Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(3-6)-117/2026 10.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı iş üzrə QƏTNAMƏSİ İş № 2(3-6)-117/2026 (Açar sözlər: əmrin ləğv edilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və X1 ibarət tərkibdə, Əmiraslanova Nigar Çingiz qızının katibliyi, İddiaçının nümayəndəsi-vəkili Vəkil1, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “’əmrin ləğvi və s. tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-704/2025 nömrəli 05 may 2025-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 10 fevral 2026-cı il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı 20 noyabr 2018-ci il tarixdə Cavabdeh ASC-də mikro və aqro kreditlər üzrə kiçik mütəxəssis vəzifəsinə işə qəbul edilmişdir.
2. İddiaçı 21 noyabr 2024-cü il tarixli ərizə ilə işəgötürənə müraciət edərək 10 dekabr 2024-cü il tarixdə vəzifədən azad edilməsini xahiş etmişdir.
3. 09 dekabr 2024-cü il tarixli Monitorinq haqqında akt tərtib olunaraq İddiaçı öz portfelində olan müştərilərin məlumatlarının fayllarını özünə məxsus komputer vasitəsilə DVD-yə köçürərək götürməsi qeyd olunmuşdur.
4. İddiaçı 09 dekabr 2024-cü il tarixli izahatında göstərmişdir ki, qeyd olunan məlumatları diskə köçürməkdə məqsədi komputeri format etmək və format etdikdən sonra yenidən komputerə yerləşdirmək olmuşdur. Ərizə yazmaq barədə fikrə gəldiyi müddətdən sonra heç bir məlumat diskə göndərilməmişdir. Diskə köçürülən məlumatlar filialın içərisində sındırılmış və məhv edilmişdir.
5. 19 dekabr 2024-cü il tarixli 181/K saylı əmr ilə Cavabdeh ASC-nin Xırdalan filialının Mikro və aqro kreditlər üzrə baş mütəxəssisi İddiaçı Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək vəzifələrini kobud şəkildə pozduğu üçün işdən azad edilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı Cavabdeh ASC-yə qarşı iddia ərizəsi məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixli əmrin ləğv edilməsi, onun öz ərizəsinə əsasən işdən çıxmasına dair əmrin verilməsi, 2000 manat mənəvi ziyanın, 350 manat vəkil xərcinin və 60 manat mediasiya xərcinin cavabdehdən tutulmasına dair qətnamə qəbul olunmasını xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, 20 noyabr 2018-ci ildə Cavabdeh ASC-də kiçik mütəxəssis kimi işə başlamış, müxtəlif illərdə mütəxəssis, aparıcı mütəxəssis və baş mütəxəssis vəzifələrində işləmişdir. İşlədiyi 6 il müddətində işini vicdanla, dürüst şəkildə görmək üçün çalışmışdır. Keçən dövrün nəticələrinə baxılsa, Abşeron filiallarında işləyən əməkdaşlar arasında istər Portfel göstəricisi, istər müştəri sayı, istər keyfiyyət göstəricisi, istərsə də aylıq performans üzrə ən yaxşı göstəricilər onun olub. Bunun nəticəsi olaraq, rəhbərlik tərəfindən bank üzrə 2021-ci ilin ən yaxşı aparıcı kredit mütəxəssisi, 2022-ci ilin ən yaxşı baş kredit mütəxəssisi, 2023-cü ilin ən yaxşı baş kredit mütəxəssisi nominasiyaları üzrə təltif olunub. Nəticələrini daim yüksək saxlamaq və rəhbərliyin ondan olan gözləntilərin qarşılamaq üçün iş günlərindən əlavə qeyri-iş günlərində də hətta məzuniyyət günlərində də işə çıxıb nəticələrin yüksək olması üçün dəstək vermişdir. Bank üçün etdiyi xidmətlərin heç biri nəzərə alınmayaraq, “ xx.xx.2024- cü il tarixli əmrlə xx.xx.2018-ci il tarixdə bağlanmış əmək müqaviləsinə ƏM-nin 70-ci maddəsinin (ç) bəndinə əsasən (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) xitam vermişdir. Cavabdeh ASC 19 dekabr 2024-cü il tarixli əmri tam olaraq qanunsuzdur. Belə ki, əmrdə vəzifələrini kobud şəkildə pozmağı əsaslandırılmamışdır. Guya Cavabdeh ASC-də işlədiyi müddətdə əldə etdiyi, yəni özünə məxsus olan bank məlumatlarının DVD diskə köçürərək mənimsəməyi olmuşdur. Bununla bağlı, işlədiyi müddətdə ona müraciət edən müştərilərin məlumatları ona məxsus olan komputerdə qovluq şəkilində olurdu. Bankda olan komputerlər tez-tez donurdu və bu barədə dəfələrlə şöbə və filial müdirinə məlumat vermişdi. Problemin nədən ibarət olmasını mütəxəsislərdən soruşanda onlar məlumatlar çox olanda belə halların baş verməsinin mümkün olduğunu bildirmişlər. Dəfələrlə onun və digər işçilərin haqlı etirazlarını nəzərə alaraq işçilərə məxsus komputeri baş ofisə göndərmişlər. Göndərildikdən sonra komputerdə olan məlumatlar silinmişdir. Məlumatların silindiyini bildiyi üçün müştərilərinə məxsus olan məlumatları DVD diskə köçürmüşdür. Bankın irəli sürdüyü arqumentlər tam olaraq əsassızdır. Belə ki, bankın daxili təlimatlarına uygun olaraq butün bank müştəri məlumatları qovluq olaraq DVD diskə köçürülərək arxivə verilməlidir. Təlimata uygun olaraq məlumatları DVD diskə köcürmüşdür. xx.xx.2024-cü il tarixdə ərizə ilə müraciət edərək müqaviləsinə xitam verilməsini xahiş etdikdə bank əsassız olaraq onun bankdan çıxmağını istəmədiklərini açıq sürətdə bildirərək qanunsuz olaraq onu öz ərizəsi ilə yox, Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndi ilə xitam verilmişdir. Ərizə yazdıqdan sonra ona təhkim olunmuş kompyuterdən istifadə etməmiş və kompyuteri bank əməkdaşları tərəfindən bloklanmışdır. Etiraz edərək ona hər hansı bir müştərinin məlumatlarının lazımlı olmadığını, çünki bütün müştərilərinin məlumatlarını əldə etməyin çətin olmadığını bildirmişdir. Məlumatları deyəndə müştəriyə məxsus sənədlər (şəxsiyyət vəsiqəsinin sürəti, avtomaşının qeydiyyat şəhadətnaməsi və mənzilə dair və sair) nəzərdə tutulmuşdur. Bankın iddia etdiyi məsələ ilə bağlı razılaşmır və bankın və ya hər hansı bir müştərinin məlumatlarının 3cü şəxsə ötürülməməsi ilə bağlı məsuliyyəti tam üzərinə götürür. Müqaviləyə xitam verməmişdən öncə kurasiyasında olduğu rəhbərlik və ona işdə qalmağı, qalacağın təqdirdə yanvar ayından vəzifənin artımı olacağını bildirilib. Bu da onu göstərir ki, ona qarşı görülən tədbir qanunsuzdur. Dəfələrlə Cavabdeh ASC-nin rəhbərliyinə müraciət edərək ona olan haqsızlığın aradan qaldırılması və bu günə kimi əldə etdiyi nailiyyətlərin heçə alaraq qanunsuz olaraq ƏM-nin 70-ci maddəsinin ç bəndinə əsasən xitam verilməsi barədə əmrin ləğv edilməsi və öz ərizəsi ilə işdən çıxmağı barədə əmr verilməsini dəfələrlə xəbərdarlıq etməyinə baxmayaraq bu günə kimi heç bir nətiçəsi olmamışdır.
8. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-704/2025 nömrəli 05 may 2025-ci il tarixli qətnaməsi ilə (hakim İlkin Rüstəmli) iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh ASC ilə İddiaçı arasında bağlanılmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsi barədə 19 dekabr 2024-cü il tarixli əmrin ləğv edilməsi və İddiaçı ilə bağlanmış əmək müqaviləsinə işçinin (tərəflərdən birinin) təşəbbüsü ilə xitam verilməsi əsası ilə əmr verilməsi öhdəliyinin Cavabdeh ASC-yə həvalə edilməsi, iddianın qalan hissədə rədd olunması qət edilmişdir.
9. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, qanunvericiliyin tələbinə görə işçinin yol verdiyi səhvin onun əmək müqaviləsinə xitam verilməsinə əsas təşkil etməsi üçün qeyd olunan bu hal nəticəsində iş yerində işin, əmək və icra intizamının normal ahənginin pozulmuş və ya işəgötürənin, habelə əmək kollektivinin hüquqlarına və mənafelərinə hər hansı formada ziyan dəymiş olması şərtdir. Məhz sadalanan halların birgə mövcudluğu işçi ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsinə yol aça bilər. Halbuki hazırkı işdə cavabdeh (işəgötürən) tərəfindən sadalanan halların mövcudluğunu təsdiq edə biləcək hər hansı mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Belə ki, tərəflərin izahatları və iş materialları ilə də sübut olunur ki, iddiaçının işdən çıxarılması üçün əsas olan cavabdehin istinad etdiyi hərəkəti nəticəsində işəgötürənin hüquqlarına və mənafelərinə hər hansı bir ziyan dəydiyi təsbit olunmur. Bundan başqa, qanunun tələbinə əsasən işəgötürənin hüquqlarına və mənafelərinə dəymiş ziyan işçinin qəsdən və səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu yerinə yetirmədiyi səbəbindən yaranmalıdır. Halbuki tərəflərin izahatlarından və iş materiallarından da görünür ki, işçinin bankın müştərilərinin məlumatlarını ayrıca bir diskə köçürməkdə məqsədi ona məxsus komputer format olunarkən müştərilərin məlumatlarının qorunub saxlanması olmuşdur. Eyni zamanda o da müəyyən olunur ki, məlumatlar köçürülmüş həmin disk zatən bankın fililalından kənara çıxarılmamış və filialın yerləşdiyi binada məhv edilmişdir. Buradan da görünür ki, işçinin bankın müştərilərinin məlumatlarını ayrıca bir diskə köçürməkdə hər hansı bir qərəzi, yaxud işəgötürənin kommersiya sirrini yaymaq kimi bir məqsədi olmamış və həmin diskin iş yerində məhv edilməsi ilə də belə bir hal yaşanmamışdır. İddiaçıya töhmət, xəbərdarlıq edilmədən, digər tənbeh tədbirləri görülmədən əmək müqaviləsinə birbaşa həmin əsasla xitam verilməsi işəgötürənin işçiyə qarşı qərəzli mövqedə olduğu ehtimalını yaradır. Bu səbəbdən cavabdehin xx.xx.2024-cü il tarixli əmri ləğv edilməli və cavabdehin üzərinə işçi ilə bağlanmış əmək müqaviləsinə işçinin (tərəflərdən birinin) təşəbbüsü ilə xitam verilməsi barədə əmr verilməsi öhdəliyi qoyulmalıdır.
10. Məhkəmə iş üzrə gəldiyi nəticəni Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70 (ç bəndi), 71 və 72-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri
11. Cavabdeh ASC-in apellyasiya şikayəti verərək qətnamənin qismən təmin edilməsinə dair hissədə ləğv olunmasını və iddianın həmin hissədə rədd edilməsini xahiş etmişdir.
12. Apellyasiya şikayətində göstərilmişdir ki, iddiaçı işlədiyi filialın rəhbərinə məlumat vermədən bankın müştərilərinə aid olan məlumatları istifadəsində olan iş kompüterindən DVD-yə köçürüb. Bank tərəfindən bu hal daxili yoxlama zamanı müəyyən edilib, aktlaşdırılıb, faktla bağlı iddiaçının izahatı alınıb və onun əmək müqaviləsi bu əsasla, ƏM-in 70-ci maddəsinin “ç” bəndi ilə ləğv olunub. İddiaçının DVD-yə köçürdüyü məlumatlar bank sirrini təşkil edən məlumatlardır (MM-in 967.1ci və “Banklar haqqında”Qanunun 41.1-ci maddəsi). İddiaçı Banka işə qəbul olunan zaman imzaladığı xx.xx.2018-ci il tarixli tam maddi məsuliyyət haqqında müqavilənin 3-cü bəndinə əsasən bank, kommersiya sirrinin qorunub saxlanılmasını təmin edəcəyinə dair öhdəlik götürüb. Bundan başqa, iddiaçının əmək müqaviləsi ləğv olunana qədər işlədiyi mikro və aqro kreditlər üzrə baş mütəxəssisin vəzifə təlimatının 2.1.15-ci bəndinə görə müştəri ilə əlaqəli məlumatların bankdan kənar şəxslərə və təşkilatlara çıxmasının qarşısını almaq iddiaçının vəzifə öhdəliyi olub. Həmin Təlimatın 4.2-ci bəndinə görə baş mütəxəssis “Banklar haqqında” Qanunla müəyyən edilmiş bank sirrinin qorunmasına görə birbaşa məsuliyyət daşıyır. İddiaçı işlədiyi filialın rəhbərinə məlumat vermədən bankın müştərilərinə aid olan məlumatları istifadəsində olan iş kompüterindən DVDyə köçürməklə qanunvericiliyin, tam maddi məsuliyyət haqqında müqavilənin və vəzifə təlimatının tələblərini pozub və bununla da bankı həm hüquqi, həm də iqtisadi cəhətdən riskə məruz qoyub. İddiaçının əldə etdiyi və bank sirri sayılan məlumatlar onun əmək funksiyasının icrası zamanı bilavasitə özü tərəfindən toplanılıb və ya ona verilən məlumat daşıyıcılarından əldə olunub. Bu halda bank kommersiya sirrinin sahibi (“Kommersiya sirri haqqında” Qanunun 2.0.3-cü maddəsi), iddiaçı isə kommersiya sirrinin konfidentidir (həmin Qanunun 2.0.4-cü maddəsi). Göründüyü kimi, kommersiya sirrinin sahibi olan Bank iddiaçını əmək müqaviləsi ilə işə qəbul etdikdən sonra yuxarıda qeyd edilən sənədlərə imza etdirməklə onu kommersiya sirrinin konfidenti edib və bununla da iddiaçını kommersiya dəyərinə malik olan məlumatların dövriyyəsinə buraxıb. İddiaçının müştəri məlumatlarını DVD-yə köçürdüyü kompüter onun öz şəxsi əmlakı deyil, bankın ona təhkim etdiyi invertardır. Kompüteri işçi özü format edə bilməz. Belə bir ehtiyac olduqda işçinin məlumatı və birbaşa rəhbərinin də razılığı əsasında komputer bankın müvafiq struktur bölməsinin əməkdaşı tərəfindən format olunur və bu zaman bütün məlumatlar qorunur. Odur ki, format olunacaq komputerdəki məlumatları qorumaq zərurəti barədə iddiaçının göstərdikləri inandırıcı deyildir. Məlumatların köçürüldüyü diskin bankın fililalından kənara çıxarılmaması işin hallarına uyğun gəlmir. Belə ki, məlumatlar diskə 2024-cü il oktyabrın 22, 24 və 25də, noyabrın 6 və 16-da köçürülüb. Bu fakt aşkar olunana qədər diskin istənilən sayda surəti çıxarıla və ya ordakı məlumatlar başqa kompüterə köçürülə bilərdi. xx.xx.2024-cü ildə öz xahişi ilə işdən çıxmaq barədə ərizə ilə banka müraciət edən iddiaçının əvvəlki 1 ay ərzində özünə lazım olan, gələcək iş yerində istifadə edə biləcəyi məlumatları DVD-yə köçürməkdə məqsədinin nədən ibarət olduğu aşkardır (iddiaçının hazırda başqa bankda işlədiyi də nəzərə alınarsa). Diskin filialda məhv edilməsi onun bu məqsədinin qarşısını tam alan vasitə deyildir. O da istisna olunmur ki, disk məhv olunana qədər ordakı informasiya başqa məlumat daşıyıcısına köçürülə bilər. Odur ki, işçinin bankın müştərilərinin məlumatlarını ayrıca bir diskə köçürməkdə hər hansı bir qərəzinin, yaxud işəgötürənin kommersiya sirrini yaymaq kimi bir məqsədinin olmaması barədə məhkəmənin gəldiyi qənaət əsassızdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
14. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4063/2025 nömrəli 21 iyul 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər - Elşən Kazımov (sədrlik edən və məruzəçi), Cəmilə Musayeva və Fuad Babayev) Cavabdeh ASC-nin apellyasiya şikayəti təmin edilməmiş, mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-704/2025 nömrəli 05 may 2025-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.
15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, cavabdeh tərəfindən təqdim edilən sənədlərdə iddiaçının Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndinin tələblərini pozması açıq-aşkar təsdiq olunmur.
16. Hazırkı iş üzrə cavabdeh əmək müqaviləsini iddiaçının 70-ci maddəsinin ç bəndinin tələblərini pozması əsası ilə ləğv etmişdir. Əslində isə iddiaya etirazın mahiyyəti daha çox iddiaçının 72-ci maddənin d bəndini, yəni qəsdən istehsal, kommersiya və ya dövlət sirrini yayması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi ilə bağlı olub ki, bu hal da işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulmasına aiddir. İddiaçı ilə qeyd olunan əsasla əmək müqaviləsinə xitam verilməsi üçün mötəbər sübutlar olmalıdır. Ancaq işdə hər hansı bir mötəbər sübut mövcud deyildir. Bu cür vəziyyətdə iddiaçıya ən ağır intizam tənbehi verilməsi üçün ən azından onda göstərilənlərin həqiqiliyi yoxlanılmalı və təsdiq edilməli idi. Ancaq cavabdeh tərəfindən nəinki həmin halların həqiqiliyinin yoxlanılmasına dair məhkəməyə mötəbər sübut təqdim edilmiş, üstəlik məhkəmə tərəfindən də iddiaçının hansısa intizam xətasına yol verildiyi müəyyən edilməmişdir. Əksinə, iddiaçının öz əmək funksiyasının və əmək müqaviləsi üzrə öhdəliklərini layiqincə yerinə yetirdiyinə görə dəfələrlə təltif edildiyi iş materialları ilə təsdiq olunub. Bu cür vəziyyətdə cavabdehin iddiaya etirazı ümumiyyətlə başadüşülən olmamışdır. Çünki bu halları, yəni etirazının əsası kimi istinad etdiyi halları sübut etmək yükü cavabdeh tərəfin üzərinə düşür, ancaq cavabdeh tərəf bu halları sübut edə bilmir.
17. Bundan başqa, iddiaçının işlədiyi filialın rəhbərinə məlumat vermədən bankın müştərilərinə aid olan məlumatları istifadəsində olan iş kompüterindən DVD-yə köçürməsi iddiaçının həmin məlumatları qəsdən yayması, yaxud bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi kimi qiymətləndirilə bilməz. İddiaçının bank, kommersiya sirrini qorunub saxlanılmasını təmin edəcəyinə dair öhdəlik götürməsi də bu öhdəliklərin pozulduğunu bəyan etmək üçün əsas deyildir. Ən azından cavabdeh tərəf bu barədə bir sübut belə məhkəməyə təqdim etməyib. İddiaçı da anlayıb ki, müştəri ilə əlaqəli məlumatların bankdan kənar şəxslərə və təşkilatlara çıxmasının qarşısını almaq vəzifə öhdəliyi olub və bank sirrinin qorunmasına görə birbaşa məsuliyyət daşıyır. Ancaq onun bu öhdəliyini pozub bankı həm hüquqi, həm də iqtisadi cəhətdən riskə məruz qoyması təsdiq olunmur.
18. Məlumatların köçürüldüyü diskin bankın fililalından kənara çıxarılmamasının işin hallarına uyğun gəlməməsi, yəni bu fakt aşkar olunana qədər diskin istənilən sayda surəti çıxarıla və ya ordakı məlumatların başqa kompüterə köçürülə bilməsi barədə dəlillər ehtimal xarakteri daşıyır. Üstəlik xx.xx.2024-cü ildə öz xahişi ilə işdən çıxmaq barədə ərizə ilə banka müraciət edən iddiaçının əvvəlki 1 ay ərzində özünə lazım olan, gələcək iş yerində istifadə edə biləcəyi məlumatları DVD-yə köçürməkdə məqsədinin nədən ibarət olduğunun aşkar (iddiaçının hazırda başqa bankda işlədiyi də nəzərə alınarsa) olması barədə dəlillər də eyni xarakter daşıyır. Bir daha qeyd olunur ki, iddiaçının cavabdehin kommersiya sirrini, üstəlik qəsdən yayması yaxud bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi təsdiq olunmalıdır, ancaq təsdiq olunmur. Əksinə iddiaçının bəyan etdiyi, yəni cavabdeh qurumun onun başqa işəgötürənlə əmək münasibətlərinə daxil olmaq istəyinə qısqanclıqla yanaşdığına görə onunla qeyd olunan əsasla əmək müqaviləsinə xitam verməsi işin halları ilə tam təsdiq olunur. Əks halda uzun müddət qüsursuz əmək funksiyasının yerinə yetirən iddiaçıya qarşı iş yerini dəyişmək istədiyinə görə birdən-birə ən ağır intizam tənbehinin verilməsi həyatda həmişə baş verən hallara uyğun gəlmir.
19. Apellyasiya instansiyası məhkəməsi iş üzrə gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 12 “c”, 68.1, 68.2, 69.1, 69.2, 69.3, 69.5, 69.7, 70 “ç”, 71.2, 71.3, 72 “d”, 76, 83.1 və 300.1-ci maddələrinə istinad etmişdir.
c)Kassasiya instansiya məhkəməsində icraat
20. Cavabdeh kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
21. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 18 noyabr 2025-ci il tarixli 2(102)-3297/2025 nömrəli qərarı ilə (hakim Ə.Nurəhmədovun məruzəsi ilə, hakimlər R.Həsənov və A.Abbasovdan ibarət tərkibdə) kassasiya şikayəti qismən təmin edilmiş, həmin iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4063/2025 nömrəli 21 iyul 2025-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yeni apellyasiya baxışına qaytarılmışdır.
22. İşi yeni apellyasiya baxışına qaytararkən kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, işə baxan apellyasiya instansiyası məhkəməsi tərəflərin təqdim etdikləri sübutlara tam və hərtərəfli baxmamış, həmin sübutlara düzgün hüquqi qiymət verməmiş, nəticədə düzgün olmayan birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlamışdır.
23. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçının əmək müqaviləsinə xitam verilməsi barədə ərizə yazması, bunu başqa bir bank təşkilatında işə düzəlməsi ilə bağlı etməsi, ərizə yazana qədər isə bankın müştəriləri haqqında məlumatları xidməti kompyuterindən ayrıca diskə köçürməsi, bunu filialın rəhbərinin razılığı olmadan etməsi əsas verir ki, iddiaçının məqsədi müştərilər haqqında məlumatlardan gələcəkdə işlədiyi bankda istifadə etmək, yaxud həmin məlumatları istifadə üçün digər şəxslərə vermək olmuşdur. İddiaçının bu hərəkətlərinin qarşısının cavabdeh bank tərəfindən monitorinq keçirilməklə alınması da göstərir ki, iddiaçı öz hərəkətləri ilə cavabdehin bank sirri təşkil edən hesab əməliyyatlarının və müştəri haqqında məlumatların yayılmasına real təhlükə yaratmışdır. Bu hal, yəni məlumatların yayılmasına real təhlükə yaranması və bu təhlükənin iddiaçının deyil, cavabdeh bankın təşəbbüsü qarşısının alınması işəgötürən banka ziyan dəyməsi, onun fəaliyyətinin risk altına düşməsi, iddiaçının əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilməlidir. Nəzərə alınmalıdır ki, ƏM-nin 71-ci maddəsinin 2-ci hissəsində yalnız maddi zərərdən deyil, “hər hansı formada” ziyan dəyməsindən bəhs olunur.
Proses iştirakçılarının izahatı
24. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etdi.
25. İddiaçının nümayəndəsi-vəkili apellyasiya şikayətinin əsassız olduğunu bildirərək, təmin edilməməsini xahiş etdi. O, əlavə olaraq bildirdi ki, iddiaçı kredit mütəxəssisi işləyərkən bütün müştərilərin zəruri sənədləri onun telefonunda olmuş, telefondan kompyuterə köçürülmüş və bu səbəbdən də müştərilər barədə məlumatların ələ keçirmək məqsədi ilə başqa daşıyıcıya köçürməsinə ehtiyac olmamışdır. Bu səbəbdən qeyd edilən hərəkətlərin bank sirrinin yayılması kimi qiymətləndirilə bilməz. Kompyuterlərin format olunması məqsədi ilə məlumatların DVD diskə köçürülməsi bundan əvvəl də olmuş və hər dəfə də müvafiq şəxslərin bu barədə məlumatı olmuşdur. İddiaçı barəsində qeyd edilən hərəkətlər qərəzli formada baş vermişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Əmək Məcəlləsi
26. Maddə 10, bənd “D”. Dövlət sirrini, habelə işəgötürənin kommersiya sirrini müəyyən olunmuş qaydada və şərtlərlə gizli saxlamaq əmək müqaviləsi üzrə işçinin əsas vəzifələrindəndir.
27. Maddə 70, bənd “Ç”. İşçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər.
28. Maddə 71, 2-ci hissə. Bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.
29. Maddə 71, 3-cü hissə. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinə xitam verilməsinin zəruriliyini əsaslandırmalıdır.
30. Maddə 72, bənd “D”. Qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir.
31. Maddə 199, bənd “E”. İşəgötürənin kommersiya sirrini yaydıqda işçi qanunazidd hərəkətləri ilə vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır.
Azərbaycan Respublikası Mülki Məcəlləsi
32. Maddə 967.1. Bank hesabının və bank əmanətinin, hesab əməliyyatlarının və müştəri haqqında məlumatların sirrinə bank qarantiya verir.
33. Maddə 967.2. Bank sirrini təşkil edən məlumatlar yalnız müştərilərin özlərinə və onların nümayəndələrinə, həmçinin kənar auditorlara, maliyyə monitorinqi orqanına və maliyyə bazarlarına nəzarət orqanına verilir. Dövlət orqanlarına və onların vəzifəli şəxslərinə, habelə kredit bürolarına bu cür məlumatlar yalnız qanunda nəzərdə tutulmuş hallarda və qaydada verilə bilər.
34. Maddə 967.3 Bank sirri təşkil edən məlumatlar bank tərəfindən açıqlandığı halda hüquqları pozulmuş müştəri bankdan vurulmuş zərərin əvəzini ödəməyi tələb edə bilər.
“Kommersiya sirri haqqında” Azərbaycan Respublikasının Qanunu
35. Maddə 2.0.1. Kommersiya sirri - hüquqi və fiziki şəxslərin istehsal, texnoloji, idarəetmə, maliyyə və başqa fəaliyyəti ilə bağlı, sahibinin razılığı olmadan açıqlanması, onların qanuni maraqlarına ziyan vura bilən məlumatlardır.
36. Maddə 2.0.3. kommersiya sirrinin sahibi - kommersiya sirrinə qanuni əsaslarla malik olan hüquqi və ya fiziki şəxs.
37. Maddə 2.0.4. kommersiya sirrinin konfidenti - kommersiya sirrini qanuni əsaslarla kommersiya sirrinin sahibindən əldə edən hüquqi və ya fiziki şəxs.
38. Maddə 2.0.7. Kommersiya sirrini yaymaq - müvafiq qanunvericiliyin, yaxud müqavilə şərtlərinin pozulması yolu ilə kommersiya sirrinin başqa şəxslərə açıqlanmasıdır.
39. Maddə 4.2. Hüquqi və fiziki şəxslərin bank sirrini təşkil edən məlumatlarının qorunması və istifadəsi müvafiq qanunvericiliklə tənzimlənir.
“Banklar haqqında” Azərbaycan Respublikasının Qanunu
40. Maddə 41.1. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə müvafiq olaraq bank hesabının, hesab üzrə əməliyyatlar və qalıqların, habelə müştəri haqqında məlumatların, o cümlədən müştərinin adı, ünvanı, rəhbərləri haqqında məlumatların sirrinə bank təminat verir. Müştərilərin bank saxlancında əmlakının mövcudluğu, bu cür əmlakın sahibləri, xarakteri və dəyəri haqqında məlumatların sirrinə də bank təminat verir.
41. Maddə 41.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə müvafiq olaraq bank sirrini təşkil edən məlumatlar yalnız müştərilərin özlərinə və onların nümayəndələrinə, həmçinin kənar auditorlara, maliyyə monitorinqi orqanına və maliyyə bazarlarına nəzarət orqanına verilir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
42. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
43. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
44. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
45. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
46. Maddə 385.1.2. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. 47.Maddə 388. Apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir. 48.Maddə 420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.
Apellyasiya baxışının hədləri
49. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
50. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
51. Kollegiya ilk növbədə qeyd edir ki, hazırki halda işə yeni Apellyasiya qaydasında baxılır və bu zaman Apellyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməsini ləğv etmiş kassasiya məhkəməsinin hüquqi mövqeləri nəzərə alınmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.
52. Qətnamə bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
53. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməklə, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilməklə iddia tələbi rədd edilməlidir.
54. İddiaçı cavabdeh bankda mikro və aqro kreditlər üzrə baş mütəxəssisin vəzifəsinə işləməsi, işə qəbul olunan zaman imzaladığı tam maddi məsuliyyət haqqında müqaviləyə və vəzifə təlimatına görə bank və kommersiya sirrinin qorunub saxlanılmasını təmin etmək, müştəri ilə əlaqəli məlumatların bankdan kənar şəxslərə və təşkilatlara çıxmasının qarşısını almaq öhdəliyini götürməsi, “Banklar haqqında” Qanunla müəyyən edilmiş bank sirrinin qorunmasına görə birbaşa məsuliyyət daşıması, əmək müqaviləsinə xitam verilməsinə dair ərizə yazdığı tarixdən əvvəlki bir ay, yəni 2024-cü ilin oktyabrın 22, 24 və 25-də, noyabrın 6 və 16-da işlədiyi filialın rəhbərinə məlumat vermədən bankın müştərilərinə aid olan məlumatları istifadəsində olan iş kompüterindən DVD-yə köçürməsi, bu faktın daxili yoxlama zamanı aşkar olunub aktlaşdırılması, DVD diskə köçürülmüş məlumatların Mülki Məcəllənin 967.1ci və “Banklar haqqında” Qanunun 41.1-ci maddəsinə görə bank sirri sayılan məlumatlar olması işin mübahisəsiz hallarıdır.
55. İş materiallarına əlavə edilmiş Cavabdeh ASC-də Filialın Mikro və aqro kreditlər üzrə baş mütəxəssisinin vəzifə təlimatının 4.2-ci bəndinə görə, baş müxtəxəssis “Banklar haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş bank sirrinin qorunmasına görə birbaşa məsuliyyət daşıyır.
56. Qeyd edilən təlimatla iddiaçının tanış olmuş və bunu öz imzası ilə təsdiq etmişdir.
57. İddiaçı ilə cavabdeh arasında bağlnamış 20 noyabr 2018-ci il tarixli tam maddi məsuliyyət haqqında müqavilənin üçüncü hissəsinə görə, işçi ona işəgötürən tərəfindən etibar edilmiş maddi sərvətlərin, həmçinin bank, kommersiya və “Nou- Hau” sirlərinin qorunub saxlanmasını təmin edir, əmək müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri əmək müqaviləsinə uyğun olaraq yerinə yetirir.
58. Göründüyü kimi, kommersiya sirrinin sahibi olan Bank, iddiaçını əmək müqaviləsi ilə işə qəbul etdikdən sonra yuxarıda qeyd edilən sənədlərə imza etdirməklə onu kommersiya sirrinin konfidenti etmiş, bununla da sonuncunu kommersiya dəyərinə malik məlumatların dövriyyəsinə buraxmışdır.
59. Hamıya bəlli olan faktdır ki, bankların əsas vəzifələrindən biri də onda olan müştəri məlumatlarının konfidensiallığını təmin etməkdir. Belə məlumatların yayılması isə istənilən bankın nüfuzuna, onun maliyyə bazarında dəyərinin düşməsinə, kredit siyasətinə, kredit potensialının zəifləməsinə səbəb ola bilər. Eyni zamanda şəxsi məlumatları yayılmış müştərilərin banka qarşı mülki qanunvericiliklə müəyyən edilmiş zərərlərin ödənilməsinə dair tələblərin irəli sürülməsinə əsas ola bilərdi.
60. Əmək Məcəlləsinin tələblərinə görə kommersiya sirrinin işçi tərəfindən yayılmasından başqa, həmin sirrin gizli saxlanılması üzrə öhdəliklərin yerinə yetirilməməsi onun tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir.
61. Göründüyü kimi yalnız kommersiya sirrinin yayılması deyil, həmçinin həmin sirrin gizli saxlanılması üzrə öhdəliklərin yerinə yetirilməməsi də əmək vəzifələrinin kobud pozuntusu hesab edilir.
62. Qanunvericiliyin tələbinə əsasən isə qeyd edilən hallarda əmək vəzifələrinin kobud pozuntusu əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilməsi əsasını təşkil edir.
63. Belə olan halda işəgötürən tərəfindən Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək vəzifələrinin kobud şəkildə pozulması əsası ilə işçi ilə olan əmək müqaviləsinə xitam verilmişdir.
64. İddiaçının dəlili ondan ibarətdir ki, o, kompüterin format olunması nəticəsində məlumatların itməməsi məqsədi ilə müştərilər barədə məlumatı DVD diskə yazmışdır.
65. Kollegiya qeyd edir ki, iddiaçının əmək müqaviləsinə xitam verilməsi barədə ərizə yazması, bunu başqa bir bank təşkilatında işə düzəlməsi ilə bağlı etməsi, ərizə yazana qədər isə bankın müştəriləri haqqında məlumatları xidməti kompyuterindən ayrıca diskə köçürməsi, bunu filialın rəhbərinin razılığı olmadan etməsi əsas verir ki, iddiaçının məqsədi müştərilər haqqında məlumatlardan gələcəkdə işlədiyi bankda istifadə etmək, yaxud həmin məlumatları istifadə üçün digər şəxslərə vermək olmuşdur. Bu əsasın özü məlumatların ehtimal kimi qiymətləndirilsə belə nəzərə alınmalıdır ki, qeyd edilən məlumatlar bank sirri olan məlumatın qorunub saxlanması qaydalarına zidd olmuşdur.
66. İddiaçının bu hərəkətlərinin qarşısının cavabdeh bank tərəfindən monitorinq keçirilməklə alınması da göstərir ki, iddiaçı öz hərəkətləri ilə cavabdehin bank sirri təşkil edən hesab əməliyyatlarının və müştəri haqqında məlumatların yayılmasına real təhlükə yaratmışdır. Bu hal, yəni məlumatların yayılmasına real təhlükə yaranması və bu təhlükənin iddiaçının deyil, cavabdeh bankın təşəbbüsü qarşısının alınması işəgötürən banka ziyan dəyməsi, onun fəaliyyətinin risk altına düşməsi, iddiaçının əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilməlidir. Nəzərə alınmalıdır ki, ƏM-nin 71-ci maddəsinin 2-ci hissəsində yalnız maddi zərərdən deyil, “hər hansı formada” ziyan dəyməsindən bəhs olunur.
67. Nəzərə alınmalıdır ki, iddiaçının istifadəsində olan kompyuter cavabdehin balansında olan invertadır. Cavabdeh isə bank təşikalatı olmaqla informasiya təhlükəsizliyinə bu qədər etinasız yanaşması mümkün deyilki, hər hansı əməkdaş istifadəsində olan kompyuteri özbaşına “format” etsin. İstənilən bankın daxilində qeyd edilən məsələlərin həlli ilə məşğul olan, texniki dəstək göstərən İnformasiya Təhlükəsizliyi departamentləri fəaliyyət göstərir.
68. Qeyd olunanlara əsasən Kollegiya hesab edir ki, əmrin ləğv edilməsi üçün əsas yoxdur, iddiaçının tələbi əsassızdır.
69. Mübahisələndirilən əmrin ləğv edilməsi üçün hər hansı əsas müəyyən edilmədiyindən mənəvi zərər hissəsində də Kollegiya qeyd edir ki, iddia əsas hissədə əsassız olduğundan və iddia tələbi təmin edilmədiyindən, bu hissədə də iddia rədd edilməidir.
70. Kollegiya qeyd edir ki, zərərin mövcud olduğu təqdirdə, zərərin cavabdehin qanunsuz hərəkət və yaxud hərəkətsizliyi nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin mövcudluğu və zərər vuran şəxsin təqsirliliyi müəyyən edilmir.
71. Məhkəmə xərclərinə gəldikdə isə kollegiya hesab edir ki, məhkəmə xərcləri onu ödəyən tərəflərin özlərinə aid edilməlidir.
72. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-704/2022 nömrəli iş üzrə 05 may 2025-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilməklə, İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “’əmrin ləğv edilməsi və s. tələbinə dair” iddiası təmin edilməsin. Məhkəmə xərcləri onu ödəyən tərəflərin özlərinə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.