Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-2923/2026 16.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Cavabdeh Təhsil Kompleksi Qapalı Səhmdar Cəmiyyətinə qarşı QƏTNAMƏ İş № *(3-6)-2923/2026 (Açar sözlər: əmrin ləğvi, iddiaçının işə bərpası, məcburi iş buraxma dövrü üçün hesablanan aylıq əmək haqqının ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), Mərdanova Xumar Afət qızı və Bəhrəmzadə Sabit Xanlar oğlundan ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi, İddiaçı İddiaçı iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh Təhsil Kompleksi Qapalı Səhmdar Cəmiyyətinə qarşı əmrin ləğvi, işə bərpa, məcburi işburaxma müddəti üçün işə bərpa olunan günə qədər buraxılmış vaxtı üçün hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc də daxil olmaqla əmək haqqının ödənilməsi, istifadə olunmamış məzuniyyətlərin, vəzifədən kənar əlavə gördüyü işə görə ödənişlərin tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə ## ######## 2026-cı il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı İddiaçı cavabdeh Cavabdeh Təhsil Kompleksi Qapalı Səhmdar Cəmiyyətinə qarşı əmrin ləğvi, işə bərpa, məcburi işburaxma müddəti üçün işə bərpa olunan günə qədər buraxılmış vaxtı üçün hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc də daxil olmaqla əmək haqqının ödənilməsi,istifadə olunmamış məzuniyyətlərin, vəzifədən kənar əlavə gördüyü işə görə ödənişlərin tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbini belə əsaslandırmışdır ki, onun cavabdeh Cavabdeh Təhsil Kompleksi QSC-nin arasında ##.##.2021-ci il tarixdə İddiaçı000300 nömrəli əmək müqaviləsi bağlanmışdır. Həmin müqavilə üzrə o, Texniki təsərrüfat üzrə bina rəhbəri vəzifəsində işləmişdir. Aralarında bağlanmış əmək müqaviləsi cavabdehin ##.##.2026-cı il tarixli ***/** saylı əmri ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. Cavabdeh tərəfindən qəbul edilmiş əmri qanunsuz və əsassız hesab etdiyi üçün hesab edir ki, əmr ləğv edilməlidir. Cavabdeh tərəfindən heç bir araşdırma aparılmadan və onun izahatı alınmadan sadəcə olaraq Əmək Məcəlləsinə əsassız istinad edilərək müqavilə ləğv edilmişdir. ##.##.2026-cı il tarixli ***/** saylı əmri ona təqdim olunsa da, həmin əmrin üstündə yazılı qaydada razı olmadığını qeyd edərək, əmrin xitam verilməsi, qeyri-iş günlərində işlədiyi üçün əlavə ödənişlərin və vəzifədən kənar görülmüş işlərin ödənişini, 2023-cü il tarixdən bu ilə qədər istifadə olunmamış məzuniyyətlərin bərpası, əmrdə istinad olunan video görüntülərin təqdim edilməsi və onun nüfuzuna xələl gətirdiyinə görə maddi təzminatın ödənilməsini tələb edir. Belə ki, onun davranış və əmək funksiyalarını vicdanla və məsuliyyətlə yerinə yetirməsinə baxmayaraq, cavabdeh məlum olmayan və ona bu günə qədər hələ də sübut kimi təqdim edilmədən video görüntülərinə əsaslanaraq Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. Bundan əlavə onu da qeyd edir ki, işlədiyi dövr ərzində o, bir dəfə də məzuniyyətə buraxılmamışdır, əksinə vəzifədən kənar işlər ona görülmüş və bununla bağlı heç ödənişlər ona edilməmişdir. Onu da qeyd edir ki, özü 2-ci Qarabağ müharibəsinin iştirakçısıdır. Göstərilənləri nəzərə alaraq iddiaçı onun tutduğu vəzifədən azad edilməsi və onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi haqqında ##.##.2026-cı il tarixli ***/** nömrəli əmrin ləğv edilməsi, onun işə bərpa edilməsi, işdən çıxdığı gündən işə bərpa olunan günə qədər buraxılmış vaxtı üçün hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc daxil olmaqla əmək haqqının və 2023-cü il tarixdən istifadə olunmamış məzuniyyətlərin, vəzifədən kənar əlavə görüldüyü işə görə ödənişlərin və 60 manat mediasiya xərclərinin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qətnaməsi ilə (hakim Abdullayev Şahin) iddia ərizəsi qismən təmin edilmiş, Cavabdeh Təhsil Kompleksi Qapalı Səhmdar Cəmiyyətinin İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə qəbul etdiyi ##.##.2026-cı il tarixli ***/** saylı əmr ləğv edilmiş, məcburi işburaxma müddəti üçün İddiaçı əmək haqqı ödənilməklə o, Cavabdeh Təhsil Kompleksi Qapalı Səhmdar Cəmiyyətinin Texniki təsərrüfatı üzrə bina rəhbəri vəzifəsinə bərpa edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
4. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinə, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 9-cu maddəsinin “e” bəndinə, 10, 11.1-ci maddəsinin “d” bəndinə, 70-ci maddəsinin “ç” bəndi, 72-ci maddəsinin “e” bəndi, 76.1, 83.4, 102.1, 135.2, 139.1, 144.2, 186.2, 311-ci maddələrinə, “Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsinin 14.1, 14.2, 77.1, 217.1, 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
5. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin təmin edilən hissədə ləğv edilməsi və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
6. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işin halları məhkəmə tərəfindən aydınlaşdırılmadan yekun məhkəmə aktı çıxarılmışdır. Belə ki, tərəflər arasında müqavilə münasibətlərinin xitamına səbəb olan hərəkət sonuncunun iş materiallarında olan audio-video materialda da görünən qeyri-etik davranışları olmuşdur. Bu işin əsas dəlili olmasına baxmayaraq, məhkəmə tərəfindən hər hansı formada nəzər yetirilməmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
7. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
8. Apellyasiya baxışında iştirak edən iddiaçı İddiaçı apellyasiya şikayətini qəbul etməyərək təmin olunmamasını xahiş etmişdir.
9. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq cavabddeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
10. İşin halları, eləcə də şikayətə işdə olan sübutlar əsasında mahiyyəti üzrə baxılmasının mümkünlüyü nəzərə alınaraq məhkəmə kollegiyası tərəfindən Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən işə gəlməyən tərəflərin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Əmək Məcəlləsi
11. Maddə 70, “ç” bəndi. İşçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər.
12. Maddə 71, 2-ci hissə Bu məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.
13. Maddə 72. “e” bəndi. Əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir.
13. Maddə 83. Əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara uyğun olaraq xitam verilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir.
14. Maddə 186.2, “Ç” bəndi İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən onunla bağlanmış əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv edə bilər.
15. Maddə 287. Fərdi əmək mübahisələri, işəgötürənlə işçi arasında əmək müqaviləsinin, kollektiv müqavilənin şərtlərinin, habelə əmək qanunvericiliyinin və digər normativ hüquqi aktların tətbiqi zamanı yaranan və bu Məcəllə ilə müəyyən edilmiş qaydada, üsullarla və şərtlərlə tərəflərin hüquq bərabərliyi və qanunun aliliyi prinsipləri əsasında həll edilən fikir ayrılığıdır.
16. Maddə 288, “a” bəndi. Bu Məcəllə ilə əmək müqaviləsinin bağlanması, ləğv edilməsi və ya onun şərtlərinin dəyişdirilməsi ilə bağlı məsələlərin tənzimlənməsi zamanı yaranan fərdi əmək mübahisələrinin həlli nizama salınır:
17. Maddə 292.1. İşçi bu Məcəllənin 288-ci maddəsində göstərilmiş məsələlərlə bağlı hüquqlarının və ya qanunla qorunan mənafeyinin pozulduğunu aşkar etdikdə, bu Məcəllədə nəzərdə tutulmuş qaydada fərdi əmək mübahisələrini həll edən orqanlara müraciət edərək pozulmuş hüquqlarının bərpa edilməsini tələb edə bilər.
18. Maddə 300.1. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
19. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
20. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
21. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
22. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
23. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
24. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
25. Hazırki iş üzrə apelyator tərəfindən birinci instansiya məhkəməsinin qətnaməsi təmin edilən hissədə mübahisələndirildiyindən, apellyasiya baxışının hədlərini qətnamənin həmin hissədə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
26. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
27. Məhkəmə kollegiyası iş üzrə sübutlara, müəyyən edilmiş hallara qiymət verərək, iddianı qismən təmin edən birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır.
28. Belə ki, işin müəyyən edilmiş hallarına əsasən iddiaçı Cavabdeh Təhsil Kompleksi QSC-də Texniki təsərrüfat üzrə bina rəhbəri vəsifəsində ##.##.2021-ci il tarixdən işləmişdir. Cavabdeh Təhsil Kompleksi QSC-nin ##.##.2026-cı il tarixli ***/** saylı əmrindən görünür ki, Cavabdeh Təhsil Kompleksi QSC-də ##.##.2026-cı il tarixdə müvafiq səs və görüntü yazısına malik təhlükəsizlik kamerası əsasında aparılmış daxili yoxlama nəticəsində Texniki təsərrüfat üzrə bina rəhbəri vəzifəsində çalışan İddiaçı tərəfindən əmək funksiyalarının, daxili nizamintizam qaydalarının kobud şəkildə pozulduğu müəyyən edilmişdir. Yoxlama zamanı müəyyən edilmişdir ki, işçi iş yerində işə başlayacaq və müəssisə ilə tanışlıq məqsədilə gəlmiş şəxslə təhlükəsizlik kamerasının qeydə almadığı yerdə qalmış, həmin müddət ərzində qeyri-müəyyən hərəkətlərə yol verərək davranış qaydalarına riayət etməmişdir. Müvafiq təhlükəsizlik kamerası görüntüləri ilə təsdiq edilərək aşkarlanan hadisə Cəmiyyətin səlahiyyət şəxsləri tərəfindən aktlaşdırılaraq imzlanmışdır. Həmin akt işçiyə təqdim edilmiş, lakin o, aktı imzalamaqdan imtina etmişdir. Həmin hal da müvafiq qaydada aktlaşdırılmışdır. Bu səbəbdən Cəmiyyətin Texniki təsərrüfat üzrə bina rəhbəri vəzifəsində çalışan işçisi İddiaçı əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud Məcələnin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) uyğun olaraq, ##.##.2026-cı il tarixdən etibarən xitam verilməsi, Cəmiyyətin Mühasibatlıq şöbəsinə işçi ilə son iş günündə son haqq-hesabın aparılması tapşırılması əmr edilmişdir. Əmrin əsası kimi Təhlükəsizlik kamerası görüntüləri, ##.##.2026-cı il və ##.##.2026-cı il tarixli aktlar, Daxili nizam-intizam qaydaları, işçinin ##.##.2026-cı il tarixli izahatları göstərilmişdir. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, aralarında bağlanmış əmək müqaviləsi cavabdehin ##.##.2026-cı il tarixli ***/** saylı əmri ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. Cavabdeh tərəfindən qəbul edilmiş əmri qanunsuz və əsassız hesab etdiyi üçün hesab edir ki, əmr ləğv edilməlidir. Cavabdeh isə iddianı qəbul etməyərək işçi ilə əmək müqaviləsinin ləğvi ilə bağlı hər hansı pozuntununun olmadığı qənaətinə gəlmişdir.
29. Məhkəmə kollegiyası qeyd edir ki, ilk növbədə işəgötürənin əmək müqaviləsinə xitam əsası kimi müraciət etdiyi Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə əlaqədar aşağıdakılar mütləq vurğulanmalıdır.
30. Qeyd olunan norma onun məzmunundan da aydın olduğu kimi 2 müstəqil tərkib hissəyə malik olduğundan bunların hər biri bir-biri ilə vəhdətdə təhlil edilməlidir. Belə ki, hazırki iş üzrə işçi barəsində adıçəkilən normanın tətbiqi üçün: 1) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməli; 2) bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozması kimi faktlar mövcud olmalıdır.
31. Həmin normanın mənasına görə işçinin əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə işdən azad olunması üçün qeyd olunan bu halın qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla baş verməsi və bunun nəticəsində iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahənginin pozulmuş və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olması şərtdir. Məhz sadalanan halların birgə mövcudluğu, işçi tərəfindən yol verilən pozuntunun Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi çərçivəsində qiymətləndirilməsinə və həmin Məcəllənin tələblərinə əməl olunması şərtilə onun əmək müqaviləsinə xitam verilməsinə yol aça bilər.
32. Əmək Məcəlləsinin 71-ci maddəsinin 3-cü hissəsinə görə işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır.
33. Apelyator öz şikayətini belə əsaslandırmışdır ki, məhkəmə tərəfindən sübutların qiymətləndirilməsinə əhəmiyyət verilməmiş, iş üzrə video materiallarda əks olunan pozuntu və o pozuntunun xarakteri məhkəmə tərəfindən aydınlaşdırılmamışdır. Lakin kollegiya apellyatorun bu mövqeyi ilə razılaşmır.
34. Belə ki, iş üzrə video materiallara baxış zamanı hazırda əmrin ləğvini təşkil edən hər hansı qeyri-etik bir hala rast gəlinməmiş, iddiaçı tərəfindən iş yerində işə başlayacaq və müəssisə ilə tanışlıq məqsədilə gəlmiş şəxslə təhlükəsizlik kamerasının qeydə almadığı yerdə qalmasına istinadən həmin müddət ərzində qeyri-müəyyən hərəkətlərə yol verdiyini düşünməyə əsas olacaq hər hansı bir dəlil müəyyən olunmur.
34. Eyni zamanda hazırda apelyator tərəfindən, ümumiyyətlə, pozuntunun xarakterik halları, pozuntuda iştirakçı olan tərəflərin iş üzrə izahatları qarşılaşdırılmamış, adekvat tədbirin digər əməkdaşa münasibətdə də tətbiqi aydınlaşdırılmamışdır. Xüsusilə vurğulanmalıdır ki, cavabdeh tərəf öz şikayətinin əsası hesab edilə biləcək halları təqdim etmək, o cümlədən məhkəmənin suallarına cavab vermək və tədqiq olunmalı məqamları aydınlaşdırmaq üçün 3 ay ərzində hər hansı addım atmamış, heç bir apellyasiya baxışında iştirak etməmiş, nəticədə iddianın təmin olunmasını istisna edə biləcək dəlil və arqumentlər təqdim etməmişdir.
35. Kollegiya o cümlədən qeyd edir ki, Əmək Məcəlləsinin 83.1-ci maddəsinə əsasən əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Lakin iddiaçı ilə əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsinə baxmayaraq, həmin əmr verilərkən əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyi əsaslandırılmamış, əmrdə yalnız ümumi şəkildə işçinin ##.##.2026-cı il tarixdə məktəb binasında etdiyi qeyriadekvat hərəkətlərə istinad edilmişdir.
36. Məhkəmə kollegiyası həmçinin nəzərə alır ki, mülki dövriyyə iştirakçıları arasında mövcud olan bir sıra digər münasibətlərdən fərqli olaraq əmək hüquq münasibətləri üçün tərəflər arasında tabeçilik, işəgötürənin işçiyə nisbətən daha güclü tərəf kimi çıxış etməsi xarakterikdir. İşçi ilə əmək müqaviləsinə xitam verilməsinin qanunvericiliyin tələblərinə ciddi riayət olunmaqla həyata keçirilməsi, belə rəsmiləşdirmənin mötəbərliyini şübhə altına almamaq üçün qabaqlayıcı tədbirlərin görülməsini təmin etmək vəzifəsi işəgötürənin üzərinə düşür.
37. Bununla bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” ## #### 2011-ci il tarixli qərarında ifadə olunmuş belə bir hüquqi mövqeyi diqqətəlayiqdir ki, işçi əmək hüquq münasibətlərində işəgötürənə nisbətən iqtisadi cəhətdən daha zəif tərəfdir. İşçinin əmək haqqı bir qayda olaraq onun və ailə üzvlərinin yaşaması üçün əsas gəlir mənbəyidir. İşəgötürən isə işçidən fərqli olaraq iqtisadi baxımdan daha güclü tərəf olmaqla, təşkilati-sərəncamverici səlahiyyətlərə malik olur.
38. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının işdən azad edilməsi zamanı həyata keçirilmiş sənədləşmənin nəticələrindən irəli gələn anlaşılmazlıq və ziddiyyətlər də işçinin xeyrinə həll olunmalıdır.
39. Beləliklə, məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv olunması, əvvəlki işə bərpa olunması və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsinə dair əsaslı olan tələblərini təmin etməkdə haqlı olmuşdur.
40. Məhkəmə kollegiyası qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə ## ###### 2011-ci il tarixli Qərarı).
41. Məhkəmə kollegiyası onu da vurğulamağı zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
42. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür.
43. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
44. Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
45. Kollegiya hesab edir ki, apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği onu ödəmiş tərəfin özünə aid edilməlidir.
46. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği onu ödəmiş şəxsin özünə aid olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Sabit Bəhrəmzadə