Məhkəmə qərarları › İş №2-2(3-6)-304/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(3-6)-304/2026

15.04.2026 · Hüquqi və fiziki şəxslərin ödəmə qabiliyyəti olmayan hesab edilməsi barədə mübahisələr (müflisləşmə (iflas)) - Hüquqi şəxsin müflis olması üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2-2(3-6)-304/2026 15.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI (Açar sözlər: müflis elan edilmə, iflas prosesinə başlanılması) Məhərrəmova Günel Elman qızının katibliyi, ərizəçi İddiaçı şirkətinin nümayəndəsi (vəkili) X2 iştirakları ilə, Ərizəçi İddiaçı şirkətinin (borclu: “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti olmaqla) müflis elan edilmə, əmlak inzibatçısı təyin olunması və iflas prosesinə başlanılması tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsindən ərizəçi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: Işin halları

1. Azərbaycan Respublikasının Daxili Işlər Nazirliyi Baş Dövlət Yol Polisi Idarəsi tərəfindən verilmiş ##.##.2025-ci il tarixdə məktubda qeyd edilmişdir ki, ##.##.2025-ci il tarixli *****/***-**/**** nömrəli məktubunuza cavab olaraq bildirilir ki, DIN Baş Dövlət Yol Polisi Idarəsi Qeydiyyat-imtahan Idarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən “xxxx” MMC-nin adında qeydiyyatda olan nəqliyyat vasitəsi yoxdur.

2. Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi * saylı Bakı Ərazi Idarəsi tərəfindən verilmiş ##.##.2025-ci il tarixli məktubda qeyd edilmişdir ki, “xxxx” MMC-nin adına respublika ərazisində qeydiyyatdan keçmiş daşınmaz əmlaklar haqqında məlumatın verilməsi ilə bağlı müraciətə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin * saylı Bakı Ərazi Idarəsində baxılmışdır. Bununla əlaqədar olaraq bildirilir ki, “xxxx” MMC-nin adına qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar edilməmişdir.

3. “xxxx” MMC tərəfindən tərtib edilmiş “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) maliyyə vəziyyəti haqqında hesabatda aktivlər barədə məlumat qeyd edilmişdir. Həmçinin əlavə olaraq qeyd edilmişdir ki, ALE Middle East tərəfindən ümumilikdə 1346055.81 ABŞ dolları məbləğində borc tanınıb, lakin hazırda yalnız 64859,68 ABŞ dolları məbləği sənədlərlə təsdiqlənmişdir. ALE UK Holdings Ltd tərəfindən ümumilikdə 1825670,80 ABŞ dolları məbləğində borc tanınıb, lakin hazırda yalnız 559995 ABŞ dolları məbləği sənədlərlə təsdiqlənmişdir. Müflisləşməni təsdiqləyən əlamətlər olaraq şirkətin öz maliyyə öhdəliklərini vaxtında yerinə yetirə bilməməsi, Dövlət Yol Polisi Idarəsinin təqdim etdiyi rəsmi məlumata əsasən şirkətin adına qeydiyyatda heç bir nəqliyyat vasitəsinin olmaması, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin məlumatına əsasən şirkətin adına qeydiyyatda heç bir daşınmaz əmlakən olmaması, hazırda şirkətin gəlir gətirən fəaliyyətinə dair hər hansı sübutun mövcud olmaması qeyd olunmuşdur.Hesabatın nəticəsi olaraq qeyd edilmişdir ki, yuxarıda qeyd olunanlara əsasən “xxxx” MMC müflis hesab edilir. Şirkətin aktivləri öhdəliklərini ödəmək üçün kifayət etmir və borcların ödənilməsi üçün real maliyyə imkanları mövcud deyil. Hesabatda həmçinin kreditorların siyahısı öz əksini tapmışdır.

4. Vergilər Nazirliyi tərəfindən tərtib edilmiş “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) 2024-cü il üzrə mənfəət vergisinin bəyannaməsində qeyd edilmişdir ki, MMC 30860,03 manat məlbəğində zərər etmişdir. Həmçinin mənfəət vergisinin bəyannaməsinə * saylı, * saylı, * saylı, * saylı, * saylı Əlavələr edilmişdir.

5. Leyla Tarverdi tərəfindən Bakı Kommersiya Məhkəməsinə ünvanlanmış Bəyanat (Şəxsi marağın olmaması barədə) qeyd edilmişdir ki, hazırkı bəyanatı “Müflisləşmə və iflas haqqında Azərbaycan Respublikasının qanunu”nun 19-cu maddəsinin 4-cü bəndinə əsasən tərtib edir və rəsmi olaraq bildirir ki, borclu “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə, eləcə də İddiaçı Şirkəti ilə heç bir hüquqi bağlılığı yoxdur və indiyə qədər heç bir hüquqi bağlılığı və ya hər hansı şəkildə marağı olmamışdır. Borclu “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin müflis elan edilməsi ilə bağlı əmlak inzibatçısı təyin edilməyinə etiraz etmir və əmlak inzibatçısı kimi fəaliyyət göstərməyində heç bir şəxsi marağı yoxdur. Hazırkı bəyanatda göstərilənlərin düzgünlüyünü təsdiq edir və səhv məlumat verməyi ilə bağlı qanun qarşısında məsuliyyətini dərk edir.

6. Iş materiallarına İddiaçı şirkəti ilə “xxxx” MMC arasında bağlanmış ##.##.2013-cü il tarixli ingilis dilində tərtib edilmiş müqavilə, “xxxx” ASC tərəfindən tərtib və təsdiq edilmiş hesabdan çıxarışlar əlavə edilmişdir.

Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı

7. Ərizəçi İddiaçı şirkəti (borclu: “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti olmaqla) müflis elan edilmə, əmlak inzibatçısı təyin olunması və iflas prosesinə başlanılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, əmlak inzibatçısı təyin edilməklə, borclu “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin müflis elan edilməsi və iflas prosesinə başlanmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Ərizə onunla əsaslandırılmışdır ki, borclu “xxxx” MMC ## ### 2013-cü il tarixində qeydiyyata alınmış və Azərbaycan Respublikası ərazisində uğurlu biznes fəaliyyəti ilə məşğul olmuşdur. Belə ki, borclu Azərbaycan Respublikası ərazisində logistika xidmətləri ilə məşğul olmuş, Azərbaycan Respublikası ərazisinə idxal edilən malların, eləcə də Azərbaycan Respublikasından ixrac edilən malların daşınması işləri, həmçinin Azərbaycan Respublikası ərazisində ən böyük yüklərin, o cümlədən dənizdə işləyən platformaların daşınması və quraşdırılması üçün nəqliyyat vasitələri və xüsusi texnikaların təqdim edilməsi işləri ilə məşğul olmuşdur. Iddiaçı və cavabdeh arasında qeyd edilən işgüzar fəaliyyətdən birgə qazanc əldə edilməsi məqsədi ilə əməkdaşlıq barədə sövdələşmə əldə edilmiş (müqavilə əlavə edilir) və iddiaçının həmin biznesdə iştirakının təmin edilməsi məqsədi ilə müxtəlif tarixlərdə kreditor tərəfindən borcluya pul vəsaitləri köçürülmüşdür (bank çıxarışları əlavə edilir). Lakin borclunun biznesində yaranan problemlərlə bağlı birgə fəaliyyət uğurlu olmamışdır. Dəfələrlə tərəflər arasında görüşlər olsa da, biznesi bərpa etmək mümkün olmamış, kreditorun borcluya təqdim etdiyi pul vəsaitlərini borclu geri qaytarmaq iqtidarında olmamışdır. Bununla bağlı tərəflər arasında borcun etirafı və borclunun ödəmə qabiliyyətinin olmaması barədə müvafiq akt tərtib edilmişdir. “Müflisləşmə və iflas” haqqında Azərbaycan Respublikasının qanunun (bundan sonra – Qanun) tələblərinə əsasən şəxsin ödəmə qabiliyyətinin olmaması halında kreditor borclunun müflis elan edilməsi tələbi ilə məhkəməyə müraciət etmək hüququna malikdir. Kreditorun tələbi əsasında borclu kreditorla yanaşı, borclu olduğu digər təşkilatların da siyahısını kreditora təqdim etmişdir. Bundan əlavə, kreditorun müraciəti əsasında aparılmış audit rəyi də borclunun ödəmə qabiliyyətinin olmamasını təsdiq edir. Kreditor tərəfindən Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi * saylı Bakı Ərazi Idarəsi və Azərbaycan Respublikasının Daxili Işlər Nazirliyi Baş Dövlət Yol Polisi Idarəsinə borclunun əmlakları barədə məlumat verilməsi ilə bağlı sorğu göndərilmişdir. Sorğularına cavab olaraq bildirilmişdir ki, borclunun adına qeydiyyatdan keçmiş hər hansı daşınmaz əmlak və ya nəqliyyat vasitəsi yoxdur.

9. Ərizəçinin nümayəndəsi və vəkili X2 məhkəmə iclasında ərizənin məzmununa uyğun izahat verərək, ərizəni müdafiə etdi və təmin edilməsini xahiş etdi.

10. Borclunun nümayəndəsi və vəkili X3 məhkəmə iclasında izahat verərərk bildirdi ki, balansda pul yoxdur. Barəmizdə məhkəmə qətnamələri yoxdur. Lakin qeyd edilən kimi, borc məbləğinin ödənilməsi mümkün deyildir. Iki kreditor mövcuddur, hansı ki, böyük məbləğlərdə borc mövcuddur. Digər kreditorlara münasibətdə öhdəliklər icra olunmamışdır. 2023-cü ildən etibarən şirkətin fəaliyyəti dayandığına görə ödəmək qabiliyyəti yoxdur. “xxxx” MMC daşıma xidmətləri ilə məşğul olurdu. Borc məbləği yarandıqdan sonra digər müştərilərlə müqavilələr imzalanmadı. Müştərilər də olmadığına görə digər borcların ödənilməsi də mümkün olmadı. Şirkətə qarşı digər kreditorlar tərəfindən iddia qaldırılmamışdır. Ərizənin təmin olunmasını məhkəmədən xahiş edir.

11. Birinci instansiya məhkəməsinin ##.##.2026-cı il tarixli qətnaməsi ilə ərizə təmin edilməmişdir.

12. Məhkəmə gəldiyi nəticəni aşağıdakı kimi əsaslandırmışdır:

 “Müflisləşmə və iflas haqqında” Qanunun tələblərinə əsasən ərizəçinin borcluya qarşı irəli sürdüyü tələbin əsasları, o cümlədən borclunun ərizəçi və digər kreditorlar qarşısında borcunu təşkil edən öhdəliklərin yerinə yetirilmə müddətləri, ərizəçiyə məlum olan digər kreditorların ünvanları, borclu müəssisənin idarəetmə orqanının qəbul etdiyi müvafiq qərar, sonuncu hesabat tarixinə olan maliyyə hesabatları ərizəyə əlavə edilərək məhkəməyə təqdim edilməli olduğu halda, təqdim edilməmişdir.  Beləliklə, borclunun ödəmə qabiliyyətinin olmadığının məhkəmə tərəfindən müəyyən edilməsi üçün qanunda nəzərdə tutulmuş sübutların təqdim edilməsi və araşdırılması tələb olunur ki, borclunun öz öhdəliklərini ödəmə qabiliyyətinin olub-olmaması müəyyənləşdirilsin.  Hazırkı iş üzrə isə “Müflisləşmə və iflas haqqında” Qanunun tələblərinə əsasən qeyd edilən kateqoriyadan olan sübutlar ərizəyə əlavə edilməmişdir.  Məhkəmə hazırkı halda ərizəçinin “Müflisləşmə və iflas haqqında” Qanununda göstərilmiş müddəalara müvafiq surətdə ödəmə qabiliyyəti olmayan hesab edilməsi üçün əsasların müəyyən edilmədiyini nəzərə alaraq, ərizənin rədd olunması, ərizəçinin müflis elan olunmasından imtina edilməsi qənaətinə gəlir.

13. Qənaətinin hüquqi əsaslandırması zamanı məhkəmə, “Müflisləşmə və iflas haqqında” Qanunun 2-ci maddəsinin 5-ci bəndinə, 6-cı maddəsinin 1-ci bəndinə, 6-cı maddəsinin 2-ci bəndinə, 6-cı maddəsinin 3-cü bəndinə, 11-ci maddəsinə Mülki Prosessual Məcəllənin 14.2, 76.1, 77, 119.1, 218.3-cü maddələrinə istinad etmişdir.

14. Ərizəçinin nümayəndəsi (vəkili) qətnamədən apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ərizənin təmin edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini ərizənin məzmununa uyğun əsaslandırmaqla, məhkəmənin maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, sübutlara düzgün qiymət vermədiyini, gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən halları aydınlaşdırmadığını, işin hallarına uyğun gəlməyən qərar çıxardığını irəli sürmüşdür.

Apellyasiya şikayətinə qarşı etiraz

15. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.

Apellyasiya baxışı, izahatlar

16. Ərizəçinin məhkəmə iclasında iştirak edən nümayəndəsi (vəkili) apellyasiya şikayətinin dəlillərini müdafiə edərək təmin olunmasını xahiş etmiş, borcluya məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

17. Maddə 59.5. Əgər ləğv edilən hüquqi şəxsin əmlakının dəyəri kreditorların tələblərinin ödənilməsi üçün yetərli deyildirsə, o yalnız müflis olma nəticəsində ləğv edilə bilər.

18. Maddə 63. Əgər hüquqi şəxs kreditorların tələblərini ödəməyə qadir deyildirsə, o, məhkəmənin qərarı ilə müflis sayıla bilər. Hüquqi şəxsin məhkəmə tərəfindən müflis sayılması əsasları və qaydası, müvafiq olaraq, “Müflisləşmə və iflas haqqında” və “Banklar haqqında” Azərbaycan Respublikasının qanunları ilə müəyyənləşdirilir.

“Müflisləşmə və iflas haqqında” Qanun

19. Maddə 3. Borclu ödəmə qabiliyyəti olmadığı halda iflas prosesinə məruz qalır. Borclu o halda ödəmə qabiliyyəti olmayan sayılır ki, bunu özü təsdiq etsin, yaxud məhkəmə və ya kreditorlar müəyyən etsin ki: a) borclu həyata və ya sağlamlığa vurulmuş zərərin ödənilməsi, alimentin tutulması, əmək və onunla bağlı münasibətlərindən yaranan öhdəliklər üzrə, müəlliflik müqaviləsinə görə ödənilən haqlar ilə bağlı kreditorlar qarşısında öhdəliklərini icra müddəti başladığı andan etibarən ardıcıl 2 (iki) ay ərzində tam icra etməmişdir; b) borclu vergilər (faizlər və tətbiq edilmiş maliyyə sanksiyaları) və başqa dövlət ödənişlərini onların hesablandığı gündən etibarən ardıcıl 10 (on) ay ərzində tam icra etməmişdir; c) borclu digər kreditorlar qarşısında öhdəliklərini onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra etməmişdir.

20. Maddə 2.5. Iflas haqqında işin qaldırılması üçün kreditorun (kreditorların) və ya borclunun məhkəməyə təqdim olunan ərizəsi əsas sayılır. Həmin ərizənin məhkəməyə təqdim edilməsi tarixi iflas prosesinə məhkəmə vasitəsilə başlanmasının məqamıdır. Məhkəməyə iflas haqqında iddia ərizəsi borclu müəssisənin idarəetmə orqanının qəbul etdiyi qərar (əgər borclu dövlət müəssisəsidirsə, müvafiq icra hakimiyyəti orqanının qəbul etdiyi qərar) əsasında təqdim oluna bilər.

21. Maddə 6.1. Kreditorun iflas haqqında iddia ərizəsi qanunvericilikdə müəyyən edilmiş formada tərtib edilməli və imzalanmalıdır. Kreditorun nümayəndəsi tərəfindən verilən ərizəsinə etibarnamə və ya həmin nümayəndənin səlahiyyətini, yaxud onun qulluq mövqeyini təsdiq edən başqa sənəd əlavə edilməlidir.

22. Maddə 6.2. Iflas haqqında məhkəməyə verilən ərizədə (iddia ərizəsində) aşağıdakılar göstərilməlidir:a) ərizənin (iddia ərizəsinin) verildiyi məhkəmənin adı; b) borclunun adı (adı, atasının adı, soyadı) və ünvanı; c) ərizəçinin (kreditorun) adı (adı, atasının adı, soyadı) və ünvanı; ç) ərizəçiyə məlum olan digər kreditorların adları (adları, atalarının adları, soyadları) və ünvanları; d) ərizəçinin borcluya qarşı irəli sürdüyü tələbin əsasları və məbləği, o cümlədən borclunun ərizəçi qarşısında borcunu təşkil edən hər hansı öhdəliyin yerinə yetirilməsinin müddəti; e) bu Qanunun tələblərinə uyğun olaraq borclunun ödəmə qabiliyyətsizliyinin təsdiqi; ə) borclunun aktivləri barəsində ərizəçidə olan məlumat; f) iflas haqqında iddia ərizəsinə qoşulan sənədlərin siyahısı; g) kreditorun fikrincə, iş üzrə məhkəmə baxışı üçün məhkəməyə lazım ola bilən hər hansı başqa məlumat, habelə qanunvericiliklə nəzərədə tutulmuş digər məlumatlar.

23. Maddə 6.3. Iflas haqqında ərizənin məhkəməyə verildiyi tarixdə borclunun vaxtı çatmış, lakin ödənilməmiş tələblərinin ümumi məbləği Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydaya uyğun olaraq müəyyənləşdirilir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

24. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

25. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

26. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

27. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

28. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.

29. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

30. Maddə 440.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəmələri mülki və kommersiya mübahisələri üzrə beynəlxalq səlahiyyətə bu şərtlə malikdirlər ki, işdə iştirak edən şəxslərdən hər hansı biri xarici şəxs olsun, onun Azərbaycan Respublikasında yaşayış yeri, olduğu yer və adətən gəldiyi yer olsun.

31. Maddə 443.0. Azərbaycan Respublikasının məhkəmələri xarici şəxslərin iştirakı ilə olan həmçinin aşağıdakı işlərə baxmağa haqlıdır:

32. Maddə 443.0.1. iş üzrə birgə iddiaçılardan və ya birgə cavabdehlərdən hər hansı birinin Azərbaycan Respublikasında yaşayış yeri, olduğu yer və yaxud adətən gəldiyi yer olduqda;

“Beynəlxalq xüsusi hüquq haqqında” AR Qanununun:

33. Maddə 12. Hüquqi şəxsin təsis edildiyi ölkənin hüququ onun istinad etdiyi qanun hesab olunur.

34. Maddə 13.1. Hüquqi şəxsin hüquq qabiliyyəti onun istinad etdiyi qanunla müəyyən olunur.

Apellyasiya baxışının həddi

35. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

36. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

Işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi

37. Kollegiya apellyasiya şikayətinin dəlillərini, işin hallarını nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

38. Məhkəmə ilk növbədə qeyd edir ki, hazırkı iş üzrə kreditor İddiaçı Şirkəti xarici hüquqi şəxs olduğundan hazırkı mübahisə xarici elementli mübahisədir.

39. Odur ki, məhkəmə tərəfindən birinci müəyyən edilməli olan məsələ AR məhkəmələrinin hazırkı iddiaya baxmaqda səlahiyyətli olub-olmaması ilə bağlıdır.

40. Bununla bağlı qeyd edilməlidir ki, iş üzrə borclu “xxxx” MMC AR-də təsis edilmiş və fəaliyyət göstərən hüquqi şəxsdir. Belə olan halda isə 443.0.1-ci maddəsinin tələbləri baxımından AR Məhkəmələri hazırkı iddiaya baxılmaqda səlahiyyətlidirlər.

41. Ikinci müəyyən edilməli məsələ xarici elementli mübahisəyə tətbiq edilməli olan hüquqla bağlıdır.

42. Bununla bağlı isə məhkəmə qeyd edir ki, hüquqi şəxsin müflisləşməsi proseduru onun hüquqi statusuna (hüquq qabiliyyətinə) aid olan prosedur olduğundan və həmin prosedura münasibətdə “Beynəlxalq xüsusi hüquq haqqında” AR Qanununda xüsusi kollizion norma nəzərdə tutulmadığından həmin prosedura münasibətdə həmin qanunun 12, 13-cü maddəsində nəzərdə tutulmuş kollizion normalar tətbiq edilməlidir.

43. Həmin normalara görə isə hüquqi şəxsin təsis edildiyi ölkənin hüququ onun istinad etdiyi qanun hesab olunur. Hüquqi şəxsin hüquq qabiliyyəti onun istinad etdiyi qanunla müəyyən olunur.

44. Hazırkı halda isə müflis elan edilməsi tələb edilən hüquqi şəxs “xxxx” MMC AR-də təsis edildiyindən onun hüquqi şəxsin istinad etdiyi qanun Azərbaycan Respublikasının hüququdur.

45. Bununla yanaşı məhkəmə qeyd edir ki, “Beynəlxalq xüsusi hüquq haqqında” AR Qanununda göstərilən kollizion bağlama yer almasa da, beynəlxalq praktikada transmilli (xarici elementli) müflisləşmə prosedurlarına münasibətdə lex fori concursus bağlaması tətbiq edilir.

46. Lex fori concursus (müsabiqə yerinin hüququ) bağlamasına görə müflisləşmə proseduruna münasibətdə həmin prosedurunun aparıldığı ölkənin, yəni hazırkı halda AR-in qanunvericiliyi tətbiq edilir.

47. Odur ki, hazırkı halda hazırkı iddiaya Azərbaycan Respublikasının qanunvericiliyi tətbiq edilməlidir.

48. Iddianın mahiyyəti ilə bağlı məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 59.5-ci, 63-cü maddələrinin, o cümlədən “Müflisləşmə və iflas haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci, 3-cü, 6-cı və 11.1-ci maddələrinin tələblərindən göründüyü kimi, borclunun ödəmə qabiliyyətinin olmadığının məhkəmə tərəfindən müəyyən edilməsi üçün qanunda nəzərdə tutulmuş sübutların (kreditorlarının və debitorlarının siyahısı, sonuncu hesabat tarixinə olan maliyyə hesabatları və s.) təqdim edilməsi və araşdırılması tələb olunur.

49. Hazırkı halda borclu şəxsin borclarının ödənilməsi üçün kifayət edəcək aktivlərinin olmamasını təsdiq edəcək mötəbər sübutlar (məsələn, mənfəət vergi bəyannamələri, maliyyə hesabatları və s.) məhkəməyə təqdim edilməmiş, eləcə də sözügedən faktiki hallar məhkəmə araşdırması zamanı müəyyənləşdirilməmişdir.

50. Ərizəyə əlavə olunmuş ##.##.2025-ci il tarixli verilmiş hesabatda hüquqi şəxsin debitor borcları, aktivləri, digər gəlirləri haqqında məlumatlar ətraflı şəkildə qeyd olunmamış, habelə rəyin tərtib olunması üçün əsas olan sənədlər əlavə edilməmişdir.

51. Bu baxımdan kollegiya hesab edir ki, işdə olan sənədlər “xxxx” MMC-nin məhkəmə tərəfindən ödəmə qabiliyyəti olmayan sayılması üçün kifayət deyil.

52. Bundan əlavə, Mülki Məcəllənin 59.5-ci maddəsinin tələbləri baxımından hüquqi şəxsin əmlakı dedikdə yalnız mülkiyyətində olan əmlak deyil, bütün aktivləri (əsas vəsaitlər, digər uzunmüddətli vəsait qoyuluşundan, dövriyyə vəsaitindən və maliyyə aktivlərindən (qeyrimaddi aktivlər də daxil olmaqla) ibarət əmlak), debitor borclar da nəzərdə tutulur.

53. Ona görə də kollegiya hesab edir ki, borclunun mülkiyyətində nəqliyyat vasitəsi və ya daşınmaz əmlakın olmaması onun ödəmə qabiliyyəti olmayan hüquqi şəxs hesab edilməsi üçün əsas ola bilməz.

54. Beləliklə kollegiya hesab edir ki, apellyatorun apellyasiya şikayətində irəli sürdükləri yalnız formal mülahizələrdir; birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

55. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə xərclərinə dair məsələyə də qiymət verməyin zəruriliyini vurğulayaraq kollegiya qeyd edir ki, apellyasiya şikayəti vermək üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatorun özünə aid olunmalıdır. Nəzərə alınmalıdır ki, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimləndiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə, müvafiq tələbin olub-olmamasına bağlı deyildir.

56. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDI:

Ərizəçi İddiaçı şirkəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-*-*(***)-****/**** nömrəli kommersiya mübahisəsi üzrə qəbul etdiyi ##.##.2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən onun rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. .

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar