Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-4581/2023 30.11.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “subroqasiya qaydasında vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı “subroqasiya qaydasında vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə 10.000 (on min) manat sığorta ödənişinin, 120 (yüz iyimi) manat dövlət rüsumunun, 0,40 (qırx qəpik) manat bank xidməti xərcinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh tərəfindən idarə olunan **-AB-*** dövlət qeydiyyat nişanlı “Mercedes Benz S500 4 MATİC L” markalı avtonəqliyyat vasitəsi ilə "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitələrinin kasko sığortası” növü üzrə sığortalanmış **-AG-*** dövlət qeydiyyat nişanlı “Kia Optima” markalı avtonəqliyyat vasitəsinə xx.xx.2023-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində zərər vurulmuşdur. Hadisə ilə bağlı qəbul olunmuş TP ******* saylı inzibati tənbeh vermə haqqında qərara əsasən Cavabdeh təqsirli bilinmişdir. Sığortalı **-AG-*** dövlət qeydiyyat nişanlı “Kia Optima” markalı avtonəqliyyat vasitəsinə vurulan zərərin əvəzində sığorta ödənişi verilməsi ilə bağlı "xxxx" ASC-yə zərərçəkən müraciət etmişdir. Sığortalı “Kia Optima” markalı **-AG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərər qiymətləndirilmiş və qiymətləndirilməyə dair hesabata əsasən vurulan zərər 17.850 manat (on yeddi min səkkiz yüz əlli manat) məbləğində müəyyən edilmişdir. "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli “Sığorta aktı”na əsasən Sığorta məbləğindən 8250 manat (səkkiz min iki yüz əlli manat) sığortaçının sığorta predmetinin qalıqlarına olan payı çıxılmaqla 10875 manat (on min səkkiz yüz yetmiş beş manat, 00 qəpik) məbləğində sığorta ödənişi sığortalının təqdim etdiyi hesaba köçürülmüşdür. Təqsirli tərəf olan cavabdehin hadisə vaxtı icbari sığortası olmadığından 10875 manat (on min səkkiz yüz yetmiş beş manat) sığorta ödənişi cavabdehdən tələb olunmuşdur. Bununla bağlı xx.xx.2023-cü il tarixdə 10.875 manat (on min səkkiz yüz yetmiş beş manat) pul vəsaitinin subroqasiya hüququ əsasında geri qaytarılması barədə cavabdehə məktub göndərilmiş, lakin cavabdeh tələb olunan məbləği qismən yəni 875 manatını ödəmiş, qalıq qalan 10.000 (on min) manat hissəsini isə ödəməmişdir. İddiaçı xx.xx.2023-cü il tarixdə iddia tələbinin həcminin azaldılması ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, iddia ərizəsi ilə məhkəməyə müraciət edildikdən sonra cavabdeh tərəfindən əlavə olaraq 4.120 manat məbləğində ödəniş həyata keçirilmişdir. Göstərilən hal nəzərə alınmaqla tələbin həcmi azaldılaraq cavabdehdən sığorta ödənişi üzrə 5.880 manat məbləğində pulun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı xx.xx.2023-cü il tarixdə yenidən iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdehin tələb olunan məbləğin bir qismini ödədiyini və hazırda ödənilmiş dövlət rüsumu da daxil olmaqla 5003,02 manat məbləğində ödəniş etməli olduğunu bildirmişdir. Həmçinin mülki iş üzrə məhkəmə iclasının iddiaçının iştirakı olmadan keçirilməsi və iddia tələbinin təmin edilərək cavabdehdən 5003,02 manat məbləğində pulun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi və vəkili Vəkil isə xx.xx.2023-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh tərəfindən iddiaçıya xx.xx.2023-cü il tarixdə 1.000 manat məbləğində ödəniş edildiyini, həmçinin məhkəmə iclasında cavabdeh tərəfin iştirak edə bilməyəcəyini bildirərək iddianın ödənilmiş məbləğlər nəzərə alınmaqla qismən təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil iddia tələbini qəbul etdiyini, cavabdeh tərəfindən iddiaçıya vurulan ziyanın ödənilməsi və tərəflərin məhkəmədənkənar razılığa gəlmələri üçün məhkəmədən vaxt verilməsini xahiş etmişdir. Məhkəmə tərəfindən tərəflərin barışıb razılaşması üçün vaxt verilməsinə baxmayaraq, buna dair məhkəməyə hər hansı razılaşma sənədi təqdim edilməmişdir. Məhkəmə iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - sığorta müqaviləsinə dair məlumata və MC-Mİ-2064/22 saylı “Avtonəqliyyat vasitələrinin (kasko) sığortası” Şəhadətnaməyə əsasən müəyyən edilir ki, "xxxx" ASC-yə məxsus “Kia Optima” markalı, **-AG-*** dövlət qeydiyyat nişanlı avtomobil MC-Mİ-2064/22 nömrəli müqaviləyə əsasən xx.xx.2022-ci il tarixdən xx.xx.2025-ci il tarixədək "xxxx" ASC tərəfindən sığortalanmışdır. -nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən müəyyən edilir ki, Kia Optima” markalı, **-AG-*** dövlət qeydiyyat nişanlı avtomobil mülkiyyət hüququ ilə xx.xx.2022-ci il tarixdə “PSG Finans” BOKT-nin adına qeydiyyata alınmışdır. - “PSG Finans” BOKT tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 281/23 saylı etibarnamədən görünür ki, “Kia Optima” markalı, **-AG-*** dövlət qeydiyyat nişanlı avtomobil idarə olunması üçün sürücü X2 etibar edilmişdir. Etibarnamə xx.xx.2023-cü il tarixədək qüvvədə olmuşdur. -BB235377 nömrəli sürücülük vəsiqəsindən müəyyən edilir ki, X1 B1, B, C1, C kateqoriya üzrə nəqliyyat vasitələrini idarə etmək hüququ olmuşdur. - xx.xx.2023-cü il tarixli sığorta aktına əsasən müəyyən edilir ki, xx.xx.2023-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı maddi ziyan 17.850 manat, maddi ziyan üzrə sığorta ödənişi isə 10875 manat təşkil edir və sığorta ödənişi sığortalının təqdim etdiyi hesaba köçürülür. Sığortanın növü isə kaskodur. - müstəqil ekspert X5 (VÖEN **********) tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli 150401PS saylı rəyə əsasən müəyyən olunur ki, “Kia Optima” markalı, **-AG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş ziyanın məbləği cəmi 17.850 manat təşkil etmişdir. - müstəqil ekspert X4 (VÖEN **********) tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli MC-Mİ-2064/22 saylı qiymətləndirməyə dair hesabata əsasən “Kia Optima” markalı, **- AG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin qalıq dəyəri 8.000 manat təşkil edir. -"xxxx" ASC və “PSG Finans” BOKT tərəfindən imzalanmış xx.xx.2023-cü il tarixli “Sığorta hadisəsi nəticəsində tam itkiyə uğramış avtonəqliyyat vasitəsinin qalıq hissə dəyərinin məbləğinin qarşılıqlı razılaşdılmasına dair AKT”dan müəyyən edilir ki, xx.xx.2023-cü il tarixdə qəzaya məruz qalmış “Kia Optima” markalı, **-AG-*** dövlət qeydiyyat nişanlı avtomobil tam itkiyə məruz qalmış və avtomobilin hadisədən sonrakı qalıq hissə dəyəri 11.000 manat, bazar dəyəri isə 25.000 manat dəyərində müəyyənləşdirilmişdir. Müvafiq sığorta qaydalarına əsasən avtomobilin qalıq hissəsi sığortalının öhdəliyində qalır. - xx.xx.2023-cü il tarixli ödəniş tapşırığına əsasən müəyyən edilir ki, "xxxx" ASC tərəfindən “Kia Optima” markalı, **-AG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərə görə "xxxx" ASC-yə 10.875 manat məbləğində sığorta ödənişi edilmişdir. - Nərimanov Rayon Polis İdarəsinin DYPŞ tərəfindən verilmiş arayışa, yol nəqliyyat hadisəsinin sxeminə, sərxoşluq vəziyyətinin müayinə aktlarına və digər sənədlərə əsasən müəyyən edilir ki, “Mercedes Benz S500 4 MATİC L” minik markalı, **-AB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi "xxxx" MMC-nin mülkiyyətində olmaqla, xx.xx.2023-cü il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi zamanı Cavabdeh tərəfindən etibarnamə əsasında idarə edilmiş, onun etibarnaməsi xx.xx.2023-cü il tarixədək qüvvədə olmuşdur. xx.xx.2023-cü il tarixdə Cavabdeh idarə etdiyi “Mercedes Benz S500 4 MATİC L” minik markalı, **-AB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə hərəkətdə olarkən dönmə manevrini düzgün icra etməməsi nəticəsində "xxxx" ASC-nin mülkiyyətində olan etibarnamə əsasında X3 tərəfindən idarə olunan “Kia Optima” markalı, **-AG-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş və nəticədə ziyan dəymişdir. Müvafiq araşdırma nəticəsində Nərimanov RPİ-nin TŞ-nin baş təhqiqatçısı Rafiq Ağəliyev tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli qərarla cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərarla sürücü Cavabdeh əməlində İXM-nin 327.2-ci maddəsinin tərkib əlamətləri aşkar edildiyindən onun barəsində inzibati tənbeh tədbirinin görülməsi üçün qərarın surəti Nərimanov RPİ-nin DYPŞ-nə göndərilmişdir. - iş materiallarında olan Bakı şəhəri Nərimanov RPİ-nin DYPŞ-nin xx.xx.2023-cü il tarixli, TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərardan müəyyən edilir ki, Cavabdeh xx.xx.2023-cü il tarixdə “Mercedes Benz S500 4 MATİC L” minik markalı, **-AB- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Yasamal rayonu ərazisində İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmişdir. Qeyd olunan inzibati tənbeh vermə haqqında qərardan da müəyyən edildiyi kimi, Cavabdeh İXM-nin 327.2-ci maddəsinə görə təqsirli bilinmişdir. Həmin maddənin dispozisiyasının məzmunundan görünür ki, svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə həmin maddəyə əsasən məsuliyyətə cəlb edilir. Dolayısı ilə məhkəmə tərəfindən müəyyən edilir ki, Cavabdeh yol hərəkəti qaydalarını pozduğuna görə inzibati məsuliyyətə cəlb edilmişdir. Qeyd edilir ki, Azərbacan Respublikası Mülki Məcəlləsinin 883.1-ci maddəsinə görə sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. 888.1-ci maddəyə görə əmlak sığortasının obyektləri sığortalının əmlaka sahibliyi, ondan istifadəsi və (və ya) ona sərəncam verməsi, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi, digər fiziki şəxslərin sağlamlığına xəsarət yetirməsi və ya fiziki şəxslərin əmlakına, həmçinin hüquqi şəxslərə vurduğu zərərin əvəzinin ödənilməsi, istehsalat fəaliyyəti ilə bağlı əmlak mənafeləridir. Əmlak sığortasına əmlakın və mülki məsuliyyətin sığortası aiddir. 888.2-ci maddəyə görə əmlakın sığortası zamanı əmlakın zədələnməsi, itirilməsi (məhv olması) və çatışmazlığı, eyni zamanda əmlak hüquqlarının itirilməsi ilə bağlı risklər sığortalanır. 888.3-ci maddəyə görə mülki məsuliyyətin sığortası zamanı üçüncü şəxslərin həyatına, sağlamlığına, yaxud əmlakına zərər vurulması nəticəsində yaranan öhdəliklərə görə (zərər vurmağa görə mülki məsuliyyətin sığortası), habelə mülki-hüquqi müqavilələrlə bağlı yaranan məsuliyyətə görə (müqavilə şərtlərini pozmağa görə mülki məsuliyyətin sığortası) risklər sığortalanır. 922.1-ci maddəyə görə sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. 922.2-ci maddəyə görə sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunlarında, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir. 936.1-ci maddəyə görə subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.6-cı maddəyə görə həyat sığortası siniflərinə və fərdi qəza sığortasına aid olan hallarda subroqasiya hüququ tətbiq edilmir. 936.2-ci maddəyə görə faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 936.4-cü maddəyə görə faydalanan şəxs zərərvuran şəxsə qarşı iddiadan və ya tələbi təmin edən hüquqlardan, yaxud lazımi sənədləri sığortaçıya verməkdən imtina etdikdə sığortaçı sığorta ödənişi verməkdən zərərvuran şəxsdən subroqasiya qaydasında ala biləcəyi məbləğ həcmində azad edilir. 936.5-ci maddəyə görə sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. 898.2-cı maddəyə görə azadolma məbləği sığorta hadisəsi nəticəsində yaranan itkilərin və ya dəyən zərərin sığorta təminatı ilə əhatə olunmayan və sığortalının üzərində qalan hissəsidir. Azadolma məbləği sığorta müqaviləsinə uyğun olaraq müəyyən edilən zərər məbləğindən, qismən sığorta halında isə sığortaçının zərər məbləğindəki payından çıxılır. 907.1-ci maddəyə görə icbari sığorta qanunları ilə üzərinə icbari qaydada sığorta etdirmək vəzifəsi qoyulan şəxs müvafiq icbari sığorta növünü aparmağa icazəsi olan sığortaçını sərbəst seçmək hüququndan istifadə etməklə müvafiq icbari sığorta müqaviləsini bağlamağa borcludur. 907.3-ci maddəyə görə sığortalı qismində sığorta etdirməli olan şəxsin, eləcə də sığortaçı qismində sığortalamağa borclu olan sığortaçının müvafiq icbari sığorta müqaviləsini bağlamaması Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. 1096.1-cı maddəyə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-cı maddəyə görə delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1108.1-ci maddəyə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1115-ci maddəyə görə zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. “İcbari Sığortalar haqqında” qanunun 20.1-ci maddəsinə görə əmlaka dəyən zərərə görə könüllü və icbari sığortanın bütün növləri üzrə verilən sığorta ödənişlərinin ümumi məbləği faktiki zərər məbləğindən artıq ola bilməz. 23.1.6-cı maddəsinə görə sığortaçının sığorta ödənişini verdikdən sonra müvafiq şəxslərə qarşı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936-cı maddəsində və bu Qanunun 25-ci maddəsində nəzərdə tutulmuş qaydada subroqasiya hüququndan istifadə etmək hüququ vardır. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmiş işin mübahisəsiz faktiki halları ondan ibarətdir ki, xx.xx.2023-cü il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi zamanı Cavabdeh etibarnamə əsasında idarə etdiyi “Mercedes Benz S500 4 MATİC L” minik markalı, **-AB- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə "xxxx" ASC-nin mülkiyyətində olmaqla etibarnamə əsasında X3 tərəfindən idarə olunan “Kia Optima” markalı, **-AG-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş və nəticədə avtomobilə ziyan dəymişdir. Hadisə ilə bağlı cinayət işinin başlanılması rədd edilmiş və X3 hadisənin törədilməsində təqsirli bilinərək İXM-nin 327.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmişdir. Hadisə törədilən vaxt “Mercedes Benz S500 4 MATİC L” minik markalı, **-AB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin icbari sığorta müqaviləsi mövcud olmamış, lakin “Kia Optima” markalı **-AG-*** dövlət qeydiyyat nişanlı avtomobil isə “Avtonəqliyyat vasitələrinin (kasko) sığortası” haqqında MC-Mİ-2064/22 nömrəli müqaviləyə əsasən xx.xx.2022-ci il tarixdən xx.xx.2025-ci il tarixədək "xxxx" ASC tərəfindən sığortalanmışdır. Hadisə nəticəsində “Kia Optima” markalı, **-AG-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin dəyərini ümumilikdə 17.850 manat, qəzadan sonra avtomobil qalıq hissələri isə 8000 manat qiymətləndirilmişdir. Sığortaçı "xxxx" ASC və sığortalı “PSG Finans” BOKT tərəfindən imzalanmış xx.xx.2023-cü il tarixli “Sığorta hadisəsi nəticəsində tam itkiyə uğramış avtonəqliyyat vasitəsinin qalıq hissə dəyərinin məbləğinin qarşılıqlı razılaşdılmasına dair AKT”a əsasən tam itkiyə məruz qalmış avtomobilin qalıq hissəsi sığortalının öhdəliyində qalmışdır. Bundan sonra sığortaçı "xxxx" ASC tərəfindən "xxxx" ASC-yə 10.875 manat sığorta ödənişi tam şəkildə ödənilmişdir. İddiaçı "xxxx" ASC subroqasiya qaydasında ödənilmiş sığorta məbləğini subroqasiya qaydasında hadisənin törədilməsində təqsiri müəyyən edilmiş Cavabdeh tələb edilmiş, məhkəməyə müraciət edilməmişdən öncə cavabdeh tərəfindən 875 manat ödəniş edilmişdir. İddia ərizəsi ilə məhkəməyə müraciət edildikdən sonra cavabdeh iddia tələbini etirazsız etiraf edərək qəbul etmiş və sığorta ödənişinin əvəzi olaraq iddiaçıya müəyyən məbləğlərdə ödəniş etmişdir. Belə ki, iddiaçı xx.xx.2023-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək cavabdehin 4120 manat ödəniş etdiyini bildirib 5880 manat pul vəsaitinin və dövlət rüsumunun ödənilməsini tələb etmiş. Daha sonra isə xx.xx.2023-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək cavabdehin əlavə müəyyən qədər ödəniş etdiyini və nəticə olaraq xidmət haqqı daxil olmaqla ödənilmiş dövlət rüsumu da nəzərə alınmaqla cavabdehin cəmi 5003,02 manat məbləğində borcunun qaldığını bildirmişdir. Lakin bununla bağlı hər hansı sübut təqdim edərək cavabdehin sonuncu dəfə hansı məbləğdə ödəniş etdiyini bildirməmişdir. Buna baxmayaraq cavabdehin nümayəndəsi və vəkili Vəkil xx.xx.2023-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh tərəfindən iddiaçıya xx.xx.2023-cü il tarixdə 1.000 manat məbləğində ödəniş edildiyini bildirmiş həmçinin Cavabdeh tərəfindən 1.000 manat məbləğində pulun "xxxx" ASC-yə ödənilməsini təsdiq edən xx.xx.2023-cü il tarixli qəbzi təqdim etmişdir. Ona görə də qəzb mötəbər sübut olaraq məhkəmə tərəfindən qiymətləndirilərək sonuncu ödəniş 1000 manat məbləğində qəbul edilir. Hazırda iddiaçı Cavabdeh təqsirli bilindiyi yol-nəqliyyat hadisəsi nəticəsində dəymiş ziyanın əvəzi olaraq ödədiyi pulun, həmçinin xidmət haqqı daxil olmaqla ödənilmiş dövlət rüsumunun əvəzi daxil olmaqla 5003,02 manat məbləğində pulun cavabdehdən subroqasiya qaydasında onun xeyrinə tutulmasını xahiş edir. Məhkəmə iş materialları ilə yol-nəqliyyat hadisəsinin törədilməsində Cavabdeh təqsirli bilinməsini və iddiaçı tərəfindən 10.875 manat məbləğində sığorta ödənişinin zərər çəkmiş şəxsə verilməsinin təsdiq olunmasını nəzərə alaraq hesab edir ki, iddiaçı subroqasiya qaydasında ziyanı tələb etməkdə haqlıdır. Belə ki, cavabdeh özü də iddia tələbini qəbul edir və onun nümayəndə-vəkili xx.xx.2023-cü il tarixli ərizəsində sonuncu ödəniş də nəzərə alınmaqla iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Odur ki, məhkəmə məhkəmə işin faktiki hallarını, cavabdehin etirafını, eyni zamanda cavabdeh tərəfindən məhkəməyə iddia ərizəsi verilməmişdən öncə 875 manat, məhkəmə baxışı gedişatında 4120 manat və 1000 manat məbləğlərində ödənişlər həyata keçirməsini nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.3-cü maddəsonə görə məhkəmə tərəflərə, məhkəmə baxışını barışıq sazişi ilə tamamlamağı təklif etməyə borcludur və tərəflər qanunda nəzərdə tutulan hallar istisna edilməklə, iddianı etiraf edə və yaxud ondan imtina edə bilərlər. 106.3-cü maddəyə görə tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. 191.3-cü maddəyə görə cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Hazırki iş üzrə iddiaçının ilkin tələbi 10.000 manat məbləğində sığorta ödənişi və xidmət haqqı daxil olmaqla 120,4 manat ödənilmiş dövlət rüsumunun əvəzinin cavabdehdən tutulması olmuşdur. Bundan sonra cavabdeh 4120 manat məbləğində ödəniş etmiş, nəticədə adi riyazi hesablama yolu ilə müəyyən edilir ki, (10.000- 4120=5880) 5880 manat borcu qalmışdır. Bundan sonra isə iddiaçı cavabdehin yenidən ödəniş etdiyini bildirmiş, lakin bununla bağlı sübut təqdim etməmişdir. Cavabdehin təqdim etdiyi qəbzə əsasən 1.000 manat məbləğində ödəniş edilmiş, nəticədə adi riyazi hesablama yolu ilə müəyyən edilir ki, cavabdehin (5880-1000=4880) 4880 manat məbləğində borcu qalmışdır. Bununla da məhkəmə hesab edir ki, yol nəqliyyat hadisəsi nəticəsində dəymiş ziyana görə ödənilmiş sığorta ödənişinin əvəzi olaraq 4880 manat məbləğində pul vəsaiti subroqasiya qaydasında cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Həmçinin qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi ödənilmiş dövlət rüsumunun əvəzi olan 120 manat və xidmət haqqı olaraq 0,4 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsində tam təmin edilməlidir. Çünki, işin faktiki hallarından görünür ki, iddiaçı məhkəməyə müraciət etməmişdən öncə pretenziya qaydasında ödənilmiş sığorta məbləğini cavabdehdən tələb etməsinə baxmayaraq o, bir qismini ödəmiş qalan hissəsini isə ödəməkdən imtina etmişdir. Yalnız iddiaçı rüsum ödəməklə məhkəməyə müraciət etdikdən sonra o, tələbi etiraf etməklə məhkəmə baxışı mərhələsində ödənişlər etdiyindən iddia tələbi qismən təmin edilmişdir. Dolayısı ilə iddianın qismən təmin edilməsinə baxmayaraq cavabdehin ödənişləri vaxtında etməməsi səbəbindən iddiaçı qeyd olunan məhkəmə məsrəflərini sərf etmək məcburiyyətində qalmışdır. Ona görə bu hissədə iddia tələbi tam təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh nəqliyyat vasitəsinə dəymiş ziyana görə ödənilmiş 4880 (dörd min səkkiz yüz səksən) manat məbləğində sığorta ödənişi və xidmət haqqı daxil olmaqla ödənilmiş dövlət rüsumunun əvəzi olan 120,4 (yüz iyirmi manat qırx qəpik) manat, ümumilikdə cəmi 5.000,4 (beş min manat qırx qəpik) manat məbləğində pul vəsaiti iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia qismən təmin edilsin. Cavabdeh nəqliyyat vasitəsinə dəymiş ziyana görə ödənilmiş 4880 (dörd min səkkiz yüz səksən) manat məbləğində sığorta ödənişi və xidmət haqqı daxil olmaqla ödənilmiş dövlət rüsumunun əvəzi olan 120,4 (yüz iyirmi manat qırx qəpik) manat olmaqla, cəmi 5.000,4 (beş min manat qırx qəpik) manat məbləğində pul vəsaiti iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Günel Əkbərli
Məhkəmə qərarları › İş №e-2(004)-4581/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-4581/2023
30.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver