Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2(3-6)-3989/2026 04.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər X2 (sədrlik edən və məruzəçi), X1 və Qafarova Rəna Nazim qızından ibarət tərkibdə, Ərizəçi ərizəçi1 MMC-nin maraqlı şəxs Maraqlı şəxs qarşı “barışıq sazişinin təsdiq edilməsi” barədə ərizəsi ilə bağlı mülki iş üzrə çıxarılmış Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərardadından ərizəçi ərizəçi1 MMC tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: Ərizəçi ərizəçi1 MMC ərizə ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, Maraqlı şəxs ilə aralarında bağlanmış ##.##.2025-ci il tarixli barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı ##.##.2026-cı il tarixli qərardadı ilə ərizə geri qaytarılmışdır. Həmin qərardaddan ərizəçi ərizəçi1 MMC şikayət verərək, qərardadın ləğv edilməsini və ərizənin icraata qəbul edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, iş materiallarında olan ##.##.2025-ci il tarixli barışıq sazişindən görünür ki, Azərbaycan Respublikası MPM-nin 40.2-ci maddəsinə əsasən ikinci tərəflə birinci tərəf öz aralarında yazılı şəkildə bu sazişlə mübahisəli işin ərazi aidiyyətini dəyişərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsi müəyyən etmişdilər. Belə olan halda məhkəmə təqdim edilmiş sübutlara diqqətli yanaşmayaraq ərizəçinin hüquqlarını pozmuşdur. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılması barədə əvvəlcədən məlumat (bildiriş) göndərilmiş, lakin şikayətlə bağlı hər hansı sənəd, habelə işə məhkəmə iclasında baxılması barədə vəsatət daxil olmamışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qeyd edilən qərardadı ləğv edilməli, iddia ərizəsinin icraata qəbul edilməsi məsələsinə yenidən baxılması üçün mülki iş həmin məhkəməyə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 40.2-ci maddəsinə əsasən tərəflər öz aralarındakı saziş ilə işin ərazi aidiyyətini dəyişdirə bilərlər. Saziş yazılı şəkildə ifadə olunmalıdır; 40.3-cü maddəsinə əsasən saziş tərəflər arasında gələcəkdə baş verə biləcək konkret mübahisə ilə bağlı əvvəlcədən, habelə məhkəmənin icraatında olan müəyyən məhkəmə işi ilə bağlı həmin iş üzrə məhkəmənin hazırlıq iclası keçirilənədək bağlana bilər; 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür; 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır; 355-23.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir; 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Məhkəmə kollegiyası hazırki işin halları baxımından ilk növbədə qeyd edir ki, ərizəçi ərizəçi1 MMC ilə Maraqlı şəxs arasında bağlanmış ##.##.2025-ci il tarixli, MŞFM/**/****-*** nömrəli barışıq sazişinə əsasən sonuncu cəmiyyətə 3.000 manat borcunun olduğunu etiraf etmiş və bu borcu 2025-ci ilin dekabr ayından başlayaraq hər ayın 15-dək ayda 250 manat olmaqla, 12 ay müddətində tam ödəyəcəyinə dair üzərinə öhdəlik götürmüşdür. Qeyd edilən barışıq sazişində Mülki Prosessual Məcəllənin 40.2-ci maddəsinə əsasən tərəflər öz aralarında bu sazişlə mübahisəli işin ərazi aidiyyətini dəyişərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsi müəyyən etmişdilər. Məhkəmə kollegiyası vurğulayır ki, xüsusi icraat qaydasında baxılan mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı işlərin ərazi aidiyyəti mülki prosessual qanunvericiliklə tənzimlənmiş və bu qəbildən olan işlərlə bağlı ərizənin ərizəçi hüquqi şəxs olduqda onun ünvanının olduğu yer üzrə verilməsi müəyyən edilmişdir. Eyni zamanda, qanunverici mübahisə üçün müstəsna aidiyyət nəzərdə tutulduğu hallar istisna olmaqla, tərəflərin öz aralarında bağladıqları yazılı saziş ilə işin ərazi aidiyyətinin dəyişdirilməsinin mümkünlüyünü təsbit etmişdir. Hazırki iş üzrə də tərəflər mediasiya prosesində aralarında bağlanmış barışıq sazişi ilə bu sazişdə göstərilmiş məsələ üzrə gələcəkdə baş verə biləcək məhkəmə işinin ərazi aidiyyətini dəyişərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsi müəyyən etmişlər. Qeyd edilənlər, habelə hazırki mübahisə üçün müstəsna aidiyyətin nəzərdə tutulmaması, hüquqi ünvanının ünvan 1 olmasına baxmayaraq, ərizəçi tərəfindən ərizənin məhz Bakı şəhəri Xətai Rayon Məhkəməsinə verilməsini mümkün edir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi ərazi aiddiyəti əsası ilə ərizəni geri qaytarmaqda haqlı olmamışdır. Hazırki ərizə bu əsasla geri qaytarıla bilməz. Tərəflər öz aralarındakı sazişlə, həmçinin, işin ərazi aidiyyətini dəyişdirərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsi müəyyən etmişdilər. Ərizəçi də həmin sazişə əsaslanaraq, ərizəsini Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə deyil, məhz Bakı şəhəri Xətai Rayon Məhkəməsinə vermişdir. Bu səbəbdən şikayəti qismən təmin edilməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı ləğv edilməli, ərizənin icraata qəbul edilməsi məsələsinə yenidən baxılması üçün iş həmin məhkəməyə göndərilməli, şikayət qalan hissədə (işin icraata götürülməsi kollegiyanın səlahiyyətlərinə aid olmadığından) təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 40-cı, 263-264-cü, 397- 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Ərizəçi ərizəçi1 MMC tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı ləğv edilsin. Ərizənin icraata qəbul edilməsi məsələsinə yenidən baxılması üçün iş həmin məhkəməyə göndərilsin. Şikayət qalan hissədə təmin edilməsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(3-6)-3989/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-6)-3989/2026
04.09.2026 · Barışıq sazişin təsdiqi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver