Məhkəmə qərarları › İş №e-2(004)-3925/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-3925/2025

30.09.2025 · Əmək mübahisələri - İşə bərpa - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-3925/2025 30.09.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi X2 iştirakları ilə, İddiaçı Cavabdeh MMC-ə qarşı “əmrin ləğv edilməsi, işə bərpa, məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh MMC-ə qarşı “əmrin ləğv edilməsi, işə bərpa, məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi və iddia tələbinin dəqiqləşməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin 156/Ş/AZT saylı, xx.xx.2025-ci il tarixli əmrin qanunsuz hesab edilməsi, işə bərpa edilməsi, məcburi buraxılmış əmək günlərinin qətnamə qəbil edilən müddətədək kompensasiya edilməsi və mənəvi ziyana görə 20.000 manat kompensasiya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Rəqəmsal inkişaf və Nəqliyyat Nazirliyi Aztelekom Məhdud Məsuliyyətli Cəmiyyətinin Baş Direktor vəzifəsini müvəqqəti icra edən Həsən Ömərovun 156/Ş/AZT saylı 14 aprel 2025-ci il tarixli kadr əmri ilə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin "b" bəndinə əsasən (ştatların ixtisarı ilə əlaqədar olaraq) xitam verilmişdir. O, 1988-ci il tarixdən işdən azad olunduğu tarixədək rabitə sahəsində, Aztelekom istehsalat Birliyində çalışmışdır. İddiaçı 40 ilə yaxındır ki, fasiləsiz rabitə sahəsində İşləyib. İşlədiyi bütün müddət ərzində barəsində heç bir intizam xarakterli tədbir tətbiq edilməmiş, əksinə çoxsaylı fəxri fərmanlar, təltiflər və pul mükafatları ilə mükafatlandırılmış, barəsində nəinki Azərbaycanda hətta Türkiyə Cümhuriyyətinin müxtəlif dairələrində məqalələr çap olunmuşdur. İddiaçı ixtisasca rabitəçi olmaqla Politexnik İnstitutunun (indiki Texniki Unversitet) elektrik rabitəsi fakültəsini bitirmişdir. Bundan başqa, iddiaçı həm 20 yanvar hadisələri vaxtı, həm də 2016-cı ilin aprel və nəhayət 44 günlük Qarabağ savaşında ön cəbhədə olmuş, fasiləsiz rabitənin təmin edilməsini təşkil etmişdir. İddiaçı işdən çıxma barəsindəki əmrin surətini uzun təkidlərdən sonra xx.xx.2025-ci il tarixdə rəsmi olaraq əldə etmişdir. İddiaçı bu tarixədək iş yerinə mütəmadi olaraq gəlsə də, onu iş verinə buraxmamışlar, iddiaçı bu barədə müxtəlif dövlət orqanlarına rəsmi müraciətlər etmişdir. Əgər qeyd edildiyi kimi iddiaçının ştatının ixtisara düşdüyü bəlli idisə nədən ona əmrin surəti göndərilmirdi? Əgər iddiaçının işlədiyi sektor bütövlükdə ixtisara düşmüşdüsə həmin sektorda işləyən daha 3 nəfər nədən bu günədək işdən azad olunmayıb? Cavabdeh bu halları nə ilə əsaslandırır? İşçilərin sayının və ya ştatların ixtisarının aparılması dedikdə Şirkətdə və ya müəsissədə idarəetməni təkmilləşdirmək, işin həcminin azalması səbəbindən izafi xərclərin qarşısını almaq, işin fəaliyyətini optimallaşdırmaq və bu zəmində digər zəruri islahatlar aparmaq məqsədi ilə müəyyən edilmiş vəzifə və ya struktur üzrə bir və ya bir necə ştat vahidi ləğvi başa düşülməlidir. Bir qayda olaraq, bu işlər işəgötürənin əsaslandırlmış əmri ilə həyata keçirilir. Eyni zamanda, mənəvi zərərlə bağlı qeyd edir ki, işçinin İxtisara salınmaqla, özünün və ya işəgötürənin təşəbbüsü ilə işdən çıxarılması gələcəkdəki əmək münasibətlərinə çox mənfi təsiri olacaqdır. Gələcəkdəki əmək fəaliyyəti ilə bağlı işçinin təşəbbüsü ilə və ya işəgötürən tərəfindən ixtisarla bağlı əmək müqaviləsinin ləğv edilməsi işçi üçün gələcəkdə əmək münasibətlərini qurmaqda çətinlik yaradır. Qeyd olunanlara əsasən müvafiq əmrin qanunsuz sayılmaqla işə bərpa edilməsini, məcburi iş buraxma dövrü üçün əmək haqqının və mənəvi zərərin əvəzinin ödənilməsini tələb edir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi X4 izahatında bildirmişdir ki, iddia tələbini qəbul etmir. Müəssisədə struktur və ştat dəyişikliyi edilmiş, bununla əlaqədar iddiaçı ilə əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin b bəndi ilə xitam verilmişdir. İddia tələbinin rədd edilməsini xahiş edir. Məhkəmə işin faktiki hallarını araşdıraraq, işdə iştirak edən şəxslərin izahatını dinləyərək, eləcə də işdə olan sənədləri tədqiq etməklə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir Belə ki, iş materiallarında olan İddiaçı məxsus ******* saylı əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.1989-cu il tarixdə işə götürülmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Cavabdeh xx.xx.2025-ci il tarixli, 156/ş/175 saylı əmri ilə Şəbəkə infrastrukturunun istismarı şöbəsinin Texniki Dəstək sektorunun mütəxəssisi vəzifəsində işləyən İddiaçı Əmək Məcəlləsinin 70-ci maddəsinin b bəndinə əsasən ştatların ixtisar edilməsi ilə əlaqədar tutduğu vəzifədən azad edilmiş və onunla bağlanılmış xx.xx.1989-cu il tarixli əmək müqaviləsinə xx.xx.2025-ci il tarixdən xitam verilmişdir. İş materiallarında olan Cavabdeh xx.xx.2025-ci il tarixli, 58 saylı xəbərdarlıq məktubundan görünür ki, Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin 04 oktyabr 2024-cü il tarixli, 3-27/3-2-69/2024 nömrəli əmri ilə Cavabdeh ştat vahidləri təsdiq edilmişdir. Təsdiq edilmiş ştat vahidlərində iddiaçının işlədiyi Texniki departamentin Şəbəkə infrastrukturunun istismarı şöbəsinin Texniki dəstək sektorunun mütəxəssis vəzifəsi nəzərdə tutulmadığından, cəmiyyətin 21 oktyabr 2024-cü il tarixli, 402/Ş/AZT nömrəli əmri ilə istisar edilmişdir. Bununla əlaqədar, bu xəbərdarlığı aldığı gündən doqquz təqvim həftəsindən sonra onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin b bəndinə əsasən xitam veriləcəkdir. İş materiallarında olan Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiya işçiləri Həmkarlar İttifaqı Bakı 1 şöbəsi tərəfindən keçirilmiş xx.xx.2025-ci il tarixli iclasa dair imzalanmış protokoldan və buna müvafiq göndərilmiş xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, İddiaçı ilə bağlanmış əmək müqaviləsinin ləğv edilməsinə əmək qanunvericiliyinin tələbləri nəzərə alınmaqla və əmək müqaviləsinə xitam verilərkən işçilərin təminatları ilə bağlı əmək qanunvericiliyi və kollektiv müqavilədə nəzərdə tutulmuş bütün təminatları nəzərə almaq və tətbiq etmək şərtilə etiraz edilmir. İş materiallarında olan Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Cavabdeh xx.xx.2024-cü il tarixli, 402/Ş/AZT saylı ştat vahidlərinin ləğv edilməsi haqqında əmrindən görünür ki, Cəmiyyətin Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirinin 04 oktyabr 2024-cü il tarxli 327/3-2-69/2024 nömrəli Cavabdeh baş ofisinin strukturunun və ştat cədvəlinin təsdiq edilməsi barədə əmri ilə təsdiq edilmiş ştat cədvəlində nəzərdə tutulmayan ştat vahidləri ləğv edilmişdir. İş materiallarında olan işçi İddiaçı ilə Cavabdeh baş direktor vəzifəsini müvəqqəti icra edən X1 arasında bağlanmış əmək müqaviləsi ilə müəyyən edilir ki, xx.xx.2024-cü il tarixdə əmək müqaviləsi bağlanmış, tərəflərin hüquq və vəzifələri, eyni zamanda əmək şəraitinin şərtləri müqavilədə nəzərdə tutulmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı xx.xx.1989-cu il tarixdən cavabdeh Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Cavabdeh müxtəlif struktur vahidlərində, sonuncu dəfə Şəbəkə İnfrastruktutunun istismarı şöbəsinin Texniki dəstək sektorunun mütəxəssis vəzifəsində çalışmışdır. Cəmiyyətin Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirinin 04 oktyabr 2024-cü il tarxli 327/3-2-69/2024 nömrəli Cavabdeh baş ofisinin strukturunun və ştat cədvəlinin təsdiq edilməsi barədə əmri ilə təsdiq edilmiş ştat cədvəlində nəzərdə tutulmayan ştat vahidləri ləğv edilmişdir. Bundan sonra, iddiaçıya müvafiq xəbərdarlıq edilmiş, həmkarlıq ittifaqının razılığı alınmış və İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Cavabdeh xx.xx.2025-ci il tarixli, 156/ş/175 saylı əmri ilə xitam verilmişdir. Struktur və ştat vahidlərinə dəyişiklik edilənə qədər iddiaçının çalışdığı müəssidədə ştat vahidlərinin ümumi sayı 799 olmuşdur. Bununla yanaşı, müəssisədə iddiaçının çalışdığı Şəbəkə İnfrastrukturunun istismarı şöbəsi, həmin şöbə nəzdində 3 sektor (İnfrastrukturun istismarı və nəzarət sektoru, Texniki dəstək sektoru, istismara qəbul sektoru) olmaqla, həmin şöbədə ümumilikdə 16 mütəxəssis ştatı mövcud olmuşdur. Sözügendən struktur dəyişikliyindən sonra Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və nəqliyyat nazirinin 04 oktyabr 2024-cü il tarixli 3-27/3-2-69/2024 nömrəli əmri ilə Cavabdeh MMC-nin baş ofisinin yeni strukturu müəyyən edilmişdir. Həmin struktura əsasən müəssisədə ştat vahidlərinin ümumi sayı 1076 olmuş, müəssisədə Texniki Xidmətlər şöbəsi, həmin şöbədə 3 sektor (İstismar sektoru, Telekominikasiya qurğularının tikintisi sektoru, Energetika sektoru) olmaqla, həmin şöbədə ümumilikdə 34 mütəxəssis ştatı yaradılmışdır. İddiaçı qeyd edir ki, onun çalışdığı Şəbəkə İnfrastrukturunun istismarı şöbəsi yeni yaradılmış strukturda Texniki Xidmətlər şöbəsi olmaqla fəaliyyətinə davam edir, hətta həmin şöbəsinin rəhbər şəxsi də dəyişməmiş, onunla birlikdə işləyən digər işçilər də həmin şöbəyə müvafiq vəzifə üzrə işə qəbul edilmişdir. Cavabdeh iddiaçının qeyd etdiyi tələbinin faktiki əsasını təşkil edən halları təkzib edəcək hər hansı sübutu məhkəməyə təqdim etməmiş, həmiçinin izahatında da bildiməmişdir. Həmçinin, cavabdehin nümayəndəsinin izahatından da görünür ki, iddiaçının çalışdığı şöbədə işləyən işçilərin bəziləri ilə əmək müqaviləsinə xitam verilsə də, bəziləri hazırda Texniki Xidmətlər şöbəsində çalışmaqla əmək münasibətləri davam edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.1-ci maddəsinə əsasən, əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən, işçilərin sayı və ya ştatları ixtisar edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Əmək Məcəlləsinin 71.1-ci maddəsinə əsasən, işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür. Əmək Məcəlləsinin 71.3-cü maddəsinə əsasən, işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Əmək Məcəlləsinin 78.1-ci və 78.2-ci maddəsinə əsasən müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir. İşəgötürən işçinin peşəkarlıq səviyyəsini müəyyən edərkən onun peşə hazırlığı səviyyəsinin yüksəldilməsini, yeni ixtisasa yiyələnməsini və ixtisasının artırılmasını nəzərə alır İşəgötürən ixtisasları (peşələri) və ya peşəkarlıq səviyyələri eyni olduqda aşağıdakı şəxslərin işdə saxlanmasına üstünlük verir: şəhid ailəsinin üzvlərinə; müharibə iştirakçılarına; əsgər və zabitlərin arvadına (ərinə); öhdəsində iki və daha çox 16 yaşınadək uşağı olanlara; həmin müəssisədə istehsalat qəzası və ya peşə xəstəliyi nəticəsində əlilliyi olan şəxslərə; məcburi köçkün onlara bərabər tutulan şəxs və qaçqın statusu olan şəxslərə; kollektiv müqavilələrdə və ya əmək müqavilələrində nəzərdə tutulan digər şəxslərə. Məhkəmə hesab edir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi əmək qanunvericiliyinin tələblərinə uyğun olmamaqla, qanunsuz hesab edilməlidir. Belə ki, Nəqliyyat, Rabitə və Yüksək texnologiyalar nazirinin 28 avqust 2021-ci il tarixli, Ə-140/21 saylı əmri ilə təsdiq edilmiş Cavabdeh MMC-nin baş ofisinin struktur cədvəlindən görünür ki, işçinin əmək müqaviləsinə xitam verilənədək müəssisədə Şəbəkə İnfrastrukturunun istismarı şöbəsi, həmin şöbə nəzdində 3 sektor (İnfrastrukturun istismarı və nəzarət sektoru, Texniki dəstək sektoru, istismara qəbul sektoru) olmaqla, həmin şöbədə ümumilikdə 16 mütəxəssis ştatı mövcud olmuşdur. Struktur dəyişikliyi Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və nəqliyyat nazirinin 04 oktyabr 2024-cü il tarixli 3-27/3-2- 69/2024 nömrəli əmri ilə aparılmış və yeni təsdiq edilmiş cədvələ əsasən müəsissədə Texniki Xidmətlər şöbəsi, həmin şöbədə 3 sektor (İstismar sektoru, Telekominikasiya qurğularının tikintisi sektoru, Energetika sektoru) olmaqla, həmin şöbədə ümumilikdə 34 mütəxəssis ştatı yaradılmışdır. Eyni zamanda müəssiədə şöbələrin sayı artırılmış, ştat vahidlərinin sayı isə 799-dan 1076-ya qədər artırılmışdır. Görünür ki, müəssisədə həqiqətən struktur dəyişikliyi edilmiş, yeni şöbələr və ştat vahidləri yaradılmışdır. Lakin bu hal ştatların ixtisarı və ya ləğv edilməsi ilə deyil, əksinə ştat vahidlərinin sayının artırlması ilə nəticələnmiş, iddiaçının çalışdığı mütəxəssis vəzifəsinə uyğun 16 ştat vahidi də 34 ştat vahidinə qədər artırılmışdır. Bu hal onu deməyə əsasə verir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin b bəndində işəgötürənin təşəbbüsü ilə əmək müqaviləsinə xitam əsası kimi qeyd edilmiş işçilərin sayı və ya ştatların ixtisarı halı mövcud olmamışdır. Eyni zamanda, işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İş materialları ilə müəyyən edilir ki, iddiaçı 40 ilə yaxındır ki, həmin müəssisədə mütəxəssis vəzifəsində çalışır, onun barəsində işəgötürən tərəfindən hər hansı tənbeh tətbiri tətbiq olunmamış, başqa növ məsuliyyətə cəlb edilməmişdir. İşəgötürən ştatları ixtisar etmiş olsa belə, işçi ilə əmək müqaviləsinə xitam verərkən qeyd olunan halları nəzərə almadan onunla bağlanmış əmək müqaviləsinə xitam vermiş, yeni strukturda yaradılmış şöbələrdə ona uyğun başqa işlə təmin etmək imkanı olduğu halda hər hansı səbəb olmadan bundan imtina etmişdir. Belə olduğu təqdirdə, əmək müqaviləsinə əsassız olaraq ƏM-nin 70-ci maddəsinin b bəndinə əsasən xitam verildiyindən Cavabdeh xx.xx.2025-ci il tarixli, 156/ş/175 saylı əmri ləğv edilməli və İddiaçı əvvəlki iş yerinə uyğun vəzifəyə bərpa edilməlidir. Azərbaycan Respublikası Əmək Məcələsinin 300-cü maddəsinin 1-ci bəndinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Məhkəmə hesab edir ki, xx.xx.2025-ci il tarixdən işə bərpa olunduğu günə qədər məcburi iş buraxma müddəti üçün hesablanmış əmək haqqı Cavabdeh MMC tərəfindən İddiaçı ödənilməlidir. Məhkəmə iddiaçının mənəvi zərərin ödənilməsi tələbi ilə baölı qeyd edir ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarının 4-cü bəndinə əsasən, şəxsə mənəvi zərərin vurulması, mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozulmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. İddiaçı cavabdeh tərəfindən müvafiq əmrin qəbul edilməsi ilə əlaqədar ona mənəvi zərər dəydiyini sübut edəcək hər hansı dəlili məhkəməyə təqdim etməmişdir. Ona görə də, iddia həmin hissədə təmin edilə bilməz. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia təmin olunmalı, Cavabdeh xx.xx.2025-ci il tarixli, 156/ş/175 saylı əmri ləğv edilməli, İddiaçı əvvəlki iş yerinə uyğun vəzifəyə bərpa edilməli, xx.xx.2025-ci il tarixdən işə bərpa olunduğu günə qədər məcburi iş buraxma müddəti üçün hesablanmış əmək haqqı Cavabdeh MMC tərəfindən İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1 maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Həmçinin, məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin olunsun. Cavabdeh xx.xx.2025-ci il tarixli, 156/Ş/AZT nömrəli əmri qanunsuz hesab edilməklə ləğv edilsin və İddiaçı əvvəlki iş yerinə və vəzifəsinə (mütəxəssis) uyğun ştat vahidinə işə bərpa edilsin. xx.xx.2025-ci il tarixdən işə bərpa olunduğu günə qədər məcburi iş buraxma müddəti üçün hesablanmış əmək haqqı Cavabdeh tərəfindən İddiaçı ödənilsin. İddia qalan hissədə təmin olunmasın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Kərim Xudayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar