Məhkəmə qərarları › İş №2(3-6)-921/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-6)-921/2026

14.04.2026 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-921/2026 14.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI iddiaçı İddiaçı cavabdeh “Paşa İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iş üzrə QƏTNAMƏSİ İş № *(3-6)-921/2026 (Açar sözlər: əmrin ləğv edilməsi, mənəvi zərər və əmək haqqı tələbinə dair) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (məruzəçi), Mərdanova Xumar Afət qızı və X1 ibarət tərkibdə, Əmiraslanova Nigar Çingiz qızının katibliyi, İddiaçı İddiaçı iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh "Paşa İnşaat" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmaqla “əmrin ləğv edilməsi, mənəvi zərər və əmək haqqı tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə ## ##### 2026-cı il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Azərbaycan Respublikası Bakı şəhəri Səbail rayonu İcra Hakimiyyətinin Başçısının ##.##.2016-ci il tarixli, ** nömrəli sərəncamından görünür ki, fəaliyyət qabiliyyəti olmayanlar, ##.##.1995-ci il təvəllüdlü qızı – X2 və ##.##.1997-ci il təvəllüdlü X3 üzərində ataları İddiaçı qəyyum təyin edilməsi qərara alınmışdır.

2. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatların verilməsi barədə ##.##.2022-ci il tarixli arayışdan görünür ki, ##.##.1997-ci il təvəllüdlü X3 birinci dərəcəli əlildir.

3. ИT-İ № ******* nömrəli Əmək kitabçasının surətindən görünür ki, iddiaçı İddiaçı ##.##.2021-ci il tarixdə "Paşa İnşaat" Məhdud Məsuliyyətli Cəmiyyətinə istismar xidmətləri üzrə texnik vəzifəsinə işə qəbul edilmiş, ##.##.2022-ci il tarixdə AR-nin Əmək Məcəlləsinin 75-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən əmək müqaviləsinə xitam verilmiş, ##.##.2022-ci il tarixdə "Paşa İnşaat" Məhdud Məsuliyyətli Cəmiyyətinə istismar xidmətləri üzrə texnik vəzifəsinə işə qəbul edilmiş, ARnin ƏM-nin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən (əmək müaviləsinin müddətinin qurtarması) əmək müqaviləsinə xitam verilmişdir.

4. İşəgötürən “Paşa İnşaat" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə işçi İddiaçı arasında bağlanan ##.##.2022-ci il tarixli əmək müqaviləsinin surətindən görünür ki, işçi İddiaçı “Paşa İnşaat" Məhdud Məsuliyyətli Cəmiyyətinə, istismar xidmətləri üzrə texnik vəzifəsinə işə qəbul edilmişdir. Əmək müqaviləsi ##.##.2025-ci il tarixinədək 2 il 10 ay 09 gün müddətinə bağlanmışdır.

5. “Paşa İnşaat" Məhdud Məsuliyyətli Cəmiyyətinin ##.##.2024-cü il tarixli, ***/**-k nömrəli əmri ilə "PAŞA İnşaat" MMC-nin tikinti sahəsində çalışan müvafiq işçileri üçün ## ###### 2024-cü il tarixindən ## #### 2025-ci il tarixinədek boşdayanma vaxtının elan edilməsi, boşdayanma vaxtı işçi üçün müəyyən edilmiş aylıq tarif (vəzifə) maaşının iki qatı məbləğində ödənilməsi və sair əmr edilmişdir.

6. “Paşa İnşaat" Məhdud Məsuliyyətli Cəmiyyətinin ##.##.2025-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, ##.##.2025-ci il tarixindən etibarən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin "b" bəndinə (əmək müqaviləsinin müddətinin qurtarması) əsasən İddiaçı ilə “PAŞA İnşaat" MMC arasında bağlanmış ##.##.2022-ci il tarixli ******** saylı Əmək Müqaviləsinə xitam verilməsi barədə xəbərdarlıq edilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı İddiaçın cavabdeh “Paşa İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “əmrin ləğv edilməsi və sair” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “xxxx” MMC-nin ##.##.2025-ci il tarixli əmrinin ləğv edilərək barəsində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "b" bəndi tətbiq edilməsi və cavabdehdən dəymiş mənəvi zərərə görə 5000 manat məbləğində pul tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. İddiaçı tələbini belə əsaslandırmışdır ki, «xxxx» MMC ilə ##.##.2022-ci il tarixdə arasında bağlanan əmək müqaviləsinə əsasən istimar xidmətləri üzrə texniki vəzifəsinə qəbul olunmuşdu. Onun əmək haqqı 740 manat təşkil edirdi. Lakin, ##.##.2025-ci il tarixdə əsassız olaraq Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "b" bəndi tətbiq edilərək işdən azad olunmuşdu. Halbuki bu hissə ona aid deyildir. Bu halda onun hüquqları açıq aşkar pozulmuşdur. Himayəsində isə ##.##.1997ci il təvəllüdlü birinci dərəcəli əmək qabiliyyəti olmayan X3 adlı uşağı vardır. Həmin uşaq üzərində qəyyumdur. Onun isə tələbi qanun çərçivəsində olan Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "b" bəndi tətbiq edərək işdən azad olunması idi. Əvvəlki maddə ilə işdən azad edilməsi ona mənəvi sarsıntı olmuşdur. Bu da onun təzminat tələb etəməyi üçün əsasdır. Lakin, bu müddəa ilə onun hüquqları pozulmuşdur. O, əmrin ləğvi tələbi üçün Mediasiya Şurasına müraciət etdi. Ərizə mediator tərəfindən icraata götürüldü. Nəticədə Mediator tərəfindən ona ##.##.2025-ci il tarixli, MŞB\9\****- ***** nömrəli «llkin mediasiya sessiyasında iştirak edilməməsi barədə» arayış verildi. Qeyd edir ki, mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 (əlli) manat məbləğində mediasiya xərci ödəmişdir. Himayəsində birinci qurup xüsusi qulluğa ehtiyac olan uşaq var. Bununla bağlı qəyyumluq haqqında şəhadətnaməni və uşağın xəstəlik kağızını əlavə edir.

9. Daha sonra İddiaçı “iddia tələbinin həcminin artırılmasına” dair ərizə ilə müraciət edərək, 2025-ci il aprel ayının (məzuniyyətlə əvəzləşdirilmiş ay) maaş məbləği, həmçinin işdən azad olunduğum tarixdən hazıradək işləmədiyi günlər üçün pul məbləğinin “Paşa İnşaat” MMC-dən tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

10. “İddia tələbinin həcminin artırılmasına” dair ərizə onunla əsaslandırılmışdır ki, onun hazırki iddia tələbinin artırılması hüququ yaranmışdır. 2025-ci ilin aprel ayının 1-dən "xxxx" MMC onu məcburi məzuniyyətə çıxardı. Həmçinin ona söz verdilər ki, məzuniyyətdən qayıtdıqdan sonra işə qəbul edəcəklər və yeni əmək müqaviləsi bağlanacaq. Qayıtdıqdan sonra isə 2025-ci il ###### ##-u onunla bağlanılmış əmək müqaviləsinə xitam verildi. Göründüyü kimi, məcburi mənzuniyyətə çıxmağının səbəbi ilə o, aprel ayının ödənişini, yəni aylıq məvacibini ala bilmədi, aprel ayının maaşını məzuniyyətiylə əvəzləşdirdilər. Nəticə olaraq o, aprel ayının maaşını ala bilmədi, həmçinin 2025-ci il avqust ayının 29-dan hazırki tarixədək işsizdir.

11. Cavabdeh "Paşa İnşaat" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi-vəkili Vəkil iddia ərizəsinə etiraz ilə məhkəməyə müraciət etmişdir.

12. Etiraz onunla əsaslandırılmışdır ki, “PAŞA İnşaat” MMC ilə İddiaçı arasında rəsmiləşdirilmiş ##.##.2022-ci il tarixli əmək müqaviləsinin 2.1-ci maddəsinə əsasən əmək müqaviləsi müddətli bağlanılmışdır. Həmin müqavilənin 2.3-cü maddəsinə əsasən əmək müqaviləsi AR Əmək Məcəlləsinin tərəflərin hüquq bərabərliyi prinsipinə (47.F) əməl edilməklə onların qarşılıqlı razılığı ilə ##.##.2025-ci il tarixinədək bağlanıldığı göstərilmişdir. AR Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsinə görə müddətli əmək müqaviləsinə müddəti bitdikdə xitam verilir. Müddətli əmək müqaviləsinin müddətinin bitməsinə azı bir həftə qalmış tərəflərdən heç biri digər tərəfi müddətin bitməsinə görə müqaviləyə xitam verilməsi barədə yazılı formada (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdar etməzsə, həmin əmək müqaviləsi əmək müqaviləsində göstərilən müddətə uzadılır və ya bu Məcəllənin 45-ci maddəsinin 5-ci hissəsi ilə müəyyən edilmiş hallarda müddətsiz hesab olunur. İddiaçı onunla bağlanılmış müddətli əmək müqaviləsinin müddəti bitdikdə xitam veriləcəyinə dair ##.##.2025-ci il tarixində xəbərdarlıq edilmişdir. İddiaçı bu xəbərdarlıqla tanış olmuş və imzalamışdır. Daha sonra “PAŞA İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyətinin ***/**-k nömrəli ##.##.2025ci il tarixli əmri ilə İddiaçı müddətli əmək müqaviləsinin müddəti başa çatdıqda ##.##.2025ci il tarixində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin b) bəndi ilə xitam verilmişdir. Əmək Məcəlləsinin 79-cu maddəsinin (Əmək müqaviləsinin ləğv olunması qadağan edilən işçilər və hallar) altıncı abzasının nəzərdə tutduğu öhdəsində əlilliyi olan uşaq və ya orqanizmin funksiyalarının 81-100 faiz (1-ci qrup) pozulmasına görə əlilliyi müəyyən edilmiş digər ailə üzvü müddəası əmək müqavilələrinə Əmək Məcəlləsinin 73-cü maddəsi (Müddətli əmək müqaviləsinə xitam verilməsi qaydası) ilə xitam verilən hallara şamil edilmir. Bununla bağlı bildirməlidirlər ki, iddiaçı tərəf tələbində məsələyə aidiyyatı olmayan Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına əsaslanaraq cavabdehdən dəymiş mənəvi zərərə görə 5000 manat məbləğində pul vəsaitinin tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını tələb edir ki, bu hissədədə iddiaçının tələbi əsassızdır. İddiaçı İddiaçı iddia ərizəsində “PAŞA İnşaat” MMC-in vəzifəli şəxsi (şəxsləri) tərəfindən hər hansı üsulla onun şərəf və ləyaqətinin ləkələnməsi, alçaldılması, ona böhtan atılması, şəxsiyyətinin təhqir edilməsi, kollektiv arasında gözdən salınması məqsədi ilə barəsində həqiqətə uyğun olmayan, yalan məlumatlar yayılmas, habelə mənəviyyatına, əxlaq normalarına, milli qürur hissinə, etiqadına zidd olan digər əməllər və hərəkətlər haqqında heç bir qeyd (qeydlər) yoxdur. Göründüyü kimi, İddiaçı iddiası əsassızdır.

13. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) *(***)-****/**** nömrəli ## ###### 2026-ci il tarixli qətnaməsi ilə (hakim Əfsanə Heydərova) iddia rədd edilmişdir.

14. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, müddətli əmək müqaviləsinin başa çatması əmək münasibətlərinin davam etdirilməsi üçün tərəflərin əlavə razılığını tələb edir. Tərəflərdən hər hansı birinin bu münasibətləri davam etdirmək istəməməsi müqavilənin avtomatik uzadılması üçün əsas hesab edilə bilməz. Bu baxımdan, əmək müqaviləsinə xitam verilməsi işəgötürənin sərbəst iradəsinə deyil, əvvəlcədən razılaşdırılmış müqavilə şərtinin icrasına əsaslanmışdır. Əmək münasibətlərinə xitamın hüquqi əsası işəgötürənin seçimindən deyil, mövcud faktiki haldan – yəni əmək müqaviləsinin müddətinin başa çatmasından irəli gəlir. Bu səbəbdən, xitamın başqa əsasla aparılmalı olması barədə iddia hüquqi baxımdan əsassızdır.

15. Məhkəmə, iddiaçının himayəsində əmək qabiliyyəti olmayan ailə üzvünün mövcudluğu ilə bağlı təqdim etdiyi sənədlərə münasibətdə qeyd etmişdir ki, bu hal işəgötürənin əmək müqaviləsinin müddətinin başa çatması ilə əlaqədar hüquqlarını məhdudlaşdıran amil kimi qiymətləndirilə bilməz. Ailə və sosial vəziyyət əmək münasibətlərinin müddətli xarakterini dəyişmir və müqavilənin əvvəlcədən müəyyən edilmiş hüquqi nəticələrinə təsir etmir.

16. Məcburi məzuniyyətlə və aprel ayına aid əmək haqqının ödənilməməsi ilə bağlı tələblərinə münasibətdə məhkəmə qeyd etmişdir ki, cavabdeh tərəfindən təqdim edilmiş sənədlərdən müəssisədə istehsalat və təşkilati zərurətlə bağlı müvəqqəti rejimin tətbiq edildiyi görünür. Bu rejim ümumi xarakter daşımış və müəyyən işçilərə qarşı seçici şəkildə tətbiq olunmamışdır. İddiaçı tərəfindən isə onun əmək haqqının qanunsuz olaraq ödənilmədiyini təsdiq edən konkret və inandırıcı sübutlar təqdim edilməmişdir.

17. İddiaçının işdən azad edildiyi tarixdən sonra işləmədiyi günlər üçün ödəniş tələb edən iddia tələbi, əmək müqaviləsinin qanuni əsaslarla xitam edildiyi şəraitdə, hüquqi baxımdan əsaslandırılmamışdır. Əmək münasibətləri xitam edildikdən sonra işəgötürənin işçiyə əmək haqqı və ya ona bərabər tutulmuş digər ödənişlər üzrə öhdəlik daşıması üçün hüquqi əsas mövcud olmamışdır.

18. Mənəvi zərər tələbinə dair hissədə qeyd etmişdir ki, cavabdeh və ya onun tabeçiliyində olan vəzifəli şəxsin hərəkəti (hərəkətsizliyi) nəticəsində iddiaçı mənəvi sarsıntı və iztirablar keçirməsinə dair məhkəməyə mötəbər sübut təqdim etmədiyindən, məhkəmə hesab etmişdir ki, bu hissədə də iddia tələbi təmin edilməməlidir.

19. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiya 35, Əmək Məcəlləsinin 40, 45, 47, 73.1, 83.1, 300.1, Mülki Prosessual Məcəllənin 14.1, 14.2, 77.1, 88, 119, 216- 220, 227, 233 və 360-cı maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

20. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək onun ləğv edilməsi və iddianın təmin edilməsini xahiş etmişdir.

21. İddia ərizəsinin dəlilləri ilə eynilik təşkil edən apellyasiya şikayətində göstərilmişdir ki, iddiaçının himayəsində iki failiyyət qabiləyi olmayan və 1-ci qrup əlil olan uşaqları mövcuddur və əmək müqaviləsinə xitam verilməsi Əmək Məcəlləsinin 79.1-ci maddəsini pozur.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

22. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

23. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi.

24. Məhkəmə iclasının vaxtı və yeri barədə lazimı qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin və üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlmədiklərindən, işə onların nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Əmək Məcəlləsi

25. Maddə 42.1. Əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz.

26. Maddə 43.1. Əmək müqaviləsinin məzmunu və quruluşu qanunvericiliyin tələblərinə əməl edilməklə tərəflərin razılığı ilə müəyyən edilir.

27. Maddə 45.1. Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır.

28. Maddə 45.2. Əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir.

29. Maddə 45.4. Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır.

30. Maddə 47, “c” bəndi. İşin həcminin və davamiyyətinin qısamüddətli olduğu təmir-tikinti, quraşdırma, yeni texnologiyanın tətbiqi və mənimsənilməsi, təcrübə-sınaq işlərinin aparılması və bu qəbildən olan digər işlərin görüldüyü hallarda əmək müqaviləsinin müəyyən müddətə bağlanılmasına yol verilir.

31. Maddə 68.1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.

32. Maddə 68.2, “b” bəndi. Əmək müqaviləsinin müddətinin qurtarması əmək müqaviləsinə xitam verilməsi əsasıdır.

33. Maddə 73.1. Müddətli əmək müqaviləsinə müddəti bitdikdə xitam verilir. Müddətli əmək müqaviləsinin müddətinin bitməsinə azı bir həftə qalmış tərəflərdən heç biri digər tərəfi müddətin bitməsinə görə müqaviləyə xitam verilməsi barədə yazılı formada (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdar etməzsə, həmin əmək müqaviləsi əmək müqaviləsində göstərilən müddətə uzadılır və ya bu Məcəllənin 45-ci maddəsinin 5-ci hissəsi ilə müəyyən edilmiş hallarda müddətsiz hesab olunur.

34. Maddə 79.1. İşəgötürən tərəfindən hamilə, habelə üç yaşınadək uşağı olan qadınların, üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərin; yeganə qazanc yeri işlədiyi iş yeri olub məktəb yaşınadək uşağını təkbaşına böyüdən işçilərin; əmək qabiliyyətini müvəqqəti itirən işçilərin; işçinin şəkərli diabetlə və ya dağınıq sklerozla xəstə olması səbəbinə görə; həmkarlar ittifaqları təşkilatının və ya hər hansı siyasi partiyanın üzvü olması motivinə görə; öhdəsində əlilliyi olan uşaq və ya orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş digər ailə üzvü olan işçilərin; məzuniyyətdə, ezamiyyətdə olduğu vaxtda, habelə kollektiv danışıqlarda iştirak etdiyi müddət ərzində işçilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinə xitam verilməsi qadağandır.

35. Maddə 79.2. (##.##.2025-ci il tarixdə qüvvədə olan redaksiyada). Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş müddəalar bu Məcəllənin 70-ci maddəsinin “a” bəndi və 73-cü maddəsi ilə xitam verilən hallara şamil edilmir.

36. Maddə 83.1. Əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara uyğun olaraq xitam verilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir.

37. Maddə 300.1. Əgər, işəgötürən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş xitam verilməsi əsaslarını pozaraq və ya 71, 76cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

38. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

39. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

40. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

41. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

42. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

43. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

44. İddiaçı tərəfindən tam mübahisələndirilərək qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi xahiş edildiyindən, qətnamə tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

45. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır.

46. İşin mübahisəsiz halı ondan ibarətdir ki, iddiaçı ilə cavabdeh “Paşa İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında ##.##.2022-ci il tarixdə bağlanılmış əmək müqaviləsi müddətli xarakter daşımış və bu müqavilənin qüvvədə olma müddəti konkret olaraq ##.##.2025-ci il tarixinədək müəyyən edilmişdir. Əmək müqaviləsinin məzmunu və şərtləri göstərir ki, tərəflər əmək münasibətlərinin məhz müəyyən müddət ərzində mövcud olması barədə qarşılıqlı iradə ifadə etmişlər. Əmək müqaviləsinin müddətinin başa çatması ilə əlaqədar olaraq iddiaçıya əvvəlcədən yazılı xəbərdarlıq edilmiş, iddiaçı bu xəbərdarlıqla tanış olmuşdur. Bu hal iddiaçı tərəfindən mübahisələndirilməmiş.

47. Hazırda iddiaçı İddiaçı Əmək Məcəlləsinin 79-cu maddəsinin İ hissəsinə istinad edərək, himayəsində İ qrup əlil olan uşağının olması səbəbindən onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsinin qanunsuz olmasını qeyd edir.

48. Kollegiya şikayətin dəlilinə münasibətdə qeyd edir ki, Əmək Məcəlləsinin qeyd edilən müddəası yalnız işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilməsi hallarına, yəni əmək məcəlləsinin 70-ci maddəsi ilə əmək müqaviləsinə xitam verilməsi hallarına şamil olunur. Hazırki halda isə iddiaçı ilə cavabdeh arasında bağlanmış əmək müqaviləsinə məcəllənin 68-ci maddəsinin “b” bəndi ilə xitam verilmişdir və əmək müqaviləsinə xitam verildiyi vaxt - ##.##.2025-ci il tarixdə qüvvədə olan Əmək Məcəlləsinin 79-cu maddəsinin 2-ci hissəsində həmin Məcəllənin 79-cu maddəsinin birinci hissəsində nəzərdə tutulmuş müddəaların Məcəllənin 70-ci maddəsinin “a” bəndi və 73-cü maddəsi ilə xitam verilən hallara şamil edilmədiyi göstərilmişdir. Yəni, ##.##.2025-ci il tarixdə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə müqavilə müddətinin bitməsi əsası ilə xitam verilməsinin qarşısını alan Əmək Məcəlləsinin 79-cu maddəsinin 1-ci hissəsində göstərilən halların təsiri olmamışdır. Müvafiq düzəliş qanunda ##.##.2025-ci il tarixli ***-VIIQD nömrəli qanunla edilmişdir.

49. Belə olduqda Kollegiya hesab edir ki, iddiaçının istinad etdiyi normanın hazırki münasibətlərə tətbiq edilməsi mümkün deyil.

50. İddiaçı ilə bağlanmış müddətli əmək müqaviləsinə xitam verilməsi proseduruna gəldikdə isə Kollegiya müqaviləyə xitam verilərkən cavabdeh tərəfindən hər hansı pozuntuya yol verilməsi hallarını aşkar etməmiş, iddiaçı özü də bununla bağlı hər hansı sübut təqdim etməmişdir.

51. İddiaçının məcburi məzuniyyətlə və aprel ayına aid əmək haqqının ödənilməməsi ilə bağlı tələblərinə münasibətdə Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, cavabdeh tərəfindən təqdim edilmiş sənədlərdən müəssisədə istehsalat və təşkilati zərurətlə bağlı müvəqqəti rejimin tətbiq edildiyi görünür. Bu rejim ümumi xarakter daşımış və müəyyən işçilərə qarşı seçici şəkildə tətbiq olunmamışdır. İddiaçı tərəfindən isə onun əmək haqqının qanunsuz olaraq ödənilmədiyini təsdiq edən konkret və inandırıcı sübutlar təqdim edilməmişdir.

52. İddia tələbinin digər hissələrinə - mənəvi zərərin əvəzinin ödənilməsi və məcburi iş buraxma müddətinə görə əmək haqqının ödənilməsinə münasibətdə isə Kollegiya qeyd edir ki, iddia tələbinin əsas hissəsi olan əmrin ləğv edilməsi qanuni və əsaslı olmadığından, ondan asılı tələblər də təmin edilə bilməz.

53. Kollegiya hesab edir ki, əmək münasibətlərinə xitam verilərkən əmək qanunvericiliyinin tələblərinin pozulmasına yol verilməmişdir, əmrin ləğv edilməsi üçün hər hansı əsas yoxdur.

54. Kollegiya hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassız və formal olmaqla, qanuni və əsaslı olan qətnamənin ləğv edilməsinə əsas vermir.

55. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli iş üzrə ## ###### 2026cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən iki ay müddətində Azərbaycan Respublikasının Ali Məhkəməsinə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar