Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(5-145)-160/2026 18.02.2026 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Ellara Həsən qızının sədrliyi, Məhkəmə iclas katibi Ağayev Nurəddin Cəlil oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1974-cü ildə Masallı rayonu, Mahmudavar kəndi doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Masallı rayonu, Mahmudavar kəndində qeydiyyatda olamaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Masallı Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında audio və videoçəkiliş vasitəsilə baxaraq, məhkəmə müəyyən etdi: Masallı Rayon Polis Şöbəsinin sahə rəisi, polis kapitanı Simran Haxverdiyev tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə xx.xx.2026-cı il tarixli, MN ******* saylı protokol tərtib edilərək Masallı Rayon Məhkəməsinə təqdim edilmişdir. Protokolda qeyd olunmuşdur ki, xx.xx.2026-cı il tarixdə Şəxs Mahmudavar kənd ərazisində xüsusi icazəsi olan “İJ-58” markalı 10612 nömrəli ov silahı ilə ov etmə qaydalarını pozmuşdur. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Barəsində inzibati icraat aparılan aparılan şəxs Şəxs məhkəmə iclasında inzbati xətanı etiraf edərək izahatında göstərdi ki, xx.xx.2026-cı il tarixdə Masallı rayonu, Mahmudavar kənd ərazisində xüsusi icazəsi olan “İJ-58” markalı 10612 nömrəli ov silahı ilə 1 ədəd meşə cüllütü ovlamışdır. Onun Masallı rayon Mahmudavar kəndi ərazisində ov etmək üçün icazəsi olmamışdır. Ovdan geri qayıdan zaman polis əməkdaşları onları saxlamışdır. Hazırda etdiyi əməldən peşmançılıq hissi keçirir. Qeyd olunanlara əsasən barəsində qanuni qərar çıxarılmasını xahiş etdi. Məhkəmə inzibati xəta haqqında işin materiallarını tədqiq edərək barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi dinləyərək hesab edir ki, toplanmış sübutlarla Şəxs Azərbaycan Respublikası İXM-nin 272-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi özünün etirafı və iş materialları ilə tam sübuta yetirilir. Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin prinsiplərindən bəhs edən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsində qeyd olunmuşdur ki, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İnzibati xəta anlayışından bəhs edən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsində təsbit edilmişdir ki, Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsinə əsasən, ov qaydalarının kobud şəkildə pozulmasına (lazımi icazə olmadan və ya qadağan edilmiş yerlərdə, yaxud qadağan olunmuş müddətlərdə, qadağan edilmiş alətlərlə və ya üsullarla ov edilməsinə), habelə digər ov qaydalarının müntəzəm pozulmasına görə inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər müsadirə edilməklə və ya müsadirə edilməməklə, min manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud altı aydan iki ilədək müddətə ov hüququ məhdudlaşdırılır. Həmin Məcəllənin 272-1-ci maddəsinə əsasən Bu Məcəllənin 272.3-cü maddəsində nəzərdə tutulan hallar istisna olmaqla, ov etmək qaydalarının kobud şəkildə pozulmasına (lazımi icazə olmadan və ya qadağan olunmuş yerlərdə, yaxud qadağan olunmuş müddətlərdə, qadağan olunmuş alətlərlə və ya üsullarla ov edilməsinə), habelə digər ov etmək qaydalarının müntəzəm pozulmasına görə-inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər müsadirə edilməklə və ya edilməməklə min manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud altı aydan iki ilədək müddətə ov hüququ məhdudlaşdırılır. “Ovçuluq haqqında” Azərbaycan Respublikası Qanununun 5.2-ci maddəsində ovçuluq fəaliyyətinin subyektləri sırasına Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada ov etmək hüququ olan Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər, vətəndaşlığı olmayan şəxslər, habelə ovçuluq təsərrüfatları və ovçular cəmiyyətləri aid edilmişdir. “Ovçuluq haqqında” Qanunun 12.2-ci maddəsində ovçuluq fəaliyyətinin ovçuluq bileti və ov etmək üçün verilən icazə əsasında həyata keçirilməsi müəyyən edilmişdir. Həmin Qanunun 13-cü maddəsinə əsasən, ovçuluq bileti ovçuluq fəaliyyətini həyata keçirmək üçün hüquq verən sənəddir. Ovçuluq bileti müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilir. Ovçuluq biletinin verilməsinə görə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məbləğdə dövlət rüsumu tutulur. Ovçuluq biletinin forması, qeydiyyatı və ovçuluq fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslərə verilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Ovçuluq biletindən yalnız onun sahibi istifadə edə bilər. Üzvlük bileti isə ovçunun ovçular cəmiyyətində üzv olduğunu təsdiq edən sənəd olmaqla, ovçuluq bileti əsasında üzvü olduğu ovçular cəmiyyəti tərəfindən verilir. Ov etmək üçün icazə isə ovçuluq fəaliyyətinin həyata keçirilməsinə icazə verən hüquqi sənəddir və ov obyektlərinin hər növünə ayrıca verilir. İcazə ov mövsümündə həvəskar və idman ovunu həyata keçirmək üçün fiziki və hüquqi şəxslərə müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilir. İcazədə ov obyektinin növü, ovlama üsulu və yeri, norması (sayı), ovun vaxtı, icazənin müddəti və şərtləri göstərilir. Ov etmək üçün icazənin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Ovçuluq bileti və üzvlük bileti təqdim edilmədən ovçuya ov etmək üçün icazənin verilməsinə yol verilmir. Ovçuya verilən ov etmək üçün icazədən yalnız özü istifadə edə bilər və icazə verildiyi müddət üçün etibarlıdır (həmin Qanunun 14-cü maddəsi) İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: ● xx.xx.2026-cı il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, cinayət tərkibi olmadığına görə toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, bir ədəd 10612 nömrəli müvafiq icra hakimiyyətindən xüsusi icazəsi olan mülki ov silahı, 15 ədəd patron, 1 ədəd patrondaş, 1 ədəd cib bıçağı və 1 ədəd baş üçün nəzərdə tutulan baş fənəri maddi sübut kimi tanınmış və saxlanılması üçün Masallı RPŞ-nın aidiyyəti xidmət sahəsinə verilmiş, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 272-1-ci maddəsinin tərkibi olduğundan inzibati qaydada məsuliyyətə cəlb edilməsi məqsədi ilə qəbul edilmiş qərarın surəti Masallı RPŞ-nin İTB-nə verilməsi qərara alınmışdır. ● Azərbaycan Respublikasının Daxili İşlər Masallı Rayon Polis Şöbəsi tərəfindən verilmiş Ə-261/25 saylı şəhadətnamədən görünür ki, 12 kalibirli, “İJ-58” markalı, 10612 nömrəli ov silahının saxlanılması və təyinatı üzrə istifadə edilməsi üçün icazə verilmişdir. ● 15 yanvar 2026-cı il tarixli mütəxəsis rəyindən görünür ki, Masallı rayonu, Mahmudavar kənd sakini Şəxs 01 ədəd övladığı çöl quşuna baxış keçirilmiş, ovlanmış həmin quşun meşə çüllütü olması və təbiətə 5,5 manat maddi ziyan vurduğu müəyyən edilmişdir. Oxşar müddəalar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 27 yanvar tarixli 10 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində ovçuluğun aparılması Qaydaları”nın 1.5-ci bəndində ifadə olunmuşdur. Həmin Qaydalara əsasən ovçuluq fəaliyyəti Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən ovçuluq üçün ayrılmış ov yerlərində ovçuluq bileti və üzvlük bileti əsasında verilmiş ov etmək üçün icazəyə müvafiq olaraq həyata keçirilir. Ovçuluq bileti ovçuluq fəaliyyətini həyata keçirmək üçün hüquqi sənəddir. Ovçuluq fəaliyyətini həyata keçirmək üçün ovçuluq bileti və ov etmək üçün icazəsi olan fiziki şəxs ovçu sayılır. Beləliklə məhkəmə iclasında müəyyən olunmuşdur ki, Şəxs xx.xx.2026-cı il tarixdə Masallı rayonu, Mahmudavar kənd ərazisində özünə məxsus xüsusi icazəsi olan silahla 01 ədəd meşə cüllütü cinsində çöl quşunu ovlamaqla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə baxışı zamanı Şəxs əməlindən səmimi peşman olmasını məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır, ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsinin həmin Məcəllənin 27.1, 152 və 153-cü maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 sentyabr 2023-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsində nəzərdə tutulan ov qaydalarının kobud şəkildə pozulmasında təqsirli olan şəxsə ov hüququnun məhdudlaşdırılması növündə inzibati tənbehin tətbiq edilməsi həmin Məcəllənin xüsusi hüququn məhdudlaşdırılmasının tətbiqi əsaslarını tənzimləyən 27.1-ci maddəsinin hüquqi mahiyyətinə uyğun olaraq, yalnız həmin şəxsdə belə bir xüsusi hüququn (ov etmək hüququnun) olması halında mümkündür. Şəxs ov etmək hüququ olmadığından məhkəmə ona ov hüququnun məhdudlaşdırılması növündə cəza təyin edilməsini mümkünsüz hesab edir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, Şəxs şəxsiyyətini, o cümlədən Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsində göstərilən digər halları nəzərə alaraq, İXM-nin 272-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati xətanın törədilməsində alət olmuş predmetlər müsadirə edilməməklə aşağı həddə cərimə növündə inzibati tənbeh tədbirinin tətbiqini kifayət və məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası İXM-nin 77.3-cü maddəsində nəzərdə tutulan məsələni müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut Masallı rayon Polis şöbəsində saxlanılan inzibati xətanın bilavasitə obyekti olmuş 1 ədəd “İJ 58” markalı, 10612 nömrəli ov silahı, 15 ədəd patron, 1 ədəd patrondaş, 1 ədəd cib bıçağı və 1 ədəd baş üçün nəzərdə tutulan fənər qərar qanuni qüvvəyə mindikdən sonra Şəxs qaytarılmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 19 mart tarixli 88 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət mülkiyyətinə keçirilmiş və gömrük hərraclarında satılmamış qalan, yaxud mülki dövriyyədə olmasına yol verilməyən və mülki dövriyyəsi məhdudlaşdırılmış mallar, həmçinin tez xarab olan və saxlanc müddəti keçmiş mallar barəsində sərəncam verilməsi Qaydaları”na əlavəyə əsasən quş əti tez xarab olan malların siyahısına daxil olduğundan 1 ədəd meşə cüllütü cinsindən olan çöl quşunun məhv edilməsi nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 115-117, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib, inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər müsadirə edilməməklə 1000 (bir min) manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilsin. İş üzrə maddi sübut Masallı rayon Polis şöbəsində saxlanılan inzibati xətanın bilavasitə obyekti olmuş 1 ədəd “İJ 58” markalı, 10612 nömrəli ov silahı, 15 ədəd patron, 1 ədəd patrondaş, 1 ədəd cib bıçağı və 1 ədəd baş üçün nəzərdə tutulan fənər qərar qanuni qüvvəyə mindikdən sonra Şəxs qaytarılsın. İş üzrə maddi sübut 1 ədəd meşə cüllütü cinsindən olan çöl quşunun məhv edilməsi nəzərə alınsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Ellara Abbasova
Məhkəmə qərarları › İş №3(5-145)-160/2026
Masallı Rayon Məhkəməsi Qərar — İş №3(5-145)-160/2026
18.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver