Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2-2(121)-42/2021 29.04.2021 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim İsmayılov Rafiq Tofiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Tatiyeva Günel Əli qızının katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması və s. tələbinə dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 31.01.2019-cu il tarixinə 162721-1-24073/1/001 saylı, 25.11.2015-ci il tarixli kredit müqaviləsi üzrə 1.384.308,53 manat məbləğində əsas borcun, 151.872,77 manat məbləğində faiz borcunun və 76.134 manat məbləğində cərimə borcunun, cəmi 1.612.315,30 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh alınaraq İddiaçı ASC-yə ödənilməsi və borcun İddiaçı Açıq Səhmdar Cəmiyyəti qarşısında 25.11.2015-ci il tarixli 162721-3-316 saylı müqaviləyə 1 saylı əlavədə göstərilən girov ilə yüklü edilmiş, dövriyyədə olan mallara yönəldilməsi, malların açıq hərracdan satılması və satışdan əldə edilən vəsaitin İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış 25 noyabr 2015-ci il tarixli, 162721-1-24073 saylı “Baş Kredit Razılaşması”na əsasən, “Bank” “Kredit alan”a 25.11.2015-ci il tarixindən 25.11.2025-ci il tarixədək 5.000.000 manat və ya USD/RUB/AVRO ekvivalenti məbləğində kredit xətti açır. 162721- 1-24073/1 saylı, 25 noyabr 2015-ci il tarixli “Bərpa Olunan Kredit Xətti Müqaviləsi” bağlanaraq “Bank” “Kredit alan”a biznesin inkişafı üçün 36 ay müddətinə, illik 17 % hesabı ilə, 1.500.000 manat məbləğində kredit xətti verilməsi barədə razılığa gəlinmiş və həmin məbləğdə kredit verilmişdir. Bank qarşısında götürülən öhdəliyin icrasının təmin edilməsi üsulu kimi 25 noyabr 2015-ci il tarixli, 162721-3-316 saylı “Dövriyyədəki malların girov müqaviləsi” bağlanılmışdır. Həmin müqaviləyə əsasən, Bank tərəfindən verilmiş kreditin təminatı kimi Cavabdeh ünvan 1 ünvanında yerləşən mebel məhsulları “Girov qoyan”ın birbaşa (vasitəsiz) sahibliyində saxlanılır və girov müqaviləsinin 3.1-ci bəndinə əsasən, girov predmeti 1 saylı əlavədə göstərilən dövriyyədə olan mallardır. “Dövriyyədəki malların girov müqaviləsi”nin 3.5-ci bəndinə əsasən, girov qoyulmuş olan malların dəyəri 3.000.000 manat məbləğində müəyyən olunmuş və bu barədə 25 noyabr 2015-ci il tarixli, 162721-3- 316 saylı "Dövriyyədəki malların girov müqaviləsi” 1 saylı Əlavədə də qeyd olunmuşdur. Cavabdeh müqavilə üzrə kredit vəsaitindən istifadə etsə də, həmin müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirməmiş, nəticədə borc yaranmışdır. Bununla əlaqədar olaraq, iddiaçı tərəfindən cavabdehə pretenziya məktubu göndərilmiş, lakin öhdəlik icra edilməmişdir. Belə ki, 14.12.2016-cı il tarixə Cavabdeh 25.11.2015-ci il tarixli, 162721-1-24073/1/001 saylı “Bərpa olunan kredit xətti” müqaviləsi üzrə 31.01.2019-cu il tarixə Banka 1.384.308,53 manat məbləğində əsas borcu, 151.872,77 manat məbləğində faiz borcu və 76.134 manat məbləğində cərimə borcu olmaqla, cəmi 1.612.315,30 manat məbləğində borcu vardır. Bundan əlavə iddiaçı cavabdehlə şifahi danışıqlar aparmasına və ona xəbərdarlıqlar ünvanlamağına baxmayaraq, heç bir nəticə əldə edilməmişdir. Qeyd edilənlərə əsasən, iddiaçı hesab edir ki, Cavabdeh müqavilə üzrə İddiaçı ASC-dən kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh müqavilə əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, lakin kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini yerinə yetirməmişdir. Bundan başqa, iddiaçı hesab edir ki, tələb girov predmetinə yönəldilməlidir. Odur ki, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X3 iddia tələbinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.4-cü maddəsinə əsasən, işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri tam, hərtərəfli və obyektiv araşdırıb, iddiaçının nümayəndəsinin izahatını dinləyib hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 25 noyabr 2015-ci il tarixli, 162721-1-24073 saylı baş kredit razılaşmasından görünür ki, həmin razılaşmaya əsasən, Cavabdeh 25.11.2015-ci il tarixdən 25.11.2025-ci il tarixədək razılaşdırma ilə müəyyən olunmuş şərtlər əsasında tam və ya hissələrlə verilən kreditlər üçün bank kredit alana 5.000.000 manat və ya USD/RUB/AVRO olan ekvivalentli məbləğində kredit xəttinin açılması barədə tərəflər razılığa gəlmişlər. İş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 25 noyabr 2015-ci il tarixli, 162721-1-24073/1 saylı bərpa olunan kredit xətti müqaviləsinə əsasən, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh illik 17 faizlə, 36 ay müddətinə 1.500.000 ABŞ dollarında olan ekvivalenti məbləğində kredit verilməsi öhdəliyi götürülmüşdür. İş materiallarında olan 04.12.2015-ci il tarixli çekin və hesabdan çıxarışın təsdiq edilmiş surətlərindən görünür ki, komissiya haqqı çıxılmaqla, İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh1.492.500 manat kredit verilmişdir. İş materiallarında olan 25 noyabr 2015-ci il tarixli, 162721-3-316 saylı dövriyyədəki malların girov müqaviləsindən və həmin müqaviləyə 1 saylı əlavədən görünür ki, girovqoyanın bank qarşısında olan pul öhdəliyinin icrasının təmin edilməsi məqsədilə bu müqavilədə göstərilən əmlakın bankın xeyrinə girov qoyulmasını və girovla təmin edilmiş pul öhdəlik(ləri) girov qoyan tərəfindən icra edilmədikdə və ya lazımınca icra edilmədikdə, habelə bu müqavilə ilə müəyyən edilən digər hallarda bankın girov qoyana qarşı olan pul tələblərinin üstün qaydada girov predmeti hesabına ödənilməsi ilə bağlı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin və Cavabdeh hüquq və vəzifələri müəyyən edilmiş, tərəflər arasında bağlanılmış 25 noyabr 2015-ci il tarixli, 162721-1-24073/1 saylı bərpa olunan kredit xətti müqaviləsinin təminatı kimi 7 vərəqdən ibarət siyahıda qeyd olunan, ümumi dəyəri 3.000.000 manat olan Cavabdeh məxsus, ünvan 2 ünvanında yerləşən mebelməişət əşyaları bankın xeyrinə girov qoyulmuşdur. İş materiallarında olan 25 noyabr 2015-ci il tarixli, 162721-1-24073/1 saylı kredit müqaviləsinə əsasən Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinə olan borcu üzrə tərtib olunmuş arayışdan görünür ki, Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 31.01.2019cu il tarixə 1.384.308,53 manat əsas borcu, 151.872,77 manat faiz borcu, 76.134 manat cərimə borcu olmaqla, ümumilikdə 1.612.315,30 manat məbləğində borcu qalmışdır. İş materialında olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh ünvanlanmış 07.10.2016-cı il tarixli, 11581/p saylı pretenziyanın surətindən görünür ki, tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən, cavabdehə verilmiş kreditdən ödənilməmiş əsas, faiz və cərimə borcunun 5 iş günü müddətində banka ödənilməsinin təmin edilməsi təklif edilmiş, əks təqdirdə kredit müqaviləsi üzrə borcun ödənilməsi ilə bağlı tədbirlər görüləcəyi barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 27 fevral 2020-ci il tarixli, 21790 saylı ekspert rəyində qeyd olunur ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 25 noyabr 2015-ci il tarixli, 162721-1-24073/1 saylı kredit müqaviləsi üzrə 25.11.2018-ci il tarixə Cavabdeh banka 1.384.308,53 manat əsas borcu və 2.123,77 manat faiz borcu vardır. Şirvan Kommersiya Məhkəməsinin 22.07.2020-ci il tarixli, 2-2(121)-804/2020 saylı qərardadı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması və s. tələbinə dair iş üzrə əlavə məhkəmə-mühasibatlıq ekspertizasının təyin olunması qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 04 mart 2021-ci il tarixli, 9/4211 saylı ekspert rəyində qeyd olunur ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 25 noyabr 2015-ci il tarixli, 162721-1-24073/1 saylı kredit müqaviləsi üzrə 25.11.2018-ci il tarixə Cavabdeh banka 1.384.308,53 manat əsas borcu və 2.123,77 manat faiz borcu vardır. İş materiallarında olan iddiaçı tərəfindən məhkəməyə təqdim olunan vəsatətlərdə qeyd olunmuşdur ki, iddiaçı 27 fevral 2020-ci il tarixli, 21790 saylı və 04 mart 2021-ci il tarixli, 9/4211 saylı ekspert rəylərinin sübutlar siyahısından çıxarılmasını xahiş etmişdir. Belə ki, iddiaçı hesab edir ki, keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasına dair hər iki 27 fevral 2020-ci il tarixli, 21790 saylı və 04 mart 2021-ci il tarixli, 9/4211 saylı ekspert rəyində faiz və cərimə borcunun hesablanması düzgün aparılmamışdır. Məhkəmə müəyyən etdi ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 25 noyabr 2015-ci il tarixli, 162721-1-24073 saylı baş kredit razılaşmasına əsasən, bank Cavabdeh 25.11.2015-ci il tarixdən 25.11.2025-ci il tarixədək razılaşdırma ilə müəyyən olunmuş şərtlər əsasında tam və ya hissələrlə verilən kreditlər üçün bank kredit alana 5.000.000 manat və ya USD/RUB/AVRO olan ekvivalentli məbləğində kredit xətti açmışdır. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 25 noyabr 2015-ci il tarixli, 162721-1-24073/1 saylı bərpa olunan kredit xətti müqaviləsinə əsasən, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh illik 17 faizlə, 36 ay müddətinə 1.500.000 manat kredit verilmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 25 noyabr 2015-ci il tarixli, 162721-3-316 saylı dövriyyədəki malların girov müqaviləsinə əsasən, girovqoyanın bank qarşısında olan pul öhdəliyinin icrasının təmin edilməsi məqsədilə, 7 vərəqdən ibarət siyahıda qeyd olunan, ümumi dəyəri 3.000.000 manat olan Cavabdeh məxsus, ünvan 2 ünvanında yerləşən mebel-məişət əşyaları bankın xeyrinə girov qoyulmuşdur. İddiaçı tərəfindən bağlanmış kredit müqaviləsi üzrə öhdəliklər yerinə yetirilsə də, cavabdeh həmin müqavilə üzrə öz üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Məhkəmə hesab edir ki, cavabdehin tərəflər arasında bağlanmış 25 noyabr 2015-ci il tarixli, 162721-1-24073/1 saylı bərpa olunan kredit müqaviləsinə əsasən, 1.384.308,53 manat əsas və 151.872,77 manat faiz borcunun olması iş materialları ilə sübut olunduğundan iddia həmin hissədə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1 maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Mülki Məcəllənin 448.1-ci maddəsinə müvafiq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərini cra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Məhkəmə həmçinin cavabdehin əsas və faiz borcunun hesablanması ilə bağlı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 27 fevral 2020-ci il tarixli, 21790 saylı və 04 mart 2021-ci il tarixli, 9/4211 saylı ekspert rəylərini mötəbər sübut kimi qəbul etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 63.2-ci maddəsinə əsasən, ekspertizanın aparılması tapşırılan şəxs məhkəmənin çağırışı üzrə gəlməyə və qarşısına qoyulan suallar barədə obyektiv rəy verməyə borcludur. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 101.6-cı maddəsinə əsasən, ekspert rəyində aparılmış tədqiqatların müfəssəl təsviri, onlara əsasən çıxarılmış nəticələr və məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verilməlidir. Həmin Məcəllənin 103-cü maddəsinə əsasən, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır. Belə ki, iş materiallarında olan və tərəflərin imzaladığı ödəniş cədvəlindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 25 noyabr 2015-ci il tarixli, 162721-1-24073/1 saylı kredit müqaviləsi üzrə ona verilmiş 1.500.000 kreditin müqabilində, onun tərəfindən 1 il ərzində (25.12.2015-25.11.2016) 255.000 manat faiz borcu ödənilməlidir. İş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin arayışından və yuxarıda qeyd olunan ekspert rəylərindən görünür ki, Cavabdeh tərəfindən banka əsas borcdan 115.691,47 manat, faiz borcundan isə 21.251,23 manat ödənilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 27 fevral 2020-ci il tarixli, 21790 saylı və 04 mart 2021-ci il tarixli, 9/4211 saylı ekspert rəylərində isə cavabdehin banka 1.384.308,53 manat əsas borcu və 2.123,77 manat faiz borcunun qaldığı müəyyən edilmişdir. Göründüyü kimi, tərəflər arasında bağlanılmış müqaviləyə əsasən 1 il ərizndə 255.000 manat faiz borcu ödənilməli olduğu halda, cavabdeh tərəfindən 21.251,23 manat faiz borcu ödənilməsinə baxmayaraq, ekspertlər tərəfindən cavabdehin 2.123,77 manat faiz borcunun qaldığını qeyd edilmişdir. Məhkəmə hesab edir ki, belə hesablama tamamilə əsassız və mümkünsüzdür. Məhz faiz borcuna münasibətdə qeyd olunan anlaşılmazlığın (o cümlədən cərimə borcunun ümumiyyətlə hesablanmaması ilə bağlı) aradan qaldırılması üçün məhkəmə tərəfindən Şirvan Kommersiya Məhkəməsinin 22.07.2020-ci il tarixli, 2-2(121)-804/2020 saylı qərardadı ilə, iş üzrə əlavə məhkəmə-mühasibatlıq ekspertizasının təyin olunması qərara alınmışdır. Lakin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 04 mart 2021-ci il tarixli, 9/4211 saylı ekspert rəyi ilə əvvəlki, yəni 27 fevral 2020-ci il tarixli, 21790 saylı ekspert rəyi təkrarlanmış, qərardadda qeyd olunan və araşdırılmasına zərurət yaranmış məsələlərə heç bir münasibət bildirilməmişdir. Başqa sözlə, 2.123,77 manat faiz borcunun necə hesablanmasına heç bir aydınlıq gətirilməmiş və ekspert, özündən əvvəlki ekspertin rəyini köçürməklə kifayətlənmiş, cərimə borcuna ümumiyyətlə münasibət bildirilməmişdir. Qeyd olunanlardan göründüyü kimi, ekspert rəyləri aşkar surətdə qeyri-obyektivdir, reallığı əks etdirmir və əsaslandırılmamışdır. Belə olan halda isə, məhkəmə hesab edir ki, ekspert rəyləri mötəbər sübut kimi qəbul edilməməlidir. İddia ərizəsindən həmçinin görünür ki, iddiaçı cavabdehdən 76.134 manat dəbbə pulunun (cərimənin) tutulmasını xahiş etmişdir. Bununla bağlı məhkəmə aşağıdakıları qeyd edir: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Həmin Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Hazırki iş üzrə tələb olunan cərimə borcunun tənasübsüz surətdə yüksək olduğundan məhkəmə hesab edir ki, iddiaçının tələbi cərimə borcu hissəsində qismən təmin edilərək, cavabdehdən 4.000 manat dəbbə pulu tutulmalıdır. İddianın tutulmalı olan məbləğin İddiaçı Açıq Səhmdar Cəmiyyəti qarşısında 25 noyabr 2015-ci il tarixli, 162721-3-316 saylı “Dövriyyədəki malların girov müqaviləsi” əsasında yüklü edilmiş, dövriyyədə olan mallara yönəldilməsi, malların açıq hərracdan satılması və satışdan əldə edilən vəsaitin İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi hissəsinə münasibətdə məhkəmə aşağıdakıları qeyd edir: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 269.1-ci maddəsinə əsasən, girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Həmin Məcəllənin 269.4-cü maddəsinə əsasən, ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Həmin Məcəllənin 276.1-ci maddəsinə əsasən, ipoteka predmeti olan əşyalar, habelə mülki dövriyyədən çıxarılmış əşyalar və kreditorun şəxsiyyəti ilə qırılmaz bağlı olan tələblər, o cümlədən alimentlər, həyata və ya sağlamlığa vurulmuş zərərin əvəzinin ödənilməsi haqqında tələblər və digər şəxsə güzəşt olunması qanunla qadağan edilmiş sair hüquqlar istisna olmaqla, istənilən əşyalar və tələblər girov predmeti ola bilər. Həmin Məcəllənin 306.1-ci maddəsinə əsasən, dövriyyədəki malların girovu zamanı girov qoyulan mallar girov qoyanda saxlanılır və girov qoyana girov qoyulmuş əmlakın (əmtəə ehtiyatları, xammal, materiallar, yarımfabrikatlar, hazır məhsul və i.a.) tərkibini və natural formasını dəyişdirmək hüququ verilir. Həmin Məcəllənin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34.1.1.-ci maddəsinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır. Qanunvericiliyin yuxarıda qeyd olunan normalarının tələbləri baxımından, məhkəmə hesab edir ki, cavabdehdən tutulmalı olan məbləğin Cavabdeh ilə İddiaçı Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış 25 noyabr 2015-ci il tarixli, 162721-3-316 saylı dövriyyədəki malların girov müqaviləsinə əsasən, Cavabdeh məxsus ünvan 1 ünvanında yerləşən mebel mağazasında girov qoyanın birbaşa (vasitəsiz) sahibliyində saxlanılan, bu müqavilənin 1 saylı Əlavəsində göstərilən dövriyyədə olan mallara yönəldilməsi, həmin malların açıq hərracdan satılması və satışdan əldə edilən vəsaitin İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsinə dair iddia tələbi də əsaslıdır. Məhkəmə, həmçinin, prosessual xərclərə münasibət bildirərək aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, hesab edir ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə, iş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizalarının keçirilməsinə görə ekspertiza tədqiqatının dəyəri olan cəmi 300 (üç yüz) manat pul isə cavabdehdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməlidir. Beləliklə məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 25 noyabr 2015-ci il tarixli, 162721-1-24073/1 saylı kredit müqaviləsi üzrə 31.01.2019-cu il tarixə yaranmış 1.384.308,53 manat əsas borc, 151.872,77 manat faiz borcu, 4.000 manat cərimə borcu olmaqla, cəmi 1.540.181,3 (bir milyon beş yüz qırx min bir yüz səksən bir manat, otuz qəpik) manat pul və 30 manat dövlət rüsumu tutularaq İddiaçı ASC-yə ödənilməli, tələb iddiaçı “İddiaçı" ASC ilə Cavabdeh arasında bağlanmış 25.11.2015-ci il tarixli, 162721-3-316 saylı “Dövriyyədəki malların girov müqaviləsi” əsasında yüklü edilmiş, dövriyyədə olan mallara yönəldilərək, mallar açıq hərracda satılmalı, əmlakların satışından əldə edilmiş vəsaitdən 1.540.181,3 (bir milyon beş yüz qırx min bir yüz səksən bir manat, otuz qəpik) manat pul İddiaçı ASC-yə ödənilməli, girov qoyulmuş əmlakların satışından əldə edilmiş vəsaitin (pulun) qalan hissəsi Cavabdeh qaytarılmalı, iddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 25 noyabr 2015-ci il tarixli, 162721-1-24073/1 saylı kredit müqaviləsi üzrə 31.01.2019-cu il tarixə yaranmış 1.384.308,53 manat əsas borc, 151.872,77 manat faiz borcu, 4.000 manat cərimə borcu olmaqla, cəmi 1.540.181,3 (bir milyon beş yüz qırx min bir yüz səksən bir manat, otuz qəpik) manat pul və 30 manat dövlət rüsumu tutularaq İddiaçı ASC-yə ödənilsin. Tələb iddiaçı “İddiaçı" ASC ilə Cavabdeh arasında bağlanmış 25.11.2015-ci il tarixli, 162721-3-316 saylı “Dövriyyədəki malların girov müqaviləsi” əsasında yüklü edilmiş, dövriyyədə olan mallara yönəldilsin, həmin mallar açıq hərracda satılsın. Əmlakların satışından əldə edilmiş vəsaitdən 1.540.181,3 (bir milyon beş yüz qırx min bir yüz səksən bir manat, otuz qəpik) manat pul İddiaçı ASC-yə ödənilsin. Girov qoyulmuş əmlakların satışından əldə edilmiş vəsaitin (pulun) qalan hissəsi Cavabdeh qaytarılsın. İddia qalan hissədə təmin edilməsin. İş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizalarının keçirilməsinə görə ekspertiza tədqiqatının dəyəri olan cəmi 300 (üç yüz) manat pul Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22. Hesab №AZ43CTRE********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Rafiq İsmayılov
Məhkəmə qərarları › İş №2-2(121)-42/2021
Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(121)-42/2021
29.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver