nəticələri barədə 19 yanvar 2013-cü il tarixli 125 nömrəli iclas protokolu, həmin torpaq sahəsinin satılması ilə bağlı Quba bələdiyyəsi ilə Cavabdeh3 arasında bağlanmış 19 fevral 2013-cü il tarixli AN-İ ******* nömrəli alqı-satqı müqaviləsi etibarsız hesab edilməli, həmin alqı-satqı müqaviləsi əsasında Cavabdeh3 verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş RX seriyalı ******* nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2013-cü il tarixli, **********36 reyestr nömrəli çıxarış ləğv edilməli, Quba şəhər ərazisində yerləşən 0,009 ha torpaq sahəsinin satılması ilə bağlı Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin rayon və ya şəhər torpaq hərrac və müsabiqə komissiyasının torpaq hərrac və ya müsabiqəsinin nəticələri barədə 19 yanvar 2013-cü il tarixli 126 nömrəli iclas protokolu, həmin torpaq sahəsinin satılması ilə bağlı Quba bələdiyyəsi ilə Cavabdeh3 arasında bağlanmış 19 fevral 2013-cü il tarixli, AN-İ ******* nömrəli alqı-satqı müqaviləsi etibarsız hesab edilməli, həmin alqı-satqı müqaviləsi əsasında Cavabdeh3 Quba şəhərində yerləşən 0,009 ha torpaq sahəsinə dair verilmiş çıxarış ləğv edilməli, Quba şəhər ərazisində yerləşən 0,0021 ha torpaq sahəsinin satılması ilə bağlı Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin rayon və ya şəhər torpaq hərrac və müsabiqə komissiyasının torpaq hərrac və ya müsabiqəsinin nəticələri barədə 18 fevral 2014-cü il tarixli 261 nömrəli iclas protokolu, həmin torpaq sahəsinin satılması barədə Quba bələdiyyəsi ilə Cavabdeh4 arasında bağlanmış 04 mart 2014-cü il tarixli AN-İ ******* nömrəli alqı-satqı müqaviləsi etibarsız hesab edilməli, həmin alqı-satqı müqaviləsi əsasında Cavabdeh4 Quba şəhərində yerləşən 0,0021 ha torpaq sahəsinə dair verilmiş çıxarış ləğv edilməli və göstərilən torpaq sahələri iddiaçı Quba bələdiyyəsinin mülkiyyətinə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia təmin edilsin. İddiaçı Quba bələdiyyəsinin mülkiyyətində olmuş Quba şəhəri 223-cü Atıcı Diviziya küçəsində yerləşən 0,03 ha torpaq sahəsinin satılması ilə bağlı Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin rayon və ya şəhər Torpaq hərrac və müsabiqə Komissiyasının torpaq hərrac və ya müsabiqəsinin nəticələri barədə 19 yanvar 2013-cü il tarixli 125 nömrəli iclas protokolu, həmin torpaq sahəsinin satılması barədə Quba bələdiyyəsi ilə Cavabdeh3 arasında bağlanmış 19 fevral 2013-cü il tarixli AN-İ ******* nömrəli alqı-satqı müqaviləsi etibarsız hesab edilsin, həmin alqı-satqı müqaviləsi əsasında Cavabdeh3 Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş RX seriyalı ******* nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2013-cü il tarixli, **********36 reyestr nömrəli çıxarış ləğv edilsin. Quba şəhər ərazisində yerləşən 0,009 ha torpaq sahəsinin satılması ilə bağlı Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin rayon və ya şəhər Torpaq hərrac və müsabiqə Komissiyasının torpaq hərrac və ya müsabiqəsinin nəticələri barədə 19 yanvar 2013-cü il tarixli 126 nömrəli iclas protokolu, həmin torpaq sahəsinin satılması barədə Quba bələdiyyəsi ilə Cavabdeh3 arasında bağlanmış 19 fevral 2013-cü il tarixli, AN-İ ******* nömrəli alqı-satqı müqaviləsi etibarsız hesab edilsin, həmin alqı-satqı müqaviləsi əsasında Cavabdeh3 Quba şəhərində yerləşən 0,009 ha torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarış ləğv edilsin. Quba şəhər ərazisində yerləşən 0,0021 ha torpaq sahəsinin satılması ilə bağlı Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin rayon və ya şəhər Torpaq hərrac və müsabiqə Komissiyasının torpaq hərrac və ya müsabiqəsinin nəticələri barədə 18 fevral 2014-cü il tarixli 261 nömrəli iclas protokolu, həmin torpaq sahəsinin satılması barədə Quba bələdiyyəsi ilə Cavabdeh4 arasında bağlanmış 04 mart 2014-cü il tarixli AN-İ ******* nömrəli alqı-satqı müqaviləsi etibarsız hesab edillsin, həmin alqı-satqı müqaviləsi əsasında Cavabdeh4 Quba şəhərində yerləşən 0,0021 ha torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarış ləğv edilsin və göstərilən torpaq sahələri iddiaçı Quba bələdiyyəsinin mülkiyyətinə qaytarılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fərman Həmidli
Məhkəmə qərarları › İş №2-2(119)-612/2024
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(119)-612/2024
20.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - torpaq üzrə - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə - Müqavilələrdən əmələ gələn
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver