Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 2(5-146)-304/2026 03.03.2026 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynli Tural Mirbahəddin oğlu, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X4 Xidmətinin X1rşı “öhdədə olma faktının müəyyən edilməsi” barədə ərizəsini məhkəmə iclasından kənar qaydada nəzərdən keçirərək MÜƏYYƏNETDİ: Ərizəçi ərizə ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, 14 iyun 1997-ci il təvəllüdlü oğlu X2 onun öhdəsində olması faktının müəyyən olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizənin məhkəmənin icraatına qəbulu araşdırılarkən müəyyən olunmuşdur ki, ərizə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi ilə nəzərdə tutulmuş zəruri tələblərə əməl edilmədən, yəni yolverilməz əsaslarla məhkəməyə verildiyindən ərizənin icraata qəbulundan imtina olunmalıdır. Belə ki, ərizənin məzmunundan və ona əlavə edilmiş sənədlərdən görünür ki, ərizəçi 14 iyun 1997-ci il təvəllüdlü oğlu X2 onun öhdəsində olması faktının müəyyən olunmasına dair qətnamə çıxarılması üçün məhkəməyə müraciət etmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Məhkəmə həmçinin qeyd edir ki, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 3 nömrəli qərarının 3cü bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.2-ci maddəsinin tələblərinə uyğun olaraq şəxsin öhdədə olma faktının müəyyən edilməsi digər şəxslərin ərizəçinin öhdəsində (himayəsində) olması faktını deyil, ərizəçinin özünün ölən şəxsin öhdəsində olması faktının müəyyən edilməsini nəzərdə tutur. Həmin Plenum qərarının 3.1-ci bəndinə əsasən şəxsin öhdədə olma faktının müəyyən edilməsi o zaman hüquqi əhəmiyyətə malik olur ki, bu fakt hüquqi nəticə yaratsın. Bu fakt əsas etibarı ilə ailə başçısını itirməyə görə pensiya və ya sosial müavinətin təyin edilməsi, mirasdan dolanacaq təminatının (alimentlər) tələb edilməsi, ailə başçısının ölümü nəticəsində zərər çəkmiş şəxslərə zərərin əvəzinin ödənilməsi məqsədilə müəyyən edilə bilər. Bu zaman məhkəmə müvafiq faktın müəyyən edilməsi üçün müraciət edən ərizəçinin məhz qanunla müəyyən edilmiş kateqoriyadan olan şəxs olubolmamasına, həmçinin onun vəfat edənin tam təminatında olan və ya ondan özünün yaşayışı üçün daimi və əsas vəsait mənbəyi kimi kömək alan şəxs olmasına diqqət etməlidir. Belə olan halda, məhkəmə hesab edir ki, mülki məhkəmə icraatı qaydasında baxılmalı olmaması əsası ilə ərizənin məhkəmənin icraatına qəbul edilməsindən imtina olunmalıdır. Azərbaycan Respublikası MPM-in 153.2-ci və 153.2.1-ci maddələrinə görə ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə ərizəni qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçının hazırki tələbinə mülki məhkəmə icraatı qaydasında baxılmalı deyil və ərizə yolverilməz əsaslarla məhkəməyə verilmişdir. Azərbaycan Respublikası MPM-in 151.1-ci maddəsinə əsasən ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Bununla belə iddiaçıya izah edilsin ki, iddiaçı qeyd olunan tələb ilə bağlı Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq ümumi əsaslarla aidiyyəti üzrə inzibati məhkəməyə müraciət etmək hüququna malikdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 263, 264, 267 və 268ci maddələrini rəhbər tutaraq QƏRARAALDİ: Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X4 Xidmətinin X1rşı “öhdədə olma faktının müəyyən edilməsi” barədə ərizəsinin məhkəmə icraatına qəbul edilməsindən imtina edilsin. Ərizəçiyə izah edilsin ki, qeyd olunan tələblə bağlı Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq ümumi əsaslarla aidiyyəti üzrə inzibati məhkəməyə müraciət etmək hüququna malikdir. İşə məhkəmədə baxılması üçün ödənilmiş 100 manat dövlət rüsumu Ərizəçi geri qaytarılsın. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Mingəçevir Şəhər Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Sədrlik edən: Tural Hüseynli
Məhkəmə qərarları › İş №2(5-146)-304/2026
Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №2(5-146)-304/2026
03.03.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxsin öhdədə olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver