Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-872/2023 31.01.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Paşayeva Adilə Adil qızının sədrliyi, məhkəmə iclasının katibi Rzayev Əsvər Məhərrəm oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil1 cavabdehin vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının və uşaqları xx.xx.2011-ci il təvəllüdlü X3 və xx.xx.2014-ci il təvəllüdlü X1 ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinə istifadə hüquqlarının tanınması və köçürülmələri barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 27 avqust 2011-ci il tarixdə Cavabdeh Mirzəağa oğlu ilə rəsmi nikaha daxil olmaqla ailə qurmuşdur. Həmin gündən etibarən ünvan 1 ünvanında yerləşən evə gəlin köçmüşdür. Həyat yoldaşı ilə birlikdə həmin mənzildə yaşayaraq birgə təsərrüfat aparmışlar. Yaşayış evinin kommunal xərcləri barədə qəbzlər də iddiaçının yoldaşının adına gəlmiş və onlar tərəfindən ödənilmişdir. Birgə nikahdan xx.xx.2011-ci il təvəllüdlü X3 və xx.xx.2014-cü il təvəllüdlü X2 adlı iki uşaqları anadan olmuşdur. Cavabdehlə aralarında olan münaqişə nəticəsində iddiaçı xəsarət almış, bundan sonra cavabdeh iddiaçını və uşaqlarını məcburi şəkildə atasının müvəqqəti yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, 1 may küçəsi, fərdi yaşayış evinə aparmışdır. İddiaçı uşaqlarla birlikdə məcbur qalıb həmin balaca evdə yaşamışlar. Uşaqlar Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən məktəbdə təhsil alırlar. Hər gün məktəbə gedib-gəlməkləri onlara çətinlik yaradır. İddiaçının və uşaqlarının atasının yanında qalmaqları mümkün deyildir. Cavabdehə dəfələrlə bu barədə məlumat versə də, cavabdeh həmin yaşayış evinə köçməyə imkan vermir. İddiaçının hazırda yaşamağa, qalmağa heç bir yeri yoxdur. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi Vəkil1 iddia tələbini müdafiə edib, iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin vəkili Vəkil2 evin özbaşına tikili olmasını göstərərək evin mövcudluğu barədə sübut olmadığını və iddiaçının yaşayış yerinin olduğunu bildirərək, iddianın rədd edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 11.1-ci maddəsinə əsasən mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). Məhkəmənin həqiqətə nail olması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şəraitin yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onların tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi nəticəsində qəbul edilən məhkəmə aktları qanunilik və əsaslılıq meyarlarına cavab vermir və onların ədalətli olması şübhə altına alınır (F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar 2008-ci il 30 dekabr tarixli, X.Xəlilovun şikayəti üzrə 2009-cu il 16 yanvar tarixli və N.Manafovun şikayəti üzrə 2009-cu il 13 iyul tarixli Qərarlar). “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 saylı, 24 noyabr 2005-ci il tarixli qərarının 17-ci bəndində göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Konstitusiya hüququnun doktrinası hüquqi müəyyənlik prinsipini Azərbaycan Respublikası Konstitusiyasının Preambulasında öz əksini tapan qanunun alilliyinin əsas elementlərindən biri kimi tanıyır. Hüquqi müəyyənlik prinsipi isə digər tələblərlə yanaşı ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (N.Əbilovun şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 13 iyun 2008-ci il tarixli Qərarı). Avropa Məhkəməsinin məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı Bratyakin Rusiyaya qarşı iş üzrə 9 mart 2006-cı il, Radçikov Rusiyaya qarşı iş üzrə 24 may 2007-ci il, Lenskaya Rusiyaya qarşı iş üzrə 29 yanvar 2009-cu il tarixli Qərarlarına əsasən, hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı, məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Məhkəmə iddiaçının evə köçürülmə tələbinin əsaslı olub-olmamasının müəyyən edilməsi üçün məhkəmə qeyd edir ki, ilk növbədə onun həmin evə dair hüququnun yaranıb-yaranmaması məsələsinə qiymət verilməlidir. Əvvəla məhkəmə qeyd edir ki, iddiaçının tələbi dövlət reyestrində qeydiyyatdan keçmədiyinə görə hüquqi status etibarilə özbaşına tikilidir. Belə olan halda ölkə qanunvericiliyində özbaşına tikilidən istifadə məsələlərini birbaşa tənzimləyən maddi hüquq normasının mövcud olmadığı, bununla belə, özbaşına tikinti və onun nəticələrini tənzimləyən Mülki Məcəllənin 180-ci maddəsində şəxslərin özbaşına tikintidə yaşamalarının və oradan istifadə etmələrinin birbaşa qadağan edilmədiyi nəzərə alınmalıdır. Qeyd olunan qanunvericilik normasında özbaşına tikinti aparmış şəxsin ona mülkiyyət hüququnu əldə etməyəcəyi, onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarının olmadığı təsbit olunmuşdur. Hazırkı iş materiallarından və izahatlara əsasən müəyyən olunan hallar odur ki, iddiaçı cavabdehlə mübahisəli evdə yaşayaraq birgə təsərrüfat apardığını qeyd etsə də, evin tikilməsində, təmirində hər hansı şəkildə iştirak etməsi, tikintiyə sərf olunmuş materiallar üzərində hər hansı hüquq əldə etməsi barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Ümumiyyətlə sözügedən qanunsuz tikilinin onun həyat yoldaşına məxsus olmasına işarə edən hər hansısa kommunal ödənişlər, vergi ödənişləri də təqdim etməmişdir. Digər tərəfdən də, İddiaçı nümayəndəsi məhkəmə iclasında bildirmişdir ki, iddiaçı artıq iki ildir atasına məxsus evdə yaşayır. Belə olan halda iddiaçının iki il ərzində həmin evə köçürülməsi tələbinin olmaması da onun yaşamağa yerinin olmasına dəlalət edir. Yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, İddiaçı, uşaqları xx.xx.2011-ci il təvəllüdlü X3 və xx.xx.2014-ci il təvəllüdlü X2 ilə birlikdə ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinə istifadə hüquqlarının tanınması və köçürülmələrinə dair iddia tələbi təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı, uşaqları xx.xx.2011-ci il təvəllüdlü X3 və xx.xx.2014-ci il təvəllüdlü X2 ilə birlikdə ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinə istifadə hüquqlarının tanınması və köçürülmələrinə dair iddia tələbi təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Adilə Paşayeva
Məhkəmə qərarları › İş №e-2(008)-872/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-872/2023
31.01.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver