Məhkəmə qərarları › İş №e-2(006)-484/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-484/2024

02.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-484/2024 02.04.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X6 oğlunun katibliyi ilə İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə sadələşdirilmiş icraat qaydasında məhkəməyə müraciət edərək, Cavabdeh 3000 (üç min) manat yol-nəqliyyat hadisəsi nəticəsində verilmiş sığorta ödənişi məbləğinin, 50.40 (əlli manat qırx qəpik) manat dövlət rüsumunun, cəmi 3050.40 (üç min əlli manat qırx qəpik) manat pulun tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Cavabdeh idarə etdiyi “Mercedes Commercial Atego 1018” markalı ** JT *** dövlət nömrə nişanlı avtomobil Bakı dairəvi yoldan meyvəli bazarına düşən yol ilə hərəkət edən zaman yol-hərəkəti qaydalarını pozmuş, nəticədə X1 idarə etdiyi “Toyota Rav 4” markalı ** FE *** dövlət nömrə nişanlı avtomobilə zərər vurmuşdur. Belə ki, qeyd olunan hadisə ilə bağlı Qaradağ rayon DYPŞ tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli qərarla “Mercedes Commercial Atego 1018” markalı ** JT *** dövlət nömrə nişanlı avtomobilin sürücüsü Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.6-cı maddələrində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirkar şəxs olduğu müəyyən edilmişdir. “Yol-nəqliyyat hadisəsində zərərçəkənin idarə etdiyi avtonəqliyyat vasitəsinə dəyən zərərin ödənilməsi ilə bağlı sığortaçılar arasında qarşılıqlı ödəmələrin tənzimlənməsinə dair Qayda”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Mərkəzi X5 29 iyun 2022-ci il tarixli, 25 nömrəli Qərarına əsasən baş vermiş yolnəqliyyat hadisələrinə dair xx.xx.2022-ci il tarixindən etibarən zərərlərin birbaşa tənzimlənməsi həyata keçirilməyə başlanmışdır. Məhz buna görə də yol-nəqliyyat hadisəsində zərərçəkən şəxs X1 idarə etdiyi “Toyota Rav 4” markalı ** FE *** dövlət nömrə nişanlı avtomobilə dəymiş zərərin aradan qaldırılması üçün “avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortaçısı olan "xxxx" ASC-yə müraciət etmişdr. "xxxx" ASC tərəfindən ZBT-125748/23 saylı sığorta ödənişi aktı və xx.xx.2023-cü il tarixli ödəniş tapşırığına əsasən 3000 (üç min) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Daha sonra, “Yol-nəqliyyat hadisəsində zərərçəkənin idarə etdiyi avtonəqliyyat vasitəsinə dəyən zərərin ödənilməsi ilə bağlı sığortaçılar arasında qarşılıqlı ödəmələrin tənzimlənməsinə dair Qayda”dan, bu qaydanın tələbi əsasında imzalanmış “Yol-nəqliyyat hadisəsində zərərçəkənin idarə etdiyi avtonəqliyyat vasitəsinə dəyən zərərin ödənilməsi ilə bağlı sığortaçılar arasında qarşılıqlı ödəmələrin tənzimlənməsinə dair” xx.xx.2022-ci il tarixli Kollektiv Saziş və subroqasiya tələblərinin reyestrindən çıxarışdan da göründüyü kimi, sığorta şirkətləri arasında hesablaşma aparılmış və "xxxx" ASC tərəfindən "xxxx" ASCnin hesabına sığorta ödənişi həyata keçirilmişdir. Hadisə vaxtı "xxxx" ASC tərəfindən “avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortalı olan Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci və 327.6-cı maddələrində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinmişdir. Qeyd olunanlardan da göründüyü kimi, Cavabdeh yol-nəqliyyat hadisəsi yerindən yayınmışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(006)-4672/2023 nömrəli qərardadı ilə iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “pul” tələbi barədə ərizəsi ilə bağlı mülki işə ümumi iddia icraatı qaydasında baxılması qərara alınmışdır. Cavabdeh etiraz təqdim edərək, iddianın əsassız olduğuna görə rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixində Cavabdeh “X4 1018” markalı ** JT *** dövlət nömrə nişanlı avtomobili idarə edən zaman yol-nəqliyyat hadisəsi baş vermişdir. Həmin hadisə zamanı Cavabdeh hadisə yerini tərk etməmişdir. DYP-nin əməkdaşı tərəfindən Azərbaycan Respublikası İXM-nin 327.6-cı maddəsi ilə yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi üçün hadisədən yayınmaya görə protokol tərtib edilmiş və Cavabdeh qeyd edilən maddələr üzrə məsuliyyətə cəlb edilməklə 100 (bir yüz) manat cərimə edilmişdir. Əslində adıçəkilən qərar qanunsuzdur. Belə ki, yol-nəqliyyat hadisəsi baş verən zaman Cavabdeh ilə digər sürücü arasında təqsirli olan şəxsin müəyyən edilməsi üzrə heç bir mübahisə olmamış və hadisənin təqsiri üzündən törədilməsini Cavabdeh etiraf etmiş və hadisə nəticəsində heç kimin sağlamlığına zərər dəyməmişdir. Belə olduğu halda yol-nəqliyyat hadisəsinə Azərbaycan Respublikası İXM-nin 327.6-cı maddəsi tətbiq edilməməli olduğu halda, Qaradağ rayon DYP-nin əməkdaşı qərəzli olaraq mahiyyətini dərk etmədiyi halda həmin hadisə ilə bağlı Cavabdeh barəsində yol-nəqliyyat hadisəsi yerindən yayınmaya görə protokol tərtib etmişdir. Həmin protokol qanunsuz tərtib edildiyindən Cavabdeh üçün heç bir hüquqi nəticə yarada bilməz. Ona görə də iddianın rədd edilməsi barədə qərar qəbul edilməlidir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmələrinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş, iddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə “AZEMİS” Elektorn Məhkəmə İnformasiya Sistemi vasitəsilə ərizə ilə təqdim edərək, baxış iclasının onun iştirakı olmadan keçirilərək, təqdim edilmiş sübutlar əsasında mülki iş üzrə yekun məhkəmə qərarının qəbul edilməsini xahiş etmiş, Cavabdeh isə səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin ərizəsini nəzərdən keçirib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan: Nəqliyyat vasitəsinin AD seriyalı 433886 nömrəli qeydiyyat şəhadətnaməsindən görünür ki, 1998-ci il buraxılışlı, “Mercedes Benz-Xüsusi.Təy” markalı, evakuator-kran-manipulyator ** JT *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətidir. Nəqliyyat vasitəsinin AB seriyalı 970971 nömrəli qeydiyyat şəhadətnaməsindən görünür ki, 2013-cü il buraxılışlı, “Toyota Rav-4” minik markalı ** FE *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibi X2r. İcbari sığorta müqaviləsinə dair xx.xx.2022-ci il tarixli məlumatdan görünür ki, “Mercedes Benz” markalı ** JT *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi xx.xx.2022-ci il tarixli müqavilə üzrə "xxxx" ASC tərəfindən icbari sığorta edilmiş, müqavilənin qüvvədən düşmə tarixi xx.xx.2023-cü ildir. Azərbaycan Respublikası Mərkəzi X5 xx.xx.2022-ci il tarixli 25/2 nömrəli qərarı ilə təsdiq edilmiş Yol-nəqliyyat hadisəsində zərərçəkənin idarə etdiyi avtonəqliyyat vasitəsinə dəyən zərərin ödənilməsi ilə bağlı sığortaçılar arasında qarşılıqlı ödəmələrin tənzimlənməsinə dair qaydadan görünür ki, qərar 2022-ci il 1 noyabr tarixindən sonra baş vermiş sığorta hadisələrinə şamil edilir. 3cü bənddən görünür ki, aşağıdakı şərtlərin hər birinin mövcud olduğu halda yol-nəqliyyat hadisəsində zərərçəkən zərərin əvəzinin ödənilməsini zərərçəkənin sığortaçısından tələb edir: zərər yalnız hadisədə iştirak edən avtonəqliyyat vasitələrinə (birinə və ya hər ikisinə dəydikdə); - yolnəqliyyat hadisəsində hər biri ilə bağlı mülki məsuliyyətin icbari sığorta müqaviləsi qüvvədə olan iki avtonəqliyyat vasitəsi iştirak etdikdə. 5.1-5.2-ci bənddən görünür ki, zərərçəkənin sığortaçısı Qanuna uyğun olaraq sığorta ödənişini həyata keçirdikdən sonra zərərvuranın sığortaçısına qarşı subroqasiya hüququndan istifadə edir. Zərərvuranın sığortaçısı subroqasiya tələbi irəli sürmüş zərərçəkənin sığortaçısı qarşısında sığorta ödənişinin Qanuna və bu Qaydaya uyğun olaraq həyata keçirilməsi üçün öhdəlik daşıyır. Yol-nəqliyyat hadisəsində zərərçəkənin idarə etdiyi avtonəqliyyat vasitəsinə dəyən zərərin ödənilməsi ilə bağlı sığortaçılar arasında qarşılıqlı ödəmələrin tənzimlənməsinə dair xx.xx.2022-ci il tarixli kollektiv sazişdən görünür ki, zərərlərin birbaşa tənzimlənməsi dedikdə iki nəqliyyat vasitəsinin iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsində zərərçəkənin idarə etdiyi avtonəqliyyat vasitəsinə dəyən zərərin zərərçəkənin sığortaçısı tərəfindən tənzimlənməsi (2.1.3); subroqasiya tələbi dedikdə isə zərərçəkənin sığortaçısı tərəfindən sığorta ödənişi həyata keçirildikdən sonra zərərvuranın sığortaçısına qarşı subroqasiya hüququndan istifadə məqsədilə irəli sürülən tələb (2.1.8) nəzərdə tutulur. xx.xx.2022-ci il tarixli yol vərəqəsindən görünür ki, “Mercedes Benz xüsusi təyinatlı” markalı ** JT *** dövlət qeydiyyat nişanlı vasitəsi xx.xx.2022-ci il tarixədək Cavabdeh etibar edilmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixdə Qaradağ RPİ DYPŞ-də yazdığı izahatdan görünür ki, həmin gün saat 09:30-da avtobandan Meyvəli istiqamətində düşən yolda idarə etdiyi “Mercedes Benz” markalı ** JT *** evakuatorla X8 Meyvəli dairəsinə düşərkən qabaqda gedən “Toyota Rav 4” markalı avtomobili arxa hissəsindən vurmuşdur. Onun halı pis olduğundan dərman qəbul etmək məqsədilə hadisə yerindən getmiş, daha sonra gəlmişdir. Qaradağ rayon DYPŞ tərəfindən tərtib edilmiş inzibati xəta haqqında İXP ******* nömrəli, xx.xx.2022-ci il tarixli protokoldan, eləcə də həmin protokol əsasında çıxarılmış inzibati tənbeh vermə haqqında xx.xx.2022-ci il tarixli TP ******* tarixli qərardan görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixdə saat 09:30-da Bakı X8 Meyvəli Bazarı istiqamətində düşən yolda “Mercedes Benz xüsusi təyinatlı” markalı ** JT *** dövlət qeydiyyat nişanlı vasitəsini idarə edərkən ara məsafəsi qaydalarının pozulması, yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınmasına görə Azərbaycan Respublikası İXM-nin 327.1 və 327.6-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə barəsində 100 manat cərimə edilməsi haqqında tənbeh növü tətbiq edilmişdir. "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli 5057 nömrəli qiymətləndirmə aktından görünür ki, “Toyota Rav 4” markalı ** FE *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə - ehtiyat hissələrinə görə 730 manat, görülən işlərə görə 2270 manat olmaqla, cəmi 3000 manat zərər dəymişdir. Yol-nəqliyyat hadisəsində zərərçəkənin idarə etdiyi avtonəqliyyat vasitəsinə dəyən zərərin ödənilməsi ilə bağlı ZBT125748/23 nömrəli ödəniş aktından görünür ki, “Toyota Rav 4” minik markalı ** FE *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəyən zərərin məbləği 3000 manatdır. xx.xx.2023-cü il tarixli 25 nömrəli ödəniş tapşırığına əlavə edilmiş cədvəldən görünür ki, "xxxx" ASC tərəfindən PXA125748 saylı sığorta aktına əsasən 3000 manat məbləğində sığorta ödənişi X3 verilmişdir. İddia fayllarının cədvəlindən görünür ki, "xxxx" ASC X3 verilmiş 3000 manat məbləğində sığorta ödənişini "xxxx" ASC-dən tələb etmişdir. xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, iddia ərizəsinin verilməsinə görə 50 (əlli) manat rüsum ödənilmiş, 0.40 (qırx qəpik) manat məbləğində bank xidmət haqqı tutulmuşdur. İş üzrə hərtərəfli, tam və obyektiv tədqiqat aparılması məqsədi ilə xüsusi bilik tələb edən sualları izah etmək zərurəti olduğundan məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə-avtotexniki və məhkəmə-əmtəəşünaslıq ekspertizaları təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 06 fevral 2024cü il tarixli, 9/9878 nömrəli ekspert rəyindən görünür ki, 1. Nəzəri hesablama yolu ilə iş materiallarında olan “AutoBox automobile services” Servis müəssisəsi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2013-cü il buraxılışlı, “Toyota Rav 4” markalı **-FE-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmirbərpa xərci hadisə baş verən tarixə təxminən 3000,0 manat müəyyən edilir. O cümlədən: dəyişilməli hissələrin qiyməti - 2270,0 manat, təmir-bərpa işlərinin qiyməti – 730,0 manat. 2. Nəzəri hesablama yolu ilə iş materiallarında olan “AutoBox automobile services” Servis müəssisəsi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2013-cü il buraxılışlı, “Toyota Rav 4” markalı **-FE-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 2302,0 manat müəyyən edilir. O cümlədən: dəyişilməli hissələrin qiyməti - 1572,0 manat, təmir-bərpa işlərinin qiyməti – 730,0 manat. Ekspertiza xərclərinə dair bildirişdən görünür ki, ekpsertiza təqdiqatının dəyəri 100 (bir yüz) manat təşkil edir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, iddiaçı "xxxx" ASC tərəfindən icbari sığorta müqaviləsi üzrə sığorta edilmiş Cavabdeh tərəfindən yol vərəqəsi əsasında idarə edilən “Mercedes Benz-Xüsusi.Təy” markalı, ** JT *** dövlət qeydiyyat nişanlı evakuator-kranmanipulyatorun xx.xx.2022-ci il tarixdə "xxxx" ASC tərəfindən icbari sığorta müqaviləsi üzrə sığorta edilmiş “Toyota Rav-4” minik markalı ** FE *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşması nəticəsində baş vermiş yol-nəqliyyat hadisəsində cavabdeh təqsirli bilinərək, barəsində Qaradağ rayon DYPŞ tərəfindən inzibati xəta haqqında protokol tərtib edilmiş və qərar qəbul edilərək, onun Azərbaycan Respublikası İXM-nin 327.1 və 327.6-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə barəsində 100 manat cərimə edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mərkəzi X5 xx.xx.2022-ci il tarixli 25/2 nömrəli qərarı ilə təsdiq edilmiş Yol-nəqliyyat hadisəsində zərərçəkənin idarə etdiyi avtonəqliyyat vasitəsinə dəyən zərərin ödənilməsi ilə bağlı sığortaçılar arasında qarşılıqlı ödəmələrin tənzimlənməsinə dair qaydaya və Yol-nəqliyyat hadisəsində zərərçəkənin idarə etdiyi avtonəqliyyat vasitəsinə dəyən zərərin ödənilməsi ilə bağlı sığortaçılar arasında qarşılıqlı ödəmələrin tənzimlənməsinə dair xx.xx.2022-ci il tarixli kollektiv sazişə istinadən, zərərçəkənə öz sığortaçısı "xxxx" ASC tərəfindən "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli 5057 nömrəli qiymətləndirmə aktına əsasən edilmiş 3000 manat məbləğində ödəniş sonradan "xxxx" ASC tərəfindən iddiaçı "xxxx" ASC-dən tələb edilmişdir. Hazırda iddiaçı "xxxx" ASC yuxarıda göstərilənlərə istinad edərək və bu barədə sübutları təqdim edərək, 3000 manat sığorta ödənişinin və məhkəmə xərclərinin Cavabdeh tutulmasını; Cavabdeh isə hadisə yerindən yayınmadığını, lakin inzibati tənbeh verilməsi haqqında qərarı mübahisələndirmədiyini və qərarın qüvvəsini aldığını, cəriməni isə ödədiyini, izahatı özünün imzaladığını bildirərək, “Toyota Rav-4” markalı maşına iddia edilən məbləğdə deyil, daha az məbləğdə ziyan dəydiyini mübahisələndirərək, iddianın əsassız olduğundan rədd edilməsini məhkəmədən xahiş edirlər. Məhkəmə iddia tələbi ilə əlaqədar qeyd edir ki, xx.xx.2022-ci il tarixdə baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində “Toyota Rav-4” minik markalı nəqliyyat vasitəsinə dəymiş ziyana görə zərərçəkənə ödənilmiş 3000 manat məbləğində pulun subroqasiya qaydasında cavabdehdən tutulması barədə iddia tələbi qismən əsaslı hesab edilir. Belə ki, iş materiallarında cavabdehin yolnəqliyyat hadisəsində təqsirli bilinərək cərimə edilməsi barədə qərar olduğundan, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkənə dəymiş ziyan cavabdehdən tutulmalıdır. Lakin məhkəmə araşdırmaları zamanı cavabdeh yol-nəqliyyat hadisəsi nəticəsində “Toyota Rav-4” markalı maşına dəyən zərərin məbləğini mübahisələndirdiyindən, məhkəmə tərəfindən təyin edilmiş ekspert rəyi əsasında müəyyən edilmişdir ki, maşının avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilən zaman maşına dəyən zərərin məbləği 2302 manat olmuşdur. Bununla da müəyyən edilir ki, "xxxx" MMC tərəfindən qiymətləndirmə aktı tərtib edilən zaman maşının 2013-cü il buraxılışlı olması və istismar müddəti nəzərə alınmamışdır. Halbuki, bu məsələ hazırki iş üzrə əhəmiyyət kəsb edən hallardan biridir. Buna görə də məhkəmə hesab edir ki, təqdim edilmiş ekspert rəyi ağlabatan olduğundan, məhz ekspert rəyi ilə maşına dəyməsi müəyyən edilən ziyan məbləği iddiaçının xeyrinə cavabdehdən tutulmalıdır. Cavabdeh idarə etdiyi nəqliyyat vasitəsinin onun işçisi olduğu şirkətə məxsus olmasını bildirdiyindən məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyə istinadən qeyd edir ki, işəgötürənin iqtisadi vəziyyətinin işçi ilə müqayisədə daha üstün olması və zərər görmüş üçüncü şəxslərin mənafeyinin müdafiəsinin mümkün qədər tez vaxtda təmin edilməsi düşüncəsindən çıxış edərək qanunverici işəgötürənin işçisinin vurmuş olduğu zərərə görə mülki hüquq məsuliyyəti daşımasını ədalətli və məqsədəmüvafiq hesab etmişdir. Lakin bu heç də işçinin təqsirli olaraq törətmiş olduğu mülki hüquq pozuntusuna görə məsuliyyətinin istisna edilməsini ifadə etmir. Belə ki, Mülki Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Odur ki, zərərçəkənin istəyinə uyğun olaraq dəymiş zərərin əvəzinin ödənilməsi iddiası birgə məsuliyyətlilərdən işəgötürənə və ya işçiyə və ya eyni vaxtda hər ikisinə qarşı sürülə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır; 888.1-ci maddəsinə görə əmlak sığortasının obyektləri sığortalının əmlaka sahibliyi, ondan istifadəsi və (və ya) ona sərəncam verməsi, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi, digər fiziki şəxslərin sağlamlığına xəsarət yetirməsi və ya fiziki şəxslərin əmlakına, həmçinin hüquqi şəxslərə vurduğu zərərin əvəzinin ödənilməsi, istehsalat fəaliyyəti ilə bağlı əmlak mənafeləridir. Əmlak sığortasına əmlakın və mülki məsuliyyətin sığortası aiddir; 889.1-ci maddəsinə görə sığorta marağı sığorta hadisəsinin baş verəcəyi təqdirdə şəxsin maliyyə itkisinə məruz qalması ehtimalı ilə şərtlənən və onun sığorta obyektini sığorta etdirmək hüququnun əsaslandığı mənafedir; 922.1-ci və 922.2.-ci maddəsinə görə sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunlarında, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir; 926.1-ci maddəsinə görə sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır; 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. 1097.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1108.1-ci maddəsinin tələbinə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanunun: 25.1.3-cü maddəsinə əsasən, icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır; 53.1-ci maddəsinə görə mülkiyyətində avtonəqliyyat vasitəsi olan, yaxud avtonəqliyyat vasitəsinə faktiki sahibliyi həyata keçirən, yəni onu icarə və ya digər əşya hüquqlarına dair müqavilə və ya etibarnamə əsasında idarə edən, yaxud digər qanuni əsaslarla istismar edən şəxslər bu Fəslin məqsədləri üçün avtonəqliyyat vasitəsinin sahibi hesab olunurlar; 63.1-ci maddəsinə əsasən, bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-76.2-ci maddəsinə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.7-ci maddəsinə müvafiq olaraq, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 103.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə istinad olunan hüquq normalarını hazırki iddia ərizəsinə tətbiq edərək belə nəticəyə gəlir ki, yol-nəqliyyat hadisəsi baş verən zaman yüksək təhlükə mənbəyi olan avtomobil Cavabdeh tərəfindən yol vərəqəsi əsasında idarə edildiyindən, onun yol-nəqliyyat hadisəsini törətməkdə təqsirli olması sübuta yetirildiyindən və o, hadisə yerindən yayındığından, həmin mənbənin vurduğu zərərə görə Cavabdeh məsuliyyət daşıyır. Buna görə də məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 2302 manat məbləğində pul tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə xərcləri ilə bağlı məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən, iş üzrə ödənilmiş dövlət rüsumunun 39 manat hissəsi və 0,40 manat məbləğində bank xidmət haqqı Cavabdeh tutularaq iddiaçı "xxxx" ASC-yə verilməli, dövlət rüsumunun qalan hissəsi iddiaçı "xxxx" ASC-yə aid edilməli, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqat dəyərinin 77 manat hissəsi Cavabdeh, qalan 23 manat hissəsi isə iddiaçı "xxxx" ASC-dən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.1-ci maddəsinə əsasən, ekspertlərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə, hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir; 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 2302 (iki min üç yüz iki) manat məbləğində pul tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin. Ödənilmiş dövlət rüsumunun 39 (otuz doqquz) manat hissəsi və 0,40 (qırx qəpik) manat məbləğində bank xidmət haqqı Cavabdeh tutularaq iddiaçı "xxxx" ASC-yə verilsin, dövlət rüsumunun qalan hissəsi iddiaçı "xxxx" ASC-yə aid edilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqat dəyərinin 77 (yetmiş yeddi) manat hissəsi Cavabdeh, qalan 23 (iyirmi üç) manat hissəsi isə iddiaçı "xxxx" ASC-dən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN: **********, Hesab: AZ34CTRE********************, Büdcə təsnifatının kodu: 142595, Büdcə səviyyəsinin kodu: 3, Dövlət xəzinədarlığı Agentliyi, Kod: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ013601**********3944, SWİFT BİK: CTREAZ22) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar