Məhkəmə qərarları › İş №2(3-6)-1434/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-6)-1434/2026

20.05.2026 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-1434/2026 20.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Cavabdeh İB-nə qarşı iş üzrə QƏTNAMƏ İş № *(3-6)-1434/2026 (Açar sözlər: əmrin ləğvi, iddiaçının işə bərpası, məcburi iş buraxma dövrü üçün hesablanan aylıq əmək haqqının ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), X3 və X2 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi, İddiaçı İddiaçı, cavabdeh Cavabdeh İB-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh İB-yə qarşı “əmrin hissəvi qaydada ləğvi və sair” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə ## ### 2026-cı il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Cavabdeh İB-nin strukturun təkmilləşdirilməsi haqqında ## ###### 2025-ci il tarixli 14- 2/3-1İ-41/2025 saylı əmri ilə SOCAR-ın Cavabdeh İB-yi hüquqi şəxs statusuna malik olmayan Metrologiya Departamenti, Təmir-tikinti İdarəsi və Anbar təsərüfatı ləğv edilmişdir. Cavabdeh İB ## ####### 2025-ci il tarixli **-*-*/*-****/**** saylı əmrə əsasən işçi İddiaçı əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinə əsasən (ştatların ixtisar edilməsi) xitam verilmişdir.

2. İddiaçı tərəfindən hazırda müvafiq əmr mübahisələndirilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktları

a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı İddiaçı cavabdeh Cavabdeh İB-nə qarşı “əmrin hissəvi qaydada ləğvi və sair” tələblərinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh İB-nin ixtisarla bağlı əmrinin iddiaçı barəsində olan hissəsinin ləğv edilərək, iddiaçının Bakı Regional Qaz İstismar departamentinin və Bakı Regional Qazın Satışı Departamentinin bazasında hüquqi şəxş statusuna malik olmayan təşkilat kimi Bakı Regional Qaz İstismar İdarəsində əvvəlki vəzifə (peşə) və növbəli iş rejimli işlə təmin olunmağına və bütün bu qanunsuzluqlar son 11 ildə artıq 4-cü dəfə işdən azad olunma – iddiaçının bir müharibə əlilil kimi şərəf və ləyaqətinə toxunduğu ücün cavabdehdən iddiaçıya dəyən maddi və mənəvi ziyana görə 10.000 (on min) manat, məcburi iş buraxma dövrünün əmək haqqını (əmək haqqı kartına köçürülən net məbləğdə) və həmin dövrdə Cavabdeh İB-nin işçilərinə və müharibə iştirakçılarına verdiyi mükafat, “bayram pulu” (Silahlı Qüvvələr Günü, Zəfər Bayramı, Yeni İl, Novruz Bayramı, Qurban Bayramı və s.) kimi ödənilən bütün ödənişlərin cavabdeh Cavabdeh İB-dən tutularaq, iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüşlərdə yaralanaraq, 2- ci qrup əlil olmuşdur. 1996-cı il tarixdən Cavabdeh İB-nin Bakı şəhəri Nəsimi rayon qaz istismarı İdarəsinin qəza-dispeçer xidmətində işləməyə başlamışdır. İndiyədək müdiriyyət tərəfindən ona qarşı heç bir intizam tədbiri tətbiq edilməmişdir. İlk dəfə ## ##### 2014-cü il tarixdə Cavabdeh İB tərəfindən struktur dəyişikliyi adı altında ixtisara salındıqdan sonra Xətai rayon Məhkəməsinin (iş No 2(103)-6479/2014) qətnaməsinə əsasən, 2016-cı ildə öz iş yerinə və əvvəlki növbəli iş yerinə qayıtmışdır. Cavabdeh İB-nin rəhbərliyi ikinci dəfə 2019-cu ildə əlilliyi səbəb gətirərək onu növbəli iş rejimindən çıxarıb 8 saatlıq iş rejiminə keçirdiyindən məhkəməyə müraciət etmiş və Xətai Rayon Məhkəməsinin (iş No 2(011 )-7286/2019) qətnaməsindən sonra 2021-ci ildə yenidən öz yerinə və növbəli iş rejiminə dönmüşdür. Növbəti dəfə 2023-cü ildə Cavabdeh İB-nin rəhbərliyi tərəfindən bu dəfə də yenidən əlilliyi səbəb gətirilərək işdən azad olandan sonra Xətai Rayon Məhkəməsinin qətnaməsi və Ali Məhkəmənin yekun qərarı ilə (iş No 2(011 )-7897/2023) ##.##.2025-ci il tarixdən əvvəlki işinə bərpa olunaraq, növbəli iş rejiminə qaytarıldıqdan sonra üstündən 6 (altı) ay keçməmiş Cavabdeh İB-nin strukturuna daxil olan və onun çalışdığı Bakı Regional Qaz istismar Departamentinin və Bakı Regional Qazın Satışı Departamentinin bazasında hüquqi şəxs statusuna malik olmayan təşkilat kimi Bakı Regional Qaz İstismar İdarəsinin yaranması ilə əlaqədar onun tutduğu vəzifənin guya ləğv olunduğu səbəbindən yenidən onunla bağlanan əmək müqaviləsinə xitam verilməsi barədə ona ## ###### 2025-ci il tarixli **-*-*/*-**-*****/**** saylı bildiriş təqdim edilmişdir. “Guya”sözünü isə ona görə yazmışdır ki, hal-hazırda eyni vəzifəni və eyni işi görən 4 nəfər çilingər eyni iş başındadırlar. "Əlilliyin qarşısının alınması, əlillərin reabilitasiyası və sosial müdafiəsi haqqında" Azərbaycan Respublikası Qanununun 24-cü (“Əlillərin əmək hüququnun həyata keçirilməsi”xxxx“əlillərin yaradıcılıq və istehsal qabiliyyətinin həyata keçirilməsi məqsədilə və fərdi bərpa proqramları nəzərə alınmaqla, onların adi iş şəraiti olan müəssisələrdə, idarələrdə və təşkilatlarda, əlillərin əməyini tətbiq edən ixtisaslaşdırılmış müəssisələrdə, sexlərdə və sahələrdə işləmək, habelə sahibkarlıq fəaliyyəti və qanunla qadağan edilməyən başqa fəaliyyət ilə məşğul olmaq hüququ təmin edilir. Həkim-əmək ekspert komissiyasının rəyinə görə əlilin səhhətinin peşə vəzifələrini yerinə yetirməsinə mane olduğu, yaxud başqa şəxslərin səhhəti və əmək təhlükəsizliyi üçün təhlükə törətdiyi hallar istisna olmaqla, əlillik mülahizələrinə görə əlillə əmək müqaviləsini bağlamaqdan, yaxud əlili işdə irəli çəkməkdən imtina edilməsinə, müdiriyyətin təşəbbüsü ilə onun işdən azad edilməsinə, öz razılığı olmadan başqa işə keçirilməsinə yol verilmir. Müvafiq müəssisələrdə tibbi, peşə və sosial bərpa keçən şəxsin bu müəssisələrdə olduğu müddətdən asılı olmayaraq müdiriyyətin təşəbbüsü ilə işdən azad edilməsinə yol verilmir”. Həmin Qanunun 25-ci (“Əlillərin məşğulluğunun təmin edilməsi”) maddəsində isə bildirilir ki, “əlillərin işə düzəlməsi üçün nəzərdə tutulan kvotanı təmin etməyən və ya onları işə düzəltməkdən boyun qaçıran müəssisələr, idarələr və təşkilatlar, mülkiyyət formasından asılı olmayaraq, ilin yekunlarına görə mənfəətlərindən Azərbaycan Respublikasının əlilləri sosial müdafiə fonduna əlilləri işlə təmin etmədikləri aylar üzrə hər iş yeri üçün respublika üzrə müəyyən edilmiş minimum əmək haqqının 3 misli məbləğində vəsait köçürürlər. Yaradılmış və kvota müəyyən edilmiş iş yerlərinə əlillərin işə göndərilməsi dövlət əhalinin məşğulluğu sisteminin yerli orqanları tərəfindən həyata keçirilir. İşə düzəlmək üçün əlillərə verilmiş göndəriş mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq kvota müəyyənləşdirilmiş bütün müəssisələr və təşkilatlar tərəfindən qəbul edilməlidir”. Adı çəkilən Qanunun 26-cı (“ İşəgötürənlərin əmək qabiliyyətini itirmiş şəxsləri işə düzəltmək vəzifəsi”xxxx“müəssisələr, idarələr, təşkilatlar, kooperativlər, kolxozlar və xüsusi sahibkarlar həmin istehsalatda bədbəxt hadisə nəticəsində əmək qabiliyyətini itirmiş və ya peşə xəstəliyinə tutulmuş, bunun nəticəsində əlil sayılmış işçilərin işə düzəlməsi üçün iş yerləri ayırmağa və ya yenilərini təşkil etməyə borcludurlar. Göstərilən tələbi yerinə yetirmədikdə onlar bu işçi ilə əmək müqaviləsini (bağlaşmasını) ləğv edərkən əlilləri sosial müdafiə fonduna həmin işçinin on illik əmək haqqı məbləğində vəsait köçürməlidirlər. "Əlilliyin qarşısının alınması, əlillərin reabilitasiyası və sosial müdafiəsi haqqında" Azərbaycan Respublikası Qanununun 29-cu (“Əlillərin əmək şəraiti”xxxx“müəssisələrdə, idarələrdə və təşkilatlarda işləyən əlillər üçün fərdi bərpa proqramına müvafiq surətdə lazımi iş şəraiti yaradılır. Kollektiv və ya fərdi əmək müqaviləsində müəyyən edilən əmək şəraiti, o cümlədən əmək haqqı, iş və istirahət vaxtı rejimi, illik və əlavə məzuniyyətlərin müddəti başqa işçilərə nisbətən əlillərin vəziyyətini pisləşdirə və ya hüquqlarını məhdudlaşdıra bilməz. Müəssisə, təşkilat müdiriyyətinin ixtiyarı var ki, əlillərin səhhətindən asılı olaraq onların əmək normalarını azaltsın və əməyini artırılmış qiymətlərlə ödəsin. İşə qəbul zamanı əlillər üçün sınaq müəyyən edilmir. İşçilərin sayı və ya ştatı ixtisar edilərkən ixtisas dərəcəsi bərabər olduqda əlillərin işdə saxlanmaq üçün üstünlük hüququ vardır”. Cavabdeh Cavabdeh İB onu ölkəmizdə analoqu olmayan - son 11 ildə artıq 4-cü dəfə işdən çıxarmaqla onu bir şəxsiyyət kimi,- sağlamlığını vətənin müdafiəsində itirmiş müharibə əlili kimi alçaltmaq, onu illər boyu məhkəmələrdə süründürmək, ailəsini normal dolanışıqdan və müalicə olunmaqdan məhrum etmək, kollektiv arasında iddiaçının gözdən salınmağı məqsədi ilə barəsində həqiqətə uyğun olmayan və yalan, yəni onun demaqoq və təhlükəli şəxs olmağına məlumatların yayması ona mənəvi ziyan vurulduğunun bariz nümunəsidir. Eyni zamand, qanunvericilik ştatların ixtisarına baxmayaraq 2-ci qrup Qarabağ əlili kimi onun ixtisar olunmağına yol vermir və onun ən azı başqa işlə təmin olunmağını tələb edir. Hazırkı halda isə onun 4 işçi yoldaşının öz işlərində qalması, onun isə işdən çıxarılmağı Cavabdeh İB-nin ona olan qərəzli münasibətindən irəli gəlir. Beləliklə də, cavabdeh Cavabdeh İB-nin ixtisara dair əmrinin iddiaçı barəsində hissəsi ləğv edilməli və iddiaçı üstünlük hüququ olan şəxs kimi işdə saxlanılmalıdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı (“Fərdi əmək mübahisələrinin həllində iddia müddətləri”) maddəsinin 2-ci bəndinə əsasən, “bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər”. İxtisar barədə əmrin surətinin iddiaçıya verilməsindən imtina edilmişdir.

5. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsi ilə (hakim İlahə Abbasova) iddianın qismən təmin edilməsi, iddiaçı İddiaçı əmək müqaviləsinə xitam verilməsi barədə Cavabdeh İB-nin ## ####### 2025-ci il tarixli **-*-*/*-*K- ****/**** saylı əmrinin ləğv edilməsi, İddiaçı Cavabdeh İB-nin Bakı Regional Qaz İstismarı Departamentinin Mərkəzi rayonlar üzrə Texniki istismar xidmətinin qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingər vəzifəsinə bərpa bərpa edilməsi, İddiaçı məcburi iş buraxmaya görə ## ####### 2025-ci il tarixdən işə faktiki bərpa ediləcəyi vaxtadək əmək haqqı və müharibə iştirakçılarına bayramlarla (Silahlı Qüvvələr Günü, Zəfər Bayramı, Yeni İl, Novruz Bayramı, Qurban Bayramı və s.) əlaqədar verilən bütün müavinətlərin ödənilməsi və mənəvi ziyana görə kompensasiya qismində cavabdeh Cavabdeh İB-dən 500 manat pul vəsaiti tutularaq, iddiaçı İddiaçı ödənilməsi qət edilmişdir.

6. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin 1 və 2-ci hissələri, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 7, 11, 46, 54 70-ci maddəsinin b bəndi, 74.2, 77.1, 77.2, 78.1, 78.2, 83.1, 83.2, 292, 296.1, 296.2, 296.3, 296.4cü maddələrinə, Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsinin 14.2, 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

7. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə götürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsi əsaslarından biri də işçilərin sayın və ştatlar ixtisar edildikdə əmək müqaviləsinin ləğv edilməsidir. Müəssisə öz strukturunu ştat tərkibini müstəqil surətdə təsdiq edir. İşçilərin say və ştat tərkibini müəyyən etmək hüququ yalnız işəgötürənə məxsusdur. Məhkəmə qətnamədə qeyd etmişdir ki, işçiyə başqa işə keçirilmə ilə bağlı təklif edilməmişdir. Lakin İddiaçı tutduğu vəzifənin ixtisara düşməsi ilə əlaqdar ona başqa iş təklif edilmiş, lakin o başqa işi qəbul etməmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

10. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apelyasiya şikayətini müdafiə edərək onun dəlillərinə uyğun izahat vermiş, şikayətin təmin edilməsini xahiş etmişdir.

11. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini qəbul etməyərək təmin edilməməsini xahiş etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikası Əmək Məcəlləsi

12. Maddə 16. Əmək münasibətlərində vətəndaşlığına, cinsinə, irqinə, dininə, milliyyətinə, dilinə, yaşayış yerinə, əmlak vəziyyətinə, ictimai-sosial mənşəyinə, yaşına, ailə vəziyyətinə, əqidəsinə, siyasi baxışlarına, həmkarlar ittifaqlarına və ya başqa ictimai birliklərə mənsubiyyətinə, qulluq mövqeyinə, həmçinin işçinin işgüzar keyfiyyətləri, peşəkarlıq səriştəsi, əməyinin nəticələri ilə bağlı olmayan digər amillərə görə işçilər arasında hər hansı ayrı-seçkiliyə yol verilməsi, həmin amillər zəminində bilavasitə və ya dolayısı ilə imtiyazların və güzəştlərin müəyyən edilməsi, habelə hüquqlarının məhdudlaşdırılması qəti qadağandır.

13. Maddə 70. “b” bəndi. İşçilərin sayı və ya ştatları ixtisar edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər.

14. Maddə 71.1 İşçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür.

156. Maddə 77.1. İşçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı müddətlərdə rəsmi xəbərdar edilməlidir: on ildən çox əmək stajı olduqda – azı doqquz təqvim həftəsi.

16. Maddə 77.2. Xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçi azı bir iş günü əmək funksiyasının icrasından azad edilir;

17. Maddə 77.3. Əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin “a” və “b” bəndləri ilə ləğv edilərkən işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı məbləğlərdə işdənçıxarma müavinəti ödənilir: on ildən çox əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı iki misli miqdarında.

18. Maddə 78.1. Müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir. İşəgötürən işçinin peşəkarlıq səviyyəsini müəyyən edərkən onun peşə hazırlığı səviyyəsinin yüksəldilməsini, yeni ixtisasa yiyələnməsini və ixtisasının artırılmasını nəzərə alır

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

19. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

20. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

21. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

22. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

23. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

24. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

25. Hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının iddianın təmin olunan hissəsində yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

26. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

27. Məhkəmə kollegiyası iş üzrə sübutlara, müəyyən edilmiş hallara qiymət verərək, iddianı təmin edən birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır.

28. Belə ki, işin mübahisəsiz halları ondan ibarətdir ki, “SOCAR”-ın ## ###### 2025-ci il tarixli 14-2/3-1İ-41/2025 nömrəli əmri strukturun təkmilləşdirilməsi haqqında “SOCAR”-ın prezidenti tərəfindən imzalanmışdır. Həmin əmrin əsasında Cavabdeh İB-nin Bakı Regional Qaz İstismarı Departamentinin Mərkəzi rayonlar üzrə Texniki istismar xidmətinin strukturuna daxil olan qurumlar üzrə ştat vahidlərinin sayı təsdiq edilmişdir. Cavabdeh İB-nin Bakı Regional Qaz İstismarı Departamentinin Mərkəzi rayonlar üzrə Texniki istismar xidmətinin qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingəri İddiaçı ## ###### 2025-ci il tarixli bildirişlə Ştat vahidinin ixtisara düşməsi barədə xəbərdarlıq verilmişdir. Cavabdeh İB-yi tərəfindən işçiyə bildirilmişdir ki, Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsi 6 təqvim həftədən sonra ləğv ediləcəkdir. Cavabdeh İB-nin Bakı Regional Qaz İstismarı Departamentinin Mərkəzi rayonlar üzrə Texniki istismar xidmətinin ## ####### 2025-ci il tarixli **-*-*/*-*K-****/**** nömrəli əmrinə əsasən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə uyğun olaraq ştat vahidinin ixtisarı ilə ləğv edilmişdir.

29. Həmçinin iş materialları ilə müəyyən olunur ki, iddiaçı daha öncə də bir neçə dəfə işə bərpa tələbi ilə məhkəməyə müraciət etmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2014, 2019, 2023-cü il tarixli qətnamələri ilə işə bərpa edilmişdir.

30. İddiaçı hazırda Cavabdeh İB-nin Bakı Regional Qaz İstismarı Departamentinin Mərkəzi rayonlar üzrə Texniki istismar xidmətinin ## ####### 2025-ci il tarixli **-*-*/*-*K- ****/**** saylı “Əmək müqaviləsinə xitam verilməsi haqqında” əmrini mübahisələndirərək əmr verilərkən qanunvericiliyin tələblərinə əməl edilmədiyini bildirir. Cavabdeh isə iddianı qəbul etməyərək müvafiq prosedurların aparılmasında hər hansı pozuntunun olmadığını bildirir.

31. Kollegiya iddia tələbinin əsaslılığına dair aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

32. Belə ki, Azərbaycan Respublikasnın Konstitusiyasının 35-ci maddəsinə əsasən əmək fərdi və ictimai rifahın əsasıdır. Azərbaycan Respulikasının Əmək Məcəlləsinin 16-ci maddəsinə əsasən əmək münasibətlərində vətəndaşlığına, cinsinə, irqinə, dininə, milliyyətinə, dilinə, yaşayış yerinə, əmlak vəziyyətinə, ictimai-sosial mənşəyinə, yaşına, ailə vəziyyətinə, əqidəsinə, siyasi baxışlarına, həmkarlar ittifaqlarına və ya başqa ictimai birliklərə mənsubiyyətinə, qulluq mövqeyinə, həmçinin işçinin işgüzar keyfiyyətləri, peşəkarlıq səriştəsi, əməyinin nəticələri ilə bağlı olmayan digər amillərə görə işçilər arasında hər hansı ayrı-seçkiliyə yol verilməsi, həmin amillər zəminində bilavasitə və ya dolayısı ilə imtiyazların və güzəştlərin müəyyən edilməsi, habelə hüquqlarının məhdudlaşdırılması qəti qadağandır.

33. Məhkəmə kollegiyası qanunvericiliyə əsasən qeyd edir ki, ixtisarın qanuni olmağı üçün ixtisar prosedurunun da qanunvericiliyə uyğun aparılması mühüm şərtdir. Bunun üçün aşağıdakı tələblərə əməl etmək vacibdir. İxtisar real olmalıdır, ixtisarın real olduğunu aşağıdakı sənədlərin məcmusu təsdiq edir: - ixtisar edilmiş ştatlar çıxarılmaqla müəssisənin yeni ştat cədvəlinin təsdiq edilməsi və ya köhnə ştat cədvəlində müvafiq dəyişiklik edilməsi barədə əmr; - işdə qalmaqda üstünlük hüquqlarının müqayisəli analizinin nəticələri barədə sənəd; həmkarlar ittifaqının üzvü olan işçilərin ixtisarı zamanı müəssisənin həmkarlar təşkilatının əsaslandırılmış yazılı qərarı; - ixtisar barədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti və onun yerli orqanlarına 2 ay əvvəlcədən məlumat verildiyini təsdiq edən sənəd; - işçiyə ixtisar olunacağı barədə 2 ay əvvəlcədən məlumat verildiyini təsdiq edən işçinin imzası olan sənəd və ya xəbərdarlıq müddəti əvəzinə iki aylıq əməkhaqqının ödənilməsi barədə işçinin yazılı razılığı və belə ödənişin edildiyini təsdiq edən sənəd; - xəbərdarlıq müddəti ərzində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçinin hər iş həftəsində azı bir iş günü əmək funksiyasının icrasından azad edilməsi barədə əmr (və ya digər rəsmi sənəd); - ixtisar olunan hər bir işçinin əmək müqaviləsinə xitam verilməsi barədə əmr.

34. Kollegiya qeyd edir ki, müəssisələrdə işçilərin sayıxxxxya ştatların ixtisarı müxtəlif səbəblərdən ola bilər: müəssisənin cari işləri daha az işçi ilə yerinə yetirə bilməsi, müəssisənin işinin azalması, fəaliyyət istiqamətinin dəyişməsi və nəticədə müəyyən qrup işçilərə ehtiyacın qalmaması və sair. İxtisar həm işçilərin sayının ixtisarı, həm də ştatların ixtisarı formasında ola bilər.

35. İşçilərin sayının ixtisarı dedikdə, konkret vəzifə üzrə ştat vahidlərinin azaldılması (eyni funksiyaları yerinə yetirən işçilərin arasından bir neçəsinin ixtisarı) başa düşülür.

36. Ştatların ixtisarı dedikdə isə, konkret vəzifənin ümumilikdə müəssisənin ştat cədvəlindən çıxarılması (eyni və ya oxşar funskiyaları həyata keçirən bütün işçilərin ixtisarı) başa düşülür.

37. Məhkəmə qeyd edir ki, işçilərin sayını ixtisar etmək, ştatları, struktur bölmələri ləğv etmək işəgötürənin əsas hüquqlarından biri olmaqla yanaşı, bunu həyata keçirərkən əmək qanunvericiliyinin tələblərinə riayət etmək də işəgötürənin vəzifəsidir.

38. Qeyd edilməlidir ki, işəgötürən işçilərin sayını və ştatları ixtisar etmək hüququndan istifadə edərkən, ixtisarın aparılmasının zəruriliyini əsaslandırmalıdır. İşçinin əmək müqaviləsi bu əsasla ləğv edilərkən də qanunvericiliyin tələblərinə əməl edilməlidir.

39. Hazırkı işdən görünür ki, əmək müqaviləsi ləğv edilərkən işə götürən tərəfindən bu kateqoriya işlər üzrə qanunvericiliyin tələblərinə əməl edilməmişdir. Belə ki, ilk növbədə Cavabdeh İB-nin Bakı Regional Qaz İstismarı İdarəsinin fəhlələrinin 2025-ci il üçün təsdiq edilmiş ştat cədvəlinə edilən dəyişiklik cədvəlllərindən görünür ki, İddiaçı işlədiyi Cavabdeh İBnin Bakı Regional Qaz İstismarı Departamentinin Mərkəzi rayonlar üzrə Texniki istismar xidmətinin qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingər vəzifəsinin ştat vahidləri üzrə dəyişiklik qeydə alınmamışdır. Nəticə etibarilə cavabdeh tərəfindən iddiaçı barəsində qəbul edilmiş əmrin əsası kimi göstərilən çilingər vəzifəsinin ştat vahidlərinin dəyişməsi kimi bir hal mövcud olmamışdır.

40. Daha sonra qeyd edilməlidir ki, Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndindəki əsasla əmək müqaviləsi ləğv edilərkən əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. Bunun üçün isə işəgötürən işçinin peşəkarlıq səviyyəsini müəyyən etməli, bu zaman onun peşə hazırlığı səviyyəsinin yüksəldilməsini, yeni ixtisasa yiyələnməsini və ixtisasının artırılmasını nəzərə alır.

41. Məhkəmə qeyd edir ki, işçinin peşəkarlıq səviyyəsinin qiymətləndirilməsində işəgötürənin mülahizə sərbəstliyi olsa da, bu qiymətləndirmə ən azından aparılmalı, müqayisəli analizin nəticələri təqdim edilməli idi. Bunun əksi hüquqdan sui-istifadə olmaqla, əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, işçilər arasında hər hansı ayrıseçkiliyə yol verilməzliyi kimi təməl prinsiplərin pozulması kimi qiymətləndirilməlidir.

42. Hazırkı iş üzrə cavabdeh ixtisar aparılarkən işdə saxlanılmış şəxslərə münasibətdə necə bir müqayisəli təhlil aparıldığını, hansı kriteriyaların nəzərə alındığını, iddiaçının işəgötürənin mülahizəsinə əsasən hansı kriteriyalara cavab vermədiyini əsaslandırmamış, bu barədə hər hansı dəlil, sübut təqdim etməmişdir. Halbuki iddiaçı 1996-cı ildən həmin müəssisədə çalışmış, bu dövrdə bir neçə dəfə işdən çıxarılsa da, hər dəfə iddiaçı məhkəmə qətnamələri ilə öz vəzifəsi üzrə işə bərpa olunmuşdur.

43. Halbuki daha öncə də qeyd edildiyi kimi, cavabdeh tərəfindən təqdim olunan Cavabdeh İB-nin Bakı Regional Qaz İstismarı İdarəsinin fəhlələrinin 2025-ci il üçün təsdiq edilmiş ştat cədvəlinə edilən dəyişiklik cədvəllərindən görünür ki, çilingər vəzifəsi üzrə ştat vahidlərində hər hansı dəyişiklik qeydə alınmamışdır. Bu halda işəgötürən olaraq cavabdehin ixtisar zamanı hansı ünsürlərə əsasən müqayisəli aparması göstərilməmiş, nəticədə ixtisar zamanı işdə saxlanılan işçilərə münasibətdə məhz iddiaçıya üstünlük verilməməsinin səbəbi barədə hər hansı dəlil təqdim olunmamışdır.

44. Həmçinin qeyd olunmalıdır ki, iddiaçı 2-ci qrup əlildir və bu halda əsaslı səbəblər gətirilmədən onun vaxtından əvvəl lazımi sosial müdafiə almaq hüququndan məhrum edilməsi də ədalətli deyildir. Təsadüfi deyil ki, məşğulluğa kömək sahəsində dövlət siyasəti ilə bağlı qəbul olunmuş bir sıra aktlarda da – “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanunu, “Sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslər üçün kvota tətbiq edilməsi Qaydası”xxxx“Kvota şamil edilməyən müəssisələrin Siyahısı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasi Nazirlər Kabinetinin Qərarında özünüməşğulluğun təşkili və müəssisələrdə kvotanın nəzərə alınması zamanı bir sıra kateqoriya şəxslərlə yanaşı əlilliyi olan şəxslərə də üstünlük verilməli olması öz təsbitini tapmışdır.

45. Məhkəmə kollegiyası, həmçinin nəzərə alır ki, mülki dövriyyə iştirakçıları arasında mövcud olan bir sıra digər münasibətlərdən fərqli olaraq əmək hüquq münasibətləri üçün tərəflər arasında tabeçilik, işəgötürənin işçiyə nisbətən daha güclü tərəf kimi çıxış etməsi xarakterikdir. İşçi ilə əmək müqaviləsinə xitam verilməsinin qanunvericiliyin tələblərinə ciddi riayət olunmaqla həyata keçirilməsi, belə rəsmiləşdirmənin mötəbərliyini şübhə altına almamaq üçün qabaqlayıcı tədbirlərin görülməsini təmin etmək vəzifəsi işəgötürənin üzərinə düşür.

46. Bununla bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” ## #### 2011-ci il tarixli qərarında ifadə olunmuş belə bir hüquqi mövqeyi diqqətəlayiqdir ki, işçi əmək hüquq münasibətlərində işəgötürənə nisbətən iqtisadi cəhətdən daha zəif tərəfdir. İşçinin əmək haqqı bir qayda olaraq onun və ailə üzvlərinin yaşaması üçün əsas gəlir mənbəyidir. İşəgötürən isə işçidən fərqli olaraq iqtisadi baxımdan daha güclü tərəf olmaqla, təşkilati-sərəncamverici səlahiyyətlərə malik olur.

47. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, şəxsin işdən azad edilməsi zamanı həyata keçirilmiş sənədləşmənin nəticələrindən irəli gələn anlaşılmazlıq və ziddiyyətlər işçinin xeyrinə həll olunmalıdır.

48. Kollegiya şikayətin mənəvi ziyan hissəsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, “Şəxsiyyət hüquqlarinin müdafiəsi haqqında” AR Ali Məhkəməsinin Plenumunun ## ###### 2025-ci il tarixli Qərarının 3.2.1-ci bəndinə əsasən, əmək münasibətlərindən irəli gələn hüquqlar da şəxsiyyət hüquqlarının dairəsinə daxil edilmişdir. 3.2.3-cü bəndinə əsasən, Əmək münasibətləri prosesində mənəvi zərərin vurulmasına əsas olan halların dairəsinə Əmək Məcəlləsində birbaşa göstərilən hallarla yanaşı, bu münasibətlərin subyektlərinin şəxsiyyət hüquqlarına hüquqazidd müdaxilə ilə nəticələnən digər hallar da aiddir.

49. Əməlin mənəvi zərərin yaranması əsasını təşkil etdiyi Əmək Məcəlləsində birbaşa göstərilən hallarla yanaşı, işçinin və işəgötürənin şəxsiyyət hüquqlarına hüquqazidd müdaxilə ilə nəticələnən digər hallar da mənəvi zərərin yaranması əsası kimi çıxış edə bilər.

50. Hazırda işin hallarından görünür ki, işçi ilə işəgötürən arasında oxşar məzmunda tələblər əsasında bir neçə məhkəmə mübahisəsi olmuş, buna baxmayaraq, işəgötürən yenidən pozuntuya yol verməklə işçinin əmək hüquqlarını pozmuşdur. Bu da işçinin kollektiv daxilində nüfuzunun salınması və digər şəxsiyyət hüquqlarının pozulmasına gətirib çıxarmışdır. AİHM özünün fundamental qərarlarında (Denisov v. Ukraine, Baničević v. Croatia) qeyd edir ki, işdən çıxarılma (o cümlədən ixtisar) şəxsin peşəkar reputasiyasına, sosial əlaqələrinə və maddi rifahına ciddi zərbə vurduğu üçün onun şəxsi həyatına müdaxilə təşkil edə bilər. Əgər ixtisar prosesi qanunsuz və ya qərəzli aparılıbsa, bu, 8-ci maddənin pozuntusu kimi qiymətləndirilir.

51. Lakin qeyd olunmalıdır ki, mənəvi təzminatın məbləği onun ərizəsi əsasında vurulan mənəvi ziyanın ictimai təhlükəlilik dərəcəsinə, işçinin və işəgötürənin şəxsiyyətinə, işin faktiki hallarına və ədalətli qərar qəbul edilməsi üçün zəruri olan digər obyektiv hallara uyğun olaraq məhkəmə tərəfindən müəyyən edilir.

52. Bu baxımdan kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticənin adekvat olması qənaətinə gəlməklə 500 manat məbləğində mənəvi zərərin təmin edilməsini əsaslı hesab edir.

53. Beləliklə, qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv olunması, əvvəlki işə bərpa olunması və məcburi iş buraxmaya görə əmək haqqıxxxxmənəvi ziyanın ödənilməsinə dair tələblərini təmin etməkdə haqlı olmuşdur. Buna görə də apelyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

54. Məhkəmə kollegiyası qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə ## ###### 2011-ci il tarixli Qərarı).

55. Məhkəmə kollegiyası onu da vurğulamağı zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

56. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür.

57. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

58. Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

59. Kollegiya hesab edir ki, apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği onu ödəmiş tərəfin özünə aid edilməlidir.

60. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği onu ödəmiş şəxsin özünə aid olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Fuad Abdıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar