Məhkəmə qərarları › İş №2(3-8)-134/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-8)-134/2026

21.04.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Sumqayıt şəhəri İş № 2(3-8)-134/2026 21.04.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlu sədrliyi və məruzəsi ilə, hakimlər Məmmədov Fuad Əli oğlu və X1 ibarət tərkibdə, Rəhimova Ülkər Cabbar qızının katibliyi, cavabdeh Cavabdeh, cavabdehin nümayəndəsi vəkil Nümayəndə iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin e-*(***)-****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddia qaldıraraq 3M-1354 nömrə ilə qeydiyyata alınmış ##.##.2023-ci il tarixli kredit müqaviləsinə əsasən 100.000,0 (bir yüz min) manat borcun və iddianın verilməsi üçün ödənilmiş 390 (üç yüz doxsan) manat dövlət rüsumunun cavabdeh Cavabdeh iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında notarial qaydada 2023-cü il ## ##### tarixli kredit müqaviləsi bağlanılmış, həmin müqaviləyə əsasən borcverən qismində çıxış edən iddiaçı borcalan qismində çıxış edən cavabdehə 300.000 manat məbləğində pul vəsaitini borca vermişdir. Cavabdeh müqavilə şərtlərinə əsasən həmin borcu hissə-hissə olmaqla 2024-cü il # ##### tarixədək qaytarılmasını öhdəsinə götürsə də, öhdəliyini lazımınca yerinə yetirməmiş, nəticədə qalıq 100.000 manat məbləğində borcun və məhkəmə xərcinin əvəzinin ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir.

3. Sumqayıt Şəhər Məhkəməsinin ## ###### 2025-ci il tarixli qətnaməsi ilə (hakim A.Behbudova) iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı pul tələbinə dair iddia tələbinin təmin edilməməsi qət edilmişdir.

4. Birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməməsini iddiaçının öz iddiasını məhkəmə iclasında hüquqi cəhətdən əsaslandıra bilməməsi, iddianın təmin edilməsi üçün məhkəməyə hər hansı bir mötəbər sübut təqdim edə bilməməsi ilə əsaslandırmış, məhkəmənin gəldiyi nəticədən narazı qalan iddiaçı apellyasiya şikayəti vermiş, qətnamənin ləğv edilərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

5. İddiaçı İddiaçı Sumqayıt Şəhər Məhkəməsinin ## ###### 2025-ci il tarixli qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir.

6. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin gəldiyi nəticəni əsaslı və qanuni hesab etmir. O, tələbini müdafiə edir. Hesab edir ki, birinci instansiya məhkəməsinin mübahisələndirilən qətnaməsi ləğv edilməli, iddianın təmin edilməsinə dair yeni qətnamə çıxarılmalıdır. İddia əqdə əsaslanır. İddiaçı notariat qaydasında təsdiq edilmiş borc (kredit) müqaviləsinə əsaslanaraq həmin müqavilə üzrə borcalandan 100.000 manat pul tələb edir. İddia müəllfi bildirir ki, borc alan ümumi məbləğdən 200.000 manat geri qaytarmışdır. Lakin 100.000 manat borc ödənilməmişdir. Məhkəmə bu şikayətin 5-ci bəndində göstərilən əsaslarla, bu əsaslar cavabdehin mülahizəsi eynilik təşkil edir, iddianı rədd etmişdir. Məhkəmənin əsaslandırmasından tam aydın olmasa da, o müqaviləni əhəmiyyətsiz (etibarsız) əqd kimi təsdiq etmir, həmin əqdi mahiyyət etibarilə həm icarə barədə müqavilə, qətnamənin başqa bir yerində isə alqı-satqı barədə müqavilə hesab edir. Eyni zamanda qeyd olunur ki, müqavilədə göstərilən pulun ödənilməsi sübut olunmamışdır. Müqavilə notirat qaydasında bağlanmışdır, onun bağlanmasına dair tələblərə əməl edilmişdir. Cavabdeh müqavilənin hər hansı formada və yaxud nə vaxtsa mübahisələndirməmiş, onun ləğv edilməsi və yaxud etibarsız sayılması üçün tələblər irəli sürməmişdir. Eyni zamanda bununla bağlı başqa formada iradları olduğuna dair işin materiallarında sübutlar yoxdur. Həmin müqavilədə borcun borcalana təqdim edildiyinə dair qəbz mövcuddur. Əgər pulun ödənilməsinə dair qəbz mövcuddursa, borc alan da həmin qəbz üzrə pulu almadığında dair tutarlı və sənədlərdə əks olunan sübut təqdim etməlidir. Sənəd üzrə sübut mülahizə əsasında inkar edilə bilməz. Cavabdeh bildirir ki, bir il müddətinə bağlanmış müqavilə (aprel 2023 - aprel 2024) onun “xxxx” MMC-ni icarə əsasında işlətdiyi dövlər üçün verəcəyi icarə haqqının təminatı kimi rəsmiləşdirilmişdir. Lakin cavabdehin özünün etirafından və Sumqayıt Kommersiya Məhkəməsində aparılmış araşdırmadan müəyyən olunur ki, cavabdehin fəaliyyəti 2024-cü ilin dekabr ayının 10-a kimi davam etmişdir. Cavabdehin məntiqi ilə sonrakı dövlər üçün də məhz belə məzmunda kredit müqaviləsi bağlanmalı idi. Lakin işin materiallarında belə bir müqavilə yoxdur. Deməli iddiaçı tərəfindən başqa məqsədlə belə məzmunda müqavilənin bağlanmasına dair iddia əsassızdır. Əgər həqiqətən də iddiaçı məhz belə bir məqsədlə kredit müqaqviləsi bağlasaydı, cavabdeh onun müddəti bitdikdən sonrakı 8 ay ərzində kredit müqaviləsi üzrə müəyyən qeydlər apara bilərdi. Məsələn borcverən tərəfindən müqavilə öhdəliyinin tam icra edildiyinə dair qeyd aparılmasını tələb edə bilərdi. Lakin borclananın belə bir tələb irəli sürdüyü məlum deyil. Xüsusilə nəzərə almaq lazımdır ki, kredit müqaviləsinin tərəfləri ilə icarə müqaviləsinin tərəfləri mülki hüququn müstəqil subyektləridir. Hər biri ayrı-ayrılıqda hüquq və vəzifələrə malikdirlər. Cavabdehin dəlilini nəzərə alsaq o zaman alınacaq icarə haqqının təminatı kimi məhz MMC ilə cavabdeh arasında kredit müqaviləsi bağlaması məqsədə müvafiq olmaqla məntiqli olardı. Hansı ki qanun buna imkan verir və MMC-nin belə bir maddi imakanı da var. Və yaxud məhz belə bir niyyəti olsaydı, qanunla bu cür müqavilələrin rəsmiləşdirilməsi üçün digər üsullar mövcuddur. İddia notariat qaydasında bağlanmış əqdə əsaslanırsa, cavabdehin həmin iddianın dəfinə yönəlmiş sübutları və əsasları da eyni qüvvədə olan sübutlara və mülahizələrə əsaslanmalıdır. Lakin cavabdehin mövqeyində və ifadələrində olan ziddiyətlər (buna məhkəmə əhəmiyyət verməmişdir) nəzərə alındıqda, onun tərəfindən tutarlı və ağılabatan sübutlar təqdim edilməmişdir. Bu baxımdan hesab edir ki, məhkəmənin iddianın əsasını təşkil edən əqdi pərdələnmiş əqd kimi qəbul edib, həmin əqdə əsaslanan iddianı təmin etməməsi qanunsuz olmaqla mülki qanunvericiliyin tələblərinə uyğun olmamışdır. Bu baxımdan hesab edir ki, qətnamə onun qanuniliyinə dair tələblərə cavab vermir, maddi hüquq normalarına uyğun əsaslandırılmamışdır. Ona görə də ləğv edilməli və iddianın təmin edilməsinə dair yeni qətnamə çıxarılmalıdır. Cavabdeh tərəfindən təqdim edilmiş diskdə olan səs yazılarının mənşəyi məlum deyil, bir neçə hissədən ibarətdir, tərəflərə aid olduğunu müəyyən deyil, orada işlədilən ifadələr aydın deyil, bu baxımdan həmin səs yazılarının sübut qismində qəbul edilməsi və sübut kimi qiymətləndirilməsi qanunvericiliyin tələblərinə uyğun olmamışdır. Cavabdeh tərəfindən təqdim edilmiş qəbzlərin hazırki işi aidiyyəti müəyyən olunmur. Başqa şəxslər arasında olan münasibətləri özündə ehtiva edə bilər, ancaq hazırki iddianın əsasını təşkil edən əqd üzrə ödənişləri təsdiq etmir. Üstəlik həmin qəbzlərdə və digər sənədlərə pulun mənşəyi məlum deyil, alacaq şəxs də hazırki iş üzrə iddiaçı deyil, bir çox qəbzdə imzalar tam deyil. Beləliklə, hesab edir ki, məhkəmə iddia tələbi üzrə qiymətləndirmə apararkən maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Bu isə qanuni və əsaslı olmayan qətnamənin çıxarılması ilə nəticələnmişdir. Halbuki qətnamə işin hallarına uyğun olmalı və düzgün maddi hüquq normalarına əsaslanmalıdır. Maddi hüquq normaları ilə yanaşı, prosessual hüquq normalarının tələblərinin də pozulması qətnamənin apellyasiya qaydasında ləğvi üçün əsasdır. Məhkəmə tərəfindən müqavilənin notariat qaydasında bağlanması, cavabdehin mülahizəsinin hər hansı sübuta əsaslanmaması və başqa münasibətlərin iştirakçıları arasında olan məsələlərin əsassız olaraq hazırki mübahisəyə aid edilməsinə əhəmiyyət verilməmiş və bu hallar aydınlaşdırılmamışdır. Notariat ofisindən əldə edilmiş kredit müqaviləsi qovluğunda kredit borcunun ödənilməsini təsdiq edən sənəd mövcud olduğu halda, məhkəmə pulun verilmədiyinə dair əsassız nəticəyə gəlmişdir. Məhkəmə müqavilənin etibarsız olmasına dair əsassız nəticəyə gəlmişdir, eyni zamanda 739-cu maddənin tələblərini pozmuşdur. Məhkəmə həmin normaların tələblərini pozmuşdur.

b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

7. Cavabdeh tərəfindən apellyasiya şikayətinə qarşı etiraz daxil olmuşdur.

8. Etiraz onunla əsaslandırılmışdır ki, hazırki iş üzrə verilmiş apellyasiya şikayətinin dəlilləri iş materialları ilə təsdiq olunmadığından əsassızdır. Borc müqaviləsinin cavabdeh tərəfindən mübahisələndirilmədiyi, pulun alınmasına dair qəbzin olması; icarə müqaviləsinin 3 il müddətinə bağlandığı halda, borc müqaviləsinin müddətinin bir il olması və sonrakı illər üçün bağlanmadığı; borc və icarə müqaviləsinin subyektlərinin müxtəlif olması şikayətin dəlilləri qismində göstərilmişdir. Bununla bağlı qeyd olunmalıdır ki, borc müqaviləsinin cavabdeh tərəfindən mübahisələndilməməsi, heç də o demək deyil ki, həmin müqavilə həqiqəti əks etdirmiş və cavabdeh sözügedən müqaviləni etibarlı əqd kimi qəbul etmişdir. İşin ifaktiki hallarından görünür ki, borc müqaviləsində göstərilən bir illik müddət ərzində müəyyən olunmuş ödəniş qrafiki üzrə icarə haqqı (300.000 manat) tam şəkildə ödənilmişdir və onların arasında olan icarə münasibətləri daha 8 ay davam etmiş və eyni qaydada icarə haqqı ödənilmişdir. Həmin müddət ərzində, İddiaçı cavabdehə qarşı heç bir iddia irəli sürməmişdir. Məhz, buna görə də sözügedən müqavilə artıq öz aktuallığını itirdiyindən, mübahisələndirilməmişdir. Digər tərəfdən, məlum olduğu kimi, əqdə əsaslanan iddialara baxılarkən, əqdin mübahisələndirilibmübahisələndirilməməsindən asılı olmayraq məhkəmə ilk növbədə əqdin etibarlılıq şərtlərinə cavab verib-vermədiyini aydınlaşdırmalıdır. Bu səbəbdən də qarşılıqlı iddia verilməsinə zərurət olmamışdır. İcarə müqalələrinin sonrakı dövrləri üçün borc müqaviləsinin olmaması ilə bağlı bildirir ki, iş üzrə təqdim olunaraq tədqiq edilmiş səs yazılarında İddiaçı özü dəfələrlə borc müqaviləsinin müddətinin üç il olacağı təqdirdə notariusda 900.000 manat qoyulmalı olduğunu qeyd edərək, müqavilənin bir il yazılmasını tələb etmiş, sonrakı illərdə yenə də bir il-bir il yenilənəcəyini göstərmişdir. Borc müqaviləsinin başa çatmasından sonrakı 8 ay ərzində tərəflər arasında icarə münasibətləri üzrə ödənilməli olan icarə haqqı davamlı şəkildə ödənildiyindən, artıq yeni borc müqaviləsinin tərtib (bağlanmasına yox) olunmasına ehtiyac yaranmamışdır. Eləcə də, məhkəmə iclasında cavabdehin qeyd etdiyi kimi, İddiaçı özü də notariusun depozit hesabına qoymaq üçün 300.000 manatın olmadığını bildirdiyindən, yeni borc müqaviləsinə zərurət yaranmamışdır. Bundan başqa, borc müqaviləsindəki aylar üzrə ödəniş qrafiki və eyni aylar üzrə aybaay ödənilmiş icarə haqqının məbləğinin üst-üstə düşməsi də, əslində, münasibətlərin icarə müqaviləsindən yarandığın təsdiq edir. Şikayətdə borc və icarə müqaviləsinin subyektlərinin fərqli olması ilə bağlı dəlil ilə bağlı bildirir ki, işin faktiki halları ilə o cümlədən, səs yazıları ilə təsdiq olunur ki, “xxxx” MMC-nin direktoru başqa şəxs olsa da, Ramazan Seyfullayev MMC-nin faktik sahibi və rəhbəri olduğundan obyektlərlə bağlı bütün səlahiyyətləri, o cümlədən, obyektlərin icarəyə verilməsi ilə bağlı bütün danışıqların aparılması, müqavilə şərtlərinin müəyyən edilməsi, icarə haqqının təyin olunması, icarə haqqının qəbul edilməsi və sair səlahiyyətləri faktiki olaraq şəxsən özü icra etmişdir. Müqavilələrin fərqli subyektlər tərəfindən bağlanmasının hazırki vəziyyətdə əhəmiyyət kəsb etməməsi ilə bağlı qeyd edirəm ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair” ## #### 2022-ci il tarixli Qərarında təsbit olunmuş hüquqi mövqeyə görə “...məhkəmələr əqd tərəflərinin davranışını, tərəflər arasında formalaşan münasibətləri, onların yazışmalarını, fərqli subyekt tərkibi olan oxşar münasibətlərdə tərəflərin davranışını, əqdin bağlandığı fəaliyyət sahəsində formalaşmış davranış təcrübəsini, hərəkətlərin baş vermə vaxtını və s. nəzərə almalıdır”. Göründüyü kimi, pərdələyən (borc müqaviləsi) və pərdələnən (icarə müqaviləsi) əqdlərdə subyektlərin fərqli olması məsələnin mahiyyətinə təsir etmir. Ümumiyyətlə, işin faktiki halları baxımından, İddiaçı iddiasının ziddiyyətli və əsassız olduğu birinci instansiya məhkəməsində təqdim etdiyimiz etirazda konkret sübutlarla ətraflı şəkildə şərh olunmuşdur. Bir daha qeyd edirəm ki, tələbin əsaslandığı kredit müqaviləsi tərəflər arasında mövcud olmuş başqa bir müqaviləni- icarə müqaviləsini pərdələmək üçün formal olaraq bağlandığından yalan əqd olduğu üçün əhəmiyyətsiz əqddir. Sözügedən müqavilənin yalan əqd olduğu işin aşağıda şərh edilən faktiki halları ilə təsdiq olunur. Qeyd edir ki, iddiaçı İddiaçı təsisçisi olduğu “xxxx” MMCyə məxsus olan restoran və otelin Cavabdeh ilə əvvəlcə şərikli, sonra isə icarə əsasında işlədilməsi barədə razılaşmaları olmuşdur. Belə ki, 2023-cü ilin mart ayının 7-də Cavabdeh qazancın 25%-i özünə qalmaq şərti ilə həmin obyektləri işlətmiş, lakin bir neçə gün sonra İddiaçı həmin qayda ilə işləməyə razılaşmayaraq, icarə əsasında davam etməyi tələb etmiş və Novruz Zeynalov razılaşaraq, 3 il müdətinə icarə müqavilələri bağlamış və 2023-cü ilin aprel ayından 2024-cü il dekabr ayının 10-a qədər obyektlər icarədə olmuşdur. ## ###### 2024-cü il tarixdə İddiaçı tələbi ilə icarə müqavilələri pozulmuşdur. Qeyd olunduğu kimi, 2023-cü ilin aprel ayında İddiaçı tələbi ilə icarə müqavilələri bağlamaq barədə razılığa gəlinmiş, həm restoranın, həm də otelin birlikdə icarə haqqı bir illik 300.000 manat, 3 illik 900.000 manat məbləğində müəyyən edilmişdir. Eyni zamanda, tərəflər bir il üçün göstərilən 300.000 manat məbləğində icarə haqqının mövsüm ərzində obyektlərin gəlirinə uyğun olaraq (yay ayları çox, qalan vaxtlar az) ödəniş qrafiki barədə razılaşmışlar. İddiaçı tələbi ilə qərara alınmışdır ki, əlavə vergi yükünə məruz qalmamaq üçün rəsmiləşdiriləcək icarə müqavilələrində aylıq icarə haqqı az göstərilsin, qalan məbləğin ödənilməsinin təminatı üsulu kimi isə 300.000 manat borc verilməsinə dair bir ildən bir yenilənən borc müqaviləsi bağlansın və həmin ödəniş qrafiki (cədvəl) borc müqaviləsində əks olunsun. Hətta, İddiaçı növbəti illərdə qiymətlərin düşüb-qalxmasından asılı olmayaraq, 300.000 manat icarə haqqının və ödəniş cədvəlinin dəyişməyəcəyini qəti şəkildə bildirmişdir. Qeyd olunanlar, yəni obyektlərin icarəyə verilməsi, rəsmiləşdiriləcək icarə müqaviləsində aylıq icarə haqqının az göstərilməsi, faktiki icarə haqqının ödəniş cədvəlinin borc müqaviləsində əks etdirilməsi və işin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən digər faktiki halları barədə tərflər arasında aparılan danışıqlar onların öz razılığı ilə (hətta İddiaçı bir neçə dəfə dediyi fikirlərin səs yazısında qeydə alınmasını tələb etmişdir) Novruz Zeynalovun mobil telefon cihazında 6 ədəd fayl şəklində qeyd alınmışdır. Həmin səs yazıları CD disk və yaddaş kartına köçürülərək məhkəməyə təqdim olunur. Qeyd olunan səs yazılarının iş üçün sübut əhəmiyyəti daşıması ilə bağllı qeyd olunmalıdır ki, “Şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması öz-özlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı bir-birlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz. (“N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının # ###### 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ##### 2021-ci il tarixli Qərarı). “CD” diskdə əks olunanların məzmunu aşağıdakı kimidir: Şərti olaraq 1 və * nömrəli səs yazılarında icarə müqaviləsinin şərtləri müzakirə olurnur, xüsusi ilə * nömrəli səs yazısının 9-cü dəqiqəsindən sonra İddiaçı MMC-nin faktiki rəhbəri kimi icarəyə verən olaraq danışıqları, icarə haqqının vergini az ödəmək üçün az göstərilməsinin məqsədəmüvafiq olduğunu deməsi əks olunmuşdur. * nömrəli səs yazısında İddiaçı mart ayına dair 20.000 manat məbləğində icarə haqqını artıq qəbul etməsi, anbara görə Novruz Zeynalovun 15.000 manat borclu qalması (N.Zeynalov ilk dəfə obyektləri işlətməyə qəbul edəndə anbarda olan 15.000 manat dəyərində malı da qəbul etmişdir) və həmin borcu müvafiq olaraq 2023-cü ilin may, sentyabr və dekabr aylarının icarə haqqına əlavə edilməsi, tez-tez telefonla notariusun köməkçiçi adlandırldığı şəxs ilə illik ödəniş cədvəlində dəyişikliklər edilməsi ilə bağlı danışması, borc müqaviləsinin 1 illik yazılması, 3 il icarə müddətinə müvafiq olaraq 900.000 manata dair borc barədə razılaşmaları, İddiaçı 3 illik borc müqaviləsini yazdıra bilməyəcəyi, növbəti illərdə borc müqaviləsinin yenilənməsi, ödənişlərin nəğd şəkildə əllə alınması, vergi verilməməsi, pulun İddiaçı ödənilməli olması və s. əks olunmuşdur. * nömrəli səs yazısında borc müqaviləsinin bəndləri oxunur. * nömrəli səs yazısında yenə də 3 il ərzində 900.000 manatın ödənilməli olması, borc müqaviləsinin ilbəil yenilənəcəyi, məbləğin dəyişməz olması, çöldən-çölə pulun İddiaçı hesabına ödənilməsi və s. qeydə alınmışdır. Qeyd olunan səs yazılarında ən azı bir dəfə də olsun, Cavabdeh İddiaçı borc istəməsini, belə bir niyyətinə dair fikir bildirməsini, eləcə də borc almasını təsdiq edən danışıq, razılaşma yoxdur. Bütün danışıqlar icarə üzrə ödənişlərə dair cədvəl barədədir və bu cədvəl İddiaçı təşəbbüsü və diqtəsi ilə hazırlanmışdır. Həmin danışıqlardan sonra əvvəlcə tərəflərin öz arasında aprel 2023-cü il tarixli (gün göstərilməyib) borc müqaviləsi, sonra isə notarial qaydada ## ##### 2023-cü il tarixli kredit müqaviləsi və ## ##### 2023-cü il tarixl icarə müqavilələri (otel və restoranın icarəyə götürülməsinə dair) bağlanmışdır. Şərh olunanlardan göründüyü kimi, tərəflər arasında icarə münasibətləri yaranmış, bundan sonra eyni anda həm borc, həm də icarə müqaviləsi bağlanması barədə razılaşma olmuş və bir gün fərqi ilə əvvəlcə borc müqaviləsi, sonra icarə müqavilələri rəsmiləşdirilmişdir. Yaranmış mübahisənin düzgün həlli üçün ilk növbədə hazırki iddia tələbinin əsaslandığı borc müqaviləsinin etibarlı olub-olmamasına hüquqi qiymət verilməlidir. Belə ki, istənilən bir tələb barəsində iddia qaldırıldıqda məhkəmənin üzərinə düşən ən əsas və vacib vəzifə həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Bu nöqteyinəzərdən müqaviləyə istinad edilərək, hər hansı bir tələb irəli sürüldüyü təqdirdə, həmin müqavilənin etibarlı olub-olmadığının müəyyənləşdirilməsinə zərurət yaranır. Bu baxımdan, tələbin əsaslandığı müqavilənin etibarsız olması, həmin müqavilə üzrə tələb hüququnun yaranmadığını göstərir. Hüquq ədəbiyyatında əqdlərin etibarlılıq şərtləri ümumi və xüsusi şərtlərə bölünmüşdür. Ümumi etibarlıq şərtlərinə bütün əqdlər baxımından tələb olunan şərtlər - fəaliyyət qabiliyyətinin zədəli olmaması, əqdin mövzusu şəxsiyyətə zidd olmamsı, əqdin imperativ normalara zidd olmaması, iradə ifadəsinin zədəli olmaması və iradə ifadəsinin görünüş üçün olmaması. Xüsusu etibarlıq şərtlərinə yalnız müəyyən qrup əqdlərə tələb olunan şərtlər daxildir- əqdin məcburi formaya uyğun olması, sərəncamverici əqdlərdə sərəncam səlahiyyətinin olması, əqdin ağır şərtlə bağlanmaması. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il ## ##### tarixli Qərar). Təsadüfi deyil ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair” ## #### 2022-ci il tarixli Qərarında təsbit olunmuş hüquqi mövqeyə görə “Həmçinin qeyd olunmalıdır ki, əqdin yalan olubolmaması məsələsi araşdırılarkən yalnız müqavilənin söz və ifadələrinin hərfi mənası deyil, tərəflərin bağlanmış müqavilə üzrə hüquqi nəticə əldə etmək niyyətlərinin olub-olmaması, habelə əsl iradələrinin aşkar edilməsi üçün işin faktiki halları da hərtərəfli araşdırılmalıdır. Bu zaman məhkəmələr əqd tərəflərinin davranışını, tərəflər arasında formalaşan münasibətləri, onların yazışmalarını, fərqli subyekt tərkibi olan oxşar münasibətlərdə tərəflərin davranışını, əqdin bağlandığı fəaliyyət sahəsində formalaşmış davranış təcrübəsini, hərəkətlərin baş vermə vaxtını və s. nəzərə almalıdır. Bir neçə əlaqəli əqdin qısa fasilə ilə bağlanması (məsələn, bir ilədək), eyni gündə bir neçə əlaqəli əqdin bağlanması, tərəflərin və ya üçüncü şəxslərin müxtəlif hərəkətlərinin qarşılıqlı əlaqəsi və digər hallar da əqdlərin pərdələmək niyyətilə görünüş üçün bağlanılmasına dəlalət edə bilər....Yalan əqd aşağıda sadalanan əsas tərkib əlamətlərinə malikdir: -görüntüdə bağlanan əqd və ya pərdələyən əqd - tərəflərin üçüncü şəxslərdə hüquqa uyğun və etibarlı bir müqavilə bağladıqları təəssüratını yaradır. Bu müqavilədə tərəflərin əks etdirdikləri iradə ifadələri arzuladıqları hüquqi nəticəyə uyğun olmur. Tərəflərin görünüş üçün bağladıqları bu müqavilə üzrə hüquqi nəticə, hüquq və öhdəliklər əmələ gətirmək niyyətləri olmur; -gizli bağlanan əqd və ya pərdələnən əqd - tərəflərin görüntüdə bağladıqları əqdin arxasında gizlətdikləri və həqiqi iradələrini ifadə edən bir müqavilədir. Bu, yalan əqdi uydurma əqddən fərqləndirən əsas əlamətdir; -yanlış təsəvvür yaratmaq niyyəti; - tərəflərin həqiqi iradələrini gizli tutaraq hər hansı bir mənfəət əldə etmək üçün üçüncü şəxslərdə buna dair fikir formalaşdırmaqda və görüntü yaratmaqda ifadə olunur. Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi vacib bilir ki, subyekt tərkibinin fərqli olması tərəflərin başqa əqdi pərdələməsi niyyətini istisna etmir. Belə ki, tərəflər öz aralarında görünüşdə bağlanacaq əqdə dair razılığa gəldikdə, həmin müqavilənin digər şərtləri ilə yanaşı subyekt tərkibinə dair də razılığa gələ bilərlər. Nəzərə alınmalıdır ki, yalan əqdin etibarsızlığının əsas səbəbi tərəflərin həqiqi iradələri ilə bu iradənin bəyanı arasında qəsdən yaradılan uyğunsuzluqda, üçüncü şəxslərdə müqavilənin etibarlılığına dair yanlış təsəvvür yaratmaqda ifadə olunur. Odur ki, subyekt tərkibindən asılı olmayaraq müqavilə tərəflərinin üçüncü şəxslərdə yanlış təsəvvür yaratmaq niyyətilə bağladığı istənilən əqd yalan əqd əhəmiyyətsizdir”. Qeyd olunmalıdır ki, yalan əqddə tərəflər əslində görünən müqavilədən başqa bir müqavilə barədə razılığa gəlmiş olurlar, lakin görünən əqdlə həmin müqaviləni pərdələyirlər. Beləcə tərəflər xarici aləmə (üçüncü şəxslərə) qarşı əslində istəmədikləri bəyanları ilə meydana gələn müqavilə ilə görünməyi, amma gerçəklikdə digər bir müqavilənin bağlanmasını arzu edir və bu xüsusda anlaşırlar. Başqa sözlə, tərəflərin bağladıqları müqavilədə göstərilən hüquqi nəticəni əmələ gətirmək niyyətləri olmur və bu cür pərdələmə müqavilə tərəflərinin hər ikisinin qəsdi ilə əhatə olunur. Hazırkı halda, borc müqaviləsinin əhəmiyyətsiz əqd (yalan əqd) kimi etibarsızlıq şərtləri tərəflərin həqiqi iradələri ilə bu iradənin ifadəsi arasında bilərəkdən yaratdıqları uyğunsuzluqdan irəli gəlir və bilavasitə bununla bağlıdır. Baxmayaraq ki, zahiri baxımdan borc müqaviləsi qanunla müəyyən olunmuş formada bağlanmış olsa da, tərəflərin bağlanmış müqavilə üzrə hüquqi nəticə əldə etmək niyyətlərinin (iradə və iradə ifadəsi) olması iş üzrə müəyyən edilmir. Qeyd olunan hüquqi mövqeylər baxımından, bütün bunlar onu deməyə əsas verir ki, baxmayaraq ki, icarə müqaviləsi borc müqaviləsindən bir gün sonra rəsmiləşdirilmiş, lakin icarə ilə bağlı münasibətlər hələ ##.##.2023-cü il tarixli kredit müqaviləsindən öncə mövcud olmuşdur (2023cü ilin mart ayından). Tərəflərin bütün qarşılıqlı hərəkətləri icarə münasibətləri ilə bağlı olmuş, kredit müqaviləsinin bağlanmasının əsl səbəbi heç də Cavabdeh borc verilməsi deyil, icarə münasibətləri əsasında İddiaçı qeyri-rəsmi qaydada ödənilməli icarə haqları ilə bağlı Cavabdeh öhdəliklərinin pərdələnməsi və bu öhdəliklərin icrasını təmin etmək olmuşdur. Yəni iddiaçı öhdəliyinin icrasını Azərbaycan Respublikası MM-nin 460.1-ci maddəsində müəyyən edilmiş üsullarla deyil borc müqaviləsini bağlamaqla təmin etdiyini zənn etmiş və bu zaman əsil iradə ifadəsi borc verilməsinə yönəlməmişdir. Qeyd edir ki, ödəniş qrafikində aylar üzrə müəyyən olunmuş pul məbləğləri ilə aylıq icarə haqqının qəbul edilməsinə dair İddiaçı özünün də təsdiq etdiyi ödəniş cədvəllərindəki məbləğlərin üst-üstə düşməsi faktı da tərəflərin arasında olan münasibətlərin borc deyil, icarə münasibəti olduğunu təsdiq edir (həmin ödəniş sənədəlri barədə aşağıda ətraflı məlumat veriləcək). Ona görə də borc müqaviləsi əhəmiyyətsiz əqd olduğundan, həmin əqdə əsaslanaraq irəli sürülmüş iddia təmin oluna bilməz. Digər tərəfdən, obyektlərin icarədə olduğu ## ###### 2024-cü il tarixədək Cavabdeh tərəfindən İddiaçı ödənilmiş icarə haqları (rəsmi və qeyri-rəsmi qaydada) barədə aşağıdakıları məhkəmənin diqqətinə çatdırır. Yuxarıda istinad olunan səs yazılarında (3 N-li fayl) Ramzan Zeynalovun özünün etiraf etdiyi kimi istər borc, istərsə də icarə müqavilələri rəsmiləşdirilməsindən əvvəl 2023-cü ilin mart ayı üçün artıq Cavabdeh ona 20.000 manat icarə haqqını ödəmişdir. Bundan sonra da istər borc müqaviləsində müəyyən olunmuş cədvəl (##.##.2023- ##.##.2024) üzrə bir illik icarə haqqı - 300.000 manat, istərsə də ondan sonrakı dövr üçün müəyyən olunmuş icarə haqqının tam şəkildə ödənildiyi məhkəməyə təqdim edilən, İddiaçı özünün və işçilərinin imzaladığı cədvəl və kassa məxaric orderləri, bank hesabından çıxarış ilə təsdiq olunur (cədvəl və orderlərinin hamısını əldə getmək mümkün olmayıb). Sözügedən ödəniş sənədlərinin hamısını əldə etmək mümkün olmadığından, ödənişlərin icra olunması vəziyyəti öhdəliklərin icrasının qəbuluna dair Azərbaycan Respublikası Mülki Məcəlləsinin 529-cu maddəsinin tələbləri baxımından qiymətləndirilməlidir. Belə ki, həmin Məcəllənin 529.5-cu maddəsinə əsasən, borc vaxtaşırı, hissə-hissə ödənilərkən onun sonuncu hissəsinin ödənilməsi barədə sənəd, nə qədər ki ayrı hal müəyyənləşdirilməyib, ondan əvvəlki hissənin də ödənildiyini ehtimal etməyə əsas verir. Həmin cədvəl və kassa məxaric orderlərinin tarixləri üzrə xronolji qaydada təhlilindən görünür ki, 2023-cü ilin sonuna- dekabr ayı üçün icarə haqqı 20.000 manat olmuşdur. Cədvəlin sonunda noyabr ayı üzrə qalıq borcun 10.000, dekabr ayı üzrə15.050 manat, cəmi 25.050 manat olduğu qeyd edilmiş və cədvəl İddiaçı tərəfindən imzalanmışdır. Qeyd edir ki, həmin cədvələ əlavə olunan ##.##.2023-cü il tarixli, ********* saylı kassa məxaricində 10.000 manat məbləğində pulun ödənildiyi və oktyabr ayı üzrə icarənin tam ödənildiyi qeyd edilmişdir. Deməli, 2023-cü il üzrə oktyabr ayı da daxil olmaqla ondan əvvəlki ayların icarə haqları tam şəkildə ödənilmiş, noyabr-dekabr ayları üzrə cəmi 25.050 manat məbləğində icarə borcu qalmışdır. Bu baxımdan, tərəflər arasında illik müəyyən olunmuş 300.000 manat icarə haqqının 255.000 manatı 2023-cü ilin aprel-dekabr aylarının, 45.000 manatı isə 2024-cü ilin yanvar-mart aylarının payına düşdüyü nəzərə alınmaqla, qalıq borc çıxıldıqda, Cavabdeh 2023-cü ildə cəmi 229.950 manat məbəlğində icarə haqqını ödədiyi təsdiq olunur (255.000- 25.050 = 229.950). İşə əlavə olunmuş 2024-cü ilin fevral ayı üzrə ödəniş cədvəlindən görünür ki, həmin ay üzrə borc müqaviləsində göstərildiyi kimi icarə haqqı 15.000 manat olmuş və həmin ayda 19.493 manat məbləğində ödəniş həyata keçirilmişdir. Cədvəldə köhnə borc 32.000, fevral icarə 15.000, cəmi 47.000, verildi 19493. 1 marta qalıq borc 27507, köçürülmə yolu ilə 4000 (yəni rəsmi hissə), nağd veriləcək 23.507 göstərilmişdir. Eyni zamanda İddiaçı özü qalıq borcun 27.200 olduğu qeyd edərək imza etmişdir. Deməli, Cavabdeh ümumi illik icarə haqqı olan 300.000 manatdan # #### 2024-cü il tarixədək cəmi 272.800 manat məbləğində pulu İddiaçı vermişdir. Mart -aprel 2024-cü il üzrə ödəniş sənədlərini tam əldə etmək mümkün olmamışdır (mart ayı üzrə 5100 manat ödənilməsinə dair bir qəbz var, eləcə də bank çıxarışında yanvar-aprel ayları üzrə rəsmi qaydada 8.000 manat ödənildiyi göstərilmişdir). May 2024-cü ildə 14.000 manat ödənilmiş, iyun 2024-cü il üçün ödəniş cədvəlində “verilməli məbləğ” (icarə haqqı) kimi 68.000 manat qeyd edilmişdir, təkrarlanan yeni ödəniş qrafikinə əsasən bundan 50.000 manatı həmin ayın, 18.000 manatı isə aprel-may aylarından qalan qalıq borc olduğunu nəzərə alsa, deməli, icarə müddətinin birinci ili üçün müəyyən olunmuş 300.000 manat məbləğində icarə haqqı tam şəkildə ödənilmişdir. Sözügedən borc müqaviləsində göstərilmiş 300.000 manat illik icarə haqqının tam ödənildiyini, avqust ayı 2024-cü ilə dair ödəniş cədvəlində əks olunan məlumatlar bir daha təsdiq edir. Belə ki, həmin ayda “verilməli məbləğ” (icarə haqqı) kimi göstərilmiş 65.000 manat pul tam şəkildə ödənilmiş, borc qalmamışdır. Qeyd edir ki, əldə olunaraq məhkəməyə təqdim olunan kassa məxaric orderləri üzrə Cavabdeh tərəfindən İddiaçı cəmi 348.432 manat məbləğində pulun ödənildiyi təsdiq olunur, bundan başqa özünün səs yazısında etiraf etdiyi kimi 2023-cü ilin mart ayı üçün də 20.000 manat icarə haqqı aldığı nəzərə alınmaqla 368.432 manat pulun ona verildiyi öz təsdiqini tapmış olur. Qeyd edir ki, bir hal da nəzərə alınmalıdır ki, aylıq ödəniş cədvəllərində icarə haqqına daxil edilən digər xərclər də göstərilmişdir, həmin məbləğlərə dair kassa məxaric orderləri tərtib edilməmişdir. Lakin həmin cədvəllər İddiaçı tərəfindən imzası ilə təsdiq edildiyindən, icarə haqqının ödənişi kimi qiymətləndirilməlidir.

c) Apellyasiya icraatı iştirakçılarının izahatları

9. Məhkəmə kollegiyasının iclasında dindirilən cavabdeh Cavabdeh apellyasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi.

10. Məhkəmə kollegiyasının iclasında dindirilən cavabdehin nümayəndəsi vəkil Nümayəndə apellyasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi.

11. Məhkəmə kollegiyasının əvvəlki iclasında dindirilən iddiaçının nümayəndəsi vəkil Vəkil apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi.

Tətbiq edilən hüquq

12. Mülki Məcəllə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 340.2. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 742.1. Borcalan borcu (həmçinin faizləri və (və ya) haqları) borc müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada (bu Məcəllənin 740-cı maddəsi nəzərə alınmaqla) borcverənə qaytarmalıdır.

13. Mülki Prosessual Məcəllə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

Apellyasiya baxışının hədləri

14. Məhkəmə kollegiyası tərəfindən Sumqayıt Şəhər Məhkəməsinin ## ###### 2025-ci il tarixli qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

15. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçini və tərəflərin izahatlarını dinləyib, eləcə də apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli və iddia tələbinin təmin edilməsinə dair iş üzrə yeni qətnamə qəbul edilməlidir.

16. Birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməməsini iddiaçının öz iddiasını məhkəmə iclasında hüquqi cəhətdən əsaslandıra bilməməsi, iddianın təmin edilməsi üçün məhkəməyə hər hansı bir mötəbər sübut təqdim edə bilməməsi ilə əsaslandırmış, məhkəmənin gəldiyi nəticədən narazı qalan iddiaçı apellyasiya şikayəti vermiş, qətnamənin ləğv edilərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

17. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri nəzərə alınmaqla iddia tələbi üzrə hüquqi dəyərləndirmə aparmaqla, aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

18. Tərəflər arasında ##.##.2023-ci il tarixli kredit müqaviləsinin bağlanması, iş materiallarında olan qəbzə əsasən cavabdehin müqavilə üzrə verilmiş 300.000 (üç yüz min) manat pulu qəbul etməsi işin mübahisəsiz halıdır.

19. İşdən görünür ki, iddiaçı ##.##.2023-ci il tarixli borc müqaviləsinə əsaslanaraq, həmin müqavilə üzrə cavabdehə ödəmiş olduğu pulun ona geri qaytarılmasını tələb edir. Cavabdeh isə ona pulun verilmədiyini, bu müqavilənin icarə müqaviləsini pərdələmək məqsədilə bağladığına istinad edərək iddiaya etiraz edir.

20. Konstitusiya Məhkəməsi Plenumu ##.##.2021-ci il tarixli qərarında vurğulamışdır ki, hər hansı əqdə istinad edərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir.

21. Bu mənada məhkəmə kollegiyası ilk öncə iddiaçının əsaslandığı həmin əqdə hüquqi qiymət verilməsini zəruri hesab edir.

22. “Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının birgə qərardadının 13-cü bəndində qeyd edilmişdir ki, məlum olduğu kimi məhkəmələrdə əqdə əsaslanan müxtəlif növ iddialara baxılır. Bu xarakterli mübahisələrin ortaq cəhəti irəli sürülən tələblərin və ya etirazların əsasını hər hansı əqdin təşkil etməsidir. Ona görə də, belə mübahisələr üzrə işin düzgün həlli üçün tərəflərin istinad etdikləri əqdin mövcud olubolmaması, əqd bağlandığı halda isə onun etibarlı olub-olmaması mütləq qaydada müəyyən edilməlidir. Bunun üçün mülki prosesdə tətbiq edilən dispozitivlik, çəkişmə, hüquqi həqiqət kimi prinsip və şərtlər də nəzərə alınmaqla məhkəmənin həmin xüsusatlar üzrə araşdırma aparması zəruridir.

23. Məlum olduğu kimi, Mülki Məcəllənin 340.2-ci maddəsinə əsasən yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir.

24. “Konstitusiya Məhkəməsi Plenumunun yalan əqdlərlə əlaqədar formalaşmış hüquqi mövqeyinə əsasən, yalan əqd başqa bir əqdi pərdələmək niyyəti ilə görünüş üçün bağlanmış əqddir. Yalan əqd halında əslində eyni anda iki ayrı əqd bağlanmış olur. Görünən əqd tərəflərin əsl hüquqi niyyətlərini əks etdirmir. Tərəflər əslində başqa bir müqavilə barədə razılığa gələrək görüntü üçün bağladıqları əqdlə həmin müqaviləni pərdələyirlər. Yalan əqd müqavilə tərəflərinin bilərəkdən məqsədli şəkildə yol verdikləri hüquqa zidd bir hərəkətdir. (N.Hacıyevanın şikayəti üzrə 2020-ci il ## #### və X.Mirzəyevin şikayəti üzrə 2021-ci il ## ######## tarixli Qərarları).

25. Nəzərə alınmalıdır ki, yalan əqd də uydurma əqd kimi görünüş xarakteri daşıyır. Yalan əqd tərəflərin həqiqi iradələri ilə bu iradənin ifadəsi arasında bilərəkdən yaratdıqları uyğunsuzluqdur. Tərəflər əslində bir hüquqi prosedur həyata keçirmək iradəsinə sahib olduqları halda, üçüncü şəxslərdə yalnış təsəvvür yaratmaq niyyəti ilə qəsdən sanki başqa bir hüquqi prosedur həyata keçirmək iradəsində olduqlarını göstərirlər.

26. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Ə.İbrahimovun şikayəti üzrə 2004cü il ## ##### tarixli Qərar).

27. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir (Mülki Məcəllənin 337.1, 337.3-cü maddələri).

28. Lakin hazırki işdə mövcud əqdin bağlanması zamanı əqdin tərəflərinin hüquqi nəticələr yaratmaq məqsədi olmadan görünüş üçün bağlanması halları müəyyən edilməmiş, əksinə onların mübahisələndirilən müqavilədəki hüquqi nəticənin yaratmaq niyyətləri olmuş, bu hal mövcud əqdin bağlanmasından sonra iddiaçı tərəfindən “xxxx” ASC-yə ödənilmiş 300.000 (üç yüz min) manat pul vəsaitinin cavabdeh Cavabdeh tərəfindən ##.##.2023-cü il tarixdə də götürülməsinə dair “xxxx” ASC tərəfindən verilmiş məxaric sənədində də (işə əlavə edilmiş ##.##.2023-cü il tarixli çekdə) öz təsdiqini tapmışdır.

29. Bu baxımdan məhkəmə kollegiyası cavabdehin istər birinci instansiya məhkəməsində, istərsə də apellyasiya baxışında borc müqaviləsinin icarə müqaviləsinin pərdələmək məqsədilə bağlanması barədə izahatını inandırıcı hesab etmir. Bu yalnız cavabdehin sözügedən müqavilə üzrə iddiaçı qarşısında yaranmış öhdəliyindən yayınmaq məqsədi daşıyır.

30. Qeyd olunmalıdır ki, məhkəmə müdafiəsi müstəqil məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırması əsasında hüquqların səmərəli bərpa edilməsi kimi qəbul olunur. Ədalət mühakiməsi mahiyyət etibarı ilə ədalət anlayışına cavab verməli və pozulmuş hüquqların bərpa olunmasını təmin etməlidir.

31. Nəzərə alınmalıdır ki, məhkəmə aktının əsaslandırılmış olması qəbul edilmiş qərarın iş üzrə tərəflərdə qanuni və ədalətli olduğuna inam yaratmaqla yanaşı, ümumilikdə məhkəmə hakimiyyətinə olan etimadın möhkəmlənməsinə xidmət edir. Eyni zamanda məhkəmə aktı elə şəkildə tərtib olunmalıdır ki, onun qanuniliyini yoxlayan yuxarı instansiya məhkəməsi ifadə olunmuş qənaətin əsaslı olub-olmadığını, habelə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilmədiyini müəyyənləşdirə bilsin.

32. Bu mənada məhkəmə kollegiyası hesab edir ki, işin müəyyən edilmiş halları Mülki Məcəllənin 739-cu maddəsində müəyyən edilmiş dispozisiya şərtlərinə uyğun olduğundan, hazırkı tələb həmin maddi hüquq normanın dispozisiya şərtləri əsasında həll edilməlidir.

33. İddia tələbinin qanuni əsasını təşkil edən Mülki Məcəllənin 739-cu maddəsinin dispozisiya şərtlərinə görə də bu cür iddiaların təmin olunması üçün tərəflər arasında etibarlı borc müqaviləsi bağlanmış olmalı və bu tələb üzrə pulun verildiyini sübut etmək yükü iddiaçının üzərində olsa da, o bu yükdən o zaman azad edilir ki, cavabdeh bu pulun ona verilmədiyini təkzib edən sübutlarla təsdiq etsin.

34. İşin yuxarıda sadalan hallarından görünür ki, iddiaçı bank vasitəsilə tələb olunan məbləği cavabdehə ödəmişdir.

35. Göründüyü kimi qanunvericiliyin tələbinə əsasən borc müqaviləsi üzrə pulun cavabdehə verilməsini sübut etmə yükü üzərinə düşən iddiaçı tələb etdiyi ##.##.2023-cü il tarixli borc müqaviləsi üzrə 300.000 manat məbləğində pulu cavabdehə verdiyini sübut etdiyi və həmin məbləğdən 200.000 manatın ona qaytarılmaqla yerdə qalan 100.000 manat ona ödənilməsini tələb etdiyi halda, cavabdeh bunu təkzib edən hər hansı bir tutarlı sübut məhkəməyə təqdim etməmişdir.

36. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (Azərbaycan Respublikası MPM-nin 77.1 və 14.2. maddələri).

37. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekpertlərin rəyləri ilə, yeində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (Azərbaycan Respublikası MPM-nin 76.1, 76.2-ci maddələri)

38. Mülki Məcəllənin 742.1-ci maddəsinə əsasən borcalan borcu (həmçinin faizləri və (və ya) haqları) borc müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada (bu Məcəllənin 740-cı maddəsi nəzərə alınmaqla) borcverənə qaytarmalıdır.

39. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini Mülki Məcəllənin 5.3 və 425.1-ci maddələrinə uyğun olaraq vicdanla həyata keçirməli, öhdəlikləri şərtləşdirilmiş vaxtda və yerdə lazımı şəkildə icra etməlidirlər.

40. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (Mülki Məcəllənin 385.1. maddəsi).

41. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh iddiaçının tələb etdiyi məbləği ödəmədiyindən, cavabdeh Cavabdeh 100.000 (bir yüz min) manat tutularaq iddiaçı İddiaçı verilməlidir.

42. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin ## ###### 2025-ci il tarixli qətnaməsi ləğv edilməli, iddia təmin edilməli, cavabdeh Cavabdeh 100.000 (bir yüz min) manat və ödənilmiş 390 manat dövlət rüsumu alınıb iddiaçı İddiaçı verilməsinə dair yeni qətnamə qəbul edilməlidir.

43. Azərbaycan Respublikası MPM-nin 384.0.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

44. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halların araşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin əhəmiyyətli olan hallarının sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrin işin faktiki hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır (Azərbaycan Respublikası MPM-nin 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4 maddələri).

45. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (MPM-nin 119.1. maddəsi).

46. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4, 392, 393 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ İddiaçı İddiaçı apellyasiya şikayəti təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin ## ###### 2025-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi təmin edilsin. Cavabdeh Cavabdeh 100.000 (bir yüz min) manat və ödənilmiş 390 (üç yüz doxsan) manat dövlət rüsumu alınıb iddiaçı İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən vəkil vasitəsilə) verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar