Məhkəmə qərarları › İş №2(3-6)-538/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-6)-538/2026

14.04.2026 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-538/2026 14.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı ödənilməyən əmək haqqının, məzuniyyət və ezamiyyət pulunun ödənilməsi tələbinə dair mülki iş üzrə (açar sözlər: əmək haqqının, məzuniyyət və ezamiyyət pulunun ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X6 (sədrlik edən və məruzəçi), X3 və X4 ibarət tərkibdə, məhkəmə iclasının katibi X13 katibliyi, iddiaçı İddiaçı, cavabdehin nümayəndəsi vəkil1 iştirakı ilə, iddiaçı İddiaçı cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı ödənilməyən əmək haqqının, məzuniyyət və ezamiyyət pulunun ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. Işin halları

1. ## #### 2022-ci il tarixdə bağlanmış əmək müqaviləsinə əsasən İddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətndə sürücü vəzifəsinə işə götürülmüş, ## ###### 2023-cü il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2.a (tərəflərdən birinin təşəbbüsü) yarımbəndi ilə tərəflər arasında olan müqaviləyə işçinin öz istəyi ilə xitam verilmişdir. ## ######## 2023-cü il tarixdə yenidən bağlanmış əmək müqaviləsinə əsasən o bir daha sürücü vəzifəsində işə götürülmüş, ## ###### 2024-cü il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2.a (tərəflərdən birinin təşəbbüsü) yarımbəndi ilə tərəflər arasında olan müqaviləyə yenə də şəxsin öz istəyi ilə xitam verilmişdir.

2. Tərəflər arasında bağlanmış əmək müqaviləsinə əsasən işçinin əmək funsiyasına yük avtomobilərinin idarə olunması daxildir. Işçi gündə 8 saatdan, həftə ərzində isə 40 saatdan çox olmayaraq işləyir. Işçiyə hər ay 600 manat əmək haqqı ödənilir. Əmək məzuniyyətinin ümumi müddəti 21 gündür.

Birinci instansiya məhkəməsində icraat

3. Iddiaçı İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətindən iddiaçı İddiaçı xeyrinə 64405 ödənilməyən əmək haqqı, məzuniyyət və ezamiyyət pulu, mediasiya üçün ödənilmiş 60 manat, vəkilə hüquqi yardıma görə ödənilmiş 160 manat, ümumilikdə 64625 manat pul vəsaitinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. Iddia onunla əsaslandırılmışdır ki, iddiaçı İddiaçı ## #### 2022-ci il tarixdən ## ###### 2024-cü il tarixədək (cəmi 2 il 5 ay) cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətində sürücü işləmiş, işlədiyi müddətdə əmək hüquqları pozulmuşdur. Cavabdeh ilə arasında bağlanmış əmək müqaviləsinin şərtlərinə əsasən iddiaçı işçi kimi 6 günlük iş həftəsində həftəlik 40 saatdan çox olmamaqla, işləməli olduğu halda, faktiki ayda cəmi 1 gün istirahət verilməklə, ayın 29-30 günü, gündəlik minimum 4 saat əvəzi ödənilmədən artıq (səhər saat 08:00-dan axşam saat 21:00-dək) işlədilmişdir ki, bu da həftəlik normadan 32 saat (12 saat x 6 gün - 40 saat) çox iş deməkdir. Qeyd olunan dövrdə əmək haqqı ikili sistem əsasında ödənilmişdir. Əmək haqqının rəsmi hissəsi aylıq kart hesabına ödənilən 600 manat və qeyrirəsmi aylıq nağd qaydada ödənilən 700 manat. Ümumilikdə, isə aylıq 1300 manat əmək haqqı ödənilmişdir ki, 1 saatlıq əmək haqqının məbləği təxminən 8 manat (1300 manat / 160 saat) olmuşdur. Belə olan halda, onun həftəlik 32 saat əvəzi ödənilmədən artıq işlədildiyinə görə ödənilməli olan əmək haqqının məbləği 512 manat (32 x 8) x 2) edir. Iş vaxtından artıq işlədilməyə görə ona aylıq ödənilməli olan əmək haqqının məbləği isə 2048 manat (512 x 4) edir. Ona iş vaxtından artıq işlədilməyə görə ümumilikdə ödənilməli olan məbləğ isə 59392 (2048 manat x 29 ay) manat edir. Bundan əlavə, işlədiyi müddətdə ezamiyyətdə olduğuna görə ezamiyyət pulu ödənilməmiş, əmək məzuniyyəti verilmədiyinə görə kompensasiya ödənilməmişdir. 20 ildən çox əmək stajı olduğuna görə ona verilməli olan illik əmək məzuniyyəti günlərinin sayı 27 gün olmalı idi. Ödənilməyən məzuniyyət haqqı isə 2693 manat (1300 / 30.4 x 27 x 2 il 5 ay) edir. O, həftədə 1 dəfədən az olmayaraq, cavabdehin göstərişi ilə müxtəlif rayonlara ezamiyyətə göndərilmişdir ki, buna görə cavabdeh tərəfindən hər dəfə ezamiyyətə göndərilməyə görə 20 manat olmaqla ezamiyyət pulu ödənilməli olduğu halda ödənilməmişdir. Ödənilməyən ezamiyyət pulu isə 2320 manat (29 ay x 4 x 20 manat) edir. Ümumilikdə, cavabdeh tərəfindən ödənilməli olan pul məbləği 64405 manat təşkil edir.

5. Cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi iddianı qəbul etməyərək, yazılı etirazda göstərmişdir ki, iddiaçı tərəfindən verilmiş ərizə həqiqəti əks etdirmir və məqsəd şirkətin vəziyyətini ağırlaşdırmaqdır. Çünki hazırki iş üzrə iddiaçı olan İddiaçı və digər iki nəfər (X1 və X2) əlbir olmaqla “xxxx” MMC-yə qarşı reallıqdan uzaq olan eyni ərizə ilə məhkəməyə müraciət etmişdir. İddiaçı ilə MMC arasında ilk dəfə ##.##.2022-ci il tarixdə əmək müqaviləsi bağlanmışdır. ##.##.2023-cü il tarixdə AR ƏM-nin 68.2.a (tərəflərdən birinin təşəbbüsü) yarımbəndi ilə tərəflər arasında olan müqaviləyə işçinin öz istəyi ilə xitam verilmişdir. Lakin adı çəkilən şəxsin istəyi ilə yenidən ##.##.2023-cü il tarixdə əmək müqaviləsi bağlanmışdır. Həmin müqavilə ilə adı çəkilən şəxs sürücü vəzifəsində yenidən işə götürülmüşdür. Lakin ##.##.2024-cü il tarixdə AR ƏM-nin 68.2.a (tərəflərdən birinin təşəbbüsü) yarımbəndi ilə tərəflər arasında olan müqaviləyə yenə də şəxsin öz istəyi ilə xitam verilmişdir. Buna əsas isə şəxsin öz ərizəsi olmuşdur. Işçinin öz xahişi ilə əmək müqaviləsinə xitam verilməsinə dair **/*** nömrəli əmr tərtib edilmiş, həmin əmrdən çıxarış ilə şəxs tanış edilmiş və təsdiq etmişdir. Bu hallar hər biri təsdiq edir ki, müəssisənin işçi ilə, işçinin də müəssisə ilə hər hansı problemi olmamışdır. Işçinin son haqq hesabı hesablanıb ona təqdim edilərkən də qanunvericiliyin tələbi nəzərə alınmış və buna uyğun olaraq hesablanmış yekun cədvəl üzrə çıxarış qoşmaya əlavə edilir. Işçinin əmək müqaviləsinə öz xahişi ilə ##.##.2024-cü il tarixdə xitam verildikdə həmin tarixdə ona noyabr ayı üzrə əmək haqqı olaraq 495,25 manat (əmək haqqından tutulmalar çıxılmaqla) ödənilməklə bərabər, eyni zamanda son-haqq hesab olmaqla istifadə edilməmiş məzuniyyət günlərinə görə 252,28 manat hesablanmış və şəxsə ödənilmişdir. Həmçinin adı çəkilən sürücü ezamiyyətə göndərilməmiş, iddia ərizəsində hesablanan məbləğlərin nəyə əsasən hesablanması məlum deyil, lakin əlavə edilən sənədlər göstərir ki, iddiaçı şirkətə qarşı qərəzlik nümayiş etdirir. Habelə, bildirilir ki, İddiaçılə sözləşməklə məhkəməyə müraciət edən digər iki nəfər X1 və X2 eyni tipli iddiası məhkəmədə icraatdadır. Şəxslərin qərəzli münasibətini və işlədiyi dövrə uyğun olaraq əmək haqqının və son-haqq hesabın ödənildiyini, iddia ərizəsinin həqiqəti əks etdirmədiyini nəzərə alaraq, iddiaçının tələbinin rədd edilməsi barədə qətnamə çıxarılması xahiş olunmuşdur.

6. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e-*(***)- ****/**** nömrəli qətnaməsinə əsasən iddia rədd edilmişdir.

7. Qətnamə onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdeh təşkilatla ilk dəfə ## #### 2022-ci il tarixdə əmək müqaviləsi bağlasa da, ## ###### 2023-cü il tarixdə özünün istəyi ilə bu müqaviləyə xitam verilmişdir. Aradan 1 ay 20 gün keçdikdən sonra onunla yenidən ## ######## 2023-cü il tarixdə əmək müqaviləsi bağlanmış və bu dəfə də öz ərizəsinə əsasən ## ###### 2024-cü il tarixdə tərəflər arasında olan müqaviləyə xitam verilmişdir. Hazırda iddiaçı aradakı 1 ay 20 gün fasilə olmasına baxmayaraq, ## #### 2022-ci il tarixdən ## ###### 2024-cü il tarixədək (cəmi 2 il 5 ay) ərzində göstərdiyi fəaliyyət zamanı ona iddiaçının da sadaladığı, ödənilməli olan, lakin ödənilməyən məbləğləri tələb etmişdir. Məhkəmə hesab etmişdir ki, iddiaçının ## #### 2022-ci il tarixdə bağladığı əmək müqaviləsinə ## ###### 2023-cü il tarixdə özünün istəyi ilə bu müqaviləyə xitam verildikdən sonra təkrarən həmin MMC ilə ## ######## 2023-cü il tarixdə əmək müqaviləsi bağlayaraq eyni işinə qəbul edilməsi faktı onun cavabdeh təşkilatda yenidən işləməsini arzu etməsi və iş fəaliyyətinin, iş rejiminin tərəflərin qarşılıqlı razılaşması əsasında qurulmasının, eləcə də gördüyü iş ilə bağlı ödənilən haqların hər iki tərəf üçün məqbul olmasının birbaşa təsdiqidir. Məhkəmə hesab etmişdir ki, ## #### 2022-ci il tarixdə bağladığı əmək müqaviləsinə ## ###### 2023-cü il tarixdə xitam verildikdən sonra iddiaçı həmin vaxtı iddiasında sadaladığı dəlillərlə hər hansı orqana və ya məhkəməyə iddia ilə müraciət etməyərək, yenidən ## ######## 2023-cü il tarixdə əmək müqaviləsi bağlayaraq cavabdeh təşkilatda bir daha işləməsini arzu etməsi göstərilən müddət ərzində onun əmək hüquqlarının pozulmasına dair dəlillərinin də tam əsassız olmasını təsdiq edir. Belə ki, iddiaçının iddiasında sadalanan dəlillərinin həqiqət olduğu təqdirdə bu dəlillər əmək müqaviləsinə ## ###### 2023-cü il tarixdə xitam verilməsindən sonra ## ######## 2023-cü il tarixdə yenidən əmək müqaviləsi bağlayaraq cavabdeh təşkilatda bir daha işləməsini arzu etməsi ilə uzlaşmır. Məhkəmə qeyd etmişdir ki, əgər onun əmək hüquqlarının pozulması faktı var idisə, eləcə də yaradılmış iş rejimi ilə gördüyü iş ilə bağlı ödənilən haqları ona sərf etmirdisə belə olan halda təkrarən həmin MMC-yə eyni vəzifəyə qayıtmasını istəməsi də anlaşılan deyil. Məhkəmə, həmçinin qeyd etmişdir ki, iddiaçı iddiasında sadaladığı dəlillərin yenidən ## ######## 2023-cü il tarixdə əmək müqaviləsi bağladıqdan sonra onun əmək hüquqlarının pozulması faktlarının baş verməsi ilə bağlı isə məhkəməyə bildirdikləri heç bir tutarlı və mötəbər sübutlarla təsdiqini tapmır. Belə ki, iddiaçı özü etiraf edir ki, ona aylıq 1300 manat əmək haqqı ödənilməsi faktı olmuşdur. Məhkəmə hesab etmişdir ki, iddiaçı həftəlik 32 saat əvəzi ödənilmədən artıq işlədilməsini də sübut edə bilməmişdir. Məhkəmə xüsusi olaraq qeyd etmişdir ki, iddiaçının əmək müqaviləsində göstərildiyi kimi onun əmək funsiyasına yük avtomobilərinin idarə olunması daxildir, başqa sözlə onun işi yük daşımaqdır ki, o da yalnız bununla məşğul olmuşdur. Məhkəmə hesab etmişdir ki, iddiaçının əmək funksiyası olaraq üzərinə götürdüyü yükü ünvana çatdırmaqla bağlı vaxtın müəyyən səbəblərdən uzanmasının iş vaxtından artıq işlərə cəlb edilmə olmaması kimi qiymətləndirilə bilməz. Bu iddiaçının birbaşa əmək vəzifəsinə aid olan iş olmuş və buna görə də özünün bildirdiyinə görə həm rəsmi, həm də qeyri-rəsmi haqqını almışdır. Məhkəmə iddianın ödənilməyən məzuniyyət pulu ilə bağlı hissəsi üzrə hesab etmişdir ki, onunla iki dəfə son-haqq hesabın hesablanması zamanı istifadə etmədiyi məzuniyyət pulları qanunvericiliyin tələbləri üzrə hesablanaraq ödənilmiş və bu faktın əksini iddiaçı heç bir sübutla təkzib edə bilməmişdir. Məhkəmə iddianın ödənilməyən ezamiyyət pulu ilə bağlı hissəsi üzrə hesab etmişdir ki, bu dəlil də digər dəlillər kimi əsassızdır. Belə ki, qanunvericilik ezamiyyənin rəsmiləşdirilməsini imperativ (məcburedici) tələb kimi müəyyən etməsə bu işəgötürənin səlahiyyət dairəsinə aid olan məsələdir və yuxarıda sadalanan normalara əsasən müəyyən hüquqi nəticələr yaradır. Başqa sözlə, işçi barədə ezamiyyə sənədi, buna dair əmr vermədən işçinin iş yerindən başqa ərazidə (Azərbaycan Respublikasının digər rayonlarıda) olması faktının ezamiyyə hesab olunmasını tam istisna edir. Məhkəmə iddia tələblənin sözügedən hissəsinə qiymət verməkdə davam edərək, həmçinin qeyd etmişdir ki, iddiaçının əmək funksiyası olaraq üzərinə götürdüyü yükü ünvana çatdırmaqla daha uzaq məsafəyə getməsi onun ezamiyyətdə olması anlamını verir. Məhkəmə təqdim edilmiş şahid ifadəsinə qiymət verərək qeyd edir ki, mülki məhkəmə icraatı zamanı geniş istifadə olunan sübutetmə vasitələrindən biri də şahid ifadələridir. Iddiaçı tərəfindən məhkəməyə təqdim edilən yeganə sübut vasitəsi şahid ifadəsi olmuşdur ki, həmin şahidin verdiyi məlumatlar şübhədənkənar, faktla bağlı halları təsdiq edən obyektiv məlumatlar olmadığı üçün məhkəmə tərəfindən mötəbər sübut kimi qiymətləndirilmir. Belə ki, o cavabdeh MMC-də vaxtilə iddiaçı ilə birlikdə işləməklə özünə münasibətdə həmin MMC-dən narazı qaldığı üçün onun hazırda ifadəsində göstərilənlər iddiaçının maraq və mənafeyi üçün verilmiş ifadə olmuşdur. Başqa sözlə, şahid birbaşa olmasa da, iddianın nəticəsində bir növ marağı olan şəxsdir. Bütün göstərilənlər bu qənaətə gəlməyə tam əsas verir ki, iddiaçıın tələblərinin əsaslı olmasına dair izahatları və irəli sürdükləri dəlillər özü-özlüyündə iddiaıının əsaslı olması üçün yetərli sübut kimi qəbul edilə bilməz və araşdırılmış işin faktiki halları iddiaçılar barəsində verilmiş əmrin qanunvericiliyə tam uyğun olmasını təsdiq edir. Göstərilənlərə əsasən məhkəmə hesab etmişdir ki, Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsipləri, habelə mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından iddiaçı iddiasının əsaslı olmasına dair öz hüquqi mövqeyini sübut edilə bilməmiş və bu faktın təsdiqi ilə bağlı hər hansı mötəbər sübutlar məhkəməyə təqdim etməmişlər. Həmçinin də məhkəmə vurğulamışdır ki, onun tərəfindən qeyd edilən müddətlər üçün hazırda cavabdehdən pul tələbi üçün müraciət edərkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsinin tələblərini nəzərə almamışdır.

8. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin II və VI hissələrinə, 71-ci maddəsinin İ və II hissələrinə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2.3, 3.5, 6, 42.1, 44.3, 48.1, 49.1, 87.2, 110.1, 135.2, 140, 144, 154.1, 156.1, 165.1, 172.1, 177.2, 172.5, 179, 181, 195, 196.1, 292.1, 296-cı maddələrinə, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair” ## #### 2021-ci il tarixli Qərarına, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin ## ###### 2012-ci il tarixli, ** nömrəli qərarı ilə təsdiq olunmuş “X11”nın 1-ci və 2-ci bəndlərinə, “Iqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 7-ci maddəsinin “a” yarımbəndinə, X12 “Əmək haqqının mühafizəsi haqqında” Konvensiyasının 12-ci maddəsinə, Avropa Insan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş ## ##### 1997-ci il tarixli Qərarına istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

9. Iddiaçı İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək, ləğv edilməsi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

10. Apellyasiya şikayətinin dəlillərinə görə, birinci instansiya məhkəməsi elektron məhkəmə sistemindəki şəxsi kabinetdə 20-ci sırada yerləşdirilmiş sübuta - iş dəftərinə əhəmiyyət verməmiş, qətnamədə həmin sübutu qiymətləndirməməsini əsaslandırmamışdır. Halbuki, həmin sübut iddia tələbini təsdiq etmək üçün kifayət edirdi. Belə ki, həmin dəftərdə qeyd olunan məlumatlar, o cümlədən iddiaçının iş vaxtından əlavə işləməsi, hansı vaxtlarda harada ezamiyyətdə olması öz əksini tapmışdır. Həmin dəftərdə qeyd olunanların doğruluğuna gəlincə isə, daşınan yüklərin sifarişçiləri, həmin sifarişişçinin əlaqə telefonu, daşınan yükün marşrutu (haradan götürülüb, haraya çatdırılması), yükün nədən ibarət olması, yükün qəbul olunma və çatdırılma tarixi və vaxtları, yükün daşınmasına görə ödənişin forması (nağd və ya nağdsız) dəqiq əksini tapmışdır. Qeyd olunan məlumatları dəftərdə qeyd olunan istənilən sifarişçinin əlaqə telefonu ilə əlaqə saxlamaqla dəqiqləşdirmək mümkündür. Birinci instansiya məhkəməsi qərəzli olaraq, həmin sübutu görməzdən gəlmişdir. Bundan əlavə, məhkəmə qətnaməsində qeyd etmişdir ki, “işin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, iddiaçı cavabdeh təşkilatla ilk dəfə ##.##.2022-ci il tarixdə əmək müqaviləsi bağlasa da, ##.##.2023cü il tarixdə özünün istəyi ilə bu müqaviləyə xitam verilmişdir. Aradan 1 ay 20 gün keçdikdən sonra onunla yenidən ##.##.2023-cü il tarixdə əmək müqaviləsi bağlanmış və bu dəfə də öz ərizəsinə əsasən ##.##.2024-cü il tarixdə tərəflər arasında olan müqaviləyə xitam verilmişdir. Hazırda iddiaçı aradakı 1 ay 20 gün fasilə olmasına baxmayaraq ##.##.2022-ci il tarixdən ##.##.2024-cü il tarixədək (cəmi 2 il 5 ay) ərzində göstərdiyi fəaliyyət zamanı ona iddiaçının da sadaladığı, ödənilməli olan, lakin ödənilməyən məbləğləri tələb etmişdir. Məhkəmə hesab edir ki, iddiaçının ##.##.2022-ci il tarixdə bağladığı əmək müqaviləsinə ##.##.2023-cü il tarixdə özünün istəyi ilə bu müqaviləyə xitam verildikdən sonra təkrarən həmin MMC ilə ##.##.2023cü il tarixdə əmək müqaviləsi bağlayaraq eyni işinə qəbul edilməsi faktı onun cavabdeh təşkilatda yenidən işləməsini arzu etməsi və iş fəaliyyətinin, iş rejiminin tərəflərin qarşılıqlı razılaşması əsasında qurulmasının, eləcə də gördüyü iş ilə bağlı ödənilən haqqların hər iki tərəf üçün məqbul olmasının birbaşa təsdiqidir.” Birinci instansiya məhkəməsinin qeyd olunan formada hüquqi qiymətləndirmə aparması hər hansı sübuta əsaslanmadığından fərziyyə və ehtimaldan ibarət olmaqla, məhkəmənin yekun nəticəyə gəlməsi üçün əsaslı sayıla bilməz. Iddiaçının öz hüquqlarının pozulmasına müəyyən bir müddət üçün susması, onun hüquqlarının pozulmadığı kimi qiymətləndirilə bilməz. Hər bir halda, bunun belə olmadığını sübut kimi elektron sistemə əlavə edilmiş iş dəftərində qeyd olunan məlumatlar təsdiq edir. Birinci instansiya məhkəməsi qətnaməsində qeyd etmişdir ki, “iddiaçı özü etiraf edir ki, ona aylıq 1300 manat əmək haqqı ödənilməsi faktı olmuşdur. Məhkəmə hesab edir ki, iddiaçı həftəlik 32 saat əvəzi ödənilmədən artıq işlədilməsini də sübut edə bilməmişdir. Məhkəmə xüsusi olaraq qeyd edir ki, iddiaçının əmək müqaviləsində göstərildiyi kimi onun əmək funsiyasına yük avtomobilərinin idarə olunması daxildir, başqa sözlə onun işi yük daşımaqdır ki, o da yalnız bununla məşğul olmuşdur. Məhkəmə hesab edir ki, iddiaçının əmək funksiyası olaraq üzərinə götürdüyü yükü ünvana çatdırmaqla bağlı vaxtın müəyyən səbəblərdən uzanmasının iş vaxtından artıq işlərə cəlb edilmə olmaması kimi qiymətləndirilə bilməz. Bu iddiaçının birbaşa əmək vəzifəsinə aid olan iş olmuş və buna görə də özünün bildirdiyinə görə həm rəsmi, həm də qeyri-rəsmi haqqını almışdır.” Məhkəmənin qeyd olunan əsaslandırmasında, konkret olaraq, iddiaçının əmək funksiyası olaraq üzərinə götürdüyü yükü ünvana çatdırmaqla bağlı vaxtın müəyyən səbəblərdən uzanmasının iş vaxtından artıq işlərə cəlb edilmə olmaması kimi qiymətləndirilə bilməz, qənaəti əsaslı hesab oluna bilməz. Həmin məntiqlə fikirləşsək, iddiaçının ##.##.2024-cü il tarixdə, saat 10:55-də ********** nömrəli sifarişçinin yükünü Lökbatandan götürüb 355 km məsafəni 13 saatda qət edərək, həmin gün saat 23:35-də Ağdama çatdırması və gecəni yük maşınında gecələməsi iş vaxtından artıq iş kimi qəbul edilməməlidir. Iddiaçının iş vaxtında götürdüyü yükü məsafədən asılı olaraq, təyinat nöqtəsinə iş vaxtından sonra çatdırması əmək funksiyası olsa da, iş vaxtından əlavə işə cəlb edildiyi üçün əlavə əmək haqqının ödənilməsi ilə nəticələnməlidir. Bunun əksini fikirləşmək əmək qanunvericiliyinin mahiyyətinə xələl gətirmiş olardı. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli yanaşmamış, təqdim olunmuş sübutlara qiymət verməmiş, gəldiyi nəticəni fərziyyə və ehtimallarla əsaslandırmağa çalışmışdır. Hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən apellyasiya qaydasında ləğv edilməli və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməlidir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti (direktoru X9 və nümayəndəsi vəkil1) ## ##### 2026-cı il tarixində məhkəməyə iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə etiraz təqdim edərək, apellyasiya şikayətinin təmin edilməməsi və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ######## 2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

12. Apellyasiya şikayətinə etiraz onunla əsaslandırılmışdır ki, apellyasiya şikayəti əsassız olduğundan və reallığı əks etdirmədiyindən rədd edilməlidir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı qətnaməsi qanuni və əsaslıdır. Məhkəmə işin faktiki hallarını tam, obyektiv və hərtərəfli araşdırmış, təqdim edilmiş sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə uyğun hüquqi qiymət vermişdir. Apelyasiya şikayətinin əksinə olaraq bildiririk ki, bu şikayət qətnamənin ləğvi üçün əsas ola bilməz. Əvvəla, apellyator tərəfindən qeyd edilmişdir ki, işçi iş vaxtından artıq işlərə cəlb edilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinə görə iş vaxtından artıq iş işəgötürənin əmri (sərəncamı, qərarı) və işçinin razılığı ilə əmək funksiyasını müəyyən olunmuş iş günü vaxtından artıq müddət ərzində yerinə yetirməsi sayılır. Iddiaçı belə yazılı göstəriş, əmr və ya təsdiqedici sənədləri təqdim etməmiş, habelə, bu hal müvafiq uçot sənədlərində əks etdirilməmişdir. Apellyasiya şikayətində qeyd edilən işçinin iş dəftəri isə rəsmi uçot sənədi hesab oluna bilməz və onun işçidə saxlanılması, yalnız onun özü tərəfindən doldurulması və müəssisəyə geri qaytarılmaması, habelə, müəssisəyə təhvil verilərək onun tərəfindən təsdiq edilməməsi əsası ilə həmin sənədin düzgünlüyü, dəyişdirilməzliyi və obyektivliyi sübuta yetirilmir. Daha sonra şikayətdə bildirilir ki, işçiyə əmək məzuniyyəti verilmədiyinə görə kompensasiya ödənilməmişdir. Lakin qeyd edilir ki, bu arqumentlər həqiqəti əks etdirmir, habelə işçi ilə əmək müqaviləsinə xitam verilərkən bankdan çıxarışdan da görünür ki, ona sonhaqq hesab məbləği də ödənilmişdir. Əlavə olaraq iddiaçı tərəfindən işçiyə məzuniyyət təqdim edilməməsi heç bir rəsmi sənədlə sübuta yetirilmir. Görünən odur ki, apelyasiya şikayəti heç bir rəsmi dəlilə əsaslanmadan formal olaraq tərtib edilmişdir. Öz mülahizəsinə əsasən iddiaçı ezamiyyətə göndərildiyini, lakin ezamiyyət pulu verilmədiyini bildirir. Lakin bu tələb hüquqi və faktiki baxımdan əsassızdır. Iş materiallarından görünür ki, cavabdehin əsas fəaliyyət istiqaməti yük daşınmasından ibarətdir və iddiaçı sürücü vəzifəsində çalışmışdır. Iddiaçının əmək funksiyası müxtəlif ünvanlara, o cümlədən şəhərlərarası istiqamətlərə yükün çatdırılmasını əhatə etmişdir. Əmək qanunverciliyinə və “X11”nın təsdiq edilməsi haqqında qərara əsasən ezamiyyət anlayışı işçinin daimi iş yerindən müəyyən olunmuş müddətə başqa yerə xidməti tapşırığı yerinə yetirmək üçün getməsi hesab edilir. Lakin mobil xarakterli əmək funksiyası icra edən işçilər (sürücü, ekspeditor və s.) üçün hərəkət və müxtəlif coğrafi istiqamətlərə getmək onların daimi əmək fəailiyyətinin təbii elementidir və bu, ayrıca ezamiyyət hüquqi rejimi yaratmır. Belə ki, X11nın 1-ci maddəsinin 3-cü abzasına əsasən daimi işi yolda keçən və gediş - gəliş xarakteri daşıyan və ya növbə (vaxta) metodu ilə işləyən, yaxud çöl şəraitində çalışan (gündəlik iş vaxtı başa çatdıqdan sonra öz daimi yaşayış yerinə qayıtmaq imkanı olmayan) işçilərin xidməti gedişi ezamiyyət sayılmır. Odur ki, işçi ilə əmək münasibətləri yükdaşıma fəaliyyəti çərçivəsində qurulmuşdur və apellyatorun ərizəsində qeyd etdiyinin əksinə olaraq bu hal ezamiyyət hesab edilmir. Beləliklə də, ezamiyyət pulunun verilməməsinə istinad edilməsi hüquqi baxımdan əsassızdır, çünki həmin normalar yalnız ezamiyyət hüquqi rejimi tətbiq edilən hallara şamil olunur və bununla da, apellyatorun etdiyi hesablama da əsassız olmuş olur. Əlavə olaraq bunu da məhkəmənin diqqətinə çatdıraq ki, İddiaçı ilə "xxxx" MMC arasında ilk dəfə ##.##.2022-ci il tarixdə əmək müqaviləsi bağlanmışdır. ##.##.2023-cü il tarixdə AR ƏM-nin 68.2.a (tərəflərdən birinin təşəbbüsü) yarımbəndi ilə tərəflər arasında olan müqaviləyə işçinin öz istəyi ilə xitam verilmişdir. Lakin adı çəkilən şəxsin istəyi ilə yenidən ##.##.2023-cü il tarixdə əmək müqaviləsi bağlanmışdır. Həmin müqavilə ilə adı çəkilən şəxs sürücü vəzifəsində yenidən işə götürülmüşdür. Lakin ##.##.2024-cü il tarixdə AR ƏM-nin 68.2.a (tərəflərdən birinin təşəbbüsü) yarımbəndi ilə tərəflər arasında olan müqaviləyə yenə də şəxsin öz istəyi ilə xitam verilmişdir. Buna əsas isə şəxsin öz ərizəsi olmuşdur. Işçinin öz xahişi ilə əmək müqaviləsinə xitam verilməsinə dair **/*** nömrəli əmr tərtib edilmiş, həmin əmrdən çıxarış ilə şəxs tanış edilmiş və təsdiq etmişdir. Bu hallar hər biri təsdiq edir ki, müəssisənin işçi ilə işçinin də müəssisə ilə hər hansı problemi olmayıb. Qeyd edilən sənədlər isə birinci instansiya məhkəməsinə təqdimedilmişdir. Həmçinin, məlumdur ki, eyni tipli iddia “xxxx” MMC-yə qarşı əlbir olmuş və keçmişdə sonuncunun işçisi olmuş üç şəxs tərəfindən verilmişdir - İddiaçı, X1 və X2. Belə ki, hər üçünün iddia ərizəsi təmin edilməmiş və bundan apelyasiya qaydasında şikayət vermişdirlər. Bu şikayətlərdən X2 apelyasiya şikayəti təmin edilməmişdir

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

13. Iddiaçı İddiaçı məhkəmə iclasında apellyasiya şikayəti ilə eyni məzmunlu izah verərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir.

14. Cavabdehin nümayəndəsi vəkil1 məhkəmə iclasında apellyasiya şikayətinə etirazın məzmununa uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnamənin dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdir.

Tətbiq edilən hüquq

15. Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Maddə 3.5. 5. Əmək müqaviləsi (kontraktı) – işəgötürənlə işçi arasında fərdi qaydada bu Məcəllə ilə müəyyən edilmiş formada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilə. Maddə 9-1. Ezamiyyət – işəgötürənin əmri (sərəncamı, qərarı) ilə işçinin müəyyən olunmuş müddətə iş yerindən başqa yerə işəgötürənin qanunauyğun tapşırığını yerinə yetirmək üçün getməsi. Maddə 42.1. Əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Maddə 44.3. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallarda əmək müqaviləsi iki nüsxədən az olmayaraq tərtib olunub tərəflərin imzası (möhürü) ilə təsdiq edilir və onun bir nüsxəsi işçidə, digər nüsxəsi isə işəgötürəndə saxlanılır. Maddə 48.1. Əmək müqaviləsi bağlanılarkən işçi şəxsiyyətini təsdiq edən sənədi, bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallarda isə habelə əmək kitabçasını təqdim edir. Maddə 49.1. Bu maddənin 2-ci və 3-cü hissələri ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsi və ya ona dəyişiklik tərəflərin gücləndirilmiş elektron imzası ilə imzalandıqda, son imzalanma tarixindən əmək müqaviləsi bağlanılmış və ya ona dəyişiklik edilmiş hesab olunur və hüquqi qüvvəyə minir. Maddə 87.2. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallarda işçinin əmək fəaliyyəti haqqında məlumatlar əmək kitabçasında qeydə alınır. Işəgötürən 5 (beş) gündən artıq işləyən bütün işçilərin əmək kitabçasında onların işə qəbul edilməsi, başqa daimi işə keçirilməsi, əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq qeydlər aparmalıdır. Işçinin əmək fəaliyyəti haqqında məlumatlarda onun əmək stajı haqqında – işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Maddə 102.1. Işəgötürən, faktiki olaraq hər bir işçinin iş vaxtının və iş vaxtından artıq işlənmiş saatlarının dəqiq, dürüst uçotunu aparmağa borcludur. Maddə 102.2. Iş vaxtının uçotunun aparılması forması və qaydası işəgötürən tərəfindən müəyyən edilir. Maddə 110.1. Işçilər vəzifəsindən (peşəsindən), əmək şəraitindən və əmək müqaviləsinin müddətindən asılı olmayaraq, bu Məcəllə ilə müəyyən edilmiş məzuniyyətlərdən istifadə etmək hüququna malikdirlər. Maddə 135.2. Işçi müvafiq iş ilində əmək məzuniyyətindən istənilən səbəbdən istifadə etmədikdə ona həmin iş ili (iş illəri) üçün istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən olunmuş qaydada və məbləğdə kompensasiya ödənilir. Maddə 140.1. Məzuniyyət vaxtı üçün ödənilən orta əmək haqqı onun hansı iş ili üçün verilməsindən asılı olmayaraq məzuniyyətin verildiyi aydan əvvəlki 12 təqvim ayının orta əmək haqqına əsasən müəyyən edilir. Məzuniyyət vaxtı üçün orta əməkhaqqı hesablanarkən qismən ödənişli sosial məzuniyyətdə və ya işçinin təşəbbüsü ilə olmayan ödənişsiz məzuniyyətdə olması, eləcə də işçinin təqsiri olmadan boşdayanma səbəblərindən işlənilməyən və ya tam işlənilməyən aylar yaxın tam işlənilən təqvim ayları ilə əvəz olunur. Maddə 140.2. 12 təqvim ayından az əmək münasibətində olub məzuniyyətə çıxan işçinin orta aylıq əmək haqqı onun faktiki işlədiyi tam təqvim aylarına əsasən hesablanır. Maddə 140.3. Məzuniyyət günlərinin əmək haqqını müəyyən etməkdən ötrü məzuniyyətdən əvvəlki 12 təqvim ayının əmək haqqının cəmlənmiş məbləğini 12-yə bölməklə orta aylıq əmək haqqının məbləği tapılır və alınan məbləği ayın təqvim günlərinin orta illik miqdarına — 30,4-ə bölmək yolu ilə bir günlük əmək haqqının məbləği müəyyən edilir. Bu qayda ilə müəyyən edilmiş bir günlük əmək haqqının məbləği, məzuniyyətin müddətinin təqvim günlərinin sayına vurulur. Maddə 144.2. Əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə kompensasiya ödənilməlidir. Maddə 144.4. Müəyyən iş ilinə görə əmək məzuniyyətindən istifadə etmiş işçinin əmək müqaviləsinə həmin iş ili başa çatanadək xitam verilərkən ödənilmiş məzuniyyət haqqının müvafiq hissəsi işçidən tutula bilər. Maddə 154.1. Əmək haqqı - müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Maddə 156.1. Əmək haqqı, əmək müqaviləsi ilə müəyyən edilmiş məbləğdən, habelə bağlanmış kollektiv müqavilədə nəzərdə tutulan tarif (vəzifə) maaşları əsasında müəyyən edilən məbləğdən az olmayaraq ödənilir. Maddə 165.1. Işçilərə iş vaxtından artıq vaxt ərzində görülən işin hər saatı üçün əmək haqqı aşağıdakı kimi ödənilir: əməyin vaxtamuzd ödənilmə sistemində saatlıq tarif (vəzifə) maaşının ikiqat məbləğindən aşağı olmamaqla; əməyin işəmuzd ödənilmə sistemində işəmuzd əmək haqqı tam ödənilməklə müvafiq dərəcəli (ixtisaslı) vaxtamuzd işçinin saatlıq tarif (vəzifə) maaşından aşağı olmamaqla əlavə haqq məbləğində. Maddə 172.1. Əməkhaqqı işçilərə ayda bir dəfədən az olmayaraq verilməlidir. Tərəflərin qarşılıqlı razılığı ilə aylıq əməkhaqqı iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilə bilər. Maddə 172.5. Əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin “Əmək mübahisələri” bölməsində nəzərdə tutulan qaydada həll edilir. Maddə 177.2. Əmək məzuniyyəti dövrü üçün verilən əmək haqqı istisna olmaqla qalan bütün hallarda işçinin orta əmək haqqı ödənişdən əvvəlki iki təqvim ayı ərzində qazandığı əmək haqqının cəmi həmin aylardakı iş günlərinin sayına bölməklə bir günlük əmək haqqı tapılır və alınan məbləğ əmək haqqı saxlanılan iş günlərinin sayına vurulmaqla müəyyən edilir. Maddə 178.1. Işəgötürən maliyyə vəziyyətindən asılı olmayaraq işçiyə onun gördüyü işin müqabilində müəyyən edilmiş əmək haqqını bu Məcəllənin 172- ci maddəsi ilə müəyyən edilmiş müddətlərdə ödəməyə borcludur. Işçiyə aylıq əmək haqqının ödənilməməsində təqsirkar olan işəgötürən qanunvericilikdə nəzərdə tutulan qaydada müvafiq məsuliyyətə cəlb edilməlidir. Maddə 179.2. Aşağıdakı hallarda işçinin iş yeri və orta əmək haqqı saxlanılır: x) yaşadığı inzibati ərazi vahidindən başqa bölgəyə, habelə xarici ölkələrə ezamiyyətə göndərildikdə. Maddə 181. Ixtiraçı və səmərələşdirmə təkliflərinin müəllifləri olan, qan və qan komponentləri verən, ezamiyyətə göndərilən işçilərin iş yeri və orta əmək haqqı saxlanılmaqla onlara digər müvafiq təminatların verilməsi qüvvədə olan normativ hüquqi aktlarla tənzim edilir. Maddə 195. Işəgötürən əmək münasibətləri prosesində aşağıdakı hallarda işçiyə vurulan ziyana görə tam maddi məsuliyyət daşıyır: d) işçinin əmək haqqı və digər ödənişləri işəgötürən tərəfindən düzgün müəyyən edilmədikdə, habelə əsassız və qanunsuz olaraq verilmədikdə. Maddə 196.1. Bu Məcəllənin 195-ci maddəsində göstərilmiş hallar işçi tərəfindən aşkar edilərək müəyyən olunduqda, habelə müvafiq səlahiyyətli vəzifəli şəxsin (orqanın) — müəssisənin və ya fiziki şəxs olan işəgötürənin maliyyə-təsərrüfat fəaliyyətini yoxlayan təftişçinin, auditorun, habelə auditor təşkilatının, müvafiq icra hakimiyyəti orqanının və onların vəzifəli şəxslərinin qərarı, rəyi, arayışı, habelə məhkəmənin qərarı (hökmü, qətnaməsi) ilə müəyyən olunduqda, işçiyə dəyən maddi ziyan ödənilir. Maddə 292.1. Işçi bu Məcəllənin 288-ci maddəsində göstərilmiş məsələlərlə bağlı hüquqlarının və ya qanunla qorunan mənafeyinin pozulduğunu aşkar etdikdə, bu Məcəllədə nəzərdə tutulmuş qaydada fərdi əmək mübahisələrini həll edən orqanlara müraciət edərək pozulmuş hüquqlarının bərpa edilməsini tələb edə bilər. Maddə 296.3. Hüququnun pozulmasının aşkar edildiyi gün - işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi və ya əmrin (sərəncamın, qərarın) işçinin elektron informasiya sistemində yaradılan elektron kabinetinə göndərildiyi və bu barədə işçinin məlumatlandırıldığı (elektron poçt və SMS vasitəsilə), həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Maddə 296.4. Pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. Işçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir.

16. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının ## ###### 2012-ci il tarixli, ** nömrəli qərarı ilə təsdiq olunmuş “X11”:

1. Dövlət orqanının, müəssisə, idarə və təşkilatın (bundan sonra-təşkilatın) rəhbərinin sərəncamı (əmri) ilə işçinin daimi iş yerindən müəyyən olunmuş müddətə başqa yerə xidməti tapşırığı yerinə yetirmək üçün getməsi xidməti ezamiyyət sayılır. Daimi işi yolda keçən və gediş - gəliş xarakteri daşıyan və ya növbə (vaxta) metodu ilə işləyən, yaxud çöl şəraitində çalışan (gündəlik iş vaxtı başa çatdıqdan sonra öz daimi yaşayış yerinə qayıtmaq imkanı olmayan) işçilərin xidməti gedişi ezamiyyət sayılmır.

2. Təşkilatların işçilərinin ezamiyyətə göndərilməsi həmin təşkilatların rəhbərləri tərəfindən müəyyən edilir və müvafiq əmrlə rəsmiləşdirilir.

17. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair” ## #### 2021-ci il tarixli Qərarı: “Əmək Məcəlləsinin prinsiplərindən irəli gələrək qanunverici tərəfindən əmək hüquq münasibətlərinin iştirakçıları arasındakı münasibətlərin tənzimlənməsi müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu məqsədə çatmaq üçün Əmək Məcəlləsi həm işçinin, həm də işəgötürənin hüquqlarını müdafiə edir.”

18. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

19. Apellyasiya şikayəti ilə qətnamənin ləğv edilib, iddianın təmin olunması tələb edildiyindən, məhkəmə aktı şikayətin dəlilləri üzrə tam yoxlanılmalıdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

20. Birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları, o cümlədən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir.

21. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində hər hansı yeni bir dəlil irəli sürülməmiş, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, həmçinin qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün digər bir əsas qeyd olunmamışdır. Şikayət iddiaçının birinci instansiya məhkəməsində irəli sürdüyü dəlillərlə əsaslandırılmış, həmin dəlillər əsasında isə məhkəmə tərəfindən ətraflı araşdırma və qiymətləndirmə aparılmışdır.

22. Əmək Məcəlləsinin 9-1-ci maddəsinə əsasən ezamiyyət dedikdə işəgötürənin əmri (sərəncamı, qərarı) ilə işçinin müəyyən olunmuş müddətə iş yerindən başqa yerə işəgötürənin qanunauyğun tapşırığını yerinə yetirmək üçün getməsi nəzərdə tutulur. Normanın məzmunundan göründüyü kimi ezamiyyətin əsas şərti işçinin iş yerindən başqa yerə getməsidir.

23. Lakin tərəflər arasında bağlanmış əmək müqaviləsinə əsasən işçinin əsas əmək funksiyası yük avtomobillərinin idarə olunmasıdır və hüquqi şəxsin adından da göründüyü kimi MMC-nin fəaliyyət istiqaməti yüklərin daşınması ilə bağlıdır.

24. “X11”nın 1-ci maddəsinin 3-cü abzasına əsasən daimi işi yolda keçən və gediş gəliş xarakteri daşıyan və ya növbə (vaxta) metodu ilə işləyən, yaxud çöl şəraitində çalışan (gündəlik iş vaxtı başa çatdıqdan sonra öz daimi yaşayış yerinə qayıtmaq imkanı olmayan) işçilərin xidməti gedişi ezamiyyət sayılmır. Işin hallarından görünür ki, işçi ilə əmək münasibətləri yükdaşıma fəaliyyəti çərçivəsində qurulmuşdur və onun əmək funksiyasının yerinə yetirməsi ezamiyyət hesab oluna bilməz.

25. Beləliklə, hazırkı mülki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın rədd edilməsi ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qətnamənin ləğvinə və ya dəyişdirilməsinə əsas vermir. Buna görə də qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.

26. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:

Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e-*(***)- ****/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e-*(***)- ****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar