Məhkəmə qərarları › İş №e-2(001)-2296/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-2296/2023

02.05.2023 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-2296/2023 02.05.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Günel Məhərrəm qızının sədrliyi, Məhkəmə iclas katibi Quliyev Mikayıl Əbdüləli oğlunun katibliyi, İddiaçının nümayəndəsi-vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə və maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinə qarşı “əmək müqaviləsinin etibarsız hesab edilməsi və s.” tələblərinə dair mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh MMC-yə və maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinə qarşı “əmrin ləğv edilməsi və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək elektron məlumat bazasında mövcud olan və xx.xx.2023-cü il tarixli 06/A saylı əmrlə tərtib olunan Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinin və xxxxxxx001300 saylı əmək müqaviləsinin əsassız hesab olunaraq ləğv edilməsi, odənilməmiş son haqq-hesab olan 1370 manat məbləğin və odənilmiş 50 manat mediasiya xərci, ümumilikdə 1420 manat məbləğin Cavabdeh MMC-dən tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmiş və iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.2022-ci il tarixdə "xxxx" MMC şirkətinin rəhbərliyi ilə müddətsiz muqavilə bağlayaraq aylıq 1370 manat əmək haqqı ilə maliyyə işləri uzrə direktor vəzifəsinə qəbul edilmişdir. xx.xx.2022-ci il tarixdə onun təşəbbüsü ilə AR ƏM-nin 68-ci maddəsinin 2-ci hissəsinin "a" bəndinə əsasən (tərəflərdən birinin təşəbbüsü ilə) əmək müqaviləsinə xitam verilmiş, lakin işdən azad olunarkən ona son haqq-hesab ödənilməmişdir. İddiaçı bununla bağlı xx.xx.2022-ci il tarixdə Əmək Müfəttişliyinə müraciət etmiş, bunun nəticəsində qurumun xx.xx.2023-cu il tarixli cavab məktubundan ona məlum olmuşdur ki, xx.xx.2022-ci il tarixdə onunla əmək müqaviləsi bağlanılmadan o mühasib vəzifəsinə işə qəbul edilmişdir. Məsələni aydınlaşdırmaq məqsədilə iddiaçı cavabdehlə əlaqə saxlamış, sonuncu X2 şikayət olunduğundan belə pozuntuya yol verdiklərini, hətta şikayətlər artarsa elektron sistemdə AR ƏM-nin 70-ci maddəsinin “c” bəndi ilə onun müqaviləsinə xitam veriləcəyini bildirmişdir. xx.xx.2023-cu il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsi iddiaçıya məlum olmuşdur. xx.xx.2023-cü il tarixdə iddiaçının nümayəndəsi-vəkili məhəkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ünvanlayaraq elektron məlumat bazasında mövcud olan xx.xx.2023cü il tarixli 06/A saylı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndi ilə tərtib olunan əmrin və xxxxxxx001300 saylı əmək müqaviləsinin etibarsız hesab olunması, ödənilməmiş son haqq-hesab olan 1370 manat məbləğin və odənilmiş 50 manat mediasiya xərci, ümumilikdə 1420 manat məbləğin Cavabdeh MMC-dən tutularaq iddiaçıya ödənilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili Vəkil izahat verərək iddia tələbini müdafiə etdiyini, tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmənin xx.xx.2023-cü il tarixli iclasında iştirak edən maraqlı şəxsin nümayəndəsi izahında bildirmişdir ki, vətəndaşın müaciəti ilə bağlı X1 lazımi araşdırmalar aparılıb və aşkarlanmış nöqsanlar səbəbindən şirkət cərimə olunub. İşə qəbul olunma və işdən azad olunma qanunvericiliyin tələblərinə uyğun aparılmalıdır. Lakin şirkət tərəfindən bu qaydalara əməl edilməmişdir. Cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, lakin məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia aşağıdakılara əsasən qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - əmək müqaviləsinə əsasən, xx.xx.2022-ci il tarixdə İddiaçı müddətsiz əmək müqaviləsi bağlamaqla (aylıq əmək haqqısı 1370 manat) Cavabdeh MMC -yə maliyyə işləri üzrə direktor vəzifəsinə qəbul edilmişdir. - bank hesabından çıxarışından görünür ki, xx.xx.2022-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək olan dövr üçün İddiaçı bank hesabına heç bir vəsait köçürülməmişdir. - xx.xx.2023-cü il tarixli 06/A nömrəli əmrə və əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinə əsasən Cavabdeh MMC-nin direktoru mühasib vəsifəsində işləyən İddiaçıla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə xx.xx.2023-cü ildə xitam verilmişdir. - AR ƏƏSMN yanında X4 Xidməti Bakı şəhər İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, vətəndaşın müraciətinə X1 baxılmış və qeyd edilmişdir ki, tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə (tərəflərdən birinin təşəbbüsü) əsasən xx.xx.2022-ci il tarixdə xitam verildiyi məlum olmuşdur. Eyni zamanda, “Əmək və Məşğulluq” alt sistemdəki məlumatlara əsasən İddiaçı Cavabdeh MMC-də əlavə iş yeri olaraq xx.xx.2022-ci il tarixli əmək müqaviləsi bildirişi qüvvədə olması məlum olmuşdur. Cavabdeh MMC-nin rəhbərliyi tərəfindən əmək müqaviləyə xitam verilərkən son haqq-hesabının və əmək haqqının hesablanaraq ödənilmədiyindən və AR Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci hissəsinin v 172-ci maddələrinin tələbləri pozulması səbəbindən AR İXM-nin 192.4-cü maddəsinə əsasən inzibatı xəta halı yaranmışdır. Bununla bağlı Cavabdeh MMC-nin direktoru X3 barəsində xx.xx.2022-ci il tarixli MN1292256 nömrəli inzibati tənbeh bermə haqqında qərar qəbul edilmişdir. Həmçinin son haqqhesabının hesablanaraq ödənilməsi ilə əlaqədar Cavabdeh MMC-nin direktoruna göstəriş xarakterli məktub göndərilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin 1-ci bəndində göstərilir ki, əmək fərdi və ictimai rifahın əsasıdır. Həmin maddənin 8-ci bəndində göstərilir ki, dövlət işsizliyin aradan qaldırılması üçün bütün imkanlarından istifadə edir. AR Əmək Məcəlləsinin: - 42.1-ci maddəsinə əsasən əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. -42.2-ci maddəsinə əsasən əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə qeyd edir ki, AR Konstitusiyasının 35-ci maddəsində əməyin azadlığı prinsipi öz təsbitini tapmışdır. Əməyin azadlığı prinsipi insana özünün əmək qabiliyyəti barəsində sərbəst surətdə sərəncam vermək imkanının verilməsindən ibarətdir. Əmək münasibətləri sahəsində əməyin azadlığı məhz əmək müqaviləsinin azadlığında təzahür edir.Əmək müqaviləsinin azadlığı məcburi əməklə bir araya sığmır, çünki əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Şərh olunan maddənin ikinci hissəsinə əsasən əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir. Lakin iş materiallarından müəyyən edilir ki, işəgötürən qərəzli olaraq, təkbaşına İddiaçıla “əmək müqaviləsi” bağlayaraq həmin müqaviləni elektron informasiya sisteminə daxil etmiş, daha sonra isə həmin əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə xx.xx.2023-cü ildə xitam vermişdir. Bununla da sübuta yetirilir ki, xx.xx.2022-ci il tarixdə bağlanmış əmək müqaviləsi etibarsızdır. Belə ki, əmək müqaviləsinin bağlanması və onun etibarlı olması üçün həm işəğötürənin, həm də işçinin imzası ilə təsdiq edilmiş iradə ifadələri əmək müqaviləsində öz əksini tapmalıdır. Lakin iş materiallarında bu hal öz təsdiqini tapmamışdır. Odur ki, xx.xx.2022-ci il tarixdə bağlanmış əmək müqaviləsi etibarsızdır. Məhkəmə hesab edir ki, bağlanmış əmək müqaviləsi etibarsızdırsa, demək ki, həmin müqaviləyə xitam verilməsi barədə əmr də etibarsızdır. Həmçinin Məhkəmə hesab edir ki, iddiaçının əmək müqaviləsinə xitam verilməsində əmək qanunvericiliyinin əmək müqaviləsinə xitam verilməsinin rəsmiləşdirilməsi ilə əlaqədar tələblərinə əməl olunub-olunmadığı müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83-cü maddəsinin 1-ci hissəsinə görə, əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 84-cü maddəsinin 1-ci bəndinə əsasən əmək müqaviləsinin ləğv edilməsi haqqında əmrin məzmununda əmək müqaviləsinin ləğv edilməsinin əsası və həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi göstərilməlidir. Hazırkı işdə əmrin verilməsinə əsas kimi Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə istinad edilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: - 70-ci maddəsinin “c” bəndinə əsasən peşəkarlıq səviyyəsinin, ixtisasının kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. -64.1-ci maddəsinə əsasən maddənin ikinci hissəsində nəzərdə tutulan məqsədlə əmək şəraitindən asılı olmayaraq işəgötürən müvafiq normativ hüquqi aktla müəyyən edilmiş qaydada iş yerlərinin attestasiyasının keçirilməsini təmin etməlidir. -67.1-ci maddəsinə əsasən attestasiya komissiyası tərəfindən barəsində tutduğu vəzifəyə uyğun olmadığı haqqında qərar çıxarılmış işçinin əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq, 71-ci maddəsində nəzərdə tutulan qaydalara əməl edilməklə işəgötürən tərəfindən ləğv edilə bilər. Göstərilən Məcəllənin 67.4-cü maddəsinə əsasən iş yerinin attestasiyasının keçirilməsinin nəticələrinə əsaslanaraq işəgötürən tərəfindən işçilərin əmək müqavilələri ləğv edilə bilməz. Məhkəmə qeyd edir ki, Əmək Məcəlləsinin 288-ci maddəsinin a) bəndinə əsasən əmək müqaviləsinin bağlanması, ləğv edilməsi və ya onun şərtlərinin dəyişdirilməsi məsələləri fərdi əmək mübahisələrinin predmetini təşkil edir və bu fərdi əmək mübahisələrinə bilavasitə məhkəmələr tərəfindən baxılır. Hazırki mülki işdən aydın olur ki, xx.xx.2022-ci il tarixdə İddiaçı Cavabdeh MMC -yə maliyyə işləri üzrə direktor vəzifəsinə qəbul edilmiş, xx.xx.2022-ci il tarixdə İddiaçı təşəbbüsü ilə AR ƏM-nin 68-ci maddəsinin 2-ci hissəsinin "a" bəndinə əsasən (tərəflərdən birinin təşəbbüsü ilə) əmək müqaviləsinə xitam verilmişdir. Daha sonra xx.xx.2023-cü il tarixli, 06/A saylı əmrdən görünür ki, bağlanmış GLZ6QFFU001300 saylı əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə xx.xx.2023-cü ildə xitam verilmişdir. Ona görə də iddiaçı haqlı olaraq iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının işlədiyi müddətə (xx.xx.2022-ci ildən xx.xx.2022-ci ilədək) uyğun olaraq cavabdeh tərəfindən ona son haqq-hesab hesablanaraq ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, iddia tələbi qismən təmin edilməli, İddiaçı ilə Cavabdeh MMC arasında xx.xx.2022-ci il tarixdə bağlanmış əmək müqaviləsi və xx.xx.2023-cü il tarixli 06/A saylı əmək müqaviləsinə xitam verilməsi barədə əmr etibarsız hesab edilməsi, İddiaçı Cavabdeh MMC-də işlədiyi xx.xx.2022-ci il-xx.xx.2022-ci il tarixlər üçün son haqq-hesab hesablanaraq İddiaçı ödənilməsi vəzifəsi Cavabdeh MMC-nin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏ T E T D İ : İddia tələbi qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh MMC arasında xx.xx.2022-ci il tarixdə bağlanmış əmək müqaviləsi etibarsız hesab edilsin. Cavabdeh MMC-nin xx.xx.2023-cü il tarixli 06/A saylı əmək müqaviləsinə xitam verilməsi barədə əmr etibarsız hesab edilsin. İddiaçı Cavabdeh MMC-də işlədiyi xx.xx.2022-ci il – xx.xx.2022-ci il tarixlər üçün son haqqhesab hesablanaraq İddiaçı ödənilməsi vəzifəsi Cavabdeh MMC-nin üzərinə qoyulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. 100 (bir yüz) manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilsin. Cavabdeh MMC-dən Mediasiya Şurası üçün ödənilmiş 50 (əlli) manat məbləğində pul tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydada Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar