Məhkəmə qərarları › İş №29(1-8)-14/2026

Ali Məhkəmə Qərardad — İş №29(1-8)-14/2026

11.06.2026 · Xarici arbitraj məhkəmələrinin qərarlarının tanınması və icrası ilə bağlı icraat
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 29(1-8)-14/2026 11.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası Rusiya Federasiyanın X2 Məhkəməsinin 2022-ci il # ###### tarixli A**-*****/**** nömrəli qətnaməsinin Azərbaycan Respublikası ərazisində tanınması və məcburi icraya yönəldilməsi barədə ərizəyə dair iş üzrə QƏRARDADİ Açar sözlər: məhkəmə qətnaməsinin tanınması və məcburi icrası Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Qəribov Bəhman Fərhad oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Şamayev Elşad Yaquboviç və Qurbanov Raqib Əliddin oğlundan ibarət tərkibdə, ərizəçi “xxxx” MMC borclu Maraqlı şəxs MMC-yə qarşı pul vəsaitlərinin tutulması haqqında Rusiya Federasiyanın X2 Məhkəməsinin 2022-ci il # ###### tarixli A**-*****/**** nömrəli qətnaməsinin Azərbaycan Respublikası ərazisində tanınması və icraya yönəldilməsi barədə iddiaçı tərəfindən verilmiş ərizəsinə əlavələri ilə birlikdə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Işin halları

1. Rusiya Federasiyanın X2 Məhkəməsinin Maraqlı şəxs MMC-dən pul vəsaitlərinin tutulması, həmçinin dövlət rüsumunun ödənilməsi ilə bağlı 2022-ci il # ###### tarixli A**- *****/**** nömrəli qətnaməsinin Azərbaycan Respublikasının ərazisində tanınması və icraya yönəldilməsi barədə “xxxx” MMC-nin ərizəsi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilmişdir.

2. Təqdim olunmuş sənədlərdən görünür ki, X2 Məhkəməsinin 2022-ci il # ###### tarixli A**-*****/**** nömrəli qətnaməsi ilə 1.340.433,62 ABŞ dolları məbləğində əsas borcun tutulacağı günün X1 rəsmi kursu ilə rubl ekvivalentinin Maraqlı şəxs MMC-dən “xxxx” MMCnin xeyrinə tutulması qət edilmişdir.

3. Rusiya Federasiyanın X2 Məhkəməsinin arayışına əsasən 2022-ci il # ###### tarixli A**-*****/**** nömrəli qətnamə 2022 il 5 dekabr tarixində qanuni güvvəyə minmiş, lakin icra olunmamışdır.

Tətbiq edilən hüquq

4. Azərbaycan Respublikası ilə Rusiya Federasiyasının tərəfdaş çıxdığı “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” ## ####### 2002-ci il tarixli Kişinyov Konvensiyasının (bundan sonra – “Konvensiya”)

Maddə 54. Qərarların tanınması və icrası

1. Razılığa gələn Tərəflərdən hər biri bu Konvensiyada nəzərdə tutulan şərtlərə əsasən Razılığa gələn digər Tərəflərin ərazilərində çıxarılan aşağıdakı qərarları tanıyır və icra edir: a) mülki və ailə işləri üzrə Razılığa gələn Tərəflərin ədliyyə müəssisələrinin qərarları, o cümlədən belə işlər üzrə məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişləri və pul öhdəliklərinə münasibətdə notarial aktlar (bundan sonra - qərarlar); b) cinayət işləri üzrə zərərin ödənilməsi, cərimələrin tutulması və müsadirələrin edilməsinə dair məhkəmələrin çıxardığı hökmlər (qərarlar); v) iddianın təmin edilməsi məqsədilə əmlak, o cümlədən bank hesablarında olan pul vəsaitlərinin üzərinə həbs qoyma haqqında məhkəmələrin qərarları.

2. Bu maddənin 1-ci bəndində göstərilən qərarların tanınması və icrası sorğu alan Razılığa gələn Tərəfin qanunvericiliyinə uyğun olaraq həyata keçirilir.

Maddə 57. Qərarların tanınma və icra qaydası

1. Bu Konvensiyanın 54-cü maddəsində qərarların tanınması və icrası haqqında nəzərdə tutulan vəsatətlər, ərazisində icra edilməsi nəzərdə tutulan Razılığa gələn Tərəfin məhkəmələri tərəfindən baxılır.

2. Qərarın tanınması və icrası haqqında vəsatətə baxan məhkəmə belə bir faktla kifayətlənir ki, bu Konvensiyada nəzərdə tutulan şərtlərə riayət edilmişdir. Şərtlərə riayət olunduğu təqdirdə, məhkəmə icra haqqında qərar çıxarır.

3. Qərarların tanınma və icra qaydası, ərazisində icra edilməsi nəzərdə tutulan Razılığa gələn Tərəfin qanunvericiliyinə əsasən müəyyən edilir.

Maddə 59. Qərarların tanınmasından və icrasından imtina Bu Konvensiyanın 54-cü maddəsində nəzərdə tutulan qərarların tanınmasından və icrasından aşağıdakı hallarda imtina edilə bilər, əgər: a) qərar bu Konvensiyada müəyyən edilmiş müddəalara zidd olaraq çıxarılıbsa; b) qərarın çıxarıldığı Razılığa gələn Tərəfin qanunvericiliyinə uyğun olaraq, qanuni qüvvəyə minənə qədər icra edilməli qərar istisna olmaqla, həmin qərar qanuni qüvvəyə minməmişdirsə və icra edilməməlidirsə; v) cavabdehin özünə və ya onun səlahiyyətli nümayəndəsinə məhkəmə çağırışı lazımi qaydada və vaxtlı-vaxtında verilmədiyinə görə cavabdeh prosesdə iştirak etməmişdirsə; q) ərazisində qərarın tanınması və icra edilməsi nəzərdə tutulan Razılığa gələn Tərəfdə eyni tərəflər arasında eyni predmet və eyni əsaslarla olan iş üzrə artıq qanuni qüvvəyə minmiş hökm çıxarılmışsa və ya üçüncü dövlətin məhkəməsinin tanıma qərarı mövcuddursa, yaxud da Razılığa gələn həmin Tərəfin ədliyyə müəssisəsi tərəfindən əvvəllər həmin iş üzrə, Razılığa gələn digər Tərəfin ədliyyə müəssisəsinin qərarının tanınması və icrası haqqında vəsatət daxil olana qədər başa çatmamış, icraat başlanmışdırsa; d) bu Konvensiyanın müddəalarına əsasən və ya ərazisində qərarın tanınması və icra edilməsi nəzərdə tutulan Razılığa gələn Tərəfin qanunvericiliyinə əsasən həmin Konvensiyada nəzərdə tutulmayan hallarda iş müstəsna hal kimi onun ədliyyə müəssisəsinə aiddirsə; e) müqavilə aidiyyəti məsələsi üzrə Tərəflərin razılaşmasını təsdiq edən sənəd mövcud deyilsə; j) sorğu alan Razılığa gələn Tərəfin qanunvericiliyində nəzərdə tutulan icraetmə müddəti bitmişdirsə; z) qərarın tanınması və icra edilməsi sorğu alan Razılığa gələn Tərəfin ictimai qaydasına ziddirsə.

5. “Təsərrüfat fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar mübahisələrin həll edilməsi qaydası haqqında” ## #### 1992-ci il tarixli Kiyev Sazişinin 9-cu maddəsinin “d” bəndinə əsasən qərarın icrası üçün nəzərdə tutulmuş üç illik müddət bitmişdirsə, qərarın icrasının təmin edilməsindən imtina edilə bilər.

6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:

“Maddə 458. Xarici məhkəmələrin qətnamələrinin tanınması və icra edilməsi 458.1. Xarici məhkəmələrin qətnamələri Azərbaycan Respublikasının qanunlarında və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulduğu hallarda, yaxud qarşılıqlı anlaşma əsasında Azərbaycan Respublikasında tanınır və icra edilir. 458.2. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa qaydalar nəzərdə tutulmamışsa, xarici məhkəmələrin qətnamələrinin tanınması şərtləri və qaydası və icra edilməsi bu Məcəllədə nəzərdə tutulmuş qaydada həyata keçirilir. 458.3. Xarici məhkəmələrin qətnamələri, qətnamənin qanuni qüvvəyə mindiyi andan 3 il müddətində məcburi qaydada icraya yönəldilə bilər.”

Maddə 462. Xarici dövlətlərin məhkəmə qətnamələrinin tanınması və icrası Xarici dövlətlərin məhkəmələrinin qətnamələri Azərbaycan Respublikasının qanunvericiliyinə, hüquq qaydasına zidd deyildirsə və qarşılıqlı təminatlandırılmışdırsa, Azərbaycan Respublikasında tanına və icra edilə bilər.

Maddə 463. Əsas qaydalar Xarici dövlətlərin məhkəmələrinin qətnamələri dedikdə, mülki işlər və kommersiya mübahisələri üzrə qətnamələr, cinayət işləri üzrə hökmlərin cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsi barədə hissələri, habelə xarici dövlətlərin digər aktları başa düşülür. Maddə 464. Xarici dövlətlərin məhkəmə qətnamələrinin tanınması və icrası barədə ərizələrə baxan məhkəmə Xarici dövlətlərin məhkəmələrinin qətnamələrinin tanınması və məcburi qaydada icra olunması barədə ərizələrə Azərbaycan Respublikasının Ali Məhkəməsi baxır.

Maddə 465. Xarici dövlətlərin məhkəmələrinin qətnamələrini tanımaqdan və məcburi qaydada icra etməkdən imtina edilməsi 465.1. Aşağıdakı hallarda məhkəmənin qətnaməsini məcburi qaydada icra etməkdən imtina edilməsinə yol verilir: 465.1.1. işə baxılması Azərbaycan Respublikası məhkəməsinin müstəsna səlahiyyətinə aiddirsə; 465.1.2. işdə iştirak edən şəxs işə baxılması barədə bildirişin vaxtında və lazımi qaydada ona verilməməsi nəticəsində prosesdə iştirak etmək imkanından məhrum olmuşsa; 465.1.3. eyni tərəflər arasında, eyni predmetə dair və eyni əsaslar üzrə Azərbaycan Respublikası məhkəmələrinin qanuni qüvvəyə minmiş qətnaməsi varsa və ya digər dövlətin məhkəməsində iş qaldırılmazdan əvvəl Azərbaycan Respublikası məhkəmələrinin icraatında eyni şəxslər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə qaldırılmış iş varsa; 465.1.4. qətnamə, ərazisində həmin qətnamə çıxarılan dövlətin qanunvericiliyi üzrə qanuni qüvvəyə minməmişsə; 465.1.5. qətnamənin icrası Azərbaycan Respublikası qanunvericiliyinin əsas prinsipləri və suverenliyi ilə ziddiyyət təşkil edirsə; 465.1.6. xarici dövlətin qarşılıqlı əlaqələri təmin olunmursa. 465.2. Əgər Azərbaycan Respublikası məhkəməsinin icraatında eyni tərəflər arasında, eyni predmet barədə və eyni əsaslarla olan mübahisə barədə iş başlanmışdırsa, məhkəmə qətnamənin tanınması və məcburi icrası barədə ərizəyə baxılmasını dayandırır. Qətnamənin tanınması və məcburi icrası barədə qərar qəbul edildiyi halda, məhkəmə iş üzrə icraata xitam verir. Əgər ərizə rədd edilmişsə, mübahisəyə mahiyyəti üzrə baxılır

Ali Məhkəmənin mövqeyi:

7. Məhkəmə kollegiyası iş materiallarını və tətbiq edilən hüquq normalarını qiymətləndirərək hesab edir ki, “xxxx” MMC-nin Rusiya Federasiyasının X3 Məhkəməsinin 2022-ci il # ###### tarixli, A**-*****/**** nömrəli qətnaməsinin Azərbaycan Respublikası ərazisində tanınması və məcburi icraya yönəldilməsi barədə ərizəsi təmin edilə bilməz.

8. Belə ki, Rusiya Federasiyasının X3 Məhkəməsinin 2022-ci il # ###### tarixli, A**- *****/**** nömrəli qətnaməsi 2022-ci il # ###### tarixində qanuni qüvvəyə minmişdir.

9. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 458.3-cü maddəsinə əsasən xarici məhkəmələrin qətnamələri qətnamənin qanuni qüvvəyə mindiyi andan 3 il müddətində məcburi qaydada icraya yönəldilə bilər. Həmin norma xarici məhkəmə qətnaməsinin Azərbaycan Respublikasında məcburi icraya yönəldilməsi üçün imperativ xarakterli prosessual müddət müəyyən edir.

10. Hazırkı iş üzrə tanınması və məcburi icrası xahiş olunan qətnamə 2022-ci il # ###### tarixində qanuni qüvvəyə mindiyindən, onun Azərbaycan Respublikası ərazisində məcburi qaydada icraya yönəldilməsi üçün MPM-in 458.3-cü maddəsində nəzərdə tutulmuş 3 illik müddət 2025-ci il # ###### tarixində başa çatmışdır.

11. Iş materiallarından görünür ki, “xxxx” MMC-nin direktoru tərəfindən Rusiya Federasiyasının X3 Məhkəməsinə ünvanlanmış vəsatət 2025-ci il ## #### tarixində tərtib edilmiş və 2025-ci il ## #### tarixində həmin məhkəməyə daxil olmuşdur. Həmin vəsatət və ona əlavə edilmiş sənədlər Rusiya Federasiyasının Ədliyyə Nazirliyinin Stavropol Diyarı üzrə Baş Idarəsinin 2026-cı il # #### tarixli məktubu ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə göndərilmiş və 2026-cı il # ##### tarixində nazirliyə daxil olmuşdur.

12. Daha sonra Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Beynəlxalq əməkdaşlıq baş idarəsinin 2026-cı il ## ##### tarixli, *-**-**/*-******/**** nömrəli məktubu ilə həmin vəsatət və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilmiş, sənədlər 2026-cı il ## ##### tarixində Ali Məhkəməyə daxil olmuşdur.

13. Məhkəmə kollegiyası qeyd edir ki, MPM-in 458.3-cü maddəsində nəzərdə tutulmuş 3 illik müddət xarici məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi andan hesablanır və xarici məhkəmə qətnaməsinin Azərbaycan Respublikası ərazisində məcburi icraya yönəldilməsi imkanını həmin müddətlə məhdudlaşdırır. Bu müddətin axımı xarici dövlətin məhkəməsinə və ya digər səlahiyyətli orqanına müraciət edilməsi, habelə sənədlərin daha sonra aidiyyəti orqanlar vasitəsilə göndərilməsi ilə dayanmır və kəsilmir.

14. Hazırkı işdə qətnamənin Azərbaycan Respublikası ərazisində tanınması və məcburi icraya yönəldilməsi ilə bağlı vəsatət və ona əlavə olunmuş sənədlər Azərbaycan Respublikasının səlahiyyətli orqanlarına MPM-in 458.3-cü maddəsində nəzərdə tutulmuş 3 illik müddət başa çatdıqdan sonra daxil olmuşdur. Qətnamənin qanuni qüvvəyə mindiyi 2022ci il # ###### tarixindən hesablanan 3 illik müddət 2025-ci il # ###### tarixində bitmiş, sənədlər X3 Məhkəməsinə 2025-ci il ## #### tarixdə daxil olsa da, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə 2026-cı il # ##### tarixində, Azərbaycan Respublikasının Ali Məhkəməsinə isə 2026-cı il ## ##### tarixində daxil olmuşdur.

15. Iş materiallarından da görünür ki, Rusiya Federasiyasının Ədliyyə Nazirliyinin Stavropol Diyarı üzrə Baş Idarəsi tərəfindən sənədlərin Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə göndərilməsinə dair məktubun imzalandığı 2026-cı il # #### tarixində artıq 3 illik müddət ötmüşdü.

16. Kişinyov Konvensiyasının 54-cü maddəsinin 2-ci bəndinə əsasən həmin maddənin 1-ci bəndində göstərilən qərarların tanınması və icrası sorğu alan Razılığa gələn Tərəfin qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Konvensiyanın 57-ci maddəsinin 3-cü bəndinə əsasən də qərarların tanınma və icra qaydası ərazisində icra edilməsi nəzərdə tutulan Razılığa gələn Tərəfin qanunvericiliyinə əsasən müəyyən edilir. Bu baxımdan Azərbaycan Respublikasının prosessual qanunvericiliyində xarici məhkəmə qətnaməsinin məcburi icraya yönəldilməsi üçün müəyyən edilmiş 3 illik müddətə riayət olunması məcburidir.

17. Konvensiyanın 59-cu maddəsinin “j” yarımbəndinə əsasən sorğu alan Razılığa gələn Tərəfin qanunvericiliyində nəzərdə tutulan icraetmə müddəti bitmişdirsə, qərarın tanınmasından və icrasından imtina edilə bilər. Hazırkı iş üzrə Azərbaycan Respublikasının prosessual qanunvericiliyində nəzərdə tutulmuş 3 illik müddət başa çatdığından, həmin norma da xarici məhkəmə qətnaməsinin tanınmasından və məcburi icrasından imtina üçün hüquqi əsas yaradır.

18. Eyni zamanda, “Təsərrüfat fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar mübahisələrin həll edilməsi qaydası haqqında” 1992-ci il ## #### tarixli Kiyev Sazişinin 9-cu maddəsinin “d” bəndinə əsasən, qərarın icrası üçün nəzərdə tutulmuş üç illik müddət bitmişdirsə, qərarın icrasının təmin edilməsindən imtina edilə bilər. Bu müddəa da MPM-in 458.3-cü maddəsində nəzərdə tutulmuş müddət qaydası ilə eyni hüquqi nəticəyə gətirib çıxarır.

19. Məhkəmə kollegiyası onu da qeyd edir ki, təqdim edilmiş sənədlərdə qətnamənin icra olunmadığı və borcun ödənilmədiyi göstərilsə də, həmin hal MPM-in 458.3-cü maddəsində nəzərdə tutulmuş müddətin ötürülməsi faktını aradan qaldırmır. Xarici məhkəmə qətnaməsinin icra olunmaması, icra vərəqəsinin verilməsi və ya tələbkarın qərarın icrası üçün sonradan müraciət etməsi Azərbaycan Respublikasında tanınma və məcburi icra üçün qanunla müəyyən edilmiş prosessual müddəti bərpa etmir, dayandırmır və kəsmir.

20. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, Rusiya Federasiyasının X3 Məhkəməsinin 2022-ci il # ###### tarixli, A**-*****/**** nömrəli qətnaməsinin Azərbaycan Respublikası ərazisində tanınması və məcburi icraya yönəldilməsi üçün MPM-in 458.3-cü maddəsində nəzərdə tutulmuş 3 illik müddət ötürülmüşdür. Bu səbəbdən həmin qətnamənin Azərbaycan Respublikası ərazisində tanınması və məcburi icraya yönəldilməsi mümkün deyildir.

21. Qeyd olunanlara əsasən “xxxx” MMC-nin ərizəsi təmin olunmamalı, Rusiya Federasiyasının X3 Məhkəməsinin 2022-ci il # ###### tarixli, A**-*****/**** nömrəli qətnaməsinin Azərbaycan Respublikası ərazisində tanınmasından və məcburi icrasından imtina olunmalıdır.

22. MPM-nin 458-465-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qərara aldı:

“xxxx” MMC-nin Rusiya Federasiyanın X2 Məhkəməsinin 2022-ci il # ###### tarixli A**-*****/**** nömrəli qətnaməsinin Azərbaycan Respublikası ərazisində tanınması və icraya yönəldilməsi barədə ərizə təmin olunmasın. Rusiya Federasiyanın X2 Məhkəməsinin 2022-ci il # ###### tarixli A**-*****/**** nömrəli qətnaməsi Azərbaycan Respublikası ərazisində tanınması və icrasından imtina edilsin. Qərardad qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar