Azərbaycan Respublikası adından QƏRAR Sabirabad rayon İş № 3(056)-1590/2024 06.12.2024 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Mətin Azər oğlunun katibliyi, İnzibati qərardan şikayət verən şəxs X1 iştirakı ilə, X1 barəsində Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli EQ-24303000 nömrəli inzibati tənbeh vermə haqqında qərardan X2 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: X2 şikayətlə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsi tərəfindən barəsində tərtib edilən cərimə növündə inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli, EQ-24303000 nömrəli elektron qərarının ləğv edilməsi və barəsində olan inzibati xətalar haqqında işlər üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixdə saat 20:00 radələrində Şirvan şəhər 1 may küçəsi ilə öz şəxsi **-BM-*** nömrəli HYUNDAİ GRANDEUR markalı minik avtomobili ilə hərəkət edən zaman ərazidə yerləşən müşahidə kamerası tərəfindən əks istiqamətlə hərəkət zolağına çıxmaqla ötmə qaydalarını pozmağı ilə bağlı barəsində xx.xx.2024cü il tarixli, EQ-24303000 nömrəli elektron qərar qəbul edilərək Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə 100 manat məbləğində cərimə növündə tənbeh tətbiq edilmişdir. Yuxarıda qeyd edilən qərarla razı deyildir. Belə ki, həmin vaxtı avtomobili ilə əks istiqamətlə ötmə hərəkəti edən zaman heç bir qayda pozmamış, əks istiqamətdə ötmə hərəkəti edən zaman qarşıda heç bir maneə və yaxud qadağanedici nişanlar olmamışdır. Hesab edir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsi tərəfindən cərimə növündə inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli, EQ-24303000 nömrəli elektron qərarı qanunsuz və əsasızdır. Yuxarıda qeyd edilən işin fakitki halları Baş X4 İdarəsi tərəfindən düzgün araşdırılmamış, qanunla nəzərdə tutulmuş hüquqları pozulmuşdur. Məhkəmə iclasında iştirak edən inzibati qərardan şikayət verən şəxs X2 bildirdi ki, şikayətinin təmin edilməsini xahiş edir. Qərarından şikayət verilən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsinə məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada xəbərdar edilsə də, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsi nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə şikayət verən şəxsin izahatı dinləyib, şikayəti və materialları nəzərdən keçirərək hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə-yüz manat məbləğində cərimə edilir. X1 barəsində tərtib edilmiş xx.xx.2024-cü il tarixli EQ24303000 inzibati tənbeh vermə haqqında qərarda İXM-nın 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin əlamətləri formal olaraq sadalanmış, lakin inzibati xətanın aşkar edilməsini təsdiq edən sübutlar müəyyən edilməmişdir. Əksinə, təqdim edilən fotoşəkillə və videoçəkilişlə yerdə üfiqi nişanlanma xətti ilə yol kənarında quraşdırılmış yol nişanı arasında ziddiyyət mövcud olduğu müəyyən edilmişdir. “Yol Hərəkəti haqqında” Qanunun 61-ci maddəsinin Vİ-İ-ci bəndinə əsasən, eyni yol sahəsində quraşdırılmış yol nişanlarının tələbləri, habelə müvəqqəti yol nişanları və müvəqqəti nişanlama xətləri istisna olmaqla yol nişanları ilə digər texniki vasitələrin tələbləri arasında ziddiyyət və ya uyğunsuzluq yolverilməzdir. Aşkar olunmuş hər hansı ziddiyyət və ya uyğunsuzluq təxirəsalınmadan aradan qaldırılmalıdır. Müvəqqəti yol nişanlarının tələbləri ilə daimi yol nişanlarının, nişanlama xətlərinin və digər texniki vasitələrin tələbləri arasında ziddiyyət və ya uyğunsuzluq olarsa, müvəqqəti yol nişanlarına üstünlük verilməlidir. Müvəqqəti yol nişanları ilə müvəqqəti nişanlanma xətləri arasında ziddiyyət və ya uyğunsuzluq yolverilməzdir. Qeyd edilən normanın tələbləri nəzərə alındıqda məhkəmə hesab edir ki, yol nişanları arasında ziddiyyətin mövcudluğu vətəndaşın inzibati xəta törətməsi kimi nəzərə alına və onun barəsində tənbeh tədbiri tətbiq edilə bilməz. Azərbaycan Respublikası İXM-nin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda və 53.2-ci maddəsinə əsasən, hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Azərbaycan Respublikası İXM-nin 75.0, 75.0.1, 75.0.6 və 75.0.7-cı maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar və işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. Azərbaycan Respublikası İXM-nin 76.1-cı maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 114.1, 114.1.1-114.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə, inzibati cərimənin şərti olaraq tətbiq edilməsi, inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 114.2, 114.2.1-114.2.4-cü maddələrinə görə inzibati xəta haqqında işə baxılarkən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda, bu Məcəllənin 16.4-cü maddəsinə müvafiq olaraq intizam məsuliyyətinə cəlb etmək barədə qərar qəbul edilməsi üçün materiallar müvafiq icra hakimiyyəti orqanına göndərildikdə, inzibati xəta haqqında işdə cinayətin əlamətləri olduqda, iş üzrə materiallar prokurora, təhqiqat və ya istintaq orqanına göndərildikdə, bu Məcəllənin 16.2-ci maddəsinə müvafiq olaraq inzibati xəta haqqında iş yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyaya (kollegial orqana) göndərildikdə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikası İXM-nin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda, həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 114, 133 - 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şikayət təmin edilsin. X1 Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası daxili İşlər Nazirliyinin Baş X4 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli EQ-24303000 nömrəli qərar ləğv edilsin və X1 barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Sabirabad rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №3(056)-1590/2024
Sabirabad Rayon Məhkəməsi Qərar — İş №3(056)-1590/2024
06.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver