Məhkəmə qərarları › İş №2(3-6)-1260/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-6)-1260/2026

27.04.2026 · Əmək mübahisələri - Əmək haqqı tələbi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-1260/2026 27.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh “xxxx” MMC-yə qarşı mülki iş (Açar sözlər: «işçinin əmək funksiyasını, əmək müqaviləsi üzrə öhdəliklərini pozması») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi, İddiaçı İddiaçı iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı, ## ###### 2025-ci il tarixli qətnaməsindən iddiaçı İddiaçı apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İşin halları:

1. Birinci instansiya məhkəməsində işə mahiyyəti üzrə baxılarkən təqdim edilmiş sübutlara əsasən işin faktiki halları ilə müəyyən edilib ki: əmək müqaviləsinin xitam verilməsi barədə ##.##.2025-ci il tarixli X.Ş-063 No li əmrə əsasən “xxxx” MMC bölməsində satıcı-xəzinədar vəzifəsində işləyən İddiaçı ilə bağlanmış *******000400 nömrəli əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi - işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda maddəsinə əsasən ##.##.2025-ci il tarixindən xitam verilmişdir.

2. “xxxx” MMC-nin İddiaçı ünvanlandığı əmək müqaviləsinə xitam verilməsi barədə bildirişxəbərdarlıq məktubunda göstərilib ki, onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə - işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda bəndinə əsasən xitam veriləcəkdir.

3. ##.##.2025-ci il tarixli akta əsasən “xxxx” mağazasının Elmlər filialında mövcud olan məhsulların sayımına yaradılan komissiya üzvləri tərəfindən kəsrin məbləğinin 2206 manat olması müəyyən edilmişdir.

Birinci instansiya məhkəməsində icraat:

4. İddiaçı İddiaçı cavabdeh “xxxx” MMC-yə qarşı əmək münasibətlərinin xitamının qanunsuz hesab edilməsi və.si tələbinə dair iddia ərizəsi, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək əmək müqaviləsinə xitam verilməsinə dair ##.##.2025-ci tarixli əmrinin qanunsuz hesab edilərək ləğv edilməsi, əmək kitabçasının, son haqq-hesabın - əmək haqqının, istifadə edilməmiş məzuniyyət günlərinin və digər ödənişlərin tam şəkildə hesablanaraq ona ödənilməsinin cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib.

5. İddiada göstərilib ki, İddiaçı ##.##.2024-cü il tarixindən “xxxx” MMC-də əmək müqaviləsi əsasında fəaliyyət göstərmişdir. ##.##.2025-ci il tarixində çıxış ərizəsi yazsa da, faktiki olaraq ##.##.2025-ci il tarixinədək işini davam etdirmişdir. ##.##.2025-ci ildə iş yerinə çağırılaraq ona qarşı əsassız ittihamlar irəli sürülmüş, izahat yazmağa məcbur edilmiş, telefonu əlindən alınmış və polis çağırılmışdır. Polis tərəfindən heç bir rəsmi protokol olmadan Səbail RPİ-yə aparılmış, orada 200 manat tələb edilmiş və telefonu qaytarılmamışdır. ##.##.2025-ci il tarixində onunla əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. Lakin bu xitamın hüquqi əsası yoxdur, çünki onun son iş günü 12 iyun olmuş, ittiham və sübutlar isə sonradan formalaşdırılmışdır. ƏMAS sistemində nə əmək müqaviləsi, nə də xitam əmri yüklənmişdir. İşdən çıxandan sonra son haqq-hesab və istifadə olunmamış məzuniyyət kompensasiyası bu günədək ödənilməmişdir. 1 il 2 ay 12 gün işləmiş, lakin, bu dövrdə yalnız 1 həftə məzuniyyət (oktyabr 2024-cü ildə) verilmişdir. Qanuna əsasən, azı 7 günlük istifadə olunmamış məzuniyyəti qalır. Qarşı tərəflə problemi sülh yolu ilə həll etmək məqsədilə əvvəlcədən könüllü şəkildə mediasiyaya müraciət etmiş, lakin, cavab verilmədiyi üçün proses baş tutmamışdır. Bu səbəbdən işin məhkəmə qaydasında həll olunmasını tələb edir.

6. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı, ## ###### 2025-ci il tarixli qətnaməsi ilə (hakim Gülşən Fərəcova) əmək müqaviləsinə xitam verilməsinə dair əmrin qanunsuz hesab edilərək ləğvi, son haqq-hesabın ödənilməsi barədə iddia tələbinin təmin edilməməsi qət edilmişdir.

7. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı, ## ###### 2026-cı il tarixli əlavə qətnaməsi ilə (hakim Gülşən Fərəcova) əmək kitabçasının qaytarılmasına dair hissədə də iddia tələbinin rədd edilməsi qət edilmişdir.

8. Birinci instansiya məhkəməsi qənaətində göstərib ki, iddiaçı əmək münasibətləri dövründə öz xidməti vəzifələrini əmək müqaviləsinin şərtlərinə və əmək intizamının tələblərinə zidd olaraq icra etmişdir. Belə ki, cavabdeh tərəfindən təqdim edilmiş sübutlarla təsdiq olunur ki, iddiaçı mağazada işlədiyi müddətdə ehtiyatsızlıq nəticəsində qırılmış malları bu barədə işəgötürənə məlumat vermədən anbarındakı sağlam məhsullarla dəyişmiş, habelə ƏDV çeklərini müştərilərə təqdim etməyərək elektron sistemdə qeydiyyata almış və bununla da əldə edilən vəsaiti mənimsəmişdir. Qeyd olunan hallar iddiaçının öz yazılı izahatında da açıq şəkildə etiraf edilmişdir. İddiaçının həmin izahatları təzyiq altında yazması barədə iddiaları isə heç bir sübutla təsdiq edilməmişdir. Mülki prosesual qanunvericiliyin əsas prinsiplərinə uyğun olaraq, iddia etdiyi halların mövcudluğunu sübut etmək yükü məhz iddiaçının üzərinə düşür. Bu isə iş üzrə yerinə yetirilməmişdir. İddiaçının 12 may tarixində işdən azad olunma barədə ərizə verməsi və son iş gününün 12 iyun olması barədə arqumentləri də sübuta yetirilməmişdir. Cavabdehin nümayəndəsi məhkəmədə belə bir ərizənin mövcud olmadığını qəti şəkildə bildirmiş, iddiaçı isə bunun əksini təsdiq edən hər hansı sənəd təqdim edə bilməmişdir. Belə olan halda, həmin ərizənin mövcudluğunu sübut etmək öhdəliyi iddiaçıda qalır və bu öhdəlik icra edilmədiyindən, iddianın bu hissəsi də əsassız hesab edilir. Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinin tətbiqi zamanı 71.2-ci maddədə nəzərdə tutulan şərtlərin mövcudluğu mütləq yoxlanılmalıdır. Həmin normaya əsasən, işçinin qəsdən və ya səhlənkarlıqla əmək funksiyasını yerinə yetirməməsi nəticəsində işəgötürənə maddi ziyan vurulması, istehsal və əmək intizamının normal ahənginin pozulması və ya işəgötürənin qanunla qorunan mənafelərinə zərər yetirilməsi halında əmək müqaviləsinə xitam verilə bilər. Hazırkı iş üzrə müəyyən edilmiş faktlar göstərir ki, iddiaçının hərəkətləri nəticəsində işəgötürənə maddi ziyan vurulmuş, müştərilərin hüquqları pozulmuş, bununla da işəgötürənin nüfuzuna xələl yetirilmişdir. Belə ki, iş materiallarına əsasən, işçi əlavə dəyər vergisi üzrə kassa çeklərini müştərilərə təqdim etməməklə təkcə xidmətdən istifadə edən şəxslərin qanunla qorunan hüquqlarını pozmamış, eyni zamanda işəgötürənin adından çıxış edən səlahiyyətli şəxs qismində birbaşa qanun pozuntusuna yol vermişdir. Bu davranış təsadüfi və ya texniki xarakter daşımır, əksinə, hüquqi nəticələri əvvəlcədən proqnozlaşdırıla bilən, məsuliyyət doğuran hərəkətdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, müştərilərə nəzarət-kassa aparatından verilmiş çeklərin təqdim edilməməsi maliyyə sanksiyasının tətbiqinə səbəb olan hüquqpozma kimi qiymətləndirilir. Bu normanın mahiyyətindən aydın şəkildə görünür ki, qanunverici bu əməli pozuntu hesab etmiş və ona görə birbaşa maliyyə məsuliyyəti nəzərdə tutmuşdur. İşçi isə həmin normanın tələblərini bilərəkdən pozmaqla, işəgötürəni real və qaçılmaz hüquqi risk qarşısında qoymuşdur. Xüsusilə vurğulanmalıdır ki, işçi bu hərəkəti öz adından deyil, bilavasitə işəgötürənin adından çıxış edərək törətmişdir. Bu isə pozuntunun ağırlıq dərəcəsini daha da artırır. Çünki nəticə etibarilə hüquqi və maliyyə məsuliyyəti işçiyə deyil, işəgötürənə yönəlir. Nəticə etibarilə, kassa çeklərinin müştərilərə təqdim edilməməsi faktı işçinin öz vəzifə öhdəliklərini icra etmədiyini açıq şəkildə təsdiqləməklə yanaşı, işəgötürənin adına məsuliyyət yaradan qanun pozuntusunun baş verməsinə şərait yaratdığını sübut edir. Bu isə işçinin davranışının hüquqi baxımdan əsaslı, ciddi və qəbulolunmaz pozuntu kimi qiymətləndirilməsini tam şəkildə əsaslandırır. Doktrinal baxımdan qeyd olunmalıdır ki, əmək münasibətləri təkcə hüquqi deyil, həm də etimad üzərində qurulan münasibətlərdir. İşçi tərəfindən bu etimadın pozulması işəgötürən üçün əmək müqaviləsini davam etdirməyi qeyri-mümkün edən əsaslı səbəb hesab olunur İddiaçının son haqq-hesabın ödənilməsi tələbi ilə bağlı isə məhkəmə qeyd edib ki, son haqq-hesab dedikdə işçiyə ödənilməli əmək haqqı, istifadə edilməmiş məzuniyyətə görə pul əvəzi və digər ödənişlər nəzərdə tutulur. Lakin iş materiallarından görünür ki, iddiaçı özü tərəfindən vurulmuş maddi ziyanın həmin son haqq-hesabdan tutulmasına razılıq vermiş, artıq qalan hissənin isə ödənilməsini qəbul etmişdir. Bu razılığın əksini təsdiq edən hər hansı sübut təqdim edilmədiyindən, bu hal artıq mübahisəsiz fakt kimi qiymətləndirilir. Məhkəmə tərəfindən iş üzrə barışıq əldə olunması məqsədilə dəfələrlə cəhd göstərilmiş, tərəflərə sübut təqdim etmələri üçün real imkanlar yaradılmış, altı hazırlıq iclası keçirilmişdir. Lakin bütün bu müddət ərzində iddiaçı öz iddiasının əsasını təşkil edən halları təsdiq edən heç bir sübut təqdim etməmişdir. Nəticə etibarilə, məhkəmə hesab edir ki, əmrin qanunsuzluğunu təsdiq edən hər hansı hal müəyyən edilməmişdir. Əmək münasibətlərində işçinin vicdanlı davranmaq, işəgötürənin əmlakına və nüfuzuna zərər vurmamaq borcu fundamental xarakter daşıyır. Bu borcun kobud şəkildə pozulması Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinin tətbiqini zəruri edir. Baxmayaraq ki, bu əsas müstəsna xarakter daşıyır, qanunvericilikdə onun tətbiqini istisna edən və ya əvvəlcə daha yüngül tənbeh tədbirlərinin mütləq tətbiqini tələb edən hər hansı norma mövcud deyildir. Məhz buna görə də işəgötürənin birbaşa olaraq 70-ci maddənin “ç” bəndinə istinad etməsi hüquqi baxımdan tam əsaslıdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:

a) apellyasiya şikayətinin dəlilləri

9. İddiaçı İddiaçı apellyasiya şikayətində qətnamənin ləğv, iddianın isə təmin edilməsini xahiş edib göstərir ki, iddiaçının işdən çıxma ərizəsi ola-ola və həmin ərizədən bir ay keçəndən sonra əmək müqaviləsinə öz xahişinə əsasən xitam verilməli idi. Cavabdehin hüququ yoxdur ki, əmək müqaviləmə xitam verilməli olduğu tarixdən sonra xitam versin və əsas kimi yeni araşdırmaları əlavə etsin. İşdən çıxma əsası kimi 72.ç göstərilib halbuki iddiaçının ərizəsi olduğu üçün onun işə gəlməməsi qanuni olub. Əksinə işəgötürən əmək müqaviləsinə vaxtında xitam verməməklə əmək hüquqlarını pozmuşdur. ## #### 2025-ci ildə iddiaçıya təzyiq göstərilərək izahat yazmağa məcbur edilmiş və cavabdehə ziyan vurması üzərinə qoyulmuşdur. ## ### 2025-ci il tarixdə iddiaçı öz xahişi ilə işdən çıxarılma ərizəsi yazmışdır. Həmin ərizəni təqdim etmək barədə cavabdehin nümayəndəsi dəfələrlə məhkəmə iclaslarında etirafedici ifadələr verib. Lakin məhkəmə tərəfindən həmin ifadələr sübut qismində iş materiallarına əlavə edilməyib. İşdən çıxma ərizələrinin verilməsinə dair ölkədə qəbul edilmiş praktika ondan ibarətdir ki, işçilər ərizələrini işəgötürənə təqdim edərək onun vicdanlı davranmasını və Əmək Məcəlləsinin tələblərinə uyğun işdən azad ediləcəklərini gözləyirlər. Bu baxımdan iddiaçı da bu praktikaya uyğun olaraq ərizəsini şəxsən təqdim etmiş və onun təqdim edilməsinə dair sübut tələb etməmişdir. Çünki xəzinədar satıcı kimi iddiaçının bu cür sübut toplamalı olduğundan xəbəri olmayıb və bu onun hüquqlarının kobud şəkildə pozuntusuna gətirib çıxarıb. Məhkəmə sübutların qiymətləndirilməsinə qərəzsiz yanaşmamışdır. Belə ki, məhkəmə iclasında dəfələrlə cavabdeh qeyd etmişdir ki, işdən çıxma ərizəsini guya inventarizasiyadan boyun qaçırdığı üçün yazmışdır. Daha sonra isə ərizənin yazılması faktı ümumiyyətlə təkzib edilmişdir. Hakim məhkəmə iclasından kənarda cavabdehin vəkili və digər nümayəndələri ilə ünsiyyyətdə olmuş və bunu özü etiraf etmişdir. Birinci instansiya məhkəməsində cavabdeh hazırlıq iclaslarında dəfələrlə etiraf edib ki, iddiaçı bir ay qabaqcadan ərizə təqdim edərək işdən çıxmağını xahiş etmişdir. Lakin birinci instansiya məhkəməsi onun bu etiraflarını gözardı edərək, iddiaçı tərəfdən ərizənin təqdim etdiyini sübut etmədiyi qənaətinə gəlmişdir. Bununla da iş üçün əhəmiyyəti olan sübut işdə tətbiq edilməmişdir. Məhkəmə əlavə qətnamə qəbul edilməsi üçün tərəfləri dəvət edib və əmək kitabçasının mın verilməsi məsələsini araşdırıb. Halbuki bütün sübutlar hazırlıq iclasında təqdim edilməli idi. Bu isə 22.01.26 tarixində əlavə edilib. Qətnamə 22 dekabrda çıxarılsa da, əmək kitabçasının göndərilməsinə dair məktub yanvar ayında əlavə edilib. Halbuki həmin sənədin əlavə edilməsi hüquq pozuntusu olub.

b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz.

10. Cavabdeh “xxxx” MMC apellyasiya şikayətinə etiraz verərək, qətnamənin dəyişdirilmədən saxlanmasını, apellyasiya şikayətinin təmin edilməməsini xahiş edib göstərir ki, iş üzrə sübutlar MPM-in tələblərinə uyğun əldə edilmiş və iddiaçı apellyasiya şikayətində sübutların ziddiyətliliyi ilə bağlı halları göstərə bilməmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları.

11. Məhkəmə iclasında iddiaçı İddiaçı apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verib qətnamənin ləğv və iddianın təmin edilməsini xahiş etdi.

12. İşə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh “xxxx” MMC-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, mülki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:

13. Azərbaycan Respublikasının Əmək Məcəlləsi:

Maddə 10. Əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri aşağıdakılardır: a) əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; b) əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək; ç) işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq;

Maddə 11.1. Əmək münasibətləri sahəsində işəgötürənin aşağıdakı əsas hüquqları vardır: a) bu Məcəllə ilə müəyyən edilmiş qaydada işçilərlə əmək müqavilələri bağlamaq, onların şərtlərini dəyişdirmək; b) bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrinə xitam vermək; ............... d) işçilər əmək müqaviləsinin şərtlərini, daxili intizam qaydalarını pozduqda qanunvericiliklə müəyyən olunmuş qaydada onları intizam məsuliyyətinə cəlb etmək; Maddə 12.1. Əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələri bunlardır: b) bu Məcəllənin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək; Maddə 68.1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Maddə 68.2. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; Maddə 69.1. İşçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı(kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. Maddə 69.2. Ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur. Maddə 69.3. İşçi yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək münasibətlərinə daxil olması ilə bağlı yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) razılığı olduqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər. Maddə 69.5. İşçi ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərməyibsə, xəbərdarlıq müddəti bitənədək bu maddə ilə müəyyən edilmiş əsasla əmək müqaviləsinin ləğv edilməsinə yol verilmir. Maddə 69.7. İşəgötürən tərəfindən zor işlədilərək, hədə-qorxu gələrək, yaxud hər hansı başqa üsulla işçinin iradəsinin əleyhinə əmək müqaviləsini ləğv etməyə onu məcbur etmək qadağandır.

Maddə 70. Əmək müqaviləsinə işəgötürən tərəfindən aşağıdakı əsaslarla xitam verilə bilər: ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; Maddə 71.2. Bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinə xitam verilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Maddə 76.1. İşəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. Maddə 83.1. Əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara uyğun olaraq xitam verilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Maddə 186.2. İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, daxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: ç) əmək müqaviləsinə bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə xitam vermək. Maddə 300.1. Əgər, işəgötürən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş xitam verilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.

14. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0 və 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri:

15. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi üçün əsas ola bilməz.

16. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair ## ### 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

17. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının ## ####### 2020-ci il tarixli **/**** nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.

18. Apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də, şikayətin məzmunundan görünür ki, iddia təmin edilmədiyi üçün şikayətin obyektini qətnamənin tam hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də qətnamənin ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.

19. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə tam yoxlanılmalıdır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi:

20. İddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dispozisiya əlamətləri ilə uzlaşmadığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur.

21. Çünki irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə iddianın faktiki halları yuxarıda qeyd olunan normaların dispozisiya şərtləri ilə uzlaşmadığından, üstəlik cavabdehin etiraz və müdafiə hüquqlarına görə də aradan qalxdığından iddia haqlı sayılmır.

22. Əlbəttə ki, bu cür mübahisənin düzgün həlli üçün yuxarıda sadalanan maddi hüquq normalarının dispozisiya şərtlərinin mövcudluğunu sübuta yetirmək yükünün tərəflərdən hansının üzərinə düşdüyü düzgün müəyyən olunmalıdır. Təbii ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməyə borcludur.

23. Ancaq konkret mübahisəyə baxarkən hansı halların sübuta yetirilməli olduğunu məhkəmə müəyyən etdikdən sonra sübutetmə yükünün də hansı tərəfin üzərinə düşdüyü müəyyən edilməlidir. Bir qayda olaraq, sübutetmə yükü iddiaçının üzərinə düşür. Lakin bu qaydadan istisnalar da ola bilir. Çünki qanunla sübutetmə yükü qarşı tərəfin üzərinə qoyula bilər və ya qarşı tərəf mövcud vəziyyətin əksi olan yeni bir hala istinad edirsə sübutetmə yükü artıq onun üzərinə düşəcəkdir.

24. Məhkəmə tərkibi vurğulayır ki, işin həqiqi hallarının düzgün müəyyən edilməsi, əslində tərəflər arasında hansı hüquq münasibətlərinin yaranması, davam etməsi və xitam olunmasının düzgün müəyyən edilməsi, mübahisənin düzgün və qanuna uyğun həllini asanlaşdırır. İşin həqiqi hallarını dəqiq müəyyən edilməsi, həm də tərəflərdən hansının hüquqlarının pozulduğunu, kimin pozduğunu, qorunmalı olan hüququn və mənafenin kimə aid olduğunu düzgün müəyyən etməyi mümkün edir. Bu mənada məhkəmə tərkibi birinci instansiya məhkəməsinin iddia üzrə işin halları və tərəflərin qarşılıqlı münasibətləri baxımından mahiyyət etibarı ilə düzgün nəticəyə gəldiyini müəyyən etdi. Ona görə də qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün əsas yoxdur. Buna baxmayaraq, iddianın və apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar əlavə hüquqi dəyərləndirmə aparılmasını da məhkəmə tərkibi zəruri hesab edir.

25. Əvvəla, cavabdeh tərəfindən təqdim edilən sənədlərdə iddiaçının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinin tələblərini pozması açıq-aşkar təsdiq olunur. Belə ki, 70-ci maddənin “ç” bəndində işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsi üçün iki əsas nəzərdə tutulmuşdur. 1) işçi ya özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməlidir; 2) yaxud da 72-ci maddədə sadalanan hallarda əmək vəziflərini kobud şəkildə pozmalıdır. Hazırki iş üzrə cavabdeh əmək müqaviləsini iddiaçının 70ci maddəsinin “ç” bəndinin tələblərini pozması əsası ilə ləğv etmişdir. Əmrdə də qeyd edildiyi kimi iddiaçının təqsirli hərəkətləri nəticəsində MMC-nin müştərilərinə məxsus ƏDV çekləri mənimsənilmiş, təyin edilmiş mal sayımında iştirak etməmiş, sayım nəticəsində 2206(iki min iki yüz altı) manat maddi ziyan vurulduğu aşkar olunmuş, işəgötürənin etimadı ciddi surətdə sarsıdılmışdır. Demək ki, iddiaçının əmək fəaliyyəti zamanı yol verdiyi hüquq pozuntusuna görə həm işəgötürənin, həm də müştərilərin qanuni mənafeyinə zərər dəymişdir. Təbii ki, iddiaçı ilə qeyd olunan əsasla əmək müqaviləsinə xitam verilməsi üçün mötəbər sübutlar olmalıdır. İşdə nəinki mötəbər sübutlar, o cümlədən iddiaçının qeyd olunan hüquq pozuntularını törətməsinə dair yazılı etirafedici izahatları da mövcuddur. Məhz bu sübutlara əsasən də iddiaçıya ən ağır intizam tənbehi verilməsi əsaslı və qanuni olmuşdur. Bu cür vəziyyətdə iddiaçının apellyasiya şikayəti isə ümumiyyətlə başadüşülən olmamışdır.

26. İddiaçı apellyasiya şikayətində ## #### 2025-ci ildə ona təzyiq göstərilərək izahat yazmağa məcbur edildiyini və cavabdehə ziyan vurmasını üzərinə qoyulduğunu göstərsə də bu dəlillər inandırıcı və ağlabatan sayılmır. Çünki təzyiqin və məcburedilmənin konkret nədə ifadə olunduğunu açıqlamır. Hətta izahat yazmağa məcbur edilməsi həqiqi olsa belə törətdiyi yaxud törətmədiyi hüquq pozuntusunu etiraf etməyə məcbur deyildi yaxud etməyə bilərdi. Ancaq edib, sonradan bu cür dəlillərdən istifadə etməsi isə anlaşılan olsa da, hər hansı bir sübutla da təsdiq olunmur.

27. Bundan əlavə, işçinin təşəbbüsü ilə əmək müqaviləsi ləğv edildiyi halda Əmək Məcəlləsinin 69-cu maddəsinin 1-ci bəndi xəbərdarlıq müddətini 1 ay müəyyən edib. Bu müddətin axımı işçi tərəfindən əmək müqaviləsinin ləğvi barədə ərizənin verilməsi ilə başlayır. Əgər işçi əmək münasibətini dayandırmaq istədiyi günü ərizədə göstərmək istəyirsə bunu yalnız xəbərdarlıq müddətinin (bir ayın) daxilində göstərə bilər. Əmək Məcəlləsi işçiyə xəbərdarlıq müddətini artırmaq səlahiyyəti verməyib. Əgər işçiyə xəbərdarlıq müddətini artırmaq səlahiyyəti verilsə istənilən işçi ərizə yazaraq 2 ay, 3 ay və s. müddətdən sonra əmək müqaviləsinin ləğv edilməsini tələb edə bilər. Əgər işçinin əmək münasibətini dayandırmaq istədiyi gün xəbərdarlıq müddətindən (1 aydan) kənardadırsa ərizə həmin günə aid hissədə etibarsız sayılır və hesab olunur ki, işçi ərizədə əmək münasibətini dayandırmaq istədiyi günü göstərməyib. Bu halda 1 ay bitən kimi əmək müqaviləsi ləğv edilmiş sayılır. Hazırki iş üzrə iddiaçı ## ### 2025-ci ildə işdən çıxmaq istəməsinə dair ərizə yazdığını göstərsə də, işdə bu barədə yəni iddiaçının hansı tarixdə ərizə yazdığı və öz təşəbbüsü ilə hansı tarixdən işdən çıxmaq istəməsinə dair məlumatlar mövcud deyil, cavabdeh tərəf də bunu təkzib edir. Cavabdehin nümayəndəsinin bu halı məhkəmə iclaslarında etiraf etməsi isə bilavasitə və mübahisəsiz təsdiq olunmur. Düzdü, cavabdeh tərəf etiraf edə bilər ki, iddiaçı iddia etdiyi tarixdə yol verdiyi əmək hüquq pozuntusunun aşkarlanmaması üçün əmək müqaviləsinə öz təşəbbüsü ilə xitam verilməsini istəyə yaxud arzulaya bilər, ancaq belə bir istək yaxud arzu kifayət etmirdi, üstəlik iddiaçı bu barədə ərizə də yazıb təqdim etməli idi, ancaq yazdığını və təqdim etdiyini sübut edə bilmr. Bu cür vəziyyətdə xəbərdarlıq müddəti bitdikdən sonra cavabdehin əmək müqaviləsinə xitam vermək hüququnun olub-olmaması üzrə də, belə bir ərizə olduğu halda hüquqi dəyərləndirmə aparıla bilərdi.

28. Bununla yanaşı, bəzən belə mübahisələrin həlli zamanı "əmək müqaviləsinin ləğv edilməsi" anlayışı ilə "əmək müqaviləsinin ləğv edilməsinin rəsmiləşdirilməsi" anlayışı səhvən eyniləşdirilir. İşçinin təşəbbüsü ilə əmək müqaviləsi ləğv edildiyi halda müqaviləni işçi ləğv edir, işəgötürən isə ləğvi rəsmiləşdirir (ƏM.m. 83. h.1). İşçi əmək müqaviləsinin tərəfi kimi həmin müqaviləni ləğv etmək hüququna malikdir, bu hüququnu həyata keçirmək üçün müqavilənin digər tərəfinin (işəgötürənin) əmrindən asılı deyil, sadəcə xəbərdarlıq müddətinə (1 aya) əməl etməlidir. Ancaq hazırkı mübahisənin mahiyyətinə diqqət yetirdikdə aydın olur ki, əmək müqaviləsinin ləğv edilməsini işçi olan iddiaçı öz təşəbbüsü ilə tələb etdiyini sübut edə bilmir, cavabdeh olan işəgötürən isə bu halı qəbul etmir. Ona görə də, cavabdehi qanunsuz və əsassız olaraq öz təşəbbüsü ilə, özü də əmək funksiyasının və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi əsası ilə iddiaçı ilə əmək müqaviləsini xitam verməkdə qınamaq üçün də əsas yoxdur. Həm də Əmək Məcəlləsinin 69-cu maddəsinin 7-ci bəndi bunu yəni,... hər hansı başqa üsulla işçinin iradəsinin əleyhinə əmək müqaviləsinə xitam verməyə onu məcbur etməyi qadağan edir.

29. Məhkəmə tərkibi xüsusilə vurğulayır ki, birinci instansiya məhkəməsi tərəfindən apellyasiya şikayətində göstərilənlərlə eyni məzmunda olan iddia tələbinin dəlilləri üzrə ayrıayrılıqda aparılmış hüquqi dəyərləndirmələr işin halları və tərəflərin qarşılıqlı münasibətləri baxımından düzgün olub və gəldiyi nəticə də əsaslı olmuşdur. Ona görə də apellyasiya şikayətində göstərilən həmin dəlillərlə bağlı göstərilənlərdən əlavə hüquqi dəyərləndirmə aparılmasına məhkəmə tərkibi də lüzum və əsas görmür.

30. Şərh olunanlara əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu səbəbdən də, apellyasiya şikayəti təmin edilməməli və mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı, ## ###### 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

31. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq apellyasiya instansiyası məhkəməsi

q ə t e t d i: İddiaçı İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı, ## ###### 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar