Məhkəmə qərarları › İş №e-2(009)-2637/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-2637/2021

05.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-2637/2021 05.11.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim: Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi Məmmədova Narqələm Bayram qızının katibliyi ilə İddiaçı Bəhram Atabəylinin Cavabdeh qarşı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi, yüklülük çıxaşının ləğv edilməsi və girov qoyulmuş əmlakın yüklülükdən azad edilməsi tələbinə dair mülki işə Səbail rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı Bəhram Atabəyli Cavabdeh qarşı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi, yüklülük çıxaşının ləğv edilməsi və girov qoyulmuş əmlakın yüklülükdən azad edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, Cavabdeh ilə həyat yoldaşı Atabəyli Nigar Ramazan qızı arasında 16.02.2018-ci il tarixdə formal kredit müqaviləsi bağlanmışdır. Həmin müqavilənin təminatı kimi “İpoteka saxlayan” qismində Cavabdeh ilə “İpoteka qoyan” qismində Atabəyli Nigar Ramazan qızı arasında Bakı şəhəri 9 saylı notariat kontorunda 16.02.2018-ci il tarixli ipoteka müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən Atabəyli Nigar Ramazan qızına məxsus olan ünvan 1 ünvanında yerləşən 0,12 ha torpaq sahəsini 3-M-260 saylı kredit müqaviləsinə əsasən yaranmayan və olmayan öhdəliyinin icrasının təmin edilməsi məqsədilə Cavabdeh xeyrinə ipoteka ilə yüklü etmişdir. Əslində bu müqavilə formal müqavilə olmuşdur. O qədər tələsik müqavilə olub ki, hətta onun razılığı bilə alınmadan ipoteka müqaviləsi təsdiqlənmişdir. Həmin əmlak birgə nikah dövründə alınmışdır. Birgə nikah dövründə alındığından onun razılığı ilə ipoteka qoyula bilərdi. O, da həmin anda ipotekaya qoyulmasına razılıq verməmişdir. Göstərilənləri nəzərə alaraq iddiaçı Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin ********** qeydiyyat nömrəli (RX 1188238) Çıxarışa əsasən Atabəyli Nigar Ramazan qızına məxsus ünvan 1 ünvanında yerləşən 0,12 ha torpaq sahəsinə dair Atabəyli Nigar Ramazan qızı ilə Cavabdeh arasında bağlanmış 16.02.2018-ci il tarixli ipoteka müqaviləsinin etibarsız hesab edilməsi, Çıxarışının ləğv edilməsi və girov qoyulmuş əmlakın yüklülükdən azad edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə iddiaçı Bəhram Atabəyli və Cavabdeh məhkəmə iclasına gəlməmişlər. Cavabdeh elektron məhkəmə vasitəsi ilə məhkəməyə müraciət edərək üzrlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəyini nəzərə alaraq işə onun iştirakı olmadan mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Məhkəmə işə iddiaçı və cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə müstəqil tələb irəli sürməyən 3-cü Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət reyestri Xİdmətinin 1 syalı Bakı Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə əsasən işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış etirazdan görünür ki, iddia ərizəsi əsassızdır və rədd edilməlidir. X4 Ramazan qızı arasında Bakı şəhəri 9 saylı notariat kontorunda 16.02.2018ci il tarixli ipoteka müqaviləsi bağlanılan zaman iddiaçı buna notarial qaydada razılıq vermişdir. Belə ki, iddiaçının arvadı 16.02.2018-ci il tarixli ipoteka müqaviləsini və eyni tarixli kredit müqaviləsini imzalamış Atabəyli Nigar Ramazan qızı 2020-ci ildə ona qarşı “Bakı şəhəri 9 saylı notariat kontorunda 16.02.2018-ci il tarixdə bağlanmış kredit müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair” Səbail rayon Məhkəməsinə iddia ərizəsi vermiş, iddia ərizəsi məhkəmənin 2(009)-587/2020 saylı qətnaməsi ilə təmin edilməmiş və qətnamə qanuni qüvvəsini almışdır. Atabəyli Nigar Ramazan qızı məhkəməyə iddia ərizəsi ilə birlikdə 16.02.2018-ci il tarixli ipoteka müqaviləsi və eyni tarixli kredit müqaviləsinin bağlanılması ilə bağlı notariat işində olan sənədlərin surətlərini də təqdim etmiş və həmin sənədlərin içində iddiaçı X2 Nigar Ramazan qızına məxsus ünvan 1 ünvanında yerləşən 0,12 ha torpaq sahəsinin ipotekaya qoyulmasına razılıq verməsi ilə bağlı notarial qaydada təsdiq olunmuş ərizəsinin surəti də vardır. Göründüyü kimi, iddiaçı ünvan 1 ünvanında yerləşən 0.12 ha torpaq sahəsinin ipotekaya qoyulmasına razılıq verməsinə baxmayaraq əsassız iddia ərizəsi ilə məhkəməyə müraciət edərək belə bir razılıq vermədiyini əsas gətirib adı gedən ipoteka müqaviləsinin etibarsız hesab edilməsini məhkəmədən xahiş edir. Əgər iddiaçı adı gedən əmlakın ipoteka ilə yüklü edilməsinə notarial qaydada razılıq verməsinə baxmayaraq, belə bir razılıq vermədiyini, hüququnun pozulduğunu hesab edirsə, deməli o, hüququnun pozulduğunu ipoteka müqaviləsinin bağlanıldığı tarixdən, yəni 16.02.2018-ci il tarixdən bilirdi. Digər tərəfdən isə iddiaçının arvadı - kredit müqaviləsini və ipoteka müqaviləsini imzalamış Atabəyli Nigar Ramazan qızı müxtəlif vaxtlarda ona qarşı adı gedən kredit müqaviləsinin etibarsız hesab edilməsi tələbi və adı gedən ipoteka müqaviləsinin etibarsız hesab edilməsi tələbi ilə Səbail rayon Məhkəməsinə iddia ərizələri ilə müraciət etmişdir. Əgər həqiqətən də iddiaçının hüquqları pozulmuşdursa, o, həm hüquqlarının pozulduğunu ipoteka müqaviləsinin bağlanıldığı tarixdən, yəni 16.02.2018-ci il tarixdən pozulduğunu bildiyindən, həm də Atabəyli Nigar Ramazan qızının müxtəlif vaxtlarda ona qarşı adı gedən kredit müqaviləsinin etibarsız hesab edilməsi tələbi və adı gedən ipoteka müqaviləsinin etibarsız hesab edilməsi tələbi ilə Səbail rayon Məhkəməsinə iddia ərizələri ilə müraciət etdiyini bildiyindən iddiaçı hazırki tələblə daha əvvəl, yəni ipoteka müqaviləsinin bağlanıldığı tarixdən bir neçə ay sonra və ya Atabəyli Nigar Ramazan qızının ona qarşı iddia ərizələri məhkəməyə müraciət etdiyi ərəfələrdə məhkəməyə müraciət etməli idi. İddiaçının hazırki tələblə məhz indi müraciət etməsinin məqsədi iddiaçının arvadının – kredit və ipoteka müqaviləsini imzalamış Atabəyli Nigar Ramazan qızının borclu qismində keçdiyi, onun isə tələbkar qismində keçdiyi 2(103)-13246/2019 saylı işin dayandırılmasına, yəni həmin işin əsassız olaraq icra olunmamasına nail olmaqdır. Belə ki, 2019-cu ildə Atabəyli Nigar Ramazan qızına qarşı verdiyi “16.02.2018-ci il tarixli müqavilə üzrə əsas borcun, dəymiş zərərin, faizin, dövlət rüsumun əvəzinin cvabdehdən tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi və ipoteka predmetinin açıq hərracda satılaraq satışdan əldə olunan vəsait hesabına tələb edilən borcun ödənilməsi tələbinə dair” iddia ərizəsi Bakı Apellasiya Məhkəməsinin Mülki Kollegiyasının 05.11.2019-cu il tarixli, 2(103)-13246/2019 saylı qətnaməsi ilə qismən təmin edilərək, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-4364/2019 sayl iş üzrə 19.08.2019-cu il tarixli qətnaməsinin iddiaçının “25008 manat əsas borcun, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına görə ödənilmiş 30 manat dövlət rüsumunun və iddia verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin xeyrinə tutulması” tələblərinin təmin edilmədiyi hissəsində ləğv edilməsi və həmin hissədə iddia tələbinin təmin olunması, Atabəyli Nigar Ramazan qızından 25008 manat əsas borcun, ipoteka predmetinə tutumanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına görə ödənilmiş 30 manat dövlət rüsumunun, həmçinin iddiaçının ödədiyi dövlət rüsumlarının və bank xidməti xərclərinin əvəzi olaraq 45,80 manatın, yəni cəmi 25083,8 manatın alınaraq Cavabdeh ödənilməsi, ünvan 1 ünvanında yerləşən, sahəsi 0,12 ha olan torpaq sahəsinə tutmanın yönəldilməsi, həmin əmlakın hərracda satılaraq onun satışından əldə edilmiş pul vəsaiti hesabına 25008 manat kredit borcunun, habelə ödənilmiş dövlət rüsumlarının əvəzi qismində 75,80 manatın Cavabdeh ödənilməsi, həmin məbləğ ödənildikdən sonra ipoteka predmetinin hərracda satışından əldə olunmuş pul vəsaitinin qalan hissəsinin Atabəyli Nigar Ramazan qızına qaytarılması qət edilmişdir. Atabəyli Nigar Ramazan qızı həmin qətnamədən kassasiya şikayəti versə də, şikayət təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05.11.2019-cu il tarixli, 2(103)-13246/2019 saylı qətnaməsi 09.06.2020-ci il tarixdə qanuni qüvvəsini almış və icraya yönəldilmişdir. Bununla yanaşı Atabəyli Nigar Ramazan qızı 2020-ci ildə ona qarşı “Bakı şəhəri 9 saylı notariat kontorunda 16.02.2018-ci il tarixdə bağlanmış kredit müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair Səbail rayon Məhkəməsinə verdiyi iddia ərizəsi məhkəmənin 2(009)- 587/2020 saylı qətnaməsi ilə (hakim Şahin Abdullayev) təmin edilməmişdir. Atabəyli Nigar Ramazan qızı tərəfindən həmin qətnamədən apellyasiya şikayəti verilsə də, şikayət təmin edilməmişdir. Atabəyli Nigar Ramazan qızı tərəfindən apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verilməmiş və Səbail rayon Məhkəməsinin 2(009)-587/2020 saylı qətnaməsi qanuni qüvvəsini almışdır. Digər tərəfdən, Atabəyli Nigar Ramazan qızı 2020-ci ildə ona qarşı “ünvan 3 ünvanda yerləşən 0,12 ha torpaq sahəsinə dair Cavabdeh ilə onun arasında bağlanmış 16.02.2018-ci il tarixli ipoteka müqaviləsinin etibarsız hesab edilməsi, girov qoyulmuş əmlakın yüklülükdən azad edilməklə çıxarışın ləğv edilməsi tələbinə dair” Səbail rayon Məhkəməsinin verdiyi iddia ərizəsi məhkəmənin 2(009)-2070/2020 sayl qətnaməsi ilə (hakim Şəhla Süleymanova) təmin edilməmişdir. Atabəyli Nigar Ramazan qızı tərəfindən həmin qətnamədən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən verilmiş kassasiya şikayəti də təmin edilməyərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmış və Səbail rayon Məhkəməsinin 2(009)- 2070/2020 saylı qətnaməsi 18.10.2021-ci il tarixdə qanuni qüvvəsini almışdır. İddiaçı ipoteka müqaviləsinin etibarsızlığı ilə bağlı məhkəməyə qanunvericilikdə nəzərdə tutulmuş kəsici müddət (1 il) keçdikdən sonra – 3 il 7 ay sonra müraciət etmişdir. Kəsici müddətinin axımının başlanğıcı iddiaçının hüququnun pozulduğunu, etibarsızlığa əsas olan halları bildiyi an, yəni ipoteka müqaviləsinin bağlanılma tarixi hesab olunur və iddiaçı AR Mülki Məcəlləsinin 354.2-ci maddəsinə əsasən ipoteka müqaviləsinin etibarsız sayılmasına əsas verən halları və ya bilməli olduğu gündən bir il ərzində həmin müqaviləni mübahisələndirə bilərdi. Odur ki, əgər iddiaçının hüquqları həqiqətəndə pozulmuşdursa, iddiaçı ipoteka müqaviləsinin bağlanıldığı tarixdən, yəni 16.02.2018-ci il tarixdən bunu bilirdi və qanunvericiliyin tələbinə görə müqavilənin etibarsızlığı ilə bağlı ən geci 16.02.2019-cu il tarixədək məhkəməyə müraciət etmək hüququ var idi. Göstərilənlərə əsasən cavabdeh iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsassız olduğu üçün təmin edilməməlidir. İş üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı ******* nömrəli çıxarışın kserosurətinə əsasən Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, B-70a saylı ünvanda yerləşən 0,12 ha torpaq sahəsi tam mülkiyyət hüququ üzrə Atabəyli Nigar Ramazan qızının adına 24.11.2017-ci il tarixdə qeydiyyata alınmışdır. İş üzrə “Borc verən” qismində Cavabdeh ilə “Borc alan” qismində Atabəyli Nigar Ramazan qızı ilə arasında bağlanmış və Bakı şəhəri 9 saylı notariat kontorunda 3M-260 reyestr nömrəsi ilə təsdiq edilmiş 16.02.2018-ci il tarixli kredit müqaviləsinin kserosurətindən görünür ki, Məmmədov X1 Nigar Ramazan qızına 25008 manat məbləğində pul borc verilmişdir. Atabəyli Nigar Ramazan qızı həmin məbləği 2 il müddətinə hər ay 1042 manat ödəmək şərti ilə 16.02.2020-ci il tarixədək Cavabdeh qaytarmağı öhdəsinə götürmüşdür. İş üzrə “İpoteka saxlayan” qismində Cavabdeh ilə “İpoteka qoyan” qismində Atabəyli Nigar Ramazan qızı arasında bağlanmış və Bakı şəhəri 9 saylı notariat kontorunda təsdiq edilmiş 16.02.2018-ci il tarixli ipoteka müqaviləsinin kserosurətindən görünür ki, Atabəyli Nigar Ramazan qızı mülkiyyət hüququ ilə ona məxsus olan ünvan 1 ünvanında yerləşən 0,12 ha torpaq sahəsini 3- M-260 saylı kredit müqaviləsinə əsasən yaranmış öhdəliyinin icrasının təmin edilməsi məqsədilə Cavabdeh xeyrinə ipoteka ilə yüklü etmişdir. İpoteka predmetinin dəyəri tərəflərin razılığına əsasən 50.000 manat məbləğində müəyyən edilmişdir. Öhdəliyin mahiyyəti illik 0 faiz dərəcəsi ilə verilmiş 25008 manat məbləğində kredit müqaviləsidir. İş üzrə Bəhram Atabəyli tərəfindən ünvan 4 ünvanlanmış 16.02.2018-ci il tarixli ərizənin kserosurətindən görünür ki, Atabəyli Nigar Ramazan qızına məxsus ünvan 1 ünvanda yerləşən 0,12 ha torpaq sahəsinin ipotekaya qoyulmasına etiraz etmir, gələcəkdə bununla bağlı heç bir iddia və tələbi olmayacağını göstərmişdir. İş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-1848/2020 saylı, 09.06.2020-ci il tarixli qərarın surətindən görünür ki, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 19.08.2019-cu il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh Atabəyli Nigar Ramazan qızına qarşı borcun və zərərin ödənilməsi, ipoteka predmetinə tutma yönəldilməsi və ipoteka predmetinin açıq hərracdan satılması barədə iddia tələbinin təmin edilməməsi qət olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin 05.11.2019-cu il tarixli qətnaməsi ilə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 19.08.2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi və Atabəyli Nigar Ramazan qızından 25008 manat əsas borcun, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına görə ödənilmiş 30 manat dövlət rüsumunun, həmçinin iddiaçının ödədiyi dövlət rüsumlarının və bank xidməti xərclərinin əvəzi olaraq 45,80 manat pulun, yəni 25083,8 manat pulun alınaraq Cavabdeh ödənilməsi, ünvan 1 ünvanında yerləşən, sahəsi 0.12 ha olan torpaq sahəsinə tutmanın yönəldilməsi, həmin əmlakın hərracda satılması, onun satışından əldə edilmiş pul vəsaiti hesabına 25.008 manat kredit borcunun, habelə ödənilmiş dövlət rüsumlarının əvəzi qismində 75,80 manat pulun Cavabdeh ödənilməsi, həmin məbləğ ödənildikdən sonra ipoteka predmetinin hərracda satışından əldə olunmuş pul vəsaitinin qalan hissəsinin Atabəyli Nigar Ramazan qızına qaytarılması, ünvan 1 ünvanında yerləşən, sahəsi 0,12 ha torpaq sahəsinin ilkin satış qiymətinin 50.000 manat məbləğində müəyyən edilməsi, qətnamənin mübahisələndirilən digər hissələrdə, yəni iddiaçının “1781,82 manat əldən çıxmış faydanın, Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən 26.07.2019-cu il tarixdən müəyyən edilmiş 8,25% bank uçot dərəcəsinə 2 faiz bəndi əlavə edilməklə əsas borca hesablanmış 2883,74 manat faizin cavabdehdən alınaraq ona ödənilməsi” tələblərinin təmin olunmaması hissələrində dəyişdirilmədən saxlanılması qət edilmişdir. Ali Məhkəmənin 09.06.2020-ci il tarixli qərarı ilə cavabdeh Atabəyli Nigar Ramazan qızının kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 05.11.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş üzrə Səbail rayon Məhkəməsinin 11.06.2020-ci il tarixli, 2(009)-587/2020 saylı qətnaməsi ilə iddiaçı Atabəyli Nigar Ramazan qızının Cavabdeh qarşı Bakı şəhəri 9 saylı notariat kontorunda 16.02.2018-ci il tarixdə bağlanmış kredit müqaviləsinin etibarsız hesab edilməsi barədə iddia tələbi təmin edilməmişdir. İş üzrə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6295/2020 saylı, 09.09.2020-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı Atabəyli Nigar Ramazan qızı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Səbail rayon Məhkəməsinin 11.06.2020-ci il tarixli, 2(009)-587/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş üzrə qanuni qüvvəsini almış Səbail rayon Məhkəməsinin 2(009)-2070/2020 saylı, 23.11.2020-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı Atabəyli Nigar Ramazan qızının Cavabdeh qarşı ünvan 1 ünvanda yerləşən 0,12 ha torpaq sahəsinə dair Cavabdeh ilə onun arasında bağlanmış 16.02.2018-ci il tarixli ipoteka müqaviləsinin etibarsız hesab edilməsi, girov qoyulmuş əmlakın yüklülükdən azad edilməklə çıxarışın ləğv edilməsi barərə iddia tələbi təmin edilməmişdir. Məhkəmə verilmiş iddia tələbi üzrə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçının həyat yoldaşı Nigar Atabəyli ilə cavabdeh arasında 16.02.2018-ci il tarixdə kredit müqaviləsi bağlanılmış və həmin kredit müqaviləsinin şərtlərinə əsasən N.Atabəyli cavabdeh tərəfindən ona verilmiş 25008 manat məbləğində pulu 2 il müddətinə, hər ay 1042 manat ödəmək şərti ilə 16.02.2020-ci il tarixədək qaytarılmasını öhdəsinə götürmüşdür. Həmin kredit müqaviləsinin təminatı kimi iddiaçının həyat yoldaşı Nigar Atabəyli ilə cavabdeh arasında 16.02.2018-ci il tarixli ipoteka müqaviləsi bağlanılmış və verilən kreditin qaytarılmasının təminatı kimi Nigar Atabəyli özünə məxsus ünvan 1 ünvanda yerləşən 0,12 ha torpaq sahəsi ipoteka ilə yüklü edilmişdir. Məhkəmə iclasında eyni zamanda müəyyən edilmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri ilə 16.02.2018-ci il tarixli kredit müqaviləsi üzrə yaranmış borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi barədə Cavabdeh iddiası təmin edilmişdir. X3 16.02.2018-ci il tarixdə bağlanmış kredit müqaviləsinin etibarsız hesab edilməsi barədə iddia tələbi və ünvan 1 ünvanda yerləşən 0,12 ha torpaq sahəsinə dair 16.02.2018-ci il tarixli ipoteka müqaviləsinin etibarsız hesab edilməsi, girov qoyulmuş əmlakın yüklülükdən azad edilməklə çıxarışın ləğv edilməsi barərə iddia tələbi təmin edilməmişdir. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, cavabdehlə iddiaçının həyat yoldaşı Nigar Atabəyli arasında ipoteka müqaviləsi bağlanılması üçün onun razılığı olmamışdır. Eyni zamanda onun evi ipotekaya qoymağa iradə ifadəsi də olmamışdır. Yəni o, buna notarial qaydada razılıq verməmişdir. Bu səbəbdən iddiaçı həmin müqavilənin etibarsız hesab edilməsini, çıxarışın ləğv edilməsini və girov qoyulmuş əmlakın yüklülükdən azad edilməsini məhkəmədən xahiş etmişdir. AR Mülki Məcəllənin 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. AR Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən ər-arvaddan biri digərinin razılığı olmadan onların ümumi əmlakı üzərində sərəncam əqdi bağlamışsa və əqdin iştirakçısı olan digər tərəf bu cür razılığın olmadığını bilirdisə və ya bilməli idisə, əqd bağlanmasına razılığı olmayan ər (arvad) tərəfindən mübahisələndirilə bilər. Qanunun bu tələbindən görünür ki, qanunvericilik ər-arvadın ümumi birgə mülkiyyəti hesab edilən əmlak barəsində sərəncam əqdinin onların hər ikisinin razılığı ilə bağlanılmasını nəzərdə tutmuşdur. Əqd bir tərəfin razılığı olmadan bağlanılmışdırsa bu halda, tərəflərdən birinin həmin əqdin mübahisələndirmək hüququ var. Məhkəmə iddiaçının ipoteka müqaviləsi bağlanan zaman onun razılığının alınmaması ilə bağlı dəlilləri üzrə qeyd edir ki, həmin dəlilləri məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Belə ki, Bəhram Atabəyli tərəfindən notariat kontoruna ünvanlanmış ərizədən görünür ki, Atabəyli Nigar Ramazan qızına məxsus ünvan 1 ünvanda yerləşən 0,12 ha torpaq sahəsinin ipotekaya qoyulmasına etiraz etməməsi, gələcəkdə bununla bağlı heç bir iddia və tələbi olmayacağını göstərmişdir. AR Mülki Məcəllənin 325.1-ci maddəsiən əsasən başqa tərəfin qəbul etməsi tələb olunan iradə ifadəsi başqa tərəfə çatdığı andan etibarlı olur. Məhkəmə qeyd edir ki, Nigar Atabəyli tərəfindən əmlak ipoteka ilə yüklü olunarkən iddiaçı tərəfindən buna dair notariat qaydada razılıq verildiyi üçün, həmin iradə ifadəsi etibarı əqddir. Həmin əqd iddiaçının əmlakın yüklü edilməsinə razılığını ifadə edir və qanunun tələblərinə uyğun (forma və məzmunu) şəkildə tərtib edildiyi üçün etibarsız əqd hesab edilə bilməz. Bu səbəbdən məhkəmə hesab edir ki, ipoteka müqaviləsinin bağlanması üçün zəruri şərt – iddiaçının buna razılıq verilməsi qanunla müəyyən edilmiş qaydada rəsmiləşdirildiyi üçün və iddiaçı tərəfindən belə bir razılığın verilməməsi ilə bağlı dəlillər öz təsdiqini tapmadığı üçün, ipoteka müqaviləsinin etibarsız hesab edilməsi ilə bağlı iddiaçının gətirdiyi dəlillər əsassız hesab edilməli və qəbul edilməməlidir. Məhkəmə digər tərəfdən qeyd edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə də mübahisəli ipoteka müqaviləsinin etibarsız hesab edilməsi ilə bağlı iddiaçının həyat yoldaşı Nigar Atabəyli tərəfindən irəli sürülmüş tələb əsassız hesab edilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı həmin iş üzrə tərəf olmasa da, həmin qətnamə ilə ipoteka müqaviləsinin etibarlı əqd olması təsdiq olunduğu üçün, bu fakt hazırki işə baxılarkən preyudisial əhəmiyyətə malikdir. AR MPM-nin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məhkəmə qeyd edir ki, iddiaçı Nigar Atabəylinin iddiası üzrə ipoteka müqaviləsinin etibarsızlığı ilə bağlı işə baxılarkən həmin ipoteka müqaviləsinə hüquqi qiymət verilmiş və onun etibarlı olubolmaması yoxlanılmışdır. Bu səbəbdən həmin iş üzrə çıxarılmış və qanuni qüvvəyə minmiş qətnamə ilə ipoteka müqaviləsinin etibarlı əqd olması təsdiq olunluğu üçün, iddiaçının tələbi bu əsaslara görə də əsassız hesab edilməlidir. Məhkəmə digər tərəfdən qeyd edir ki, ipoteka müqaviləsi 16.02.2018-ci il tarixdə bağlansa da, iddiaçı həmin müqavilənin etibarsızlığı ilə bağlı məhkəməyə təxminən 3 il 9 ay sonra müraciət etmişdir. AR Mülki Məcəllənin 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Həmin Məcəllənin 354.2-ci maddəsinə görə, bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Mülki Məcəllənin 375.2-ci maddəsinə görə, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. AR Konstitusiya Məhkəməsi Plenumunun “B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 31 may 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 12.03.2020-ci il tarixli qərarında formalaşmış hüquqi mövqeyinə görə Mülki Məcəllənin 354-cü maddəsi yalnız etibarsız əqdlərin məhkəmədə mübahisələndirilməsi müddətini özündə ehtiva etdiyindən, həmin müddət iddia müddəti kimi qiymətləndirilə bilməz və belə olan halda həmin Məcəllənin 375.2-ci maddəsinin tələbinə müvafiq olaraq iddia müddətinin tətbiqi barədə ərizənin verilib-verilməməsi qanunun həmin normasının hazırkı işə tətbiqi üçün əhəmiyyət kəsb etmir. Bununla yanaşı, Mülki Məcəllənin 354-cü maddəsinin əqdlərin etibarsızlığını müəyyən edən 14-cü fəsildə, iddia müddətinin isə həmin Məcəllənin 18-ci fəslində nəzərdə tutulması Məcəllənin 354-cü maddəsinin xüsusi norma olaraq iddia müddətinin tətbiqi ilə bağlı olmadığına dəlalət edir. Qanunvericiliyin bu norması onu nəzərdə tutur ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanunun mənasına görə, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Belə ki, kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquq xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. Mülki Məcəllənin 373-cü maddəsində nəzərdə tutulmuş iddia müddəti ilə, Mülki Məcəllənin 354-cü maddəsində nəzərdə tutulmuş müddət tamamilə fərqli anlayışlardır. Mülki Məcəllənin 354cü maddəsində nəzərdə tutulmuş müddətlər iddia müddəti deyil, kəsici müddət olmaq etibarı ilə hüququnun pozulması ehtimal olunan şəxsin müraciət müddətidir. Yəni qanunun tələbinə əsasən əqdin etibarsızlığı ilə bağlı tələb irəli sürmək üçün hüququ pozulmuş şəxs bir il ərzində məhkəməyə müraciət edə bilər. Konstitusiya Məhkəməsi Plenumunun Mülki Məcəllənin 377.1-ci maddəsinin tətbiqi ilə bağlı formalaşdırdığı hüquqi mövqeyə görə, qanunverici əmlak və qeyri-əmlak hüquqlarının pozulmasına dair iddia hüququna tətbiq edilən iddia müddətinin axımının başlanmasını şəxsin hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu günlə şərtləndirmişdir. Şəxsin öz əmlak və ya qeyri-əmlak hüququnun pozulduğunu bildiyi hal elə hüquqi faktdır ki, onu bilmək şəxsdən asılı olmur. O, müəyyən müddət keçdikdən sonra bu hüquqi fakt barədə hər hansı mənbədən xəbər tutur və hüququnun pozulduğunu bilir. Qanun iddia müddətinin axımının başlanmasını obyektiv anla deyil, subyektiv anla əlaqələndirir. Məhz bu andan maddi mənada iddia hüququ əmələ gəlir. Maddi mənada iddia hüququ dedikdə, mülki hüquqların məcburi həyata keçirilməsi imkanı başa düşülür və bu imkan müəyyən müddətlə məhdudlaşır. Göstərilən hüquqi mövqe Konstitusiya Məhkəməsi Plenumunun L.İ.Binnətovanın şikayəti üzrə 2008-ci il 8 may tarixli Qərarında da öz əksini tapmışdır. Həmin Qərarda qeyd olunmuşdur ki, məhkəmə müdafiəsi hüququ mütləq hüquq olmadığına görə müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlərə məruz qala bilər. Lakin yalnız qanunvericilik səviyyəsində müəyyən oluna biləcək belə məhdudiyyətlər Konstitusiyada təsbit olunmuş hüquq və azadlıqları ləğv edə bilməz. Bu məhdudiyyətlər məhkəmələr tərəfindən özbaşına deyil, hüququn təbiətinə uyğunlaşa bilən, müvafiq hüquqa mütənasib şəkildə və eyni zamanda, bu hüququn hüdudları kimi düzgün tətbiq edilməlidir. Beləliklə məhkəmə AR Mülki Məcəllənin 354.1-ci maddəsinin tələblərini və Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda göstərilən qərarlarda formalaşmış hüquqi mövqeyini nəzərə alaraq hesab edir ki, iddiaçı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi üçün məhkəmədə iddia qaldırmaq üçün 1 il müddəti də ötürdüyü üçün, onun iddiası bu əsasa görə də təmin edilə bilməz. Beləliklə məhkəmə hesab edir ki, iddiaçı irəli sürdüyü iddianın əsası kimi istinad etdiyi halları sübut edə bilmədiyi üçün, eyni zamanda onun tərəfindən ipoteka müqaviləsinin etibarsız hesab edilməsi ilə bağlı məhkəməyə müraciət etmək üçün 1 il müddət ötürüldüyü üçün, irəli sürülmüş iddia tələbləri əsassız hesab edilməli və təmin edilməməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi ipoteka müqaviləsinin etibarsız hesab edilməsi hissəsində əsassız hesab edildiyindən, çıxarışın ləğv edilməsi və girov qoyulmuş əmlakın yüklülükdən azad edilməsi hissəsində də tələb əsassız hesab edilməlidir. Beləliklə məhkəmə hesab edir ki, irəli sürülmüş tələblərin təmin olunması üçün hər hansı hüquqi əsaslar məhkəmə tərəfindən müəyyən edilmədiyindən, bununla da qaldırılan iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Şərh olunanlara əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə… QƏT ETDİ: İddiaçı Bəhram Atabəylinin Cavabdeh qarşı Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin ********** qeydiyyat nömrəli (RX 1188238) Çıxarışa əsasən Atabəyli Nigar Ramazan qızına məxsus ünvan 1 ünvanında yerləşən 0,12 ha torpaq sahəsinə dair Atabəyli Nigar Ramazan qızı ilə Cavabdeh arasında bağlanmış 16.02.2018-ci il tarixli ipoteka müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışının ləğv edilməsi və girov qoyulmuş əmlakın yüklülükdən azad edilməsi barədə iddia tələbi əsassız olduğundan təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar