Məhkəmə qərarları › İş №e-2(009)-2628/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-2628/2025

16.12.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-2628/2025 16.12.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi S.İ.Qasımovanın iştirakları ilə İddiaçı Cavabdehnə qarşı müqavilənin bərpası tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏNETDİ: İddiaçı Cavabdehnə qarşı müqavilənin bərpası tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, ünvan 1 ünvanında yerləşən mənzil onun faktiki mülkiyyətindədir. Sözügedən ünvan üzrə o, Cavabdeh İB ilə aralarında bağlanmış AKX-04559xx/xx-2022 saylı müqaviləyə əsasən **********00311 saylı abonent kodu təqdim edilmişdir. X2 adına ünvan 2 ünvanında yerləşən mənzil vardır. Onun adına qeyd edilən mənzilin qaz abonent kodu ayrı olmuşdur. X3 ona aid olan orderlə və aidiyyatı olmayan məhkəmə qərarı ilə Cavabdeh İB-yə müraciət edərək ünvan 1 ünvanında yerləşən mənzilin su sayğacına dair onun adına olan **********00311 saylı abonent kodunu öz adı olaraq yalan məlumat verməklə ərizə formasında təqdim etmişdir. Həmin ərizə üzrə rəy və fikir bildirilməsi üçün Cavabdeh İB müraciət edilmişdir. Sonradan qanunsuz olaraq onun adına olan **********00311 saylı abonent kodu vətəndaş X1, dərhal qaz sayğacının istifadə olunmaması üçün dondurulmuşdur. Qeyd edir ki, mühəndis ünvan 1 ünvanında yerləşən mənzilin sayğacına baxış keçirilərkən ətraflı məlumat almalı, ünvan 1 ünvanında yerləşən mənzilin hal-hazırda da mübahisəli olduğunu və məhkəmədə proses getdiyini nəzərə almalı idi. Bundan başqa, mühəndisin həmin hissəyə münasibətdə rəy verə bilməsi şübhə altındadır, çünki rəy verərkən ünvan 1 ünvanında yerləşən mənzildə yaşayanın izahatı alınmalı və dəqiqləşdirilməli idi. Mənzilə dair aidiyyatı olmayan şəxs həmin mənzilin abonentinin adının dəqiqləşdirilməsinə dair Cavabdeh İB-yə rəsmi müraciət edilsə də, formal cavab olaraq Asan Kommunal Xidmətinə müraciət etməyi tövsiyə etdilər. Ona görə də o, iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göstərilənləri nəzərə alaraq iddiaçı onunla Cavabdeh İB arasında xx.xx.2022-ci il tarixdə bağlanılan AKX-04559xx/xx-2022 saylı müqavilə əsasında təqdim edilmiş **********00311 saylı abonent kodunun onun adına bərpa edilməsi öhdəliyi Cavabdeh İB-nə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış İddiaçı iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı həmçinin izahatında göstərmişdir ki, artıq 7 aydan yuxarıdır ki, əsassız olaraq qazdan istifadə edə bilmir, qış ayıdır, qazdan istifadə zəruridir. Evləri soyuqdur. Məhkəmə iclasında izahatı alınmış iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Vəkil həmçinin göstərmişdir ki, iddiaçının mənzilinə dair həm “Azərişıq”, həm də “Azərsu” tərəfindən abonent kodları da dəyişdirilmiş, müraciətləri əsasında “Azərişıq” könüllü surətdə abonent kodunu bərpa etmiş, “Azərsu”ya qarşı qarldırılan iddiaları da təmin olunmuş və abonent iddiaçının adına bərpa edilməsi qərara alınmışdır. Məhkəmə iclasında izahatı alınmış cavabdehin nümayəndəsi X8 izahatında göstərmişdir ki, hazırda tələbə qarşı hər hansı bir münasibət bildirə bilmir. Bu hal araşdırılmalıdır. İstehlakçının dəyişdirilməsi “ASAN Xidmət”də həyata keçirilir. Ona görə də digər abonent olan Validə Aşimovanın saldosunda 2 abonent kodunun olması dəqiqləşdirilməlidir ki, iddiaçı sonradan problemlə rastlaşmasın. Məhkəmə iş üzrə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. İş üzrə “Paylayıcı” qismində Cavabdeh İB ilə İddiaçı arasında ünvan 3 ünvanında yerləşən mənzilə dair bağlanılmış qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqısatqısı barədə xx.xx.2022-ci il tarixli, AKX-04559xx/xx-2022 nömrəli müqaviləsinə əsasən Paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq İstehlakçının keyfiyyətli qazla təmin edir, İstehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq Paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. İş üzrə Cavabdeh İB-nin Bakı Regional Qaz İstismarı İdarəsinin rəisi tərəfindən İddiaçı, surəti Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlar Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan "xxxx" MMC-yə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubun surətindən görünür ki, Azərbaycan Respublikasının Prokurorluğundan Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlar Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan "xxxx" MMC-dən Cavabdehnə ünvanlanmış **********00311 nömrəli istehlakçı hesabı üzrə abonent məlumatlarında dəyişiklik edilməsi haqqında Bakı Regional Qaz İstismarı İdarəsinə daxil olmuş müraciətə baxılmışdır. Məlumat üçün bildirirlər ki, vətəndaş məmnunluğunun təmini və xidmətlərin keyfiyyətinin yaxşılaşdırılması məqsədilə istehlakçı hesabı üzrə X4 Sistemində abonent məlumatlarında dəyişiklik edilməsi və istehlakçılar ilə qazın alqı-satqısı müqaviləsi bağlanması səlahiyyətləri ASAN Kommunal mərkəzlərinə verilmişdir. Bu səbəbdən müvafiq sənədlərlə (ərizə, şəxsiyyət vəsiqəsi, mülkiyyət hüququnu təsdiq edən sənədlərin əsli (çıxarış); Smart kart (istehlakçı hesabı və ya sayğac nömrəsi)) ASAN Kommunal mərkəzlərinə müraciət etməsi tövsiyyə olunur. İş üzrə təqdim olunmuş abonent saldosundan belə məlum olur ki, X5 mənzilinə dair **********00311 və **********00320 saylı 2 abonent kodu qeyd edilmişdir. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, ünvan 1 ünvanında yerləşən mənzil iddiaçının sahibliyində və istifadəsindədir. Sözügedən ünvan üzrə onunla Cavabdeh İB arasında bağlanmış AKX-04559xx/xx-2022 saylı müqaviləyə əsasən **********00311 saylı abonent kodu təqdim edilmişdir. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, X2 adına olan və ünvan 2 ünvanında yerləşən mənzilin qaz abonent kodu ayrı olmuşdur. V.Aşimova ona aid olan orderlə və aidiyyatı olmayan məhkəmə qərarı ilə Cavabdeh İB-yə müraciət edərək ünvan 1 ünvanında yerləşən mənzilin su sayğacına dair onun adına olan **********00311 saylı abonent kodunu öz adı olaraq yalan məlumat verməklə ərizə formasında təqdim etmişdir. Həmin ərizə üzrə rəy və fikir bildirilməsi üçün Cavabdeh İB müraciət edilmişdir. Sonradan qanunsuz olaraq onun adına olan **********00311 saylı abonent kodu vətəndaş V.Aşimovaya keçirilmiş, dərhal qaz sayğacının istifadə olunmaması üçün dondurulmuşdur. Bu səbəbdən iddiaçı onunla Cavabdeh İB arasında xx.xx.2022-ci il tarixdə bağlanılan AKX-04559xx/xx-2022 saylı müqavilə əsasında təqdim edilmiş **********00311 saylı abonent kodunun onun adına bərpa edilməsi öhdəliyi Cavabdeh İB-nə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflər arasında yuxarıda qeyd edilən müqavilə bağlanılsa da, iddiaçının abonent kodu başqa şəxsin, X5 adına dəyişdirilmişdir. «Qazdan istifadə Qaydaları»nın 1.3-cü maddəsinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt əlavə edilir. Qaz paylayıcısı və istehlakçının bu Qaydalara əsasən müəyyənləşdirilən vəzifələri və hüquqları, habelə istehlakçılara verilən qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlığı), həcmi, dəyərinin ödəmə şərtləri və digər məsələlər qazın alqı-satqı müqaviləsində göstərilir. Həmin Qaydaların aşağıda qeyd edilən maddələrinə əsasən: 3.1. Qazdan səmərəli istifadə, qaz qurğularının etibarlı və təhlükəsiz istismar edilməsi məqsədi ilə qaz paylayıcısı aşağıdakı vəzifələri yerinə yetirməlidir: 3.1.2. istehlakçını qazın alqı-satqı müqaviləsində göstərilən keyfiyyətdə və həcmdə, habelə dövlət standartlarının tələblərinə uyğun qazla təmin etməli; 3.1.3. qazpaylayıcı şəbəkəni onun etibarlılığının və təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə təmir-profilaktika işlərini vaxtında yerinə yetirməklə, texniki cəhətdən saz vəziyyətdə saxlamalı; 3.1.4. qaz paylayıcısının illik iş planında göstərilən müddətlərdə təmir-profilaktika işlərinin aparılması ilə əlaqədar qazın verilməsinin dayandırılması barədə istehlakçını ən azı 5 (beş) gün əvvəl xəbərdar etməli; Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Yəni qazın nəql edilməsi ilə bağlı tərəflər arasında müqavilə bağlanılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlmə əsaslarından biridir (maddə 14.2.1) . Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 16.1-ci maddəsində isə müəyyən olunmuşdur ki, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Mülki dövriyyənin inkişafı və fəaliyyət göstərməsi üçün əsas şərtlərdən biri mülki hüquq subyektlərinin öz vəzifə və öhdəliklərini vicdanla, lazımınca yerinə yetirmələrindən ibarətdir. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir (Mülki Məcəllənin 425.1-ci maddəsi). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Məhkəmə qeyd edir ki, öhdəlik – konkret şəxslər arasında müəyyən iqtisadi münasibətlər yaradır və subyekt tərkibi qeyri-müəyyən olan mütləq hüquq münasibətlərindən fərqli olaraq nisbi hüquq münasibətidir. Öhdəlik hüququnun hüquqi nizamasalma predmetinə daxil olan ictimai münasibətlər əmlakın mülkiyyətə verilməsi ilə, əmlakın istifadəyə verilməsi ilə, xidmət göstərilməsi ilə, iş görülməsi ilə, müqavilədənkənar hərəkətlərlə bağlı yarana bilər. Başqa sözlə, öhdəliyin predmeti – pul ödənilməsi, əmlak verilməsi, iş görülməsi, xidmətlər göstərilməsi və ya müəyyən hərəkətdən çəkilmək kimi konkret hərəkət və ya hərəkətsizlik ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur (maddə 443.1). Borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddət də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər (maddə 443.5). Məhkəmə həmçinin qeyd edir ki, istehlakçıya qazın nəqlinin dayandırılmasının hüquqi əsasları da yuxarıda qeyd edilən Qaydada nəzərdə tutulmuşdur. «Qazdan istifadə Qaydaları»nın: 6.1. Qaz paylayıcısı bu Qaydaların 3.1.4-cü yarımbəndinin tələblərinə əməl etməklə aşağıdakı hallarda qazın verilməsini dayandırır: 6.1.3.istehlakçının qaz qurğusu Agentlik müəyyən etdiyi dövlət standartlarının tələblərinə cavab vermədikdə; 6.1.4. qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya qaz paylayıcısı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə; 6.1.5. qaz paylayıcısı ilə müvafiq müqavilə bağlanılmadıqda; 6.2. İstehlakçıya qazın verilməsinin dayandırılması (dini ekstremizm əleyhinə xüsusi əməliyyatın aparılması ilə əlaqədar dayandırma halı istisna olmaqla) yalnız fərdi qaydada həyata keçirilir. Qazın dəyərini vaxtında ödəməyən istehlakçıya qazın verilməsinin dayandırılması qazın dəyərini vaxtında ödəyən digər istehlakçıların hüquqlarının pozulması ilə nəticələnməməlidir. Qaz xətlərinin qanunsuz olaraq kəsilməsi və ya istehlakçıya bu Qaydaların 3.1.5-ci yarımbəndində nəzərdə tutulmuş hallarda yazılı bildiriş göndərilmədən qazın verilməsinin dayandırılması qadağandır. 6.3. İstehlakçı qazın verilməsinin dayandırılması (qaz təchizatının dayandırılmasının səbəbi və müddəti göstərilməklə) və ya qazın alqı-satqı müqaviləsinin vaxtından əvvəl ləğv olunması (bu Qaydaların 6.4-cü bəndində nəzərdə tutulmuş hal istisna olunmaqla) barədə qaz paylayıcısına yazılı müraciət etdikdə, qaz paylayıcısı 2 iş günü müddətində müvafiq olaraq qazın verilməsinin dayandırılması və ya qazın alqı-satqı müqaviləsinin ləğv edilməsi barədə qərar qəbul etməlidir. İstehlakçıya qazın verilməsi həmin qərarın qəbul edildiyi gündə dayandırılmalıdır və istehlakçı sonuncu günə qədər istifadə etdiyi qazın dəyərini ödəməlidir. Qazlaşdırılmış obyektin mülkiyyətçisinin (istifadəçisinin) dəyişilməsi qazın verilməsinin dayandırılması üçün əsas deyildir. Məhkəmə araşdırması zamanı tərəflər arasında bağlanılmış müqavilənin ləğv edilməsinə dair hər hansı bir sübut aşkar edilməmişdir. Beləliklə məhkəmə hesab edir ki, iddiaçının istifadə və sahibliyində olan mənzilinə dair tərəflər arasında ləğv olunmamış və qüvvədə olan müqavilə mövcud olsa da, iddiaçının abonent kodu başqa şəxsin adına əsassız olaraq dəyişdirilmişdir. Nəticədə bu hal iddiaçının qazdan istifadə ilə əlaqədar hüquqlarının məhdudlaşdırılmasına səbəb olmuşdur. Ona görə də məhkəmə hesab edir ki, qaldırılan iddia əsaslı hesab edilməli və təmin edilməlidir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinə əsasən öz hüquqlarının və qanuni mənafeylərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. Həmin Qanunun 26-cı maddəsinə görə istehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. İstehlakçılar hüquqlarının pozulması barədə qaldırılan iddialara görə, dövlət rüsumu verməkdən azad edilirlər. Məhkəmə həmçinin hesab edir ki, istehlakçıların müdafiə haqqında qanuna əsasən iddiaçı dövlət rüsumu ödəməkdən azad olduğu üçün və iddia tələbi təmin olunduğu üçün, cavabdehdən dövlət nəfinə dövlət rüsumunun əvəzi kimi 100 manat məbləğində pul tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Göstərilənlərə əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutub məhkəmə… QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında 23 sentyabr 2022-ci il tarixdə bağlanılan AKX-04559xx/xx-2022 saylı müqavilə əsasında təqdim edilmiş **********00311 saylı abonent kodunun İddiaçı adına bərpa edilməsi öhdəliyi Cavabdehnə həvalə edilsin. Cavabdeh İB-dən dövlət nəfinə dövlət rüsumunun əvəzi kimi 100 (bir yüz) manat məbləğində pul tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar