Məhkəmə qərarları › İş №2-2(119)-777/2024

Sumqayıt Kommersiya Məhkəməsi Qərardad — İş №2-2(119)-777/2024

22.04.2024 · Torpaq mübahisələri - Digər - Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-2(119)-777/2024 22.04.2024 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlu, Siyəzən Rayon Məhkəməsindən aidiyyəti üzrə Sumqayıt Kommersiya Məhkəməsinə göndərilmiş İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı "torpaq sahəsini qanunsuz zəbt etməklə yaratdığı manenin cavabdehin hesabına aradan qaldırılması" tələbi barədə iddia ərizəsinə dair 2(059)-6/2024 nömrəli mülki işin materiallarına baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “torpaq sahəsini qanunsuz zəbt etməklə yaratdığı manenin cavabdehin hesabına aradan qaldırılması” tələbinə dair iddia ərizəsi ilə Siyəzən Rayon Məhkəməsinə müraciət edərək icarəsinə verilmiş Siyəzən şəhəri, Şəhriyar küçəsində yerləşən 0,01 ha torpaq sahəsinin bir hissəsində ona yaradılmış manenin cavabdehin hesabına aradan qaldırılması və 100 manat məbləğində dövlət rüsumunun əvəzinin sonuncudan iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırılmışdır ki, Siyəzən şəhəri, Şəhriyar küçəsində yerləşən 0,01 ha torpaq sahəsi Siyəzən bələdiyyəsinin 30 aprel 2014-cü il tarixli 5-6 nömrəli qərarı və aralarında bağladıqları torpaq icarəsi müqaviləsi əsasında 99 illiyə onun icarəsinə verilmiş, müəyyən səbəblərdən həmin ərazinin hasarlanması mümkün olmamış, sonradan ona məlum olmuşdur ki, cavabdeh təşkilatın nümayəndələri icarəsində olan həmin torpaq sahəsinin üzərindən yüksək gərginlikli elektrik hava xətti çəkmiş, elektrik xəttinin bir dayağını isə həmin torpaq sahəsinin daxilində basdırmışlar. Onun qonşuluğunda olan torpaq sahəsinin istifadəçisi tərəfindən (həmin torpaq sahəsində də analoji qaydada zəbt edilmə halı mövcuddur) cavabdehə müraciət edilərək elektrik dirəyinin torpaq sahəsindən götürülməsi xahiş edilmiş, lakin müraciət təmin edilmədiyindən məhkəməyə müraciət edilməsi zərurəti yaranmışdır. Siyəzən Rayon Məhkəməsinin 28 mart 2023-cü il tarixli qərardadı ilə sözügedən mülki iş baxılması üçün məhkəmə aidiyyəti üzrə Sumqayıt Kommersiya Məhkəməsinə göndərilmişdir. Siyəzən Rayon Məhkəməsi həmin qərardadını Azərbaycan Respublikası Əmlək Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsi tərəfindən iddiaçıya verilmiş torpaq sahəsinin plan və ölçüsü sənədində torpaq sahəsinin məqsədli istifadə növünün (uqodiyası, sair sahələr) sahibkarlıq kimi qeyd edilməsi, tərəflər arasında yaranmış mübahisənin iddiaçıya icarə hüququ əsasında verilmiş torpaq sahəsindən istifadəsinə cavabdeh tərəfindən yaradılmış manenin sonuncu tərəfindən aradan qaldırılmasından ibarət olmaqla özlüyündə mahiyyət etibarilə mübahisənin predmeti baxımından iqtisadi məzmunlu (xarakterli) sahibarlıq fəaliyyətininin həyata keçirilməsini ehtiva etməsi, iddiaçının fərdi sahibkar statusuna malik olmayan fiziki şəxs olsa da, cavabdehin bütün səhmlərinin dövlətə məxsus hüquqi şəxs olması, iddiaçının ictimai deyil, şəxsi və sahibkarlıq maraqlarından çıxış edərək cavabdeh qarşısında səmərəli hüquqi müdafiə vasitələrindən istifadə etməkdə olması, hazırkı tələblə ümumi məhkəməyə müraciət edərkən, əslində cavabdeh tərəfindən sahibkarlıq fəaliyyətinə edilən manenin aradan qaldırılmasına nail olmağa çalışması ilə əsaslandırmışdır. Məhkəmə 2(059)-6/2024 nömrəli mülki işin materiallarını nəzərdən keçirərək hesab edir ki, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “torpaq sahəsini qanunsuz zəbt etməklə yaratdığı manenin cavabdehin hesabına aradan qaldırılması” tələbi barədə iddia ərizəsinə kommersiya məhkəməsi qaydasında baxılması mübahisəli olduğundan, həmin mülki iş məhkəmə aidiyyətinin müəyyənləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilməlidir. Məhkəmə bu qənaətə aşağıdakı əsaslara görə gəlir: Mülki Prosessual Məcəllənin 1.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının məhkəmələrində mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının qaydası Azərbaycan Respublikasının Konstitusiyası, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanunu, bu Məcəllə, digər qanunlar, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə müəyyən edilir. Həmin Məcəllənin 1-ci maddəsinin “Qeyd” hissəsinə əsasən, bu Məcəllədə kommersiya mübahisələri dedikdə, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələr başa düşülür. Həmin Məcəllənin 24.2-ci maddəsinə əsasən, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Mülki Məcəllənin 13-cü maddəsinə əsasən, sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” 18 sentyabr 2020-ci il tarixli Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarının 10-cu bəndinin ikinci cümləsində qeyd edilir ki, MPM-in 24.2-ci maddəsinin qüvvədən düşmüş redaksiyasında tərəflərin subyekt tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakterindən ibarət sadalanan üç qiymətləndirici meyarın hər biri müstəqil şəkildə mübahisənin ümumi məhkəməyə və ya inzibati-iqtisadi məhkəməyə aidiyyətini müəyyən etməyə imkan verirdisə, yeni redaksiyada məhkəmə aidiyyətinin müəyyən edilməsində bu meyarların hər üçünün qarşılıqlı bağlılığı tələb olunur. Həmin qərarın 11-ci bəndinin ikinci cümləsində göstərilir ki, ... qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin qərarın 26-cı bəndində məhkəmələrin diqqətinə çatdırılmışdır ki, nəzərə alınmalıdır ki, fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslərin iştirakı ilə olan işlərin kommersiya məhkəməsində baxılması imkanını qanunvericilik iki halla məhdudlaşdırmışdır. Birinci hala, mübahisənin xarakterinin sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəldiyi (bu Qərarın 13-cü bəndi) kommersiya hüquqi şəxslərinin korporativ mübahisələrini, ikinci hal isə MPM-in 30-cu maddəsinin tələbləri baxımından onların iştirakı ilə olan mülki mübahisənin digər kommersiya mübahisəsi ilə birgə baxıldığı halı aid etmək olar. Yuxarıda istinad olunanları nəzərə alaraq məhkəmə aşağıdakı nəticələrə gəlir: İddiaçının hazırda vergi ödəyicisinin eyniləşdirmə nömrəsinə (VÖEN-ə) malik olubolmaması, yəni fərdi sahibkar kimi müvafiq vergi orqanında uçota alınıb-alınmaması bir daha yoxlanıldıqda, “Elektron məhkəmə” İnformasiya sistemindən, o cümlədən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsinin rəsmi portalından əldə edilən məlumatlarla müəyyən edilir ki, İddiaçı Siyəzən Rayon Məhkəməsinin 28 mart 2024-cü il tarixli qərardadında göstərildiyi kimi, vergi ödəyicisinin eyniləşdirmə nömrəsinə (VÖEN-ə) malik deyil, yəni o, fərdi sahibkar kimi müvafiq vergi orqanında uçota alınmamışdır. Məhkəmə hesab edir ki, iddiaçı fərdi sahibkar statusuna malik olmayan fiziki şəxs olduğundan mübahisənin ümumi və ya kommersiya məhkəməsinə aidiyyətini müəyyən etməyə imkan verən üç qiymətləndirici meyarın, yəni tərəflərin subyekt tərkibinin, mübahisənin predmetinin və hüquq münasibətlərinin xarakterinin qarşılıqlı bağlılığı yaranmır. Bu isə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun istinad edilən qərarının 10-cu bəndində göstərildiyi kimi, Mülki Prosessual Məcəllənin 24.2-ci maddəsinin qüvvədən düşmüş redaksiyasından fərqli olaraq, yeni redaksiyasında məhkəmə aidiyyətinin müəyyən edilməsində bu meyarların hər üçünün bağlılığının tələb edilməsi barədə qaydaya ziddir. Bundan əlavə, qeyd edilməlidir ki, qanunvericilik fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslərin iştirakı ilə olan işlərin kommersiya məhkəməsində baxılması imkanını tanıyır və bu halların siyahısı konkretdir: a) mübahisənin xarakterinin sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəldiyi kommersiya hüquqi şəxslərinin korporativ mübahisələri; b) Mülki Prosessual Məcəllənin 30-cu maddəsinin tələbləri baxımından fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslərin iştirakı ilə olan mülki mübahisənin digər kommersiya mübahisəsi ilə birgə baxılması halı. Göründüyü kimi, hazırkı iddiaçı fərdi sahibkar statusuna malik olmayan fiziki şəxs olsa da, qeyd edilən şərtlər ödənilmir: a) mübahisə korporativ mübahisə deyil; b) işdə birbiri ilə əlaqədar olan bir neçə tələbi birləşdirilməsi zamanı onlardan bir qisminin ümumi məhkəməyə, digərlərinin isə kommersiya məhkəməsinə aiddirsə, tələblərə kommersiya məhkəməsində baxılmalı olması halı mövcud deyil. Bundan əlavə, məhkəmə Siyəzən Rayon Məhkəməsinin qərardadında “mübahisənin özlüyündə mahiyyət etibarilə mübahisənin predmeti baxımından iqtisadi məzmunlu (xarakterli) sahibarlıq fəaliyyətininin həyata keçirilməsini ehtiva etməsi, iddiaçının hazırkı tələblə ümumi məhkəməyə müraciət edərkən, əslində cavabdeh tərəfindən sahibkarlıq fəaliyyətinə edilən manenin aradan qaldırılmasına nail olmağa çalışması” barədə göstərilənlərlə razılaşmır. Belə ki, iddia ərizəsindən və iş materiallarından görünür ki, iddiaçı Siyəzən şəhəri ərazisində yerləşən və sahəsi 0,01 ha olan həmin torpaq sahəsini Siyəzən bələdiyyəsinin 30 aprel 2014-cü il tarixli 5-6 nömrəli qərarı və həmin bələdiyyə ilə aralarında bağlanmış torpaq icarəsi müqaviləsi əsasında 99 il müddətinə icarəyə götürmüşdür. İddia ərizəsilə isə məhkəməyə 18 yanvar 2023-cü il tarixində müraciət edilmişdir. Yəni torpağın icarəyə götürülməsindən iddia ərizəsi verilənədək 9 ilə yaxın müddət keçməsinə baxmayaraq həmin torpaq sahəsindən istifadə edilməmiş, hətta iddiaçının 18 yanvar 2023-cü il tarixli iddia ərizəsində qeyd etdiyi kimi hasarlanma işləri belə aparılmamışdır. İddiaçının fərdi sahibkar statusuna malik olmayan fiziki şəxs olması da nəzərə alındıqda, həmin torpaq sahəsinin faktiki olaraq hansı məqsədlə - şəxsi istehlak məqsədləri ilə, yaxud sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi məqsədilə əldə etməsi sual yaradır. Digər tərəfdən nəzərə alınmalıdır ki, qanunvericiliyin tələbinə əsasən, şəxs əgər vergi uçotuna alınmadan (vergi ödəyicisinin eyniləşdirmə nömrəsi əldə etmədən) sahibkarlıq fəaliyyəti ilə məşğul olarsa, bu qanunsuz sahibkarlıq fəaliyyəti hesab edilir və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun istinad edilən Qərarının 27-ci bəndində göstərilir ki, fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslərin həyata keçirdiyi qanunsuz sahibkarlıq fəaliyyəti aidiyyəti üzrə inzibati və cinayət məsuliyyəti yaratdığından, habelə həmin fəaliyyətdən irəli gələn hüquq və qanuni mənafelərin müdafiəsinə dövlət təminat vermədiyindən bu fəaliyyətindən irəli gələn mübahisələrə onların sahibkarlıq xarakteri nəzərə alınmadan, ümumi məhkəmələrdə baxılmalıdır. Başqa sözlə, göründüyü kimi, Siyəzən Rayon Məhkəməsinin qərardadında göstərildiyi kimi, “iddiaçının hazırkı tələblə ümumi məhkəməyə müraciət edərkən, əslində cavabdeh tərəfindən sahibkarlıq fəaliyyətinə edilən manenin aradan qaldırılmasına nail olmağa çalışması” halı mövcud olsa belə, iddiaçı vergi ödəyicisi statusuna malik olmadığından onun “həyata keçirəcəyi” sahibkarlıq fəaliyyəti qanunsuz sahibkarlıq fəaliyyəti hesab ediləcək və bu fəaliyyət müvafiq qaydada inzibati və cinayət məsuliyyəti yaratdığından, bu fəaliyyətindən irəli gələn mübahisələrə onların sahibkarlıq xarakteri nəzərə alınmadan, ümumi məhkəmələrdə baxılacaqdır. Yuxarıda qeyd olunanlardan görünür ki, hazırkı mülki iş üzrə yaranmış mübahisənin kommersiya mübahisəsi kimi qəbul edilməsi, eyni zamanda həmin mübahisəyə ümumi məhkəmədə deyil, Sumqayıt Kommersiya Məhkəməsində baxılmalı olması mübahisəlidir və bununla əlaqədar işə Sumqayıt Kommersiya Məhkəməsində baxılmalı olması məhkəmələr arasında fikir ayrılığı yaradır. Göstərilənlərə əsasən, Sumqayıt Kommersiya Məhkəməsi hazırkı mübahisə üzrə işi mahiyyəti üzrə həll edən yekun qərar qəbul etməsi üçün özünü səlahiyyətli hesab etmədiyindən və məhkəmələr arasında məhkəmə aidiyyəti ilə bağlı fikir ayrılığı olduğu hallarda kassasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verildiyinə görə, hazırkı iş üzrə məhkəmə aidiyyəti Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən müəyyən edilməlidir. Mülki Prosessual Məcəllənin 32.7-ci maddəsinə əsasən, bir məhkəmədən digərinə göndərilən iş onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda iş onu baxmağa qəbul etmiş məhkəmənin əsaslandırılmış qərardadı ilə kassasiya instansiyası məhkəməsinə göndərilir və aidiyyət məsələsi həmin məhkəmə tərəfindən həll edilir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 32-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA A L D I: Siyəzən Rayon Məhkəməsindən məhkəmə aidiyyəti üzrə Sumqayıt Kommersiya Məhkəməsinə göndərilmiş İddiaçı cavabdeh “X1 Cəmiyyətinə qarşı "torpaq sahəsini qanunsuz zəbt etməklə yaratdığı manenin cavabdehin hesabına aradan qaldırılması" tələbi barədə iddia ərizəsinə dair 2-2(059)-6/2024 nömrəli mülki iş məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilsin. Hakim: Fərman Həmidli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar