Məhkəmə qərarları › İş №e-2(001)-1197/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-1197/2025

03.02.2025 · Əqli mülkiyyət hüququ ilə əlaqədar mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-1197/2025 03.02.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Məhkəmə iclas katibi Ağazadə Səbinə Əjdər qızının katibliyi, İddiaçı “Azərbaycan Müəllifləri” İctimai Birliyinin nümayəndəsi Qanuni nümayəndə Kərb.Səfər oğlunun, Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı “Azərbaycan Müəllifləri” İctimai Birliyinin Cavabdeh qarşı “musiqi əsərlərinin istifadəsinə qadağan qoyulması, qonararların ödənilməsi, kompensasiya” tələblərinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı “Azərbaycan Müəllifləri” İctimai Birliyi Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehə “Sərin” şadlıq sarayında mətnli yaxud mətnsiz musiqili əsərlərin kütləvi nümayişinin qadağan edilməsi, ödənilməmiş müəllif qonorarı olaraq 36550 manat, kompensasiya olaraq 35000 manat məbləğində pulun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələblərini “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci, 42-ci, 43-cü və s. maddələri, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 may 1997-ci il tarixli 38 saylı Qərarına istinadən belə əsaslandırmışdır ki, “X2 Əmlak Hüquqlarının İdarəçiliyi” İctimai Birliyi 31 mart 2004-cü il tarixindən müəlliflərin əmlak hüquqlarının kollektiv əsasda idarəçiliyi sahəsində fəaliyyət göstərir. 30 dekabr 2008-ci il tarixində İB-in nizamnaməsində dəyişiklik edilmiş və “Azərbaycan Müəllifləri” adı altında Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin qeyrikommersiya qurumlarının dövlət reyestrində yenidən qeydiyyata alınmışdır. İddiaçı Ümumdünya Bəstəkar və X1 Konfederasiyasının (SİZAK) dinləyicisidir. Müəllif-hüquq qanunvericiliyinin beynəlxalq pozulmasının qarşısının alınması ilə əlaqədar iddiaçı xarici dövlətlərdə fəaliyyət göstərən ictimai birliklərlə ikitərəfli müqavilələr imzalamışdır, o cümlədən Rusiya Federasiyasının “Rusiya Müəlliflər Cəmiyyəti” (RAO), Türkiyənin “MESAM” Cəmiyyəti, Belorus, Latviya, Litva, Estoniya və s. dövlətlərin müəllif təşkilatları ilə müqavilələr bağlamışdır. Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən bir çox iaşə obyektləri, konsert müəssisələri, televiziya və radio yayım müəssisələri iddiaçı ilə müqavilə bağlayaraq lisenziya ödənişləri ödəyir, ictimai birlik isə öz növbəsində müəlliflərə ödənişlər edir. Müəlliflərin əmlak hüquqlarının təmin edilməsi məqsədilə iddiaçı tərəfindən cavabdeh “Sərin” restoran, şadlıq sarayı rəhbərliyinə rəsmi olaraq xx.xx.2023-cü il tarixli məktubla müraciət təqdim olunmasına baxmayaraq, bu günə qədər cavab verilməmişdir. Dəfələrlə telefon əlaqələrində isə qonorar ödənişlərindən imtina edilmişdir. Nəticə etibarilə, cavabdeh hal-hazırda müəllif hüququ və əlaqəli hüquqlar haqqında qanunvericiliyin müddəalarını pozmaqla musiqi əsərlərindən qanunsuz istifadə etməklə fəaliyyət göstərir. Bu fəaliyyəti nəticəsində müəllif cəmiyyətinə, pandemiyadan sonrakı keçən 42 ay ərzində (toy şənliklərində istifadə olunan musiqilər üçün 25800 manat, restoran fəaliyyətində isə 10750 manat (vergi və sosial ödənişlər daxil olmaqla) ziyan dəymişdir. Yuxarıda göstərilənlərə əlavə olaraq, iddiaçı əsərlərdən istifadəyə görə qonorar yığılması və müəlliflərə çatdırılması sahəsində kollektiv idarəetmə təşkilatı olaraq müəlliflərin əmlak hüquqlarının təmin edilməsinə xidmət edir. Cavabdeh və eyni zamanda cavabdehin timsalında digər müəllif qonorar ödəyiciləri tərəfindən musiqi əsərlərindən icazəsiz (lisenziyasız) istifadə, müəlliflərin qanunla onlara çatası qonorarlardan məhrumiyyətinə, dövlət və sosial ödənişlərin ödənilməməsinə səbəbiyyət verməklə, əqli mülkiyyət hüquq sahəsinin inkişafını ləngidir. Bu sahədəki hüquqpozmaların qarşısının alınmasında və müəlliflərin maraqlarının daha etibarlı təmin olunması, onların pozulmuş əmlak hüquqlarının bərpası məqsədilə qanuni və ədalətli məhkəmə qərarlarına ehtiyac vardır. Cavabdeh nümayəndəsi və vəkili Vəkil iddiaya yazılı etiraz ünvanlayaraq bildirmişdir ki, iddianı əsassız hesab edir və təmin ediİməməsini zəruri hesab edir. Birinci növbədə iddia tələbi qeyri-müəyyən formada əsaslandırılmış və ərizə mülki prosessual qanunvericiliyə uyğun olaraq tərtib edilməmişdir. Ərizədə hansı müəlliflərə aid, hansı musiqilərin, kimlər tərəfindən, hansı tarixlərdə müəllif hüquqları pozulmaqla ifa edildiyi göstərilməmiş və tələbin əsası kimi heç bir sübut ərizəyə əlavə edilməmişdir. Mülki qanunvericilikdə öhdəliklərin, o cümlədən pul tələbinin hüquqi əsasları müəyyən edilmişdir. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. İddiaçı və cavabdeh arasında olan hüquq münasibətlərində zərər vurulması, əsassız varlanma ilə bağlı hallar yoxdur. Cavabdeh ictimai iaşə sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Fəaliyyəti ərzində mətnli, yaxud mətnsiz musiqilərin ifası ilə məşğul olmamışdır. Buna uyğun olaraq, iddia tələbində göstərilmiş musiqilərin, iddiaçının mülahizəsinə görə müəllif hüquqlarının pozulması ilə ifa edilməsinə görə məsuliyyət daşıya bilməz. İşin hallarından göründüyü kimi, iddiaçı hüquqi şəxs bilavasitə hər-hansı musiqi ilə bağlı müəlliflik hüquqlarına malik deyil. Qeyri-müəyyən müəlliflərin hüquqlarının qorunması ilə bağlı qanuna, müqaviləyə, yaxud etibarnaməyə əsasən müvəkkil edilməmişdir. Beləliklə, musiqi nümunələrinin ifa edilməsi, iddiaçının hüquqlarının pozulması ilə nəticələnə bilməz. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Qanuni nümayəndə Kərb.Səfər oğlu iddianı müdafiə edərək iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Vəkil iddianı qəbul etməyərək iddiaya etirazı müdafiə etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdırıb və toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, işin mübahisəsiz hallarına görə, “X2 Əmlak Hüquqlarının İdarəçiliyi” İctimai Birliyi 31 mart 2004-cü il tarixdə dövlət qeydiyyatına alınmış, sonradan birliyin adı dəyişdirilərək “Azərbaycan Müəllifləri” İctimai Birliyi adlandırılmışdır. İctimai Birliyin hazırkı qanuni təmsilçisi Qanuni nümayəndə Kərb.Səfər oğludur. İctimai Birliyin nizamnaməsinin 2.1-ci bəndinə görə, birliyin əsas məqsədi X2 əmlak hüquqlarının təmin edilməsi məqsədilə bu hüquqların kollektiv əsasda idarə edilməsidir. Tərəflər mübahisələndirmirlər ki, cavabdeh mətnli, yaxud mətnsiz musiqilərin ifasının həyata keçirildiyi ictimai iaşə obyektində (şadlıq evində) sahibkarlıq fəaliyyəti ilə məşğul olur. İş materiallarından aydın olur ki, iddiaçı X2 əmlak hüquqlarının kollektiv əsasda idarə edən ictimai birlik olduğunu, mətnli və ya mətnsiz musiqilərin ifasının həyata keçirildiyi ictimai iaşə obyektlərindən, konsert müəssisələrindən, televiziya və radio yayım müəssisələrindən müqavilə bağlayaraq lisenziya ödənişlərini qəbul etdiyi, öz növbəsində müəlliflərə ödənişlər etdiyini, cavabdehin isə sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu ictimai iaşə obyektində (şadlıq evində) mətnli, yaxud mətnsiz musiqilərin ifasını qonarar ödəmədən qanunsuz olaraq həyata keçirdiyini iddia edərək, hazırki iddia tələbini irəli sürmüşdür. “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikasının Qanununun 6-cı maddəsinə görə, ...mətnli və ya mətnsiz musiqi əsərləri müəlliflik hüququnun obyektlərindəndir. “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikasının Qanununun 15-ci maddəsinin 1-ci bəndinə görə, müəllifin və ya əsərə müəlliflik hüququnun digər sahibinin bu Qanunda nəzərdə tutulan hallar istisna olmaqla, əsərdən hər hansı formada və üsulla istifadə etməyə müstəsna hüququ vardır. 2-ci bəndindən aydın olur ki, ...əsərin kütləvi ifasını (kütləvi ifa hüququ) həyata keçirmək, buna icazə vermək, yaxud qadağa qoymaq əsərdən istifadəyə müstəsna hüquqlardandır. Müəllifin özünün qonorardan imtina etdiyi hal və bu qanunla müəyyən edilmiş məhdudiyyətlər istisna olmaqla əsərdən istifadəyə görə müəllif qonorarı ödənilməlidir. 4-cü bəndinə görə, müəllifin əsərdən istifadənin hər növünə görə müəllif qonorarı almaq hüququ vardır (qonorar almaq hüququ). Bu qonorarın həcmi və hesablanması qaydası müəlliflərlə (hüquq sahibləri ilə) istifadəçilər arasında bağlanmış müəllif müqaviləsi və ya müəlliflərin verdikləri səlahiyyətlər həcmində əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatlarla istifadəçilər arasında bağlanmış müqavilələrlə müəyyən edilir. Qanunun 40-cı maddəsinə görə, müəllif qonorarının minimum məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilir. Həmin qanunun 30-cu maddəsinə əsasən, bu qanunun 15-ci maddəsi ilə nəzərdə tutulmuş əmlak hüquqları müəlliflər və müəlliflik hüquqlarının digər sahibləri tərəfindən müəllif müqaviləsi üzrə verilə bilər. Əmlak hüquqlarının verilməsi müstəsna hüquqların verilməsi haqqında müəllif müqaviləsi (müstəsna lisenziya), yaxud qeyri-müstəsna hüquqların verilməsi haqqında müəllif müqaviləsi (qeyri-müstəsna lisenziya) əsasında həyata keçirilə bilər. Həmin qanunun 41-ci maddəsinə əsasən, müəlliflərin və əlaqəli hüquqların sahiblərinin əmlak hüquqlarının təmin edilməsini fərdi qaydada həyata keçirmək praktik olaraq mümkün olmadıqda (kütləvi ifa, o cümlədən radio və televiziyada; mexaniki, maqnit və s. yazılma üsulu ilə surətçıxarma, reprosurətçıxarma və başqa hallar) müvafiq qanunvericiliyə uyğun olaraq göstərilən şəxslərin əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatlar yaradıla bilər. Onlar müvafiq qaydada dövlət qeydiyyatına alınırlar. Həmin təşkilatlara qanunvericiliklə mədəniyyət təşkilatlarına verilən güzəştlər şamil edilir (1). Müxtəlif hüquqlar və hüquq sahiblərinin müxtəlif kateqoriyaları üzrə ayrı-ayrı təşkilatların, yaxud bir kateqoriyadan olan hüquq sahiblərinin müxtəlif hüquqlarını və ya müxtəlif kateqoriyadan olan hüquq sahiblərinin bir növ hüquqlarını idarə edən təşkilatların yaradılmasına yol verilir. Belə təşkilatlara əmlak hüquqlarını kollektiv əsasda idarə etmək səlahiyyətini bilavasitə müəlliflik hüququnun və əlaqəli hüquqların sahibləri könüllü olaraq yazılı müqavilələr əsasında və ya bu təşkilatlara üzv olmaqla verirlər. Əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatlar yalnız qanunvericilikdə nəzərdə tutulan qaydada özlərinin əmlak hüquqlarının idarəçiliyini onlara həvalə etmiş müəllifləri və ya digər hüquq sahiblərini təmsil edirlər və onların hüquqlarının müdafiəsi məqsədi ilə məhkəməyə və ya digər təşkilatlara müraciət edə bilərlər (2). Qanunun 41-ci maddəsinin 1-ci bəndinə əsasən, müəlliflik hüququnun və əlaqəli hüquqların sahibləri öz hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət edə bilərlər. 2ci bəndinə görə isə, məhkəmə müəlliflik hüququ və əlaqəli hüquqlar ilə əlaqədar mübahisələrə baxarkən mülki-hüquqi müdafiənin ümumi vasitələrindən başqa iddiaçının tələbi ilə aşağıdakılar barədə qərar qəbul edə bilər: 1) zərərin ödənilməsi əvəzinə pozuntuya yol verən şəxsdən müəlliflik hüququnun və əlaqəli hüquqların pozulması nəticəsində əldə etdiyi gəlirin tutulması; 2) zərərin ödənilməsi və ya gəlirin tutulması əvəzinə 110 manatdan 55 min manatadək məbləğdə kompensasiya ödənilməsi; 3) hüquq pozuntusunun ağırlıq dərəcəsi və digər şəxslərin qanuni maraqları nəzərə alınmaqla məhkəmə qərarına əsasən pirat nüsxələrin surətinin çıxarılması (istehsalı) üçün istifadə edilmiş material və avadanlıqların müsadirə olunması; 4) pirat nüsxələrin hüquqları pozan tərəfə heç bir kompensasiya ödənilmədən məhkəmə qaydasında müsadirə olunması və ya məhv edilməsi. Yuxarıda şərh edilən normalardan göründüyü kimi, müəlliflərin əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatlar yalnız könüllü olaraq təşkilatla yazılı müqavilələr bağlamaqla və ya təşkilata üzv olmaqla özlərinin əmlak hüquqlarının idarəçiliyini onlara həvalə etmiş müəlliflərin əmlak hüquqlarının kollektiv əsasda idarə edilməsi səlahiyyətinə malikdirlər və yalnız belə halda müəllifləri təmsil edə və hüquqlarının müdafiəsi məqsədi ilə məhkəməyə müraciət edə bilərlər. Həmçinin nəzərə alınmalıdır ki, mülki prosessual qanunvericilikdə birbaşa göstərilməsə də, lakin nəzərdə tutulan dispozitivlik prinsipinə görə proses hakimin (məhkəmənin) deyil, yalnız tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir. Bu mənada prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Belə ki, MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə özü sübutları toplamamalı, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaratmalı, tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında isə həmin Məhkəmə qeyd etmişdir ki, “sübutları qiymətləndirərkən, bir qayda olaraq, “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir”. Beləliklə məhkəmə hesab edir ki, iş üzrə sübut etmə yükü iddiaçının üzərinə düşür və məhz o, sübut etməlidir ki, 1. hansı müəlliflər müqavilə əsasında və ya üzv olmaqla özlərinin əmlak hüquqlarının idarəçiliyini birliyə həvalə etmişlər; 2. Həmin müəlliflərə aid hansı musiqilər və ümumilikdə neçə gün ərzində cavabdehə aid ictimai iaşə obyektində (şadlıq evində) ifa edilmişdir. İddiaçı isə, qeyd edilənlərə dair nəinki sübutlar təqdim etmiş, iddia ərizəsində bu xüsusatları ümumiyyətlə əsaslandırmamışdır. Bu mənada məhkəmə hesab edir ki, iddiaçı birliyin irəli sürdüyü faktiki hallar həmin tələbin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadır. Nəzərə alınmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin Mülki Prosessual Məcəllənin 217.4-cü maddələrinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə görə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddiaçı “Azərbaycan Müəllifləri” İctimai Birliyinin Cavabdeh qarşı “musiqi əsərlərinin istifadəsinə qadağan qoyulması, qonararların ödənilməsi, kompensasiya” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fərid Hətəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar