Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2(3-6)-4485/2026 24.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı İdris oğlunun cavabdehlər Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə, cavabdeh2, Aydın Səfxanlıya, Rəşid Rumzadəyə qarşı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası hakimlər Səlimova Səadət Rəşid qızı (sədrlik edən və məruzəçi), Abbasova Günel Məhərrəm qızından və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, İddiaçı İddiaçı İdris oğlunun cavabdehlər Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə, cavabdeh2, Aydın Səfxanlıya, Rəşid Rumzadəyə qarşı “vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi və sair” tələbinə dair iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin *(*-***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadından iddiaçı İddiaçı İdris oğlu tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat İddiaçı İddiaçı İdris oğlu cavabdehlər Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə, cavabdeh2, Aydın Səfxanlıya, Rəşid Rumzadəyə qarşı “vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi və sair” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Vətəndaşların qəbulu və şikayətlər şöbəsinin müdiri vəzifəsində çalışdığı dövrdə cavabdeh2, habelə Ombudsman Aparatının rəhbəri Aydın Səfxanlının və rəhbərin müavini Rəşid Rumzadənin onun konstitusion hüquqlarının müdafiəsi ilə bağlı müraciətlərinə baxılması zamanı yol verdikləri iddia olunan qanunsuz hərəkət və hərəkətsizliklərə hüquqi qiymət verilməsini, göstərilən vəzifəli şəxslərin hərəkət və hərəkətsizliyinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096, 1097 və 1100-cü maddələri baxımından qanunsuz hərəkət və ya hərəkətsizlik təşkil edib-etmədiyinin müəyyən edilməsini, iddiaçıya vurulmuş 45.000 (qırx beş min) manat maddi zərərin Azərbaycan Respublikasının dövlət xəzinəsi hesabına ödənilməsinin təmin edilməsini, iddiaçıya vurulmuş 45.000 (qırx beş min) manat mənəvi zərərin Azərbaycan Respublikasının dövlət xəzinəsi hesabına ödənilməsinin təmin edilməsini, ümumilikdə 90.000 (doxsan min) manat maddi və mənəvi zərərin Azərbaycan Respublikasının dövlət xəzinəsi hesabına iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini, məhkəmə zərərin tam məbləğinin müəyyən edilməsi üçün əlavə sübutların zəruri olduğunu hesab edərsə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsindən, Ombudsman Aparatından və digər aidiyyəti dövlət orqanlarından iddiaçının müraciətləri, onların qeydiyyatı, baxılması və nəticələri barədə sənədləri tələb edilməsini, xüsusilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsindən ##.##.2022-ci il tarixli №**/**-K-21; ##.##.2022-ci il tarixli № **/**-K-22; ##.##.2022-ci il tarixli №**/**-K-** saylı məktubların əslinin və ya təsdiq edilmiş surətlərinin, habelə həmin məktubların hazırlanmasına əsas olmuş müraciətlərinin və onların qeydiyyat məlumatlarının tələb edilməsinin təmin edilməsini, həmçinin ##.##.2026-cı il tarixli fərdi şikayətinin və ona verilmiş ##.##.2026-cı il tarixli *-*/*-**-K- **/*-**/**** saylı cavab iş materiallarına əlavə edilərək qiymətləndirilməsini, Ombudsman Aparatından iddiaçının müraciətlərinin və onlara verilmiş cavabların, o cümlədən müraciətlərində Konstitusiya Məhkəməsinə sorğu göndərilməsi barədə xahişlərinin surətlərinin tələb edilməsini, Dövlət orqanlarının vəzifəli şəxslərinin iddiaçının müraciətlərinə münasibətdə qanunsuz hərəkət və ya hərəkətsizliyi nəticəsində onun konstitusion hüquqlarının müdafiəsi imkanının məhdudlaşdırılması ilə ona dəymiş maddi və mənəvi zərər arasında səbəbli əlaqə mövcudluğunun məhkəmə tərəfindən müəyyən edilməsini xahiş etmişdir. İddiaçı İddiaçı İdris oğlu iddia ərizəsinə əlavə və dəyişikliklər barədə ərizə ilə müraciət edərək xahiş etmişdir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Vətəndaşların qəbulu və şikayətlər şöbəsinin müdiri Səlimov Rüstəm iş üzrə əlavə cavabdeh kimi prosesə cəlb edilərək Rüstəm Səlimovun ## ###### 2026-cı il tarixli *-*/*-**-K-**/*-**/**** saylı cavab məktubunun iş materiallarına əlavə edilərək ilkin iddia ərizəsində göstərilən hallarla birlikdə hüquqi qiymətləndirilsin. Həmin cavab məktubunda göstərilən hallar onun müraciətlərinin mahiyyəti üzrə araşdırılmaması və hüquqlarının səmərəli müdafiəsinin təmin edilməməsi ilə bağlı ilkin iddiada göstərilən digər hallarla birlikdə qiymətləndirilsin. İlkin iddia ərizəsində irəli sürdüyü maddi və mənəvi zərərin ödənilməsi barədə tələbləri saxlanılmaqla Rüstəm Səlimovun hərəkət və hərəkətsizliyi nəticəsində yaranmış və ya artmış zərər (30.000 manat) də iş üzrə hüquqi qiymətləndirmə zamanı nəzərə alınsın. İlkin iddia ərizəsində göstərilmiş digər cavabdehlərə qarşı tələblərim toxunulmadan saxlanılsın. Məhkəmə Rüstəm Səlimovun birbaşa cavabdeh kimi prosesə cəlb edilməsini prosessual baxımdan mümkün hesab etmədiyi halda, onun hərəkət və hərəkətsizliyinə hüquqi qiymət verilməsi və iş üçün əhəmiyyətli şəxs kimi prosesdəki prosessual statusunun qanuna uyğun müəyyən edilməsi məsələsi həll etsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərardadı ilə iddiaçı İddiaçı İdris oğlunun cavabdehlər Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə, cavabdeh2, Aydın Səfxanlıya, Rəşid Rumzadəyə, Rüstəm Səlimova qarşı “vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi və sair” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı İddiaçı İdris oğlu iddia ərizəsində cavabdeh qismində qeyd etdiyi şəxslərin şəxsiyyətini eyniləşdirməyə imkan verən məlumatları, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı) barədə məlumatlar məhkəməyə təqdim edilməmiş, bununla da iddia ərizəsinin müəyyən olunmuş forma və məzmununa dair tələblərə riayət etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılır. Qeyd edilənləri nəzərə alaraq hesab edir ki, İddiaçı İdris oğlu tərəfindən verilmiş iddia ərizəsi qanunvericilikdə nəzərdə tutulmuş müəyyən olunmuş formaya və məzmuna riayət edilməməklə tərtib edildiyindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı və ona Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinin tələbləri izah olunmalıdır. Şikayətin dəlilləri, şikayətə qarşı etirazın dəlilləri və birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin *(*-***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadından iddiaçı İddiaçı İdris oğlu şikayət verərək Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərardadının əsassız olduğundan ləğv edilməsi, iddia ərizəsinin icraata qəbul edilərək məhkəmə icraatının davam etdirilməsinin təmin edilməsi, məhkəmə cavabdehlərin əlavə eyniləşdirici məlumatlarını zəruri hesab etdiyi halda həmin məlumatların aidiyyatı dövlət orqanarından məhkəmə qaydasında tələb edilməsinin təmin edilməsini xahiş etmişdir. Şikayətini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsi Azərbaycan Respublikası MPM-in 149.2.2, 149.2.3 və 152.1.1-ci maddələrini tətbiq etməklə iddia ərizəsini geri qaytarmışdır. Lakin həmin normalar işin faktiki halları nəzərə alınmadan tətbiq edilmişdir. Belə ki, iddia ərizəsində cavabdehlərin adları, soyadları, vəzifələri və fəaliyyət göstərdikləri dövlət orqanları göstərilmiş, ona onların göndərdikləri rəsmi cavab məktubları məhkəməyə təqdim olunmuşdur. Onda olmayan “FİN” kodları, şəxsiyyət vəsiqələrinin rekvizitləri və şəxsi yaşayış ünvanlarının təqdim edilməməsi iddianın mahiyyət üzrə araşdırılmasına maneə yaratmır. Bu məlumatların əldə edilməsi zəruri hesab edilirdisə məhkəmə həmin məlumatları aidiyyatı dövlət orqanlarından tələb edə bilərdi. Beləliklə, Azərbaycan Respublikası MPM-in 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin geri qaytarılması üçün heç bir qanuni əsas mövcud olmamışdır. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin iddia ərizəsinin geri qaytarılmasını cavabdehlərin şəxsiyyətini eyniləşdirməyə imkan verən məlumatların, habelə onların yaşayış yeri və ya olduğu yer barəsində məlumatların tam göstərilməməsi ilə əsaslandırmışdır. Bu səbəbdən iddia ərizəsinin geri qaytarılması üçün əsas götürülmüş faktiki hal düzgün qiymətləndirilməmişdir. İddia ərizəsində cavabdehlərin kimliyi barədə ona məlum olan məlumatlar göstərilmiş və həmin məlumatları təsdiq edən rəsmi yazışmaların surətləri məhkəməyə təqdim olunmuşdur. Həmçinin iddia ərizəsinə əlavə edilmiş sənədlərdən cavabdehlərin onun müraciətləri ilə bağlı tutduqları mövqe və həyata keçirdikləri hərəkət və ya hərəkətsizlik müəyyən edilir. Məhkəmə tərəfindən cavabdehlərin əlavə fərdi məlumatlarının zəruri olduğunu hesab edilərsə həmin məlumatlar aidiyyatı dövlət orqanlarından tələb edilməsi mümkündür. Cavabdehlər naməlum şəxslər deyillər. Onların adları, soyadları, vəzifələri və fəaliyyət göstərdikləri dövlət orqanları iddia ərizəsində birbaşa göstərilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərardadı ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərardadından iddiaçı İddiaçı İdris oğlu tərəfindən verilmiş şikayətin təmin edilməməsi, şikayətin baxılması üçün *(*-***)-****/**** saylı mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Şikayətə qarşı etiraz ərizəsi daxil olmamışdır. İddiaçı İddiaçı İdris oğlu Bakı Apellyasiya Məhkəməsinə təqdim etdiyi şikayətinin məzmunu ilə eyni məzmunlu ərizələrində şikayətinin təmin edilməsini xahiş etmişdir. Şikayətə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 149. İddia ərizəsinin forması və məzmunu Maddə 149.1. İddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. Maddə 149.2. Ərizədə aşağıdakılar göstərilməlidir: 149.2.1. ərizənin verildiyi məhkəmənin adı; 149.2.2. iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları); Maddə 149.2.3. iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb; Maddə 149.2.5. ərizəyə əlavə edilən sənədlərin siyahısı. Maddə 149.3. İddiaçı bir-biri ilə bağlı olan bir neçə tələbi bir iddia ərizəsində birləşdirməyə haqlıdır. Maddə 149.4. Ərizədə mübahisənin düzgün həll edilməsi üçün zəruri olan digər məlumatlar, həmçinin iddiaçının vəsatətləri də göstərilir. Maddə 151.1. İddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Maddə 152.1. Hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: 152.1.1. iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə; 152.1.7. bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə; Maddə 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; Maddə 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. 402.3. Birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iddia ərizəsindən görünür ki, iddiaçı iddia ərizəsinin MPM ilə müəyyən olunan və iddiaçı tərəfindən əməl edilməsi tələb olunan forma və məzmununa əməl etməmiş, yəni cavabdehlərinin şəxsiyyətini eyniləşdirməyə imkan verən məlumatları, yaşayış yeri və ya olduqları yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı) barədə məlumatları, onların mobil telefon nömrələrini, elektron poçt ünvanlarını iddia ərizəsində göstərməmiş, bundan başqa bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələbini bir iddia ərizəsində birləşdirmişdir. Məhkəmə kollegiyası iddiaçının şikayətinin dəlilləri ilə bağlı eyni zamanda qeyd edir ki, iddia ərizəsini digər ərizələrdən fərqləndirən cəhətlərdən biri də onun forma və məzmununun qanunla müəyyən edilməsidir. Yuxarıda istinad olunan prosessual normaların tələblərindən aydın müəyyən olunur ki, iddia ərizəsi MPM-in tələblərinə riayət edilməklə verildiyi halda onun məhkəmə icraatı mümkündür. İddia ərizəsinin forma və məzmununa əməl edilməsi, iddia ərizəsində iddiaçının tələblərinin aydın göstərilməsi, tələb yönəldilən tərəflərin dəqiq müəyyən edilməsi, iddiaçının tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların qeyd edilməsi ilk növbədə mülki işlərə prosessual qanunvericiliklə müəyyən edilmiş müddətlər çərçivəsində baxılmasının təmin edilməsi məqsədi daşıyır. Ona görə də MPM-in tələblərinə uyğun tərtib olunmayan iddia ərizəsinin geri qaytarılması iddiaçının məhkəməyə müraciət etmək hüququnun məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. Çünki iddia ərizəsinin geri qaytarılmasına əsas olan hallar aradan qaldırıldıqdan sonra iddiaçının ümumi qaydada məhkəməyə müraciət etmək hüququ vardır və bu hüquq birinci instansiya məhkəməsi tərəfindən iddiaçıya izah olunmuşdur. İstinad olunanlara əsasən Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün olduğundan şikayət təmin edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398- 402-ci maddələrini rəhbər tutaraq Məhkəmə kollegiyası Qərara aldı: Şikayət təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(3-6)-4485/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-6)-4485/2026
24.09.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver